Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə54/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   50   51   52   53   54   55   56   57   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Vııı - Mühazirə

Azərbaycanın Araz meqazonasının geostruk­tur­la­rı, onların lİtostratİqrafiyası, tektonİkası, geolojİ inkişaf Tarixİ və faydalı qazıntıları

8.1. Araz meqazonasının relyefi və geomorfoloji quruluşu
Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərə­lə­yəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir.

Azərbaycan Respublikası ərazisinin geomor­fo­loji rayonlaşdırılması bölgü­sün­­də Naxçıvan MR-in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağ­lar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir.

Arazyanı dağlar yarım­vi­­la­yəti Naxçıvan MR-in ərazisində Dərələyəz və Zən­gə­zur silsilələrini, Nax­çıvan çö­kəkliyi geomorfoloji yarımvilayəti isə, əsasən, Araz­bo­yu düzənlikləri əhatə edir. Də­niz səviyyəsindən orta yüksəkliyi 1450 m-dir. Əra­zi­nin üçdə iki hissəsi hün­dürlüyü 1000 m-dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsini isə bir-birindən dağ qolları və tirələrilə ayrılan maili Arazboyu dü­zən­lik­lər (Sədərək, Şərur, Böyük­düz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordu­bad və s.) tutur. Bu düzən­lik­­lərin ümumi sahəsi 10 min ha-a. qədərdir. Arazboyu dü­zənlik­lə­rin ən geniş yeri, bir tə­rəf­dən tektonik çökmənin, digər tərəfdən isə akkumulyasiya prosesinin getməsi nəti­cəsində yaranmış Şərqi Arpaçayın mənsəb hissəsindədir.

Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yük­sək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazi­sin­də ən yüksək zirvəsidir və daimi qar xət­tin­­dən 41 m yuxarıda yerləşir. Alt Pliosen yaş­lı kiçik intruzivlər və ekstruzivlər silsi­lə­­nin cənub-qərb yamacında konusvarı, gün­­­­bəzvarı çıxıntılar yaradaraq, təkrarolun­maz relyef əmələ gətirirlər. Hündür zirvə­lə­ri: Yağlıdərə dağı- 3827 m, Qazangöldağ- 3814 m, Sarıdərə dağı- 3754 m, Dəvə­boy­nu dağı- 3560 m və s. Dağ aşırımlarının müt­ləq hündürlüyü 2346 m-lə (Biçənək aşırımı), 3362 m (Ayçonqal aşırımı) arasın­dadır.

Dərələyəz silsiləsi Naxçıvan MR ərazisinin şimal-qərb hissəsində yerləşir və Zəngəzur silsiləsinə nisbətən alçaqdır.

Naxçıvan MR-sı öz geomorfoloji quruluşuna görə əsasən gətirmə konuslarından və Araz çayı yatağına yaxın zolaqda isə çay terraslarından yaranmış relyefdən iba­rət­dir. Bu qurşaq bütöv bir halda olmayıb, Naxçıvan MR daxilində bir neçə yerdə Də­rələyəz və Zəngəzur dağlarının meredian istiqamətində uzanan qolları və yüksək­lik­lə­ri vasitəsilə bir-birindən bir çox xüsusiyyətlərinə görə fərqlən, bir sıra maili düzən­lik­lərə ayrılır.



Sədərək maili düzənliyi. Muxtar Respublikanın şimal qərbində yerləşən Sədə­rək düzü cənubdan Arazla, şimal qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətək­ləri ilə əhatələnir. Düzənliyin orta yüksəkliyi 930 m olmaqla iki terrasdan ibarətdir. Birinci terras Sədərəyin şimal-şərqində qalıq halında, ikincisi isə qum buzlaq çökün­tüləri ilə örtülmüşdür. Münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm rol oynayır.

Şərur maili düzənliyi. Şərur maili düzənliyi Arpaçayın gətirmə konusundan iba­rətdir. Bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780-850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cə­nub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik maili dü­zənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası olub, bütövlükdə kənd təsərrüfatında istifadə edilir.

Böyükdüz maili düzənliyi. Şərur düzündən şərqdə Qarabağlar-Xok-Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında Böyükdüz düzənliyi yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir. İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır.

Kəngərli maili düzənliyi. Kəngərli maili düzənliyi (platosu) Böyükdüz maili düzənliyinin şimal-qərbində yerləşir. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 0,8-1,3 km hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olun­mur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkin­çilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur.

Naxçıvan maili düzənliyi. Arazboyu maili düzənliyin böyük bir hissəsini təş­kil edən, Naxçıvan maili düzənliyi Muxtar Respublikanın ən böyük düzənliklərindən biri olub, qərbdən Cəhri-Duzdağ tirəsi, cənub-qərbdən Araz çayı, cənub-şərqdən Neh­rəm-Ərəzin yüksəkliyi, şimali-şərqdən Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarı­dağ-Nəhə­cir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu düz Naxıvançay və onun aşa­ğı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır. Naxçı­van maili düzənliyi əsasən Naxçıvan çayın və onun qollarının gətirmə konusu çökün­tü­­lərindən əmələ gəlmişdir. Babək rayonu ərazisinin əsas hissəsini təşkil edən, Naxçı­van düzünün mütləq hündürlüyü 760 m-dən 1100 m-ə qədər olub, sahəsi 320 km2– dən artıqdır. Bu düz başlıca kənd təsərrüfatı zonası olmaqla, qədim suvar­ma əkinçili­yi­nin inkişaf etdiyi ərazilərə aiddir.

Sust maili düzənliyi. Sust maili düzənliyi dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xü­susən sel çöküntülərindən təşkil olunmuşdur. Bu düzənlik Çalxanqala, Xıncab, Tə­zəkənd kəndlərindən cənuba olan ərazilərin əsas hissəsini əhatə edir. Düzənliyin şi­ma­li-qərbində olan Anabad və Qaraquş dağlarından formalaşan sellər düzənliyin mər­kəzinə qədər gəlir. Ona görə də ərazidə sel gətirmə çöküntüləri üstünlük təşkil edir. Sust maili düzənliyinin su təminatı olduqca zəifdir. Suvarma və içmək məqsədi ilə yal­nız kəhriz sularından istifadə edilir. Təəsüflə demək olarki, kəhrizlərə qarşı laqey­dlik sonda Sust kəndinin boşalması ilə nəticələnmişdir. Bu gün kənd təsərrü­fatı­na yararlı olan torpaq sahələri su çatışmazlığından istifadədən kənarda qalır.

Culfa maili düzənliyi. Arazboyu düzənlikdə Əlincə çayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edir. Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi ərazidə suvarma suyunun çatışmaması və düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır.

Yaycı düzənliyi. Bu düzənlik Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10-12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720-960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndin­dən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təmi­na­tı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.

Ordubad maili düzənliyi. Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis, Ordubad və Gənzə çayları vasitəsi ilə gətirilən allüvial–prollüvial çöküntülərdən əmə­lə gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə edərək Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntü­lərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olun­muş­dur. Çayların gətirdikləri sel çöküntüləri şərq hissədə Araz çayına qədər gə­lib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır.

Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin