Kür meqazonasının tektonikası
Kür meqaçökəkliyi Böyük və Kiçik Qafqaz meqantiklinoriumları arasında yerləşir və geoloji quruluşuna, ölçülərinə görə bir-birindən fərqlənən üç çökəkliyə (seqmentə) ayrılır (Yuxarı-, Orta- və Aşağı Kür). Bulardan Orta Kürün şərq hissəsi və Aşağı Kür Azərbaycan ərazisində yerləşir.
Yuxarı Kür çökəkliyi nisbətən ensiz və qısa olub, Dzirül massivindən Qabırrı çayına kimi uzanır. Kartali depressiyasına (düzənliyinə) uyğun gələn bu hissə Böyük Qafqaz zəncirvari ön qalxımları və Acar-Trialet qırışıqlıq zonası arasında yerləşir. Assimetrik quruluşa malik olan bu sinklinoriumunun mərkəzi hissəsində intensiv qırışıqlığa malik üst Miosen çöküntüləri toplanmışdır. Üst Miosen çöküntülərin altında az qalınlığa malik orta Miosen və üst Təbaşir, intensiv dislokasiyaya məruz qalmış vulkanogen bayos çöküntüləri yatır. Bundan fərqli olaraq, Kartali dipressiyasının ətraf hissələrində oliqosen, alt və orta Miosen çöküntüləri böyük qalınlığa malikdir. Bu mərhələdə burada kənar çökəkliklər inkişaf etmişlər. Kartamin depressiyasının ox hissəsində üst Miosen yastı sinklinal çökəklik əmələ gətirir.
Orta Kür çökəkliyi Yuxarı Kürün şərqində, Gürcüstan və Göyçay meredianları arası ərazini əhatə edir (Kürdəmir qravitasion qalxımının qərb ətrafına kimi). Bu çökəkliyin Azərbaycan ərazisində yerləşən hissəsində Daşyuz-Əmirvan antiklinoriumu, Qanıx (Alazan)-Əyriçay törəmə çökəkliyi, Acınohur qalxımı, Çatma-Göyçay antiklinoriumu, Ceyrançöl sinklinoriumu ayrılır.
Aşağı Kür (Kür-Araz) çökəkliyi şimalda Ləngəbiz-Ələt antiklinoriumu, cənubda Talışın Burovar antiklinoriumunun şimal qanadı, şərqdən isə Xəzər dənizi ilə sərhədlənir və cənub-qərbdə dağarası Araz eninə çökəkliyinin şərq hissəsi ilə qovuşur. Bu çökəkliyin daxilində Pliosen-Dördüncü dövr çöküntülərindən təşkil olunmuş bir sıra antiklinal qurşaqlar (şimal-qərbdən cənub-şərqə) ayrılır: Qoturdağ-Pirsaat-Daşlı; Kalamadın-Mişovdağ-Bəndovan-Atəşgah; Kürovdağ-Nefteçala-Kürdaşı; Carlı-Saatlı.
Qərbdə Martkob qalxımından şərqdə Kürdəmir-Saatlı gömülmüş qalxımına qədər uzanan Orta Kür meqazonası Kür dağarası çökəkliyində mərkəzi vəziyyət tutur və onun nisbətən böyük, mürəkkəb quruluşa malik struktur elementi hesab olunur. Onun uzunluğu 370 km, eni isə 130 km- dir.
Orta Kür çökəkliyinin şimal sərhəddi onu Böyük Qafqazın Kaxet-Vəndam qalxımından ayıran Qanıx-Əyriçay qırılması boyunca keçirilir. Qərbdə, Gürcüstan ərazisində Orta Kür meqazonası Trialet qalxımının şərq periklinalı ilə sıxılır və bilavasitə şimalda Kür, cənubda Borçalı qollarına ayrılır.
Orta Kür meqazonasının cənub-qərb sərhəddi, bucaq altında müasir kobuddənəli molass çöküntüləri altına enən antiklinal qalxımların və Kiçik Qafqazın Lök-Qarabağ zonasının antiqafqaz istiqamətli çıxıntılarının təsiri ilə əlaqədar olaraq daha mürəkkəb quruluşa malikdir. Qeyd olunan qalxımların periklinal batımlarının (enmələrinin) arasında Kür çökəkliyinin ox hissəsi istiqamətində açılan körfəzvari çökəkliklər formalaşır. Geofiziki materiallar əsasında Dördüncü dövr kontinental çöküntüləri (molass) altında müəyyən olunan Kiçik Qafqaz qarşısı fleksura (fay) bir qədər şimalda meqazonanın cənub-qərbdə təbii sərhəddi hesab olunur. Onun dərinlik quruluşunda Mezozoy-Paleogendən qalxmış vəziyyətini saxlayan kristallik bünövrənin qalxımları xüsusi rol oynayır. Buna tavanının vəziyyətinə görə müxtəlif hipsometrik vəziyyət tutan bir sıra kulisvari yerləşmiş qalxımlardan (Saqarec, Eldar, Mingəçevir-Göyçay və Kürdəmir) ibarət olan Saqarec-Kürdəmir qalxım zonasını göstərmək olar.
Orta Kür meqazonasının müasir quruluşunda bir sıra yüksək dərəcəli qalxım və çökəkliklərə müvafiq gələn struktur zonalara ayrılır.
Çatma-Acınohur zonası. Çatma-Acınohur zonası Daşyüz-Əmirvan qalxım zonasından cənubda yerləşir və Mirzaanı-Ərəş (şimalda) və Çatma-Göyçay (cənubda) yarımzonalarına ayrılır.
Mirzaanı-Ərəş yarımzonası çökəkliyə müvafiq gəlir və struktur baxımdan Gürcüstanın Kartali çökəkliyinin bilavasitə cənub-şərqdə davamı olub, böyük qalınlığa malik Miosen-Dördüncü dövr yaşlı molass çöküntüləri ilə dolmuşdur. Molas kompleksi aşırılmış, çevrilmiş və fay, əks-fay tipli qırılmalarla mürəkkəbləşmiş bir sıra qırışıq əmələ gətirmişdir. Antklinallar çox da böyük olmayan braxi qırışıqlardan ibarət olub bir-birindən geniş və yastı sinklinallarla ayrılırlar.
Qanıx çayının aşağı axını submeridional fleksura zonası ilə uyğun gəlir. Burada bütün qırışıqların şarnirinin cənuba əyilməsi baş verir. Ondan şərqə (Azərbaycan ərazisində) nisbətən sadə quruluşa malik olan Ərəş sahəsi yerləşir. Burada antiklinal daha zəif ifadə olunur və az asimmetrikdir, sinklinallara nisbətən ölçüləri kifayət qədər kiçikdir. Nisbətən iri sinklinal Qanıx və Əlicançay çayları arasında yerləşən Acınohur çökəkliyi hesab olunur. Bu çökəkliyin eni Ağcagil mərtəbəsinin dabanına görə 13 km, uzunluğu 48 km, dərinliyi isə 2,8-2,9 km təşkil edir.
Qanıx və Girdimançay çayları arasında Mirzaan-Ərəş yarımzonası əsasən üst Pliosen-Dördüncü dövr kompleksindən, bəzi sahələrdə alt Pliosendən təşkil olunmuşdur. Məhsuldar qatın yuyulmuş səthi üzərində Ağcagilin bucaq uyğunsuzluğu ilə (5-6˚) yatması onu göstərir ki, burada qırışıqların formalaşmasının ilkin fazası erkən Ağcagil zamanında baş vermişdir. Qırışıqların və qırılmaların tam formalaşması isə Qafqazın gec orogen mərhələsinə müvafiq gəlir.
Çatma-Göyçay yarımzonası– Orta Kür çökəkliyinin ən mürəkkəb tektonik elementi hesab olunur və onu cənubdan müşayiət edən Ceyrançöl zonasından kulisvarı yerdəyişən və qərbdən şərqə uzanan Udabno, Erikdərə, B.Palantökən üstəgəlmələri ayrılır. Bütün uzanması boyunca bu qırılma zonası Çatma-Göyçay yarımzonasının qırışıqlarının cənuba aşırılması və üstəitələnməsi ilə müşayiət olunur. Yarımzonanın qərb hissəsində üstəgəlmənin amplitudası 2-2.5 km-ə çatır. Udabno-Erikdərə seqmentində orta və üst Miosen çöküntüləri Eldar qırılması boyunca Ceyrançöl zonasının üst Pliosen çöküntüləri ilə tektonik kontakta gəlir.
Çatma-Göyçay yarımzonası da Mirzaan-Ərəş yarımzonası kimi qırışıqların şarnirinin eninə dalğalanması ilə səciyyələnir. Qanıx çayının dərəsi seqmentində fleksura formalı əyilmə qeyd olunur. Bu fleksura Çatma-Göyçay yarımzonasını 2 hissəyə- qərbdə Çatma və şərqdə Göyçay ayırır.
Çatma seqmenti yer səthində üst Pliosen-Miosen çöküntülərindən təşkil olunduğu halda, Göyçay seqmenti daxilində yuxarıda yerləşən ən qədim törəmələr üst Pliosen çöküntüləri hesab olunur. Çatma seqmentinin qırışıqları daha iri və mürəkkəb olub, başlanğıcını Gürcüstan ərazisində Trialet qalxımının şərq batımından götürür və ümumiqafqaz istiqamətində Qabırrı çayının sağ sahili boyunca uzanır. Bu seqmentin tektonik quruluşunda bir-birindən mürəkkəb quruluşa malik olan sinklinal zolaqla ayrılan iki böyük antikilnal qurşaq iştirak edir. Şimalda yerləşən Alaçıq-Eldaroyuğu qurşağında Malxazovka, Tavratəpə, Alaçıq, Yaylacıq, Armudlu və Eldaroyuğu qalxımları; cənubi Udabno-Palantökən qurşağında isə Udabno, Sajdağ, Çobandağ, Ağtaxtatəpə, Qərbi Palantökən, Şərqi Palantökən, Kiçik Udabno, Dəmirtəpə, Göytəpə, Leqvis-Tsxali qalxımları yerləşir.
Çatma seqmentinin strukturları kifayət qədər böyükdür, yuxarıda şimal-şərq qanadla təmsil olunurlar, cənub qanad isə üstəgəlmənin altında gizlənmişdir.
Çatma seqmentinin qırışıqlarının formalaşması iki fazada baş vermişdir. Bunlardan biri Ağçaqıldan əvvəl baş vermiş və üst Pliosen və Miosen çöküntüləri arasında olan uyğunszluğa görə müəyyən olunur. İkinci isə Dördüncü dövrdə baş vermişdir. Qırışıqların son formalaşması isə Valx qırışıqlıq fazasında baş vermişdir.
Göyçay seqmenti də iki antiklinal qurşaqla təmsil olunur. Bunlardan biri şimalda yerləşən və Alaçıq-Eldaroyuğu antiklinal qurşağının cənub-şərq davamı olan Göyçay qurşağıdır.
Burada süxurların dislokasiya intensivliyi azalır, qırışıqlar yastılaşır, ölçüləri azalır, tağ hissədə onlar daha cavan üst Pliosen-Dördüncü dövr çöküntülərindən təşkil olunmşdur. Göyçay qurşağı 11 braxiantiklinal qalxımdan (Qərbi-Hocahəsən, Mərkəzi-Hocahəsən, Şərqi-Hocahəsən, Nalbandağ, Pirseyid, Qoşaqovaq, Yuxarı-Ağcayazı, Ağcayazı, Ərəb, Göyçay, Şərqi-Göyçay) ibarətdir. Bütün qırışıqların şimal-şərq qanadı yastı (15-20˚), cənub-qərb qanadları isə dik, hətta bəzi sahələrdə aşırılmışdır. Qırışığın cənub-qərb qanadı tağından amplitudası 1,0-1,5 km-ə çatan və 90 km məsafəyə yaxın izlənilən Göyçay üstəgəlməsi ilə mürəkkəbləşmişdir.
Göyçay seqmentinin cənubda yerləşən Bozdağ-Qaraca-Qaraməryəm antiklinal qurşağı Udabno-Palantökən antiklinal zolağının davamında yerləşir. Onların arasında Qarasaqqal antiklinalı əlaqələndirici rolunu oynayır. Bu qırışıqlıq qurşağın hüdudunda Ağcagil və Abşeron mərtəbəsinin çöküntülərindən təşkil olunmuş Bozdağ, Dəyirmandağ, Qaraca, Qaraməryəm strukturları yerləşir. Bu qırışıqların uzanması qərbdə Qafqaz istiqamətli, şərqdə isə demək olar ki tamamilə en istiqamətlidir.
Bozdağ-Qaraca-Qaraməryəm antiklinal qurşağının strukturları da asimmetrik quruluşa malikdir, onların şimal qanadı enli və yastı (10-30˚), cənub qanadları isə ensiz və dikdir (80˚-yə qədər). Qırışıqlığın intensivliyi və qırılmaların amplitudası şərqə doğru azalır. Məsələn Qaraca qalxımından Qaraməryəmə kimi 30 km məsafədə relyefdə müsbət işarəli strukturlar qeyd olunmur.
Struktur-axtarış qazması nəticəsində üfüqi yatmış Dördüncü dövr çöküntülərinin altında üst Pliosenlə əlaqədar olan iki yastı qırışıq (Ağdam və Cənubi-Göyçay) müəyyən olunmuşdur.
Ceyrançöl zonası. Ceyrançöl zonası üst hissədə asimmetrik, cənuba aşırılmış qırışıqlardan ibarət olan üst Pliosen-Dördüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Cənub qanadda Kür üstəgəlməsi boyunca Ceyrançöl zonası Orta Kür çökəkliyinin Kiçik Qafqaz zonası ilə təmasa (kontakta) gəlir.
Ceyrançöl zonasının daxilində Neogen-Dördüncü dövr kompleksinə görə qırışıqlığın intensivliyi cənub və cənub-şərq istiqamətdə zəifləyir. Bu kompleksdə aydın ifadə olunan 2 struktur mərtəbə ayrılır: Alt struktur mərtəbə Miosen-alt Pliosen və üst struktur mərtəbə üst Pliosen-Antropogen. Onların arasında bucaq və azimutal uyğunsuzluq vardır. Neogen-Dördüncü dövr kompleksinin antiklinal qırışıqları paralel sıralar üzrə yerləşir və 3 antiklinal qırışıqlıq əmələ gətirir. Şimali Məmmədtəpə-Keyryükkeylan qurşağı Candar, Oqlutala, Məmmədtəpə, Saloğlu, Qaratəpə, Gürzündağ, Keyryükkeylan, Cənubi və Şimali Ceyrançöl, Tərsdəllər; Mərkəzi Ortaqaş-Quyruqençi qurşağı Böyükkəsik, Quşkuna Bayramlı və Yenikənd antiklinallarından; Cənubi Kür qurşağı isə Qarayazı, Soyuqbulaq, Poylu, Zəyəm və Xulutlu antiklinallarından ibarətdir. Antiklinalların əksəriyyəti amplitudası 100-150 m- dən 1000-1500 m- ə çatan üstəgəlmə və əks-fayla mürəkkəbləşmişdir. Qeyd olunan üstəgəlmələrlə qırışığın yastı (8-150) şimal-şərq qanad dik (70-800-dək) cənub-qərb qanadı örtür və nəticədə səthlərdə qırışığın yalnız şimal-şərq qanadları əksini tapır.
Üst Pliosen-Eopleystosenə və Miosenə görə qırışıqların quruluşu bir-birindən kəskin fərqlənir. Şimali və Mərkəzi antiklinal qurşaqlarda braxiantiklinal qırışıqlar Miosen çöküntülərinə görə daha iri xətti qırışıqlardan ibarətdir və onların eni 3-4 km, uzunluğu isə 10-12 km-dən artıqdır. Sarmat çöküntülərində isə qırışıqların eni 4-7 km, uzunluğu isə 25-40 km təşkil edir. Kür antiklinal qurşağının daxilində isə tamam başqa hal müşahidə olunur. Belə ki üst Pliosen çöküntülərində aydın ifadə olunan qırışıqlar Miosenin aşağı hissəsində düzlənir və yox olur. Son illərdə əldə olunan seysmik kəşfiyyat və axtarış kəşfiyyatı işlərinin nəticələri Mezozoy-Paleogen və Miosen komplekslərinin bir-birindən kəskin fərqləndiyini göstərir.
Mezozoyun səthinə müvafiq gələn seysmik horizonta görə bütün Kür və Qabırrı çayları arası ərazi monoklinal quruluşa malikdir və onun fonunda çox da böyük olmayan lokal qalxımlar və struktur terraslar ayrılır. Burada Mezozoyun səthi cənub-qərbdən şimal-şərq istiqamətində 1000 m- dən 5600 m- ə kimi enir. Seysmik məlumatlara görə Mezozoyla qapalı strukturlar Sajdağ, Molladağ, Axtaxtatəpə, Palantökən və Tərsdəllər sahələrində müəyyən olunmuşdur və onlardan Candar, Məmmədtəpə, Gürzündağ və Kiçik Palantökən daha aydın seçilir. Soyuqbulaq, Kuxet, Qıraq Kəsəmən, Quşkuna və bir çox digər struktur qalxımlar zəif ifadə olunur. Eosenin və Mezozoyun səthinə görə qurulmuş struktur xəritələrin müqayisəli analizi bu komplekslərin quruluşunun bir-birindən o qədər də fərqlənmədiyini göstərir.
Müxtəlif struktur mərtəbələrinin qırışıqlığının xüsusiyyəti qırışıqların orta və gec Miosen zamanı formalaşmağa başladığını və onların ən intensiv inkişafının Ağcagil əvvəli və Abşerondan sonrakı tektonik fazalarda baş verdiyini göstərir.
Kiçik Qafqaz qarşısı zona. Bu zona Kiçik Qafqazın Artvin-Qarabağ qalxımının şimal-şərq qanadına uyğun gəlir. Mürəkkəb geoloji quruluşa malikdir, orta Kür çökəkliyinin cənub-qərb sahilini əmələ gətirir. Bu zona yuxarıda Mezozoy-Paleogen törəmələrini transqressiv örtən üst Pliosen-Dördüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Lök-Qarabağ zonasının Şəmkir qalxımının şimal-şərq batımında üst Təbaşir çöküntülər az qalınlıqlı (60-400 m) üst Pliosen-Dördüncü dövr törəmələri örtüyünün altında yatır.
Ağstafaçayın hövzəsində üst Təbaşir kompleksi üzərində böyük qalınlığa malik Paleogen çöküntüləri yatır. Bu şöküntülər Şəmkir və Allahverdi qalxımlarını bir-birindən ayıran Qazax körfəzvari çökəkliyini doldurmuşdur.Dəliməmmədli və Cənubi-Beyləqan antiklinalları istisna olunmaqla, Şəmkir qalxımından şərqə üst Pliosen-Dördüncü dövr çöküntülərinin altında Paleogen törəmələri yatır.
Təbaşir-Paleogen və Dördüncü dövr çöküntülərinin kontakt zonasında bir-birini kulisvari əvəz edən qırılmalar izlənilir. H.S.Şıxəlibəylinin fikrincə onlar vahid Kiçik Qafqaz qarşısı qırılmanın yuxarıda təzahürüdür. Fay tipli bu qırılma geofiziki məlumatlara görə Dördüncü dövr kompleksinin altında Orta-Kür çökəkliyinin cənub-qərb sahilinin bütün uzunluğu boyu izlənir və Kiçik Qafqaz qarşısı və Lök-Qarabağ zonaları arasında təbii sərhəd hesab olunur. Kiçik Qafqaz qarşısı zonanın şimal-şərq sərhəddi qərbdə Kür üstəgəlməsi, cənub-şərqdə isə- Miosen çöküntülərinin pazlaşma zolağı boyunca keçirilir. Miosen çöküntülərinin pazlaşma zolağı Bərdə-Ağcabədi-Beyləqan xətti boyunca keçir. Burada geofiziki tədqiqatlar və axtarış-kəşfiyyat qazması əsasında amplitudası 1000 m-ə çatan və cənub-şərqdə Aşağı-Araz eninə qırılmasına dirənən Cənubi-Kür fayı müəyyən olunmuşdur.
Kiçik Qafqaz qarşısı zona üçün Pliosen-Dördüncü dövr və Mezozoy-Paleogen komplekslərinin tektonik quruluşunun uyğun gəlməməsi səciyyəvi xarakter daşıyır. Pliosen-Dördüncü dövr kompleksi monoklinal quruluşa və şimal-şərqə yastı mailliklə (5-60) xarakterizə olunur. Antiklinal qrışıqların əksəriyyəti Ağcagil mərtəbəsinin dabanına görə monoklinal quruluşu müəyyən qədər mürəkkəbləşdirən struktur qalxım (çıxıntı) formasında ifadə olunmuşdur. Bu baxımdan üst Təbaşir çöküntülərində amplitudası 100-200 m olan kiçik qırışıqların olması qeyd olunan Naftalan-Tərtər sahəsi istisnalıq təşkil edir. Monoklinal batımın fonunda Mezozoy-Paleogen kompleksi hemi- və braxiantiklinal qalxımlar əmələ gətirir. Bu qalxımlardan ən irisi (şimal-qərbdən cənub şərqə) Tatlı, Dəllər-Cırdaxan, Dəliməmmədli, Qazanbulaq, Naftalan, Tərtər, Güllücə, Ağcabədi və Beyləqan hesab olunur. Qırışıqlar asimmetrikdir, fay tipli qırılmalarla mürəkkəbləşmiş yastı və qısa cənub-qərb; nisbətən dik və uzun şimal-şərq qanada malik olması ilə səciyyələnir. Orta Kür çökəkliyinin cənub-qərb sahilinin qırışıqları gec Təbaşirin sonunda əmələgəlməyə başlamışdır və onların formalaşmasında Pliosenin əvvəlində baş verən tektonik hərəkətlər əsas rol oynamışdır.
Evlax-Ağcabədi zonası. Evlax-Ağcabədi zonası Orta-Kür meqazonasının cənub-şərq hissəsində yerləşir. Sərbəst bir tektonik element kimi Mezozoy-Paleogen və qismən də Miosen kompleksinə görə dərin çökəklik kimi, üst Pliosen çöküntülərinə görə isə yalnız təbəqələrin şimal-şərqə yastı meyli ilə səciyyələnir.
Çökəklik şərqdə Kürdəmir-Saatlı Mezozoy qalxımı ilə hüdudlanır, cənub-qərbdə isə sərhəddi Miosen çöküntülərinin pazlaşma xətti boyunca keçir. İmişli (cənubda) və Varvara (şimal-qərbdə) qalxımları sahəsində çökəklik qapanır. Göstərilən sərhəd daxilində onun uzunluğu 120, eni 40-50 km təşkil edir. Çökəkliklərdə Mezozoy çöküntülərinin səthinin yatma dərinliyi bir sıra sahələrdə 7 km-dən çoxdur.
Seysmik məlumatlara görə Mezozoy və Paleogen çöküntülərinin struktur planı bir-birinə uyğun gəlir və çoxlu sayda lokal qalxımlarla mürəkkəbləşməsi ilə səciyyələnir. Çökəkliyin cənub-qərb sahili daxilində yerləşən Mezozoy-Paleogen çöküntülərindən təşkil olunmuş Şirvan, Bərdə, Ağcabədi və Sovetlər bu tip qalxımlardır. Sonralar baş verən yuyulmadan sonra Miosen çöküntüləri qırışıqların şimal-şərq qanadında , Sovetlər qırışığı isə cənub-qərb qanadda saxlanmışdır.
Çökəkliyin şimal-şərq sahili nisbətən genişdir, geoloji quruluşunda Mezozoy, Paleogen, üst Miosen və Pliosen çöküntüləri iştirak edir. Seysmik məlumatlara görə çökəkliyin şimal-qərb hissəsində Qarxun, Qərbi-Əmrarx braxiantiklinalları müəyyən olunmuşdur (ölçüləri 4-5 km×2-3 km). Çökəkliyin mərkəzi hissəsi aydın ifadə olunan monoklinal quruluşa malikdir. Şimal-şərq sahilin cənub-qərb hissəsində müəyyən olunmuş strukturlar ümümiqafqaz istiqamətli olub, aydın ifadə olunmayan iki antiklinal qurşağın (Zərdab-Muradxanlı və ondan şimal-qərbdə yerləşən Şahsünnü-Mil) daxilində yerləşir.
Kürdəmir-Saatlı zonası. Kürdəmir-Saatlı zonası Orta-Kür meqazonasının submeridional Mezozoy qalxımıdır. Geofiziki tədqiqat və dərin qazma məlumatlarının analizi göstərir ki zona müstəqil struktur mərtəbə əmələ gətirən Mezozoyun vulkanogen-çökmə törəmələrindən və Sarmat mərtəbəsinin terrigen-karbonatlı çöküntülərindən Pliosen-Dördüncü dövrün qumlu, gilli qatından təşkil olunmuşdur.
Kürdəmir-Saatlı zonasının quruluşunda Mezozoy struktur mərtəbəsi nisbətən intensiv dislokasiyaya məruz qalmışdır. Burada Miosen keçid xarakteri daşıyır və zəif dislokasiya olunmuşdur, Pliosen-Dördüncü dövr çöküntüləri isə demək olar ki üfüqi yatır. Mezozoy struktur mərtəbəsinə görə Kürdəmir-Saatlı zonası şərqdə və şimal-şərqdə Qərbi-Xəzər qırılması, şimal-qərbdə isə Göyçay üstəgəlməsi ilə hüdudlanır, horst qalxımıdır. Aşağı-Kür zonasından və Acınohur çökəkliyindən Kürdəmir-Saatlı zonası Göyçay üstəgəlməsi ilə ayrılır. Göstərilən sərhəd daxilində zonanın uzunluğu 200 km, eni isə 50-80 km-dən 15-20 km-ə qədər dəyişir.
Aşağı Araz eninə qırılması ilə Kürdəmir-Saatlı zonası iki seqmentə- Kürdəmir və Biləsuvar ayrılır. Kürdəmir seqmentinin daxilində Müsüslü, Kürdəmir, Çovranlı və Carlı kimi iri qravitasiya anomaliyaları ayrılır. Burada seysmik və axtarış qazmasının məlumatlarına görə Qaracalı, Sor-sor, Carlı və Sovetlər kimi iri antiklinal qırışıqlar müəyyən olunmuşdur və onlar Mezozoy çöküntülərinə görə Qaracalı-Saatlı antiklinal zonasını əmələ gətirir. Qaracalı qalxımından şimal-şərqə, Müsüslü maksimumu daxilində seysmik kəşfiyyatlar 4 kiçik antiklinal (ölçüləri 5x3) müəyyən olunmuşdur (onlardan cənub-qərbdə isə nisbətən iri Qaracalar antiklinalı). Sonra şimal-şərq və cənub-şərq istiqamətdə Qərbi-Xəzər qırılmasına kimi Mezozoy çöküntüləri monoklinal yatır.
Biləsuvar seqmenti daha çox enmişdir. Burada monoklinal lokal qalxımlar müəyyən olunmuşdur. Seysmik kəşfiyyatla onların daxilində Mezozoy vulkanogen-çökmə kompleksinin quruluşunu əks etdirən lokal qalxımlar (antiklinal qırışıqlar)- Oktyabr, Azadkənd, Kurd, Xalfalı, Orta-Muğan, Şorsulu müəyyən edilmişdir. Burada Mezozoyun vulkanogen-çökmə kompleksi Sarmat və alt Pliosen çöküntüləri ilə qeyri uyğun örtülmüşdür. Qazma məlumatlarına görə Biləsuvar və Novoqolovka sahələrinin kəsilişlərində Paleogen çöküntüləri müəyyən olunmuşdur və onlar bucaq uyğunsuzluğu ilə yastı yatan Sarmat mərtəbəsinin və üst Pliosenin çöküntüləri ilə örtülmüşdür. Orta Miosen çöküntüləri antiklinal qırışıqların hər iki qanadında pazlaşır. Kəsilişdə Paleogen çöküntülərinin iştirakı bu strukturların Qaradonlu-Saatlı qalxımı ilə Evlax-Ağcabədi çökəkliyindən ayrılan Talış qarşısı çökəkliyə uyğun gəldiyini göstərir.
Aşağı-Kür meqazonası. Aşağı-Kür meqazonası Kür çökəkliyinin daha çox əyilməyə məruz qalmış seqmenti hesab olunur. Burada çökmə qatın qalınlığı 16-20 km- dən çoxdur və onun çox yarısı Pliosen-Dördüncü dövr çöküntülərinin payına düşür. Bu zona qərb, cənub-qərbdə Qərbi-Xəzər, şimal-şərqdə isə acıçay-Ələt qırılması ilə hüdudlanır. Şərq, cənub-şərqdə Ələt-Qızılağac eninə qırılması onu Bakı arxipelağı zonasından ayırır. Aşağı-Kür çökəkliyi üçbucaq formasındadır (ölçüləri 100×50×80 km). Acıçay-Ələt qırılması daha aydın ifadə olunur və bu qırılma ilə çökəkliyin şimal-şərq sahili Pliosen çöküntülərinin dabanına 1,5-2,0 km enmişdir. Qərbi-Xəzər qırılması qeyd olunan kompleksin çöküntülərində tamamilə sönür. Qırılmaların belə xüsusiyyətə malik olması Aşağı-Kür çökəkliyinin asimmetrik forma almasına səbəb olmuşdur. Onun şimal-şərq sahili nisbətən dik, cənub-qərb isə yastı yatıma malikdir. Pliosen-Dördüncü dövr struktur mərtəbəsinə görə Aşağı-Kür çökəkliyi kifayət qədər mürəkkəb quruluşa malikdir. Bu çökəkliyin kəşfiyyat sahələrində üst və alt Pliosen çöküntüləri arasında qeyri-uyğun yatım müəyyən olunmuşdur ki, bu da onların struktur planlarının uyğun gəlməməsinə dəlalət edir. Mezozoy-Paleogen struktur mərtəbəsi kifayət qədər böyük dərinlikdə yerləşdiyindən onun quruluşu haqqında fikir söyləmək çətindir. Pliosen-Dördüncü dövr çöküntüləri Aşağı-Kür çökəkliyinin müxtəlif hissələrində müxtəlif dislokasiyaya məruz qalmışdır. Dislokasiya dərəcəsinə görə Aşağı-Kür meqazonası iki tektonik zonaya- Şirvan və Muğan zonalarına ayrılır.
Dostları ilə paylaş: |