Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Multikulturalizm dövlət siyasəti kimi



Yüklə 164,32 Kb.
səhifə6/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   2   3   4   5   6   7   8   9   ...   33
multikultur.COVİD-19

5. Multikulturalizm dövlət siyasəti kimi
Əvvəlki fəsildə assimilyasiya, izolyasiya, aparteid və multikulturalizm siyasət modellərini təhlil edərək belə bir qənaətə gəldik ki, cəmiyyətdəki etnikmədəni müxtəlifliyin tənzimlənməsinə yönələn bu siyasət modelləri sırasında müasir dövrdə ən səmərəlisi multikulturalizmdir. Çünki, bu siyasət modeli etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən dəyərlərin qorunmasına yönəlmişdir. Bu isə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığı bir dövrdə olduqca vacibdir. Multikulturalizm bir siyasət modeli kimi ilk növbədə dövlətin daxili siyasətinin tərkib hissəsi, mühüm bir istiqaməti kimi çıxış edir. Çünki, o, ölkə daxilində olan etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə yönəlmişdir. Daha konkret desək, multikulturalizm daxili siyasətinin mühüm bir komponenti kimi cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına istiqamətləndirilmişdir. Multikulturalizmin daxili siyasətin tərkib hissəsi olmasının 2 əsas göstəricisi vardır:
1. Milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması;
2. Ölkə daxilində dövlət-din münasibətlərinin yüksək səviyyədə olması. Milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması dedikdə, titul xalqla bir cəmiyyətdə yaşayan
3 əsas azlıq qrupunun vəziyyəti nəzərdə tutulur:
1. Azlıqda olan yerli xalqlar (avtoxton xalqlar);
2. Tarixin müxtəlif mərhələlərində ölkəyə gəlib burada məskunlaşmış milli azlıqlar (alloxton xalqlar);
3. Müasir dövdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə pənah gətirmiş miqrantlar.
Milli azlıqların etnik-mədəni dəyərləri dedikdə isə ilk növbədə onların milli-mənəvi dəyərləri, dinləri və dilləri nəzərdə tutulur. Multikulturalizm siyasəti şəraitində milli azlıqların nümayəndələri etnik, dini, irqi mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə təqib olunmurlar. Heç bir sahədə ayrıseçkiliyə məruz qalmırlar. Onlar titul xalqla eyni hüquqlara malikdirlər. Bir qayda olaraq, multikultural cəmiyyətdə milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunur. Bundan başqa multikulturalizm siyasətini aparan dövlət milli azlıqların hüquq və azadlıqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməlidir. Onların bu məsələ ilə bağlı qəbul etdikləri sənədlərə öz münasibətini bildirməlidir. Qeyd etmək lazımdır ki, BMT, Avropa Şurası, UNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair mühüm sənədlər qəbul olunmuşdur. Belə sənədlərdən aşağıdakıları göstərmək olar:
1. “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə” (BMT-nın Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul olunmuşdur);
2. “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası” (Avropa Şurası tərəfindən 4 noyabr 1950-ci ildə qəbul olunmuşdur);
3. “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya” (BMT-nın Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə qəbul olunmuşdur);
4. “Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarınin ləğv edilməsi haqqında Bəyannamə» (BMT-nın Baş Assambleyası tərəfindən 25 noyabr 1981-ci ildə qəbul olunmuşdur);
5. “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası” (Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 5 noyabr 1992-ci ildə qəbul olunmuşdur);
6. “Milli yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Bəyannamə” (BMT-nın Baş Assambleyası tərəfindən 18 dekabr 1992- ci ildə qəbul olunmuşdur);
7. “Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi haqqında Qətnamə” (BMT-nin Baş Assambleyası tərəfindən 20 dekabr 1993-cü ildə qəbul olunmuşdur);
8. “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” (Avropa Şurası tərəfindən 1 fevral 1995-ci ildə qəbul olunmuşdur);
9. “Tolerantlıq prinsipləri haqqında Bəyannamə” (UNESKO tərəfindən 16 noyabr 1995-ci ildə qəbul olunmuşdur);
10. “Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi” (UNESKO tərəfindən 2 noyabr 2001-ci ildə qəbul olunmuşdur)
11. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyası (UNESKO tərəfindən 20 oktyabr 2005-ci ildə qəbul olunmuşdur). Sadalanan bu sənədlər milli azlıqların hüquq və azadlıqlarının qorunması üçün böyük əhəmiyyət dasıyır. Lakin onların bəziləri bu və ya digər ölkənin tarixi, geosiyasi, iqtisadi və/ və ya etnik-mədəni xüsusiyyətlərini nəzərə almır. Buna görə də milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair beynəlxalq sənədlərə münasibət bildirən hər hansı bir ölkə bu sənədlərdəki müddəaların onun milli maraqlarına zidd olmadığını, suverenliyini və ərazi bütövlüyünü pozmadığını nəzərə almalıdır. Məlum məsələdir ki, ölkənin qeyd olunan xüsusiyyətlərini nəzərə almayan sənədin qəbul olunması həmin ölkənin milli təhlükəsizliyi, siyasi, sosial-iqtisadi inkişafı üçün problem yarada bilər. Belə olan halda həmin ölkənin bu cür sənədi qəbul etməməyə əsası vardır. Məsələn, yuxarıda sadaladığımız sənədlərdən biri olan “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nı Avropa Şurasının bir neçə ölkəsi indiyədək ratifikasiya etməmişdir. Həmin ölkələrin sırasında hətta Belçika, Fransa, İrlandiya, Portuqaliya, Yunanıstan, Bolqarıstan, Estoniya, Litva və Latviya kimi Avropa İttifaqının üzvləri də vardır. “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nın bəzi ölkələr tərəfindən ratifikasiya edilməməsi bu sənəddə olan bir sıra müddəalarının həmin ölkələrin milli maraqlarına, xüsusilə ictimai–siyasi, iqtisadi sabitliklərinə, ərazi bütövlüklərinə ciddi təhlükə törədə biləcəyi ilə əsaslandırılır. Daha konkret desək, bu sənəddə elə tələblər əks olunmuşdur ki, onların həyata keçirilməsi ölkədə milli zəmində separatçılıq hərəkatının baş qaldırmasına, ölkə ərazisinin parçalanmasına gətirib çıxara bilər. Məsələn, sözügedən sənədin III hissəsinin “İnzibati orqanlar və dövlət qulluğu” adlı 10-cu maddəsində yer alan bəzi məqamlar cəmiyyətdə dezinteqrasiya meylərinin yayılması, etnik separatizmin yaranması təhlükəsini özündə saxlayır. Sözügedən maddənin tələbinə əsasən, milli azlıqların çoxluq təşkil etdiyi dövlətin inzibati ərazi dairələrində dövlət müəssisələri, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları vətəndaşlarla iş apararkən azsaylı xalqların dillərindən istifadə etməli, habelə yazılı ərizələr, inzibati və kargüzarlıqla bağlı digər rəsmi xarakterli sənədlər etnik azlıqların dillərində tərtib olunmalıdır. Bundan başqa “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nda elə müddəalar var ki, onların icra olunması dövlətin böyük həcmdə lüzumsuz maliyyə xərclərinə səbəb ola bilər. Məsələn, Xartiyanın “İqtisadi və ictimai həyat” adlı 13-cü maddəsində iqtisadi və ictimai həyatda regional dillərin geniş istifadəsinə şəraitin yaradılması, o cümlədən maliyyə və bank sənədlərinin, şirkətlər və özəl müəssisələr tərəfindən bağlanılan müqavilələrin, şirkətdaxili sənədləşmə işinin, qiymətli kağızların, ödəmə çeklərinin və digər bu kimi sənədlərin, habelə məhsulların istifadəsi və mexanizmlərin istismarı üzrə təlimatların etnik azlıqların dillərində tərtibinə və hazırlanmasına icazənin verilməsi tələbi irəli sürülür. Milli azlıqların hüquq və azadlıqlarının təmin olunmasının mühüm göstəricilərindən biri onların dillərində qəzet və jurnalların nəşr olunması, televiziya və radio verilişlərinin aparılması, orta və ali məktəblərdə tədrisin təşkil olunmasıdır.
Bütün bunlar cəmiyyət daxilində inteqrasiya proseslərini möhkəmləndirir. Bu isə öz növbəsində ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin qalxmasına səbəb olur. Yuxarıda qeyd etdiyimiz kimi, multikulturalizmin daxili siyasətin tərkib hissəsi olmasının ikincisi göstəricisi ölkə daxilində dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasıdır. Ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olması dedikdə nə nəzərdə tutulur? Dövlət-din münasibətlərinin yüksək səviyyədə olması ilk növbədə ölkə daxilində dini etiqad azadlığının təmin edilməsi deməkdir. Məlum olduğu kimi, dini etiqad azadlığı insan hüquqlarının tərkib hissəsidir. Buna görə də dini etiqad azadlığının təmin olunması hər bir demokratik inkişaf yolu seçmiş dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının digər mühüm göstəricisi ölkə ərazisində mövcud olan dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olmasıdır. Dünya ölkələrinin praktikası göstərir ki, dini etiqad azadlığını təmin edən hər bir ölkə dinlərin və dini məzhəblərin qanun qarşısında bərabərliyinə zəmanət vermir. Bunu hətta aparıcı Qərb ölkələrinin təcrübəsi də təsdiq edir
Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü və beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkar olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridır. Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynamasını əsas götürərək deyə bilərik ki, əgər ölkə daxilində etnik, dini zəmində heç bir qarşıdurma yoxdursa, müxtəlif xalqların, dinlərin arasında dözümlülük, dialoq və əməkdaşlıq münasibətləri mövcuddursa, bu dövlətin xarici siyasəti sülhyönümlü olaraq dünyada dinlər və mədəniyyətlərarası dialoqa və əməkdaşlığa yönələcəkdir. Dinlər və mədəniyyətlərarası dialoqa və əməkdaşlığa yönələn dövlətin xarici siyasəti isə öz növbəsində onun beynəlxalq aləmdə multikulturalizm siyasətini təbliğ edən dövlət kimi nüfuzunu qaldıraraq daxili siyasətində multikulturalizm istiqamətini daha da gücləndirəcəkdir. Bu, xarici siyasətin daxili siyasətə əks təsirini nümayiş etdirməklə daxili və xarici siyasət arasındakı münasibəti qarşılıqlı xarakter daşıdığını göstərir. Beləliklə, multikulturalizmin ölkənin daxili və xarici siyasətin tərkib hissəsi, mühüm istiqaməti kimi çıxış edir. Multikulturalizmin daxili siyasətin tərkib hissəsi olması onun xarici siyasətin istiqaməti olmasını müəyyən edir. Lakin multikulturalizmin ölkənin xarici siyasətində də özünü büruzə verməsi onun daxili siyasətdə daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin