Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Konfessiyalararası münsibətlərdə tolerantlıq amilləri



Yüklə 164,32 Kb.
səhifə4/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   2   3   4   5   6   7   8   9   ...   33
multikultur.COVİD-19

3.Konfessiyalararası münsibətlərdə tolerantlıq amilləri
15. Azərbaycanda yayılmış dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm ideyaları

Zərdüştilik dünyanın qədim dini təlimlərindən biridir. Bu dini təlim onun banisi Zərdüştün adı ilə bağlıdır. Zərdüşt e.ə. VI əsrdə yaşamışdır. Orta əsrlərin bir çox müsəlman müəllifləri, eləcə də müasir tədqiqatçılar bu peyğəmbərin vətəninin Azərbaycan olduğunu deyirlər. 


Zərdüştilik tarixən Azərbaycan ərazisində yaranaraq digər ərazilərə yayılmışdır. Adətən, atəşpərəstliyi zərdüştilik dini ilə eyniləşdirirlər. Əslində zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. Halbuki, hər iki inam müstəqil din sahələri kimi meydana gəlib və onların yaranması bilavasitə Azərbaycan ərazisi və xalqı ilə bağlıdır.
Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamın cəsədini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.
Zərdüştiliyə qədər dünyada müxtəlif dinlər və inanclar olub, amma onların hamısı məhəlli xarakter daşıyıb və demək olar ki, yarandığı bölgənin sərhədlərini aşa bilməyib. Üç böyük imperiyanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli din anlayışının sərhədlərini aşmış, hətta ilk dəfə qədim dünyada mükəmməl din, dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu yaratmışdır. Bu dinin özəlliyi ondadır ki, onun yaradıcısı sayılan Zərdüşt özünə qədər mövcud olan ilahların hamısını rədd edərək yeganə Allah – Hörmüzü kainatın və bütün canlı varlığın yaradıcısı kimi irəli sürüb. Bu baxımdan, bütpərəstlikdən fərqlənən zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir.
Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və Yaxın Şərqlə məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və Hind mədəniyyətinə ciddi təsir göstərmişdir. Tarixi faktlar, eləcə də bizə gəlib çatmış yunan tarixçi və filosoflarının əsərləri sübut edir ki, zərdüştiliyin müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı yaradan maqlar, onların təlimində və atəşpərəstlik dinində islahat aparmış Zərdüşt yunan mədəniyyətinin inkişafında böyük rol oynayıb. Bəlkə elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys zərdüştiliyin bəşəriyyətə bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir göstərdiyini iddia edir.
Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə – Platona, Aristotelə, Hermippinə və başqalarına güclü təsir göstərib. Uzun tarixi dövr ərzində dövlət dini statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni İslamın yayılması ilə əlaqədar zəifləməyə başlayıb. Təsir dairəsi bu qədər geniş olan, Hindistanda və İranda indiyədək mənsubları yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranmış və Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərməğan etdiyi ilk böyük töhfədir.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.


Zaman etibarilə etnik-mədəni sistemlərin diferensiasiyasının formalaşmağa başladığı və ictimai əmək bölgülərinin bir-birini əvəzləməsi dönəmlərinin təlimi kimi ortaya çıxan zərdüştilik yayıldığı arealda toplumun həyatına bir sıra yeniliklər gətirmişdi. Zərdüştiliyin cənnət-cəhənnəm, qiyamət günü, ruhların dirçəlməsi və s. kimi doktrinaları sonralar başqa dinlərdə, o cümlədən səmavi dinlərdə də öz əksini tapmışdır. Zərdüştiliyin yayıldığı areal fərqli etnik mənsubiyyətə və mədəni düşüncələrə malik insanların, eləcə də müxtəlif inanc sahiblərinin birgə yaşadığı məkan idi. Bu din özlüyündə müxtəlifliyə dözümlü münasibət göstərməklə, müəyyən zaman kəsiyində ümumbəşəri xarakter daşıyan universal mədəni dəyərlər toplusunu formalaşdıra bilmişdi. Həmin dəyərlərdə öz əksini tapan bir çox ideya və prinsiplər müasir anlayışlarla ifadə etdiyimiz tolerantlıq və multikulturalizmdə də öz əksini tapan bir çox ideya və prinsiplərlə üst-üstə düşür.
İlk vəhy dini kimi tarixə düşən zərdüştilik insanları ədalətə, əxlaqi təmizliyə səsləyərək, zorakılığa, ədalətsizliyə, müharibələrə, qarət və qətllərə qarşı çıxırdı. Bu təlim insanlara etnik və dini mənsubiyyətinə, rənginə, sosial statusuna və s. görə fərq qoymurdu. Sülh cəmiyyəti qurmaq istəyərək toplumun həyatında sosial ədalətin bərqərar olmasını və rifah cəmiyyətinin qurulmasını arzu edirdi. Zərdüşt öz dualarında bütün yaranmışlar, o cümlədən insanlar üçün fərq qoymadan rifah diləyirdi. Zərdüştiliyin dini kitabı olan “Avesta”da deyilir: “Ey Məzda, əllərimi duaya qaldıraraq birinci, varlıq nemətini almış bütün yaranmışlar üçün Sipəntəməinudan (müqəddəs ağıldan) rifah istəyirəm. Həm də, ey Ordibehişt, Bəhməni və Keuşurvəni sevindirəcəyimi (istəyirəm)” (Qatalar Yəsna, 28-ci Hat, “Əhnəvəydqat” 1). 
Qeyd edək ki, dini ideologiya tarixində, bu dini təlim ilk dəfə olaraq sosial Şər və ictimai bəla problemini qaldırmış, ona qarşı mübarizə imkanlarından söz açmışdır. Zərdüşt Xeyirlə Şərin fərqli olduğunu irəli sürmüş, onları bir-birindən ayırmış və onlar arasında daim mübarizə getdiyini söyləmişdir: “O pak gövhər xəbis gövhərə belə demişdir: “Biz ikimiz nə düşüncə, nə tərbiyə, nə ağıl, nə din, nə söz, nə davranış, nə inam və nə də ruhda bir-birimizə uyğun gəlirik” (Yəsna, 45-ci Hat, “Uştəvəydqat” 2). Zərdüştilik bu mübarizədə insanın xeyir və şər düşərgələrindən birini seçmək imkanı və azadlığı tanısa da, sosial Şər ilə mübarizədə insanın roluna böyük yer vermişdi. Zərdüştiliyin peyğəmbəri hesab edirdi ki, insan Xeyirin, Doğrunun və Vicdanın Şər, Yalan və Qaranlıq üzərində qələbəsinə kömək etməlidir və bunun üçün “Avesta”da insanlara “doğruluq və uğurlu davranış çəmənində məskən salmaq” kimi mükafatlar da vəd olunurdu. Qatlarda bu haqda deyilirdi: “Doğruluq tərəfdarının xeyrini istəyən başçı, kəndli və ya din rəhbəri, eləcə də heyvanları qorumağa səy göstərən adam doğruluq və uğurlu davranış çəmənində məskən salacaq” (Yəsna, 33-cü Hat, “Əhnəvəydqat”, 3).
Etiqad azadlığı, yaxud “Hər kəsin sərbəstliklə öz dinini seçib qəbul” edə bilməsi, dini müxtəliflik və başqalarına dözümlü münasibət göstərmək kimi prinsiplər, dini tolerantlığın və multikulturalizmin əsasında dayanan başlıca prinsiplərindən sayılır. Zərdüştilik dini də insanlara etiqad azadlığı, inanclarla bağlı seçim sərbəstliyi verir və bununla bağlı hər cür zorakılığı rədd edirdi. “Avesta”da bu haqda deyilir: “Ey Məzda, dünyanın başlanğıcında bizim üçün din yaratdın. Ruha bədən qəlibini verdin, ona özünə xas olan ağıl xüsusiyyətini bağışladın, davranış öyrətdin ki, hər kəs sərbəstliklə öz dinini seçib qəbul etsin” (Yəsna, 31-ci Hat, “Əhnəvəydqat”, 11).
Qeyd edək ki, zərdüştiliyin (Zorastirizmin) hökmran olduğu əhəmənilər və sasanilər dövlətlərində hakim elitanın başqa dinlərə də tolerant münasibəti olmuşdur. Belə ki, Əhəməni hökmdarı Kir zərdüşti olsa da öz dinini nəzarətdə saxladığı ərazilərin xalqlarına sırımaq cəhdlərində olmayıb. Kir Babil sürgünündən sonra yəhudilərə Qüdsə qayıtmağa və orada məbədlərini qurmağa icazə vermişdi0.
Zərdüştilik fəlsəfəsinin yəhudilərin sürgün sonrası iudaizm dininə xeyli təsiri olub. Böyük Dara da zərdüştilikdə olub, başqa dinlərə tolerant münasibət sərgiləyib. Zərdüştiliyin dövlət dini kimi qəbul edildiyi Sasanilərdə də digər dinlərə dözümlü münasibət olmuşdur. Sasanilərin hökmran olduğu ərazilərdə iudaizmin və xristianlığın yayılması dediklərimizə sübut kimi qiymətləndirilə bilər.
Zərdüştlük və onun dini kitabı olan “Avesta”da müxtəlif etnik mənsubiyyətə malik, mədəni özünəməxsusluğa və inanclara sahib insanların qarşılıqlı əlaqələri əsasında formalaşan sosial həmrəyliyə çağırışlar edilir: “Ey Məzda Əhura, ona azadlıq yolunu açdın ki, kəndliyə, ya kəndli olmayana tərəf meyl etsin”. (Yəsna, 31-ci Hat, “Əhnəvəydqat”, 9).
Zərdüşt insanların bir arada yaşaya biləcəyi ədalətli cəmiyyətin qurulmasını arzulayır, qəzəbin, zülmün aradan qaldırılmasını istəyir: “Qəzəb aradan getməlidir. Dostu pak şəxsiyyət olan doğru din vasitəsilə müqəddəs ruhun mükafatına nail olmaq istəyənlərə, zülmü özünüzdən uzaqlaşdırın” (Yəsna, 48-ci Hat “İspentəməydqat”, 7).
Zərdüşt sülh cəmiyyətinin tərəfdarıdır. O müharibələrin və dağıntıların əleyhinədir, “get-gəl azadlığının” tərəfdarıdır. Yaşamaq, mülk toxunulmazlığı və s. kimi insanların təməl haqq və hüquqlarının müdafiəçisidir. “Avesta”da deyilir: “Mən müharibələri rədd edib, silahı bir yana tullamağı istəyən Məzda dininə inanıram… kəndlərin dağılmasının, mal-qaranın talanının və oğurluğun əleyhinəyəm… get-gəl azadlığı, mənzil, mülk toxunulmazlığı tərəfdarıyam”.Göründüyü kimi, hələ qədim zamanlarda və ilk orta əsrlərdə zərdüştiliyin ictimai fikrə təqdim etdiyi və reallaşdırdığı bir sıra ideyalar, sonrakı dövrlərdə Azərbaycanda tolerant və multikultural ənənələrin formalaşmasına təsir edən amillərdən olmuşdur.
Artıq b.e I minilliyin ilk əsrlərində Qərbi Midiyanın (yaxud o zaman adlandırıldığı kimi, Atropaten Midiyasının) vilayətlərində o dövr üçün səciyyəvi olan ictimai ədalətlə səciyyələnən dini-etik təlimlərdən biri olan Manilik geniş yayılmışdı. Manilik adı almış dini hərəkatın banisi Mani (216-274 və ya 276) hesab olunur. Bu təlim rəsmi zərdüştiliyə qarşı yönəlmişdi, odur ki, zərdüştilik onu küfr (kafirlik, dinsizlik) hesab edirdi. Zamanında Mani, həmçinin istedadlı rəssam, filosof və mühəndis kimi məşhurlaşmışdı. Onun istedadlı bir rəssam olduğu Firdovsinin (934-1020/1030), Nizaminin (1141-1209), Hafizin (təqr. 1325-1389/1390) xatirələrində və ayrı-ayrı əsərlərində öz əksini tapmışdır.

Mani iyirmi dörd yaşında özünü peyğəmbər elan edərək öz missioner fəaliyyətinə Şərqdə (Həmədanda) başlamışdır. Mani yazdığı “Sirlər kitabı”, “İki prinsip haqqında kitab”, “Praqmataya” (“Nəsihətnamə”), “İncil”, “Şapurakan”, “Dualar kitabı” və s. kimi kitablarında yaratdığı yeni dini təlimin əsasları öz əksini tapmışdır.


Bütün mövcud dinləri bir araya gətirərək vahid bir din yaratmağı Mani özünün başlıca missiyası hesab edir və yaratdığı yeni dini yeganə düzgün din hesab edərək, “ona hər bir ölkədə və bütün dillərdə etiqad” edilə biləcəyini bildirirdi. O yazırdı: “Əvvəlki dinlər yalnız bir ölkədə mövcud idi və bir dildə idi. Yalnız mənim dinim elə xüsusiyyətlərə malikdir ki, ona hər bir ölkədə və bütün dillərdə etiqad edə bilərlər. Onu ən ucqar ölkələrdə təbliğ edəcəklər”. O, öz dininin vəhy dini olduğunu və yeni dini yaymaq üçün Tanrı tərəfindən göndərildiyini bildirirdi. Maniliyin teologiyasında adı çəkilən allahlardan biri İlahi Əkizi ona xitabən deyir: “Sən yalnız bu dinə deyil, bütün insanlara, bütün məktəblərə, bütün şəhərlərə, bütün ərazilərə göndərildin. Bu ümid sənin vasitənlə hər bir bölgəyə, hər bir ölkəyə elan ediləcək və açıqlanacaq”. Türk filosofu Orxan Hançerlioğlu “Düşüncə tarixi” əsərində bu qənaətə gəlir ki, maniliyin dinləri sintez etməkdə əsas məqsədi dinlərarası savaşları aradan qaldırmaq idi.
Zamanında geniş yayılmış zərdüştilik, xristianlıq, buddizm və s. kimi dinlərin bir sıra ideyalarından bolluca faydalanan Manilik sinkretik xarakterə malik bir din idi. Dəyərli araşdırıcı A.Schimmel hesab edir ki, Mani gəzdiyi və missionerlik fəaliyyəti ilə məşğul olduğu ölkələrdə öz dinini həmin ölkələrdə yayğın olan dinlərin ideyalarından faydalanmaqla onlara uyğunlaşdırırdı. Məsələn, o, Türküstanda olarkən burada hakim etiqad olan buddizmin simvollarından, xristianlığın yayıldığı Qərbdə isə, daha çox xristian dininin elementlərindən istifadə edirdi. “Hətta xristianların yaşadığı bölgələrdə İsanın vəd etdiyi "təsəlliverici" (Paraklet), buddizmin yayıldığı ərazilərdə isə Buddanın sözlərini istifadə edərək insanlığın qurtuluşu üçün lazımlı olan gizli gerçəkləri vəhy etmək üçün göndərildiyini iddia etmişdir”. Mani yaxşı tanış olduğu zərdüştilik, xristianlıq və buddizm kimi dinləri düzgün dinlər kimi qiymətləndirirdi. Ancaq o hesab edirdi ki, insanlar bu dinləri düzgün qiymətləndirə və başa düşmədiyinə görə onu təhrif edərək bərbad hala salmışlar.
Maniliyi fərqləndirən xüsusiyyətlərdən biri də yayıldığı ərazilərin çoxdinli və geoçoxmədəniyyətli statusunu zorla aradan qaldırmağa cəhd göstərməməsi ilə bağlıdır. Mani öz təlimini yayarkən heç bir siyasi və sosial dəyişiklik etmək vəzifəsini qarşısına məqsəd qoymur. Onun təlimini yaymaq metodu missionerlik – dilətutma və inandırmadır. Manilik digər din və mədəni qrupları rədd etmir və yayıldığı ərazilərdə öz dinlərini toplumun dini və mədəni dəyərlərinə uyğunlaşdırmağa çalışırdı. Manilikdə tolerant düşüncə hakimdir, çünki, bu din insanları öz dinlərini zorla dəyişdirməyin və şiddətin əleyhinədir. Bu din silki fərqliliyi qəbul etsə də hər cür istismarın əleyhinədir və ümumi bərabərliyi təbliğ edirdi.
Mani silklərarası asılılığa, iyerarxiyaya (aşağıdan yuxarı tabeçilik qaydasına) qarşı çıxır, eyni zamanda “aşağıların” “yuxarıların” var-dövləti əleyhinə etirazını əks etdirirdi. Mani dini ayinlərin sadələşdirilməsinə çalışır və insanları istismarın hər bir – istər dünyəvi olsun, istər ruhani – növünə qarşı mübarizəyə istiqamətləndirirdi. Mani İlk insanın dili ilə Həyat Ruhundan Hüzur və Sülh diləyir: “Hüzur üçün gəl! Sülh və sükunət xəzinəsi üçün gəl” deyir. O hesab edirdi ki, nur ruhu, zülmət isə bədəni (materiyanı) təmsil edir. Dünya inkişafı prosesinin məqsədi qəlbində yer tapmış nur ünsürlərini materiya¬nın (bədənin) hakimiyyətindən azad etməkdir. Maniyə görə, Allah dünyada şəri yaratmamışdır və deməli, dünyanı da o yaratmamışdır, çünki dünya (materiya şərdir, zülmətdir) – materiya Allahdan asılı olmayaraq mövcuddur, insan isə materiya ilə nurun qarışığıdır. Nurun hissəciklərinin materiyadan (bədəndən) azad olmasına yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür.
Mani dünyaya şərin tam təcəssümü kimi baxırdı. O, elə hesab edirdi ki, daha yaxşı olar ki, insan dünya işlərindən imtina etsin, öz həyatını tərki-dünyalıqla və ibadətlə keçirtsin. Belə olsa, insanın ruhu səmalara ucala bilər. Hər cür istismarı rədd edən, insanlar arasında bərabərliyi arzulayan Manixeyçilik tolerant bir cəmiyyət, asayiş və rahatlığın qorunduğu bir cəmiyyət olmasını təbliğ edirdi.
Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm (ruh mənasını daşıyan latın sözü “anima”dan əmələ gəlmişdir. Ruhların mövcudluğuna, heyvanların, bitkilərin, cansız cisimlərin, təbiət qüvvələrinin ağlı olduğuna, onların fövqəltəbii qüvvəyə malik olduğuna etiqad animizm adlanır), fetişizm (cansız cisimlərə, qayalara, ağaclara, gildən düzəlmiş bütlərə, insanabənzər təsvirlərə sitayiş fetişizm adlanır), totemizm (bir soya, tayfaya mənsub adamlarla bir heyvan və ya bitki növü, bəzən də hansısa təbiət hadisəsi arasında əlaqə, mənşə və qan qohumluğu olduğuna inanc), şamanlıqdan (sehrçinin, türkəçarəçinin vəcd halında cuşa gələrək ruhlarla əlaqə yaratması, şər ruhları qovması) tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çıraqlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat vermişdir.




Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin