Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Dünya ölkələrində multikulturalizm modelləri



Yüklə 164,32 Kb.
səhifə9/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
multikultur.COVİD-19

Dünya ölkələrində multikulturalizm modelləri

12. Avropa ölkələrində multikulturalizm


Qərbsayağı multikulturalizmin formalaşmasında II mərhələyə Avropa dövlətlərinin müstəmləkə sisteminə xidmət edən ideologiya kimi baxmaq olar. Bu zaman 2 fərqli yanaşma müşahidə olunur. Birincisi, Avropa dövlətlərinin müstəmləkə ölkələrin əhalisinə yanaşması. Avropa dövlətləri Qərb dəyərlərinin dominantlığı üzərində formalaşdırdıqları ideologiyanı müstəmləkə ölkələrində yeganə üstün sivilizasiyalı mədəniyyət kimi təqdim etməyə çalışır və yerli mədəniyyətlərə qarşı etinasız yanaşırdılar. Yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyəti dünya miqyasında universal standart kimi təqdim olunurdu. Belə olmasaydı Amerika qitəsində qədim Mayya mədəniyyəti, Afrikada Misir mədəniyyəti, Şərqi Asiyada Hind, Malay, Çin kimi ilkin sivilizasiya mədəniyyətləri yalnız istismara məruz qalmazdı.
Maraqlıdır ki, bu gün işçi qüvvəsi kimi Avropaya gələn miqrantların Qərb dəyərlərini qəbul etmədiyi üçün multikulturalizmin məğlubiyyətə uğradığını iddia edənlər bir neçə əsr əvvəl okeanın o tayında nə yerli xalqların, nə də zorla Afrikadan gətirdikləri qulların mədəni müxtəlifliklərini nəinki qəbul etmir, hətta məhv edirdilər. Nədənsə o zaman belə münasibət multikulturalizmin böhranına səbəb kimi qiymətləndirilmirdi.
İkincisi şərti olaraq "Amerikan modeli” adlandıracağımız multikultural yanaşmanı fərqləndirmək olar. Avropa xalqları "Köhnə qitə”dən kənarda yeni dünya ölkələrində Amerikada, Avstraliyada, Yeni Zelandiyada yerli mədəniyyətləri qəbul etməməklə bərabər, öz aralarında mədəni cəhətdən daha da yaxınlaşdılar. Yəni, Avropada bir-birindən fərqlənən protestant, katolik, pravoslav dini daşıyıcılar, eləcə də anqlo-saks, german, latın dil qrupu təmsilçiləri Amerikada və ya Avstraliyada vahid mədəni dəyərlərin yaradılmasına doğru istiqamətləndirildi. ABŞ-da bu nəzəriyyəni "əridici qazan” (melting pot) adlandırırlar. Bu zaman multikulturalizm konsepsiyası bütün millətlərin bir xalq kimi birləşdiyi "əritmə qazanı” konsepsiyası ilə qarşılaşdırılır.
Belə olan halda Qərbsayağı multikulturalizmdə milli dəyərlər öz əvvəlki əhəmiyyətini itirmiş oldu və yeni vahid universal bir Qərb dəyərinin yaranmasına keçid başlandı. "Amerikan modeli” dəqiq millət anlayışı olmayan, vahid vətəndaş identikliyi əsasında dövlətin yaranmasına təkan verdi. Misal üçün, ABŞ-da Amerikan identikliyi – anqlo-saks ideologiyası üzərində qurulsa da, hər hansı bir millətin milli dəyərlərini əks etdirmir. Bu model daha çox yeni yaradılmış dəyərlərin əks olunduğu mozaik birləşmədir. Lakin bu mozaik birləşmədə yerli xalqların mədəni dəyərləri əks olunmur. Aborigen xalqlar hələ də cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırlar. Misal üçün, hazırda Avstraliyanın yerli əhalisinin əksəriyyəti rezervasiya adlanan əlahiddə yaşayış məntəqələrində məskunlaşdırılmışdır. Onlar demək olar ki, yüksək mədəniyyətə yaxın buraxılmırlar. Eyni proses digər yeni dünya ölkələrində də izlənilir.
Qərbsayağı multikulturalizmin formalaşmasında II mərhələ bir ölkədə fərqli millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət anlayışı olmayan dövlət modelinin yaranması ilə nəticələndi. Bu gün "Köhnə qitə” və ondan kənardakı Qərbsayağı multikulturalizm arasında yaranmış fərqlərin də səbəblərini burda axtarmaq lazımdır. Avropanın multikulturalizmin iflası və ya böhranı haqqında danışdığı bir halda okeanların o tərəfindəki Qərb modellərində (ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və s.) çoxmədəniyyətliyə dövlətlərin inkişafına təkanverici qüvvə kimi baxılır. Bu fərqin yaranmasında ilk növbədə tarixi ənənə faktoruna diqqət yetirmək lazımdır. Yəni uzun əsrlər bir-biri ilə rəqabət aparan Avropa dövlətlərinin vahid Qərb mədəniyyətini milli dəyərlərdən üstün tutması daha çox vaxt aldı. Yeni torpaqlarda isə belə bir tarixi qarşıdurma olmadığı üçün "əridici qazan” daha tez və effektiv işləməyi bacardı. "Amerikan modeli”nin uğurundan danışdıqda başqa bir incə məqama da fikir vermək lazımdır. Multikulturalizmin uğurlu modelindən danışdığımız regionlara nəzər saldıqda bu məkanda yerli mədəniyyət daşıyıcılarının tam sıxışdırıldığını, məhv edildiyini, qalanlarının isə rezervasiyalarda saxlanıldığının şahidi oluruq.
Konkret olaraq ABŞ-da isə yerli xalqlarla bərabər Afrikadan köçürülən əhali də uzun müddət bu multukultural mühitə daxil edilməmişdir. Hətta 1965-ci ilədək ABŞ-da bəzi ştatlarda qaradərililərin səsvermə hüququ da yox idi. Maraqlı bir mənzərənin şahidi oluruq. Avropalıların zorla Afrikadan gətirdikləri əhali quldarlığın ləğvindən sonra hələ uzun müddət irqi ayrı-seçkiliyə məruz qalmışdır. Avropalılar qul ticarəti vasitəsilə öz iqtisadiyyatlarını gücləndirdilər, amma eyni zamanda milyonlarla insanı öz vətənlərindən, həyat tərzlərindən ayıraraq zorla Amerikaya gətirdikləri azmış kimi həm də Afrika xalqlarının mədəniyyətlərinə, ənənələrinə, sosial həyatlarına tolerant yanaşmadılar. Ona görə multikulturalizmin "Amerika” modelinin uğurundan danışdıqda bunun hansı məhrumiyyətlər hesabına əldə edildiyini nəzərə almaq lazımdır. Bu uğura gedən yol yerli xalqların kütləvi şəkildə qırğını, irqi ayrı-seçkilik kimi çətin sınaqlardan keçmişdir. Tarixin mühakiməsinə buraxsaq isə bəlkə heç keçə də bilməmişdir.
Avropalıların ələ keçirdikləri ərazilərdə yerli əhalinin çoxluq təşkil etdiyi ölkələrdə isə multikultural dəyərlərin dialoqu ilə deyil toqquşması ilə rastlaşırıq. Cənubi Afrika Respublikasını buna misal göstərmək olar. Sayca üstünlük təşkil etməyən Qərblilər bu ölkəyə Qərb dəyərlərini zorla sırıya bilmədilər. Təsadüfi deyil ki, XX əsr boyunca bu ölkə dünyada irqi ayrı-seçkiliyin təcəssüm olunduğu ölkə kimi yaddaşlarda qalmışdır. Beləliklə, "Köhnə qitə”dən kənar ölkələrdə Qərbə məxsus multikulturalizm modeli bu gün nə qədər uğurlu hesab edilsə belə aborigen xalqlara münasibətdə bu ideologiya özünü doğrulda bilməmişdir.
Qərbin multikulturalizm ideologiyasının formalaşmasında III mərhələ kimi XX əsrdə Avropa ölkələrinin həyata keçirdiyi miqrasiya siyasətini fərqləndirmək olar. Məlum olduğu kimi, ikinci dünya müharibəsindən sonra Avropa ölkələrinin sürətli iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Əhalinin yaşlaşması və qitədən kənar ölkələrdə ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin keçmiş müstəmləkə ölkələrindən miqrasiyanı təşviq etməsi ilə nəticələndi. Bu zaman hər bir Avropa dövləti öz keçmiş imperiya təbəələrinə üstünlük verirdi. Tarixi bağlılıq, dil, mədəni faktorlar miqrasiya axınları üçün həlledici amil sayılırdı. Misal üçün, Britaniyada Hindistan və Pakistandan, Fransada fransızdilli Afrika ölkələrindən, Hollandiyada Karib hövzəsi müstəmləkələrdən miqrantlar çoxluq təşkil edirdi. Əslində keçmiş imperiyalar bu miqrasiyanı təşviq edirdilər və bunun üçün müxtəlif təşkilatlar da yaratmışdılar. Britaniyanın başçılığı ilə Millətlər Birliyi (54 ölkə), Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı (56 ölkə), İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyi (9 ölkə) keçmiş müstəmləkə əhalisinə siyasi-iqtisadi maraqlar müqabilində miqrasiya üçün əlverişli şərait yaradırdı.
Bu mərhələdə multikulturalizm müstəmləkələrdən gələn yeni sakinlərin Qərbin vahid dəyərlər sisteminə daxil olması və miqrantların assimilyasiyasına yönəlmiş ideologiyaya xidmət edirdi. Lakin hadisələr göstərdi ki, Qərbin müstəmləkə siyasəti həmin dövrdən əks effekt verməyə başladı. Vaxtilə Avropalıların qanlı-qadalı işğalçılıq siyasətindən fərqli olaraq miqrantlar Avropada səssiz-səmirsiz məskunlaşmaqla bu məkanı "işğal” etməkdədirlər. Fərqli mədəniyyət daşıyıcılarını universal modelə tam uyğunlaşdırmaq mümkün olmadı və bu prosesi təbii də qarşılamaq lazımdır.
Qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr də bu mərhələdən başlayaraq səslənməyə başladı. Amerikan modelindən fərqli olaraq "Köhnə qitə”də mozaik cəmiyyət yaratmaq mümkün olmadı. Burda əsas səbəb olaraq dominant etnosun yalnız öz mədəni və dini dəyərlərinə üstünlük verməsini göstərmək olar. Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən cəmiyyətin yeknəsəq tərkib hissəsi olmalıdır. Onların fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir. Lakin hətta ikinci və üçüncü nəsil miqrantların uyğunlaşma problemləri və dini ənənələri saxlaması multikultural siyasətdə nəyinsə çatışmadığını göstərdi.
Avropanın əksər ölkələrində hadisələrin belə axarına hazır deyildilər və buna görə də miqrantlara münasibətdə aqressivlik müşahidə olunur. Əslində "Köhnə qitə” indiyədək heç vaxt bu qədər yeni sakinlə qarşılaşmamışdı. XX əsrin əvvəllərində miqrantların ilk dalğası daha çox siyasi mühacirlər idi. Həm kəmiyyət, həm də təfəkkür tərzi baxımından hazırkı işçi emiqrantlardan tamamilə fərqlənən siyasi mühacirlər Qərb mədəni dəyərlər sisteminə daxil olmaqda heç bir problemlə qarşılaşmadı. Hətta bu təbəqənin əksər hallarda II nəsildən sonra milli identiklik xüsusiyyətlərini itirdiyi və Qərb cəmiyyətinə tam inteqrasiya olunduğu müşahidə olunur. Paralel olaraq gedən assimilyasiya da öz yerində. Ona görə də II dünya müharibəsindən sonra kütləvi xarakter daşıyan işçi miqrantlara ilk vaxtlar həmin münasibət bəslənilirdi.
Almaniyanın kansleri Angela Merkel etiraf edir ki "1960-cı illərdə biz xarici işçi qüvvəsini Almaniyaya dəvət edəndə elə bilirdik ki, onlar qayıdıb gedəcəklər. Lakin bu baş vermədi və bizim multikulturalizm siyasətimiz isə iflasa uğradı”.
Fransanın keçmiş Prezidenti Nikola Sarkozi də multikulturalizmin məğlubiyyətə uğramasında aparılan yanlış siyasəti deyil, fərqli mədəniyyət daşıyıcılarını, xüsusən də İslam həyat tərzini ittiham edir. O, bildirirdi ki, "əgər insan Fransaya gəlirsə o, fransız xalqının bir hissəsi olmalıdır, əgər bunu istəmirsə burda ona yer yoxdur. Fransızlar öz dəyərlərinə yenidən baxmaq fikrində deyillər, insanların küçələrdə ibadət etməsini, qızların məktəbə getməsinin qadağan edilməsini, qadın və kişilərin bərabərliyinə dair dəyərləri itirmək istəmirlər”. Mühafizəkar bəyanatdır və kimlərinsə fransız dəyərlərinə zorla müdaxiləsi həqiqətən də yolverilməzdir. Lakin görəsən yəhudilərin Fransada yalnız XIX əsrin sonlarında vətəndaşlıq hüququ qazandığını nəzərə alsaq, mənşə etibarı ilə yəhudi olan cənab Sarkozi bu bəyanatı 100 il əvvəl də verərdimi?
Beləliklə qeyd etməliyik ki, hazırda həyəcan təbili vurulan multikulturalizmin böhranı Qərb ölkələrinin yanlış siyasətinin nəticəsidir. İqtisadi vəziyyətdən asılı olaraq xaricdən işçi qüvvəsinin dəvət edilməsi və sonradan həmin miqrantlara qarşı göstərilən ayrı-seçkilik multikultural dəyərlərə bir araya sığmır.


Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin