AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati


Dayan, bu bağçanın hər bir budağı



Yüklə 2,78 Mb.
səhifə4/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   2   3   4   5   6   7   8   9   ...   40

Dayan, bu bağçanın hər bir budağı,

Üstündə min çiçək, min gül bitirmiş,

Sizin güldüyünüz çoban torpağı,

Nizamilər, Füzulilər yetirmiş!
Əsərin baş qəhrəmanı olan Vaqif Azərbaycanın qürurunun timsalıdır, onun əyilməzlik rəmzidir. Böyük şairin Qacara dediyi sözlərin hamısı Azərbaycanın adındandır. Vaqifin xarakterində romantik monumentallıq vardır. O, şair Vidadiyə deyir:

Yalvarma, yalvarma o cəllada sən!

Hələ baş əyməmiş bu böyük vətən...
Vaqiflə Qacarın deyişməsi səhnəsi əsərin ən maraqlı, ən qüvvətli və təsirli yeridir. Şah Qacarın əsiri kimi səhnəyə gətirilən Vaqif misilsiz, romantik bir cəsarət nümunəsi göstərir, öz xal­qının qürurunu şərəflə müdafiə edir. Bu səhnədə Vaqif ölümdən belə qorxmayan, ən çətin vaxtda soyuqqanlı düşüncəsini qoru­ya bilən bir insandır. O, Azərbaycanı ayağı çarıqlı balaca ölkə adlan­dıran Qacara layiqincə cavablar verir, onu susdurur. Düş­mənlə söz güləşində olsa da, Vaqif qalib çıxır, məhəbbət və rəğbət qazanır.

Azərbaycan xalqının azadlıq mübarizəsi. «Vaqif»də xalqımızın xarici istilaçılara qarşı mübarizə mövzusu xüsusi bədii qüvvə ilə səslənirdi. Kürd Musa, Eldar kimi xalq qəhrəman­la­rının obrazları şair tərəfindən xüsusi rəğbətlə yaradılmışdır. El gü­cü­nü göstərən kütləvi səhnələr dramın fikir leytmotivində mü­hüm yer tutur. Bu əsərində S.Vurğun böyük Cabbarlının «Od gə­li­ni» əsərində qoyduğu Azərbaycan xalqının tarixi taleyi möv­zu­su­nu inkişaf etdirir. Ədəbiyyatımız üçün yeni və qiymətli olan bu möv­zu həm də milli mənlik şüurunun inkişafında bir addım idi.

Əsərdə xaricilərə qarşı başlıca, əsas qüvvə xalqın özüdür. Qo­ca şair Vidadi surəti xalq köklərini təmsil edən, el gücünə söykənmiş, xalqa güvənən bir obrazdır. O, Vaqifin dostu və yeri gələndə ağsaqqalıdır. Vidadi saray mühitinə qarşı əks qütb olan xalqın timsalıdır. O sarayı və siyasəti qan və bədbəxtlik mənbəyi kimi dərk edir, elə buna görə Vaqifin taleyi üçün narahatlıq keçirir.

Pyesdə müəllifin xəlqilik ovqatı qabarıq əksini tapmışdır: xalq fonu üç səviyyədə verilir. Xalq və kütlə obrazı, el ağsaqqalı Vidadi obrazı, xalqın dövlətini təmsil edən Vaqifin özü. Onlar bir-birini tamamlayır və Azərbaycan xalqının ümumiləşmiş obrazını yaradır. Eldar, Kürd Musa kimi obrazlar həm xalqın oğulları, həm də qılınc vuran qəhrəmanlarıdır. Onlar vətəni qoruyan döyüşçü surətləridir, xalqın sipərləridir. Şair demək istə­yirdi ki, xalqın qüdrəti həm də onun özünü müdafiə edə bil­məsindədir, torpaq yolunda qanından keçməyi bacarmasındadır.

«Vaqif» pyesi xalq zəfəri ilə, yadellilər üzərində qələbə ilə, Vaqifin şəxsində müdrik başçı ətrafında birləşməklə bitir. Bu sonluq, əslində, xalqın öz ixtiyarını öz əlinə alması, öz mənliyini təsdiqləməsi, müstəqil dövlət və güc kimi birləşməsi demək idi. Əsərdə bu fikirlər aydın səslənə bilməzdi, bolşevik rejimi şəraitində bu, mümkün deyildi. Lakin məhz bu müstəqillik şairin idealı idi.



Qan və terror mövzusu. Şair əsərini 1937-ci ildə, ölkədə qırmızı terrorun tüğyan etdiyi, Azərbaycanın bir çox yazıçı və ziyalısının güllələndiyi vaxtda qələmə almışdır. Dərin qatda «Vaqif» pyesinin o zaman hökm sürən ölçüsüz repressiyalarla müəyyən fikir əlaqəsi var idi. Qan, ölüm, qəddarlıq mövzusu pyesdən qırmızı xətt kimi keçir. Pyesin əsas surətlərindən olan İran şahı Qacarın surəti hakimiyyət və qan, istila və ölüm mövzusunu rəmzi şəkildə ifadə edirdi. Qacarın hakimiyyət fəlsəfəsi belədir:
Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandır.

Burada şair təkcə müstəbid, tiran Qacara istehza etmir. Çeka zindanlarında on beş dəqiqəyə mühakimə edilib bir neçə saat sonra edam olunan repressiya qurbanları da bolşeviklərin öz ha­ki­miyyətini möhkəmlətmək istəyindən irəli gəlirdi. Şair bunu gözəl başa düşürdü və əsərdə bunu ifadə etməklə misilsiz vətən­daş­lıq hünəri, cəsarət göstərirdi. «Vaqif» pyesi böyük şairin 1937-ci il gerçəkləri haqqında ağır düşüncələrinin və həyəcanlarının məh­sulu idi.

Qan və siyasi terror motivi Vidadi ilə Vaqifin dialoqlarından da qırmızı xətt kimi keçir. Vidadi dostunu xalq içinə qayıtmağa, sarayı tərk etməyə çağıranda Vaqif də siyasətdə və saraylarda qan məsələsindən danışır. Burada, əslində, Vaqifin dili ilə danışan Səməd Vurğunun özüdür: şair həm M.C. Bağırovla yaxın əlaqələrinə haqq qazandırır, həm də humanist bir sənətkar kimi siyasi və hakimiyyət problemlərinin qan tökmək, kütləvi qətllər aparmaqla həll edilməsinə etirazını bildirir. Vaqifin sarayda vəzifə tutması barədə aşağıdakı sözlərində Vurğunun humanizmi, insan dəyərlərinə, əxlaqlı siyasətə sədaqəti əksini tapır:
Mən orda olmasam, qan çıxar dizə,

Quşlar da ağlayar ellərimizə.

Xan məndən utanır, çəkinir bir az,

Mən getsəm, qırğının hesabı olmaz.

O, bəzən hirslənib quduran zaman

Mənəm zəncirini dartıb saxlayan.

Vaqifin İbrahim xan haqqında, onun sarayı barədə dediyi bu sözlər pyesin mühüm fikir motivlərindən birini ifadə edir. Saraya, qanlı siyasətə, hakimiyyət hərisliyindən doğan qəddarlığa mənfi münasibətini Vaqif həbs olunandan sonra Qacarla görüş səhnəsində də ifadə edir, saray mühitini ahu-zar və bədbəxtlik mənbəyi kimi lənətləyir. Bunların hamısı şairin bolşevik terroruna mənfi münasibətini ifadə edirdi.

Bu baxımdan Qacar surəti də amansız qaniçən kimi təsvir edilməklə pyesin antiterror mövzusunu açan vasitələrdən biridir. O, bədbəxt bir insandır, uşaq ikən siyasi mübarizələr zəminində şikəst edilib axtalanmışdır. Bu şikəstlik onun təbiətində qəddarlıq doğurur. Təbii üsulla özünü təsdiqləyə bilməyən Şah Qacar ölkələrə və xalqlara divan tutmaqla, şəhər və kəndləri dağıtmaqla, insanları heyvan kimi qırdırmaqla təskinlik tapmaq istəyir. Lakin Qacarın bütöv xalqlara, ölkələrə, şəhərlərə, kəndlərə tətbiq etdiyi terror sonda onun özünə qarşı yönəlir: o, öz mühafizəçisi tərəfindən qətlə yetirilir. Qacarın belə sonluğu böyük bir həqiqəti ifadə edir: qan və terrorla, insan qırmaqla nə mənəvi rahatlıq, nə də siyasi təhlükəsizlik mümkündür.

«Vaqif» Azərbaycan ədəbiyyatının ən qiymətli əsərlərindən biridir və 1938-ci ildə Akademik Dram Teatrında səhnəyə qoyulan kimi misilsiz müvəffəqiyyət qazanmışdı. Balaca, ayağı çarıqlı Azərbaycanın böyük Firdovsilər vətəni olan İran imperiyasına qarşı mübarizə motivi şairin yaradıcılığının əsasını təşkil edən alovlu azərbaycançılıq ideyası ilə bağlı idi.



Bədii xüsusiyyətləri. «Vaqif» pyesi Azərbaycan şeir və dram dilinin nadir incisidir. Şairin verdiyi dramatik replikalar isə nəsrlə yazılan dramatik replikalardan daha yığcamdır, həm də yüksək şeiriyyətə malikdir. Poetik şəkildə olsa da, şair Vidadinin, Eldarın, Qacarın, Vaqifin nitqini ustalıqla fərdiləşdirib.

«Vaqif» pyesinin görünməmiş müvəffəqiyyət qazanmasına iki əsas səbəb vardı: bunlardan birincisi əsərin qızğın vətən­pər­vərlik ruhu, ikincisi isə S.Vurğun poeziyasının misilsiz gözəlliyi idi. Vaqifin səhnədə İran şahı Qacarla üz-üzə gələrək dediyi vətən­pərvər monoloqları tamaşaçıların ürəyindən xəbər verir və onların milli qürur hisslərini oxşayırdı. Qacarın Azərbaycanda, Şuşada öldürülməsi faktı şair üçün xüsusi rəmzi məna daşıyırdı.

Əsərin fabulası böyük ustalıqla qurulmuş, monumental, məişət və şəxsi səhnələr üzvi şəkildə əlaqələnib. Bir-birini dina­mik şəkildə əvəz edən hadisələr əsərin fikir qayəsini açır, həm də oxucunu gərginlikdə saxlayır. Əsəri yazanda Səməd Vurğun öz sənətkar müdrikliyinin yüksək nöqtəsinə çatmışdı. Əsərdə ən incə siyasi, diplomatik, əxlaqi və fəlsəfi fikirlər yığcam misralarda ustalıqla verilir. Pyesin bir sıra deyimləri: «Soyuq məzara da zinətdir insan», «Dünyada qalacaq yalnız yaradan», «Günəşdən gizlənən yarasalardır» kimi aforizmlərlə işlənmişdir.

Böyük Vətən Müharibəsi dövrü yaradıcılığı. Alman faşizminin vətənə hücumu barədə xəbər verilən gün – 1941-ci il iyunun 22-də Səməd Vurğun «Vətən keşiyində» şeirini yazdı və böyük sənətkara məxsus uzaqgörənliklə faşistlərin öz yurdlarında məğlub ediləcəyini bildirdi:
Bu ellər gecəni qatıb gündüzə,

Faşist ordusuyla gəlib üz-üzə,

Dastanlar yazacaq öz hünəriylə,

Ordular basacaq öz zəfəriylə.

Müharibə illərində şair hərbi paltar geymiş və müharibənin sonunacan cəbhələrdə olmuş, vətənin müdafiəçiləri ilə görüşmüş, onlara xalqımızın azadlıq mübarizələri tarixindən söz açmışdır. Bu dövrdə ədibin «Rəhbərin çağırışı», «Qəhrəmanın hünəri», «Parti­zan Babaş», «Təzə il sovqatı», «Gözaydınlığı» kimi şeirlə­rində faşizmə sovet adamının nifrətini, müharibənin tezliklə bitəcə­yinə inamını ifadə edir. Ölkənin şöhrətli şairinin belə mərda­nə mövqeyi sıravi adamlar, balalarını cəbhəyə yola salan min­lər­lə ata-ana üçün böyük təskinlik idi. «Şəfqət bacısı» şeirində şair ana və bacılarımızı da səngərlərə, igid əsgərləri qoruyub xilas etməyə çağırır:



Gəl çıxaq cəbhəyə, əmr edir Vətən,

Sən də bu meydanda kükrəyib çağla!

Düşmənin gülləsi dəysə sinəmdən,

Mehriban əlinlə yaramı bağla!

Bu şeirlərin çoxunda şair cəbhədə vuruşan döyüşçünün ob­ra­zını yaradır, onun mətinliyini, vətənə sədaqətini, qələbə əzmini tərən­nüm edir. Bu döyüşçü sadə bir ailənin övladıdır, xalqın bir par­ça­sıdır. Arxa cəbhədə qalanların hamısı onun haqqında düşü­nür, ona bir sovqat, yardım, insani təskinlik yollamaq arzusu ilə yaşayırlar.

Şair tərənnüm etdiyi döyüşçülər içərisində azərbaycanlı şahinləri-təyyarəçiləri xüsusi məhəbbətlə sevir və şöhrətləndirirdi. İlk təyyarəçi Azərbaycan qadını haqqında yazdığı «Leyla» şeiri xeyli əvvəl yazılsa da, əsgər nəğməsi kimi səslənirdi. Böyük şair azərbaycanlı döyüşçülərin Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad alması barədə xəbərləri hədsiz bir sevinc və fəxrlə qarşılayır, onlar barədə şeirlər yazırdı. Hərbi mövzu şairin vətənpərvər ruhuna yaxın və doğma idi.

«Muğan» poeması Azərbaycana – ana torpaqlarımıza və doğma ellərimizə həsr olunmuş ən gözəl poemalardan biridir. Əsər böyük tikintiyə həsr olunsa da, lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Müdrik bir sənətkar olan S.Vurğun sosializm quruculuğundan yazsa belə, öz sənətkar fərdiyyətinə sadiq qalır, oçerkçiliyə meyl göstərmir. Əksinə, «Muğan»ı öz ilhamına xas olan romantika ilə dolu nəğmələr şəklində yazır. On doqquz nəğmədən ibarət olan bu əsər şairin Muğana, Kür sahillərinə səyahətinin təsviri ilə başlanır. Azərbaycan təbiətini dərindən duyan və sevən şair üçün Muğan və Kür doğma, müqəddəs adlardır. Hələ poemanın «Təbiət ilhama çağırır məni» leytmotivi ilə açılan proloqunda şair öz poetik niyyətini açır: «Muğan» Azərbaycan təbiəti haqqında bir dastandır və bu dastanın baş qəhrəmanı Muğan təbiətinin özüdür. Burada tərənnüm olunan ilk obrazlardan biri Muğan düzünün gözəli olan qaragöz ceyrandır:
Sükuta qərq olmuş ürəyimlə mən

Keçirəm yenə də Muğan çölündən.

Yanında balası, yağış gölündən

Əyilib su içir bir ana ceyran.
On addım kənarda yatmayır təkə,

Gəzinir oylağa baş çəkə-çəkə,

Gələn qaraltıdır, yoxsa təhlükə?

Bir özünə baxır, bir ona ceyran.

Poema boyu şair özü əsərin əsas obrazlarından birinə çevrilir. O, gah sürücüsü, gah qoca çobanla, bəzən hətta kosmopolit tənqidçilərlə söhbət və polemika edir. Məlumdur ki, milli şair kimi Səməd Vurğunun böyük, misilsiz, heç bir müasiri ilə müqayisəyə gəlməz şöhrəti bəzi istedadsızlarda paxıllıq hissləri yaradırdı . Onları nəzərdə tutaraq şair yazır:


Kosmopolit tənqidçilər ömrü boyu dandı məni,

Dedi: «Əsl şairlərin nə yurdu var, nə vətəni»

Dedi: - bütün yer üzüdür sənətkarın ana yurdu,

Bizim çoban şairi də saz üstündə şeir qurdu.

Sizin kimi nökər olub yad ocağı qalamadım,



Vətənimin vüqarı tək vüqarlıdır mənim adım...

Bu sətirlərdə öz poeziyası, məqalə və çıxışları ilə ərsəyə gətirdiyi azərbaycançılıq məfkurəsinin əleyhdarları ilə S.Vurğun arasında daxili bir polemika vardır. Vurğun özünü böyük Azərbaycan məfkurəçisi və böyük milli şair kimi dərk edirdi. Lakin bunu qəbul etmək istəməyənlər – dargözcəsinə şairi «çoban şairi» adlandıranlar yanılırdılar. Səməd Vurğun üçün isə Azərbaycana məxsus hər şey kimi «saz», «çoban şairi» anlayışı da müqəddəs idi. Şair opponentlərini vətənsiz adlandırırdı, çünki Vurğun miqyaslı milli poeziyanı duymamaq ancaq vətən hissindən məhrumluqdan irəli gələ bilərdi.



«Aslan qayası» poeması. Şairin bəzi poemalarında əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. «Aslan qayası» poeması (1938) da belədir. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir. Bu, xalq içindən çıxmış kasıb, amma qoçaq və igid Aslan haqqında rəvayətdir. Ağ at şah qızının mindiyi atdır. Bu at şah qızından başqa heç kəsi yaxına qoymur. Şah elan edir ki, kim Ağ atı minib cıdır­da qalib gəlsə, qızını ona verəcəkdir. S.Vurğun bu əfsanəni 1806-cı il fevral ayının 8-də İçərişəhərin Qoşa qala qapıları ağ­zın­da rus generalı Sisianovun şəhərin açarını təhvil alma mərasimi za­manı qətlə yetirilməsi haqqında tarixi faktla birləşdirmişdi.

Böyük şairin bu mövzuya müraciəti böyük ədəbi cəsarət idi: general Sisianovun öldürülməsi xalq yaddaşında həmişə balaca xalqın böyük rus imperiyasından intiqamı, böyük mənəvi qələbəsi fikri kimi yaşamışdır. «Aslan qayası»nda 1806-cı ildə Bakı xanı olmuş Mehdiqulu xan əfsanəvi xanın, onun qızı Mahnigar xan qızının, əfsanəvi qəhrəman Aslan isə tarixdə Sisianovu öldürmüş tarixi şəxsin yerini tutur.

Mehdiqulu xan özünə arxa axtararaq cıdırda qonşu xanların oğlanlarının iştirakına imkan yaradır ki, qızı Mahnigar onlardan birinə qismət olsun və bu yolla öz hakimiyyətinə dayaq qazansın. Lakin onların heç biri Ağ atı ram edib onu minə bilmir. Ağ atı ancaq Aslan minə bilir və cıdırda qalib gəlir. Şair Aslanı el qəhrəmanı, dastan qəhrəmanı kimi tərənnüm və təqdim edir:

Baş əymədin xanlara,

Sığındın ormanlara.

Yurdun oldu yaylaqlar,

Durna gözlü bulaqlar.

Adın düşdü dillərə,

Bayraq oldun ellərə.

Cütçülərin ağzında,

Aşıqların sazında

Dinlədik dastanını,

Ellər qəhrəmanını.

Şair o dövrün tələbinə uyğun olaraq qəhrəmanlarını sinfi əlamət üzrə qütbləşdirir: Bakı xanı Mehdiqulu xan və Sisianov hakim sinfin nümayəndələri kimi mənfi planda verilir. Onların hər ikisi qəddar və öz hakimiyyətlərini hər şeydən yüksək tutan adamlardır. Mehdiqulu xan Bakının açarlarını Sisianova verməyə hazırdır, bu barədə əmr verir:



- Hardadır açar?

Aparın! Aparın, verin knyaza,

Güvənsin Rusiya böyük Qafqaza.
Qeyd edək ki, Mehdiqulu xan xalq yaddaşında müsbət bir şəxs idi, xalqın intiqamını almış bir şəxs kimi qalmışdı. Poemada belə verilsəydi, şübhəsiz ki, o zaman şairi millətçilikdə günahlandırardılar. Şair tarixi faktları bolşevik ideologiyasına uyğunlaşdırsa da, onun bu poeması barədə o vaxtlar ədəbiyyatçılar belə fikir söyləməyə ehtiyat etmişdilər.

Poemaları. Şairin müxtəlif illərdə yazdığı poemalarını mövzu baxımından üç qrupa ayırmaq olar. 1. Əfsanəvi mövzulara həsr olunmuş poemalar. 2. Tarixi mövzulara həsr olunmuş poemalar. 3. Sovet həyatını əks edən poemalar.

30-cu illərdə poeziyada folklora, xalq ədəbiyyatının toplanmasına və nəşrinə xüsusi diqqət yetirilirdi. Keçmiş əsrlərin ədəbiyyatına inkarçılıqla baxan bolşevik ideoloqları xalq ədəbiyyatına zəhmətkeş siniflərin ədəbiyyatı kimi yüksək qiymət verir, oradakı dastan, nağıl, əfsanə, mif süjetlərindən istifadəyə xəlqilik kimi baxırdılar. Səməd Vurğunun da poemalarının bir qismi xalq əfsanə və süjetləri əsasında yazılmışdı. Bunlardan «Bulaq əfsanəsi», «Qız qayası», «Aslan qayası», «Ayın əfsanəsi», «Hörmüz və Əhrimən» kimi poemaları qeyd etmək olar.

Əfsanəvi süjetlər S.Vurğunu ən çox xəlqi ruhu, el xarakterini və mənəviyyatını tərənnüm etmək imkanı ilə cəlb edirdi. O biri tərəfdən, folklor süjetlərinin özünəməxsus romantikası da şairi cəlb edirdi: təmiz və uca insan arzuları, şair xəyalı üçün geniş meydan açılması, uca xalq ideallarını tərənnüm etmək imkanı şairə doğma idi. S.Vurğun poeziyasının romantikası bu süjetlər vasitəsilə pərvazlanır, azadlıq və xoşbəxtlik, xeyir və şər, ədalət və zülm, sədaqət və xəyanət, məhəbbət və gözəllik haqqında parlaq nəğmələr qoşmasına imkan yaradırdı.

Səməd Vurğunun tarixi mövzularda qələmə aldığı poemaları onun müasir, sovet mövzulu poemalarına yaxındır: bu yaxınlıq, ilk növbədə, şairin həmin mövzuya münasibəti, tərənnüm etdiyi ideya və motivlərlə şərtlənirdi. «Zamanın bayraqdarı», «Dar ağacı», «26-lar», «Üsyan», «Macəra» kimi poemaları bu qəbildəndir.



«Aygün» mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Azər­baycan qadınlarının ağır taleyi onun çoxlu şeir və poema­la­rında özünü büruzə verən motivdir.

Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarak­terinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möh­nətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini «Aygün» romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır. Aygün məhz bu cür bir qadındır. Romanın əvvəlində o, ərinə və ailəsinə görə öz sənətini, bəstəkarlıq təhsilini yarıda qoyub aqronom olan əri ilə kəndə gedir.

Lakin onların ailəsi həyatın sınaqlarına dözə bilmir: Aygün öz qızını tək böyütməli olur. Bakıya qayıdıb bəstəkarlıq təhsilini davam etdirir, ölkənin tanınmış bir bəstəkarı kimi yetişir. Lakin o, ilk sevgisinə sadiqdir, yenidən ailə qurmaq üçün bütün təklifləri rədd edir. Roman Aygünün Əmirxanla yenidən birləşəcəyi ehtimalı ilə bitir. Şair sevimli qəhrəmanı olan Aygünü romantik cizgilərlə səciyyələndirir. Aygün romantik sədaqət rəmzidir, şairin qadın idealıdır.

Tərcümələri. Səməd Vurğunun parlaq istedadı onun tər­cü­mələrində də özünü büruzə verirdi. O öz yaradıcılıq təbiətinə ya­xın olan şairləri çevirməyə daha artıq üstünlük vermişdir. Ş.Rus­ta­velinin «Pələng dərisi geymiş pəhləvan», A.S. Puşkinin «Yev­ge­ni Onegin», Nizaminin «Leyli və Məcnun», A.M.Qorkinin «Qız və ölüm» poemalarını, İ.Çavçavadzenin «Şair», «Vətən», C.Cam­bulun «Ellər baharı» şeirlərini ana dilinə çevirmişdir. Şairin t­ərcümələri öz orijinal əsərlərindən bədii keyfiyyət ba­xımın­dan, demək olar ki, fərqlənmir. Bu tərcümələrdə Azər­bay­can şeir dilinin imkanları Səməd Vurğunun istedadı sayəsində daha da genişlənmişdir.

«Yevgeni Onegin» poemasının tərcüməsi şairin yaradıcı­lı­ğın­da xüsusi hadisəyə çevrilmişdir. A.S.Puşkin poeziyasını uşaq­lıq­dan sevən, onu özünə nümunə sayan S.Vurğun bu əsərin tərcü­mə­sinə bütün istedadını sərf etmiş və böyük uğur qazanmışdır. Şair A.S.Puşkin poemasının formasını da olduğu kimi saxlamış, poe­ma­nın hər sətrindəki fikirləri heyrətamiz bir dəqiqliklə Azər­bay­can dilinə çevirmişdir. Maraqlıdır ki, bu əsərin tərcüməsini oxu­yanda onun sətirlərində tərcümə üslubunun əlamətlərini duy­maq mümkünsüzdür. Çünki S.Vurğun sanki rus poeziyasında ay­rı­ca yeri olan bu böyük əsəri yenidən öz əsəri kimi yazmışdır.


Ədəbiyyat:

Cəfərov M.C. Səməd Vurğun, B., 1956

Arif Məmməd. Səməd Vurğunun dramaturgiyası, B.,1964

Azərbaycan sovet yazıçıları, B.,1958

Vahabzadə B. Səməd Vurğun, B., 1984.

Bayramov Q.Vurğun poeziyası, B., 1976

Zeynallı A. Səməd Vurğun sənəti, B.,1990.


MİRZƏ İBRAHİMOV

(1911-1993)
Həyatı və fəaliyyəti. Sovet dövründə yaranan ədəbiyyatımızda xalqa bağlı milli cərəyanın aparıcı simalarından biri də Mirzə İbrahimov olmuşdur. Onun Azərbaycanın tarixi taleyi barədə yazdığı romanlar ədəbiyyatımızda xüsusi yer tutur.

Mirzə İbrahimov 1911-ci ilin 15 oktyabrında Cənubi Azərbaycanın Sərab vilayətinin Evə kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Gələcək yazıçının atası Əjdər kişi və anası Zəhra kəndin bütün əhalisi kimi əkinçiliklə məşğul olurdular. Mirzənin doğulduğu illərdə İranın iqtisadi geriliyi və quraqlıq ölkədə dəhşətli aclıq yaratmışdı. Bunun bir səbəbi də 1905–1911-ci illərdə ölkədə baş vermiş Məşrutə inqilabı və onun məğlubiyyəti ilə yaranan siyasi özbaşınalıq idi. Mərkəzi hakimiyyətin laxlaması ölkənin iqtisadi həyatına da öldürücü təsir göstərmişdi.

Mirzənin altı yaşı olanda Evə kəndində adamlar aclıqdan və zəiflikdən ölürdülər. Əjdər kişinin ailəsinin bərəkəti də göyə çəkilmişdi. Anası Zəhra arvadın ölümündən sonra Əjdər kişi Evə kəndinin bir çox sakinləri kimi Bakıya gedib neft mədənlərində iş tapmaq qərarına gəldi. Vəsait olmadığından onlar Bakıya piyada yola düşdülər. Cənubi Azərbaycandan bu taya aparan yollar bir parça çörək üçün neft Bakısına üz tutan cənublu kəndlilərlə dolu idi. Balaca Mirzə bu dəhşətli insan faciəsini gördü və həmişəlik yadında saxladı.

Əjdər kişi Bakıya çatıb iki oğlu ilə Sabunçuda ev kirayələdi. Mirzə kiçik oğlu idi. Sabunçuda onların kəndliləri və Zəhranın qardaşı yaşayırdı. Əjdər kişi əvvəlcə iş axtarmağa başladı. Lakin 1918-ci il Bakıda da iqtisadi və siyasi böhran hökm sürürdü. Bakının daxil olduğu Rus imperiyası ərazisində bir neçə hökumət vardı, qanlı vətəndaş müharibəsi gedirdi…

Didərgin ailənin maddi halı Bakıda da ağır olaraq qaldı. Canı zəifləmiş Əjdər kişi Sabunçuda vəfat etdi. Bir həftə sonra Mirzənin böyük qardaşı Rza da xəstəlikdən dünyasını dəyişdi. Yeddi yaşlı Mirzə tək qaldı. Lakin xeyirxah insanlar kimsəsiz yetimə əl tutdular, onu acından küçələrdə sərgərdan olub ölmək təhlükəsindən qurtardılar. Mirzə sonralar bunu unutmadı və ömrü boyu xalq içindən çıxmış kasıb, lakin istedadlı insanlara əl tutdu, onlara ədəbiyyata gəlməyə və möhkəmlənməyə kömək etdi…

Qısa vaxtdan sonra Mirzə neft mədənlərində işləyən dayısını tapdı və onun himayəsi ilə yaşamağa başladı. 1920-ci ilin mayında Bakıda bolşevik ordusunun əli ilə qurulan Sovet hakimiyyəti möhkəmləndi. Bu hadisə Mirzənin gələcək taleyini dəyişdi və onu Azərbaycan xalqının rəhbər şəxslərindən birinə çevirdi.

Gələcək yazıçı ibtidai təhsilə nisbətən gec, 11 yaşında başladı. Bolşeviklər öz hökumətlərini fəhlə-kəndli diktaturası sayırdılar və xüsusi təhsil siyasəti yeridirdilər. Onlar bütün vəzifələrə əvvəllər fəhlə işləmiş və bolşevik partiyasının üzvü olan şəxsləri təyin edirdilər. Onlar savadsız fəhlələr üçün qısa savad kursları açırdılar. Fəhlə uşaqları üçünsə Ümumi Əmək məktəbləri yaradırdılar. Fəhlə sinfi hakim sinfə çevrildikdən sonra öz içərisindən yeni kadrlar hazırlamalı idi.

1922-ci ilin payızında 11 yaşlı Mirzəni Sabunçuda fəhlə uşaqları üçün açılmış orta məktəbə qəbul etdilər. Mirzə böyük həvəslə oxumağa başladı. Əkinçi kəndli köklərindən ona misilsiz zəhmətkeşlik və səbrlilik də keçmişdi. Bu keyfiyyətlər ömrü boyu onun əlindən tutdu və onu ictimai xadim, jurnalist və yazıçı kimi ucaltdı. Oxumaqdan və yazmaqdan o, heç vaxt yorulmadı: qələm və kitab onun üçün xalqa xidmət silahı oldu.

Gələcək yazıçının ilk təhsil aldığı 20-ci illər bolşeviklərin apardığı Mədəni İnqilab illəri idi. Bolşevik hökuməti islam dinindən uzaq, ateist təhsil sistemi yaradırdı. Bunun üçün yeni ümumtəhsil məktəblərindən, fəhlə klublarından istifadə olunurdu. Əsas şüar isə fəhlə və kəndlilər arasından çıxmış alim və ziyalılar sinfi yaratmaq idi. Hələ orta təhsil illərində Mirzə təhsilə marağı, zəhmətkeşliyi, mütaliəni sevməsi ilə diqqəti cəlb etdi.

Bütün fəhlə balaları kimi Mirzə 15 yaşında komsomola yazıldı. 19 yaşında isə bolşevik partiyasının üzvü oldu: bu, 1930-cu il idi. Kasıb, kimsəsiz kəndli oğlu ictimai həyata can atır, qaynar mühitlə birgə addımlamağa çalışırdı. Müxtəlif dərnək və yığıncaqlarda iştirak edirdi. 1928–1930-cu illərdə indiki Balaxanı qəsəbəsi ərazisindəki Vorovski adlanan mədən ərazisində fəhlə kitabxanası var idi. Həmin kitabxanadakı ədəbiyyat dərnəyini görkəmli yazıçı Seyid Hüseyn aparırdı. Dərnək həftədə bir dəfə yığılır, müxtəlif əsərləri müzakirə edir və yeni yazılan ədəbi nümunələrin oxunuşunu təşkil edirdi. Təcrübəli mətbəə fəhləsi olan S.Hüseyn dərnəyin çap üsulu ilə aylıq ədəbiyyat vərəqəsini buraxırdı. Mirzənin dərnək yoldaşlarının ilk şeirləri də bu vərəqədə çap olunmuşdu. Dünənki fəhlə uşaqları öz yazılarını çap olunmuş formada görəndə ədəbiyyata daha artıq bağlanırdılar.

Mirzə orta məktəbi bitirib Sabunçuneftin 6-cı mədənində gündüz işləyir, gecələr isə Neft texnikumunda təhsilini davam etdirirdi. 1930-cu ildə 19 yaşlı Mirzənin dərnəkdə oxuduğu «Zəhra» adlı hekayə diqqəti cəlb etdi: Seyid Hüseyn hekayəyə əl gəzdirib «Şərq qadını» jurnalında çap etdirdi. Yazıçının ilk hekayəsi qadın azadlığı mövzusu ilə bağlı idi. Həmin 1930-cu ildə «İnqilab və mədəniyyət» jurnalında cavan ədibin eyni mövzuda ikinci «Mələk» hekayəsi işıq üzü gördü.

Müəllimi Seyid Hüseyn istedadlı gəncə öz təhsilini artırmağı tövsiyə etdi. Mirzə bu niyyətlə Azərbaycan Elmi Tədqiqat İnstitutunun hazırlıq şöbəsinə daxil oldu. 1933-cü ildə oranı bitirən kimi cavan ədibi Naxçıvana, orada təşkil olunan maşın-traktor stansiyasına siyasi şöbə rəisi və şöbənin «Sürət» adlı aztirajlı qəzetinə redaktor təyin etdilər. O zaman maşın-traktor stansiyaları Azərbaycanda böyük çətinliklə gedən kolxoz quruculuğunu sürətləndirmək üçün yaradılırdı. Naxçıvandan başlayaraq iki cəbhədə çalışmağa başladı: qələmlə Azərbaycan ədəbiyyatına, tutduğu vəzifələrlə isə xalqın tərəqqisinə xidmət etməyə başladı. Naxçıvanda topladığı həyat materialı əsasında Mirzə İbrahimov 1935-ci ildə «Həyat» adlı pyesini yazdı. Qadınların kolxoz quruculuğunda iştirakına həsr olunmuş bu əsər həmin ildə tamaşaya qoyuldu və C.Cabbarlı ənənələrinin davamı kimi diqqəti cəlb etdi.

1935-ci ildə Mirzə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqraddakı aspiranturasına göndərilir. Y.E.Bertelsin aspirantı olur və onun məsləhəti ilə Cəlil Məmmədquluzadə haqqında namizədlik dissertasiyası - «Böyük demokrat» adlı əsərini yazıb müdafiə edir və filologiya elmləri namizədi alimlik dərəcəsi alır. Mirzə İbrahimovun bu əsəri sonradan «Molla Nəsrəddin» ədəbi ənənələrinin və ədəbi məktəbinin öyrənilməsinə təkan verdi və bu işlərə lazımi elmi istiqamət verdi.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin