AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə6/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   2   3   4   5   6   7   8   9   ...   40

Şəhriyar 1906-cı ilin sentyabrında Təbrizdə varlı və nüfuzlu ruhani və şəriət məhkəməsinin hakimi (qazisi) olan Hacı Mirağa Xoşginabinin ailəsində anadan olmuşdur. Gələcək şairin atası hörmətli səid və Qacarlar sülaləsinin sarayına yaxın olmuş bir nəslin nümayəndəsi idi. Çoxları bu nəsli İmam Rzanın şəcərəsindən hesab edirdi. Poeziyanı, ilahiyyatı, hətta gözəl xəttatlığı xüsusi qiymətləndirən Hacı Mirağa oğluna da yaxşı təhsil verməyə çalışmış, hətta Şəhriyarı saray məmurluğuna hazırlayaraq kiçik yaşlarından onun üçün müəllimlər tutmuş, oğlunun ərəb əlifbasının bütün bədii və gözəl yazı növlərini öyrənməsi üçün şərait yaratmışdır. İranda saray məmurluğu gözəl xətlə yazmaq bacarığından ayrılmaz bir peşə sayılırdı.


1905–1911-ci illərin Məşrutə İnqilabının əsas mərkəzi Təbriz şəhəri idi. Məhkəmə hakimiyyətinin nümayəndəsi kimi siyasi hadisələrdən uzaq olmağa çalışan Hacı Mirağa 1909-cu ildə ailəsini qaynar siyasi şəhər olan Təbrizdən gözəl dağətəyi iqlimi olan Xoşginaba köçürür. Onların ailələrinin burada qədimdən bəri mülkləri və torpaqları var idi. Burada əhalinin tam əksəriyyəti Azərbaycan türkcəsini bilir və bu dildə danışırdı. Ona görə Xoşginabda keçən uşaqlıq illəri həm füsunkar təbiətlə ünsiyyət, həm də canlı danışıq türkcəsinin mənimsənilməsində mühüm rol oynadı. Azərbaycan poeziyasının incisi olan «Heydərbabaya salam» poeması şairin Xoşginab xatirələri əsasında yazılmışdır. Şair «Heydərbabaya salam»da Allahdan ona gələn ilhamın məhz Xoşginabda ona verildiyinə işarə etmişdir: həmin sətirlər bu yerlərin ona necə əziz olduğunu da təsdiqləməkdədir:
Mənim ilham ilə qonuşub dil-dodağım,

Qurana, Nafizə burda açılıb göz-qulağım.

Mən də Musa kimi, Heydərbabadır Tur dağım,

Burda kəşf oldu ki, həqdən nə kəramət olacaq,

Necə şətrənc ki, şahlar hamısı mat olacaq.
Şəhriyar ilk savadı atasından öyrənsə də, ardıcıl ibtidai təhsilini Molla İbrahim adlı axundun məktəbində almış və poe­mada onu da rəğbət və minnətdarlıqla yad etmişdir. Məşrutə İnqila­bından sonra Şəhriyar ailəsi ilə birgə Təbrizə qayıdır. O zama­nın ən nüfuzlu təhsil ocaqları olan «Müttəhidə» və «Fü­yuzat» məktəblərində oxuyur. «Talibiyyə» adlı xüsusi mədrəsədə ərəb dilini təkmilləşdirir.

Şəhriyar çox erkən  12-13 yaşlarından fars dilində böyük klassiklərin təsiri ilə şeirlər yazmağa başlamışdır. 1920-ci ildə şair artıq ədəbi mühitdə özünə yer tapmışdı, Təbrizdə çıxan «Ədib» jurnalı ilə münasibətlər yaratmışdı. Həmin ildən şairin jurnalda «Behcət» imzası ilə şeirləri çıxmağa başlayır. Qeyri-adi istedadına görə Şəhriyar çox erkən şöhrət tapmış və dövrün ədib və şairlərinin diqqətini cəlb etmişdir.

Şair Təbrizdə orta təhsilini başa vurduqdan sonra 1924-cü ildə Tehrana gəlir və universitetin Tibb fakültəsinə daxil olur. Onun həkim olması atasının arzusu idi. Tehranda Şəhriyar Məhəmmədəli şah Qacarın bacısı  Ənrəmüs-Səltənə ləqəbi ilə tanınan xanımın evində qalır. Bu fakt bir daha şairin atasının Qacarlar sarayı ilə yaxşı münasibətlərdə olduğunu təsdiqləyir. Elə həmin ildə Şəhriyar əsilzadə ailəsindən olan Sürəyya adlı bir qızı görüb ona dərin bir məhəbbət bəsləməyə başlayır. Bu məhəbbət macərası şairin taleyində böyük rol oynayır.

1924–1929-cu illər şairin yaradıcılığının ən məhsuldar dövrü, onun istedadlı şair kimi şöhrətləndiyi vaxtlar olmuşdur. İran paytaxtının həyatı gənc şairin dünyagörüşünə güclü təsir buraxır. Şair dövrün əsas ədəbi nəşrləri ilə, tanınmış şair və ziyalılarla tanış olur.

Həmin illərdə görkəmli İran alimi Vahid Dəstgirdi Tehranda «Ərməğan» adlı jurnalın redaktoru idi. O, cavan şairin istedadını hiss etmiş və bir neçə qəzəlini öz jurnalında buraxmışdı. Lakin tələbəlik illərindən Şəhriyarın həm də dini-mistik problemlərə və həyata marağı başlanır. Tələbəlik vaxtı o, ayətullah Seyid Həsən Müdərrisinin dini cəmiyyətinin üzvü olur. Bu sırf dini və sufiliyə yaxın bir mistik təriqət idi. Şəhriyarın özünün fitrətən mistikaya meyli və inamı olmuşdur. Bütün qədim farsdilli poeziya belə fikir və ovqatlarla dolu idi və gənc şair bunları təqlid etməkdən xoşlanırdı. Bu meyllərin onun poeziya yaradıcılığına müsbət, yoxsa mənfi təsir göstərdiyini söyləmək çətindir. Özünə qapılma şairin daxili həyatını zənginləşdirirdi. Lakin bunun təsiri ilə şair real həyatdan da küsür, ictimai mühitə laqeyd olurdu və nəticədə onun yaradıcılığında da fasilələr yaranırdı.

1928-ci ildə Şəhriyar universitetdə ixtisaslaşma zamanı hərbi tibb fənninə keçirilir – İki il hərbi xəstəxanalarda praktikada olur. Bu illərdə onun tibb elminə soyuq münasibəti daha da güclənir və 1929-cu ildə o, universiteti tamam atmaq və tibb elmindən uzaqlaşmaq qərarına gəlir.

Belə çətin qərarın qəbul edilməsində onun şair kimi uğurlarının da rolu olmuşdur və tibbdən uzaqlaşmasına təsir göstərmişdir. 1928-ci ildə şairin ilk şeirlər kitabı çıxır. Maraqlıdır ki, bu kitaba dövrün Məliküş-Şüəra Bahar və Səid Nəfisi kimi görkəmli şair və alimləri ön söz yazmış və onun böyük şair olacağı barədə xeyir-dualarını söyləmişdilər. Bu kitab çıxanda şairin cəmi 23 yaşı vardı.

Lakin Sürəyyaya qarşı məhəbbəti şairin başına bəlalar açır. Şəhriyar bu kübar qadınla ailə qurmaq istəyirdi. Lakin onu sevən digər bir nüfuzlu rəqib də vardı. Həmin adam Rza şahın əmisi oğlu Çırağəli xan Pəhləvi idi. Sürəyya bu iki gəncdən birinciyə – istedadlı şair kimi şöhrətlənmiş Şəhriyara meylli idi. Bunu bilən Çırağəli xanın yaxın dairələri Şəhriyarı həbs etdirir və qısa vaxtdan sonra Nişapur şəhərinə sürgün etdirir. Şəhriyarın Tehranda yoxluğu nəticəsində Sürəyya şairin rəqibinə ərə gedir. Bunun nə dərəcədə könüllü olduğunu demək çətindir. Lakin 40-cı illərin əvvəllərində ağır əsəb pozuntusundan müalicə olunan Şəhriyar xəstəxanada olarkən Sürəyya öz əri ilə birgə ona baş çəkməyə gəlmiş və şairlə görüşmüşdü. Görünür, bu qadın böyük şair qarşısında günahkar olduğunu hiss etmişdir. Bu dövrdə şairin yaşı qırxa yaxınlaşsa da, o, hələ subay idi və Sürəyyaya qarşı məhəbbətin xatirələri ona ailə qurmağa imkan vermirdi. Şair hissiyyatlarını belə ifadə etmişdi:


Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.

Gözlər açılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə düşürməkdədi darı.
Nişapur şəhəri Xorasan əyalətində idi. İmam Rza ziyarətgahının yerləşdiyi bu vilayət İranın qədim dini və maarifçi mərkəzlərindən idi. Şəhriyar burada dövlət məmuru vəzifəsində çalışsa da, burada yaşadığı 1929–1935-ci illərdə mədəni mühitdən kənar deyildi, yerli ziyalılar və söz adamları ilə yaxından ünsiyyət saxlayırdı. 1934-cü ildə o, məhz Nişapurdan Tus şəhərinə, Firdovsinin 1000 illik yubiley tədbirlərində iştirak etməyə getmişdir. Eyni zamanda, şair iri həcmli «Kəmalülmülkün ziyarətgahı», «Nişapurda günəş batarkən» kimi poemalarını bu dövrdə yazmışdır. Birinci poemanın prototipi olan Kəmalülmülk İranın ən qüdrətli miniatür rəssamlarından biri olmuşdur. Bu rəssamın həyatına müraciət təsadüfi deyildi. Kəmalülmülk də ədalətsiz olaraq sürgün edilmiş, onun böyük sənəti dövrün fərman sahibləri tərəfindən layiqincə qiymətləndirilməmişdi. Sürgün tənhalığı, burada yaradıcılıq imkanlarının genişliyi, məğrur sənətkar təkliyi kimi romantik motivlər Şəhriyara yaxın idi və onun əsərində dərindən əksini tapırdı.

Şair hələ lap cavan vaxtlarında ərəb əlifbasının bədii yazı növlərini, əlyazmalarının naxışlarla bəzədilməsi qaydalarını, miniatür sənətinin əsaslarını xüsusi müəllimdən öyrənmiş və sevmişdi. Ona görə şair ömrü boyu rəssamlıq sənətinə maraq göstərmiş və bu mövzuda əsərlər yaratmışdır.

1935-ci ildə şairin atası Mirağa Xoşginabi Təbrizdə vəfat edir. Şəhriyar bu xəbəri aldığı vaxt dərin bədbinlik və ruhi böhran içində idi. Onun üçün həyatının sonrakı mərhələsi Tehrana qayıdış imkanları ilə bağlı idi. Lakin atasının ölümü onun həyatını dəyişdirdi. O, doğma şəhəri Təbrizə, ata ocağına qayıtmalı oldu. Lakin şair gec yetişdiyi üçün atasının dəfnində iştirak edə bilməmiş və bu barədə hissiyyatlarını bir neçə şeirində ifadə etmişdir. O, daxilən Tehran ədəbi mühitinə və şöhrətinə can atsa da, hər dəfə mənəvi istinadgahı Təbrizdə tapırdı, anadilli yaradıcılığı üçün burada mənəvi qüvvə toplayırdı. O, atası ilə bağlı lirik duyğu və xatirələrini «Atamın matəmində» adlı şeirində parlaq sətirlərə çevirmişdir.

1935-ci ildə şairin sürgün müddəti də bitir. Nəhayət o, Tehrana qayıdıb Kənd Təsərrüfatı bankında mühasib vəzifəsinə işə düzəlir. Lakin o atasından ona miras qalmış 11 başlıq ailəni dolandırmaq üçün daxilən xoşlamadığı bank işində çalışmalı idi. Belə ikili həyat şairə əzab verirdi. O, söz sənətinə xidmət üçün yarandığını qeyd edərək yazırdı:


Mən verdim canımı sözə, sənətə,

Öldüm çatmaq üçün əbədiyyətə.
Maddi və mənəvi sıxıntılar şairin sağlamlığını sarsıdır. 1941-ci ildə şair xəstələnir və ağır ruhi pozuntudan müalicə olunur. Oğlunun xəstəlik xəbərini alan anası oğluna qulluq etmək, mənəvi dayaq olmaq üçün Tehrana gəlir. Kövkab xanım Azərbaycan türkcəsini gözəl bilən, sinəsi söz dolu evdar qadın idi. Anası 1947-ci ilə qədər Tehranda oğlunun yanında yaşayır.

1941–1946-cı illər Təbrizdə qızğın Azərbaycan milli hərəkatı dövrü idi. İranda bu hərəkatın təşkilində Moskvanın da barmağının olduğunu yaxşı bilirdilər. Şairin bioqrafiyasından görünür ki, Şəhriyar həm özü, həm də ailəsi S.C.Pişəvərinin başçılıq etdiyi hərəkata soyuqqanlı yanaşırdı. Lakin hadisələrin sonu göstərdi ki, bu hərəkatın bütün qüvvələri xaricdən idarə edilmirdi. Zahiri soyuqqanlığa, Tehranda yaşamasına baxmayaraq, Şəhriyar 1941–1946-cı illərin milli hərəkatından dərindən təsirlənmişdi. Hərəkat qanlı məğlubiyyətə uğradıqdan beş il sonra Azərbaycan dilində yaranmış «Heydərbabaya salam» poeması bunun sübutu idi.

1942-ci ildə şairin «Allahın səsi» adlı poeması ayrıca kitab şəklində çapdan çıxdı. Bu əsərdə şairin mistik ovqat və axtarışları ilə yanaşı parlaq və zərif lirik düşüncə ustalığı da öz əksini tapmışdır. Şair 1945-ci ildə İran yazıçılarının I qurultayında iştirak edir. Ədib İranın demokratik ruhlu ziyalıları cərgəsində idi və dünyanı alova bürümüş faşizmə nifrət bəsləyirdi. Zərif təbiətli, ürəyi kövrək bir şəxs olan Şəhriyar zorakılığa nifrət edir, insanlar üçün mənəvi azadlığı başlıca nemətlərdən biri sayırdı. Şairin bu görüşləri «Stalinqrad qəhrəmanları» poemasında öz əksini tapmışdı. 1943-cü ilin qışında Qızıl Ordu faşist Almaniyasının Stalinqrad şəhərini tutub Volqa çayına çıxmaq planlarını darmadağın etdi. Sovet ordusunun əks hücumu nəticəsində Hitler ordusunun 300 min nəfərlik hissəsi mühasirəyə düşdü və məhv edildi. Bütün dünya bu hadisələrin İkinci Dünya Müharibəsində dönüş olduğunu və faşizmin Sovet İttifaqı ilə müharibədə məğlub olacağını başa düşdü. İran antifaşistləri də bu hadisəni razılıqla qarşılamışdılar. Şəhriyar «Stalinqrad qəhrəmanları» poemasında faşist ordularına ağır zərbə endirmiş sovet əsgərinin hünərini əbədiləşdirməyə çalışmışdır. Bu əsər 1946-cı ildə Tehranda ayrıca kitab halında buraxılmışdır. Nəhayət, 1949-cu ildə, ilk kitabından 20 il sonra Tehranda Şəhriyarın divanı işıq üzü gördü. İranda Divan buraxmaq şairin yetkinliyinin təsdiqi, yekunu kimi sayılırdı.

Bu dövrə qədər Şəhriyarın yaradıcılığı fars dilində olmuşdur. 1941-ci ildə Sovet Ordusu İrana daxil olduğu vaxtdan Cənubi Azərbaycanda anadilli poeziya coşqun yüksəlişə başlayır. Müharibə şahlıq rejimini sarsıtmış və onun fars şovinizminə öldürücü zərbə vurmuşdu. Həmin ildən başlayaraq, Təbrizdə ana dilində qəzet və jurnallar çıxmağa başlayır. Tehranda yaşayan Şəhriyarın bunlardan xəbəri var idi və bir qismini də oxumuşdu. Lakin milli hərəkat zamanı yaranan ədəbiyyat nümunələri Şəhriyara yad olan kommunist məfkurəsini və ideyalarını daşıyırdı. Dərin dini tərbiyə və təhsil almış Şəhriyar üçün bu ideyalar yad idi. Onun milli hərəkat dövrü ədəbi prosesinə laqeydliyi bununla bağlı idi. Lakin 1946-cı ildə hərəkat məğlub olandan sonra bu hadisələrin İranda və Bakıda, Moskvada və Avropada təhlili başlandı. Şəhriyar artıq bunlara laqeyd qalmır, milli hərəkatın gedişi, orada yerli və kənar təsirlərin nisbəti haqda düşünürdü.

1952-ci ildə Şəhriyarın anası Kövkəb xanım vəfat edir və şair anasını Qum şəhərində, atasının yanında dəfn etdirir. O, yenidən Təbrizə gəlir, doğma dil mühitinə düşür, uşaqlıq və gəncliyini xatırlayır. Həmin ildə Şəhriyarın 46 yaşı olsa da, hələ də ailə qura bilməmişdi. Anasından sonra o həyat və ölüm, insanı əbədi edən dəyərlər barədə düşünməyə başladı. Təbrizdəki tanışlar, qohum-əqrəba Şəhriyarı böyük şair kimi, misilsiz bir hörmətlə qarşılayırdı. Bütün bunlar birdən-birə onu 14 yaşında Tehrana aparmış arzu və planları şairin gözündən salır. 30 illik Tehran və Xorasan həyatından sonra Şəhriyar 47 yaşında evsiz-ocaqsız bir insan idi. O, birdən-birə anladı ki, ədəbiyyatdan və şöhrətdən başqa, onun daha bir borcu vardır: ev-ailə sahibi olmaq, qədim seyid köklərini davam etdirmək lazımdır. Yaxınlarının məsləhəti ilə şair 47 yaşında öz kiçik bibisi Sürəyyanın orta məktəb müəlliməsi işləyən qızı Əzizə ilə evlənir.

Təbriz ədəbi mühitinin böyük ehtiramı Şəhriyarın çox xoşuna gəlir. Şair həmin ildən ömrünün sonuna qədər Təbrizdə yaşayır və şəhərin mənəvi ağsaqqallarından birinə çevrilir. Beləliklə, şairin narahat ruhu ancaq vətəndə çoxdan gözlədiyi rahatlığı qazana bilir. 1952-ci ildə anasının ölümündən sonrakı xiffət və nostalgiya hissləri ilə yazılmış «Heydərbabaya salam» poeması meydana çıxır. Bu əsər Şəhriyarın Azərbaycan dilində yazdığı ilk ciddi, sanballı əsəri idi.

1954-cü ildə şairin həyatında mühüm hadisə baş verdi: onun Şəhrizad adlı qızı dünyaya gəldi. Sonrakı illərdə onun Əbülhəsən (1956), Məryəm (1957), Hadi (1959) adında daha üç övladı dünyaya gəldi. Oğlu Əbülhəsən xan isə körpə vaxtında vəfat etmişdir.

Təbriz ziyalılarının qayğısı və himayəsi sayəsində şairin bir-birinin ardınca kitabları işıq üzü görməyə başlayır. 1954-cü ildə şairin seçmə şeirlərindən ibarət «Şəhriyar əsərlərinin müntəxəbatı» kitabı buraxılır. 1956-cı ildə şairin yaradıcılığını əks edən daha iki cildi çıxır. 1957-ci ildə isə şairin əsərlərinin 4-cü cildi işıq üzü görür.

1958-ci ildə İran dövlətinin Mədəniyyət Nazirliyinin xətti ilə İranda Şəhriyar günü keçirilir. Bütün bunlar şairin fars dilində olan irsinin qədim farsdilli şeirin yeni klassiki kimi etiraf edilməsi, onun İranın birinci şairi kimi sevilməsi demək idi. Lakin «Heydərbabaya salam» poemasının uğuru şairə böyük təsir edir və onun Azərbaycan dilində də şeirlər deməsinə səbəb olur. Şair 1965-ci ildə Kənd Təsərrüfatı bankından təqaüdə çıxır və bütün vaxtını ədəbi işlərə həsr etməyə başlayır.

Təbrizdə yaşayan Şəhriyar İranda və bütün dünyada yaşayan azərbaycanlıların ağsaqqalı və ziyarətgahı olur. 60-cı illərdə Tehranda yaşayan Səhənd, Sönməz, Fərzanə, C.Heyət və başqaları onu ziyarət edirlər. Bu illərdə Şəhriyar bu tayda yaşayan Süleyman Rüstəm, Məmməd Rahim kimi şairlərlə şeirləşir. Təbrizdə şərqşünas alim Rüstəm Əliyevlə görüşüb ona şeir həsr edir.

1973-cü ildə həyat şairə növbəti sınaq qismət edir. Onun sevimli arvadı Əzizə xanım vəfat edir və şair tək qalır. O, Əzizə xanımı da anası kimi torpağı müqəddəs sayılan Qum şəhərində dəfn edir.

1978-ci ilin İran İslam İnqilabını Şəhriyar Təbrizdə qarşıladı. O, inqilaba ümid və şübhələrlə, ehtiyatla yanaşırdı. İranda çoxlu inqilablar olmuşdu və hamısı qanlı məğlubiyyətə uğramışdı. Lakin İslam İnqilabı qələbə ilə nəticələndi. Yaşı səksənə çatmış şairin Azərbaycan və fars dilində inqilabı, onun şəhidlərini tərənnüm edən şeirləri çıxdı. Bu şairin yaradıcı ömrünün yeni və xoşbəxt səhifəsi idi.

1984-cü ildə İran İslam Respublikası rejimi şairin 80 illik yubileyini qeyd etdi. Bu yeni inqilabi dövlətin şairə xoş münasibəti idi. 1987-ci ildə İranın dini rəhbəri Ayətullah Xameneyi Təbriz ostanında səfərdə olarkən şəhər rəisinin iqamətgahında Şəhriyarla xüsusi görüş keçirmişdir. Bu, rejimin şairin milli avtoritet olaraq nüfuzunu etiraf etməsi idi. Şəhriyarın İranın ali rəhbəri Ayətullah Xameneyi ilə ikinci görüşü 1988-ci ildə, şair Tehran xəstəxanasında ağır halda olarkən baş verdi.

Şöhrətinin ən yüksək zirvəsində olan Şəhriyar 1988-ci ildə sentyabrın 20-də Tehrandakı Mehr xəstəxanasında vəfat etmişdir. Əzizlərini yüz kilometrlərlə yol aparıb Qum şəhərində dəfn edən Şəhriyar özü barədə başqa vəsiyyət etmişdi. Təbrizdə, Şairlər qəbiristanlığında dəfn edilməsini istəmişdi. Şəhriyarın Təbrizdə dəfni bütün şəhər əhalisinin iştirakı ilə olmuşdur. Həmin gün şəhərdə heç bir müəssisə və idarə işləməmişdir.

Şairin Təbrizdə dəfn olunmaq barədə vəsiyyəti son nəticədə onun milli hisslərinin dini ümidlərə üstün gəldiyini təsdiqləyirdi.

«Heydərbabaya salam». Əsərin yazıldığı şərait. «Heydərbabaya salam» poeması Cənubi Azərbaycanın ən çətin vaxtları yaşadığı bir vaxtda meydana çıxdı. Poemanın Təbrizdə çap olunduğu 1952-ci ildə S.C.Pişəvərinin rəhbərliyi ilə 1946-cı ildə qurulmuş Milli Hökumətin dağıdılmasından (20 dekabr, 1946) cəmi beş il keçirdi. Milli Hökumətin əsas xadimləri və fəalları kütləvi surətdə edam edilmişdilər. Məhkəmə prosesləri və mətbuatda Azərbaycan vətənpərvərlərinə hücumlar təzəcə ara vermişdi. Azərbaycan dilində kitab çapı şah rejimi tərəfindən qadağan edilmişdi. Milli hökumət tərəfdarlarını vətən xaini elan etmişdilər, guya onlar İran dövlətini parçalamaq istəyirdilər. Əslində isə S.C.Pişəvəri hökuməti Azərbaycanın İran tərkibində Muxtariyyətinə nail olmaq istəyirdi.

Milli Hökumətin bir çox fəalları və S.C.Pişəvəri kommunist idi və məğlubiyyətdən sonra bu taya keçib Bakıda və digər şəhərlərdə yaşayırdılar. Şəhriyar bu hadisələr barədə «Oyun olduq» adlı alleqorik şeir yazıb və milli hərəkata Moskvanın barmağına görə mənfi qiymət vermişdi. Bu da təsadüfi deyildi: cəza tədbirləri zamanı 30 minə yaxın azərbaycanlı öldürülmüşdü. Onların bir hissəsi kommunist idi. Həmin şeirdə Moskvanın təhriki ilə İranda siyasi fəaliyyət edən azərbaycanlı kommunistlər «it» obrazında verilir və hadisələrdən sonra onların Sovet İttifaqına qaçması pislənirdi:


İtimiz qurd olalı biz də qayıtdıq qoyun olduq,

İt ilə qol-boyun olduq.

İt əlilə qayıdıb qurda da bir zad boyun olduq.

İt ilə qol-boyun olduq.

Qurdumuz dişlərini hər qara daşlara ititdi,

Qoyunun da işi bitdi.

Son soxuldu sürüyə, bir sürünü sökdü-dağıtdı,

Əkilib it gedib itdi.

Əkilib gedib itənlər kommunistlər, qoyunlar adı ilə isə hərə­ka­ta inanmış və ümid etmiş cənublu vətənpərvər qüvvələr nəzərdə tutulurdu. Şairin özünün milli hərəkata belə mənfi münasibətinə bax­mayaraq, «Heydərbabaya salam» şairin şəxsi rəyindən asılı olma­dan onu Cənubda milli ovqatların rəmzinə çevirdi. Bu poe­maya qədər Şəhriyar dahi bir farsdilli şair idi. «Heydərbabaya sa-lam»la yeni bir Şəhriyar doğuldu: cənub azərbaycanlılarının şöh­rə­ti sərhədləri aşan böyük milli şairi, türkcə şeirin bayraqdarı oldu.



«Heydərbabaya salam»ın ədəbi təsiri. 1952-ci ildə poe­ma­nın Təbrizdə kiçik tirajla albom nüsxəsi kimi çapı bir bomba partla­yışı təsiri yaratdı və Şəhriyarın özü üçün də gözlənilməz oldu. Əsər hədiyyə nüsxəsi kimi çap olunmuşdu, «Heydərbabaya salam»ın mətni isə şairin dostu olan şöhrətli xəttat tərəfindən əllə yazıl­mışdı. Birinci nəşrə yazdığı müqəddimədə şair özü əsərini uşaqlığını keçirdiyi kəndə minnətdarlıq kimi yazdığını qeyd edirdi. Heydərbaba dağı isə bu kəndlə üzbəüz idi.

Poemanın şöhrətlənməsində milli hərəkat mühacirlərinin də rolu oldu. Lakin əsərin uğurunun əsil səbəbi «Heydərbabaya salam»dakı xiffət və nostalgiya dolu parlaq şeiriyyət idi. Poema Azərbaycan şeir dilinin möcüzəsi kimi qəbul olundu, Türkiyədə və Bakıda çap edildi. Əsər haqqında ilk rəy yazanlardan biri Müsavat partiyasının banisi, xalqımızın böyük oğlu Məmməd Əmin Rəsulzadə idi. Əsər çap olunan zaman M.Ə.Rəsulzadə Münhendə yaşayır və ABŞ-ın Azərbaycan dilində yaydığı «Azadlıq» radiosunun rəhbəri işləyirdi. Ayrıca heç bir sənətkar haqqında M.Ə.Rəsulzadə məqalə yazmamışdı. O, siyasətçi, dərin ağıllı və uzaqgörən bir adam idi. 1954-cü ildə M.Ə.Rəsulzadə ölümünə bir il qalmış «Heydərbabaya salam» haqqında məqalə yazıb onu Türkiyədə çap etdirdi.

M.Ə.Rəsulzadə əsəri Azərbaycan ədəbiyyatında hadisə, Cənubda ana dilimizin dirçəlişinin və gələcək qalibiyyətinin başlanğıcı kimi qiymətləndirdi. Beləliklə, şairin özünün böyük əhəmiyyət vermədiyi bir lirik poema Cənubi Azərbaycanın tarixində siyasi bir hadisəyə çevrildi. O zaman İranda Azərbaycan dilində əsər yazan hər bir şairi «millətçi, kommunist» kimi qələmə verirdilər. Lakin Şəhriyara belə damğa yapışmazdı. O fars poeziyasının diri klassiki idi. Onu İrana düşmən kimi qələmə vermək olmazdı. Cənubdakı vətənpərvər qüvvələr bundan da istifadə etdilər. Onlarla şair İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda «Heydərbaba»ya nəzirələr yazdılar. İranda Azərbaycan dilinə düşmən qüvvələr bu nəzirələr qarşısında susmalı oldular.

«Heydərbabaya salam»ın yazılmasında çox amillərin rolu olmuşdur. Lakin bunların ən əsasları şairin şəxsi həyatı ilə bağlı idi. 1952-ci ildə anasının ölümü ilə bağlı şair Təbrizə gəldi və Tehran və Xorasanda heç vaxt görmədiyi pərəstiş və hörmətlə qarşılandı. S.C.Pişəvəri hökumətinin dağıdılmasından sonra Təbrizə mürtəcelər tərəfindən, şah nökərlərinin əli ilə divan tutulmuşdu. Şəhərdə bədbinlik, ictimai həyatda sükunət hökm sürürdü. Belə vaxtda 47 yaşında Təbrizə gələn Şəhriyar göylərdən göndərilmiş bir avtoritet, təbrizlilərin mənəvi gücünün timsalı kimi qəbul etdilər. Otuz illik subaylıqdan sonra şair ailə qurdu. Bütün bunlar onun 30 illik daxili böhranına son qoydu. Şairin ana dilində yazdığı əsər doğma mühitə minnətdarlıq rəmzi kimi qələmə alınmışdı. Lakin onun obyektiv ictimai və bədii əhəmiyyəti qat-qat geniş oldu və şairin ədəbi taleyində yeni səhifə açdı.

«Heydərbabaya salam» İranda Azərbaycan dilinin qadağan olunduğu şəraitdə Tehranda yazıldı və böyük ədəbi hərəkat yaratdı. Bu ədəbi hərəkat həm də İranda 30 milyonluq Azərbaycan türkünün ana dilini sərbəst işlətmək tələblərini ifadə edirdi və Cənub mühiti üçün müəyyən siyasi məna da daşıyırdı.

«Heydərbaba» hərəkatının əsas xidməti ana dili uğrunda siyasi mübarizədə olmadı. Şəhriyar böyük bir ədəbi nəsli Cənubda azərbaycanca ədəbi yaradıcılıqla, poeziya ilə məşğul olmağa sövq etdi. Şəhriyarın əsas təsiri və tarixi xidməti bunda idi.

Sonralar Şəhriyar Cənubda Azərbaycan türkcəsinin inkişafında öz xidmətlərini hiss etmiş və bu barədə fəxrlə bəhs etmişdir. «Dərya elədim» adlı şeirində Şəhriyar Cənubda yaratdığı ədəbi hərəkatı «dərya» ilə müqayisə edir: ana dilimizi qadağan edən şah rejimini «həyasız» adlandırır:
Türkün də canın almışdı həyasız toğut,

Mən həyat aldım ona, haqq üçün əhya elədim.

Türki bir çeşmə isə, mən onu dərya elədim,

Bir soyuq mərəkəni məhşəri-kübra elədim.

Bir işıltıydı Süha ulduz tək görsənməz,

Göz yaşımla mən onu əqdi Sürəyya elədim.
Azərbaycanca divanın yaranması. Bu sətirlər Şəhriyarın Cə­nubda böyük ədəbi hərəkat başçısı və milli şair olaraq avtoportretidir. Poeziyanın, sözün sehrli təsiri nəticəsində Şəh­riyar uşaqlıq xatirələrini yazarkən böyük bir ədəbi hərəkat baş­çı­sı­na çevrildi, Cənubda anadilli ədəbiyyatın inkişafına misilsiz təkan ver­di.

Şair şeirlərindən birində Səhənd, Yəhya Şeyda, Fərzanə, Valeh kimi davamçılarının adlarını fəxrlə çəkir:


Bax ki, Tehranda nə fərzanələr oldu Valeh,

Gör ki, Təbrizdə nə şairləri Şeyda elədim.

Həm Səhəndiyyəyə Səhəndin dağın etdi başı uca,

Həm mən öz qardaşımın haqqını ifa elədim.
Lakin 1978-ci il İran İslam İnqilabına qədər şairin ana dilində şeirləri nisbətən seyrək yaranırdı. İnqilab İran xalqlarının dillərinə və ədəbiyyatlarına azadlıq gətirdi, milli dillərin hüquqları İran Konstitusiyasında öz əksini tapdı. Şəhriyar İslam İnqilabının qızğın tərəfdarına və tərənnümçüsünə çevrildi.

Eyni zamanda şairin ana dilində yeni əsərlər yazması üçün şərait və tələbat meydana çıxdı. Ana dilində Tehranda doktor Cavad Heyətin redaktorluğu ilə çıxan «Varlıq» jurnalına şair «Azadlıq quşu «Varlıq» adlı proqram xarakterli şeir həsr etdi. İnqilabın taleyinin hələ tam həll olunmadığı şəraitdə şair islam inqilabını İran xalqlarına azadlıq bəxş edən bir hadisə adlandırdı. Həmin əsər ömrü boyu özünü siyasətdən və ictimai toqquşmalardan kənarda görən şairin inqilaba açıq münasibəti idi. Eyni zamanda Tehranda ana dilində açıq jurnal buraxılmasını şair böyük yenilik, İran türklərinin həyatına azadlıq quşunun qonması kimi, yeni dilaçma kimi tərənnüm edir:


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin