AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 1,82 Mb.
səhifə1/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
  1   2   3   4   5   6   7   8   9   ...   29

İslam mədəniyyəti


BAKI - 2003

AZƏRBAYCAN RESPUBLİKASI

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ

ŞƏKİ İSLAM MƏDRƏSƏSİNİN

TƏQDİMATI İLƏ

Şəki Bölgə Qazılığı nəzdində fəaliyyət göstərən Şəki İslam Mədrəsəsinin köməyi ilə tərtib edilmiş bu kitab, İslam mədəniyyətinin bir xülasəsi kimi təqdim olunur. Hər bir müsəlmanın ələlxüsus din təmayüllü tədris ocaqlarında oxuyanların istifadə etməsi məqsədilə hazırlanmışdır.

Ümid edirik ki, bu kitab müasir dövrdə mö’min şəxsin öz mədəniyyəti ilə yaxından tanış olmasına təkan vercəkdir.





AZƏRBAYCAN RESPUBLİKASI

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ

ŞƏKİ İSLAM MƏDRƏSƏSİ

TƏQDİM EDİR





-----------------------------------------------------------
Bu kıtab,

İslam elmini əxz etdikdən sonra, böyük nailiyyətlərə

nail olmuş və Allahın dinindən bəhrələnərək öz sahəsində

bütün insanlığı faydalandırmış görkəmli alim, fazil, fəqih, ədib,

həkim, mütəfəkkir, filosof və həyatın bütün sahələrində ayrıca xidmətləri olmuş adamlara ithaf edilir.
------------------------------------------------------------

T Ə Q D İ M A T


Bismillahir-Rəhmanir-Rəhim


Əziz oxucu! Sizə təqdim olunan bu kitab, Şəki İslam Mədrəsəsinin fəxri Hacı Arif Heydəroğlunun növbəti kitabıdır və İslam Mədrəsəsi müdavimləri, eləcə də dindarlar üçün nəzərdə tutulmuş birinci kitabdan (“Dini Xitabət”) fərqli olaraq bu kitab həmçinin elm və mədəniyyətlə məşğul olanlar üçün də çox dəyərli bir vəsait olacağı qənaətindəyik.

Hər məqamında başlanğıcını Müqəddəs Kitabımızdan – Qurani-Kərimdən götürən bu əsər İslam Mədəniyyətinin billurluğunu, ən ali mədəniyyət olduğunu tarixi həqiqətlərlə sübuta yetirir, insanda, mədəniyyətin özünün də bir mükəmməl elm olduğuna tam qətiyyətlə oxucunu inandırır, onu ilahi aləmə dəvət edir.

Bu gün müstəqil Azərbaycanımızda kökümüzə qayıtmanın geniş vüsət alması hamımızı qəlbən sevindirir. Yeniyetmələrin və gənclərin ilahiyyata meylinin güclənməsi ürəyimizi qürur hissi ilə doldurur. Ancaq, İslam dini kor-koranəliyin qəti əleyhinə olan bir din olduğu üçün hər bir müsəlman bu dinin mədəniyyətini də öyrənib dərindən bilməli, onun təşəkkülü, inkişafı və digər mədəniyyətlərə, xüsusən Qərb mədəniyyətinə təsrinin ən vacib məqamlarından xəbərdar olmalıdır.

Müsəlmanlar Yer üzünün həm batində, həm də zahirdə ən təmiz adamlarıdırlar. Belə insanı yetişdirə bilən bir Din və onun mədəniyyəti yalnız və yalnız Allah Təalanın bəşəriyyətə bəxş etdiyi əvəzsiz sərvət ola bilər.

Düzdür, İslamdan əvvəlki dinlər də insanları ən doğru yolun yolçuları etmək üçün tərbiyəvi kitab şəklində Allah Təala endirmişdi, lakin cahil adamlar bunu dərk edə bilməmiş, Allahın buyruqlarına əməl etməmişlər. Buna görə də neçə-neçə qövmlər Allah Təalanın qəzəbinə gələrək məhv olub getmişdir. Ən dəhşətlisi də budur ki, Qurani-Kərimdən əvvəl gələn kitablara əl qatılmış, onlar elə bir vəziyyətə salınmışlar ki, iki nüsxəsi bir-birinə düz gəlmir, əlbəttə, belə mənbələrə əsaslanan mədəniyyətə uymaq nədir, məhəl qoymaq belə ən azı cəhalətdir!

Artıq 1400 ildir ki, bircə işarəsi belə dəyişməyən Qurani-Kərimə əsaslanmış bir mədəniyyət olan İslam mədəniyyəti dünyada geniş vüsət alsa da, Qərbi hələ də ilahi saflığa gətirmək bütövlükdə mümkün olmamışdır. Qurani-Kərimin 1400 ildə bir hərfi belə dəyişməmişdir. Fikrimizcə bu elə-belə əbəs yerə deyil. Hörmətli oxucularımızın da bildiyi kimi Qurani-Kərimin qiyamətə qədər mühafizəsini Allah Təala öz boynuna götürmüşdür. Heç bir səmavi kitab, heç bir insanoğlu tərəfindən dünyanın heç bir yerində əzbərlənməmişdir. Ancaq müqəddəs kitabımız Qurani-Kərimi dünyanın hər yerində minlərlə insan əzbər olaraq mənimsəmişlər. Maraqlıdır, qərbin elm və zəka adamları islamla tanış olan kimi onu dərindən öyrənməyə başlayır, islama və islam mədəniyyətinə valeh olub, müsəlmanlığı qəbul edir, lakin qərbin bəhrələndiyi bu mədəniyyəti qərbin cahil adamları ya görə bilmir, ya da görüb ilahi qüdrətini dərk edə bilmir. Hər halda ziyalılarının məhəbbətlə getdiyi islama qərb dünyası özü də gec-tez gələcəkdir ki, buna da heç bir şübhə ola bilməz.

İslamdakı hafizlik Allahın müqəddəs kitabı olan Qurani-Kərimin insanların yaddaşında bütövlüklə mühafizə edilməsi və Allah Təalanın Qurani-Kərimi qiyamətə qədər qoruyacağı barədə müjdə verməsi bu dinin və bununla bərabər İslam mədəniyyətinin yaşayacağına Rabbul-Aləminin zəmanətidir ki, bu da tarixdə bənzəri belə olmayan şərafətdir.

Qurani-Kərim kimi İslam mədəniyyətinin də əhatə etmədiyi sahə yoxdur. Deməli, bu mədəniyyət bəşər tarixində ən kamil insan yetişdirən mədəniyyətdir, ulu mədəniyyətdir! Belə bir sahəyə dair kitab yazmağın nə qədər ağır, məsuliyyətli və eyni zamanda şərəfli olduğunu isə qiymətləndirməmək mümkün deyil.

Əziz Oxucu! Bu kitabın dəyəri çox yüksək olan məziyyətlərindən qeyri-məhdud ölçüdə danışmaq olar, ancaq vaxtınızı çox almayıb sizi kitabla baş-başa buraxmaq məqsədilə sözümüzü tamamlayır və sonda bildiririk ki, Şəki Bölgə Qazılığı Hacı Arif Heydəroğlunun (Hacı Ceylanın) bu kitabının çap edilməsini məqsədə uyğun saymış və buna müsbət rəy vermişdir.

Kitabın hazırlanmasında böyük-kiçikliyindən asılı olmayaraq köməklik göstərmiş bütün insanlara Şəki Bölgə Qazılığı və Şəki İslam Mədrəsəsi adından ən səmimi təşəkkürümü bildirir, bu kitabı əlinə götürüb oxuyacaq hər bir müsəlman qardaş və bacılarımıza, elm və mədəniyyət adamlarına ən kamil insanlar səviyyəsinə yüksəlməyi Allah Təaladan təmənna edirəm!



Əs-səlamu-aleykum və rəhmətullahi və barəkətuh!
Şəki-Qəbələ Bölgəsinin Qazısı

Hacı Səlim Səfərov

Şəki, 12.07.2003


REDAKTORDAN
Əuzu-billahi-minəş-şeytanir-racim

Bismillahir-rəhmanir-rəhim

Çox istəkli və hörmətli əhli-islama ünvanlanmış bu kitab, onlarda ümumbəşəri və misli-bərabəri görünməmiş bir xəzinə olan İslam (eləcə də Şərq) mədəniyyəti, onun mənşəyi, tarixi və inkişafı, digər mədəniyyətlərə (xüsusən qərb mədəniyyətinə) ciddi müsbət təsiri, nəhayət, ümumbəşəriliyi tarixi dəlillər və həqiqətlərlə sübuta yetirilmiş samballı təsəvvür oyatmaq məqsədilə hazırlanmışdır.

Rabbul-aləminin kəlamlarından ibarət olan Qurani-Kərimdən başqa elə bir ikinci kitaba təsadüf etmək mümkün deyildir ki, o kitab nöqsansız və həyatın yalnız müəyyən bir sahəsinə həsr edilməsi məhdudiyyətindən azad olsun. Bunu tam ciddiliyi ilə başa düşən və ona görə də kitabın mümkün qədər əhatəli, dəqiq məlumatlarla daha zəngin olmasına dərin məsuliyyət hissi ilə yanaşan müəllif – Hacı Arif Heydəroğlu (Hacı Ceylan) bütün mə’xəzləri əlinin altına topladıqdan və müvafiq düzümü (sistemləşdirməni) qurtardıqdan sonra bu əsər üzərində üç il işləməli olmuşdur.

Ümumi həcmi 18 fəsil, 4 əlavə və istifadə edilmiş mənbələrdən ibarət olan bu kitabın hazırlanmasında misilsiz şəxsi nümunəviliyi, ilham vericiliyi və hər cür dəstəyi ilə seçilən möhtərəm Osman Nuri Topbaş bəyin, elmi və metodiki ədəbiyyatların tapılmasına göstərdiyi köməyinə görə Hacı Səadəddin Ekinçinin, əsərin yazılması zamanı və qurtardıqdan sonra öz tutarlı məsləhətləri, tövsiyələri ilə yaxından köməklik göstərmiş və əsərə müsbət rəy verilməsində rəhbəri olduğu Şəki-Qəbələ Bölgə Qazılığının rəhbəri Hacı Səlim Səfərovun, maddi dəstək verilməsində böyük xidmətləri olmuş GYF-nin sədri cənab Nədim Kayanın müstəsna köməyi və qayğısını tam təfərrüatı ilə başa düşüb duyan və dəyərləndirən, onların hər birinə olduqca dərin ehtiram hissi ilə yaşayan müəllif A. Heydəroğlu bu böyük etimadı layiqincə doğrultmaq üçün bütün gücünü səfərbər etmiş, əlindən gələn heç bir şeyi əsirgəməmişdir.

Bu kitaba, adları yuxarıda göstərilən və xidmətlərinə işarə edilən eləcə də ən azacıq belə köməyi keçmiş bütün adamlara Rəhman və Rəhim olan Allahdan məğfirət diləyirik!

Kitabda olduqca ciddi xüsusiyyətlər vardır ki, onlardan bəzilərini, əziz oxucular, nəzərinizə çatdırmağı zəruri hesab edirik:

1.Ən prinsipal məsələdən ən xırda hesab ediləcək (əgər belə demək mümkünsə) məsələyə qədər hər yerdə Qurani-Kərimdən mənbələnmək, yaxud Peyğəmbər (səs) hədislərindən qidalanmaq kitab üzərində işin ana xətti olmuşdur.

2.Yeri gəldikcə İslam nəhənglərinin, Peyğəmbərin (səs) ən qüdrətli davamçılarının, digər İslam üləmalarının qoyub getdikləri irsdən də istifadə edilmişdir.

3.İslamın ümumbəşəri din, Peyğəmbər– Mühəmməd Mustafanın (səs) isə Xatəmül-Ənbiya (sonuncu peyğəmbər) olması, bunun mədəniyyətdə də özünü göstərməsi təkzib edilməz faktlarla bir daha oxucuya çatdırılır ki, bunun ən parlaq nümunələrindən biri də belədir: Qərbdə fanatizmə meylin çox güclü olması ilə əlaqədar elmi şücaət göstərənlərə (ya özünün kəşfi, ya da şərqdən aparıb qərbdə üzə çıxaranlara) amansız cəzalar verildiyi halda (Q. Qaliley, C. Bruno və s.), İslam hakim olan şərqdə elm adamlarına çox yüksək qiymət verilmiş, Tövrat və İncilin heç birində bircə dəfə də olsun “elm” sözünə təsadüf edilmədiyinə baxmayaraq Qurani-Kərimdə 80 dəfə “elm” sözü işlədilir hətta buyrulur:

İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmə, nə bir doğru yol göstərən rəhbərə nə də bir nurani (ilahi) kitaba əsaslanmadan Allah barəsində mübahisə edir.” (Loğman surəsi, 20)

Yenə belə buyrulur:

Heç bilənlərlə bilməyənlər (alimlə cahil) bir- eyni ola bilərmi?...” (Cümə surəsi, 9)

Elmin və alimlərin dəyəri gün kimi ap-aydın göstərilir. Beləliklə İslamın əsl elm dini olduğu dəqiq sübuta yetirilir.

4. İslamda hafizlik onu hər cür təhrik və deformasiyalardan müstəsna qətiyyətlə qoruduğu kimi, İslam mədəniyyətinin də gec- tez ümumbəşəri olacağına əsas verir. Bunu, Qərb mədəniyyətinin Şərq mədəniyyətindən bəhrələndiyini aşkar yaxud gizli sübut edən məqamlardan aydın görmək olur. Belə ki, araşdırmalar dərinləşdikcə Şərq alimləri və xadimlərinin heyranedici xidmətləri daha çox üzə çıxdığı halda qərblilərin Şərqdən bəhrələndiklərinin məcburi e’tirafını hətta gizli surətdə aparıb tərcümə edərək öz adlarına çıxdıqlarını (XII fəsil, 3-İslamda kəşflər, XIII fəsil, 4-İslam hüququnun dünya millətlərinə təsiri, XIV fəsil – İslam mədəniyyətində dünyəvi elmlərin inkişafı və s. ) aydın görürük.

Bu və bunun kimi kitabda öz əksini tapmış çoxlu sayda dəlillər onu düşünməyə əsas verir ki, nə cür maneələr olursa-olsun, İslam dünyaya daha geniş surətdə yayılır, indi isə xüsusən elm adamlarını daha cəlb edir.

(Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (Zümər surəsi, 9)

Beləliklə də Qurani-Kərimin Rabbul-Aləmin tərəfindən dünyəvi dinin əsası, İslam isə dünyəvi dinlə son din olaraq göndərildiyi aydın şəkildə özünü göstərir.

İlk baxışda o qədər də nəzər-diqqətini cəlb etməyən, ancaq kitabın oxunmasında marağı daha da artırmaq, təsiri daha güclü və qayənin daha da yaddaqalan olmasına nail olmaq məqsədilə kitaba xüsusi oxu materialları da daxil edilmişdir.

Kitabda ayrı-ayrı istilahlar (mədəniyyət və kültür, müsamihə, təkkə və zaviyə, vəqf və s.) haqqında əvvəl izahat verilir, sonra onların əmələ gəlməsi, əhəmiyyəti, tətbiqi və s. oxucuya çatdırılır ki, bu da oxucunun bütün dumanlı olacaq təsəvvürlərdən azad olunmasına xidmət edir.

Əsərin sonunda əlavələr də (İslam xronologiyaları) çox diqqətəlayiq tərtib edilmişdir. Birinci gələn “Hz. Peyğəmbərin (səs) fəaliyyətləri” xronologiyasıdır ki, burda Əbrəhə və onun ordusunun Məkkəyə yürüşü və məğlub olması (570) ilə başlayıb Hz. Peyğəmbərin (səs) vəfatı (632) ilə sona çatır.

İkinci əlavə olan “Xilafət xronologiyası”nda Rəşidi, Əməvi, Əndəlus-Əməvi, Abbasi, Misir Abbasi, Osmanlı, Fatimi xəlifələri haqqında məlumat verilir, həmçinin şiə inancına görə on iki imamın adı göstərilir.

Kitabda üçüncü əlavə “Dini-Siyasi xronologiya”dır ki, burada da təbii ardıcıllıqla (illərə görə) Həzrəti Mühəmmədin (səs) doğulmasından (571) başlayaraq Osmanlı dövləti, nəhayət, Xilafətin sona çatmasına (1924) qədərki hadisələrin ardıcıllığı verilmişdir.

Dördüncü əlavə olan “Elm və İnkişaf xronologiyası” İslamın elm kimi Peyğəmbərə (səs) göndərilməsindən (peyğəmbərliyin verilməsi tarixindən) başlayıb tarix boyunca insanlığa böyük xidmətləri olmuş böyük İslam alimlərinin fəaliyyət və nailiyyətlərinə ayrı-ayrı toxunulmuşdur.

Nəhayət, kitabın sonunda istifadə olunan mənbələrin siyahısı göstərilir və bununla bərabər hər bir iqtibasın gətirildiyi mənbə və bu mənbədəki yeri iqtibas verilən səhifənin axırındakı xırda hərflərlə yazılmış qeyd-göstəricilərdə verilmişdir ki, bu da mənbəni tapıb istifadə etməkdə oxucuya köməklik göstərir.

Verilmiş xronologiyalarda bəzən illərin yazılmaması ya həmin ilin çox mübahisəli olması, yaxud dəqiq məlumatın əldə edilə bilməməsi ilə əlaqəlidir.

Ərəb qrafikası ilə verilən ifadələrdə (ayə, cümlə, yaxud əsər adı) hərəkələrin ixtisarı, oxucunun ərəb qrafikası ilə yazıb-oxumağı bilməsi ehtimalından irəli gəlmişdir.

Kitabda eyni sözün müxtəlif şəkildə yazılışına da təsadüf edilir ki, bu da ən çoxu hazırda Azərbaycan dilində apostrofun qalıb-qalmaması kimi mübahisəli məsələ ilə əlaqədardır. (məs. me’marlıq – memarlıq, tə’lim – təlim və s.)

Bəzi cümlələrdə mövcud qaydalara uyğun gəlməyən, ancaq (mənanın) tez başa düşülməsi üçün lazım olan qısa pauza vermək üçün vergüldən istifadə edilmişdir ki, bunu səhv saymamağı möhtərəm oxuculardan iltimas edirik.

Türk dilində çox işlənən, artıq bizim də dilimizə daxil olmuş bir sıra sözlərə də rast gəlinir (məs: öndər, kəs, tək və s.)

Ərəb, Türk və Azərbaycan dillərinin qrammatik fərqləri, eləcə də tarix keçdikcə dillərin assimilyasiyası reallığını nəzərə alaraq bəzi adların müxtəlif yazılışına da rast gəlinir (məs: Hz. Muhamməd (səs) – Hz. Məhəmməd (səs), sultan Məhməd Rəşad – Sultan Məhəmməd Rəşad və s.)

Şübhəsiz, kitab, yuxarıda qeyd etdiyimiz kimi nöqsanlardan tam azad deyil və ola da bilməz. Bunu nəzərə almağı möhtərəm oxuculardan bir daha rica edirik.

Bir əhli-islam kimi (Allahım, məni bu mərtəbəyə layiq bil!) belə bir kitabın redaktoru olmaq şərəfi mənə nəsib olduğuna görə özümü bəxtəvər sayıram və heç bir şübhəm yoxdur ki, bu kitabı oxuyan hər bir oxucu özünün müsəlman olmasına görə misilsiz fərəh hissi keçirəcəkdir, İNŞALLAH!


Asim Həmidov

Şəki, 12.07.2003

ÖN SÖZ
İstər fərd, istərsə də cəmiyyətin davranışlarının inkişaf etməsində dinlərin böyük tə’siri olmuşdur. Peyğəmbərimiz (səs) “Elm Çində də olsa, onun dalınca gedin.” buyurmuşdur. Buna görə də müsəlmanlar elmə sarıldıqları kimi orduları haraya getdisə, oradan əsir deyil, kitab gətirdilər. Çünki onların nəzərində hər kitab bir misilsiz xəzinə idi. Müsəlman ordularının komandirləri anlaşmalarda savaş təzminatı əvəzinə kitab götürülməsini məsləhət görmüşdülər. Bu kitab sevgisi və kitaba olan hörmət elə bir zamana təsadüf edirdi ki, bir mədəniyyət yox olmaqda idi. Həmin dövrlərdə Avropa orta əsrlər qaranlığına batmış, xristianlar özlərindən başqa hər növ bilik və təcrübəni rədd edirdilər. Əks halda insanların çoxu bunu həyatları bahasına ödəyirdilər.

Qədim Yunan və Roma mədəniyyətlərindən qalmış neçə kitab vardısa, onlar Avropanın müdhiş qaranlığında məhv olurdu. Ancaq müsəlmanlar bu kitabları böyük fədakarlıqlar göstərərək bir yerə toplayıb bir-bir öz ölkələrinə apardılar və ərəb dilinə tərcümə edilən həmin kitablardan müxtəlif sahələrdə istifadə etdilər. İslam dünyası, özündən əvvəlki mədəniyyətləri diqqətlə tədqiq edərək yalnız Yunan və Roma mədəniyyətlərinə əsaslanan əsərləri yox olmaqdan xılas etməmiş, eyni zamanda onları, bugünün təcrübəsi ilə əlaqələndirib doğrusunu, yanlışından seçərək inkişaf etdirmişdir.

Müsəlmanlar İslamiyyət ilə Mədəniyyət zəncirinin bir qızıl halqasını meydana gətirmişlər. Çünki müsəlmanlar, özlərindən əvvəl yaşamış mədəniyyətlərin bütün sərvətlərini bir yerə toplayaraq onlardan bəhrələnməyə də böyük əhəmiyyət vermişlər. Bunun əksinə olaraq Qərb aləmi, İslam mədəniyyətini görməməzliyə vurmağı və onun insanlığa xidmətlərini ört-basdır etməyi bir mərifət sayır.

Əslində “Qərb mədəniyyəti” deyilən bir mədəniyyət yoxdur. Çünki mədəniyyət, dünyanın ortaq malıdır. Bugün isə zəncirin son halqası Qərbin əlinə keçmişdir. Bunu onların nə qədər uğurla apardığı da kəskin mübahisə doğurur. Çünki insanı əsas götürməyən və bəşəriyyətin faydasına xidmət etməyən heç bir nizam əsl mədəniyyət sayıla bilməz. İslam mədəniyyəti, İslam dininə əsaslandığı və insanı bütün varlıqlardan üstün saydığı üçün həqiqi bir ümumbəşəri mədəniyyətdir. Başqa sözlə, İslam mədəniyyəti bəşəriyyət üçün göndərilmiş ümumbəşəri din olan İslam dininin bəxş etdiyi mədəniyyətdir deyə o, ümumbəşəri mədəniyyətdir. Ona görə də “İslam bərabərdir ümumbəşəri mədəniyyət”-demək daha doğru olar. Çünki onun gəlməsi ilə qeyri-mədəni halda olan insanlar da mədəni hala gəlmişlər. (İsmət Bozdağ, “İnsanlığın Son Çərçivəsi” səh. 295)

Cəmiyyət həyatının bütün sahələrini öyrənib təsəvvür edəcəyimizdən də çox-çox dərin və əhatəli şəkildə tə’sir göstərmiş bu mədəni irsin tam təfsilatına varmağın qeyri-mümkünlüyü bizi fikrimizdən yayınmağa sövq etdi.

Ancaq yenə də ümidvaram ki, bu kitab qeyri-adi nəhəngliyə və əhatəliliyə malik olan İslam mədəniyyəti ilə tanış olmaq istəyənlər üçün xeyli dərəcədə köməkçi olacaqdır. Kitabı vərəqləyən oxuculardan çoxu yeni ifadələrə görə dəhşətə gələ bilər. Ona görə ki, bildikləri (eşitdikləri) ilə oxuduqları üst-üstə düşməyə bilər. Çünki illərlə bizə özümüzü deyil, özgəni əzizləməyi öyrədiblər. Biz də istər dərs vəsaitlərində, istərsə də digər mətbuat mənbələrində mə’lum iddialarla üzləşib bu kitabın yazılmasına ehtiyac duyduq və həmin istiqamətdə obyektiv tədqiqatlar aparmağa başladıq.

Əziz oxucu! Tədqiqatlar bizə sübut etdi ki, bugünkü Qərb mədəniyyətinin aktyorları qeyri-müsəlmanlar olsa da, onun ssenarisi müsəlmanlarındır. Bəs nə üçün bugün biz müsəlmanlar məhkum (zəif), qeyri-müsəlmanlar isə hakim (güclü) vəziyətdədirlər? Ona görə ki, “Xristianlar öz dinlərindən uzaqlaşdıqca, müsəlmanlar isə öz dinlərinə yaxınlaşdıqca ucalırlar”

Kitabın hazrlanmasında mənə öz məsləhətləri ilə böyük köməklik göstərmiş müsəlman qardaşım Sadəddin Ekinçiyə, istifadə edilməsi lazım və toplaması çətin olan ədəbiyyatların əldə edilməsinə kömək göstərmiş hörmətli Loğman Halvaçıya, kitabın əlyazmasını bütövlükdə oxuyub onu redaktə etmiş istəkli Asim Həmidova, kitabın çap edilməsində böyük səy göstərmiş hörmətli Alican Tatlı bəyə və maddi dayaq olub sponsorluğu öhdəsinə götürmüş “Gəncliyə Yardım Fondu”nun çox qayğıkeş prezidenti Nədim Kaya cənablarına, eləcə də bu kitabın ərsəyə gəlməsində azacıq belə əməyi olan bütün insanlara ən dərin və səmimi minnətdarlığımı bildirir, hər birinə Ulu Rəbbimizdən cansağlığı və uzun ömür arzulayıram.

Bu kitabın xeyirlərə səbəb olmasını Uca Mövlamızdan təmənna edir, daha gözəl çalışmalarda görüşmək ümidi ilə sizi əziz oxucular, Allah Təalaya tapşırıram.

Hacı Arif Heydəroğlu

19 May 2003/12 R.əvvəl 1424

Ş Ə K İ – A Z Ə R B A Y C A N



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin