AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


KUTADQU BİLİK”DƏ DÖVLƏTÇİLİK



Yüklə 476,5 Kb.
səhifə2/4
tarix31.01.2017
ölçüsü476,5 Kb.
#7238
1   2   3   4
KUTADQU BİLİK”DƏ DÖVLƏTÇİLİK
Qədim türk dövlətçilik fikrinin geniş əks olunduğu ya­zılı abidələrdən biri də Yusif Xas Xacib Balasaqunlunun “Ku­tadqu bilik” əsəridir. Kaşqarlı Mahmudun “Divan”ı ilə təxmi­nən eyni vaxtda yazılmış “Kutadqu bilik” türk xalqlarının ədə­biyyatında ilk poema kimi xüsusi bir ədəbi mövqeyə ma­likdir. Yusif Ba­lasaqunlu “bu əsəri on səkkiz ay müddətində yazaraq 1069-cu ildə doğma şəhəri olan Balasaqunda (Kuz-Orda) tamamlamış­dır. Əsər Qaraxani hökmdarlarından olan Tafqaç Buqra Qara­xan əbu Əli Həsən ibn Süleyman Arslan Qaraxana həsr edilmiş və Xaqan da bu əsəri yüksək qiymətləndirərək onun müəllifinə “xas hacib” fəxri adı vermişdir” (19, 24).

Əsərin dil və üslub baxımından Kaşqarlı “Divan”ı ilə səs­ləşdiyini, Firdovsinin “Şahnaməsi” kimi əruzun mütəqarib bəhrində yazıldığını qeyd edən Ə. Səfərli və X. Yusifov yazır: “Kutadqu bilik” əxlaqi-didaktik əsərdir. Şair türk xalqlarının zəngin şifahi ədəbiyyatından, lətifə və məsəllərindən, rəvayət və dastanlarından istifadə etməklə öz əxlaqi-fəlsəfi mülahi­zə­lərini irəli sürmüş, öz dövrü üçün ədəbi-tərbiyəvi əhəmiyyətə malik olan bir əsər yaratmışdır” (19, 25). Əsər orta əsr ənə­nələrinə uyğun olaraq Allahın, peyğəmbərin və dörd xəlifənin tərifi ilə başlanır, dini-fəlsəfi baxışların ifadəsinə geniş yer verilir, Həsən Buğra xan tərif olunur. Münazirə şəklində quru­lan poemada dörd personaj arasında söhbət gedir. “Bunlardan xaqan Gündoğdı ədaləti, qanunu, onun vəziri Aytoldı səadəti, Aytoldının oğlu Ögdülmüş ağlı, zəkanı, qardaşı Odqurmuş isə taleyi, aqibəti təmsil edir” (19,25). Şair ağıla, zəkaya,elmə, bi­liyə, xeyir əməllərə çağırır. Əsərin məzmunundan aydın şə­kildə görünür ki, “təsvir olunan ayrı-ayrı hekayə və rəvayət­lərdə, personajların mübahisə və məktublaşmalarında şairin zəmanəsini düşündürən bir sıra ictimai-siyasi və əxlaqi məsə­lələrə toxunulur. Dövlət və hökmdar, hökmdar və xalq, döv­ləti idarə etmək üsulları, dünya nemətləri və onlardan istifadə etmək yolları və s. məsələlər haqqında mütərəqqi fikirlər irəli sürülür. Şərab içmək, qumar oynamaq, tiryək çəkmək, yalan danışmaq, ikiüzlülük, inadkarlıq və lovğalıq kimi mənfi si­fət­lər pislənilir. Bunların əksinə olaraq düzlük, xeyirxahlıq, tə­miz­lik, sədaqət, fədakarlıq, mərdlik, nəciblik və s. kimi gözəl xüsusiyyətlər yüksək tutulur. Hər bir insanda bu keyfiyyət­lərin olması zəruri sayılır. Balasaqunlu Yusif dövlət işlərində çalışan bəy, vəzir, hacib, sərkərdə, xidmətçi və başqalarının vəzifələrini aydınlaşdırır, onlara yol göstərir, ibrətamiz heka­yə və misallarla öz fikirlərini möhkəmləndirir. Şairə görə, hökmdar hər şeydən əvvəl xalqın rəğbətini qazanmalı, xalqın ürəyinə yol tapmalı, qaçaq-quldurlarla mübarizə aparmalı, mə­murları öz ləyaqətinə görə mükafatlandırmalı, bilikli və mərifətli adamlara arxalanmalı, cahil və namərdlərdən isə uzaq­laşmalıdır” (19,26-27). Yusif Balasaqunlunun əsərində yaradılmış hökmdar surəti xalq yaradıcılığındakı dövlətçilik düşüncələrindən qaynaqlanır və bu kimi əsərlərdə artıq ədə­biyyata daxil olur. “Yusifin ədalətli hökmdar surəti olan Xa­qa­nı kimi Nizaminin İsgəndərini də təxminən eyni məsələlər düşündürür. Hər iki hökmdar bütün həyatları boyu səadət, xoşbəxtlik haqqında düşünüb-danışır, həqiqət axtarırlar. Şər qüvvələrə qarşı çıxaraq cəmiyyətin işıqlı qüvvələrinə pərəstiş edir, həyatın əsil mənasını bilik əldə etməkdə görürlər. Xaqan kimi Bəhram da ölkəni yaxşı idarə etmək üçün yollar axtarır və bu işdə ağıllı. tədbirli adamlara ehtiyac duyur, onlarla hesablaşır” (19, 27). Xalq yaradıcılığının və xalq müdrik­liyi­nin zəngin örnəklərini özündə birləşdirən bu kitab qeyd olun­duğu kimi, dörd əsas təməl üzərində qurulmuş­dur. Bunlardan “ birincisi ədalət, ikincisi dövlət, üçüncüsü ağıl, dördüncüsü isə qənaətdir. Müəllif bunların hərəsinə türkcə birər ad ver­mişdir. Ədalətə Gündoğdu Elik (hökmdar – tərc.) adını ve­rə­rək, onu padşah mərtəbəsində tutmuşdur. Dövlətə Aydoldu adını verib, vəzir məqamına qoymuşdur. Ağılı Öydülmüş ad­landırıb vəzirin oğlu və qənaətə Odqurmuş adını verib, və­zi­rin qardaşı hesab etmişdir. Müəllif öz fikirlərini onlar arasın­da sual-cavab şəklində ifadə etmişdir ki, oxuyanın könlü açılıb müəllifi xeyir- dua ilə yad etsin” (22,3-4).

Kitab müdrik kəlamlar toplusunu xatırladır. Burada çox­lu sayda atalar sözü işlədilmişdir. Bununla müəllif xalqın dövlətçilik ənənəsinin təməlində dayanan mənəvi ehtiyatları bir daha səfərbər etmiş, onu hökmdarların istifadə etdiyi kita­bında cəmləşdirmişdir. Kitab dövlət, dövlət başçısı, məmur­lar, xalqı idarə etməyin humanist prinsipləri necə olmalıdır sualına çox geniş və dolğun şəkildə cavab verir. Burada döv­lət başçısı bəydir. Bəy, başqa sözlə dövlət başçısı necə olma­lıdır sualının cavabı belə verilir:

“Bəy nəcabətli nəsildən olmalıdır,

Bəy igid, cəsur, qəhrəman, şirürəkli olmalıdır.

Atası bəydirsə, oğul bəy doğular,

O da ataları kimi bəy olar!


Bəy bilikli və ağıllı olmalıdır,

Comərd və xoşxasiyyət də olmalıdır.


Bəylər biliklə xalqa baş oldular,

Ağılla elin işini gördülər.

Bəy adı bilik sözü ilə bağlıdır,

Biliyin lamı getsə bəy adı qalar” (22,158).

Kitabda dövlət başçısı olmağın zəruri xarakterik xüsu­siy­­yətləri ilə yanaşı məqbul sayılmayan cəhətləri də göstərilir:

Sərvəti əldə etmək üçün xalq varlı olmalıdır,

Xalqın varlı olması üçün yaxşı qanunlar lazımdır.
Bunlardan biri unudulsa, dördü də puç olar,

Dördü də unudulsa, bəylik puç olar.

Adı- sanı yayılsın deyə bəy

Bu beş şeydən uzaq olmalıdır.


Birinci - tələsmək, ikinci - xəsislik, üçüncü - qəzəb,

Bunlara heç vaxt məğlub olma, müqavimət göstər.

Bəyə əsla yaraşmayan dördüncü şey inaddır,

Yaramaz şeylərin beşincisi isə yalançılıqdır” (22,165).

Elin, yəni dövlətin əsasının möhkəmliyi üçün verilən nəsihətlərdə deyilir:

Elin dirəyi, təməli və sağlamlığı,

Əsası və kökü iki şeyə bağlıdır:
Bunlardan biri xalq üçün yaxşı qanun,

Digəri isə xidmətçilərə verilən gümüşdür.


Xalq qanun sayəsində sevinc içində yaşamalı,

Pulu görən xidmətçilərin üzü gülməlidir.


Bu ikisi bəydən razı qalsa,

Bəyin eli nizamlı olar, bəy rahat olar.

Əgər bəy xalqa qanun verməsə,

Xalqı qorumasa, xalqı talasalar,

O bəy xalqın içinə od atmış olar,

El dağılar, bəyliyin təməli yıxılar.


Hansı bəy əsgərlərin sevindirməsə,

Onda qılınclar qından çıxmaz” (22, 170).

“Qutadqu bilik” əsərində xalq yaradıcılığından gələn xal­qın dövlətçilik haqqında düşüncələrinin ən zəngin nümu­nəsini görürük. Kitabın əsas məqsədi və qayəsi də dövlətçilik tərbi­yə­sidir, dövlət başçısı, məmur və vətəndaş tərbiyəsidir. Əsər türk dövlətçiliyinin yüksək mənəvi-əxlaqi keyfiyyətləri­ni təbliğ edir.

SİYASƏTNAMƏ”DƏ DÖVLƏTÇİLİK


Türk dövlətçilik fikrinin və ənənəsinin geniş əks olun­duğu qaynaqlardan biri də Nizamülmülkün “Siyasətnamə” əsəridir. “Əbu Əli Xacə Nizamülmülk (1017-1092) Tus vi­la­yətində (indi­ki Şərqi İran ərazisindədir) anadan olmuş, səlcuq sultanlarından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri ol­muşdur. Onun otuz illik vəzirliyi dövründə Səl­cuq türk dövləti çox güclənmişdi. Həmin dövrdə Azərbaycan da Səlcuq döv­lə­ti­nin tərkibində idi. Nizamülmülkün sarayda vəzirliyi dövrü ölkə­də apardığı düzgün islahatlar və təcrübəli məsləhətləri nəticə­sində iqtisadi tərəqqi və hərbi qələbələr əldə edilmişdi və bütün bunlar onun nüfuzunu xeyli artır­mış­dı. Məlik şah hakimiyyətə gələndə 17 yaşında idi və təcrübəli vəzirin məsləhətlərinə daha çox ehtiyacı var idi. Bütövlükdə Nizamülmülk, dövrünün müd­rik dövlət xadimi olmuşdur” (1,9). “Nizamülmülk Şərqin tanın­mış, tədbirli,bacarıqlı vəzir­lə­rindən biri idi. O, dövləti və ölkəni yalnız silahlı qüvvələrin gücü ilə deyil, eyni zamanda bilikli, təcrübəli dövlət xadimləri və din başçıları vasitəsilə idarə edirdi. Bunları tərbiyə edib hazırlamaq üçün elm ocaqlarının yaradıl­ma­sına çoxlu vəsait ayırırdı. Bağdadda və digər şəhərlərdə mək­təblər təsis etməsi həmin məqsədə yönəldilmişdi. Bu məktəblər sonralar “Ni­zamiyyə” adı ilə məşhurlaşmışdır” (29,26). Məlu­mat­lara görə, Nizamülmülkə xəlifə Müqtədi tərəfindən “Əmirəl­möminin” adı verilmişdir (30,17). Tədqiqatlardan məlum olur ki, “Ni­za­mülmülk bu əsəri ömrünün sonlarında, hətta Məlikşa­hın ar­vadı Türkan xatunun intiriqası nəticəsində vəzirlik məqa­mın­dan düşəndən sonra yazmışdır. Fəqət XVII əsr müəllifi Hacı Xəlifənin verdiyi məlumat bundan bir qədər fərqlidir. Onun qə­naətinə görə Nizamülmülk bu əsəri 1076-cı ildə 30 fəsildə yazıb Məlikşaha təqdim etmişdir. Sonradan Əlyəmin adlı bir katib ona 15 fəsil əlavə etmiş və nəhayət, əsərə başqa katib­lərin də əlavəsi olmuş, kitab 50 və ya 51 fəslə çatmışdır” (29,26). Əsər xalq ya­ra­dıcılığı örnəkləri ilə də zəngindir. Bu­rada müdrik xalq de­yim­lərindən, atalar sözü və zərb məsəl­lərdən, əfsanə və rəvayətlər­dən geniş istifadə olunmuşdur. Bunlar həm əsərin bədii- estetik cəhətdən zənginləşməsinə və bununla da siyasi ədəbiyyatın oxu­naqlı olmasına öz müsbət təsirini göstərmiş, həm də xalq ya­radıcılığından gələn döv­lət­çilik ideyalarını idarəçilik təcrübəsinə daxil etmişdir. “Gö­ründüyü kimi, Nizamülmülkün bir çox nə­sihətləri dövlət baş­çısının sarayda gördüyü işlərlə bağlıdır. Burada hökmdara səbrli olmaq, müqəssiri cəzalandırmaq üçün dərhal qərar qə­bul etməmək, əliaçıq olmaq kimi məsləhətlər verilir. Müəl­lif yazır: “Rəvayətdə deyilmişdir ki, çörək süfrəsini xalq üzünə açıq saxlayan hökmdarın ömrü uzun, dövləti möh­kəm, ölkəsi abad olar” ( 28, 115; 30, 12).

“Elə ki, rəiyyət itaət edib öz işləri ilə məşğul olmağa başladı, onları incitməməli, öz ədaləti nəticəsində rahat gü­zəran keçirmələrinə imkan yaratmalıdır. Lakin xidmətçilərdən və mən­səb sahiblərindən biri yenidən nalayiq işlərlə məşğul olub əliuzunluq etməyə başlasa, öyüd, nəsihət, qulaqburması ilə səh­vini başa düşüb düzəlsə, onu həmin işdə saxlamaq olar, yox, qəflət yuxusundan ayılmasa, təxirə salınmayıb, dərhal la­yiqli bir şəxslə əvəz edilməlidir” (28, 32). Əsərdə xalq ya­ra­dıcılı­ğından gələn ibrətamiz nümunələr çoxdur. Dövlət mə­mur­­larının qayda-qanunlara riayət etmələrini izah edən yerdə deyilir: “Ata­lar yaxşı deyib ki, ət iylənəndə ona duz vurarlar, bəs duz iylənsə çarəsi nədir? Bütün zülmlər üçün qaziyə şika­yətə gedirlər, bəs qazi zülm etdikdə kimə şikayətə getsinlər” (28,81).



“İndi Allah-Taala elə istəmişdir ki, keçmiş tarix yenidən tək­­rar edilsin, əvvəlki şahların rəftarı bərpa olunsun, xalq bun­dan əvvəlkilərin ağlına belə gəlməmiş bir xoşbəxtliyə çat­sın, ona gö­rə o, nəsli iki böyük nəslə (şah və üləma), ata-ba­bası gedib Əf­ra­si­­yaba çatan, dünyanın hökmdarı və ən böyük sultanını ya­ratdı, onu dünyanın şahlarına nəsib olmamış kəra­mət və üstün­lüklərlə bə­zədi, şahlara nə lazımsa, gözəllik, xoş­xasiyyət, ədalət, mərdlik, qo­­çaqlıq, at çapmaq, silah oy­nat­maq, bilik, bütün sənət­lərdən is­ti­­fadə etməyi bacarmaq, şəfəq­qət və mərhəmət, səxavət və sə­da­qət, nəzir vermək, ehsan paylamaq, dini doğru, etiqadı tə­miz, iba­dət­çi olmaq, Allahın buyruğunu yerinə yetirmək, çox gecə na­ma­zı qılıb, artıq oruc tutmaq, elm damlarına hörmət edib zahid­lərə əl tutmaq, əmə­lisaleh və hikmət sahiblərinə kəramət gös­tər­mək, yox­sullara sədəqə, məzlumlara yaxşılıq, xidmət­çilər­lə xoş rəftar etmək, rəiyyəti zülm edənlərdən qorumaq – o, bun­ların ha­mısını ona bəxş etdi” (28, 33). Burada dövlət başçısının üzərinə dü­şən və­zifələr və onun mənəvi keyfiyyətləri yuxarıdakı örnəkdə təs­vir olunmuşdur. “Dövlət küfr ilə dağılmaz, zülm ilə da­ğılar” (28,34) xalq kəlamı da bu tipli məsələlərin şərhində diq­qətə çatdırılır. Müəllif dövlətçilik məsələlərini şərh edər­kən tez-tez hekayət və rəvayətlərdən istifadə edir. Görünür bu ondan irə­li gə­lir ki, hələ qanunların bir çox məsələləri əhatə edə bilmə­məsi folk­lora mü­ra­ciəti zərurətə çevirmişdir. Çünki xalq yara­dı­cılı­ğın­da bütün situa­siyalar üçün ədalətli davranış formulları mövcud­dur. Dövlətçilik işlərində ondan aktiv isti­fadə olunduğu müşa­hi­də edilir. Rəva­yət­lərdən birində deyilir: “Xalq üzərində hökm­ran­lıq etmiş adamları məhşər ayağına əlləri boyunlarına bağ­lı gə­tirəcəklər, adil olub­lar­sa, ədalət onların əllərini açacaq, behiştə ge­dəcəklər, zalım olub­larsa, eləcə əlibağlı cəhənnəmə salacaqlar” (28,34). Başqa bir rə­va­­yətdə deyilir: “Deyirlər Ab­dul­lah bin Ömər əl Xəttab (Allah on­ların hər ikisindən razı ol­sun) atası can üstə olarkən ondan so­ruşdu: “Ey ata, səni nə vaxt görəcəyəm?” Dedi: “O dün­ya­da”. De­di: “Tez istəyirəm”. Dedi: “Ya birinci, ya ikinci, ya da üçüncü ge­cə məni yuxuda görə­cək­sən”. On iki il keç­di, lakin onu yuxuda görmədi. On iki ildən sonra onu bir dəfə yuxuda gördü və so­ruş­du: “Ey ata, sən demə­mişdinmi ki, üç ge­cə­dən sonra səni yuxuda görəcəyəm?!” Dedi: “Başım qarışıq idi, Bağdadın ətrafında bir körpü uçulmuşdu, məmurlar isə onu təmir etməmişdilər. Bir qo­yunun ayağı körpü­dəki deşiklərdən birinə keçib sınmışdı. İndiyə qədər onun cava­bını verməklə məş­ğul idim” (28,34-35). Musa peyğəmbərlə bağ­lı bir rəvayət də ib­rə­ta­miz məzmunu ilə diqqəti çəkir: “Fironun süfrəsində hər gün dörd yüz qoyun, dörd yüz inək, iki yüz dəvə kəsilər və buna müvafiq olaraq müxtəlif xuruş, çə­rəz, şirniyyat və baş­qa şeyləri olardı. Misirin bütün əhalisi və qo­şunu onun süf­­rəsindən xörək yeyərdi. O, dörd yüz il allahlıq id­diası edir­di. Həmişə də belə süfrə açırdı. Musa (ə.s.) dua edib dedi: “İla­hi Fironu məhv et!” Allah Musa­nın duasını qəbul etdi və dedi: “onu suda batıracağam, bütün döv­lətini, arvadlarını, qo­şunlarını sənə və sənin ümmətlərinə ba­ğışlayacağam” (28,115). Bu vədə­dən xeyli müddət keçməsinə bax­mayaraq Allah Fironu məhv etmir. Peyqəmbər onun küfrünü davam etdirməsi haqqında Al­laha yenidən müraciət edir. “Allah-təaladan nida gəldi ki: “Ya Musa, sənə lazımdır ki, nə qədər müm­künsə onu tez məhv edim, hər gün min bəndəyə lazımdır ki, onu saxlayım, çünki onun ne­mə­tini yeyir, onun sayəsində güzə­ran keçirirlər. And olsun mə­nim izzətimə, nə qədər ki, o, xalqa çörək verir, dövlətini əsir­gə­mir, onu məhv etməyə­cə­yəm”. Musa dedi: “Bəs sənin vədinin müd­dəti nə vaxt qur­taracaq?” Cavab gəl­di: “O, çörək verməyi azalt­dıqda bil ki, onun əcəli çatmışdır” (28,115-116). Dövlətin gələcək üçün görülmüş işlərə verdiyi əhə­miyyəti göstərmək üçün belə bir hekayət nəql olunur: “De­yirlər bir gün Nuşirəvan ata mi­nib yaxın adamları ilə ova ge­dir­miş. Bir kəndin kənarın­dan ke­çən­­də doxsan yaşlı qoca bir kişinin qoz ağacı əkdiyini görüb təəc­cüb etdi, çünki qoz ağacı yalnız iyir­mi ildən sonra bar gətirir. Dedi: “A qoca, qoz əkirsən?” Dedi: “Bəli, ağam”. Soruş­du: ”Nə qə­dər yaşamaq fikrindəsən ki, barını da yeyə­sən?!” Qoca dedi: “Əkib­lər yemişik, əkirik yesinlər!” Nu­­şirə­vanın xoşu gəldi, dedi: “Afərin!” Dərhal xəzinəçiyə əmr et­di, qocaya min dir­həm ver­sin...” (19,117). Əsərdə dövlətçiliyin xalq yaradıcı­lığından gələn dərin fəlsəfəsi vardır. Hər bir işin ağıl­la, haqq-ədalətlə, səbr və təmkinlə görülməsi təbliğ olu­nur. “Tə­ləsmək şeytandan, təmkin­lilik allahdandır”(19,119) kəlamı hökmdar dav­ra­nışı üçün əsas keyfiyyətlərdən birini ifadə etməklə ida­rə­çilikdə emosional ya­naşmalara da müəy­yən bir istiqamət verir.

XƏMSƏ”DƏ DÖVLƏTÇİLİK


Folklor və dövlətçilik məsələlərinin geniş yer aldığı ya­zı­lı mənbələrdən biri də Nizami Gəncəvinin əsərləridir. “XII əsrdə yaşamış dahi mütəfəkkir Nizami Gəncəvi (1141- 1209) siyasi xadim olmasa da, onun şah əsərlərindən biri olan “İs­gən­dərna­mə” poemasında və “Xəmsə”yə daxil olan digər dörd əsərdə döv­lətçiliyə dair məsələlər geniş şərh edilmişdir” (1,16). T.Kə­rimlinin də yazdığı kimi, “Nizami yaradıcılığında ideal ədalətli hökmdar probleminin aparıcı rolu nizamişü­nas­lıq elmi üçün hələlik mübahisəedilməz bir faktdır. Bütövlükdə Nizami huma­nizmindən və məzlum xalqa qarşı ürəyiyanan­lıq­dan, qayğıkeş­likdən irəli gələn bu ideyanın köklərini ha­rada axtarmaq la­zım­dır? Yəqin ki, ilk növbədə Nizami huma­niz­minin demokra­tiz­mində və bununla bağlı olaraq əsrlər boyu folklorda kök salmış ədalətli hökmdar ideyasında. Çünki Nizami başlıca olaraq şah­ların həyatını təsvir etsə də, əslində. xalq şairi idi; xalqın dü­şü­nən beyni və susmayan dili idi. “Xəmsə” boyu şirin və ibrə­tamiz xalq nağıllarından sevə-sevə istifadə edən Nizami, xalqın ədalətli hökmdar haqqındakı arzularını özü üçün yaradıcılıq amalına çevirmişdi” (31,153). Nizami yaradıcılığının qaynaqla­rından birinin folklor olduğu­nu qeyd edən S.Rzasoya görə, “Ni­zaminin istifadə etdiyi folk­lor mətni hansısa əsərin folklor­laş­mış variantı, yaxud ya­zılı abidə folklor süjetinin, əsatiri-xro­nik hədisin müəllif tərə­finədn bədii­ləş­dirilmiş varintı ola bilərdi. Məsələn, Firdovsi “Şahnamə”sinin böyük bir hissəsi İran teo­kratik dövlətçilik ənənəsinin mifoloji mətnlər əsasında nəzmə çəkilməsindən ibarətdir. Və bu halda Firdovsi şifahi ənənənin yazılıya dəyiş­diricisi kimi çıxış edir. Sasani xronikası ənənə ba­xımından Fir­dovsidə çox qüvvətlidir. Nizamidə isə bu xronika­nın ənənə sərhədləri zəifləyir və xronik vahidlər “Yeddi gözə­lin” kon­kret ideyasının verilişi üçün qurum materiallarına çev­rilir” (32,37-38). “Ədalətli hökmdar problemi şairin ilk poeması olan “Sirlər xəzinəsi”ndən Nizami yaradıcılığında özünü qa­ba­rıq şəkildə göstərməyə başlayır. Poemadakı iyirmi məqa­lətdən yalnız doqquzunda hökmdarlardan, hökmdar təbiətinin müxtəlif çalarlarından və təzahür formalarından söhbət açılır. Bunların üçü mifik hökmdar, üçü-ümumiyyətlə adsız-ünvan­sız hökmdar və yalnız üçü real tarixi şəxsiyyətdir... Poema­dakı mifik hökm­darlar – Süleyman, Cəmşid və Fridundur. Ta­rixi şəxsiyyətlər isə Ədalətli Nuşirəvan, Harun ər-Rəşid və Sultan Səncərdir. Kon­kret adı çəkilməyən hökmdarlar Nizami tərəfindən “Ümidsiz padişah, Zülmkar padişah və Cavan şah­zadə” adlandırılmışdır” (31,153-154). Y.Qarayevə görə, “Ni­za­mi dühası bəzən Rene­sans qəhrəmanlarını da qabaqlayır: “İsgəndərnamə”dəki utopik cəmiyyət Tomas Morun, Kampa­nel­lanın yaratdığı ideal cəmiy­yətdən daha demokratikdir; bu­rada qullar və siniflər yoxdur. Qərb humanistləri hər cür mə­nə­vi, dini və mistik buxovdan birinci növbədə real təcrübi məi­­şəti, mənəvi duyğuları, Nizami isə ruhu, ürəyi və mənə­viyyat aləmini azad etməyə çağırır. Ni­zami epoxa və yol ay­rıcında dayanan Dante libaslı bir müsafir də deyil. Onun idealları nə “orta əsrlərin” sonu, nə də “yeni dövrə” keçidi baş­layan dönüşün əvvəli demək deyildi. Burada dahinin öz dövrünə, öz əsrinə saldığı nəzərin yeniliyindən və ucalığından danışmaq olar” (33, 160). Nizami yaradıcılığında fərdi və icti­mai mənəviyyat məsələlərinə diqqət yetirən müəllifə görə, “sonralar ən dahi humanistləri düşündürmüş mənəvi mət­ləb­lər Nizamini də düşündürüb: şəxsiyyətin ziddiyyətləri, icti­mai əda­lət problemi, dövlət quruluşu, tragik sevgi, fərdi əxlaqi cavabdehlik! İnsanın həm şəxsi, həm də ictimai səadətinin so­rağında şair bizə ideal şah surətləri, hətta ideal şahsız, qullar­sız və quldarlarsız ideal cəmiyyət quruluşu təsvir edir! Şah hüzu­runa kəfən geyib gələn qocanın, Sultan Səncəri ittiham edən qarının, “Yeddi gözəl”dəki yeddi məhbusun şikayəti, şah zül­mündən məmnun qalan iki bayquşun söhbətləri – şai­rin sənət­kar və mütəfəkkir təlaşı ilə faş etdiyi bütün bu ic­timai haqsızlıq faktlarının əsasında çox aydın bir dünyagörüşü, poe­tik-fəlsəfi bir təlim dayanmışdır” (33,164). Heç şübhəsiz ki, bu təlim xal­qın etnik-mədəni dəyərlərindən, mənəvi re­surs­larından və bun­ları özündə birləşdirən folklorundan qay­naqla­nır. Şərq və türk dövlətçilik ənənələrinin xalq yadda­şın­da yaşayan dəyərlərini ya­zılı mədəniyyətin materialına çe­virən Nizami hər yerdə bu dəyərlərə sadiq mövqe nümayiş etdirir. Nizami üçün dövlətin ədalətlə idarə olunması ən mühüm məsələdir. Bunun bir daha təsdiqi üçün o, türk folklor ənənə­sində mövcud olan ictimai mə­nafenin fərdi və ya ailə məna­feyindən üstün tutulması faktla­rından faydalanır. Mə­lum­dur ki, Oğuz xan atası Qara xanı dini baxışlarına görə öldürür və ya Dirsə xan oğlu Buğacı ictimai əxlaqı pozduğuna görə (yalan motivi sonradan aşkarlanır) ölümcül yaralayır. Varislik ənənəsindəki belə kəskin motivlər Nizamidə bir qə­dər yum­şaldılır. Burada islam görüşlərinin və şəriət qayda­larının rolu öz təsirini göstərir. “Yəzdigürdün ölü­mündən son­ra, Bəhra­mın da atası kimi zalım olacağından ehti­yatlanan iran­lılar öz­lərinə “tacidar nəslindən” olan bir qocanı şah se­çirlər. Bəhram İrana hücum çəkir, şərt əsasında iki şirə qalib gəlib, öz qanuni tacına yiyələnir. Bundan sonra o “atasının zülmünə son qoyur, İranda hətta Allahın belə rəğbət və səxa­vətinə səbəb olan Kosmik Sahman yaradır” (32,39). Nizami bütün hallarda öz qəhrəmanlarını xeyir və şər qütbləri ara­sında bölür. Bununla yanaşı bu qütblər arasında hərəkət edən qəhrə­man­lar da yara­dır. Haqqın və nahaqqın Allah tərəfindən hər birinin öz əmə­linə uyğun qiymətləndirilməsini göstərmək üçün müəllif bu yolu seçir. Bəhram da öz fəaliyyətinə görə belə mən­fi və müs­bət arasında dəyişən bir qəhrəman kimi səciyyələnir. “Bəhra­mın atası zalımdır və Nizaminin onu bu cür təsvir etmə­sində tarixi bir həqiqət var. Belə ki, 399-421-ci illərdə İran tax­tına oturmuş I Şah Yəzdigürd zərdüşt kahin­lərinə yox, xristian­lara arxalanır. O, bununla da sərbəst siyasi hakimiyyətə malik yer­li əyan və kahinlərin nifrətini qazanır. Lakin sonralar get-gedə artan bu narazılıqdan və xristianların Bizansla artan əlaqə­lə­rindən qorxuya düşüb siyasətini dəyişir” (32,41). Tarix və folk­lor münasibətlərini türk dövlətçiliyi ilə əlaqəli şəkildə araş­dıran H.İsmayılova görə, tarix bu və ya başqa şəkildə folklorda öz əksini tapır:”Tarixi qaynaqlardan anlaşılır ki, Mə­­likşahın hakimiyyəti imperatorluğun inkişafı­nın son mər­hə­ləsi olmuş­dur. Onun ölümündən sonra oğulları arasında ha­kimiyyət uğ­run­da bir neçə il mübarizə getmişdir. Böyük­yarı­ğın və qardaşı Məhəmmədin zamanında dövlət əra­zisi iki his­sə­yə parçalanmış, Sultan Məlik şahın üçüncü oğlu Sultan Sən­cərin zamanında (1118-1157) dövlət tənəzzül etmiş və onun ərazisi bir neçə yerə bölünmüşdür (34,292). Bununla bağlı pis hökmdara xalq müna­sibətindən doğan neqativ məz­munlu örnəklər yaranmışdır. Bun­lardan biri də N.Gəncəvinin “Sultan Səncər və qarı” hekayəsinə mövzu vermişdir” (35,80). Nizaminin digər əsərlərində də döv­lətçilik fikri və kamil dövlət ideyası dini və milli-mənəvi dəyər­lərin səfərbər­liyi ilə yaradılan kamil insan obrazından qaynaq­lanır. Y.Qara­yevin gəldiyi qənaətə görə, “Nizaminin sosial uto­piyası bila­vasitə Nizamini yetirən xalqın öz sosial-demokratik ənənələri ilə şərtlənib və Nizamiyə qədərki farsdilli ənənə ən yax­­şı halda ideal monarxiya zirvəsindən yüksəyə qalxa bilmə­yib” (33,161). Nizami xalq yaradıcılığından yaradıcı şəkildə isti­fa­də etməklə türk dövlətçilik ənənələrini əsərlərində geniş şəkil­də əks etdirib. “Nizami eləcə də ümumbəşəri dövlət yara­dıl­ması məsələsini ortaya atır və hesab edir ki, bəlkə belə bir dövlət dünyada zülmə son qoya bilər. Nizaminin “İsgəndərna­mə”ni yazmaqda əsas məqsədi insan səadəti yollarını axtarıb tapmaq idi. Və Nizami bu nəticəyə gəlir ki, insan xoşbəxtliyi yalnız dost insanların yaşadığı ədalətli cəmiyyətdə ola bilər. Bu­na görə də həm bu əsərində, həm də digər dörd irihəcmli poe­ma­sında Nizami hökmdarları ədalətli olmağa dəvət edir və azad, xoşbəxt insan cəmiyəti yaratmağı geniş təbliğ etmişdir. İdeal hökmdar konsepsiyası isə “İsgəndərnamə” poemasında daha geniş planda işlənmişdir” (1,16). Nizami əsərlərinin və bu əsərlərdəki ideyaların xalq ruhuna yaxınlığı isə hər şeydən öncə onun folklor motivləri üzərində qurulmasıdır. Çünki bu­rada xalq yaddaşında yaşayan əfsanə, rəvayət, atalar sözü və məsəl­lər, nağıl süjetləri və nağıl üslubu geniş işlənmişdir. Mə­sələn, “İsgəndərin zülmətə getməsi” əhvalatı İsgəndərlə bağlı xalq əf­sanələrindən biridir. Fatehliyə xalq münasibəti İsgən­dərin dəf­ni ilə bağlı başqa bir əfsanədə qalmaqdadır. Burada İsgəndərin əli­nə torpaq tökəndən sonra onu normal dəfn etmək mümkün olur. Bu kimi bir çox əfsanələr “Xəmsə”də olmasa da xalq yadda­şında qorunmuşdur. “Nizaminin “İsgən­dər­namə” əsərində azad­lıq, bərabərlik və ədalət ideyaları ge­niş təbliğ olunur. Bu ideya­ların tərənnümçüsü kimi Nizami şahlara və hökmdarlara ədalət prinsiplərini müdafiə etməyi nəsihət edir və məsləhət görürdü. Nizaminin “Xosrov və Şi­rin” poemasında “ədalətli hökmdar haqqında şaha nəsihət” ad­lı xüsusi bir bölmə də vardır” (1,21). Türk dövlət başçıları xalq ənənəsindən gələn dövlətçilik məsə­lə­lərinə böyük diq­qət­lə yanaşmış və saraylarda saxladıqları müdrik insanların məsləhətlərini daim dinləmişlər. Nizaminin özü də dövrünün böyük hökmdarı Alp Arslan tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmuşdur. Nizami şahın məclisinə gələrkən şahın onu ayağa qalxaraq necə səmimi qarşılaması haqqında da “Xosrov və Şirin” əsərində məlumat verir (1,21).

Nizaminin əsərlərində təsvir olunan dövlətçilik düşün­cəsi çağdaş qloballaşan dünyanın mütərəqqi ideyaları ilə səs­ləşir və bir çox məqamları ilə hətta onu üstələyir. Çünki Ni­zami xalqın xəyallarındakı dövləti gerçəklik kimi görmək is­təyib. Xəyallar və xalq təxəyyülü isə həmişə gerçəklikdən çox irəlidə olur. “Nizami Gəncəvi dünya söz sənətinin dahi təkləri sırasına daxildir. Elə dahi təkləri ki, sənəti sabaha və əbə­diyyətə aparan yolda indi də bizdən səkkiz əsr əvvəldə yox, səkkiz əsr qa­baqda, irəlidə addımlamaqda davam edirlər. Ta­rix, bəşəriyyət keçmişdən uzaqlaşdıqca onlara yaxınlaşır” (33,154).



ƏXLAQİ-NASİRİ”DƏ DÖVLƏTÇİLİK
Orta əsrlər türk dövlətçilik fikrinin əks olunduğu mən­bələrdən biri də Nəsirəddin Tusinin (1201-1274) “Əxlaqi-na­siri” əsəridir. “Əxlaqi-nasiri” Tusi tərəfindən ən azı üç dəfə ye­nidən işlənmişdir. Birinci dəfə o, 1232-33-cü illərdə Möh­təşəmin təkidi ilə onun adına yazılmış, ikinci dəfə təxminən 21-22 ildən sonra (1254-55-ci illər) ismaillilər darmadağın edildikdən və moğollar hakimiyyət başına keçdikdən sonra, üçüncü dəfə isə Əbdül Əziz Nişaburinin arzusu ilə, təqribən 1272-73-cü illərdə yenidən nəzərdən keçirilmişdir” (37,12). Əsər adından da göründüyü kimi hər şeydən öncə əxlaq ki­tabıdır. “Mənəvi təmizliyə, əxlaq saflığına, vicdan billurlu­ğuna son dərəcə böyük əhəmiyyət verən Tusi hər şeydən əv­vəl uşaqların və gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə məşğul olmağı, onları düzlüyə, doğruluğa, bir sözlə, vicdanlı olmağa öyrətməyi, sonra isə başqa tərbiyə işləri ilə məşğul olmağı məsləhət verir” (37,17). Tusi cəmiyyətin gələcəyini əxlaqi tə­kamüldə görür. Ona görə də kitabında əsas aparıcı xətt də əx­laq tərbiyəsidir. Kitab müqəddimədən sonra birbaşa “əxla­qın saflaşdırılması haqqında” fəsillə başlanır. Əsərdə “o zaman yunan, ərəb və fars dillərində son dərəcə böyük şöhrət tapmış Əflatun, Ərəstun, İbn-Sina, Qəzali, Biruni kimi alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, “Kəlilə və Dimnə”, “Ər­dəşir Babəkan”, “Ənuşirəvanın vəsiyyətləri” kimi xalq müd­rikliyi ilə dolu olan dastan və folklor ədəbiyyatından “Siya­sətna­mə”, “Mərzbannamə” kimi tərbiyə, siyasət və dövlət mə­sə­lələrinə həsr edilmiş kitablardan da yeri gəldikcə “Əxlaqi-nasiri”yə daxil etmişdir” (37,13). Tusi əsərdə əsas məqsəd kimi cəmiyyətin mənəvi tərbiyəsi məsələsini qoyur. Bu “məq­sədə çatmaq, cəmiyyətdə vicdanlı, namuslu, bacarıqlı, xeyir­xah, işgüzar adamların tərbiyə edilib hazırlanması üçün, dö­yü­lüb-danlamaq da daxil olmaqla bütün üsulların tətbiq edil­məsini mümkün hesab edir, lakin tərif, təhsin, mükafat, şir­nik­ləndirmələrə üstünlük verir” (37,17). Əsərdə dövlətçilik ənə­nələrinin təsvirinə və təbliğinə geniş yer verilir. Belə ki, kitabda üçüncü məqalənin dördüncü fəsli “ölkə dolandırmaq siyasəti və şahların xisləti” adlanır. Burada deyilir ki, şah siyasəti iki cür olur: “Birinci - fazilə (fəzilətli) siyasət, buna “imamət” də deyilir. Bunun məqsədi xalqı kamilləşdirmək, nə­ticəsi də səadətə çatdırmaq olar. İkinci-naqis( nöqsanlı) si­yasət, buna zorakılıq da deyilir. Bunun məqsədi xalqı qul halına salmaq, nəticəsi isə bədbəxtlik və məzəmmət olar” (36, 209). Cəmiyyətin maddi və mənəvi ehtiyaclarının ödənmə­sində dövlətin və dövlət başçısının üzərinə böyük vəzifələr qoyulur. Əgər hökmdar fazil siyasət aparsa onda xalqın gü­zəranı da yaxşı olar. Dövlətçilik üçün xalqın da üzərinə düşən vəzifələr aydınlaş­dırılır: “Xalqın xeyri əmin-amanlıq, sakitlik, bir-birinə kö­mək, dostluq, ədalət, sədaqət, iffət, mehribanlıq və bu kimi işlərdə olar. Xalqın zərəri qarışıqlıq, iztirab, qorxu, vahimə, iğtişaş, dava-dalaş, zülm, əziyyət, paxıllıq, riyakarlıq, xəyanət, təhqir, qeybət və bu kimi işlərdə olar. Hər iki halda camaat gözlərini hökmdara dikər, özlərini onlar kimi apar­mağa çalışarlar. Buna görə deyiblər ki, “insanlar ata-babala­rın­dan çox şahlarını təqlid edər, keçmişlərin deyil, öz zə­manəsinin adamı olmağa çalışarlar” (36, 209). Xalq döv­lət­çilik ənənələrinə görə dövlət başçısı olmağın vacib şərtləri vardır. Əsərdə bunlar “yeddi xislət” kimi səciyyələn­diril­miş­dir: “Birinci-atalıq. Bu, hər kəsin özünə görə münasibət, xal­qın ürəklərinə yol tapmaq, hamıya mehribanlıq göstərmək, hirs və qəzəbini uda bilmək vasitəsi ilə asanlıqla əldə edilə bilər. İkinci-alicənablıq. Bu nəfsani qüvvələri tərbiyə edib saflaşdırdıqdan, “əsəb” qüvvəsini mülayimləşdirdikdən, “şəh­vət” qüvvəsini məhv etdikdən sonra əmələ gələr. Üçüncü-mətinlik. Bu, qəti nöqteyi-nəzər, fitri-iradə, dərin mühakimə, ciddi mübahisə, düzgün fikir, böyük təcrübə və keçmiş­də­kilərin tərcümeyi-hallarından ibrət dərsi götürməklə ələ gələr.

Dördüncü – tam əzm. Buna kişilik əzmi, şahlar əzmi də deyilir. Bu, düzgün rəy tam iradənin birləşməsindən əmələ gələn mürəkkəb bir fəzilətdir. Heç bir fəzilətə sahib olmaq, heç bir rəzilətdən can qurtarmaq bu fəzilətsiz mümkün deyil. Bu fəslin əsas məqsədi də məhz bu fəzilətin məziyyətlərindən danışmaqdır, çünki şahların hamıdan çox buna ehtiyacı var­dır. Beşinci-səbrli olmaq. Bu, ağır və çətin günlərdə, ümidsiz anlarda, çıxılmaz vəziyyətdə davam gətirə bilməyə deyilir, bü­tün mətləblərin açarı səbrdir deyiblər. Altıncı – var-dövlət. Bu, xalqın amalına göz dikməmək və tamah salmamaq üçün la­zımdır. Yeddinci – sadiq və əməlisaleh köməkçilər” (36,209-210). Digər bir yerdə isə dövlətin tənəzzülünün mə­nəvi məsələləri diqqətə çəkilir: “Dövlətin inkişafdan dayan­ması və inhitata uğramasının bir səbəbi də hökmdarların mal toplamağa, sərmayə yığmağa, vəzifə tutmağa aludə olmala­rı­dır. Dövlət düşkünlüyü get-gedə bunların artmasını tələb edər. Elə ki, öyrəşdilər, adətkərdə oldular (hər halda kəmağıllar tapılar və belə şeylərə rəğbət göstərərlər), bu xasiyyət başqa­larına da sirayət etməyə başlayar, onlar da öz əvvəlki tə­biət­lərini dəyişdirib varlanmağa, müxtəlif yollarla mal toplamağa, eyş-işrətlə məşğul olmağa həvəslənərlər, silahları yerə qoyar, müdafiə qüvvəsini zəiflədər, döyüş vərdişlərini unudar, zəh­mət­sevərliyi əldən verər, rahatlıq axtaran, yeyib-yatan, ətalət əsiri olan tənbəllərə çevrilərlər. Belə halda zəif bir düşmən də onlara hücum etsə, bu camaatı məğlub etmək onlara asan olar” (36,211). İdarəçiliyin əsas prinsipləri belə şərh olunur: “Rəiyyəti ədalət, fəzilət və hikmət qanunları əsasında idarə etmək lazımdır. Bədən-təbiətlərin, təbiətlər – nəfsin, nəfs-əqlin sayəsində möhkəmləndiyi kimi, şəhərlərin möhkəmliyi şaha, şahın möhkəmliyi siyasətə, siyasətin möhkəmliyi isə hik­mətə bağlıdır” (36, 215). Göründüyü kimi burada ən mü­hüm cəhət hikmət sayılır. Bunun üçün müəllif xalq hikmət­lərini dövlətçilik işinə səfərbər edir, onların əsasında bu mü­kəmməl əsəri yazır. Heç şübhəsiz ki, Nəsirəddin Tusi Şərqin müdrik bir şəxsiyyəti idi və onun yazdığı yuzə qədər əsər də xalq yaradıcılığının müdriklik çeşməsindən qaynaqlanır. Əs­lində o, özünəqədərki əxlaqi dəyərləri və dövlətçilik düşün­cə­lərini bir məcmu halına gətirib, sistemləşdirib və mükəmməl bir əsərə çevirib. Onun Şərqdə və türk dünyasında çox geniş yayılmış xalq lətifələrinin qəhrəmanının prototipi olması ehtimalı da təsadüfi deyil (38,118;39,219; 40,16; 41;42 və b.). Çünki Tusi Şərqin Farabi, Biruni, İbn Sina, Bəhmənyar kimi dahi mütəfəkkirlərindən biri idi.

Tədqiqatlara görə, “adı dillər əzbəri olan Molla (xoca) Nəsrəddin mənşəsiz olub bu qədər şöhrətlənə bilməzdi. Bu şöhrətli şəxsin adındakı “Nəsrəddin”, şübhəsiz XIII əsrdə Xa­cə Nəsrəddin Tusidən başqa bir adamla bağlı deyildir. Müəl­lif göstərir ki, Xoca Nəsrəddinə istinad edilən alimlik, məşhurliq, hazırcavablıq və s. bu kimi yüksək sifətlər məhz Xacə Nəs­rəd­­din Tusidə vardır. O da istedadlı münəccim, ağıl­lı dövlət xadimi, hazırcavab müəllim, xalqın hörmətini qa­zanmış alim­lər alimi və hikmət sahibi filosof idi. Yalnız belə bir məşhur şəxsiyyət ağızlara düşə bilər və gözəl-gözəl lətifələrin sahibi kimi qələmə verilə bilərdi” (39,219). Məmmədağa Sultano­vun bu fikirləri Təhmasib Fərzəliyev tərəfindən bir daha diq­qətə çatdırılır. Oxşar fikirlərə M. Təhmasibin araşdırmala­rın­da da rast gəlinir (40,16). Məhz lətifələrin özündən çıxış edən M. Təhmasib yazır: “Bizcə Molla Nəsrəddin lətifələrinin əsası XIII əsrdə onun prototipi olan Mövlanə Xacə Nəsrəddin Tusi ilə əlaqədar olaraq yaranmışdır” (40,16).

OĞUZNAMƏ”LƏRDƏ DÖVLƏTÇİLK


Türk dövlətçilik ənənələri orta əsrlərdə geniş yayılmış “Oğuznamə”lərdə də əks olunub. Məlumdur ki, “Oğuznamə” oğuzların kitabı deməkdir. Bu kitab orta əsrlər oğuz ənənəsinə uyğun olaraq özündə zəngin folklor irsini əks etdirir. Bununla yanaşı bu kitablarda oğuzların dövlətçilik tarixləri və ənənləri də geniş yer alır. Əski “Oğuznamə”lərdən biri haqqında “1309-1340-cı illərdə Misirdə yaşamış oğuz-səlcuq mənşəli Əbubəkr ibn Abdullah ibn Aybək əd-Dəvadari özünün ərəb dilində yazaraq 1309-cu ildə tamaladığı “Dürər ət-tican və təvarix qürər əz-zəman” (“Şöhrətləndirilmişlərin tarixindən bir inci”) adlı kiçik həcmli tarix əsərində məlumat verir və ilk dəfə “Oğuznamə” sözünü də o işlədir. Onun göstərdiyinə görə Sasani hökmdarı Ənuşirvanın (hakimiyyət illəri: 531-573) Mərv­dən Buzurq Mihr Baxtanq Farsiyə məxsus orta fars di­lində yazılmış həmin kitab Əbu Müslüm Xorasaninin (755- ci ildə öldürülmüşdür) xəzinəsindən tapılmışdır. Aybək Dəva­da­rinin haqqında danışdığı əsər çox güman ki, türkcə yazılmış bir qəhrəmanlıq dastanı olmuş və 826-cı ildə Bağdadda ya­şa­yan suriyalı həkim Cəbrayıl Bəhşi tərəfindən ərəb dilinə tər­cü­mə olunmuşdur. Həmin nüsxədən istifadə edən Aybək Də­va­dari kitab haqqında yazır: “Mən istəyirəm bu tayfanın (türk­lərin – İ.O.) haradan gəldikləri və onların sələfləri haqqında bunların özlərinin doğma dillərində (uyğur dilində) yazılmış “Ulu xan Ata Bitiqçi” adlı kitablarına əsaslanaraq danışım. Bunun adının mənası “Böyük hökmdar- Ata haqqın­da kitab” deməkdir. Bu elə bir kitabdır ki, qədim türklərdən monqollar və qıpçaqlar bununla sevinir və məmnun olurdular, bu kitabın onların yanında böyük hörməti vardı. Həmçinin digər türklərin “Oğuznamə” adlı bir kitabları vardır. Onu əl­dən-ələ gəzdirirlər. Onda onların başına gələn rəvayətlər və ilk hökmdarları haqqında məlumat vardır” (43, 5-6). F. Ba­yata görə, “Oğuznamələrin tarixi xronikalarda geniş yer alma­sı, daha doğrusu salnamələrin özündə mifik səciyyəli Oğuz şəcərəsini əritməsi, oğuznamə motivlərinin türk mədəniyyə­tin­də eninə və dərininə yayılmasını göstərir. Türk dastan ənə­nəsinin tarixi xronikalara keçməsi, epik yaradıcılığın “tarix­ləşməsi” etnokulturoloji baxımdan eyni informasiyanın müx­təlif yönlərdən təqdimi idi. Bu informasiyanın özəyində fütu­hatçılıq ideyası dururdu. Oğuznamə motivlərinin türk epik ənənəsində geniş yayılmasına səbəb də bu idi” (4,5-6). K. V. Nərimanoğlu və F.Uğurlu “Oğuznamə”ni böyük bir mədə­niy­yət hadisəsi kimi səciyyələndirərək bu şəkildə xarakterizə edirlər:

“Oğuznamə – türk xalqının həyatını, mübarizəsini, mə­nə­viyyatını əks etdirən ədəbi-tarixi qaynaqdır.

Oğuznamə – oğuz eposudur.

Oğuznamə – oğuz tarixidir.



Oğuznamə – oğuz mədəniyyətinin nəsildən keçə-keçə yaşayan həyat kitabıdır” (56,3). Oğuznamələrin materialını təşkil edən atalar sözləri, əfsanə və rəvayətlər özlərində döv­lətçilik ənənlərini daşıyan zəngin məlumata malikdir. Burada mif və tarix bir-birinə qovuşmuş, gerçəklik əfsanələşmişdir. Amma bu əfsanəvi tarix oğuzlar tərəfindən yaşadılmış və orta əsrlərin sonlarında da gerçək bir tarix kimi qəbul olunmuşdur. Buna Əbül Qazi xan Xivəlinin “Şəcəreyi tərakimə”sində də rast gəlirik. Oğuz dövlət başçıları öz nəsil şəcərələrini Nuh peyğəmbərdən, əfsanəvi Oğuz xandan və onun böyük oğlu Gün xandan başlayırlar. Məlumdur ki, XI əsr oğuzların döv­lətçilik tarixlərində mühüm bir dövrdür. “XI əsrdə Azər­bay­cana gəlmiş oğuzlar burada kifayət qədər kompakt yaşayan türkdilli yerli əhali ilə qarşılaşdılar. Gəlmə oğuz-qıpçaqların artıq Azərbaycanın əsl əhalisinə çevrilmiş Hun mənşəli türk­lərlə etnik yaxınlığı çoxsaylı faktlarla təsdiqlənir. Məsələn, tarixi əsərlərdə və eposda Oğuz xanın Hun hökmdarı Mete ilə eyniliyi haqqında çox deyilmişdir. Oğuzların 12 sağ, 12 sol ( yaxud İç və Daş oğuzlar) qanada bölünmüş 24 oğuz tayfası hunların bölgüsünə (tümənbaşı ümumi adını daşıyan 24 hun ağsaqqalı) tam uyğun gəlir. Şərq tərəfin knyaz və başçıları Şərq­də, Qərb tərəfin knyaz və başçıları Qərbdə yerləş­miş­dilər. S.P.Tolstov belə hesab edir ki, hun tarixi ənənəsi X-XI əsrlərdə onların xələfləri olan oğuz tayfaları tərəfindən qəbul edilmişdi” (45, 14-15). Bu ənənənin davam etdirilməsi “Oğuz­namə”lərdə (56;57;58) tam aydınlığı ilə görünmək­də­dir. Tədqiqatlarda oğuzların mifoloji əcdadı Oğuz xan haq­qında müxtəlif fikir və mülahizələr mövcuddur (46; 47; 48; 49; 50; 51 və b.). Bu tipli araşdırmalar əsasən tarix və folklor münasibətləri çərçivəsində aparılır. Folklorşünas alim B. Ab­dulla Oğuz xanla bağlı fikirləri belə ümumiləşdirir: “ N.Y. Biçurin xeyli araşdırma aparmaqla hökm vermişdir ki, Mete ilə Oğuz xan elə bir adamdır. Ziya Göyalp Oğuz xanı gah Mete, gah da “Kitab”ın ( Kitabi Dədə Qorqud nəzərdə tutulur – A.X.) birinci boyundakı Dirsə xanın oğlu Buğac bilmişdir. Ə. B. Ərcilasun da bu fikrə tərəfdar durmuşdur. Böyük tür­koloq V.V. Rodlovun fikrinə görə, maniliyi öz dövlətinin rəs­mi dini səviyyəsinə ucaldan Begü Teqin, yaxud Begü Xaqan gerçək olaraq elə Oğuz xandır, R. Nura görə, Oğuzun mənası “öküz”dür, yunan hökmdarı İsgəndər Zülqərneyn (qoşabuy­nuzlu) də buynuzludur. Deməli, Oğuz xan Makedoniyalı Fi­lippin oğlu İsgəndərdir ki, var. Q.N. Potanin Oğuz xanla monqol əfsanələrində adı keçən Kirey xanla, Uxur-Bama xan arasında oxşarlıq, uyğunluq aramışdır. Alman şərqşünası İ. Morquart Oğuz xanı Çingiz xanla bir bilmişdir” (36, 5-6). F. Bayata görə, “cahan dövləti qurmaq ideyası Oğuz adı ilə bağlı olub türk mədəniyyətində bir neçə dəfə müxtəlif tarixi və mifoloji obrazlara transformasiya olunub. Bu baxımdan Çin mənbələrinin təqdim etdiyi Mete kompleksi türk-islam salna­məçilərinin oğuznamələrinə tam adekvatdır. Oğuz-Mete para­lelliyi hər şeydən əvvəl Metenin də cahan dövləti qurması, hun­ların xilaskarı olması, hun ordu, inzibati, idarə institut­la­rının yaradıcısı kimi verilməsi ilə ilişgilidir. Belə bir yaxınlıq N.Biçurinə Mete ilə Oğuzu eyniləşdirməyə imkan vermişdir, çünki türklərin xilaskarı və el quran hökmdarları bu və ya digər dərəcədə Oğuza bənzəyirdi və ya bənzədilirdi” (4,6). Məlumdur ki, Oğuz xan oğuz türklərinin mifoloji əcdadı, soybaşçısıdır. Oğuz dövlətçiliyi də Oğuz xandan başlanır. Bu özünü hökmdar nəslinin şəcərələrində də göstərir. Oğuzların tarix səhnəsinə çıxdıqları zamandan Oğuz haqqında əfsanə və rəvayətlər də yaranmışdır. Yazı mədəniyyəti dövründə isə oğuz tarixi folklor yaddaşından yazıya alınmışdır. Bu səbəb­dən də bu əfsanəvi bir tarixi xatırladır”. Mövcud elmi fikrə gö­rə əski çağlardan Oğuz dastanları şərq (Türkistan, Uzaq Şərq) və qərb (Azərbaycan və Ön Asiya) variantlarında möv­cud olmuşdur. Bu variantlardan biri bizə qədər N.Biçurinin tərcüməsində gəlib çatan Çin qaynaqlarının Mete haqqında verdikləri yarıtarixi əfsanədir. Qərb variantına “Oğuz kağan” dastanı, Rəşidəddinin (XIV əsr), Yazıçıoğlu Əlinin (XV əsr), Hafiz Abrunun (XV əsr), Mahmudoğlu Həsən Bayatlının (XV əsr), Xandəmirin (XVI əsr), Salır Baba Qulalı oğlunun (XVI əsr), Əbül Qazinin (XVII əsr) və b. tarixçilərin əsərləri daxil­dir” (4,7). Fəzlullah Rəşidəddinin “Oğuznamə”si yazılı mən­bələrdən götürülmüşdür. “Fəzlullah Rəşidəddin Həməda­ni Qazan xanın (hakimiyyət illəri: 1295-1304) əmri ilə 1300/01-ci ildə yazmağa başladığı “Cami ət-təvarix” (Tarix­lər toplusu) adlı məşhur əsərini Olcaytu xan (hakimiyyət illəri: 1304-1316) dövründə – 1310-cu ildə tamamladı” (43, 6). Rə­şi­dəd­dinin “Cami ət-təvarix” əsəri iki hissədən ibarətdir. Bi­rinci his­sə monqolların, ikinci hissə isə türklərin tarixinə həsr olun­muşdur. Əsər Hülakilərin zamanında və onların sifarişi ilə hazırlandığından monqol tarixi əvvəldə verilmişdir. “Oğuz­ların və türklərin tarixi” adlı hissədə Oğuzun doğulma­sı, uşaq­lığı, Tanrıya iman etməsi, evlənməsi və zəfər yürüşləri nəql olunur. Eyni zamanda oğuz cəmiyyətinin sosial struk­turu, mərkəzi hakimiyyət və onun qolları, tamqa və onqonları, yəni əski dövlət rəmzləri haqqında müfəssəl məlumatlar verilir. “Cami ət-təvarix”də oğuzların mənşəyi fəslində yazılır ki, 24 bou bərabər sayda olmaq üzrə Oğuz xanın altı oğlundan törəmişdir. Ancaq daha diqqətəlayiq cəhət budur ki, dam­ğa­ları ayrı-ayrı olduğu halda hər dörd boy bir müştərək onqona malikdir. Bu fakt 24 oğuz boyunun da qədim zamanlarda altı boy halında yaşadığını göstərir. Bu altı onqonun hamısı meşə zonalarında yaşayan yırtıcı quşlardır” (2,28). Hakimiyyətin mütənasib şəkildə bölgüsünü humanist dövlətçilik ənənələri ilə əlaqələndirən T.Hacıyev bu dəyərlərə yüksək qiymət ve­rərək yazır: ”Qədim türk cəmiyyətində kamil humanizm təsa­düfi deyil. Bu, mükəmməl dövlətçiliklə bağlıdır. Təsəvvür edək ki, kapitalizmin yaranması zamanı parlament idarə üsulunu yüksək demokratiya faktı kimi qiymətləndirirlər. Bu parlamentdə sağlar və sollar olur ki, demokratizmi şərtlən­di­rən də bu palatalar arasındakı ictimai-sosial “duetlərdir”. Bu­yurun qədim Oğuzda həmin iki palatalı sistem – dibdə – ortada seçmə (xas) bəylər, sağ tərəfdə sağlar, sol tərəfdə sol­lar, eşikdə də qaydaya-intizama nəzarət edən yaxınlar:

Sağda oturan sağ bəylər,

Solda oturan sol bəylər,

Eşikdki inaqlar,

Düpdə oturan xas bəylər” ( 52, 93).

Oğuzların “Cami ət-təvarix” də verilmiş əfsanəvi tarix­lə­rindən dövlətə başçılıq edən yabqular haqqında məlumat var. Burada yabqulardan bir çoxunun adı çəkilmişdir. Yab­qular qışda Sır-Dəryanın mənbəyi yaxınlığında yerləşən Yeni-Kənddə yaşayırdılar. Yabquların bizə məlum olan aşağıdakı məmurları vardı: sübaşı, yəni ordu komandanı. Səlcuq döv­rün­də sübaşı ünvanı bölgələrin hərbi valilərinə verilirdi. Yab­quların yüksək məmuru Kül-ərkin idi. Kül-ərkin yabqunun naibi və ya vəkili deməkdir. Türkiyə səlcuqlarında bir səltənət naibliyi vəzifəsi mövcud olmuşdur. Bundan əlavə, türkmən hökmdarlarının, bəylərinin də naibləri olduğu məlumdur. Oğuz yabqu dövlətində tarxan və yınal ünvanlarını daşıyan şəxslər də olmuşdur. Lakin bunların sadəcə olaraq əsilzadə titulları, yoxsa məmur ünvanları kimi işləndiyi bilinmir. Tür­kiyə səlcuqlarında mövcud olan bəylərbəyi vəzifəsinin yab­qular dövlətində olub-olmadığı məlum deyil (2,72).

Yabquların möhür və fərmanlarına tuğraq (tuğra) deyil­məsi haqqında məlumat vardır. Sonralar Səlcuq dövlə­tində tuğralıq (nişançılıq) adlı bir məmur vəzifəsi də olmuşdur. Oğuzların divanı, vergi yığan məmurları, orduda ovçubaşı, əmir-axur kimi məmurları, çavuşları (təşrifat məmurları), bəkçiləri (mühafizəçilər) olması haqqında da bilgilər verilir (2,72). O da məlum olur ki, “oğuzlar işlərini məclislər quraraq məsləhət (gənəşmə) yolu ilə həll edərdilər. Oğuz sübaşısı Ətrək tarxan, yınal kimi oğuz başçılarını çağıraraq xəlifənin nümayəndə heyətinə qarşı necə davranmaq barədə onlarla məsləhətləşmişdi. Oğuz yabqu dövləti X əsrin birinci yarısın­da müstəqil və qüdrətli bir dövlət idi. O heç bir zaman bu və ya digər dövlətə, qövmə tabe olmamışdır” (2,72-73). Türk dövlətçiliyi islam dönəmində yeni keyfiyyətlər qazanır. Bura­da bəy, xaqan, yabqu, xan deyil, sultan və əmirlər dövləti ida­rə edirlər. Padşah, vəzir, vəkil idarəçiliyi isə bundan sonrakı dövrlərə aiddir. Türkiyədə sultanlıq, Azərbaycanda isə şahlıq idarə sistemləri uzun müddət saxlanmışdır. Ağqoyunlular dö­nəmində dövlət başçısı bəy və ya padşah, Səfəvilər dövründə isə şah adlanırdı.

KİTABİ-DİYARBƏKRİYYƏ”DƏ DÖVLƏTÇİLİK


1470-1471-ci illərdə Əbubəkr Tehrani tərəfindən yazıl­mış “Kitabi- Diyarbəkriyyə” o dövrün iki Azərbaycan dövləti – Ağqoyunlu və Qaraqoyunlu dövlətləri haqqında məlumat verir və dövrün sosial-mədəni həyatını təsəvvürlərdə canlan­dırmağa imkan verir. “Kitabi-Diyarbəkriyyə” istər həcminə, is­tərsə də məzmununa görə Ağqoyunluların və bütövlükdə dövrün tarixinə dair ən mühüm və ən qiymətli mənbə kimi dəyərləndirilməlidir. Əvvəla, o, Ağqoyunlu sülaləsinin iki ən parlaq nümayəndəsinin, Ağqoyunlu dövlətinin qurucusu olan iki görkəmli tarixi şəxsiyyətin – Qara Yülük Osmanın (1403-1435) və Uzun Həsənin (1457-1478) siyasi və hərbi fəaliy­yətini dolğun şəkildə əks etdirir. Yəni Ağqoyunluların təqri­bən bir əsrlik gerçək tarixinin səksən ili burada öz inikasını tapmışdır. Özü də bu zəngin məlumatları ehtiva edən material geniş tarixi fonda, Ağqoyunluların, Qaraqoyunlular, Teymuri­lər, Anadolu bəylikləri, Osmanlılar və Məmlüklərlə siyasi mü­nasibətləri kontekstində verilmişdir. Digər tərəfdən, əsərin müəllifi Uzun Həsənin sarayında xidmət etmiş, necə deyərlər, birinci əldən informasiya almaq imkanına malik bir şəxs olmuşdur” (55,3). Əsərdə türk dövlətçiliyinin bir çox mə­qam­ları öz əksini tapıb. Burada verilən bəzi məlumatların Rəşi­dəddinin “Cami ət-təvarix”indən götürüldüyü şübhəsizdir. Amma bununla yanaşı müəllif digər mənbələrdən də istifadə edib. “Kitabi Diyarbəkriyyə”nin bilavasitə giriş hissəsindən sonra gələn fəsli əsərin strukturunda özünəməxsus yer tutur. “Həzrəti Sahibqranın əcdadı və əsl-nəsəbi haqqında” adlanan və kitaba bir növ müqəddimə təsiri bağışlayan həmin fəsildə Ağqoyunluların rəsmi genelogiyası verilir. Əbubəkr Tehrani “mötəbər müəlliflərin etibarlı ravilərin yoxlanılmış və dəqiq məlumatlarına” istinad edərək, göstərir ki, Uzun Həsəndən “bəşərin atası” Adəm peyğəmbərə qədər yetmiş nəsil gedib çıxır, yəni Uzun Həsən sülalənin yetmiş birinci nümayəndəsi kimi təqdim olunur” (55,18). Bu genelogiyada Bayandur xan Oğuzun oğlu Gün xanın oğlu kimi təqdim olunur. Rəşidəd­dinin verdiyi şəcərədə isə Bayandur Oğuzun oğlu Göy xanın oğludur. Burada müşahidə edilən bəzi dəyişikliklər təsadüfi olmayıb müəyyən məqsədə xidmət etmişdir. Çünki Orta əsr türk dövlətçilik ənənəsində soy, nəsil şəcərəsinin ciddi rolu olmuşdur. Yaddaşlarda yaşayan ənənəyə görə Oğuz xan ha­kimiyyətin varisliyini oğlu Gün xana və onun başçısı olduğu sağ qola və ya boz oqlara vermişdir. Buraya Gün, Ay və Ulduz xan daxildir. Oğuzun digər üç oğlu- Göy, Dağ, Dəniz isə sol qola və ya uç oqlara aiddir. Ali hakimiyyət bozoqlara vəsiyyət olunduğundan sonrakı şəcərələrdə hökmdarlar özlə­rini mütləq onlara bağlamağa çalışırdılar. Başqa halda haki­miyyətin legitimliyi şübhə altında qalırdı. Bu tipli şəcərə tər­tibi bir növ norma halını almışdı. Çünki bu variant sonralar da başqa müəlliflər tərəfindən verilirdi. Məsələn, XVI əsrin sonu XVII əsrin əvvəllərində yazılmış “Qızılbaşlar tarixi”ndə (Ta­rixi-Qızılbaşan) Ağqoyunlular barədə deyilir: “Bayandur xan ki, bu tayfa özünü onun nəsli hesab edir, Gün xan ibn Oğuz xanın oğludur və Oğuz xan Həsən padşahın əlli birinci baba­sıdır” (64,7). “Kitabi- Diyarbəkriyyə”yə görə isə Oğuz xan Uzun Həsənin əlli beşinci babası olaraq göstərilir. Həmin dövrdə digər türk sülalələri (Teymurilər, Qaraqoyunlular, Os­man­lılar və s.) də bu bu cür yarımmifik şəcərələrdən istifadə edirdilər (55,19). Belə folklor-mifoloji məlumatla yanaşı Əbubəkr Tehrani Uzun Həsəni tamamilə real bir insan, müd­rik və ədalətli dövlət xadimi, ağıllı və uzaqgörən siyasətçi, cəsur və şücaətli bir sərkərdə kimi təqdim edir, hətta onun ağır anlarını, o cümlədən, maddi çətinliklə üzləşdiyi çağları da qələmə alır, Buna uyğun olaraq, müəllif uzun Həsənin si­yasi rəqibləri, xüsusən Cahanşah və Əbu Səid barədə təh­qi­ramiz ifadələrə yol vermir, onlara kifayət qədər loyal və eh­tiramla yanaşır. Uzun Həsən ilk dəfə Təbrizə daxil olarkən, Cahanşahın və onun övladlarının qəbrini ziyarət etməsini də müəllif, fikrimizcə, məhz öz düşüncəsinə və əxlaqına uyğun gəldiyi üçün yüksək sözlərlə təqdir edir” (55,15). Cənub şərqi Anadoluda Oğuz-türkmanların hakimiyyəti dövründə xalq ədəbiyyatı inkişaf edir. Əski ozan boyları, atalar sözləri və oğuz alpları hakkındakı ötgülər oğuznamələrə daxil olurdu. “Oğuzların qəhrəmanlıq dastanları dövlətçilik ideologiyasının məhsulu kimi meydana çıxdı. Bunu oğuzçuluq hərəkatı da təsdiq edir. Oğuzçuluq quru söz təbliğatı deyil, qopuzun səda­ları altında ifa etdiyi dastanlaşmış bir təbliğat idi. Bu sənət əsərlərinin böyüklüyü də məhz ideoloji təməlin türkçülüyə, dövlətçiliyə dayanmasında idi” (4, 94). Oğuzdilli xalq ədəbiy­yatının inkişafı, dastan şəklinin bu çevrəyə daxil olması, əf­sanə, rəvayət, hekayət və mənqəbəvi tarixin qovuşuğunda ya­ranan oğuznamələrin yeni silsiləsinin meydana çıxması səl­cuqlardan sonra sürətli bir xarakter almağa başlayır. Mifoloji məzmundan, əsatiri xatirələrdən başqa tarixi gerçəkləri də özündə əks etdirən yeni tipli dastanlar kütləşmiş yaddaşları oyadır, oğuzları türk törəsinə dayanan dövlət qurmağa ruhlan­dırırdı. Monqol yürüşləri oğuzçuluğun inkişafına təkan verdi. Bundan dolayı səlcuqlar dönəmində geniş yayıla bilməyən oğuzçuluq hərəkatı, köçəri maldar dövləti olan Elxanilər za­manında hərtərəfli qorundu. Bu zamandan da oğuz dastan­larının salnamələşmə ənənəsi başlandı (4, 94; 35, 800-801). Bu dövrün siyasi gerçəkliyinin folklorda izlərini müşahidə edən H.İsmayılovun yazdığına görə dönəmin mədəni proses­ləri folklora da öz təsirlərini göstərir. Əfsanəvi xalq qəhrəma­nı Koroğlunun ən yaxın silahdaşı kimi Dəli Həsənin folklor düşüncəsinə daxil olması, Əmir Teymurla xoş münasibətin Dəmirçioğlu adında əks olunması gerçəkliyin bədii qavranıl­masından doğmuş özəl düşüncə modelləri kimi özünü gös­tərir. Diqqəti “ Kitabi Dədə Qorqud”dakı Qazan xan haqqında söylənmiş “Amit soyunun aslanı” ifadəsinə yönəldən müəllif qeyd edir ki, Qazan Elxaniləri simvolizə edir. Bizə gəlib çatan əlyazma da XV əsrə aid olduğundan məhz Amitin (Diyar­bəkirin) himayəçisi kimi Qazan (və ya həmin ifadə- A.X.) bura daxil edilmişdir (35,801). Məlumdur ki, Diyarbəkir Ağ­qoyunlu dövlətinin paytaxtı olmuşdur. Amit də Diyarbəkirin əski adıdır.

Səlcuqlarla başlanan türk dövlətçilik ənənəsində fasilə yaranmır. Bunun davamı olaraq Ağqoyunlu və Qaraqoyunlu dövlətləri, Osmanlı imperatorluğu yaranır. Səlcuq oğuzlarının varisləri olan Oğuz-türkman bəyləri Qaraqoyunlu və Ağqo­yun­lu dövlətinin yerində Səfəvi dövlətini qururlar.




Yüklə 476,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin