Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə5/18
tarix05.03.2017
ölçüsü1,33 Mb.
#10312
1   2   3   4   5   6   7   8   9   ...   18

Tahir Mirzə:

Gavir atan bəy babamı öldürdü

Olsun tac təxti tarmar yeri

Ağlayıban göz yaşımı sildirdi

Qalmadı məndə ixtiyar yeri.

Aldı Zöhrə:

Zalım atam bəy atanı öldürdü.

Olsun tac təxti tarmar yeri

Dost ağladın duşmanları güldürdü

Olmadı dölətin bər qərar yeri.
Tahir Mirzə:

Dost duşmanlar hər tərəfdən baxdılar

O tac dövləti tamam yıxdılar

Şirin canım eşq oduna yaxdılar

Olmadı dölətin bər qərar yeri.
Zöhrə:

Qəza bizi yaman günə salıbdı.

Dörd yanımız qəvi duşman alıbdı.

Demə yad eldə yar yalnız qalıbdı

Ala bilməz tərlan avın sar yeri.
Tahir Mirzə:

Mən Tahirəm saralıban solanda

Əcəl peyvanəsi gəlib dolanda

Qızılgül dibini xarlar alanda

Qoyma gejə gül dibində xar yeri.
Zöhrə:

Eşqin səməndini minib çaparsan

Harda sınıq gönül varsa yaparsan

Sən kişisən yad ölkədə taparsan

Zöhrə çəksin burda ah zar yeri.

Tahir Mirzə sevgilisi ilə deyişəndən sonra ona təsəlli olmaq üzrə aldı dübarə:



Aldı Tahir:

Əmib-əmib ləblərindən qandığım

Gecə-günduz eşq oduna yandığım

Məşməblə at dəryaya sandığım

Qoy aparsın görüm sel mənə nə elər.
Əlbət belə imiş qəzanın işi

Gecə-gündüz mən elərəm təftişi

Yunusu dəryadan qurtaran kişi

Qoy aparsın görüm sel mənə nə elər.


Xan Tahirəm sözüm deyim mərdanə

Şikayət vardur qadir subhana

Qoy sandığa tolla məni imana

Qoy aparsın görüm sel mənə nə elər.

Tahir sözün tamam etdi. Cəlladlar bunu aparası oldular. Bu vədə cəlladlara iltimas edib dedi: bunu aparmayın nə qədər pul istəyirsiniz verim. Ancaq bunu mənə verin. Cəlladlar qəbul edib iki yüz dirhəm pul alıb bir neçə müddətdən sonra şahın hüzu­runa varid oldular. Dedilər şah sağ olsun, əmrini yerinə yetirdik.

Tahir ilə Zöhrə bir xəlvət yerdən evə getdilər. Zöhrə bir san­dıq qayıtdırdı. Gecələr Tahiri özü ilə yatırdıb gündüzləri də san­dı­ğa qoyub dəryayə salırdı. Bir çox gün belə dolandılar. Haradan isə şah xəbərdar oldu. Cana doyub yeddi gecə qızının otağına qa­­ravul qoydurdu. Tahiri ələ gətirə bilmədi.

Qaravul da gedəndən sonra Zöhrə xanım sandığın tənabini çə­kəndə ip boş gəldi. Sandıq dəryaya qərq olub suyun üzərində tə­latim etməgə başladı.

Biçarə Zöhrə Tahirin dəryaya qərq olub axdığını görəndə ağlaya-ağlaya sözə başladı:


Aldı Zöhrə:

Qanlı dərya nə axırsan selabdan

Aqubanda sən umanə gedərsən

Əmanətdur qərq eləmə sandığım

Tapşırıram səlimana gedərsən.
Payız olar bağlar tökər xəzəli

Boynun sınsın səvməyə idin əzəli

Yaxşı olar Şəki Şirvan gözəli

Ya Şəkiyə, ya Şirvana gedərsən.


Mən Zöhrəyəm günüm döndü ah vaya

Cavan ikən qədimi döndərdin yaya

Aldım cəlladlardan atdım dəryaya

Tapşırıram Səlimanə gedirsən.

Zöhrə sözünü tamam edib gülündən ayrılmış bülbül kimi mə­lul müşkül evə qayıtdı.

Tahir Mirzənin sandığı dərya üzərində ləpələnə-ləpələnə gə­dir­di. Sandıq bir zaman bu qərar ilə getdi. Axırda Çin vila­yə­tinə çat­dı. Orada dərya moc verib sandığı qırağa çıxartdı.

Haradansa Çin padşahının qızı Banı xanım qırx incə qız dər­ya kənarına seyrə çıxmışdır. Uzaqdan sandığı görüb oraya gəldi. Bir tör Tahir Mirzənin sandığını açıb gördü: bir xətt-halı, bə­nəf­şə kibi cavan huşə gedib. Banı xanım o cavanı yuxudan oyatmaq üçün sözə başladı:

Banı xanım:

Açıldı sandığın göründü mina

Camalın şevqini oxşatdın günə

Söylə görüm kimlər salmış bu günə

Oyan sandığından var əcəm oğlu.
Açıldı sandığın göründü maya

Camalın şevqimi oxşatdın aya

Söylə görüm kimlər atmış dəryaya

Oyan sandığından var əcəm oğlu.

Saralıban gül rəngin solubdu

Qaynayıban peyvanələr dolubdu

Kimlərin əlindən sitəm olubdu

Oyan sandığından var əcəm oğlu.

Tahir Mirzə bir xeyli müddətdən özünə gəlib Banı xanıma be­lə cavab verir:

Tahir Mirzə:

Biz yetimik, siz atalı-analı

Bu məclisə hürü qılman gələli

Qolları bəzməntli səri cığalı

Tanrı məni sizə qurban eləsin.
Kimi al geyinib kimi qırmızı

Kimi gül döşürür, kimi nərgizi

Naz ilə yeriyir vəzirin qızı

Tanrı məni sizə qurban eləsin.


Adın Banı, özün xanlar xanısan

Gözəllər içinin xoş nişanısan

Biçarə Tahirin şirin canısan

Tanrı sizi mənə döxtər eləsin.

Tahir Mirzə sözünü tamam edər-etməz Banı xanım qəzəb­lən­­­miş dedi:

– Zalım oğlu, zalım bu qızların heç sənə layiq olanı yox­dumu ki, hamısını özünə bacı edirsən.

Tahir Mirzənin köhnə yaraları təzələnib Banı xanımın cava­bında görək nə dedi:

Tahir Mirzə:

Şahım! İndi ərzim sənə eləyim

Mən bir tiflikən ağlımı çaşdım

Oxudum sinəmin dəftərin açdım

Buyurdu cəlladə fərmanə məni.

Uzaq ikən beşikimi yırğadım

Çörəyimi zəhərlərə doğradım

Hətəmsultan qəzəbinə uğradım

Atdı seldən-selə ummanə məni.
Tahir deyə özün mənə bildirdi

Ağladıban göz yaşımı sildirdi

Hətəmsultan bəy babamı öldürdü

Təbibimsən yetir dərmanə məni.


Banı xanım ərzim sənə eləyim

Dilim tutmur bu kəlməni söyləyim

Məşər günü mən şikayət eləyim

Zöhrə ilə çəksinlər divanə məni.

– Tahir Mirzə! Söylə görüm Zöhrə-Zöhrə deyirsən, o biz qız­ların hamısından gözəl və hamısından gönül səvəndurmu?

– Xanım! Zöhrə dedikcə gözəl və dedikcə gönül səvəndi.

– Cavan! İndi ki, sən onu belə tərifləyirsən mən səninlə ge­də­rəm. Hərgah Zöhrə məndən gözəl olsa onda onu sənin üçün zor ilə alaram. Yox gözəl olmasa həm onu və həm də səni həlak et­dir­rəm.

De görüm buna razısanmı?

– Can baş ilə razıyam.

Banı xanım bu sözdən sonra Tahir Mirzəni də götürüb ora­dan Çin şəhərinə gəldi. Əlli min səvarə və piyada qoşun ilə Qa­ra­manlı şəhərinə yola düşdülər. Bir müddətdən sonra Qara­man­lı şəhərinə varid oldular. Böyük Qaramanlı şəhərini üzük qa­şı kimi araya aldılar. Hətəmsultana xəbər getdi ki, şəhəri mü­ha­sirə edib­lər. Hətəmsultan Banı xanımın hüzuruna qasid gön­dərdi, dedi: Get gör nədən ötrü o bu vilayətə qoşun çəkib.

Qasid şahın hökmünə görə oradan gəlib şahın dediklərini Banı xanıma söylədi.

Banı xanım dedi:

– Get şahına deyilən Çin padşahının qızı Banı xanım qızın Zöh­rəyə Tahir üçün elçi gəlib, ya qızını versin və ya vaxtına ha­zır olsun.

Qasid baş endirib çıxdı. Hətəmsultanın yanına gəlib əhvalatı başdan-başa ona nəql elədi. Hətəmsultan dedi:

– Yüz kor qızım olsa da birini Tahirə vermərəm. Sultan bu söz­­­dən sonra davaya hazırlaşdı. O tərəfdən Banı xanım Tahir Mir­­zə ilə arada qoyduğu sözə görə Zöhrəni görmək üçün onunla ba­­­­­­rabar Zöhrənin yanına gəldi. Çoxdan həsrət qalmış aşıq-mə­şuq biri-birini gördü. Tahir Mirzə sevgilisini görər-görməz eşqə dol­muş sözə başladı:

Tahir Mirzə:

Qız səni ədalət bildim

Mən yanına dada gəldim

Çox cəfa çəkdim yolunda

Ömür verdim bada gəldim.
Hər nə oldu mənə oldu

Saraldı güllərim soldu

Gül üzüldü bülbül öldü

Səni saldım yada gəldim.


Xan Tahirin bu vaxtında

Sinəsi yarın bəxtində

Hətəmsultanın təxtində

Canım saldım oda gəldim.

Tahir Mirzə sözünü bitirər-bitirməz aldı Banı xanım görək nə dedi.

Banı xanım:

Gözlərində qüsur yoxdur

Allah sənin qarşın Zöhrə

Yaqut ya mən dürrə bənzər

İnci sədəf dişin Zöhrə.
Gəl duraq qabaq-qabağa

Boyum boyuna sadağa

Sandıq çıxdı bizim bağa

Onda bitdi işin Zöhrə.


Uca dağlar başı qarlı

Sinəndən baş verən nardı

Tahir kibi yarın vardı

Bəxtəvərdi başın Zöhrə.


Banı deyər gəl bəsləşək

Görək kimdi kimdən qəşəng

Gücün varsa gəl bazdaşaq

Gətirmişəm qoşun Zöhrə.

Banı xanım saz ilə dediyi kimi söz ilə də dedi: – Tahir Mirzə! Doğrudan da Zöhrə tərifə layıq gözəl imiş. Daha durmaq vəxtı deyil, davaya getməliyik. Bu sözdən sonra Banı xanım ilə Ta­­hir Mirzə qoşunun içinə gəldi. O tərəfdən Hətəmsultan da qo­şu­nunu götürüb oraya gəldi. Belə ki, hər iki qoşun ru-bə-ru oldu. Ta­hir Mirzə atına suvar olub rəzmigaha çıxdı. Mübariz istədi. Ne­çə pəhlivan gəldisə də heç birinə aman vermədi. Tahir Mirzə mey­danı boş görüb üzünü Hətəmsultana tutub dedi: – Padşah! Qo­şunu qırmaqdan bir fayda çıxmaz, gəl hər ikimiz dava edək, ya sən məni öldür mənim qoşunuma sahib ol və ya mən səni öl­dü­rüb sənin qoşununa sahib olum.

Tahir Mirzənin sözünə hər iki tərəf razı oldu. Bu zaman Hə­təm­sultan Tahir Mirzənin meydanına gəldi. Tahir Mirzə Hə­təm­sul­tan meydana gələr-gəlməz – Əmi! Mən sənin kibi namərd de­yi­ləm. Atıyın tənki açılıb, əvvəl onu bağla sonra dava edək. Hə­­təm­­sultan Tahir Mirzənin sözünə inanıb tapqırı bağlamaq üçün ba­şını aşağı əyəndə Tahir fürsəti qənimət bilib onun boy­nundan qı­lınc ilə elə vurdu ki, başı on qədəm kənara düşdü. Şahı ölmuş gö­rüb, bütün qoşun əhali və şəhər əhli təslim oldu.

Bu zaman şəhər əhlinin razılığı ilə Tahir Mirzəni Hətəm­sul­ta­­­nın yerinə təxtə çıxardılar. Qaramanlı şəhərini çıl-çırağban bə­zə­­dilər. Qırx gün, qırx gecə toy edib Zöhrə xanımı və Banı xanı­mın əlini Tahir Mirzənin əlinə verdilər və xeyir-dua verib ev­­­lə­ri­nə getdilər. Tahir Mirzə rəiyyətlə adilanə rəftar etmək ilə ba­ra­bar çox bəlalar və çox cəfalər çəkdiyi nazənənlər ilə mal dev­lət və cah-cəlal içində ömür sürməgə və gün keçirməgə başla­dı.
ŞAHZADA QASIMIN NAĞILI
Əli Rəhim oğlu

Qazax-1926
Hərat şəhərli Fətəli şahın dünyada heç öladı olmazdı. Yaşı çox keçmiş idi. Bir ədalətli və səxavətli şah idi. Bir gün və­zi­rin­dən soruşdu: – Ey vəzir! Təəccübəm, nə üçün mənim yaşım belə keçib, bir öladım yoxdur.

– Şah sağ olsun! Sən bu dünyada ədalətli olub, camaatın ək­sik işlərini düzəldib xəzinənin ağzını açıb fəqir-füqəraya mal və pul dağıtsan sənin öladın olar.

– Vəzir! Sənin bu sözünü imtahan edəcəyəm və mal dö­lət­dən əl çəkib yeddi il camaatdan xərc, bəyar almıyacağam.

Fətəli şah həmin tarixdən dediklərini edib və yerinə yetirdi. Haqq tala bunun belə səxavətli olmasını nəzərə alıb bir ölad kə­ra­mət etdi. Bunun da adını Şahzada Qasım qoydular.

Şahzada Qasımı dayaya və dayadan lələyə verdilər. Ta inki on iki yaşına yetişdi. Bu zaman Fətəli şah vəzirə dedi: Qasımın mək­­təb vaxtıdır. Bunu məktəbə qoymaq lazımdır. Şahın əmrinə gö­rə şahzada Qasımı məktəbə qoydular. Həmin məktəbdə Qa­sım dərs oxuyurdu, həm də dava məşqi alırdı. Bu minval ilə iyir­mi yaşına qədər məktəbə davam etdi. Bir gün şahzada Qasım mol­la­dan izin alıb vəzir vəkil ilə şəhərə çıxıb seyr etdikdən sonra babasının hüzuruna gəlib bir neçə gün vəzir, vəkil yanında şah­­­lıq təlimini almağını söylədi. Babası izin verdi. O bir müddət və­zir, vəkil yanında hər cür təlim aldı.

Qasım bir gün balkonda oturub nartaxta oynuyurdu. Gördü ki, bir neçə oğlan şikardan gəlir. Bunlarda qəribə ovlar vardur. Şah­zada vəzirə dedi: Sabah mən də şikara gedəcəyəm. Qasım sa­bah olcaq əzm, mübariz geyinib babasından izin alıb vəzir, və­kil və qoşun ilə şikara rəvan oldu. O gün axşama qədər qəribə ov­lar şikar edib axşam otağa gəldilər. Şahzada Qasım o gecə sa­ba­ha qədər şikarın şevkindən yatmadı. Sabah olcaq vəzirə dedi: Atam­dan uzaq səfərə şikara getmək iznini al. Vəzir gəzib gəlib şa­ha oğlunun uzaq şikara getmək istədiyini söylədi.

Şah izn verdi. Şahzada Qasım yeddi yüz altı vəzir-vəkil ilə əzm şikar qıldı. O qədər getdilər ki, ta inki şahın torpağından çıx­mağa yaxınlaşdılar. Bu əsnada vəzir dedi: Şahzada! Bura əc­nə­bi şahların vətənidir. Getmək mümkün deyil.

– Vəzir! Məndən əlavə dünyada şah varmıdur? Vəzir: – Şah­zada sağ olsun, dünyada çox şahlar vardur.

– Vəzir! Onu mənim qılıncım bilər. Bu sözü deyib atları sür­dü­lər. Bu surətlə qırx gün yol getdilər, ta inki bir mənzərəli yay­la­ğa yetişdilər. Burada bir ceyranın otlamasını gördülər. Şah­zada Qa­sım ceyranı görəndən and yad etdi ki, bu ceyranı gərək hər nə cür olsa tutam. Bunu deyib qoşuna höküm etdi: bunu hər tərəfdən mü­hasirəyə alın. Hər kimin tərəfindən getsə onun boy­nu­nu vurdu­ra­cağam. Qoşun ceyranın hər tərəfini bü­rü­dü. Bir vədə ceyranı ba­şı­nı otdan qaldıranda gördü ki, ətrafını üzük qaşı kibi araya alıb­lar, oyana-buyana baxıb birdən Şah­zada Qasımın çiyninin üstün­dən elə atıldı ki, o qədəm də Qasım­dan kənara düş­dü. Şahzada Qasım halı belə görəndə dedi: Heç kəs atını sür­mə­sin. Bu ceyran məni fə­qir tapdı və mənim tərəfimdən getdi. Ya gərək öləm və ya bu cey­ranı dutam. Bunu deyib ceyranın da­lın­ca at saldı. Bir müd­dət get­dik­dən sonra qabağında bir dağ nü­mayun oldu. Həmin da­ğın yo­xu­şunu çıxanda gördü: heç bir şey yoxdu, amma bir sər­çeş­mə var. Şahzada Qasım dərd qəm pe­çidə olub həmin sərçeşmənin yanında atdan düşdü; yuxuya get­di. Şah­zada yatmaqda olsun gəl sənə Hind şahının qızı Əs­ma­yıl Pəridən xəbər verim:

Hinddən dayasına höküm etdi. Bu saat kəcavəmi hazır et. Dün­­ya seyrinə getmək istəyirəm. Əsmayılın hökmünə görə zərin kə­cavə hazır oldu. Sarvan ilə yola düşdü. Bir qədər gəzdikdən son­ra güzar Hərat mülkündə səfalı bir yaylağa düşdü. Qəzadan hə­min Qasım yatan sərçeşmənin yanından gedəsi oldular. O qə­dər getdilər, Qasıma yaxınlaşdılar. Sarvan görüb dedi: Xanım, bu­­rada bir qaratlı var. Xanım durbin ilə baxdıqda sarvana dedi: Sür, qorx­ma, yurd yeridir. Sarvan sürdü, sərçeşməyə yaxın­laş­dı­lar. Sarvan Qasımı görcək dedi: Xanım! Bu oğlandan xəta əksik deyil, yu­xu­dan bidar olmamış tez buradan gedər.

– Sarvan qorxma, İsmayıl bu sözü deyib və kəcavədən dü­şüb bulağın üstündə əl-üzünü yumağa məşğul oldu. Bir vədə gö­zü oğlanın gül camalına düşüb əl etdi cürəsinə, bu dillər ilə oğ­­lanı oyatmağa başladı:

Əsmayıl Pəri:

Sarvanın özündən ixtiyar aldım

Oyan oğlan sənnən söhbət edəlim

Özüm yanar-yanmaz odlara saldım

Oyan oğlan! Sənnən söhbət edəlim.
Səni görcək heyva kibi saraldım

Nə öpdüm, nə küsdüm, nə kamım aldım

Bu viran dünyada bimurad qaldım

Oyan oğlan! Sənnən söhbət edəlim.


Naşı sarvan bizi düzə gəzdirdi

İnci sədəf al yanağa düzdürdü

Yar oyanmaz, yaralarım əzildi

Oyan oğlan! Sənnən söhbət edəlim.


Kəseydim yasdığın yanını

Vərəydim kirpiklərin sayını

Nə tapıbsan kor yuxunun kamını

Oyan, oğlan! Sənnən söhbət edəlim.


Şahında qolları kəmər bəstədi

Görən deyər bu biçarə xəstədi.

Bir cift taza narınc sinəm üstədi

Oyan, oğlan! Sənnən söhbət edəlim.


Sən mənim sultanım, sən mənim canım

Sana qurban olsun bu şirin canım

Adım İsmayildi, Hinddi məkanım

Oyan, oğlan! Sənnən söhbət edəlim.

Söz tamama yetişdi. Qız gördü oğlan oyanmadı. Bir nama ya­zıb oğlanın başının altına qoyub yola rəvan oldu. Əsmayıl Hində doğru getməkdə olsun, gəl sənə şahzada Qasımdan xəbər ve­rim. Xeyli vaxtdan sonra qəflət yuxudan bidar oldu. Əsmayıl Pə­rinin yazdığı namanı tapdı gördü ki, belə yazıb:

– Oğlan, hərgah, məni almaq istəsən dalımca Hində gəl. Yeddi il səni gözləyəcəyəm, özüm də sənin oğluna nişanlıyam, amma gəlsən, səninəm. Şahzada atına suvar olub and yad etdi ki, gə­rək Hindin darvazasına qədər qılınc vura-vura gedəm. Ya öləm və ya Əsmayıl Pərini gətirəm. Bu sözü deyib atını sürdü, bir müddət getdikdən sonra bir dağın damənində dəvənin izini gör­dü, atına mahmız göstərib gedirdi. Yenə dəvənin izi gözün­dən qeyb oldu. O mat-məəttəl qalıb fikrə peçidə olmuşdu.

Nagah gördü: Bir cadə rah vardur. Atından piyadə yola nə­zər saldıqda gördü ki, yol ilə bir zərin kəcavə gəlir. Kəcavə ya­xın­laşanda səsləndi: Sarvan! Kəcavəni əylə, görüm nə kərasən?

– Nə istəyirsən? Öz işinə get.

– Sarvan! Kəcavəni əylə, yoxsa, səni öldürərəm.

– Xanım, amandur, indi cavabını ver.

Şahzada Qasım diqqətlə baxanda gördü kəcavədə əgləşən qız­dır. Sazı sinəsinə alıb sözə başladı:

Şahzada Qasım:

Açaydım düymələrin bəndini

Əməydim ləblərin qəndini

Sən bilirsən kəcavənin fəndini

Endir, kəcavədən yarı görəyim.
Açaydım düymələrin arasın

Görsədəydim eşq odunun yarasın

Aman sarvan sən bilirsən çarasın

Endir, kəcavədən yarı görəyim.

Şahzada Qasım baxdı ki, sarvan əgləməyir, aldı dübarə:

Kəcavə dinləndi yoxuş başına

Didələrim doldu qanlı yaşınan

Əqlə sarvan qoy dolanım başına

Endir, kəcavədən yarı görəyim.
Mən Qasımam, yollar üstə duraram

Gah ağlaram, gah boynumu buraram,

Endirməsən, sənə bir ox vuraram,

Endir, kəcavədən, yarı görəyim.

Söz tamama yetişdi. Sarvan kəcavəni buraxıb qaçmaq istə­yir­di. Əsmayil Pəri dedi: Sarvan! Qorxma, kəcavəni əylə. Sar­van kəcavəni əylədi. Əsmayıl Pəri üzündən yeddi dənə rübən­di­ni atdı, şahzada Qasım nə gördü: On dört gecəlik ay kibi bir qə­dər baş verdi, o özünü saxlayamayıb bihuş oldu. Bu vədə xanım dedi: Sarvan, di sür kəcavəni gedək!

– Xanım, başına dönüm, bu oğlana nə etdin ki, belə bihuş düş­dü.

– Gözəllik oxundan bir dənəsini sinəsinə vurdum. Bunlar Hin­də tərəf getməkdə olsun, gəl sənə şahzada Qasımın yeddi yüz atlısından və vəzirindən xəbər verim. Biçarə vəzir şahın qor­xu­sundan qoşun ilə bərabər qırx gün Qasımı gəzdi. Tapa bilmədi. Qırx birinci günü gəzdiyi yerdən şahzada Qasım bihuş düşdüyü yerə yetişdi. Qasımı bidar edib soruşdu:

– Oğul, sənə nə olub, belə hala düşübsən?

– Vəzir! Dil ilə deyə bilmərəm, qulaq as, saz ilə deyim.

Şahzada Qasım:

Fəğfur kəcavədən durdu yeridi

Siyah zülflər dal gərdənin bürüdü

Tarix qoyub Məhəmməd şahın yarıdı

Necə deyim, el içində ar olsun.
Səhər-səhər varid oldum bağına

Düzür bənəfşəni gül buxağına

Əl atmadım şamamanın tağına

İnsafdımı gül həmdəmi xar olsun.

Qasım, dərdin haq yanında az idi.

Bu işlərdə sevda deyil, yazı idi

Tarix qoyub Əhməd şahın qızıdı

Ağla Qasım, şirin dilin lal olsun.

Oğul amandı, doğrusunu söylə görüm, bu nə işdi? Mən sə­nin eşqili-eşqili oxumağınla bir şey anlayamadım. Biçarə Qa­sım aldı dübarə:

Kəcavə yeridi, mən də dalınca

Tab etmədim danışaydı doyunca

Gözüm düşdü qoynundakı narınca

Yoxladım hər elmin kamalın gördüm.
Salavat ver, peyğəmbərin şanında

Həsən, Hüseyn ənbiyalar janında

Dərviş surətində, ərəb donunda

O şah mərdanın, camalın gördüm.


Mən Qasımam, söyləyərəm sözümü,

Çəkmişəm işvəsini, nazını

Doyunca öpəydim ala gözünü

Fəğfur kəcavədə qərarın gördüm.

Söz tamama yetişdi. Şahzada Qasım, vəzir və qoşun ilə ha­lallaşıb Hində tərəf yola düşdü. Bunu Hində getməkdə qoyaq, sizə vəzirdən danışaq. O qoşun ilə barabar şahın hüzuruna qa­yıtdı. Əhvalatı tamamilə nəql etdi. Biçarə şahzada Qasımın ata-anası ağlaya-ağlaya Qasımın yolunu gözləməgə başladı.

Bu yandan şahzada Qasım atına mahmız göstərib altı gün yol sürdü. Yeddinci günü bir qalaya nümayun oldu. Qalanın ya­nı­na gedib hər tərəfi dolandı, amma daxil olmağa bir yol tapa bil­mədi. Axırda cana gəlib qıfıla bir qılınc vurdu. Qıfıl qapıdan kə­nara düşdü. Qalanın içinə daxil olub baxdı gördü: burada yeddi atın töylə mıxı çalınıb və hər tərəfdə dava alatı vardır. Amma heç bir kəs yoxdu. Şahzada buradan keçib qalanın hər tə­rə­fini dolanırdı. O yeddinci mərtəbəyə çıxmışdı gördü yeddinci mərtəbədə bir nazənin sənəm əgləşub ki, dünyada misli-manəndi yoxdu. O qızı hərçi danışdırdı, qız danışmadı.

Şahzada Qasım söz ilə qızı danışdıra bilmədiyindən saz ilə əh­val-pursannıx etməgə başladı:

Şahzada Qasım:

Qəsrdə əgləşən gəlin

Neyə təksən elin yoxdu

Neçun pozğundu tellərin

Əl şanada telin yoxdu.
Mən gəlirəm dağ, daşdan

Ürəyim yandı atəşdən

Ayrılıbsan yaşıl başdan

Tək sonasan gülün yoxdu.


Dərdini Qasıma söylə,

Tiğ alıb bağrımı teylə

Qonağam xoş gəldin eylə

Yoxsa lalsan, dilin yoxdu.

Şahzada Qasımın cavabında aldı Gözəl xanım:

Başına döndüyüm gül üzlü cavan

Bu qəmli gönlümdan nə deyim gülüm

Yerin olsun sənin cənnət rizvan

Bu qəmli gönlümdan nə deyim gülüm.
Tülək tərlan eləyir havada

Gözdərim yoldadı, əlim duada

On bir aydı qardaşlarım davada

Bu qəmli gönlümdan nə deyim gülüm.


Ovçu olan oxun tutar şəstində

Gözüm qaldı gözləriyin məstində

Dava olub mən gözəlin üstündə

Bu qəmli gönlümdan nə deyim gülüm.

Qız sözünü tamama yetirdi. Oğlana oturmağa yer göstərdi. Şah­­zada Qasım əgləşdi. Dedi: özüyün və qardaşlarının əhva­la­tı­nı açıq və aydın mənə söylə.

– Oğlan! Əhməd Hərami deyilən büdpərəstə məni almaq üçün qardaşlarımın yanına elçi göndərdi. Mənim qardaşlarım mə­­nim qırx həramiyə saqi olmağıma razı olmadılar. Əhməd Hə­rami dava istədi. Qardaşlarım mənim üstümdə bəlaya düçar olub o qırx hərami ilə davaya getdilər. İndi hələ də davadadurlar.

– Xanım! Heç qorxub qəm-qüssə çəkmə. Büdpərəstlərin qır­xı da mənim boynuma.

Mən qorxmuram. Amma əvvəldən əhd etmişəm. Hərgah, büd­­­pərəstlər qardaşlarımı öldürsə, mən də bu əlimdəki zəhəri içib özümü öldürəcəyəm.

– Əzizim, and olsun babamın cıqqasına, sabah olcaq o həra­mi­­lərin qırxını da qılıncdan keçirəcəyəm.

Şahzada o gecəni gözəl ilə söhbət ilə keçirdi. Atına suvar olub həmin qız göstərdiyi meydan riznə rəvan oldu. Davanın şid­­dət­­li zamanı yetişdi. Gördü: qırx hərami bir tərəfdə və altı qar­daş da bir tərəfdə səf bağlayıb dururdu. Şahzada atını mey­da­na sürüb sa­lam ey­lədi. Altı qardaş tərəfindən salam alındı. Atını bun­ların tə­rəfinə sü­­rüb dedi: qoymayın, bu büdpərəstləri. Altı qar­­daş belə bir hi­mə­nind idi. Şahzada ilə özlərini bu büd­pə­rəst­lərə vurdular. Qı­lıncı çəkib sağdan-soldan qoşunu murmələx kibi dağıdıb sər­ni­gün et­di­lər. Altı qardaş şahzadanın əl-ayağına düşüb evlərinə ap­ar­­dılar. Oğlanlar öz aralarında dedilər biz nə edək, şahzadanın yax­şılığının altından çıxaq. Balaca qardaşları dedi: Gözəl xanımı bu­na verək. Heç bundan yaxşısı yoxdur. Ha­mı­sı bu sözə razı oldu. Bun­lar toy tədarikində idilər ki, şahzada atını minib Hind səfərinə hazırlaşdı.

Oğlanlar mat-məəttəl qalıb bacılarına dedilər: Nə edək, Qa­sım getmək istəyir. Gözəl xanım şahzada Qasımın yanına gəlib görək nə deyir.

Gözəl xanım:

Yaxşı olur təzə baxça, baja bar

Şirin olur, yemək üçün taza nar

Çox yaxşıdır qürbət eldə taza yar

Getməyəsən, əglənəsən, qalasan.

Sizin yerdə ördək olar, qaz olar

Bizim yerdə söhbət ilə saz olar

Yer üzündə mən tək gözəl az olar

Getməyəsən, əglənibən, qalasan.


Gözəl xanım deyər, bir də məni görgilən

Qızılgülün iyləyibən dərgilən

Dilindən mənə ilqar vergilən

Doğru söylə görüm haçan gələrsən.

Söz tamama yetişdi. Qasım Gözəl xanıma dildarlıq edib and yad etdi. Hind elindən qayıdanda səni də özüm ilə aparacağam. Altı qardaş şahzadanı uzaşdırmaq üçün onnan yola düşdülər. Oğlanlar ilə Qasım Hind elini tutub gedirdi. Beləliklə, iyirmi altı gün yol getdilər, iyirmi yeddinci gün oğlanlar atlarını əylədilər. Dedilər: – Şahzada! Bu yaxında Qubad adlı bir hərami vardı. Ba­şında yeddi yüz yetmiş yeddi dəlisi var. Dünyada belə hərami yoxdu. Əgər bilsə ki, biz onun torpağına ayaq basmışıq quş olub gö­gə uçsaq da endirib öldürər. İndi buradan iki yol ayrılır. Bir yol ilə Hind viılayətinə altı ayda getmək olar, o biri yol ilə iki ay­da getmək olar. Amma o yol Keyqubadın torpağından gedən yoldur. Hansı biri ilə gedirsən get. İxtiyar sənindir.

Şahzada altı qardaş ilə halallaşıb o yaxın yola düşdü. Az vax­ta Keyqubada yetişdi. Keyqubadın bağına varid oldu. Hansı ki, bu bağa dünyada quş səkə bilməzdi. Atıını otlağa buraxıb özü də çarhəvizin səndəlyələrinin üstündə yatdı. Haradansa o gün Keyqubadın arvadı Fəğfur Pəri bağa seyrə çıxmışdı. Birdən yu­­xudan şahzadanın üstə çıxdı. Gördü bir cavan yatıb xət-xalı bə­nəfşə kimi, qəddi-qaməti sərv ağacı kimi. O, kəniz göndərib Key­qubadı oraya çağırtdı. Keyqubad bağa gəlib gördü: o cavan yatıb, onun acığı dutub sözə başladı.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin