Ayrı-seçiliyə məruz qalmama və Təsirli hüquqi müdafiə vasitələri hüququ



Yüklə 73,7 Kb.
səhifə3/9
tarix25.11.2022
ölçüsü73,7 Kb.
#70429
1   2   3   4   5   6   7   8   9
İnsan Hüquqları - Mühazirə 8

Ayrı-seçkiliklə bağlı normanın muxtar xarakteri. Ayrılıqda ayrı-seçkiliklə bağlı normanın pozulmasından AİHK əsasında şikayət verilə bilməz. Onun pozulduğunu Konvensiyadakı hər hansı digər maddi hüquqla “birlikdə götürülməklə” iddia etmək olar. Baxmayaraq ki, ayrı-seçkiliklə bağlı norma özlüyündə müstəqil hüquq olmasa da, bəzən AİHM praktikası ona muxtar xarakter verir. Başqa sözlərlə, Məhkəmə insan hüquqlarına hörmət prinsipi tələb etdiyi hallarda, digər maddələrin şərhində olduğu kimi 14-cü maddədə də “genişləndirilmiş şərh” tətbiq edir.
Ayrı-seçkiliyin əsasları. 14-cü maddənin mətnində qanunsuz ayrı-seçkiliyin mümkün əsaslarının tam olmayan, nümunə siyahısı verilir. AİHK-da sadalanan nümunələr bunlardır:
1) cins, 2) siyasi və ya digər baxışlar, 3) irq, 4) milli və ya sosial mənşə, 5) rəng, 6) milli azlığa mənsubiyyət, 7) dil, 8) əmlak vəziyyəti, 9) din, 10) doğum, 11) “digər əlamətlər” – obyektiv və ağlabatan əsası olmayan istənilən fərq. AİHK-nın 14-cü maddənin mətnindəki “digər əlamətlərə”, AİHM yuxarıda qeyd etdiyimiz kimi, yenə nümunə kimi belə halları göstərir:
- nikah statusu
- peşə statusu
- seksual oriyentasiya
- hərbi rütbə
- nikahdan kənar doğulma.
Şübhəli kateqoriyalar. Fərqli rəftarın əsaslarını müəyyən edərkən, AİHM “şübhəli” adlandırdığı növ və ya kateqoriyaları, digər hallarla müqayisədə daha yüksək və ciddi dərəcədə araşdırır. Belə hallarda fərqli rəftara haqq qazandırmaq dövlət üçün daha çətindir və onun qiymətləndirmə sərbəstliyi daha məhduddur; belə ki, dövlət fərqli rəftar göstərmədə “tutarlı əsasların” və “olduqca əsaslı səbəblərin” olduğunu sübuta yetirməlidir. Aşağıdakı “şübhəli kateqoriyalar” Məhkəmənin presedent hüququ ilə müəyyən edilib və bu hallarda Məhkəmə “tutarlı əsaslar” formulundan istifadə edib:
- cinsə əsaslanan fərqlər;
- dinə əsaslanan fərqlər;
- milliyyətə əsaslanan fərqlər;
- qanuni nikahdan doğulan və nikahdankənar doğulan uşaqlar arasında fərqlər;
- seksual oriyentasiyaya əsaslanan fərqlər.
Sonuncu iki təsnifat Məhkəmə tərəfindən müəyyən edilmiş “digər əlamətlərə” aiddir və “şübhəli kateqoriyaya” aid birinci üç əsasla eyni dərəcədə ciddi araşdırma tələb edən əsaslar hesab olunur.
Cinsə əsaslanan fərqlər. Cinslər arasında bərabərliyinin inkişaf etdirilməsi Avropa Şurasına üzv olan dövlətlərin əsas məqsədi olduğuna görə, cins əlamətinə əsaslanan fərqli
rəftarın Konvensiyaya uyğun hesab edilə bilməsi üçün “olduqca əsaslı səbəblər” gətirilməlidir. Abdülazizin işində cinsə görə fərqli rəftar Birləşmiş Krallığın qanunvericiliyində aydın şəkildə əks olunmuşdu. Ərizəçilər Birləşmiş Krallıqda qanuni və daimi məskunlaşan qadınlar idi, lakin bunların ailə qurduqları, ya da qurmaq istədikləri şəxslər əcnəbilərdi. Müvafiq immiqrasiya qaydalarına görə, ərizəçilərin ərlərinə Birləşmiş Krallıqda ərizəçilərlə birlikdə qalmaq icazəsi verilməmişdi, halbuki, oxşar vəziyyətlərdə ərlərinin yanında qalmaq istəyən qadınlar bu cür məhdudiyyətlərə məruz qalmırdılar. Dövlət iddia edirdi ki, sözügedən kişilər və qadınlar fərqli vəziyyətdədirlər. Mühacir ərlər işçi bazarına qadınlardan fərqli təsir göstərəcəkdilər, çünki statistikaya görə kişilərin iş axtarması ehtimalı qadınlara nisbətən daha çoxdur. Məhkəmə bu nəticəyə gəldi ki, cinsi əlamətə əsaslanan ayrı-seçkilik 14-cü maddəni pozub, çünki Britaniyanın im-miqrasiya qaydaları britaniyalı kişilərlə müqayisədə britaniyalı qadınların əcnəbi həyat yoldaşlarının Britaniyada onlarla qalmalarına icazə almaq imkanını çətinləşdirib. Schuller-Zgraggen İsveçrəyə qarşı işdə (1995) ərizəçi qadın milli məhkəmənin qərarı əsasında əlilliyə görə pensiya almaq hüququndan məhrum edilmişdi. Qərar ona əsaslanırdı ki, gənc övladı olduğuna görə qadının evdən kənarda işləməsinə ehtiyac yox idi. Məhkəmə müəyyən etdi ki, fərqli rəftara haqq qazandıran heç bir tutarlı əsas yoxdur. Buna görə də, o, 8-ci maddə ilə birlikdə (şəxsi və ailə həyatının toxunulmazlığı) götürülməklə 14-cü maddənin pozulduğunu müəyyən etdi. Ünal Türkiyəyə qarşı işdə (2004) qadın ərizəçi bildirmişdi ki, nikahdan sonra ərizəçinin yalnız ilkin soyadının saxlanmasına milli hakimiyyət orqanlarının icazə verməkdən imtina etmələri ayrılıqda və 14-cü maddə ilə birlikdə götürülməklə Konvensiyanın 8-ci maddəsinin pozulmasına bərabərdir. Əvvəlcə AİHM qeyd etdi ki, bu məsələ (adın və soyadın seçilməsi) 8-ci maddənin təsir dairəsinə düşür. Məhkəmə müəyyən etdi ki, evli kişi ilə evli qadın arasında,
onların sosial vəziyyəti və iqtisadi müstəqilliyi arasında olan faktiki fərqlər fərqli rəftara əsas vermir. Məhkəmə ailənin vəhdətini qorumaq üçün tədbirlər görməkdə dövlətlərin qiymətləndirmə sərbəstliyinə malik olduqlarını qeyd etdi. Lakin soyadı seçimində ərin soyadına üstünlük vermək, AİHM-nə görə bərabərlik meyarının pozulmasıdır. Türkiyə ərin soyadının ərlə arvadın ümumi soyadı kimi qəbul edilməsini qanunla nəzərdə tutan Avropa şurasına yeganə üzv
dövlət idi (hal hazırda bu qayda dəyişdirilib). AİHM-nə görə, nikahdan sonra tərəflərin hər hansı birisinin soyadı, ya da hər ikisinin soyadı bərabər istifadə oluna bilər. Soyadın seçimi məsələsində AİHM-nin yanaşması belədir ki, dövlət mümkün olduğu qədər məhdudiyyət qoymasın. Məsələn, ailənin ümumi soyadı kimi ya tərəflərdən birisinin, ya da ki, ər-arvadın soyadının birləşdirərək qoyulması mümkün olmalıdır.
AİHM ayrı-seçkiliyin sadəcə qadınlara qarşı yox, habelə, kişilərə qarşı olub-olmadığını araşdırır. Bəzi hallarda da bunu müəyyən edir. Rasmussen Danimarkaya qarşı (28.11.1984) işdə, doğulan uşağın atalığına etiraz etmək istəyən ər, bunu ancaq məhdud bir zaman ərzində etməliydi. Halbuki uşağın anası üçün belə bir zaman məhdudiyyəti nəzərdə tutulmurdu. Məhkəmə qərara aldı ki, atalıq haqqında prosesə başlamaq üçün qoyulan vaxt məhdudiyyətləri qanuni idi və hüquqi müəyyənliyi və uşağın maraqlarını təmin etmək məqsədi daşıyırdı. AİHM-nə görə belə halda mütənasiblik prinsipi aşılmamışdı. Məhkəmə müəyyən etdi ki, dövlət 14-cü maddə üzrə mütənasiblik prinsipinin hüdudlarını aşmayıb və 6-cı və ya 8-ci maddə ilə birlikdə götürülməklə 14-cü maddənin pozulmadığını müəyyən etdi. Karlheinz Schmidt Almaniyaya qarşı işdə354 (1994) Məhkəmə müəyyən etdi ki, qadınlardan fərqli olaraq yetkinlik yaşına çatmış bütün kişilərdən yanğınsöndürən qismində qulluq etməyi, ya da bunun əvəzində yanğınsöndürmə xidmətinə görə vergi ödəməyi tələb edən qanun 4-cü maddənin 3(d) bəndi ilə
birlikdə götürülməklə 14-cü maddəni pozaraq cins əlamətinə görə ayrı-seçkilik təşkil edir. Əslində bu cür qulluğu icra etmək öhdəliyi, həmin öhdəlik qanuni və nəzəri baxımdan müstəsna xarakter daşıyırdı; çünki daim yanğınsöndürən kimi işləmək istəyən kifayət qədər könüllülər vardı, faktiki olaraq kişi cinsinə mənsub olan heç kəs yanğın-söndürənlər briqadasında məcburi qulluq etmirdi. Lakin AİHM qərara aldı ki, maliyyə yardımı faktiki olaraq özünün kompensasiya
xarakterini itirmiş və bu cür maliyyə öhdəliyinin qoyulması ucbatından o, vergi öhdəliyini çevrilmişdi; belə olan halda cins əlamətinə görə fərqli rəftara haqq qazandırmaq olmazdı.Ataların uşağa baxmaq üçün ödənişli valideynlik məzuniyyəti hüququna sahib olmaları məsələsinə gəldikdə, AİHM qərarlaşdırdı ki, atalardan fərqli olaraq anaların valideynlik məzuniyyətinə görə müavinət alması 8-ci maddə ilə birlikdə götürülməklə 14-cü maddəni pozmur.355 Məhkəməyə görə Dövlət özünün qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdı və “buna bənzər digər vəziyyətlərdə hər hansı fərqlərin qanuna əsaslanan fərqli rəftara haqq qazandırıb-qazandırmadığını və nə dərəcədə haqq qazandırdığını” qiymətləndirmək
hüququna malikdi. Lakin bir müddət sonra, AİHM başqa cür qərar aldı. Bu işdə ərizəçi iddia edirdi ki, sosial təminat və müavinətlər haqqında qanunvericilikdə dul qadınlara güzəştlərin nəzərdə tutulduğu halda, oxşar vəziyyətdə olan dul kişilərə münasibətdə bunun olmaması cins əlamətinə görə ayrı-seçkilik olub 14-cü maddənin pozuntusudur. Ərizəçinin arvadı onların nikahda olduqları bütün müddət ərzində işləmişdi və ailənin əsas gəlir gətirən üzvü idi. O, vəfat edərkən ərizəçi bütün gün ərzində uşaqlarına qulluq etmək üçün işdən çıxdı. Ərizəçiyə görə İngiltərə qanunvericiliyinin belə tənzimlənməsində əsas səbəb o idi ki, ərdə olan qadınlar nadir hallarda işləyirlər və ərlərinin gəlirlərindən daha çox asılı olurlar və beləliklə də, onların maliyyə yardımına ehtiyacları dul qalmış kişilərlə müqayisədə daha çoxdur. Məhkəmə qeyd etdi ki, güzəştlərin verilməməsi yalnız ərizəçinin cinsi mənsubiyyətinə əsaslanıb. Kişi ilə qadına münasibətdə fərqli rəftarın hər hansı “obyektiv ağlabatan əsası” yox idi və həmin rəftar 1 saylı Protokolun 1-ci maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozuntusunu təşkil edirdi.

Yüklə 73,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin