Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Y.V.Andropov (1982 – 1984-cü illər) və K.U.Çernen­konun (1984-1985-ci illər) Sov.İKP-MK-nin Baş katibi olduğu dövrdə SSRİ-nin daxili və xarici siyasəti



Yüklə 2,21 Mb.
səhifə6/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   186
ABŞ D.Eyzenhauerin prezidentliyi dövründə (1952-1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində Koreyada aparılan müharibəyə son qoymağı seçki qabağı platformasında elan etmiş, Avropada müharibə dövründə ABŞ qoşunlarının baş komandanı olmuş, «Overlord» əməliyyatına başçılıq etmiş, Almaniyanın dörd işğal zonasından birinə rəhbərlik etmiş, həmçinin əvvəllər bir idmançı kimi ABŞ-da tanınmış Duayt Eyzenhauer qələbə çaldı. O, respublikaçılar partiyasından idi. Eyzenhauer ABŞ-ın hakimiyyətə gəldikdə Amerika xalqı tərəfindən rəğbətlə qarşılanan, hakimiyyətdən getdikdə də rəğbətlə yola salınan prezidentlərindən olmuşdur.

Eyzenhauer hakimiyyətə gəlməmişdən qabaq demokratların dövlətin iqtisadiyyata fəal müdaxiləsi prinsipini tənqid etmiş və fərdiyyətçiliyə qayıtmağın əlverişli olduğunu göstərmişdir. Lakin hakimiyyətə gəldikdən sonra o öz iqtisadi siyasətini «dinamik mühafizəkarlıq» adlandıraraq bir növ Ruzveltin siyasətini davam etdirdi. Siyasətdə realist olan Eyzenhauer tezliklə başa düşdü ki, ABŞ kapitalizmi artıq çoxdan korporativ kapitalizmə çevrilmişdir və dövlətin iqtisadi və sosial sahədə rolunu nəinki ixtisar etmək, əksinə, artırmaq lazımdır. 50-ci illərdə ABŞ-ın dövlət mülkiyyəti 276 milyard dollar təşkil edirdi. Bu rəqəm 1960-cı ildə birlikdə götürüldükdə Fransa, AFR, İtaliya, Belçika, Hollandiya və Lüksemburqun dövlət mülkiyyətindən çox idi. Eyzenhauer daxili siyasətində, xüsusilə sosial sahədə özündən əvvəl hakimiyyətdə olmuş demokratların siyasətini bir neçə əlavələrlə davam etdirməyə başladı. O, azad rəqabət və azad ticarət prinsiplərini bərpa etmək tezislərindən əl çəkdi. Bununla bərabər o, Trumen hökumətinin tətbiq etdiyi iqtisadiyyat üzərində nəzarət tədbirlərini ləğv etdi. Məqsəd durğunluğu aradan qaldırmaq, işsizliyi minimum həddə endirmək, inflyasiyaya yol verməmək idi. Görülən tədbirlər nəticəsində ABŞ iqtisadiyyatında irəliləyiş təmin olundu. Yüksək məşğulluq səviyyəsi və qiymətlərin sabitliyi saxlandı. Bütün ölkədə kütləvi istehslakın rəmzi olan ticarət mərkəzləri yarandı. İri müəssisələr – konqlomeratlar meydana gəldi. 500 nəhəng korporasiya ölkənin həyatı üzərində nəzarəti öz əlinə aldı. Amerikalılar ilk dəfə olaraq «firavanlıq dövləti»nin bəhrəsini gördülər. Təsadüfi deyildir ki, XX əsrin 50-ci illərindən 70-ci illərinin sonuna qədər olan dövr ABŞ-ın «Qızıl əsri», «varlanma və çiçəklənmə əsri» adlandırılırdı. O, vergiləri azaltdı, səmərəli kredit siyasəti yeritməyə başladı. Həmçinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə nail oldu. Sosial təminat sistemi genişləndirilərək daha 10 milyon adama şamil edildi. Onun dövründə bir nəfərə 50 m2 mənzil sahəsi düşürdü. Bu dövrdə Leyvit evlərinin tikilməsinə başlandı. Leyvit xüsusi mənzillər quraşdırırdı ki, onları hazır şəkildə istənilən yerdə aparıb qurmaq mümkün idi. Əhalinin çoxunun xüsusi mənzilləri oldu. Təsadüfi deyil ki, Eyzenhauerin dövründə əhalinin yarıdan çoxu orta təbəqəyə çatdı. 50-ci illərdə ABŞ-da güclü elmi-texniki inqilab baş verdi. Bu dövrdə ABŞ-ın üçüncü böyük şəhəri olan Pensil­va­niya ştatındakı Filadelfiyanın yerini Koliforniya ştatındakı Los-Anceles tutdu. Bu zaman əhalinin 90%-nin hissəsinin evində artıq televizor var idi. Ölkədə bu dövrdə 7,5 min mil şosse yolu çəkildi. 50-ci illərdə ölkədə sənaye məhsulu istehsalı 45%, kənd təsərrüfatı isə 17% artmışdı. 50-ci illərdə ABŞ iqtisadiyyatı üçün səciyyəvi cəhət istehsalın avtomatlaşdırılması oldu.

Elmi-texniki inqilab ABŞ fermer tə­sər­rü­fatının dağılmasını sürətləndirdi. Bu dövrdə, kənd təsər­rüfatı əha­lisinin sayı 5 milyon azaldı. Hər il kənd əhali­sində 5% ixtisar getdi.

Eyzenhauerin dövründə ölkədə makkartizm tüğyan etməyə başladı. Onun əsası hələ Trumenin dövründə senator seçilmiş Cosef Makkarti tərəfindən qoyulmuşdur. Ölkədə aparılan bu kompaniya «Şeytan ovu» adlandırılırdı. Bu kampaniya güya SSRİ başda olmaqla dünya kommunizminin ABŞ-a qəsd təşkil etməsi barədə vahimə yaradılması əsasında aparılırdı. O, 1950-ci ilin fevralında bildirdi ki, ABŞ-ın dövlət departamentində 205 nəfər kommunistin olduğunu müəyyən­ləş­dirmişdir. Əslində bu siyasət SSRİ-yə qarşı çevrilmiş, antisovet, antikommunist mahiyyət daşıyırdı. Respublikaçıların hakimiyyəti dövründə konqresin tərkibində Cosef Makkartinin başçılığı altında xüsusi komissiya da yaradılmışdı. Onlar göstərirdilər ki, Ruzvelt ölkədə sosializm qurmağa çalışırmış. Ona görə də onun dövrü «satqınlıq dövrü»dür. Həmçinin bir sıra mütərəqqi Amerika mədəniyyət xadimlərinə, o cümlədən, Çarlz Çaplinə qarşı təqiblər başlandı. O, ölkəni tərk etməyə məcbur oldu. Ölkədə bir sıra irticaçı təşkilatlar, o cümlədən «Amerika legionu», «Ku-kluks-klan», «Kolumbiya cən­gavərləri», «Xarici müharibənin veteranları» təşkilatları Mak­kartinin fəaliyyətini müdafiə edirdilər. 1953-1954-cü illərdə sağ qüv­vələrin hərəkəti son həddinə çatdı. Külli miqdarda dövlət vəsaiti bu işə sərf olundu. Bu kampaniya 1954-cü ildə sona yetdi. Makkarti artıq ordunu da günahlandırdıqda və bu televiziya ilə verildikdə Amerika xalqı dözmədi. Nüfuzdan düşdüyünü görən konqres 1954-cü il dekabrın 2-də onu müqəssir bildi.

Bu dövrdə hakim dairələrdə antikommunist əhval ru­hiyyə yenə də davam edirdi. Belə ki, 1954-cü ilin avqustunda Eyzenhauer konqres tərəfindən «Kommunistlərin fəaliyyəti üzərində nəzarət haqqında» qanun verilməsinə nail oldu. Həmin qanunla Kommunist partiyasının fəaliyyəti qadağan edildi.

1950-ci ildə zəncilər öz azadlığı uğrunda mübarizəni gücləndirdi. 1954-cü ildə ABŞ Ali məhkəməsi məktəblərdə seqreqasiyanı – irqi ayrı-seçkilik prinsipini Konstitusiya əleyhinə olan akt kimi qiymətləndirdi. 1955-ci ildə Alabama ştatında avtobusda irqi ayrı-seçkilik böyük həyəcana səbəb oldu. 1960-ci ildə konqres, qara dərili əhalinin seçki hüququnu müdafiə edən «»Vətəndaş hüquq və azadlıqları haqqında akt» qəbul etsə də, ancaq 60-cı illərdə bu siyasət reallığa çevrildi.

Bu dövrdə ABŞ-ın xarici siyasətində də müəyyən cəhətlər özünü göstərməyə başladı. İlk növbədə Eyzenhauer verdiyi vədə əməl edərək 1953-cü ilin iyulun 27-də Koreyada müharibənin qurtarmasına nail oldu. Hələ prezident Trumenin dövründə Moskvada ABŞ-ın səfiri işləmiş Kennon tərəfindən işlənib hazırlanmış «rusların hər hansı bir cəhdinin qarşısını almaq siyasəti» yenə də öz aktuallığını saxlayırdı. ABŞ-ın xarici siyasəti yenə də zor işlətməkdə öz əksini tapırdı. Eyzenhauer silahların və bütün iqtisadiyyatın modern­ləşdirilməsi xəttini yeritdi. Onun prezidentliyi dövründə hərbi xərclər iki dəfə artdı, strateji yollar çəkildi. 1954-cü ildə SEATO hərbi blokunun yaradılmasının təşkilatçılarından biri də ABŞ oldu. Əgər Trumen hidrogen silahının istehsalı haqqında sərəncam vermişdisə, Eyzenhauer hətta onu işlətməyi mümkün hesab edirdi. Buna baxmayaraq Eyzenhauer dediyinə əməl etməyi bacarmadı. 1954-cü ildə Vyetnama Fransa tərəfindən müstəqillik verilməsini müdafiə etdi. 1955-ci ilin iyulunda Cenevrə konfransında Eyzenhauer tərksilaha dair «açıq səma» doktrina­sını irəli sürdü. Bu doktrina SSRİ tərəfindən rədd edilsə də, böyük dövlətlərin başçıları arasında əlaqələrin başlanğıcını qoydu. Eyzenhauer 1956-cı ildə Suveyş kanalı Mi­sir tərəfindən milliləşdirirlərkən Fransa, İngiltərə və İsraillə müharibədə Misiri müdafiə etdi. 1957-ci ilin yanvarında Yaxın və Orta Şərqlə əlaqədar Eyzenhauer xü­su­si doktrina irəli sürdü ki, bu tarixə «Eyzenhauer doktri­nası» adı altında daxil oldu. O zaman bu regionda dünya neft ehtiyatlarının 2/3 hissəsi yerləşirdi. Digər tərəfdən bu region Avropa, Asiya və Afrika ölkələrinin əlaqələrini təmin edirdi. Həmin doktrina Bağdad paktı üzvlərinə və İsrailə aid edilirdi. Bu doktrinanın əsas istiqamətləri ərəb ölkələrinin iqitsadi inkişafına ABŞ-ın kömək etməsindən, hərbi yardım və əməkdaşlıq proqramları hazırlamağa təşəbbüs göstərməkdən, Yaxın Şərq ölkələrinin suverenliyini qorumaq üçün lazım gəldikdə ABŞ silahlı qüvvələrindən istifadə etməkdən ibarət idi. Həmin doktrinaya əsasən ABŞ öz möv­qe­yini Yaxın və Orta Şərqdə möhkəmləndirdi. Bu doktrina həmin dövrədək ABŞ siyasətində hələ də mövcud olan bitərəfliyi rədd edərək «boşluğu güclə doldurmaq» nəzəriyyəsinin əsasının qoydu. Bu doktrina, ABŞ-ın Yaxın və Orta Şərq siyasətində yeni mərhələnin başlanğıcını qoydu. 1958-ci ildə ABŞ Livana qoşun göndərdi, Konqoda 1960-cı ilin sentyabrında P.Lumumba hökumə­tinin devril­məsini təşkil etdi. Bunu bəzən siyasi ədəbiyyatda «Konqo böhranı»da adlandırırlar.

Eyzenhauer dövründə silahlanmaya vəsait qoyuluşu artırılsa da, lakin ABŞ raket texnikası sahəsində SSRİ-dən geri qalırdı. 1957-ci ilə qədər ABŞ SSRİ ilə zor dili ilə danışmağa daha çox üstünlük verirdi. 1957-ci ildə SSRİ-də Yerin süni peyki buraxıldıqdan sonra ABŞ başa düşdü ki, SSRİ ilə münasibətləri mülayimləşdirmək lazımdır. 1959-cu ildə ilk dəfə vitse-prezident Riçard Niksonun rəhbərliyi ilə Moskvada ABŞ mallarının sərgisi açıldı. Elə həmin ilin sentyabrında SSRİ-nin dövlət başçısı Nikita Sergeyeviç Xruşşov ABŞ-a səfər etdi. Lakin 1960-cı ildə ABŞ-la SSRİ arasında münasibətlər yenidən pisləşdi. Buna səbəb Sverdlovsk üzərində ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsinin (U-2) vurulması idi. Bu hadisə ABŞ-ı inandırdı ki, SSRİ güclü döyüş hazırlığına malikdir.

ABŞ 50-ci illərdə 39 dövlətlə ikitərəfli hərbi-müqavilələr bağladı.

Eyzenhauer hökuməti öz xarici siyasətində Latın Amerikası ölkələrinə xüsusi diqqət yetirirdi. ABŞ burada fəallaşaraq mövqelərini möhkəmləndirdi. 1954-cü ilin yanvarında ABŞ Qvatemalada inqilabi hərəkatın yatırılmasında iştirak etdi. Eyzenhauerin 1959-60-cı illərdə Qərbi Avropa və Latın Amerikası ölkələrinə səfərləri də qarşılıqlı müna­sibət­lərin xeyli inkişaf etməsinə səbəb oldu.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin