Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


N.S.Xruşşovun Sov.İKP MK-nın Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti



Yüklə 2,21 Mb.
səhifə5/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   186
ABŞ H.Trumenin prezidentliyi dövründə (1945-1952-ci illər). 1945-ci ilin aprelin 12-də ABŞ tarixində müstəsna rol oynamış, real və çevik siyasətçi F.Ruzvetin ölümündən sonra prezident kürsüsünə Harri Trumen əyləşdi. Şəxsiyyət etibarilə Trumen bu vəzifəyə hazır olmadığını özü də etiraf edirdi. Ruzvelt özü bir çox vacib məsələləri Trumenə etibar etmirdi. Lakin Trumen bir cəhətdə – çeviklikdə Ruzvelt kimi idi. Ruzveltin siyasətini davam etdirməyi qarşısına məqsəd qoyan Trumen ilk növbədə «dollar imperiyası» yaratmaq planını həyata keçirməyə başladı. Hazırda Ağ Evdə onun arxasında oturduğu stolun üstündə bu sözlər yazılıb: «Dollar hər yerdə ayaq açıb yerisə də, Ağ Evdə dayanır». Müharibədən sonra dərhal iqtisadiyyat hərbi xətdən dinc xəttə keçirildi ki, bu rekon­versiya adlanırdı. Trumen ordudan tərxis edilən əsgərləri işlə təmin etmək məsələsini ön plana çəkdi. O, 1945-ci ilin sentyabrında «ədalətli xətt» proqramının irəli sürdü.

Bu proramda müxtəif nəzarət tədbirlərinin saxlanılması şərtilə iqtisadiyyatın rekonversiyası nəzərə tutulurdu. 1944-1946-cı illərdə o bir sıra qanunların konqress tərəfindən qəbul olunmasına nail oldu ki, bunlardan biri «Hüquqlar haqqında əsgər billi» idi. Həmin qanuna görə ordudan tərxis edilən əsgərlərə kredit ayrılırdı ki, onlar mənzil ala, işlə təmin oluna, biz­neslə məşğul ola bilsinlər. Konqres 1946-cı ilin fevralında əhalinin tam məşğullunu təmin etməyə yönəldilmiş iqitsadi fəaliyyət proqramını həyata keçirməyə kömək edən «Məşğulluq haqqında» xüsusi qanun qəbul etdi. 1946-cı ilin may ayında iki il ərzində veteranlar üçün 2,7 milyon mənzil tikilməsini nəzərdə tutan xüsusi fövqaladə qanun qəbul edildi. 1946-cı il dekabrın 31-d H.Trumen hərbi əməliyyatların başa çatmasına dair bəyənnamə imzaladı. 1947-ci ilin sonu üçün ABŞ konqresi əmək haqqı və qiymətlər üzərində qoyulmuş nəzarət mexanizmini ləğv etdi. 1948-ci ildə isə minimum əmək haqqı haqqında qanun verildi ki, həmin qanuna əsasən ABŞ-da saathesabı əmək haqqı 40 sentdən 75 sentə qədər artırıldı. Sosial müdafiə sistemi genişləndirildi, ucuz mənzillər tikilməsi proqramı qəbul edildi. Müharibə illərində yaradılmış və dövlətə məxsus olan sənaye müəssisələrinin taleyi məsələsi də həll olundu. Trumen hökuməti 17 milyard dollar dəyərində olan 2800-ə qədər dövlət müəssisəsinin yarı qiymətinə 250 korporasiyaya satılmasını təmin etdi. Ölkədə konqlo­meratların, yəni müxtəlif sənaye sahələrini əhatə edən iri şirkətlərin fəaliyyəti üçün geniş imkanlar yaradıldı. Bununla bərabər, Trumen inzibati idarəsi imkan verdi ki, xırda və orta müəssisələr də öz fəaiyyətlərini genişləndirsinlər. ABŞ-da «firavanlıq dövləti» yaranmış oldu.

Trumenin dövründə kommunizm təhlükəsinə qarşı mübarizə dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1947-ci ilin mart ayının 22-də Trumen dövlət qulluqçularının loyallığını yoxlamaq haqqında xüsusi qanun qəbul edilməsinə nail oldu. Həmin qanuna əsasən azacıq şübhə yaradan dövlət qulluqçuları vəzifələrindən kənar edildilər. 90-a qədər demokratik təşkilat fəaliyyətini dayandırmalı oldu. 1947-ci ilin iyun ayının 23-də senator Taft və Xartli tərəfindən hazırlanmış və onların adı ilə adlanan «Sənayedə əmək münasibətlərini nizama salmaq haqqında» yeni qanun qəbul edildi. Həmin qanun 1935-ci ildə qəbul edilmiş Vaqner qanununun həmkarlar ititfaqlarına verdikləri geniş hüquqları məhdudlaşdırırdı. O zaman ABŞ-da həmkarlar ititfaqının 15 milyona qədər üzvü vardı. Bunlardan 7 milyonu Amerika Əmək Federasiyasının, 6 milyonu isə 1936-cı ildə təşkil edilmiş, ixtisassız fəhlələri əhatə edən İstehsalçıların Həmkarlar İttifaqı konqresinin üzvləri idilər. Bu qanuna görə həmkarlar ititfaqları öz üzvləri və maliyyə fondu haqqında hökumətə qabaqcadan məlumat verməli idi. Həmkarlar ittifaqları öz fondundan siyasi məqsədlər üçün pul ayırmamalı idi. Həmkarlar ititfaqları keçiriləcək tətil barəsində 60 gün əvvəl məlumat verməli idi. Dövlət qulluqçuları həmkarlar ittifaqının üzvü olmamalı və tətildə iştirak etməməli idilər. Prezidentin səlahiyyəti çatırdı ki, tətilləri 80 günə qədər təxirə salsın. Həmçinin məhkəməyə hüquq verilirdi ki, tətilləri qadağan etsin. Bütün bunlar isə Vaqner qanununda nəzərdə tutulanların əleyhinə idi. Əslində demokratik cəmiyyət yaratmaq istəyən Harri Trumen bu qanunla antidemokratik prezident olduğunu sübut etdirdi.

1946-cı ilin avqustunda atom üzərində nəzarəti həyata keçirmək üçün xüsusi komissiya təşkil edildi. 1947-ci ilin iyulunda iki mühüm təşkilat – Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqat bürosu (FTB) yaradıldı. 1947-ci ilin iyulun 26-da prezident yanında əsasən məşvərətçi funksiya daşıyan Milli təhlükəsizlik Şurası yaradıldı. Onun başlıca vəzifəsi ABŞ-ın daxili və xarici siyasəti ilə bağlı müzakirələr keçirmək və prezidentə təkliflər vermək idi. Trumen 1947-ci ildə hidrogen bombasının istehsalı haqqında göstəriş verdi. 1950-ci ilin sentyabrında konqress tərəfindən «Daxili təhlükəsizlik haqqında» Makkaren-Vud qanunu qəbul edildi. Həmin qanuna əsasən demokratik təşkilatlar ədliyyə nazirliyində təxribatçı təşkilatlar kimi qeydiyyatdan keçməli idi. Qeydiyyatdan keçməyənlər 10 min ABŞ dolları dəyərində cərimə olunmalı və 5 il həbs cəzasına məhkum edilməli idilər. 1952-ci ildə isə konqress xarici mənşəli amerikalıların fəaliyyəti ilə əlaqədar Makkaren-Uolter qanunu adlı xüsusi qanun qəbul etdi. Həmin qanuna əsasən 14-15 milyona qədər xarici mənşəli Amerika vətəndaşı ölkədən qovuldu.

Zənci əhaliyə qarşı münasibətdə Harri Trumen loyal idi. İkinci dünya müharibəsində ABŞ-dan bir milyona qədər zənci vuruşmuş və onların çoxu xüsusi qəhrəmanlıq göstərmişdir. Lakin buna baxmayaraq zəncilərin, xüsusilə cənubda yaşayanların seçki hüququ yox idi. O zaman ABŞ-da isə təxminən 25 milyondan artıq zənci yaşayırdı. Trumen belə hesab edirdi ki, zəncilərə qarşı münasibətdə mülki bərabərlik olmasa da, siyasi bərabərliyə razılaşmaq lazımdır. Ona görə də onlara seçki hüququ verilməsi məsələsini ilk dəfə konqresdə Harri Trumen qoydu.

Harri Trumenin dövründə hindulara da münasibətdə dəyişiklik yarandı. 40-cı illərin II yarısında hinduların sürətlə öz yaşayış yerlərindən məhrum edilib şəhərlərə qovulması prosesi başladı. Bu proses çox böyük narazılığa səbəb oldu. 1950-cı ildə hindular bildirdilər ki, onlar öz yaşayış yerlərini tərk etməyəcəklər. Dövlət onlara güzəştə getməli oldu. Ruzervasiya siyasəti həyata keçirildi.

1951-ci ilin avqustunda ABŞ konstitusiyasına 22-ci əlavə edildi. Həmin əlavəyə əsasən ABŞ-da hər prezident ancaq iki dəfə - 8 il müddətinə seçilə bilərdi. Yalnız H.Trumen üçün bu şamil edilmirdi.

Trumenin dövründə ABŞ-ın yeni xarici siyasət xətti «atom diplomatiyası» adını aldı. 1946-cı ildə ABŞ-ın dövlət departamentinin məmuru D.Kennon tərəfindən «Rusların müdaxilə meylinin qarşısını almaq» konsepsiyası irəli sürüldü ki, bu tezliklə ABŞ-ın rəsmi doktrinası oldu. Bunun əsasında xarici siyasətdə «zor işlətmək», «müharibə həddində müvazinət», «total qarşıdurma» doktrinaları irəli sürüldü. Müharibə qurtardıqdan sonra dərhal antihitler koalisiyasının üzvləri, xüsusilə SSRİ ilə ABŞ arasındakı ziddiyyətlər daha qabarıq üzə çıxdı. Qütbləşmə gücləndi. 1946-cı ilin martında Çörçillin Fultondakı çıxışında Trumen də iştirak edirdi. Bu çıxış SSRİ-yə qarşı düşmənçilik mövqeyində idi və «soyuq müharibə» siyasətinin başlanması demək idi. («Soyuq müharibə» terminini ilk dəfə siyasi ədəbiyyata 1947-ci ildə məşhur amerikan diplomatı Con Foster Dalles gətirmişdir). ABŞ-la SSRİ arasındakı ixtilatları gücləndirən amillərdən biri də 1948-ci ildə baş vermiş Berlin böhranı idi. ABŞ, İngiltərə və Fransanın Almaniyanın qərb hissəsində seperat pul islahatı kçirmələri. SSRİ-nin böyük narazılığına səbəb oldu. Çin məsələsində də SSRİ ilə ABŞ arasında ixtilaf yarandı. ABŞ tələb edirdi ki, Çinə Şanxay hökuməti rəhbərlik etsin. SSRİ isə bunun əleyhinə idi. 1948-ci ildə ABŞ SSRİ-nin də iştirakı ilə siyasi və hərbi təşkilat yaratmaq məsələsini irəli sürdü. Lakin SSRİ buna razı olmadığına görə ABŞ-ın rəhbərliyi ilə 1949-cu il aprelin 4-də Şimali Atlantika paktı (NATO) yaradıldı. Yenə ABŞ-ın iştirakı ilə 1951-ci ildə yeni bir hərbi pakt olan ANZYUS təşkil edildi.

1951-ci ilin sentyabr ayında San-Fransisko şəhərində 48 dövlətin iştirakı ilə Yaponiya ilə sülh müqaviləsi imzalandı. Həmin müqaviləni Çin və Koreya məsələsində narazı qaldığına görə SSRİ və onun təsiri altında olan Polşa və Çexoslovakiya imzalamadılar.

ABŞ-ın xarici siyasətində Avropa da əsas yer tuturdu. İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yunanıstan və Türkiyəyə təsiri xeyli gücləndi. Bundan məqsəd SSRİ-yə qarşı həmin ərazilərdən bir plasdarm (meydan) kimi istifadə etmək idi. 1947-ci ildə İngiltərə hökumətinin maddi cəhətdən vəziyyəti kifayət qədər yaxşı olmadığına görə o, bu ölkələrə yardım etməkdən imtina etdi. Əlverişli imkandan istifadə edən ABŞ bu missiyanı dərhal öz üzərinə götürdü. 1947-ci ilin martın 12-də məşhur «Trumen doktrinası» elan edildi. Həmin doktrinaya əsasən Yunanıstan və Türkiyəyə 400 milyon dollar yardım göstərilməsi nəzərdə tutulurdu. Bu doktrina ABŞ-ın xarici siyasətində dönüş mərhələsinin başlanması demək idi.

1947-ci il iyun ayının 5-də ABŞ-ın dövlət katibi Marşallın çıxışında irəl sürülmüş xüsusi plan konqres tərəfindən bəyənildi və tarixə «Marşall planı» adı ilə daxil edildi. 1948-ci ilin aprelində konqres ərəfəsində qəbul edilmiş həmin planda İkinci dünya hmüharibəsində zərər çəkmiş Avropa ölkələrinə ABŞ-ın kömək etməsi nəzərdə tutulurdu. İkinci dünya müharibəsi nəticəsində Avropada dağıdılmış təsərrüfatı bərpa etməyə bu köməyi etməzdən əvvəl ABŞ-ın özünün həmin ölkələrdəki daxili vəziyyəti öyrənməyi bir şərt kimi irəli sürülürdü. SSRİ buna razı olmadı. 1948-1952-ci illərdə Avropanın 16 ölkəsi 17 milyard dollar dəyərində olan Marşall planına qoşuldu. Ancaq Finlandiya, İspaniya və Avropanın «sovet modeli» əsasında qurulmuş sosialist ölkələri bu plana qoluşmadılar.

ABŞ-ın xarici siyasətində bu dövrdə 3-A ölkələrinə, yəni Asiyanın, Afrikanın və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə «kömək etmək» məsələsi də mühüm yer tuturdu. Belə ki, 1949-cu ilin yanvarın 20-də Trumen asılı ölkələrə texniki-iqtisadi «kömək» təklifini irəli sürdü. Lakin belə bir şərt irəli sürüldü ki, əgər onlar inqilabi mübarizədən əl çəksələr və ABŞ-ın «demokratik» ənənələrinə əməl etsələr, onlara bu «kömək» ediləcəkdir. Əslində bu kömək altında ABŞ onları öz təsiri altına almağı planlaşdırırdı. 1947-ci ilin sentyabrın 2-də ABŞ bu məqsədlə Latın Amerikası ölkələri ilə «Qərb yarımkürəsinin müdafiəsi» paktı adlanan Rio de Janeyro paktını imzaladı. 1948-ci ilin aprelində isə 29 dövlətin iştirakı ilə Amerika dövlətləri təşkilati yaradıldı. Onu bəzən istehsza ilə «Vaşinqton müstəmləkələri nazirliyi» də adladırırdılar.

ABŞ-ın 1950-ci ilin iyununda Koreyaya müdaxiləsi Trumenin nüfuzunu zəiflətdi. Eyzenhaner öz memuarlarında yazırdı ki, vətəndaş müharibəsi və iki dünya müharibəsindən sonra bu ABŞ tarixində ən qanlı müharibə idi. Çünki bu müharibədə ABŞ 54 min, onun müttəfiqləri isə 29 min adam itirdilər.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin