Avqust 2016 İş yeri statistikası açıqlanıb


Vergilər Nazirliyinin Tədris Mərkəzi nə işlər görür?



Yüklə 4,35 Mb.
səhifə33/46
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#1670
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

Vergilər Nazirliyinin Tədris Mərkəzi nə işlər görür?


24.08.2016


Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov “Vergilər” qəzetinə müsahibə verib. Transparency.az həmin müsahibəni ixtisarla təqdim edir.

2011-ci ildən fəaliyyətə başlayan mərkəz insan resurslarının inkişafı, kadrların peşə hazırlığının yüksəldilməsi ilə məşğuldur.

Əli müəllim, rəhbərlik etdiyiniz mərkəzin 5 illik fəaliyyətinə nəzər salanda statistik mənzərə necə görünür?

— Bu illər ərzində mərkəzdə tədris və təlimin inkişafında müsbət dinamika müşahidə edilir. Məsələn, 2011-ci ildə qısamüddətli təlimlərə 265 nəfər əməkdaş cəlb edilmişdi, 2015-ci ildə rəqəm 1988 olub. İxtisasartırma kursları üzrə tədris kurslarına 2011-ci ildə 59 nəfər əməkdaş cəlb edilib, 2015-ci ildə 398 nəfər əməkdaş müxtəlif fəaliyyət istiqamətləri üzrə kurslara qatılıb. Stajor əməkdaşların sayında azalma olub, bu göstərici 2011-ci ildə 149 nəfərdən 2015-ci ildə 126 nəfərə enib.

Vergi orqanı əməkdaşları üçün tədrisin kifayətlilik göstəricisi kimi bir təqvim ili ərzində bir orta statistik vergi işçisinə düşən tədris günlərinin sayı əsas götürülür. 2015-ci ildə Tədris Mərkəzinin təşkil etdiyi təlimlər üzrə kifayətlilik göstəricisi 7,1 adam-gün (fond hesabına saxlanan müfəttişlər nəzərə alınmadan) olub. 2011-ci il ərzində həmin göstəricinin illik qiyməti 3,2, 2012-ci ildə 3,7, 2013-cü ildə 4,7, 2014-cü ildə isə 7,2 adam-gün idi. 2016-cı ilin birinci yarım ili ərzində bu göstərici 4 adam-gün təşkil edib.

— Təlim və tədris prosesinin təkmilləşdirilməsi üçün nə kimi tədbirlər görülür?

— Vergilər nazirinin “Vergi orqanı əməkdaşlarının və vergi orqanlarına işə qəbul olunan şəxslərin sahələr üzrə sertifikatlaşdırılması barədə tədbirlər planı”nda sahələr üzrə təlim proqramlarının, proqrama daxil ediləcək mövzular üzrə təlim materiallarının və test bazasının hazırlanması kimi tapşırıqların icra edilməsi nəzərdə tutulub.

Tədris Mərkəzinin Vergilər Nazirliyinə müraciəti əsasında təqdim edilmiş qrafikə uyğun olaraq mütəxəssislər cəlb edilib, test bazası tamamilə yenilənib və ekspertizası keçirilib.

“Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili qaydaları”na əsasən, AVİS-in “Tədris” altsistemi və Vergilər Nazirliyinin “E-Kitabxana” altsisteminin “E-öyrənmə” bölməsi üzrə dəyişikliklər edilməsi də nəzərdə tutulub.

— Mərkəzdə təşkil edilən tədris kurslarının ümumi nəticələri haqqında nə deyə bilərsiniz?

-Vergilər nazirinin 13 may 2016-cı il əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili qaydaları” dövlət vergi orqanlarının vəzifəli şəxslərinin, habelə dövlət vergi orqanlarına staj və sınaq müddətinə qəbul edilmiş şəxslərin peşə hazırlığının planlaşdırılmasını, təşkilini və nəticələrinin qiymətləndirilməsi prosedurlarını müəyyən edir.

Mərkəzdə tədris kursları ixtisasartırma təhsili və qısamüddətli təlimlərdən ibarətdir. İxtisasartırma təhsili peşə fəaliyyətinin ümumi əsasları, ixtisas sahələri (fəaliyyət sahələri), innovasiyalar kimi təlim modulları üzrə həyata keçirilir.

Qısamüddətli təlimlər Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinin müvafiq struktur vahidinə müraciəti, eləcə də müvafiq struktur vahidin təşəbbüsü ilə təlimin gündəliyi əsasında nazirliyin elektron kitabxanasının “Onlayn təlim” sistemində və ya tədris mərkəzində təşkil edilir.

Bu günə qədər “Peşə fəaliyyətinin ümumi əsasları” təlim bloku üzrə 3 təlim kursu təşkil edilib və bu təlimlərə 60 nəfər stajor əməkdaş cəlb edilib.

İxtisas sahələri (fəaliyyət sahələri) modulunun məqsədi əməkdaşların fəaliyyət sahələri üzrə bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini təmin etməkdir.

“Dövlət vergi orqanlarında icra intizamına nəzarət və kargüzarlıq işinin təşkili” və “Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət işlərinin təşkili” ixtisas (fəaliyyət) sahələri üzrə iki ixtisasartırma təlimi keçirilib və bu təlimlərə 24 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilib.

Müvafiq fəaliyyət sahəsi üzrə təlimlər ixtisasartırma təhsilinin “İxtisas sahələri üzrə təlim modulu” çərçivəsində təşkil edilir.

“İnnovasiya”lar təlim prosesində yeni istiqamətdir. Əsas məqsəd əməkdaşların daim dəyişən və yeniləşən iş şəraitinə uyğunlaşmasını, yeniliklərin mənimsənilməsini, idarəetmə qabiliyyətlərinin yüksəldilməsini, yeni texnologiyalar və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini təmin etməkdir.

Bu istiqamətdə təlimlərin keçirilməsi məqsədilə nazirliyin müxtəlif strukturlarından təkliflər daxil olub. İlk təlim avqustun 18-19-da keçirilib və ilin sonuna qədər daha bir neçə təlim keçiriləcək.

— Hazırda əməkdaşların sertifikatlaşdırılması ilə bağlı təlimlər aparılır. Bu sahədə vəziyyət necədir?

— 2016-cı il ərzində bu günə qədər sertifikatlaşdırılma ilə əlaqədar operativ vergi nəzarəti, vergi ödəyicilərinin uçotu və qeydiyyatı, vergi borclarının alınması, vergi auditi, vergi cinayətlərinin ibtidai araşdırılması və bəyannamələrin kameral yoxlanılması sahələri üzrə Vergilər Nazirliyinin elektron kitabxanasında “Vergi qaninvericiliyi” təlim bloku üzrə 16 onlayn təlim keçilib, bu təlimlərə 374 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb olunub. Bu təlim bloku sertifikatlaşdırılma prosesinin birinci mərhələsidir. İlk mərhələni uğurla keçən əməkdaşlar müvafiq fəaliyyət sahələri üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə ikinci mərhələyə dəvət edilirlər. Birinci mərhələdən uğurla keçmiş 146 nəfər ikinci mərhələdə təlimlərə cəlb edilib.

Hər iki mərhələni uğurla keçmiş 125 nəfərə üç dərəcə üzrə sertifikatlar verilib. 50 nəfər əməkdaş birinci dərəcəli sertifikat alıb.

— Vergi sistemində tədrisin keyfiyyəti necə müəyyənləşdirilir? Son dövrlər tətbiq olunan ilkin və yekun qiymətləndirmənin nəticələri barədə nə deyə bilərsiniz?

— Təlimlərin qiymətləndirilməsi iki mərhələdə aparılır. Birinci mərhələdə kursun bitməsindən sonrakı həftə ərzində iş yerində dinləyicilərin təlimdən məmnunluq səviyyəsinin qiymətləndirilməsi üçün sorğunun aparılması nəzərdə tutulur. Bu mərhələdə dinləyicilərin təlimin təşkili, təlim materialları, biliklərin qiymətləndirilməsi və təlimçilərin təlim qabiliyyətləri barədə rəyləri və təklifləri öyrənilir.

İkinci mərhələ təlimdən altı ay sonra aparılır. Bu mərhələdə təlimin nəticələrinin ümumi fəaliyyətə təsirinin qiymətləndirilməsi üçün təlim prosesində verilən biliklərin dinləyicilərin və struktur vahidinin fəaliyyət nəticələrinə təsirinin qiymətləndirilməsi, eləcə də təlimlərin təkmilləşdirilməsinə dair təkliflərin alınması məqsədilə həm dinləyicilər, həm də onların birbaşa rəisləri (şöbə və bölmə rəisləri) arasında sorğuların aparılması nəzərdə tutulur.

“Peşə fəaliyyətinin ümumi əsasları” və “İxtisas sahələri (fəaliyyət sahələri)” üzrə keçirilən hər təlim prosesi zamanı dinləyicilərin bilik və peşə hazırlığı səviyyəsinin ilkin və yekun qiymətləndirilməsi aparılır.


Ermənistanda hökumətə 22 nəfərlik limit qoyulur


24.08.2016


Ermənistanda hökumətin tərkibi maksimum 22 nəfərdən ibarət olacaq. Yeni konstitusiya belə hədd qoyur.

Ötən ilin dekabrında Ermənistan konstitusiyası dəyişib və ölkə parlament respublikası idarə üsuluna keçir. Yenilənmiş ana qanuna görə, gələn ildən hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı 53 mandatı olan partiya quracaq.

Transparency.az bildirir ki, yeni konstitusiyada hökumətin strukturu da əksini tapır. Ali qanunun 147-ci maddəsinə görə, baş nazirin müavinlərinin sayı 3-dən, nazirlərin sayı 18-dən çox ola bilməz.

Baş nazirlə birgə Ermənistan hökuməti hazırda 27 nəfərdən ibarətdir. Ölkədə 19 nazir var. Beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri (eyni zamanda baş nazirin müavinidir); diaspor; xarici işlər; müdafiə; təbiəti mühafizə; kənd təsərrüfatı; ərazi idarəçiliyi və inkişaf; əmək və sosial məsələlər; iqtisadiyyat; ədliyyə; şəhərsalma; səhiyyə; mədəniyyət; elm və təhsil; fövqəladə hallar; gənclər və idman; nəqliyyat və rabitə; maliyyə; energetika və təbii ehtiyatlar nazirlərinin daxil olduğu kabinetin tərkibində daha 7 qurumun (Mülki Aviasiya Baş İdarəsi, Daşınmaz Əmlakın Kadastrı Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi, Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti, Dövlət Əmlakı İdarəsi, Dövlət Gəlirləri İdarəsi) rəhbərləri yer alır.

Azərbaycanda isə indi 19 nazirlik, 9 dövlət komitəsi, 5 dövlət xidməti, 2 administrasiya, 1 idarə var. Mərkəzi icra hakimiyyəti orqanı statuslu digər qurumları (Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi və s.) saymasaq, baş nazir və müavinləri ilə birgə Nazirlər Kabineti 42 nəfərdən ibarətdir.

Əli İnsanov yeni ittihamları qəbul etmir


25.08.2016


Bakının Qaradağ rayonundakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş səhiyyə naziri Əli İnsanova yeni cinayət işi qaldırılıb. Sabiq nazir psixotrop maddə saxlamada, hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmədə və cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların saxlanmasında ittiham olunur. Vəkil Toğrul Babayev “Azadlıq” radiosuna deyib ki, Əli İnsanov irəli sürülən ittihamları qəbul etməyərək istintaqa ifadə verməyib.

Cinayət işini avqustun 24-də Qaradağ Rayon Prokurorluğu qaldırıb. Həmin gün Qaradağ Rayon Məhkəməsi Əli İnsanovun istintaq təcridxanasına köçürülməsi barədə qərar qəbul edib.

Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb. Sabiq nazirin istifadəsi qadağan olunmuş 60 ədəd “Tramadol” dərmanı saxladığı da bildirilir.

Vəkil Toğrul Babayevin sözlərinə görə, sabiq nazir deyib ki, ittihamlar onu azadlığa buraxmamaq məqsədindən irəli gəlir. Əli İnsanov oktyabr ayında azadlığa çıxmalı idi.

Transparency.az qeyd edir ki, 1946-cı il martın 22-də Ermənistanın Ləmbəli kəndində anadan olan Əli İnsanov Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Tibb elmləri doktorudur.

1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan Əli İnsanov səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.

2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı dəyişməyib. 2016-cı il iyunun 9-da Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin bu qərarını qüvvədə saxlayıb.

Mərkəzi Bank dolların kursunu dəyişməyib


25.08.2016

Avqustun 25-də ABŞ dollarının rəsmi məzənnəsi dəyişməz qalıb. Mərkəzi Bank 1 dolları ötən gün olduğu kimi 1,6245 manata satır.

Avro isə ucuzlaşıb. 1 avronun rəsmi kursu 1,8349 manatdan 1,8308 manata endirilib.

Transparency.az-ın məlumatına görə, Rusiya rublunun da kursu düşüb. Ötən gün 0,0252 manata təklif edilən 1 rubla 0,0249 manat qiymət qoyulub.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Manatın məzənnəsini nizamlamağa bu il 3 milyard 987,3 milyon dollar xərclənib. Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 151,9 milyon dollardır, Mərkəzi Bankdan isə 835,4 milyon dollar alınıb.


Hərbi təlim: şərti düşmənin hədəfləri məhv edilib


25.08.2016

Hərbi Dəniz Qüvvələrində keçirilən təlimlərin döyüş atışlı növbəti mərhələsi icra edilib. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 3000 nəfərədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusu cəlb edilib.

Avqustun 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti komanda idarəetmə gəmisində qərar tutaraq dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və vasitələrin manevrlərini və döyüş atışlarını izləyib.

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların iştirakı ilə keçirilən təlimlərin ilkin mərhələsində HDQ-nin tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri yerinə yetirilib.

Növbəti mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində enerji infrastrukturunun mühafizəsi üzrə əməliyyatların planlaşdırılması və təlimlərdə iştirak edən qüvvələrə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.

Təlimlərin yekun mərhələsində terror-diversiya qruplarının ələ keçirdiyi ticarət gəmisinin və neft ixrac özülünün azad edilməsi, həmçinin Xəzər dənizinin əməliyyat zonasına qeyri-qanuni daxil olan şərti düşmən gəmilərinin məhv edilməsi məqsədilə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri, sahilboyu yerləşdirilən Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, o cümlədən xüsusi təyinatlılar qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Döyüş atışlarının icrası ilə həyata keçirilən təlimlərin əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilib.






Vergi qanununa dəyişikliklər hazırlanır


25.08.2016

Avqustun 25-də Vergilər Nazirliyi yeni açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, prezidentin avqustun 4-də imzaladığı vergi islahatları sərəncamı Azərbaycanın vergi sisteminin beynəlxalq standartlara tam cavab verməsi istiqamətində ciddi addımdır: “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqini və vergi inzibatçılığının təkmilləşdirilməsini nəzərdə tutan sərəncam vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha da təkmilləşdirmək, vergi öhdəliklərini düzgün müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra metodların tətbiqinə yol açır.

Sərəncamda diqqət çəkən məqamlardan biri də vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi (“Advance tax ruling”) qaydasının tətbiqidir. Həmin sistem inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vergi ödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər.

Məlum olduğu kimi, sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən etməməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Yəni həmin şəxsə maliyyə sanksiyaları və faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, son nəticədə ciddi maliyyə itkiləri ilə üzləşir. Belə halların qarşısının alınmasına kömək edən üsullardan biri də əməliyyatlar üzrə vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanmasıdır. Hazırda vergi öhdəliklərinin hüquqi nəticələr doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı qanun dəyişiklikləri layihəsi üzərində iş gedir.

Sərəncamda öz əksini tapmış digər məsələ kameral vergi yoxlamaları ilə bağlıdır. Kameral vergi yoxlaması verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində aparılır. Lakin bir sıra hallarda vergi ödəyiciləri müvafiq sənədləri vaxtında təqdim etmədikdə və ya ümumiyyətlə sənədləşmə aparmadıqda yoxlamaların müddəti uzanır. Belə halların tamamilə aradan qaldırılmasını təmin etmək üçün dövlət başçısının sərəncamı ilə kameral vergi nəzarətinin konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb. Yəni sahibkar vergi bəyannaməsini təqdim edibsə və növbəti 30 gün ərzində həmin sahibkarlıq subyektində kameral yoxlama aparılmayıbsa, vergi orqanı həmin vergi ödəyicisində bu yoxlamanı aparmaq hüququnu itirir. Bu məqsədlə Vergi Məcəlləsinin kameral vergi yoxlamaları ilə bağlı maddələrində dəyişikliklər edilməsi nəzərdə tutulur.

Digər vacib məsələlərdən biri vergidən yayınan vergi ödəyiciləri barədə ictimai məlumatlandırmadır. Vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub. Mükafatın məbləği verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək. “Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma” (“Whistleblow”) adlanan həmin mexanizm dünya təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media vasitəsilə ictimailləşdirilməsindən də geniş istifadə olunur.

Sərəncamla hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da yaradılır. Bu, “Könüllü vergi açıqlaması” (“Voluntary tax disdosure”) sisteminin tətbiqi ilə bağlıdır. Könüllü vergi açıqlaması vergi yoxlaması üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

Mütəxəssislərin qənaətinə görə, sərəncama uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin qabaqcıl təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə şərait yaradacaq”.

Nazirlik yeni elektron xidmət istifadəyə verib


25.08.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidmətini istifadəyə təqdim edib. Avqustun 25-də yayılan rəsmi açıqlamada qeyd olunur ki, hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur: “Daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradılır, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılır.

“Elektron hökumət” portalında təqdim olunan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlərin məlumat verməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır. Yeni e-xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin yeni e-xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.az internet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir (Zərərçəkən işçilər barədə məlumatlar da qeyd edilən sistemlərə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən edilir).

İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır. Bunun ardınca istifadəçiyə onun müraciətinin, yəni istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair bildiriş göndərilir və Dövlət Əmək Müfəttişliyi Xidməti komissiya yaradaraq həmin bədbəxt hadisənin təhqiqatının aparılmasına başlayır”.

Bununla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan iş sahələri üzrə artıq 26 elektron xidməti vətəndaşların istifadəsindədir.

Manatın taleyi: sentyabrdan yeni şərait yaranır


25.08.2016

“Manatın sabitliyini təmin edən şərait yoxdur”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə yazır. Ekspert bildirir ki, hətta neftin bahalaşması manatı xilas edə bilməyib: “Tələbatın yüksək olması idxalın artması, bankların borc öhdəliklərini yerinə yetirməsi, bağlanan bankların qaytarılan əmanətlərinin dollarlaşması, turizm mövsümü və sair amillərlə bağlıdır. Banklarda dollar qıtlığı var. Dollar ya ölü kapital kimi yatır, ya da kapital şəklində ölkəni tərk edir.

Sentyabrdan başlayaraq yeni şərait yaranır. Təəssüf ki, manatın sabitliyini təmin edəcək şərait yoxdur. Hətta Mərkəzi Bank valyuta hərracına 600 milyon dollar çıxarıb bankların tələbatını tam ödəsə belə, növbəti hərracda yeni tələbat yarana bilər. Səbəb sadədir. Ölkədən rəsmi və qeyri-rəsmi şəkildə kapital axını var. Ölkəyə isə həmişəkindən dəfələrlə az dollar gəlir. Valyuta gətirən kanallardan ancaq biri – Dövlət Neft Fondu işləyir. Mərkəzi Bank xeyli vaxtdır bazarda iştirak etmir və azalmış ehtiyatlarını qoruyur. Digər kanal olan SOCAR-ın başı öz problemlərinə qarışıb. 92 markalı benzinin idxalı SOCAR-a ayda təxminən 40 milyon dollara başa gələcək və istisna deyil ki, həmin vəsait bazardan götürüləcək. Ona görə də əsas yük Neft Fondunun üzərinə düşür. Fond 2016-cı ildə 3 milyard 151,9 milyon dollar satıb və onun üçün nəzərə tutulan normadan artıq dollar satmaq niyyətində deyil.

Qeyri-neft ixracına da bel bağlamaq olmaz. İlin 7 ayında xarici ticarət dövriyyəsində 167 milyon 466 min dollarlıq mənfi saldo yaranıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracında 30 faiz azalma var. Belə vəziyyətdə tədiyyə balansında da mənfi saldonun olması şübhəsizdir”.

Neftin bahalaşmasına gəldikdə isə ekspert nikbinlik üçün əsas olmadığını bildirir: “ABŞ-ın Federal Ehtiyat Sistemi bu il 3 iclas keçirəcək və bir dəfə uçot dərəcəsinin artacağı güman edilir. Deməli, manata qüvvə verəcək daxili və xarici amillər yoxdur. Ona görə də proqnozlar əsasən manatın necə və hansı həddə qədər ucuzlaşa biləcəyi üzərində qurula bilər.

Hazırda hökumətdə manatın məzənnəsinə münasibətdə fikir ayrılığı var. Ən azı maliyyə blokunda Mərkəz Bankla Maliyyə Nazirliyi arasında həmişəki fikir ayrılığı qalır. Bir tərəf yumşaq, digər tərəf isə kəskin devalvasiyada maraqlıdır. Hələ ki, birincilər prosesi nəzarətdə saxlayır. Ona görə də gözlənilməz hal (neftin kəskin ucuzlaşması, siyasi gərginlik, maliyyə təşvişi) olmasa, ilin sonuna doğru manat dollara münasibətdə tədricən ucuzlaşacaq və 1 dollar ən azı 1,80 manata satılacaq.

Əvvəlki devalvasiyada olduğu kimi ikincilər təşəbbüsü ələ alsalar (büdcənin icrasında problemlər səbəbindən), onda manat daha kəskin ucuzlaşa bilər. Hər bir halda yumşaq devalvasiya siyasəti davam etdirilməlidir. Çünki kəskin devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb”.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Avqustun 25-də Mərkəzi Bank 1 dolları 1,6245 manata satır.

Manatın məzənnəsini nizamlamağa 2016-cı ilin yanvar-avqust aylarında 3 milyard 987,3 milyon dollar xərclənib. Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 151,9 milyon dollardır, Mərkəzi Bankdan isə 835,4 milyon dollar alınıb.


Hərraclarda satılan vəsait 4 milyard dolları ötdü


25.08.2016

Avqustun 25-də Dövlət Neft Fondu hərraca 50 milyon ABŞ dolları məbləğində xarici valyuta çıxararaq 28 banka satıb. Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 201,9 milyon dollara çatıb.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Avqustun 25-də Mərkəzi Bank 1 dolları 1,6245 manata satır.

Mərkəzi Bankdan 835,4 milyon dollar alındığını da hesablayanda 2016-cı ilin yanvar-avqust aylarında manatın məzənnəsini nizamlamağa 4 milyard 37,3 milyon dollar gedib.

İnternet pulunu bəri başdan alacaqlar


25.08.2016


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi sentyabrın 1-dən internet və İPTV xidmətləri üzrə öncədən ödəmə sisteminin tətbiqinə başlayır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni sistemin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alacaq və göstərilən xidmətdə fasilə yaranmayacaq.

Məlumatda qeyd olunur ki, istifadəçilər Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin göstərdiyi xidmətlərə görə sonradan ödəniş etdiyi üçün debitor borcu yaranır, bəzi hallarda xidmətlərdən istifadə edən abunəçilər xidmət haqqını ödəməkdən yayınır, nəticədə abunəçiyə göstərilən xidmət dayandırılır. Yeni sistemin müxtəlif səbəblərdən ünvanı tərk edən və ya xidmət haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracağı vurğulanır.


Sabiq nazirə nə qədər iş düşür?


25.08.2016


11 ildir həbsdə yatan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırılıb. Transparency.az həmin maddələri təqdim edir:

234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama.

Bu maddə üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.

315.2. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə.

Bu maddəyə görə üç ilədək müddətə azadlıqdan məhrumetmə düşür.

317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi.

Bu maddə altı ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.

Bakının Qaradağ rayonundakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş səhiyyə nazirinə yeni cinayət işini avqustun 24-də Qaradağ Rayon Prokurorluğu qaldırıb. Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb. Sabiq nazirin istifadəsi qadağan olunmuş 60 ədəd “Tramadol” dərmanı saxladığı da bildirilir.

70 yaşlı Əli İnsanov tibb elmləri doktorudur. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan Əli İnsanov səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.

2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı dəyişməyib. 2016-cı il iyunun 9-da Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin bu qərarını qüvvədə saxlayıb.

Əli İnsanov 2016-cı il oktyabrın 19-da azadlığa çıxmalı idi.

Tramadol” nədir?


25.08.2016

Keçmiş səhiyyə naziri Əli İnsanova yeni ittihamların biri də psixotrop maddə saxlama ittihamıdır. Onun Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində istifadəsi qadağan olunmuş 60 ədəd “Tramadol” dərmanı saxladığı bildirilir.

Transparency.az qeyd edir ki, “Tramadol” güclü təsir edən maddələr siyahısına daxildir.Siyahı bu il martın 18-də imzalanmış qanunla təsdiqlənib.

Az-tibb.com saytında “Tramadol”un farmakoloji xüsusiyyətləri haqqında bunlar yazılır: “Güclü ağrıkəsici təsirə malikdir. Tez və uzunmüddətli təsir edir. “Tramadol” güclü kəskin və xroniki ağrılar, travmalar, onkoloji xəstəliklər zamanı, əməliyyatdan sonrakı dövrdə, cərrahi əməliyyatdan əvvəl (ağrının profilaktikası məqsədilə), ağrılı diaqnostik və terapevtik manipulyasiyalar zamanı istifadə olunur”.

Transparency.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, “Tramadol” açıq satışda olan dərmandır: “Bu preparat psixotrop və digər xüsusi qrup dərmanlara aid deyil, ondan ağrıkəsici kimi istifadə olunur, istər xəstəxanada, istərsə də ev şəraitində müalicə alanlara tətbiq edilir. Azərbaycanda bəzən SSRİ dövründən qalan stereotiplər üzrə hərəkət edirlər –  hüquq mühafizə orqanları “Tramadol” tipli dərmanların yayımına əngəllər törədir, apteklər də bundan ehtiyatlanır”.



Sabiq nazirə nə qədər iş düşür?

İctimai iaşə dövriyyəsi 3 faiz artıb


26.08.2016

2016-cı ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3 faiz artaraq 627,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 257,1 milyon manat təşkil edib.




Qəza statistikası


26.08.2016

Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-iyun aylarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı azalıb. 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4 faiz, zərərçəkənlərin sayı isə 16,4 faiz düşüb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri həlak olub.



Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib, 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1 faiz, yaralananların sayı 13,6 faiz azalıb.

Bütün yol-nəqliyyat hadisələrinin 42,9 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9 faiz, 26 faiz və 14,2 faiz düşüb.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib. Belə hadisələrin 87 faizini minik avtomobillərinin sürücüləri törədib.

2016-cı ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə qeydə alınıb. Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.


Xarici valyutalar yuxarı üz tutub


26.08.2016

Mərkəzi Bank avqustun 26-da xarici valyutaların böyük əksəriyyətinin kursunu yuxarı istiqamətdə dəyişib (Məzənnələr). Transparency.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,6245 manatdan 1,628 manata, 1 avro 1,8308 manatdan 1,8374 manata qalxıb. Digər valyutalara bu qiymətlər qoyulub:

1 gürcü larisi – 0,7125 manat

1 ingilis funt sterlinqi – 2,1501 manat

1 Rusiya rublu – 0,0251 manat

1 türk lirəsi – 0,5544 manat.

Ötən gün Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 201,9 milyon dollara çatıb. Mərkəzi Bankdan 835,4 milyon dollar alındığını da hesablayanda 2016-cı ilin yanvar-avqust aylarında manatın məzənnəsini nizamlamağa 4 milyard 37,3 milyon dollar gedib.


Türkiyə Azərbaycana yeni səfir göndərir


26.08.2016

Türkiyə Respublikasının Azərbaycanda yeni səfiri təyin olunub: Erkan Özoral. Xarici İşlər Nazirliyinin baş direktor müavini postundan səfir vəzifəsinə keçirilən Erkan Özoralın yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacağı gözlənir.

Xəbəri Türkiyə səfirliyi avqustun 26-da yayıb.


Antikorrupsiya yay məktəbi açılıb


26.08.2016

Avqustun 26-sı Bakıda Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) antikorrupsiya yay məktəbinin açılışı olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən AZAKA-nın keçid qrupunun üzvü, Milli Məclisin deputatı Vüsal Hüseynov akademiyanın bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyini deyib. O bildirib ki, fəaliyyət istiqamətlərindən biri də antikorrupsiya sahəsinə maraq göstərən şəxslər üçün yay məktəbi formatlı məktəblər olacaq: “Burada korrupsiya ilə mübarizə metodları, təcrübələr müzakirə ediləcək. Yay məktəbində 35 iştirakçı müsabiqə əsasından seçilib. Onlar müxtəlif regionlardan olan gənclərdir. Ümid edirəm ki, bu təlim gözləntiləri doğruldacaq, bu sahədə müəyyən biliklərin qazanılmasına şərait yaradacaq”.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynli Azərbaycan Antikorrupsiya Akademiyasının bu təşəbbüsünün təsadüfi olmadığını deyib: “Korrupsiyaya qarşı mübarizə hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Amma bu elə bir problemdir ki, davamlı öyrənilməlidir. Bu baxımdan Antikorrupsiya Akademiyasının yay məktəbi keçirməsi çox əhəmiyyətlidir”.

Digər çıxışçılar yay məktəbinin əhəmiyyətindən danışıb, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat veriblər.

Sonra yay məktəbi panel iclasları ilə davam edib.




25 ilin qazancı və itkiləri


26.08.2016


Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il ötür.

1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin sənəd ümumxalq səsverməsi ilə təsdiqlənib.

Ötən 25 il Azərbaycana sosial-iqtisadi baxımdan nələr verdi? Müstəqillik illərinin qazancları və itkiləri haqqında nələr söyləmək mümkündür? Ölkənin sosial-iqtisadi gələcəyi necə görünür? Transparency.az-ın sualları iqtisadçı ekspertlərə ünvanlanıb.

Fikrət Yusifov:

— Müstəqilliyin ilk illərində ölkənin vəziyyəti acınacaqlı idi. Sovetlər Birliyi dağılmış, iqtisadi əlaqələr tamamilə kəsilmişdi deyə bütöv bir məkanda iqtisadiyyat çökmüşdü. Ölkədə maliyyə fəlakəti yaşanırdı. 1992-ci ilin dövlət büdcəsi parlamentdə ilin sonuna bir neçə gün qalmış təsdiq olunmuşdu…

1993-cü ilin ortalarında Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə məsələlər zaman-zaman öz axarına düşməyə başladı. Ölkədə hegemonluq edən hiperinflyasiya cilovlandı, iqtisadiyyatın, onun maliyyə sisteminin inkişafına dair çox mühüm tarixi qərarlar qəbul edildi.

1994-cü ilin sentyabrında imzalanan böyük neft müqaviləsi Azərbaycanın iqtisadi inkişaf tarixində yeni eranın başlanğıcını qoydu. Artıq 1995-ci ilin sonlarına yaxın vəziyyət sabitləşməyə üz tutdu, ardınca ölkəyə daxil olan böyük neft pulları hesabına iqtisadi, sosial və digər sahələrin inkişafında inqilabi dönüş baş verdi.

2003-cü ilin sonlarında hakimiyyətə gələn İlham Əliyev Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması kursunu bəyan etdi. On ildən bir qədər artıq vaxt ərzində icra edilən xüsusi dövlət proqramları çərçivəsində bu sahədə ciddi uğurlar qazanıldı, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizə qədər artdı.

Keçən ilin sonlarından isə dövlət başçısı ölkədə yeni iqtisadi modelin formalaşmasına qərar verdi. Azad sahibkarlığın inkişafı yolunda bütün maneələrin aradan qaldırılmasını və ona dəstək verilməsini nəzərdə tutan ciddi qərarlar qəbul olunur.

Bu gün Azərbaycan regionun ən iri transmilli layihələrinin müəllifidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik ölkədir, onun iştirakı olmadan regionda hər hansı bir məsələnin həlli real deyil.

Əkrəm Həsənov:

— Azərbaycan 25 il ərzində sırf neftdən asılı olan iqtisadi sistem qurub. Bazar iqtisadiyyatına keçid bəyan edilsə də, iqtisadi sistemin əsas oyunçusu yenə də dövlətdir. Sahibkarlıq subyektlərinin sayı çoxdur, amma iqtisadi dövriyyənin mütləq əksəriyyəti dövlətə mənsubdur. İri sahibkarlıq bir qayda olaraq inhisarçı xarakter daşıyır.

Orta və kiçik sahibkarlıq müəyyən qədər inkişaf edib, amma o da neft gəlirlərindən və iri sahibkarlardan asılı fəaliyyət göstərir. Bu baxımdan şüarlar dəyişsə də, ölkə əsasən sovet inzibati amirlik sistemində yaşayır. Buna görə də kölgə iqtisadiyyatımızın həcmi əvvəlkindən də çoxdur.

Sovet dövrü ilə yeganə fərq özəl mülkiyyətin mümkünlüyüdür. Amma ötən illər ərzində mülkiyyət hüququnun qorunması və təminatı sistemini yarada bilmədik. Ümumiyyətlə, sosial-iqtisadi sistemimizin başlıca mənfi cəhəti mülki və ticarət qanunvericiliyimizin qeyri-qənaətbəxş olması, qanunların işləməməsi, sahibkarların öz hüquqlarını məhkəmədə müdafiə edə bilməməsidir.

Məlumdur ki, sahibkar yalnız gəlir gətirən və hüquqlarının qorunacağına əmin olduğu yerə sərmayə qoyur. Neft gəlirlərinin yüksək olduğu dövrdə sahibkarların da gəliri yüksək idi, ona görə də hüquqi risklərə baxmadan işləyirdilər. Hazırda isə neft gəlirləri azalan xətlə gedir. Buna görə də sahibkarlar ölkədən qaçır.

Qeyri-neft sektorunun inkişafı üçün şərait yoxdur: nə normal qanunvericilik var, nə də onun icra mexanizmi. Korrupsiya da baş alıb gedir. Bu baxımdan ölkəmizi azı yaxın 10 ildə ağır vəziyyət gözləyir. Get-gedə geriləyəcəyik. Təxminən ötən əsrin 90-cı illərinin səviyyəsinə düşmüşük. Amma daha da ağır olacaq. Çünki əhalinin çoxu ötən 15 il ərzində gəlirlərinin artmasına, yaxşı yaşamağa öyrəşib. Zənnimcə, ən böyük itki də elə budur: korrupsiya düşüncəsindən uzaq, işgüzar, savadlı, aza qane olan, tədricən inkişafa meylli əhalimiz yoxdur. Qazancımız müəyyən mənada infrastrukturun inkişafı — yollar, körpülər olub.


Klinton: 288, Tramp: 174, tərəddüd edən: 76


26.08.2016

Noyabrın 8-i ABŞ-da prezident seçkisi keçiriləcək. Prezidentliyə iki şanslı namizəd var: Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından Hillari Klinton.

ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.

Ştatların neçə nümayəndə seçməsi onların əhalisinin sayına bağlıdır. Məsələn, Kaliforniya ştatını Seçicilər Kollegiyasında 55 seçici, Texası 38, Nyu-York və Floridanın hər birini 29 seçici təmsil edir. Bir çox ştatın, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin cəmi 3 səsi var.

Transparency.az bildirir ki, prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Prezidentliyə namizədlərin heç biri bu qədər səs qazanmasa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir.

Nbcnews.com-un məlumatına görə, seçki indi keçirilsə, Hillari Klinton 288 səs toplayar. Donald Trampın 174 səsi var. 76 nəfər iki namizəd arasında tərəddüd edir.

Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Tikinti maqnatıdır.

Hillari Klinton 1947-ci ildə Çikaqoda doğulub. Yel Universitetinin hüquq fakültəsini bitirib. 1993-2001-ci illərdə prezident postunu tutmuş Bill Klintonun xanımıdır. 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olub.

Pulsuz təşviqat: hər qrupa həftədə 45 dəqiqə düşür


26.08.2016


İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-da keçiriləcək konstitusiya referendumunda qeydə alınmış təşviqat qruplarına ödənişsiz efir vaxtı ayırmalıdır. Seçki Məcəlləsi 40 min və daha çox üzvü olan təşviqat qruplarına belə hüquq verir. Təşviqat sentyabrın 3-dən 25-dək aparılacaq.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvim planına görə, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdimatı avqustun 22-də başa çatıb. REAL Hərəkatının yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupu MSK-dan imza vərəqələri götürsə də, fəaliyyətini yarımçıq kəsib.

Avqustun 25-dək referendumun təşviqatı üçün 3 təşəbbüs qrupu qeydə alınıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”. Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupu qeydiyyat mərhələsindədir.

Seçki Məcəlləsinə əsasən, referendumda təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış təşəbbüs qrupları arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.

Televiziyada 3 saat ödənişsiz efir vaxtını (180 dəqiqəni) MSK-ya müraciət etmiş 4 təşəbbüs qrupu arasında bərabər böləndə hər təşəbbüs qrupuna həftədə 45 dəqiqə efir vaxtı düşür (“Respublika” təşəbbüs qrupu da qeydə alınarsa).

Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.


Rusiya iqtisadiyyatı bir ildə 0,9% geriləyib


26.08.2016


Avqustun 26-da Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkənin bəzi iqtisadi göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, yanvar-iyul aylarında ümumi daxili məhsulun həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb. İqtisadi geriləmənin illik tempinin iyul ayında yenə sürətləndiyi vurğulanır. Açıqlamaya əsasən, ümumi daxili məhsul ötən illə müqayisədə iyul ayında 0,7% az olub. Mayda 0,6%, iyunda 0,5% azalma qeydə alınmışdı.

Nazirliyin məlumatında deyilir ki, iyul ayında ümumi daxili məhsulun həcmi 0,1% azalıb.

Yanvar-iyul aylarında ticarət balansının müsbət saldosunun 48% azalaraq 52 milyard dollara düşdüyü bildirilir.

Rusiya iqtisadiyyatına kapital qoyuluşu isə bu ilin ikinci rübündə 1% geriləyib.


Vergi bəyannamələrinin yeni formaları təsdiq edildi


26.08.2016


Vergilər Nazirliyinin 26 avqust məlumatına görə, prezident İlham Əliyevin 4 avqust sərəncamının tələblərinə uyğun olaraq “Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması, “Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası”, habelə “Sadələşdirilmiş verginin bəyannaməsi” və “Əlavə dəyər vergisinin bəyannaməsi”nə, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi”nə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə əlavələr və onların tərtib edilmə qaydalarına dəyişikliklər təsdiqlənib.

Qeyd olunur ki, bu dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək.



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin