A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   2   3   4   5   6   7   8   9   ...   31

Qapıda tanımadığım bir qız dayanmışdı. 

– Kimi istəyirsiniz? 

Otaqda bir həngamə, bir vur–çatdasın vardı ki, ağız deyəni 

qulaq eşitmirdi. Musiqi, səs–küy, qədəhlərin, çəngəl-bıçağın 

cingiltisi... 

–İçəri keçin. 

İçəri keçmək sərhəddi keçmək deməkdi. Calayiyaş olmaq 

deməkdi. Gənclik dilində danışanlar içində  əcnəbi, sevinc, 

şuxluq dəryasında tənhalıq adası olmaq deməkdi. 

Birdən mən otağın açıq qapılarından Nərgizi gördüm. O 

rəqs edirdi. Yaşıl paltarının yaxasına bayaqkı al qırmızı 

güllərdən biri sancılmışdı. Çiyinləri çılpaq idi. O müasir qızdı. 

Saçları gödək, danışıq tərzi, düşünüş tərzi, yaşayış tərzi müasir. 

Zövqü müasir, gülüşü müasir, şüuru müasir, geyimi müasir. 

Amma indi o qədim bir rəqs oynayırdı. Qədim bir Qarabağ 

rəqsi. Onun oyununda qəribə bir ahəng vardı. Sümüklərinin, 

əzələlərinin plastikası iləmi, üzündəki ifadənin işvəkarlığı 

iləmi, hərəkətlərinin  şirin, naz qəmzəsi iləmi, deyə bilmərəm, 

amma nə iləsə bu rəqs xəyalımda heç bir vaxt görmədiyim 

keçmişləri, çox qabaqlar yaşamış  gəlinlərimizi, qızlarımızı 


 67 

canlandırırdı. Heç bir vaxt kişi üzünə çıxmayan, kişi nəzəriylə 

oxşanmayan, sığallanmayan, qanadlanmayan gəlin-qızların 

qədim həsrəti bu axşam kişilər-gənclər içində rəqs edən müasir 

qadının bütün hərəkətlərinə, bütün varlığına aşılanmışdı. Bu 

gün kişilər içində rəqs edən bu qız sanki əsrlərlə qara çadralar 

altında boğulan qadınlıq hissinin ən kövrək,  ən xəfif,  ən inçə 

gizlinlərindən, sirlərindən, intizarlarından danışırdı. 

Birdən mən başa düşdüm ki, artıq mənə heç bir şey lazım 

deyil. Artıq nə istəsəm bayağılıq olardı. Bu obraz, bu nigaran 

duyğulardan başqa mənə heç nə lazım deyildi. Bu təsəvvür, bu 

xəyal yaddaşımın, xatirələrimin,  əbədi, vəfalı, həmdəmi 

olacaqdı. Ayrı mənə heç nə, heç kim lazım deyildi. Qız xəbər 

aldı: 


–Axı, sizə kim lazımdır? 

–Heç kəs, – dedim. – Bağışlayın, yanılmışam, səhv 

gəlmişəm, azmışam. 

–Aaa. 


Axırıncı pilləni düşənəcən musiqi səsi aydın eşidilirdi. 

Yorğun ahəngli sərkərdan bir melodiya sanki öz aramını, 

sakitliyini, sonunu axtarırdı, tapa bilmirdi. 

Küçəyə çıxdım. Taksi getmişdi. 

Nə  fərqi var! Piyada gedə bilərdim, ya da ayrı taksi tuta 

bilərdim. Bəlkə təsadüfən bayaqkı taksiyə rast gələ bilərdim. 

Eh! Taksini qaytarmaq çox asandır... 

 

1961 

 

 


 68 

BAYRAM HƏSRƏTİNDƏ 

 

Fatma xala dovğa bulayırdı. Məstan pişik tənbəl-tənbəl 



döşəmənin üstünə  sərələnmişdi.  İri divar saatının kəfkiri 

sağdan-sola, soldan-sağa var-gəl eləyirdi. Küçədən qutab satan 

arvadın cır səsi eşidilirdi: 

–Qutab var a! Qutab var a! 

Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat 

konserti verilirdi. Hərdənbir küçədən keçən maşınların səsi 

eşidilirdi. Həyətdəki iri şah tutun altında bir dəstə ali məktəb 

tələbəsi imtahana hazırlaşırdı. Aşağı qonşular dalaşırdılar. 

Yuxarı qonşular paltar sərirdilər. Sağ  tərəfdəki qonşular 

bərkdən  şaqqıldayıb gülürdülər. Sol tərəfdəki qonşular evdə 

yox idilər. Həyətdə  uşaqlar oynayırdılar. Bir oğlan və bir qız 

ipi tutmuşdular, başqa bir qız ipin üstündən o yana, bu yana 

tullanırdı. Kimsə həyətdəki kranı bağlamağı unutmuşdu, su hey 

axır, axırdı. Nimdaşalan həyətə girib bir qədər qışqırdı. Ona 

köhnə, paslı çaydanı təklif elədilər. Bir qədər danışdılar, çənə-

boğaz oldular. Sövdəlari baş tutmadı. Nimdaşalan çıxıb getdi. 

Fatma xala bir əlini dovğanı buladığı qaşıqdan ayırmadan o biri 

əli ilə qazana bir çimdik duz atdı. 

Gülarə  dərsdən qayıtdı. Fatma xala indicə  qızının: "Yenə 

dovğa, yenə yemək, yatmaq, sabah yenə  dərs" – deyib 

deyinəcəyini gözləyirdi. 

Amma Gülarənin gözləri gülürdü. Həmişə günün bürkü, 

əzici, tənbəlləşdirici vaxtında radio həzin musiqi verib adamı 

daha da qüssələndirir, yorğunlaşdırırdı. Bu gün də radio çalırdı. 

Həmişəki kimi həyətdə  uşaqlar oynayır, qutab satan arvad 

bağırır. 

Bu gün də  hər günkü kimi idi. Amma Gülarənin gözləri 

gülürdü. O gəlib anasını qucaqladı. Dovğanın çürüməsindən 

qorxan Fatma xala əlini qaşıqdan ayırmadan, qanrılıb qızının 

alnından öpdü. 

–Hə, neçə beş almısan? 


 69 

–Bir dörd almışam. 

–Nədən? 

–Fizikadan. – Hiss olunurdu ki, Gülarəni bu söhbətlər 

maraqlandırmır, o, anasına nə isə başqa bir şeydən danışmaq 

istəyirdi. 

Fatma xala isə: 

–Canın sağ olsun. Sabah beş alarsan, – deyə  qızına təsəlli 

verirdi. 

–Lap yaxşı bilirdim. Başladı əlavə suallar verməyə. 

–Əşi, zərər yoxdur, canın sağ olsun. 

–Hə, onsuz da bu rübdə fizikadan iki beşim var. 

–Rüblük beş olacaq? 

–Yəqin.  İki beş, bir dörd, gərək beş olsun. – Sonra Gülarə 

əlavə etdi. – Amma onu bilmək olmaz. Elə əntiqə adamdır ki. 

Bir də görürsən bəhanə gətirdi ki, beşləri əvvəl almısan, dördü 

sonra, demək axıra yaxın korlamısan. Beş versəm 

arxayınlaşarsan, gərək dörd verəm ki, çalışasan. 

–Onda bir də cavab ver, beş al. 

–Hardan? Sinifdə otuz adam var. Rübə az qalıb. Mənə 

növbə çatmaz,. 

– Hə–ə!.. 

–Onsuz da tarixdən – dörd olacaq. Nə təfavütü var, bir dörd, 

ya iki dörd. 

– Qalanlar beşdir? 

–Hə. İdmandan üçdü, amma o heç. 

–Hə,  əşi, idmandan zərər yoxdur. Amma çalış  gələn rüb 

hamısını beş elə. 

– Niyə? 

Fatma xala təəccüblə baxdı. 

 – Necə yəni niyə? 

–Eh! Nə təfavütü var? Beş olsun, dörd olsun, üç olsun. 

Fatma xala istehza ilə dedi: 

–Ay bərəkallah! Əcəb ağıllı sözlər danışırsan! – Sonra əlavə 

etdi. – Səhərdən acsan! Yəqin ona görə belə  hətərən–pətərən 


 70 

danışırsan. Yemək istəyirsən? 

–Hə! 

–Dovğa hazır olana qədər götür, bir az pendirnən çörək ye. 



Gülarə rəfdən çörək və bıçaq götürdü. Bir parça çörək kəsdi, 

üstünə bir az pendir qoydu, həvəssiz, iştahasız yeməyə başladı. 

–Ana! 

–Hə! 


–Hə, nə deyirsən? 

Hiss olunurdu ki, nə isə bir söz gəlib xirtdəyinə dirənmişdi. 

Bu sözü çıxarmaq istəyirdi. Amma bacarmırdı. Cürətimi 

çatmırdı? 

Nəhayət qərara gəldi: 

–Ana, bu bizim qonşumuzun oğlu var, ha? Bəstəkar.  

Səsi əsirdi. Fatma xala bunu duydu: 

–Hə... Nədi ki? 

–Əşşi, qəribə axmaq oğlandır. 

–Niyə, ay Gülü, axmaq niyə olur ki? 

–Əşi, bu gün dərsdən evə  gəlirəm... O da yuxarıdan 

eyvandan baxır... 

Gülarənin dili dolaşırdı. 

–Hə... Yuxarıda dayanıb... Əlində bir dəstə gül vardı... Mən 

həyətə girəndə düz qabağıma atdı... Bilmirəm, bəlkə də əlindən 

düşüb. Güllər düz qarşıma səpələndi. Yəqin  əlindən düşüb, – 

deyə Gülarə yenidən tələsik əlavə etdi. Elə bil o, inanmadığı bir 

şeyə inanmaq istəyirdi. 

–Gülləri götürüb yığdın? – deyə Fatma xala soruşdu: 

–Yox, onun nökəri-zadı deyiləm ki! – Gülarə yalançı bir 

məğrurluqla cavab verdi, – əlindən salıb, özü yığsın! Mən o 

saat evə qaçdım ki, birdən mənə deyər gülləri gətir, sonra 

aparmasam, yaxşı olmaz. 

–Hə!..  


–Qəribə adamdır o, bir dəstə gülü də  əlində  ağıllı–başlı 

saxlaya bilmir. 

Fatma xala gülümsündü: 


 71 

–Yox, Gülarə, – dedi, – yəqin o, özü qəsdən gülləri sənə 

atıb. 

Ən xəfif,  ən gizli, öz-özünə belə etiraf edə bilmədiyi, 



arzuladığı bir şeyi eşidərkən Gülarə qəribə bir hal keçirdi. Bu, 

onunçün bayram idi. Bu, hələ  məhəbbət bayramı deyildi. Axı 

Gülarənin vur-tut on beş yaşı vardı. On dörd-on beş. Lakin bu, 

başqa bir bayram idi. Bu, qadın qəlbində  məhəbbətdən çox 

erkən oyanan və  məhəbbətdən çox sonra sönən bir hissin, 

riqqətləndirici və güclü bir istəyin – diqqət istəyinin, pərəstiş

səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramı idi. 

Gülarə pörtüb həyəcanla pıçıldadı: 

–Bıy, mənə niyə atsın ki? 

–O, uşaqlıqdan səni çox istəyirdi. Sən bir yaşında idin, o da 

on yaşında bir oğlan idi. Tez–tez səni quçağına alardı. Bir dəfə 

səni qucağına alanda sən yaramaz oğlanın burnunu dişləmişdin. 

Gülarə uğunub getdi. 

–Doğrudan? 

–Hə. Özü də, səni yaman çox istəyir. "Mənim balaca 

bacım"– deyir. İndi gülləri də sənə sataşmaqçün atıb. Bilib ki, 

sən qorxub qaçacaqsan. Uşaqlıqda da həmişə  sənə sataşardı. 

Səni inandırmışdı ki, guya ayda yaşayır, gündə ordan 

təyyarəylə uçub gəlir. 

Gülarə hələ də gülürdü. 

–Doğrudan? 

O, aramsız gülürdü. 

–Bilirsən, – deyə indi daha artıq cəsarətlə danışmağa 

başladı, – srağagün mən evə  gələndə o, yoldaşlarıyla 

dayanmışdı, mən keçəndə... 

Bu vaxt qapı açıldı. Qonşu Dilşad xala gəldi. Gülarə susdu. 

Dilşad xala Fatma xala ilə bərkdən danışmağa başladı. 

–Nə var, nə yox? Dovğa bulayırsan? 

–Hə. 

–Həngaməni də eşidirsən də. 



–Nə həngamə? 

 72 

–Ay arvad, eşitmirsən? Həyətdə bir həngamə qalxıb ki! 

Yuxarıda Xədicəgil paltar sərir. Suyu bütün həyətə süzülüb. 

Hər yandan qonşular çıxıb, dava başlayıb. Dəmir tutqac da 

Xədicənin  əlindən düz Faiqin başına düşüb. Az qalıb uşağın 

başı yarılsın. 

Gülarə söhbətə diqqət verdi. 

Dilşad xala fasiləsiz danışırdı. 

–Gör yazıq uşağın başına necə bərk dəyib ki, əlindəki gülləri 

də töküb həyətə. 

Fatma xala məzəmmətlə Dilşada baxıb başını buladı. Dilşad 

heç bir şey başa düşmədisə  də, Fatma xalanın tutulduğunu 

görüb təəccüblə susdu. 

Fatma xala yenə dovğasını buladı. 

Məstan pişik tənbəl-tənbəl döşəməyə  sərələnib özünü günə 

verirdi. İri divar saatının kəfkiri sağdan-sola, soldan-sağa var-

gəl edir, küçədən qutab satan arvadın cır səsi eşidilirdi: 

–Qutab var a! Qutab var a! 

Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat 

oxunurdu. 

Həyətdəki su kranını bağlamağı unutmuşlar. Su hey axır, 

axırdı... 

Gülarə başını mizin üzərinə qoydu, için-için ağladı... 

 

12 sentyabr 1958 



 73 

 

 

KÖNLÜMÜZÜN GECƏSİ 

 

–Hə, bəs o necə oldu? 



–Kim? 

Rüstəm,  Əjdər və  Şəhla dəniz kənarında qumun üstündə 

uzanıb özlərini günə verirdilər. 

Əjdər təəccüblə Şəhlaya baxdı. 

–O da – deyə təkrar elədi.  

Şəhla başa düşdü. 

–Hə, o? Məktəbə girdi də.  

–Orta məktəbə? 

–Hə. Birinci sinifə. 

–Axı o deyəsən institutda oxuyurdu. 

–Bəli. İnstitutu qurtardı, sonra da getdi girdi birinci sinfə. 

Rüstəm beli üstündə uzanmışdır. Başını qaldırıb: – yenə 

başladınız – deyə narazı baxışlarla  Əjdərə  və  Şəhlaya baxdı. 

Şəhla həvəssiz gülümsündü. Əjdər dedi: 

–Buna bax, inanmır. Kişi birinci sinifdə oxuyurdu da.  

–Hə də – deyə Şəhla söhbəti davam elədi.  

–Oğlunu birinci sinifə götürmədilər. Odur ki, özü gedib girdi.  

–Hə. Sonra öldü. Öləndən sonra evləndi. Evlənəndən sonra 

arvadı öldü. Arvadı öləndən sonra uşağı oldu. Uşaq "uşi" 

sözündəndir. Yəni qulaq asmaq. Qulaq cinayətkar olduğu üçün 

onu asmışlar və s. və s. və s. – deyə Rüstəm bacısını və onun 

ərini yamsıladı – bu səfsəfələr zəhlənizi tökmədi?  

Şəhla Rüstəmə baxıb gülürdü. Əjdər nədənsə birdən birə 

dalğınlaşdı.  

Araya sükut çökdü. 

Şəhla dedi: 

–Yaxşı, neyləyək, sən susursan, biz də danışanda acığın 

tutur. 


–Danışın e, amma ağıllı bir söz danışın da, yoxsa dəli kimi 

 74 

səfəhləyirsiniz.  

Şəhla dedi:  

–Ağıllı söz danışmaqçün çox fikirləşmək lazımdır. 

Fikirləşəndə də, çox fikirləşəndə də – deyə o əlavə etdi – adam 

axmaq işlər görür. 

Əjdər dedi: 

–Ağıllı sözlər hamısı deyilib qurtarıb. Yalnız axmaq sözlər 

qalıb. 

Yenidən susdular.  



Sonra Rüstəm: 

–Amma bu gün yaman istidir – dedi. 

Şəhla: 

–Hə – dedi – həm də günün ən isti vaxtıdır. Saat neçədir ki? 



Əjdər kənara qoyduğu ağ parusun şalvarının cibindən qol 

saatını  çıxarıb baxdı, saat neçə olduğunu bildi, lakin Şəhlaya 

deməyi unutdu. 

Rüstəm ayağa durdu: 

–Gedək çimək, sonra çıxaq gedək. 

–Hara tələsirsən. 

–Yox, daha bəsdir. Həm də mən şəhərdə tez olmalıyam. 

Əjdər və Şəhla etiraz eləmədilər. Bu gün Leyla gedirdi.  

Hər üçü dənizə yüyürdülər. 

Suda Əjdər özünü bəxtiyar hesab eləyirdi. Ona elə gəlirdi ki, 

o, daha cavan, daha sakit, daha yaxşıdır. Ona elə  gəlirdi ki, 

bütün işlər düzələcək, bütün problemlər həll olunacaq və o, öz 

həyatını yenidən qurmağa  əzm və iradə göstərə biləcəkdir. O, 

Şəhlaya baxır, onun qeyri-adi, göz qamaşdırıcı gözəlliyini 

görür və qəribədir ki, heç də iztirab çəkmir, əksinə sevinirdi. 

Şəhla dedi: 

–Dayan orda suyun altıyla  yanına üzüb gələcəm. Amma 

tərpənmə. O, suya baş vurub üzməyə başladı. Yaxınlaşanda 

Əjdər bir addım dala çəkildi. Şəhla sudan çıxıb: 

–Ay haramzada – dedi – dala çəkildin. 

Əjdər özünü tülkü ölümcülüyünə qoyub danmaq istədi. 


 75 

Amma həvəsi gəlmədi. 

Şəhla dedi: 

–Gəl ötüşək. 

Əjdər cavab vermədi. 

Rüstəm dedi: 

–Yaxşı, bəsdir. Çıxaq. Mən elektrik qatarına çatım. 

Şəhla dedi: 

–Dizelnən get. Hər yarım saatdan bir gedir. 

Qəfilcən Əjdər dedi: 

–Şəhla gəlsənə mən də şəhərə gedim. 

–Sən niyə? 

–Bir az işim var. Onsuz da sabah getməliyəm. Qoy elə bu gün 

Rüstəmlə bir yerdə gedim. Rüstəmi də maşınla apararam. 

–Özün bil. 

Şəhla qurulandığı dəsmalın bir ucunu Əjdərə uzatdı. 

Rüstəm dedi: 

–Yox mənə görə gedirsənsə, mən dizelnən də gedə bilərəm. 

Bir də artıq zəhmət çəkmə. 

–Yox elə. 

Şəhla dedi: 

–Onda şəhərdən gələndə yağ gətir. 

–Nə qədər? 

–İki kilo bəsdir. Bir də darçın al. 

–Yaxşı. 

–Daha bir şey qalmadı ki – deyə Rüstəm qumun üstündən 

ayaqqabılarını götürdü və ətrafa nəzər saldı. 

Əjdər: 


–Yox – dedi. – hər şeyi götürdük yığışdırdıq. 

O saçını darayırdı. 

–Onda gedək. 

–Dayan qoy Şəhla da gəlsin. 

Şəhla çimmək paltarını dənizdə yaxalayırdı. 

–Şəhla – deyə Rüstəm çağırdı. 

Şəhla paltarını  sıxa-sıxa onlara tərəf gəldi. Paltardan damcı-


 76 

damcı tökülən sudan qumun üstündə zəncirli bir iz qaldı. 

Qayaların yanında qızmış qum ayaqları yandırırdı. 

Ayaqqabılarını geyindilər. 

Rüstəmlə Əjdər otaqda geyinəndə Şəhla dedi: 

–Əjdər bağdan bir az üzüm yığ. Leylaya apar. 

Rüstəm etiraz eləmək istədi. 

–Yox, yox. Qoy aparsın. Leyla yolda yeyər. Orda üzüm 

harda görəcək. 

Əjdər sanki ilk dəfə Leylanın çox uzun müddətdə tamamilə 

başqa bir yerə getməsi haqqında düşündü. Və nədənsə bir qədər 

kədərləndi. 

Səbət yaman ağır oldu. Rüstəm və  Əjdər ikisi götürməli 

oldular. Şəfiqə onları qapıya qədər ötürdü. O arxayın və rahat 

idi. Əjdərin ürəyi dumanlı idi. Rüstəm fikirliydi. 

Gecə saat 12-də Leyla, Rüstəm,  Əjdər və Leylanın anası 

Zeynəb xala aerodroma gəldilər. Əjdər neçə gün idi ki, Leylanı 

görməmişdi. 

–Niyə heç bağa gəlmədiniz – dedi. 

–Nə bilim vallah, yola hazırlaşırdım. – Leyla özü nə qədər 

incə  və  zərif idisə  səsi bir o qədər qalın və yapışıqsız idi. – 

Başım yaman qarışıqdı. 

Əjdər dedi: 

–Təqsir Rüstəmdədir. Gərək o sizi mütləq gətirəydi. Bağın 

indi çox yaxşı vaxtıdır. 

Leyla gülümsündü. 

"O nahaq yerə pomada çəkir – deyə Əjdər düşündü. – Belə 

gülüş solğun dodaqlara daha yaxşı yaraşar. Amma bəlkə  də 

Rüstəm pomadalı dodaqların gülüşünü daha artıq bəyənir". 

Təyyarəyə minmə başladı. Leylayla Zeynəb xala bir–

birlərinə sarmaşdılar. Zeynəb xala ağlamağa başladı.  Əjdər 

qəribə bir maraqla Leylayla Rüstəmin görüşməsini gözləyirdi. 

Leyla Rüstəmə  əlini uzatdı.  Əjdər elə bildi ki, Rüstəm onun 

əlindən öpəcəkdir. Amma Rüstəm sadəcə olaraq nişanlısının 

əlini sıxdı. Əjdər kimi. 


 77 

10 dəqiqədən sonra Leyla qara damsız göydə güclə seçilən 

iki yaşıl bir qırmızı işıqdı. 

Zeynəb xala dalda, Rüstəm qabaqda oturdu. Aerodromdan 

şosseyə çıxanda Əjdər yenidən göyə baxdı. İki yaşıl bir qırmızı 

işıq… Lakin bu bəlkə də içində Leyla olan yox, başqa təyyarə 

idi. 

Çoxdan Əjdərin ürəyi xoş və sevincli olmurdu. Nədən belə? 



Əjdər gecə maşın sürməyi çox sevirdi. O, bu ləzzətin 

qurtaracağı haqqında düşünmək istəmirdi. Hələ yol çox uzun 

idi. Rüstəm və Zeynəb xalanı Bakıya aparmaq, sonra da tək 

bağa qayıtmaq. 

Düzdü  Şəhla onu gözləmirdi. O, elə bilirdi ki, Əjdər səhər 

gələcək. İki kilo yağ gətirəcək. Bir də darçın. Amma Əjdər bu 

əsrarəngiz səyahətinin ləzzətindən əl çəkmək istəmirdi. Düzdür 

o bu ləzzəti sabah gecə, biri gün və hər hansı başqa bir gecə də 

ala bilərdi. Amma məhz bu gün istəyirdi. Məhz bu gecə xüsusi 

həvəsi vardı. Yağış çisələyirdi.  Şosse par-par parlayırdı. 

Maşının qabaq faralarının işığı yolun aynası üzərində üzürdü. 

Yol, təyyarə, göy, gecə, Rüstəm, Zeynəb xala, Şəhla, yol, 

Leyla,  Şəhla, təyyarə, Rüstəm, yol, Zeynəb xala, Bakı,  Şəhla, 

yol, təyyarə, Leyla, Bağ, Şəhla, Səhər, yağ, iki kilo yağ, Şəhla, 

darçın, yol, Leyla, təyyarə, Leyla, Rüstəm, gecə, Leyla, yol, 

Şəhla, bağ, dəniz, Şəhla, darçın, Şəhla, Leyla, yol, yol, təyyarə, 

gecə, Şəhla, Şəhla, Rüstəm, yol, Şəhla, yol, yol, Şəhla, yol, yol, 

Şəhla, Şəhla, Şəhla, hə Şəhla. Şəhla mən səni sevirəm. Ürəkdən 

sevirəm. Lakin bu azdır. Bu heç bir şeyi həll etmir. Şəhla, mən 

səni lap çox istəyirəm. Lakin bu bayağı dünya həqiqi,  əbədi, 

ülvi məhəbbətçün layiq yer deyil. Mən səni sevirəm  Şəhla. 

Sevirəm. Amma könlümüzün gecəsindən kimin xəbəri var? 

Çətindir,  Şəhla çətindir. Könlü mıxlamaq olmur, Şəhla. Mən 

səni sevirəm  Şəhla, lakin bu problemləri həll etmir. Mən səni 

sevirəm  Şəhla, çünki dünyada səndən gözəl qadın yoxdur. 

Lakin mən neyləyim, neyləyim, neyləyim ki, darçın, darçın, 

darçın… 


 78 

–Yatmısan? 

–Hə. – Əjdər diksindi. Cəld sükanı sola burdu. Sağ tərəfdən 

vıyıltıyla keçən yük maşını az qala onları vurmuşdu. 

Əjdər Rüstəmi söhbətə tutdu.  

Əvvəl Zeynəb xalanı evlərinə apardılar. 

Zeynəb xala Rüstəmə müraciətlə: 

–Bizi yaddan çıxartma – dedi – Əjdəri də gətir. 

–Mütləq 

Əjdər birinci sürətə qoşdu. Maşın tərpəndi. 

Şəhər yuxulu və səssiz idi. 

Əjdər birdən dedi: 

–Nahaq Leylanı  tək buraxdın. Gərək özün də  məzuniyyət 

alıb onunla gedəydin. – O əlavə etdi – nə olar öz hesabına 

alaydın. 

Rüstəm cavab vermədi. 

Ayrı vaxt olsaydı Əjdər inciyərdi. 

İndi kefi kök idi. 

–Gecən xeyrə qalsın. 

–Sağ ol – deyə Rüstəm maşının qapısını çırpdı. 

Yol hərəkətsiz, gediş–gəlişsiz idi. Tək–tük maşınlar böyük 

sürətlə gedirdilər.  Əjdər də sürəti 100 qaldırdı. Onun qəlbi 

fərəhlə doluydu. Pencəksizdi. Külək üzünə vurub köynəyini 

dalğalandırırdı. Amma üşümürdü. Küləyi toxunulan bir şey 

kimi qucmaq, saxlamaq istəyirdi. 

Hardansa Əjdərin fikrinə belə qəribə bir sual–cavab gəldi: 

–Əjdər, həyatınızın  ən gözəl,  ən xoş,  ən sevimli, ən təsirli 

xatirəsi nədir? 

–Qara damsız göydə güclə görünən iki yaşıl, bir qırmızı işıq. 

Leyla Rüstəmin nişanlısı idi. Rüstəm  Şəhlanın qardaşı idi. 

Şəhla Əjdərin arvadı idi. Əjdər arvadını ürəkdən sevirdi. Lakin 

o heç bir vax Leylanı xörəyə darçın tökən görməmişdi. 

Səhər Əjdərlə Şəhla çay içirdilər. Şəhla deyinirdi: 

–Mən elə düz bilmişdim ki, yağı yaddan çıxaracaqsan. 

Əjdər düşündü: "Görəsən darçını da yadına salacaq". O 


 79 

ürəyində bir şey tutmuşdu. Əgər Şəhla darçını soruşsa – onda 

belə, soruşmasa – belə. 

Şəhla dedi: 

–Yaxşı yadıma düşdü. Darçın da almadın hə. 

Əjdər dedi: 

–Şəhla. 

–Hə. 


–Heç. – Əjdər fikrini dəyişdi. 

Şəhla dedi: 

–Leylanı elə sənnən Rüstəm ötürürdü? 

–Yox anası da ordaydı. 

–Zeynəb xala? 

"Görəsən Leylanın Zeynəb xaladan başqa anası da var?" 

Əjdər özünü ələ aldı və sakit cavab verdi: 

–Hə. Zeynəb xala. 

Birdən Əjdər soruşdu: 

–Şəhla sən məni sevirsən? 

–Bıy… 

Şəhla təəccüblə Əjdərə baxdı. Sonra başa düşdü. Ciddiləşdi: 



–Hə.  Əlbəttə. Sevmək söymək sözündəndir. Mən səni 

sevirəm, deməli, söyürəm, çünki… 

Əjdər dedi: 

–Dayan  Şəhla. Mən zarafat eləmirəm. Ciddi soruşuram bu 

çox vacibdir. 

Şəhla bunu da bilirdi. 

–Mən də lap ciddi deyirəm ki, – lakin o birdən  Əjdərin 

üzünün ifadəsini görüb susdu. Sonra təəccübləndi. 

Gülümsündü və dedi: 

–Əlbəttə sevirəm, Əjdər, özün bilmirsən. Birdən bunu niyə 

soruşdun.  

Doğrudan da o bunu niyə, axı niyə soruşdu? 

Sonra Şəhla nə haqqındasa düşündü və soruşdu: 

–Bəs sən? Sən necə, sən də məni əvvəlki kimi sevirsənmi? 

Əjdər dedi: 


 80 

–Sevirəm. Lap-lap çox sevirəm.  Əvvəlkindən də yüz dəfə 

çox. Min dəfə, milyon dəfə, milyard dəfə  çox. 

O doğrudan da Şəhlanı lap, lap çox istəyirdi, sevirdi. Məhz 

buna görə  də onlar ayrılmalı idilər. Bu Əjdərin son və  qəti 

qərarı idi. Amma o bilirdi ki, heç bir vaxt bu qərarını icra edə 

bilməyəcək. 

–Şəhla mənə bir stəkan çay tök. 

–Bu saat, qaynasın. 

Sonra onlar dənizə çimməyə getdilər. 



 

Bakı, 1958 

 

 

 

 

 81 

 

 

 

 

 

 



SABAH BİZ AYIQ OLACAYIQ 

 

Biz günortadan oturub içirdik. 



Mən. Bir də Aydın.  

Əvvəl araqnan pivədən başladıq. Sonra keçdik konyaka. 

İndi də ki hələlik çaxırın üstündə dayanmışıq. 

Çaxır. Al qırmızı şərab. Portveyn. Yaxşı çaxırdır. Şip-şirin. 

Lap elə pis olsun. Bizimçün indi heç bir təfavütü yoxdur. Nə 

cür olur, olsun, cəhənnəmə ki… 

Kefimiz yaman kökdür. Aydın dünən arvad-uşağını 

Moskvaya yola salıb. Səhər mənə  zəng elədi ki, gəl bura. 

Gəldim. Gördüm, bəli, məclis tamamdır. Məclis deyəndə, yəni 

ki, bir mən idim, bir də Aydın. Amma butulkalar, bir cavan 

şairin yazdığı kimi "qoşun təkin stolun üstünə düzülmüşdülər". 

Bəli başladıq, başladıq, nə başladıq. 

Dörd-beş saat olar ki, içirik. Əlbəttə ara verə-verə. Çoxlu 

söhbət eləyirik. Kefimiz yaman kökdür.  

–Sən öl, da o gecə evə necə gəlib çıxdığım yadımda deyil. 

Əşi zalımın qızına deyirəm…  

Biz hər  şeyi açıq danışa bilmirik. Aydının anası Rüxsarə 

xanım o biri otaqdadır. Amma elə belə, üstü örtülü danışanda 

da hər ikimiz hər şeyi başa düşürük.  

Mənim yadıma yay əhvalatı düşür: 

–Yadında, Aydın, – deyirəm, – Plyajda, Lyalyaynan.  

Aydın gülüb özündən gedir. 

–Lap yadımdan çıxmışdı – deyir – Axı bir ay bundan əvvəl 

Lyalyanı gördüm. Ərə gedib. 

–Yox əşi? 


 82 

İndi mən gülməkdən özümü saxlaya bilmirəm. 

Aydın gücnən özünə gəlib: 

–Sən öl – deyir – Bir nümunəvi arvad olub ki. Deyir ərim  

məni bir saat gözündən iraq qoymur.  

–Əşi mən ölüm düz deyirsən? 

–Vallah, Zeynal canı. 

–İnanmaram. Dünyasında belə şey ola bilməz.  

Mən doğrudan da inana bilmirəm ki, yer üzündə bu cür 

məzəli möcüzələr ola bilər. Lyalya ha? Ay səni, Aydın.  

Aydın var gücüylə məni inandırmağa çalışır.  

–Canınçün öz gözümlə görmüşəm. 

–Əşi yeri attanmağının dalıycan, mən guya Lyalyanı 

tanımıram.  

–Sluşay, sənə söz deyirəm. Da Lyalya o sən görən Lyalya 

deyil e. 

–Bəs Mura necə? – Mən gülməkdən sözümü qurtara 

bilmirəm – Yoxsa Mura da… ha, ha, ha-mən gülüşdən boğula-

boğula – yoxsa, yoxsa Mura da… ərə gedib – deyirəm.  

–Mura? Ha, ha, ha… Mura. 

Aydın gülür, gülür və kürsüdən yerə yıxılır. O ayağa qalxa 

bilmir. Mən yanaşıb onu qaldırmaq istəyirəm. O dartıb məni də 

yerə  yıxır. Biz parket döşəmənin üstünə  sərələnirik. Rüxsarə 

xanım gəlib bizə baxır, məzəmmətlə başını yelləyir və dinməz 

o biri otağa keçir.  

Mən döşəmənin üstündə özümü o qədər rahat hiss eləyirəm 

ki, heç durmaq istəmirəm. Gözlərimi tavana zilləmişəm. Tavan 

lap alçaqdır. Tavanda yaşıl yarpaqlar, sarı, qırmızı güllər 

çəkilmişdir. Elə ala-bəzəkdir ki, elə bil qusublar. Hardansa 

yadıma knyaz Andrey Balkonski düşür. Lap yaxşı yadımdadır 

ki, oda hardasa, hansı çöldəsə bax beləcə mitil kimi sərələnib 

göylərə tamaşa edirmiş. Hardasa oxumuşdum ki, bir tənqidçi 

deyir ki, Tolstoy bu yerində ceyranı lap gözündən vurub, yəni 

əntiqə yazıb. Dahiyanə yazıb. Mən bunu Aydına danışmaq 

istəyirəm, ona başa salmağa çalışıram ki, Andrey Balkonski 


 83 

niyə çöldə uzanıb göyə baxırmış və niyə görə bu dahiyanədir. 

Aydın qanmaz heç nə başa düşmək istəmir. Ancaq pis-pis 

söyüşlər söyür.  

–Zəhləmi tökmə, əl çək. 

Mən onun yaxasından yapışıram.  

–Ay axmaq, heç bilirsən Andrey Balkonski kimdir?  

Aydın əlini yelləyir.  

–Svoloçdur. 

Mən razılaşıram. 

Aydın deyir: 

–Əsgər də svoloçdur?  

–Hansı Əsgər? 

–Muradov. 

–Yaxşı. Mən razı. Yüz əlli faiz.  

Aydın deyir:  

–Muxtar Hüseynov da svoloçdur. 

Mən məmnuniyyətlə razılaşaram.  

Aydın bir qədər fikrə gedir, sonra deyir: 

–Sən də svoloçsan. 

Mən etiraz edirəm. 

–Aydın canı yox – deyirəm.  

Aydın deyir: 

–Amma mən svoloçam. Həm də əclaf. 

Mən deyirəm: 

–Onda mən də svoloçam. 

Aydın razılaşır.  

–Yaxşı, onda biz ikimiz də svoloçuq.  

–Oldu. Çox gözəl, çox da pakizə.  

Birdən mənim yadıma Knyaz Andrey düşür.  

–Biz svoloçuq – demirəm – Andrey Tolstoy dahidir.  

Aydın deyir: 

–Cəhənnəmə ki. Kefini pozma! Bütün dahilər bir az o söz.  

O barmağını gicgahına qoyub fırladır. Mən təəccüblə 

baxıram. Axı, adamın heç inanmağı  gəlmir. Aydın lap qəti 


 84 

deyir: 


–Sən öl, mən lap yəqin bilirəm. 

Sonra nə isə yadına düşür. Mənə baxıb gülür: 

–Axı sən də bir vaxt dahi olmaq istəyirdin, yadında? 

Mənim də yadıma düşür. İkimiz də gülməkdən ölürük. Hələ 

bu harasıdır; Aydın daha da gülməli xatirələr yadına salır:  

–Yadında, Zeynal, bir bina tikmək istəyirdin e, fırlanan, ha, 

ha, ha. Necə oldu tikdin? Ha, ha, ha. Jalki çertojnik. Muxtar 

Hüseynovun mladşi pomoşnikinin starşi zamestiteli. Ha, ha, ha.  

Məni gülmək boğur. Bir təhər nəfəsimi dərib: 

–Hə, tikdim – deyirəm, – tikdim. Hamamın tipovoy 

proyektini dünən köçürürdüm. Bəs hamamın içindəki duş 

fırlanmır? Hə, Aydın, fırlanmır? 

–Ha, ha, ha. 

Biz doyunca gülürük. Sonra Aydın deyir: 

–Amma mən uşaqlıqda şarlatan olmaq istəyirdim.  

–Niyə? 


–Mən elə bilirdim ki, şarlatan 1 Mayda o rəngbərəng şarları 

satana deyirlər. O şarlardan yaman xoşum gələrdi.  

–Yox əşi? 

Öz canımçün. Həmişə  məndən soruşarlardı ki, Aydın nəçi 

olacaqsan.  Deyərdim: şarlatan. Hamı gülməkdən ölüb gedərdi.  

Biz yenidən qəhqəhə  çəkirik. Ayaqlarımızı  bərk-bərk yerə 

döyürük və "Qubanın ağ alması" havasını oxuyuruq: 

 

Qubanın ağ alması, 



Yeməyə bağ alması,  

Yar gələnə qalıb 

 

Aydın balqabaq oxuyur ki, "yaz gələnə qalıb", deyirəm, ay 



mən deyən" yaz yox, e, yar, elə kor dediyin tutan kimi əl 

çəkmir, yaz ki, yaz. Deyirəm ay küdü", yar, e, yar, bilirsən 

"yar" nə deməkdir"? 

Rüxsarə xanım içəri girir və bu səfər bizə acıqlanır.  



 85 

–Yekə kişisiniz. Bu nə gündür. 

Aydın deyir: 

–Ana sənə qurban olum – yüyürüb onu öpmək istəyir. - 

səndən başqa mənim heç kimim yoxdur. – Rüxsarə xala cəld o 

biri otağa çəkilir. 

Mən durub kürsüdə otururam. Aydın da qalxır.  

–İçək? 


–Əlbətməkin. O nə sözdür? 

Biz yenə içirik.  

Kefimiz lap əladır. Aydın anasına nə dedi? Nə  qədər 

çalışıramsa yadıma sala bilmirəm. İndicə e, bax bu saat. Nə isə 

mənə təsir etdi. Amma nə dediyini yada sala bilmirəm. Biz bir 

də içirik. Kefimiz lap əladır. Amma nə isə  mən hiss eləyirəm 

ki, nə isə, niyəsə tamam bəxtiyar ola bilmirəm. Nə isə 

yaddaşımın, ya ürəyimin, bilmirəm heç haramın harasındasa nə 

isə bir tikan batıb bir az zoqquldayır, məni tamam bəxtiyar 

olmağa qoymur. Ha fikirləşirəm, tapa bilmirəm.  

"Yaxşı nə ola bilər? 

Sabah tezdən işə gedəcəm? Nə olsun. Tezdən durmağı 

çoxdan vərdiş eləmişəm.  İlk günlər bir az çətin olurdu. İndi 

öyrəşmişəm. 

Muxtarın çertyojlarını da dünən hamısını köçürdüm verdim. 

Yaxşı bəs nə olub? Nə olub? Nə?". 

Aydın yenə  nə isə oxuyur. Məndən soruşur ki, mən niyə 

oxumuram. Mən də oxumağa başlayıram. 

"Uca dağ başında, ceyran… yaxşı ev kirəsini də vermişəm. 

Heç kəsə borcum da yoxdur. Yol eylər… Ürəyimin başında… 

Dişimi də  çəkdirmişəm. Çəkməm sıxmır. Evim dammır. 

Peykan yol eylər. Yaxşı  bəs onda nə olub, axı, nə olub? Axı 

nədi? Fikrim dumanlıdır, yada sala bilmirəm.  

Aydın nə isə çərənləyir. Fikir vermirəm. Axtarıram.  

Bu gün. Dünən. Srağa gün. Bir həftə, bir ay, aylar, il, illər… 

Aha, tapdım.  

–Kamilə – deyirəm.  


 86 

–Nə? - deyə Aydın təəccüblə soruşur.  

–Kamilə. 

–Hə. 


Aydın mənə çaxır tökür. 

–İçək? 


–İçək. 

İçirik.  

Aydın arvadının hoqqalarından danışır.  

–Mənə deyir ki, yaşıl paltonu geyinmə, xoşuma gəlmir, 

deyirəm, Sevda bu yaşıl palto deyil, qaradır, deyir, gərək elə 

həmişə mənim acığıma bu yaşıl paltonu geyinəsən.  

Aydın bərkdən şaqqıldayıb gülür və söhbətini davam eləyir: 

–O gün kinoya gedirik… 

Mən Aydına baxıram. 

–Kamilə – deyirəm. 

Aydın: 

–Hə deyir – Bəsdi Zeynal. Onu deyirəm axı, kinoya 



gedirik…  

O mənim gözlərimə baxıb susur. Sonra deyir: 

–Bu barədə düşünmə Zeynal. Unut. Gəl içək. Kefimiz 

əməlli başlıdı, sən allah soğan doğrama. Öz qanını da qaraltma 

mənimkini də.  

Aydın haqlıdır.  

–Əlbəttə əşi – deyirəm mən yenidən bayaqkı kimi şən olmaq 

istəyirəm – içək.  

İçirik. Mən tam bəxtiyar deyiləm. Amma zərər yoxdur. Qoy 

heç olmasa kefimiz kök olsun. Mən məzəli bir əhvalat 

danışmağa başlayıram. 

–Dünən vağzalda… – deyirəm. Hiss edirəm ki, dalın 

danışmayacam. Həvəsim qaçdı. Aydın mənə baxır. 

Mən deyirəm: 

–Kamilə. 

Aydın birdən-birpə ciddiləşir.  

–Unut. 


 87 

–Unuda bilmirəm. 

–Onda iç. 

–İçə bilmirəm. 

–Gedək yat. 

–Yata bilmirəm. 

-Onda ağla. 

-İstəmirəm. 

-Bəs nə istəyirsən? 

–Zəng eləyəcəm. 

–Hara 

–Kamiləyə. 



Aydın təəccüblə  mənə baxır. Heç bilmirəm bu haradan 

mənim ağlıma gəldi dedim. Amma indi ki, dedim sözümün 

üstündə duracam. Birdən Aydın bərkdən şaqqıldayıb gülür. 

–Axmaq adam, niyə gülürsün? Telefonunuz hanı? 

Aydın yenidən ciddiləşir. 

–Deyəsən pyansan. 

–Özünsən pyan. Mən…  

Mən onu vurmaq istəyirəm. O üzümdə  nə ifadə görürsə 

qorxur. Telefonun yerini göstərir. Mən onsuz da bilirdim ki, 

telefon hardadır. 

Telefona tərəfə getmək istəyirəm. Aydın zəif bir təşəbbüs 

eləyir. 


-Zeynal, vallah lazım deyil. 

Mən onu itələyirəm. Götürüb bir stəkanı doldurub başıma 

çəkirəm. Sonra səndələyə-səndələyə telefona yanaşıram. 

Dəstəyi götürüb fikrə dalıram.  

İndi zəng eləyəcəm və xoşbəxt olacayıq. Bəxtiyar olmaq 

necə də asan imiş. Bir şüşə araq, bir şüşə konyak, bir də çaxır. 

Vəssəlam. Qurtardı getdi. Hə, bir də telefon. – Flan - flan - flan 

- filan. "Alla, sizsiz Mələk xala Salam meleykim. Kamiləni 

çağırın. Kamilə, salam. Zeynaldır. Bəli. Gəlsənə  gəzməyə 

çıxaq. Bəli. Yaxşı gəlirəm".  

Bütün problemlər necə  də asan həll olunurmuş. Bir şüşə 


 88 

araq, bir şüşə konyak, bir də çaxır. Vəssəlam.  

Sonra isə Kamilə. Qurtarmaz gəzintilər. Pərvanə  tək 

başlarına dolanacağımız kvartallar. Qarış-qarış ölçəcəyimiz 

küçələr. Kölgəliklərində dincələcəyimiz bağlar. 

Bəxtiyarlıq. Tam bəxtiyarlıq.  

Doğrudur, fırlanan bina olmayacaqdı. Amma əvəzində 

Kamilə. Qurtarmaz gəzintilər. Kamilənin nəvazişləri. Səsi, 

Məlahəti. Bizə bu qədər çətin görünən problemlər necə də asan 

həll olunurmuş.  

Aydın yeni bir təşəbbüs eləyir:  

–Zeynal, qardaşımsan. Telefonun dəstəyini qoy yerə. Gəl 

otur. Yaxşı deyil. Məzəlilik eləmə. 

O tamamilə ayılmışdır. Mən isə hiss eləyirəm ki, axırıncı 

stakan lap beynimin içinə axmışdır, başım dumanlanıb, odur ki, 

zəng eləmək istəyimin qarşısını heç nə ala bilməz. Tam 

bəxtiyarlıq üçün nə qədər az şey lazım imiş. Bir şüşə araq. Ya 

iki  şüşə araq. İki  şüşə olsa heç konyak-zad da lazım deyil. 

Daha da yaxşı. Konyakla arağı qatışdırmaq yaxşı olmur.  

İki  şüşə araq. Bəsdi. Hə, bir də telefon. Mən nömrələri 

yığıram.  

–Flan - flan - flan - flan. 

–Allo, sizsiz Mələk xala. Salam məleyküm. Zeynaldır. 

Aydın yüyürüb dəstəyi qapmaq istəyir. Mən itələyib onu 

yıxıram və dəstəyə deyirəm: 

–Kamiləni olar? 

Dəstək sükuta qərq olur.  

Sonra Mələk xala titrək bir səslə: 

–Dəli, dəli olmusan Zeynal? - deyir.  

–Niyə  dəli olmuşam Mələk xala, Kamiləni istəyirəm, 

Kamiləni, Kamiləni - deyə mən həsrətlə bağırıram - Neyləyim, 

axı neyləyim? 

Bədbəxt qadın sonsuz bir iniltiylə: 

–Kamiləni qoruya bilmədin, biçarə - deyə hönkürür - qara 

torpaqlara verdin.  


 89 

–Bilirəm - deyirəm - Mələk xala, bilirəm. Məni bağışla. 

Sərxoşam. Amma sabah ayıq olacam.  

Mən dəstəyi asıram. Yenidən Aydınla oturub içirik. Axı hələ 

səhərə çox var.  

Hərdən bir Rüxsarə xanım qapını açıb məzəmmətlə başını 

yelləyir. 

 

22 yanvar 1960-cı il. 



Bakı 

 90 

 

 



Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin