2.Şəxsiyyətin təcrübəsi. Buraya hər bir adamın həyatda qazandığı
bilik, bacarıq və vərdişləri daxildir. Şəxsiyyətin təcrübəsi onun şüuru
ilə sıx surətdə əlaqədardır. Təcrübənin təşkilində üç mərhələ ayırmaq
olar:
a) Xarici təsirlər dərk olunur.
b) Şüurda əksini tapmış təsirlər hifz olunur.
c) Təcrübə hərəkətə, fəaliyyətə çevrilir.
İnsanın qavrayışı nə qədər dolğun olarsa, təcrübə də bir o qədər
zəngin olar.
3.Şəxsiyyətin münasibətləri. Buraya şəxsiyyətin
başqa adamlara,
özünə, əməyə və əşyalara münasibəti daxildir. Şəxsiyyətin
münasibətləri onun rəftar və davranışında özünü göstərir. Şəxsiyyətin
mənlik şüuru da nəticə etibarı ilə onun münasibətləri ilə müəyyən
olunur. Münasibətlər şəxsiyyətin nüvəsini təşkil edir.
4.Şəxsiyyətin istiqaməti. Buraya şəxsiyyətin dünyagörüşü, əqidəsi,
ideyası, baxışları, maraqları və meylləri daxildir. Şəxsiyyətin istiqaməti
onun motivləri ilə müəyyən olunur. Motivlərin öyrənilməsi mahiyyət
etibarilə şəxsiyyəti fəaliyyətdə öyrənmək deməkdir. Motiv insanı
fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətini
müəyyənləşdirir. Şəxsiyyətin istiqaməti onun simasını müəyyən edir.