Xəbər bülleteni №38



Yüklə 5,87 Mb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü5,87 Mb.
#1030
1   2   3   4   5   6
Məzənnələr
Nitsa terrorunda 84 nəfər həlak olub

15.07.2016

İyulun 14-ü axşam Fransanın Nitsa şəhərində terror aktı törədilib. İlkin məlumata görə, Tunis əsilli Fransa vətəndaşı yük maşınını rəsmi dövlət bayramını – Bastiliya Gününü qeyd edən kütləyə çırpıb. Terrorçu maşını yüksək sürətlə kütlənin üzərinə sürüb adamları basdıqdan sonra onlara atəş açıb.

İyulun 15-i səhər saatlarına olan məlumata əsasən, 84 nəfər həlak olub, 200-dək şəxs yaralanıb.

Polis yük maşınının sürücüsünü güllələyərək öldürüb. Maşında silah-sursat aşkar olunub.

Azərbaycan ordusunun zabiti şəhid olub

15.07.2016

İyulun 15-də Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib. İyulun 14-ü axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfdən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir! Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Cəbhə boyu zonada vəziyyətin həssaslığını nəzərə alaraq Müdafiə Nazirliyi bir daha yerli kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət edir! Anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir”.

Sosial xidmət müəssisələri ilə bağlı hesabat açıqlanıb

15.07.2016

2016-cı il iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır. Rəsmi hesabata görə, həmin şəxslərdən 316 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Onlar nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayırlar.

18 yaşından yuxarı ruhi-əsəb əlilləri olan 515 nəfər nazirliyin aidiyyəti psixonevroloji internat evlərində yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında  yaşayan ahılların sayı isə 219 nəfərdir.

Nazirlik bildirir ki, qeyd olunan müəssisələrdə yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq tədbirlər də həyata keçirilir. Cari ilin ötən dövründə sosial xidmət müəssisələrindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox, yəni 37 nəfərin doğma ailə mühitinə qayıtmaları təmin olunub. Onların 18 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır.

Məhkəmə-Hüquq Şurası tam tərkibdə fəaliyyət göstərir

15.07.2016

Məhkəmə-Hüquq Şurasının tam tərkibdə fəaliyyəti təmin olunub. Transparency.az bildirir ki, şuranın daha bir üzvü Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədridir. 2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarətdir:

— Fikrət Məmmədov, ədliyyə naziri (sədr);

— Ramiz Rzayev, Ali Məhkəmənin sədri;

— Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri;

— Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini;

— Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi;

— Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi;

— Şahin Yusifov, Ali Məhkəmənin hakimi;

— Tapdıq Mahmudov, Gəncə Apellyasiya Məhkəməsinin sədri;

— Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi;

— Ramiz Süleymanov, Naxçıvan Ali Məhkəməsinin sədri;

— Azər Cəfərov, ədliyyə nazirinin müavini;

— Namiq Əsgərov, baş prokurorun müavini;

— Xəqani Tağıyev, Salyan Rayon Məhkəməsinin sədri;

— İlham Əhmədov, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi;

— Ramiz İbrahimov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri.

Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

Azərbaycanda demoqrafik vəziyyət

15.07.2016

Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycan əhalisinin sayı 2016-cı ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4 faiz artaraq iyunun 1-nə 9 milyon 747,4 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizi qadınlardır. Hər 1000 nəfər kişiyə 1007 nəfər qadın düşür.

Əhalinin 22,5 faizi 0-14 yaşda, 71,3 faizi 15-64 yaşda, 6,2 faizi isə 65 və yuxarı yaşdadır.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri cari ilin yanvar-may ayları ərzində ölkə üzrə 65,3 min, yaxud hər gün orta hesabla 429 doğulmuş körpə qeydə alıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,3 təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrin 1174-ü əkiz, 30-u isə üçəm doğulub. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,7 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənir.

2016-cı ilin yanvar-may ayları ərzində ölkədə 24,3 min ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.

2016-cı ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri 25 min nikah və 5,2 min boşanma halları qeydə alıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 1400 nəfər gələn və 626 nəfər ölkədən gedən qeydə alıb, miqrasiya saldosu müsbət 774 nəfər təşkil edib.

Ekspert: “Keçid ballarının 250-dən aşağı salınması yolverilməzdir”

15.07.2016



İqtisadçı ekspert Rövşən Ağayev ali təhsil müəssisələrinə aşağı balla qəbulun yolverilməz olduğunu yazır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb. Qurum bu il ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin müsabiqədə (ixtisas seçimində) iştirak etməsinə icazə verib.

Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev yazır ki, ali təhsil müəssisələrində təhsil alanların sayının çoxaldılması keyfiyyəti qorumaq hesabına baş verməlidir: “2016-cı ildə ali məktəblərə qəbul planı 3051 yer artırılıb. Artan yerlərin cəmi 497-si və ya 16 faizi ödənişsiz (dövlət sifarişli yerlər), 2554-ü və ya 84 faizi pullu olacaq. Ümumilikdə 2016-cı ildə ali məktəblərə qəbul planı üçün nəzərdə tutulan yerlərin cəmi 29 faizi (1221 yer) ödənişsizdir. Əgər qəbul planı tam icra edilsə, bu il ali məktəblərə qəbul olunanların 71 faizi, yaxud 29 min 744 nəfəri öz vəsaiti hesabına oxuyacaq.

Azərbaycanda ali təhsillə əhatə səviyyəsi 16-17 faizdən çox deyil. İnkişaf etmiş ölkələrdə bu göstərici 35-60 faiz intervalında dəyişir. Yəni ali məktəbdə oxumaq üçün yerlərin sayının artmasını müsbət qarşılamaq olar. Amma bu, qruplar üzrə keçid ballarının 150-200-ə endirilməsi yox, keyfiyyətin qorunması hesabına baş verməlidir. Keçid ballarının 250-dən aşağı salınması yolverilməzdir. Aydın məsələdir ki, qəbul planının artan yerləri 250-dən aşağı bal toplayan abituriyentlər hesabına təmin ediləcək”.

Ekspert qeyd edir ki, hökumət bu şərtlərlə təhsil alan tələbələrin hesabına digər problemləri yoluna qoymaq istəyir: “İndiki yoxsulluq şəraitində adamların keyfiyyətli təhsil verə bilməyən universitetlərə pul ödəməsi ürək ağrıdır. Böhran şəraitində hökumət aşağı ballı tələbələr hesabına universitetlərin imkanlarını artırmağa dəstək verir. Əgər ali təhsillə əhatə səviyyəsini yüksəltmək əsas hədəf seçilibsə, bu, pulsuz təhsil hesabına edilməlidir. Ən azından universitet təhsilinin keyfiyyətini elə səviyyəyə yüksəltmək lazımdır ki, insanlar övladlarına yatırdığı sərmayənin faydasını görə bilsinlər. Əksər hallarda ali məktəb məzunlarının aldığı diplomlar ailələrə texniki-peşə məktəblərinin diplomundan daha az fayda gətirir”.

1 qəpiklik artım nəyə başa gələcək?

15.07.2016

İqtisadçı Rövşən Ağayev elektrik enerjisinin bahalaşması nəticəsində hər ailəyə düşən aylıq əlavə xərci hesablayıb.

Tarif Şurası iyulun 15-dən bir kilovat-saat elektrik enerjisinin topdansatış qiymətini 4,3 qəpik, pərakəndə satış qiymətini 7 qəpik müəyyən edib. Elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik idi.

Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev bahalaşmanın əvvəlki qiymətin 17 faizini təşkil etdiyini vurğulayaraq yazır ki, devalvasiyadan sonra iqtisadiyyatın inflyasiya həssaslığı əhəmiyyətli dərəcədə yüksəlib: “Belə şəraitdə tarifləri dövlətin tənzimlədiyi məhsulların (xidmətlərin) qiymətinin artırılması baza inflyasiyasını artırmaqla ölkədə ümumi qiymət səviyyəsini yüksəldir.

Bəs 1 qəpiklik artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə nə qədər xərc yaradacaq? Rəsmi məlumata görə, hazırda ölkə üzrə təxminən 17 milyard kilovat-saat elektrik enerjisi istehlak edilir. Bu, köhnə tariflərlə 1,20 milyard manat, yeni tariflərlə 1,190 milyard manat edir. Yəni 1 qəpiklik artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə 170 milyon manat xərc yaradacaq.

Əhalinin enerji istehlakı təxminən 7 milyard kilovat-saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard kilovat-saat təşkil edir. Artan tarifə görə xərclərin 42 milyon manatını ailələr, 128 milyon manatını isə müəssisə və təşkilatlar ödəyəcək.

Aydındır ki, müəssisə və təşkilatlar öz artan xərclərini məhsul və xidmətlərin qiymətinə əlavə etməklə əhalidən alacaq. Nəticədə əhali təkcə özü istehlak elədiyi 7 milyard kilovat-saata görə deyil, iqtisadiyyatdan aldığı məhsul və xidmətlərin yaradılmasına sərf edilən enerjiyə görə də xərcə düşəcək.

Azərbaycanda enerji alan ailə təsərrüfatının sayının 2,5 milyon olduğunu nəzərə alsaq, 1 qəpiklik artım birbaşa və dolayı yolla (inflyasiya nəticəsində) hər bir ailəyə ayda təxminən 7-8 manat zərər vuracaq. 1 qəpiklik artıma kiçik deyib keçməyin, enerji şəbəkəsinə 170 milyon manat əlavə vəsait gətirəcək”.

Nazirlər Kabineti Aparatının strukturu

15.07.2016

Transparency.az hökumətin rəsmi saytında (www.cabmin.gov.az) Nazirlər Kabineti Aparatının strukturuna nəzər salıb. Ağabala Hacıyevin rəhbərlik etdiyi Nazirlər Kabineti Aparatının 17 şöbəsi var. Şöbələrə bu şəxslər rəhbərlik edir:

İqtisadiyyat şöbəsi – Şahin Sadıqov

Hüquq şöbəsi – Günəş Vəliyeva

Humanitar məsələlər şöbəsi – İsmayıl Sadıqov

MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsi – Kamal İsmayılzadə

Ekologiya şöbəsi – İlyas Əlizadə

Xarici iqtisadi əlaqələr şöbəsi – Ağadayı Ağayev

Aqrar-sənaye şöbəsi – Əli Həsən oğlu Məmmədov

Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbə – Qurban Sadıqov

Neft və kimya şöbəsi – Əsgər Aslanov

Sənaye və energetika şöbəsi – Səyyaf İsmayılov

Sosial məsələlər üzrə şöbə – Musa Ələkbərov

Tikinti və kommunal təsərrüfatı şöbəsi – Şahin Salahov

Nəqliyyat və rabitə şöbəsi – Elşən Hacızadə

Hərbi və inzibati orqanlar şöbəsi – Elman Gərayzadə

Regionların inkişafı şöbəsi – Nizami Mustafayev

Beynəlxalq kredit və yardımlar şöbəsi – Nail Fətəliyev

Müdafiə sənayesi şöbəsi – Qulu İmanquliyev.

Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.

Baş nazir postunu Artur Rasizadə tutur. Onun 6 müavini var. Birinci müavin vəzifəsində Yaqub Eyyubov çalışır. Digər müavinlər bu şəxslərdir: Abid Şərifov, Elçin Əfəndiyev, Əli Həsənov (eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir), Əli Əhmədov, İsmət Abasov.

Azərbaycanda 19 nazirlik, 9 dövlət komitəsi, 5 dövlət xidməti, 2 administrasiya, 1 idarə var. Mərkəzi icra hakimiyyəti orqanı statuslu 4 agentliyi də nəzərə alanda hökumətin 40 qurumdan ibarət olduğunu söyləmək mümkündür.

Korrupsiyaya qarşı mübarizə faktları

15.07.2016


2016-cı ilin ilk yarısında dövlət qurumları və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 15-i Bakıda keçirdiyi mətbuat konfransında belə deyib.

APA-nın məlumatına görə, idarə rəisi qeyd edib ki, 48 şəxs barəsində 25 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində 27 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində 17 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və səlahiyyətləri aşma, 7 şəxs barəsində 7 iş rüşvət alma, 7 şəxs barəsində 4 iş rüşvət vermə, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 1 iş vəzifə saxtakarlığı, 21 şəxs barəsində 17 iş digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manatı ödənilib, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

6 ayda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib. Həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib. Bu il axtarışda olanlardan 9-u tutularaq istintaqa təhvil verilib.

Kamran Əliyev deyib ki, bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub. Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib. Digər cinayət işlərinin 16-sı özəl sektor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə, 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 3-ü təhsil, 3-ü enerji sahəsi, 3-ü nəqliyyat, 1-i daxili işlər orqanları ilə bağlı olub.

Hesabata görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında 14 cinayət işi başlanıb. İlin ilk yarısında vətəndaşların 5327 müraciətinə baxılıb, həmçinin 146 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 97-si üzrə cinayət işi başlanıb, 49 material üzrə digər təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Terrorçunun kimliyi bilinib

15.07.2016




Fransanın Nitsa şəhərində iyulun 14-də törədilmiş terrorla bağlı yeni məlumat yayılıb. Qırğını 31 yaşlı Məhəmməd Lahuayec Buhlelin törətdiyi bildirilir. 1985-ci ildə Tunisin Msaken şəhərində doğulmuş Məhəmmədin ailəli, üç uşaq atası olduğu qeyd edilir.

Novator.az-ın məlumatına görə, Tunisin təhlükəsizlik orqanlarındakı mənbə “Röyter”ə Məhəmmədin 4 ildir ölkəyə gəlmədiyini bildirib. Terrorçunun radikal islamçılara bağlılığı barədə bilgi olmadığı vurğulanır.

Məhəmməd Lahuayec Buhlel iyulun 14-ü axşam saat 11-in yarısında Nitsa şəhərində, dəniz qırağında yük maşınını dövlət bayramına – Bastiliya Gününə yığışmış kütləyə çırpıb. Terrorçu maşını yüksək sürətlə sürərək adamları basıb, 2 kilometr irəlilədikdən sonra onlara atəş açıb.

84 nəfər həlak olub, 200-dək şəxs yaralanıb.

Polis Məhəmməd Lahuayec Buhleli güllələyərək öldürüb. Maşında silah-sursat aşkar olunub.

Müəllimlərin, direktor və direktor müavinlərinin vəzifə maaşları ilə bağlı qərar imzalanıb

15.07.2016

Baş nazir Artur Rasizadə dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərar 2016-cı il aprelin 1-dən qüvvəyə minir (Qərarın mətni).

Transparency.az bildirir ki, Təhsil Nazirliyinin bu ilin əvvəlində yaydığı rəsmi məlumata görə, ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü imtahanda iştirak edib, onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilməyib. Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə şamil ediləcək. Artımın məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır.

Qaradağda sahibkarlara güzəştli kreditlər verildi

15.07.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyulun 15-i Qaradağ rayonunun Lökbatan qəsəbəsində işgüzar forum keçirib. Rəsmi məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda müvəkkil kredit təşkilatları vasitəsilə 15 sahibkarlıq subyekti 2,9 milyon manat güzəştli kredit alıb. Əsasən heyvandarlıq, əkinçilik, ət kəsimi və emalı, çörək, tikinti materialları, idman ləvazimatları istehsalı sahələrinə yönəldiləcək kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı il ərzində ölkə üzrə 1297 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 75,8 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

İcraçı direktorun sözlərinə görə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1268 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,3 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, son illər güzəştli kreditlər hesabına 145 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 470 milyon manatdan çox güzəştli kredit ayrılıb.





Maliyyə Sabitliyi Şurası yaradıldı

15.07.2016


İyulun 15-də prezident İlham Əliyev makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasını yaradıb. Fərmana əsasən, baş nazir Artur Rasizadənin sədrlik edəcəyi şuranın üzvləri bu şəxslərdir:

Natiq Əmirov – prezidentin iqtisadi islahatlar üzrə köməkçisi

Samir Şərifov – maliyyə naziri

Şahin Mustafayev – iqtisadiyyat naziri

Elman Rüstəmov – Mərkəzi Bankın sədri

Rüfət Aslanlı – Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

Şahmar Mövsümov – Dövlət Neft Fondunun icraçı direktoru.

Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Katiblik yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Mərkəzi Banka tövsiyə edilir.

Şuraya bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətini təhlil etmək, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirmək, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlamaq tapşırılıb.

Vergi nəzarəti tədbirlərinin sayı 2,8 dəfə azalıb

18.07.2016


2016-cı ilin birinci yarısında dövlət büdcəsinə 3 milyard 190,1 milyon manat vəsait toplanıb. Vergilərin 929 milyon manatı və ya 29,1 faizi dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9 faizi qeyri-dövlət sektorundan daxil olub. Transparency.az-a verilən rəsmi məlumata görə, bu rəqəmlər iyulun 15-i Vergilər Nazirliyində ilin ilk altı ayının nəticələrinə həsr edilmiş kollegiya iclasında səsləndirilib. keçirilib.

İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi üçün cari ilin əvvəlindən başlayaraq həm qanunvericilik sahəsində, həm də inzibatı idarəetmə sistemində ciddi islahatlar aparılıb, sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti, yoxlamaların sayının minimuma endirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi yükünün azaldılması, biznes mühitində şəffaflığın təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstəyin artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.

Nazirin sözlərinə görə, 2016-cı ilin ilk yarısında dövlət büdcəsinə 3 milyard 190,1 milyon manat vəsait toplanaraq proqnoza 102 faiz əməl edilib: “Bu vergilərin 929 milyon manatı və ya 29,1 faizi dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9 faizi qeyri-dövlət sektorundan daxil olub. Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 milyard 495,4 milyon manat vəsait daxil olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,1 milyon manat və ya 9,4% çoxdur. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 bənd artaraq 78,2 faiz təşkil edib.

Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində 2016-cı ilin birinci yarısında regionlar üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib və ümumilikdə, regionlardan vergi daxilolmaları 275,3 milyon manat təşkil edib”.

Biznes subyektlərinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində həyata keçirilən tədbirlərə toxunan Fazil Məmmədov qeyd edib ki, onun ötən ilin noyabr ayından kiçik sahibkarlıq subyektlərində vergi yoxlamalarının dayandırılması barədəki əmrindən sonra cari ilin 6 ayı ərzində ümumilikdə vergi nəzarəti tədbirlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, o cümlədən səyyar vergi yoxlamalarının sayı 2 dəfə, kameral vergi yoxlamalarının sayı 2,6 dəfə, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 7,4 dəfə azalıb”.

Yük və sərnişin daşımaları haqqında hesabat

18.07.2016

Dövlət Statistika Komitəsi Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2016-cı ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19 milyon 810 min ton, yük dövriyyəsi isə 3831,2 milyon ton-kilometr olub.

Yüklərin 12 milyon 650 min tonu və ya 63,8 faizi avtomobil nəqliyyatı, 5 milyon 345,9 min tonu və ya 27 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 814,1 min tonu və ya 9,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Hesabata əsasən, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 10,6 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,3 faiz və 38,9 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6 faizini və ya 2 milyon 890 min tonunu tranzit yüklər təşkil edib.

2016-cı ilin yanvar-may aylarında dəhliz vasitəsilə 137,8 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 2772,9 milyon sərnişin-kilometr olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,2 faiz artıb.

Dolların kursu 1 manat 56 qəpiyə qalxıb

18.07.2016

Mərkəzi Bank iyulun 18-də ABŞ dollarını bahalaşdırıb. 1 dolların kursu 1,5581 manatdan 1,56 manata qalxıb.

Avronun rəsmi məzənnəsində düşmə var. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7261 manata təklif olunur. Ötən həftənin son iş günü kurs 1,7335 manat idi.

1 Rusiya rublunun kursu isə 0,0248 manatdan 0,0246 manata enib.

Mərkəzi Bank 1 türk lirəsini 0,5264 manata satır. İyulun 15-də 1 lirəyə 0,5407 manat qiymət qoyulmuşdu (Məzənnələr).

Yerevanda gərginlik davam edir

18.07.2016




Ermənistanın paytaxtı Yerevanda patrul-mühafizə polkunun binasını ələ keçirən silahlılar iyulun 18-də bir polis əməkdaşını azad ediblər. Novator.az-ın məlumatına görə, basqınçılardan Varujan Avetisyan deyib ki, onlar polis əməkdaşını həbsdə olan müxalifətçi Jirayr Sefilyanın təklifi ilə buraxıblar.

İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb. Onlar radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Basqın zamanı bir polis əməkdaşı həlak olub, dördü yaralanıb. İyulun 17-də silahlılar qan təzyiqi qalxan bir polis əməkdaşını azadlığa buraxıblar. İki girovun isə xüsusi əməliyyatla qurtarıldığı bəyan edilib.

“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ayın 20-də tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur. İyulun 17-də silahlılardan Pavel Manukyan onunla telefon əlaqəsi saxlayıb. Jirayr Sefilyan Pavel Manukyana deyib ki, polisə hücum çəkmiş şəxslər bundan sonrakı addımlarına özləri qərar verməlidir.

Hazırda basqınçıların əlində 5 polis əməkdaşı var. Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryanın və Yerevan polisinin rəis müavini Valeri Osipyanın da girovlar arasında olduğu bildirilir.

Jirayr Sefilyan 1967-ci ildə Livanın paytaxtı Beyrutda doğulub. Daşnaksütun Partiyasının Livan təşkilatının fəallardan olan Jirayr Sefilyan 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Şuşanın işğalından sonra bu şəhərdə yaradılmış xüsusi batalyonun komandiri olub. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub.

2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durur və buna görə bir neçə dəfə həbs edilib.

Olimpiyaçıları yolasalma mərasimi keçirilib

18.07.2016




Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirilib. AZƏRTAC-ın məlumatına görə, iyulun 18-də keçirilən mərasimdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edib.

İlham Əliyev mərasimdə nitq söyləyib, sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər.

Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançısının mübarizə aparacağını vurğulayan dövlət başçısı bildirib ki, bu, ötən olimpiadadakından çoxdur. İdmançıların olimpiadada ölkəni ləyaqətlə təmsil edəcəyinə əminliyini bildirən prezident deyib ki, Azərbaycan idman dövlətidir: “Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var, idmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların uğurları və onlara göstərilən dövlət qayğısıdır”.

Elmar Hüseynov anılıb

18.07.2016

İyulun 17-də bir qrup jurnalist, ictimai-siyasi xadim mərhum jurnalist Elmar Hüseynovun doğum günü münasibətilə onun məzarını ziyarət edib.

“Bu gün bura toplaşmışıq bir daha deyək ki, Elmar Hüseynovun qətlə yetirilməsi cəzasız qalmayacaq və biz bu cinayətin sifarişçilərinin və icraçılarının əsl adlarının açıqlanmasına çox yaxınıq”. Mərhum jurnalistin məzarı başında çıxış edən “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu belə deyib.

Contact.az-ın məlumatına görə, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Elmar Hüseynovun Azərbaycanda söz azadlığına böyük töhfəsindən danışıb. O, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olduğunu xatırladaraq vurğulayıb ki, məhz azad KİV, sosial media demokratik institutların müdafiəsində və hərbi qiyamın baş tutmamasında həlledici rol oynayıb.

İsa Qəmbər Azərbaycan hakimiyyətini vəziyyət barədə yenidən düşünməyə və Azərbaycanda mətbuata təzyiqlərə, söz azadlığının sıxışdırılmasına son qoyulmasına çağırıb.

“Azərbaycan hakimiyyəti başa düşməlidir ki, cəmiyyəti iflic edən zərərli tellərdən azad olan minlərlə insanın Elmarın məzarına gələcəyi gün uzaqda deyil”. Müsavat Partiyasının başqanı Arif Hacılı belə deyib.

“Turan” agentliyinin direktoru Mehman Əliyev bildirib ki, qətlə yetirilməzdən qabaq yüksək vəzifəli şəxslər Elmarla görüşüb ölkəyə işıqlı gələcək, ona isə “günəşin altında yer” vəd ediblər: “Lakin o bunu rədd edərək hakim rejimin idarə etdiyi ölkənin inkişaf yolunun yanlış olması barədə xəbərdarlıq edirdi”.

Mehman Əliyevin sözlərinə görə, Elmar hədə-qorxulara, vədlərə baxmayaraq bir jurnalist, vətəndaş kimi böhranlı tendensiyaları göstərirdi və onun ölümündən 10 il sonra bütün bunların nə qədər doğru olduğu aydın üzə çıxır.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib ki, Azərbaycanın azad mətbuatı bu gün də Elmar mirasından güc alaraq mübarizəni davam etdirir: “Bizim sayımız az ola bilər, ancaq sözümüz haqq sözüdür. Odur ki, cəmiyyət avtoritarizm üzərində qələbəyə məhkumdur”.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov İnşaat Mühəndisləri Universitetini bitirib. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan Elmar Hüseynov daha sonra “Monitor” jurnalını təsis edib. Jurnal əvvəl ayda bir dəfə, sonra həftədə bir dəfə nəşr olunub.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib. İndiyədək qətlin üstü açılmayıb, cinayətin sifarişçiləri və icraçıları həbs edilməyib.

Mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.



Türkiyədə çevriliş həbsləri

18.07.2016


Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirli bilinənlərin sayı durmadan artır. Son məlumatlara görə, çevriliş cəhdində suçlu bilinən 103 general və admiral, o cümlədən yüzlərlə hakim, prokuror, polis saxlanıb.

İyulun 15-i gecə ölkədə bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Sülh Şurası adlı qrupun təmsilçiləri paytaxt Ankarada və İstanbulda bir sıra dövlət qurumlarının, media təsisatlarının binalarını tutmaq istəyib, bəzi obyektləri atəşə tutub.

Həmin gecə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan ölkə əhalisini hakimiyyəti müdafiə etmək üçün küçə və meydanlara çağırıb. Qarşıdurmalar zamanı 300 nəfərədək şəxs ölüb, 1500-ə qədər yaralı var.

Türkiyə ədliyyə naziri ümumilikdə 6 mindən çox şübhəli şəxsin saxlandığını bəyan edib.

Hakimiyyət çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edir.

Hazırda İstanbulun gərgin nöqtələri hesab edilən küçə və obyektlər 1800-ə qədər xüsusi təyinatlı polisin nəzarətinə götürülüb.

Almatıda terror

18.07.2016




İyulun 18-i səhər Qazaxıstanın Almatı şəhərində naməlum silahlı şəxslər mərkəzi rayonlardan birinin polis idarəsinə və Milli Təhlükəsizlik Komitəsinin departamentinə hücum çəkib. Novator.az-ın məlumatına görə, hücum zamanı 3 polis və bir mülki şəxs həlak olub, bir neçə polis yaralanıb.

Həlak olan mülki şəxsin hücuma məruz qalan basqınçını tutmaq istəyən avtomobilin sürücüsü olduğu bildirilir.

Almatının hüquq mühafizə orqanları bir basqınçının həbs edildiyini, ikincisinin  axtarışa verildiyini bəyan edib.

Ölkədə ən yüksək həddə terror təhlükəsi elan olunub, Almatıda antiterror əməliyyatlarına başlanıb. Qazaxıstan ordusu gücləndirilmiş iş rejiminə keçib.

Almatı Qazaxıstanın ən böyük şəhəridir, 1997-ci ilədək ölkənin paytaxtı olub.

Xarici ticarət: 6 aylıq göstəricilər açıqlanıb

18.07.2016

-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 868,6 milyon ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 28,05% azalma deməkdir.

Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2015-ci ilin ilk 6 ayı ilə müqayisədə idxal əməliyyatlarında 13,98 %, ixrac əməliyyatlarında 38,67% geriləmə qeydə alınıb.

2016-cı ilin ilk 6 ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 995,3 milyon manat daxil olub.

Hesabata əsasən, yanvar-iyun aylarında 163 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 8760-dır. Bunun 4758-i fiziki şəxslər, 4002-si hüquqi şəxslərdir.

193 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3809-u özəl sektoru təmsil edib.

İdxal-ixrac statistikası

18.07.2016

-cı ilin ilk 6 ayında Azərbaycanın ixracının 76,15 faizini xam neft, 5,33 faizini neft məhsulları, 2,98 faizini təbii qaz təşkil edib.

Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-iyun aylarında ixracın 4,36 faizi meyvə-tərəvəz məhsulları olub.

Yanvar-iyun aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 39,11 faiz azalıb.

Hesabata görə, 2016-cı ilin birinci altı ayı ərzində neft məhsullarının ixracı üzrə 52,15 faiz, təbii qaz ixracı üzrə 20,79 faiz azalma var.

Meyvə-tərəvəz üzrə ixracda 2015-ci ilin ilk altı ilə müqayisədə 32,66 faiz artım qeydə alınıb.

6 aylıq idxal göstəricilərinə gəlincə, Dövlət Gömrük Komitəsi bildirir ki, yeyinti məhsullarının idxalı 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 11,98 faiz artıb. Meyvə-tərəvəz idxalı 104,93 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 118,32 faiz çoxalıb.

Çay idxalında 187,82 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 60,79 faiz artım var. Ət idxalı 33,96 faiz artıb, şəkər idxalı isə 1,33 faiz azalıb.

Tütün və tütün məmulatlarının idxalı bu ilin ilk altı ayında 53,65 faiz azalıb. Əczaçılıq məhsullarının idxalında 30,26 faiz azalma qeydə alınıb.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında 45,96 faiz azalma var.

Azərbaycanın ən çox mal aldığı ölkə Rusiyadır

18.07.2016

Dövlət Gömrük Komitəsi Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin siyahısını açıqlayıb. Transparency.az-ın məlumatına görə, 2016-сı ilin ilk 6 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində (Göstəricilər) əsas ölkələr İtaliya və Rusiya olub. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 11,96 faizini, Rusiya ilə 11,88 faizini təşkil edib.

Türkiyə 8,71%-lə üçüncü, Almaniya 6,4%-lə dördüncü, Fransa 5,32%-lə beşincidir.

İlin ilk altı ayında Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 19,91%-dir.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (18,35%).

Bu ilin yanvar-iyun aylarında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,71% artıb. Avropa İttifaqı üzrə ixracda 46,23%, digər ölkələr üzrə ixracda 32,97% azalma olub.

2016-cı ilin ilk 6 ayında MDB ölkələrindən idxal 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,72% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 17,21% azalma var. Digər ölkələrdən idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,24% aşağı düşüb.

Bu il gömrükdə nə qədər pozuntu qeydə alınıb?

18.07.2016



-cı ilin ilk 6 ayı üzrə gömrük hüquqpozmalarının statistikası bəlli olub. Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, yanvar-iyun aylarında gömrük orqanları cinayət xarakterli 249 fakt aşkarlayıb. Bunun 139-u qaçaqmalçılıq faktı, 52-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 5-i gömrük ödənişlərindən yayınma, 50-si aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 59-u digər cinayət xarakterli faktlardır.

Altı ayda gömrük hüquqpozmalarında 282 şəxs təqsirləndirilib.

Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 4353 inzibati xəta faktı ortaya çıxarıb.

Türkiyənin baş naziri yeni rəqəmlər açıqlayıb

18.07.2016


Türkiyədə iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdi nəticəsində 208 nəfər şəhid olub. Onların 60-ı polis, 3-ü hərbçi, 145-i mülki şəxsdir. Transparency.az-ın məlumatına görə, baş nazir Binəli Yıldırım iyulun 18-də Türkiyə Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə belə deyib.

Baş nazir bildirib ki, 1491 nəfər yaralanıb.

Binəli Yıldırım 24 qiyamçının öldüyünü, 50-nin yaralandığını qeyd edib. Onun sözlərinə görə, 7 min 271 qiyamçının işi araşdırılır, 316 nəfər isə həbs olunub.

Baş nazir 2 min 735 hakim və prokurorun səlahiyyətinin dondurulduğunu, Daxili İşlər Nazirliyinin 7 min 877 personalının sərəncama götürüldüyünü açıqlayıb.

“Anadolu” agentliyi indiyədək 103 general və admiralın həbs olunduğu barədə məlumat yayıb.

“Manatın valyuta ehtiyatları hesabına qorunması davam edəcək”

18.07.2016

İqtisadçı ekspert Rövşən Ağayev Dövlət Gömrük Komitəsinin açıqladığı, ilin ilk yarısına aid xarici ticarət statistikasına (6 aylıq göstəricilər) münasibət bildirib.

Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, ölkədə iqtisadi fəallığın kəskin azalması, xaricə kapital axınının xeyli səngiməsi, xarici valyuta ticarətinin rəsmi dövriyyəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasına baxmayaraq xarici ticarətdə 225,7 milyon dollarlıq kəsir xarici valyutaya tələbin təklifi üstələdiyini göstərir: “Ticarət balansında bu səviyyədə kəsir varsa, böyük ehtimalla cari hesablar balansında, həmçinin tədiyyə balansının ümumi saldosunda defisit hələ də qalır. Çünki son 10 ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri daima ticarət balansındakı irihəcmli profisit hesabına qapadılıb.

BMT-nin Ticarət və İnkişaf Konfransının statistikası göstərir ki, Azərbaycanda rəsmi idxal faktiki idxaldan xeyli aşağıdır. Yəni ticarət balansının real kəsiri də rəsmi elan ediləndən yüksəkdir. Bütün bunların nəticəsi odur ki, xarici valyutaların manata təzyiqi, rəsmi valyuta ehtiyatlarının əriməsi hesabına məzənnənin qorunması hələ də davam edəcək”.

Transparency.az xatırladır ki, bu il Mərkəzi Bank və Dövlət Neft Fondu milli valyutanın sabitliyi üçün 3 milyard 442,8 milyon dollar satıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

18.07.2016



Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Qurum Əmək Məcəlləsinin 233-cü (soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) maddəsinə əsaslanaraq bildirir ki, havanın temperaturu müsbət 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Rəsmi məlumatda qeyd olunur ki, belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.

Fasilələr iş vaxtına daxil edilməli, fasilələr zamanı əməkhaqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək havanın temperaturu müsbət 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 18 iyul məlumatına görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti olacaq. Zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Qurum xəbərdarlıq edir ki, iyulun 18-dən 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 33-38 dərəcə olacaq, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcək. İyulun 23-dək Azərbaycanın rayonlarında isti hava şəraiti davam edəcək, maksimal temperatur 35-40, bəzi yerlərdə isə 43 dərəcə isti olacaq.

5 ev Qarabağ əlillərinin istifadəsinə verilib

18.07.2016

Xaçmaz rayonunda 5 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib. Rəsmi məlumat iyulun 18-də yayılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, bu il 211 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Ümumilikdə indiyə qədər qurumun xətti ilə 5443 nəfər əlil və şəhid ailəsinə mənzil verilib, onların 91 faizdən çoxu Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir.

Neft Fondunun gəlir-çıxarı

18.07.2016

Dövlət Neft Fondu yanvar-iyun ayları üzrə gəlir və xərclərini açıqlayıb. Transparency.az-a verilən rəsmi məlumata görə, bu ilin ilk altı ayında qurumun gəlirləri 3 milyard 991 milyon manat, xərcləri isə 2 milyard 256,7 milyon manat təşkil edib.

Yanvar-iyun ayları ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 689,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 680,6 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 8,8 milyon manat olub.

Fondun vəsaitinin idarə olunmasından gəlirlər 301,5 milyon manata bərabərdir.

2016-cı il büdcəsinin icrası çərçivəsində 1 milyard 760 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 55,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,6 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 35,3 milyon manat vəsait ayrılıb.

9,2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

Cənub Qaz Dəhlizi layihəsi üzrə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 127 milyon manat vəsait ayrılıb.

İl ərzində fondun idarə edilməsi ilə bağlı xərcləri 8,5 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərc 65,4 milyon manat olub.

2016-cı il iyulun 1-nə fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 4,6% artaraq 35 milyard 117,9 milyon ABŞ dollarına çatıb.

Ermənistan hakimiyyəti təslimə çağırır

18.07.2016



Yerevanda patrul-mühafizə polkunun binasını ələ keçirən silahlılar iyulun 18-i gündüz bir polis əməkdaşını da azad ediblər. Novator.az-ın məlumatına görə, bu, hakimiyyət rəsmiləri ilə danışıqların nəticəsində mümkün olub.

İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb. Onlar radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 6 nəfər, o cümlədən 4 polis yaralanıb.

İyulun 17-də silahlılar qan təzyiqi qalxan bir polis əməkdaşını azadlığa buraxıblar. İki girovun isə xüsusi əməliyyatla qurtarıldığı bəyan edilib. İyulun 18-i səhər basqınçılar daha bir polis əməkdaşını azad ediblər və bunu həbsdə olan müxalifətçi Jirayr Sefilyanın təklifi ilə etdiklərini vurğulayıblar.

“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.

49 yaşlı Jirayr Sefilyan Livanın paytaxtı Beyrutda doğulub. Daşnaksütun Partiyasının Livan təşkilatının fəallardan olan Sefilyan 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub.

2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durur və buna görə bir neçə dəfə həbs edilib.

Hazırda basqınçıların əlində 4 polis əməkdaşı var. Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryanın və Yerevan polisinin rəis müavini Valeri Osipyanın da girovlar arasında olduğu bildirilir.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq bildirib ki, terrorçuların hakimiyyətin bütün tələblərinə əməl etməkdən və təslim olmaqdan başqa çarələri yoxdur.

Ermənistan polisinin rəis müavini Unan Poqosyan jurnalistlərə deyib ki, hakimiyyətin tələbi bütün girovların azad edilməsi və basqınçıların təslim olmasıdır. O qeyd edib ki, qarşı tərəf güzəştli addım atsa, hakimiyyət də adekvat addıma hazırdır.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin bəyanatında o da vurğulanır ki, iyulun 18-i gün ərzində patrul-mühafizə polkunun binasında olan şəxslər yemək və dərmanla təmin olunublar.

“Şəffaflıq Azərbaycan” QHT nümayəndələrinə təlim keçib

18.07.2016

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 13-16 iyul arası QHT nümayəndələrinə təlim keçib. USAİD-in dəstəyi ilə “QHT-lərin idarəetmə bacarıqlarının inkişafı” mövzusunda keçirilən təlimin məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının idarə olunmasında beynəlxalq və yerli siyasət, təlimatlar barədə məlumatlılığın artmasına və düzgün tətbiqinə töhfə vermək olub.

Gənclərlə iş, sülh və tolerantlığın qurulması, iqtisadi inkişaf, əlilliyi olan şəxslərin müdafiəsi, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması kimi müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatları təmsil edən 30-a yaxın iştirakçı “Şəffaflıq Azərbaycan”ın idarəetmə heyəti və mütəxəssislərinin hazırladığı təlimdən bəhrələnib.

İştirakçılar menecment, idarəçilik və inzibati məsələlərlə bağlı biliklərə yiyələnib.

QHT üzvləri həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik, qrant müqavilələrinin bağlanması və qeydiyyatı, eləcə də QHT-lərdə daxili idarəetmə və reyestr məlumatlarının təqdim edilməsi ilə bağlı qaydalarla tanış olublar.

Tədbirin sonunda iştirakçılar sertifikat və daxili idarəçilik sənədlərinin nümunələrini əldə ediblər.



ANS-i bağladılar

19.07.2016

Milli Televiziya və Radio Şurası Baş Prokurorluğun müraciətini nəzərə alaraq iyulun 18-dən ANS telekanalının yayımını müvəqqəti dayandırıb. Bu barədə yayılan rəsmi məlumatda deyilir ki, ANS Müstəqil Yayım və Media Şirkəti son günlər Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib: “Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələri “hakimiyyətin təşkil etdiyi şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər”.

Məlumatda qeyd olunur ki, “Televiziya və radio yayımı haqqında” qanuna əsasən, teleradio yayımçısı dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışları müdafiə etdikdə və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaratdıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər: “Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətini nəzərə alaraq Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib. ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərarı məhkəmə verəcək”.

Transparency.az xatırladır ki, iyulun 15-i gecə bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Həmin gecə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan ölkə əhalisini hakimiyyəti müdafiə etmək üçün küçə və meydanlara çağırıb. Qarşıdurmalar zamanı 300 nəfərədək şəxs ölüb, 1500-ə qədər yaralı var.

Türkiyə hakimiyyəti çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edir və kütləvi həbslər aparır.

İlham Əliyev konstitusiya yeniliyinə start verdi

19.07.2016




Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Rəsmi məlumata görə, dövlət başçısı sərəncam imzalayaraq “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsini Konstitusiya Məhkəməsinə rəy verilməsinə göndərib.

İyulun 18-də imzalanan sərəncam referendum aktı layihəsinin dərcini də nəzərdə tutur.

Referendum aktında dövlət başçısının parlamenti buraxmaq səlahiyyəti yer alır. Ana qanuna əlavə olunması nəzərdə tutulan 98-1-ci maddəyə görə, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası prezidentinin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və başqa bir neçə halda prezident Milli Məclisi buraxır.

Transparency.az bildirir ki, nəzərdə tutulan başqa yenilik prezident seçilmək üçün azı 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır.

Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir. Bu zaman seçki indiki kimi 3 ay ərzində deyil, 60 gün ərzində keçiriləcək.

Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.


Dollar, avro və rubl bahalaşıb


19.07.2016

İyulun 19-da ABŞ dolları yenə bahalaşıb. Mərkəzi Bank 1 dolların rəsmi kursunu 1,56 manatdan 1,5631 manata yüksəldib.

Avronun da məzənnəsində artım olub. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7313 manata dəyişdirilir. Ötən gün rəsmi kurs 1,7261 manat idi.

1 Rusiya rublunun kursu isə 0,0246 manatdan 0,0248 manata qalxıb.

Mərkəzi Bank digər valyutalara belə qiymət qoyub:

1 Belarus rublu – 0,7888 manat

1 gürcü larisi – 0,6666 manat

1 ingilis funt sterlinqi – 2,0659 manat

1 İsveçrə frankı – 1,59 manat

1 türk lirəsi – 0,524 manat.


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin