Xəbər bülleteni №36



Yüklə 5,47 Mb.
səhifə1/2
tarix25.12.2016
ölçüsü5,47 Mb.
#3259
  1   2

Xəbər bülleteni № 36

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

İyun 2016

İşğal zonasında beynəlxalq müşahidəçilərin sayı artırılır

21.06.2016


Qarabağdakı işğal zonasında, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində beynəlxalq müşahidəçilərin sayı artırılacaq. İyunun 20-si Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşən dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan belə razılıq əldə ediblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunur ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Transparency.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.

Üçtərəfli görüşün yekun hissəsinə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa) da qatılıb.

Serj Sərkisyan sonradan onlarla, o cümlədən ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiklə ayrıca görüş keçirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov APA-ya deyib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv şəkildə keçirilib: “Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da görüşü müsbət qiymətləndirib. O, Sankt-Peterburqda jurnalistlərə deyib ki, görüş çox faydalı olub və konstruktiv atmosferdə keçirilib. Nazir həm prezidentlər, həm də XİN rəhbərləri səviyyəsində görüşlərin davam edəcəyini vurğulayıb.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı iyunun 20-də 53-ə çatıb. Bunun 21-i İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

1988-ci ildə başlayan yeni Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bütün cənub-qərbini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.

Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Dollar yenə bahalaşıb

21.06.2016

Mərkəzi Bank iyunun 21-də ABŞ dollarını yenə bahalaşdırıb. 1 dolların rəsmi kursu 1,521 manatdan 1,524 manata yüksəlib.

Transparency.az bildirir ki, manat Rusiya rubluna nəzərən də ucuzlaşıb. Ötən gün 0,0235 manata satılan 1 rubl iyunun 21-də 0,0238 manata təklif edilir.

Avronun kursu isə 1,7307 manatdan 1,7273 manata düşüb.

Mərkəzi Bank digər valyutalara belə qiymət qoyub:

1 gürcü larisi – 0,6943 manat

1 ingilis funt sterlinqi – 2,2337 manat

1 İsveçrə frankı – 1,5856 manat

1 türk lirəsi – 0,5253 manat.

Naxçıvanda döyüş atışlı taktiki təlim

21.06.2016

İyunun 20-si Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun döyüş atışlı taktiki təlimi keçirilib. Mod.gov.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hərbi təlimi izləyib. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raportunda bildirib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş maşını və müxtəlif təyinatlı texnika cəlb olunub.

Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks-zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.

Təlimdən sonra şəxsi heyətlə görüşən Vasif Talıbov deyib: “Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordusu və Silahlı Qüvvələrimizin muxtar respublikadakı digər birləşmə və hissələri böyük təşkilatlanma və quruculuq yolu keçib, şəxsi heyət peşəkarlığını artırıb. Ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var. Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib keyfiyyətdir”.

Ali Məclisin sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.









Mərkəzi Bank: “Əməkhaqqı 16,7% artıb, əmək məhsuldarlığı 8,1%”

21.06.2016

Mərkəzi Bankın elektron nəşri olan “Tədqiqat bülleteni”nin yeni sayı qurumun internet səhifəsində yerləşdirilib. Bülletendə dünya iqtisadiyyatında son proseslərin icmalı verilir, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər təhlil olunur.

Fundamental tədqiqatlar bölməsində Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat yer alır. Transparency.az xəbər verir ki, “Tədqiqat bülleteni”ndə əmək bazarı belə təhlil olunur: “Son illərdə işçi qüvvəsində iştirak səviyyəsi və məşğulluq yüksəlib. Bundan başqa gənclər və qadınlar arasında işsizlik səviyyəsi orta işsizlik səviyyəsindən çox fərqlənməyib, yoxsul məşğulluğun payı kəskin aşağı düşüb (1995-2008-ci illərdə 91%-dən 19%-ə). Ötən dövr ərzində Azərbaycanda işçi qüvvəsinin hərəkət sürəti kifayət qədər yüksək olub, 2004-2013-cü illərdə iş yerləri 11,18% artıb. Bu, postsosialist məkanının orta səviyyəsindən xeyli yüksəkdir.

İşçi qüvvəsinin hərəkəti sürətinin yüksək olması bir tərəfdən əmək bazarının çevik olmasını, digər tərəfdən keçid iqtisadiyyatlı ölkələrə xas restrukturizasiya prosesinin getməsini göstərir. Restrukturizasiya prosesləri kənd təsərrüfatı və xidmət sektorunda nisbətən yavaş, sənaye və tikintidə isə nisbətən sürətli gedib. Lakin ibtidai təhsilli işçilərin və özünüməşğul əhalinin məşğulluqda payı yüksəlib, əməyə çəkilən xərclər əmək məhsuldarlığını üstələyib, bu da iqtisadi artım mənbələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

1996-2013-cü illərdə real əməkhaqqı ildə orta hesabla 16,7% artdığı halda əmək məhsuldarlığı cəmisi 8,1% artıb. Qeyri- neft sənayesində və kənd təsərrüfatında fərq daha qabarıqdır. Bunun mümkün səbəblərindən biri kimi məşğul əhalinin ixtisas strukturunda baş verən meylləri göstərmək olar. Xüsusilə ibtidai təhsilli şəxslərin payı 9% bəndi artıb, orta və ali təhsilli şəxslərin payı isə müvafiq olaraq 3% və 6% azalıb.

Tədqiq olunan dövrdə özünüməşğulluq səviyyəsi kifayət qədər artıb və 2013-cü ildə 66,5%-ə çatıb, bu da MDB və Mərkəzi və Şərqi Avropa məkanında ən yüksək göstəricilərdən biridir. Qazaxıstanda məşğul əhalinin 30,6%-i, Moldovada 31,2%-i, Polşada 21,8%-i, Ukraynada 19,1%-i özünüməşğul şəxslərdir”.

Bülletenin maliyyə savadlılığı bölməsində xarici tədqiqatlara əsaslanaraq qeyd olunur ki, fərdlərin maliyyə savadlılığı onların məşğulluq seçiminə ciddi təsir göstərir: “Yüksək maliyyə savadına malik təhsil məzunları özünüməşğulluğa daha çox meyl edir. Özünüməşğulluq əsasən fərdi sahibkarlıqdan ibarət olduğuna görə fərdlərin öz üzərinə daha çox risk götürməsini tələb edir, bu da insan təbiəti ilə bağlıdır. Bəzi insanlar isə daha çox sabit və aşağı riskli həyat tərzinə üstünlük verir. Maliyyə savadlılığı fərdlərdə özünə əminlik yaratmaqla sahibkarlığa meyli gücləndirir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda məşğul əhalinin 33%-i muzdla çalışır, qalan 67%-i özünüməşğul şəxslərdir. Sahibkarlıq fəaliyyətinə meyl mühüm sosial-iqtisadi dəyər olsa da, bu meylin adekvat sahibkarlıq bacarıqları ilə dəstəklənməsi zəruridir. Burada maliyyə savadlılığının rolu xüsusilə aktuallaşır”.

Manata sərf olunan pul 3 milyard dollara yaxınlaşır

21.06.2016

İyunun 21-də təşkil olunan hərracda Dövlət Neft Fondu 28 banka 50 milyon ABŞ dolları satıb. Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı valyutanın həcmi 2 milyard 207,4 milyon dollara çatıb.

Mərkəzi Bankdan isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları alınıb. Manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 892,8 milyon dollar sərf edilib.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, dolların rəsmi kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 100 ABŞ dolları 152 manat 40 qəpiyə satılır.

Peterburq görüşündən nə nəticə çıxır?

21.06.2016

Politoloq Elxan Şahinoğlunun rəhbərlik etdiyi “Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın rusiyalı həmkarları Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşünü şərh edib.

Üçtərəfli görüş iyunun 20-si Sankt-Peterburqda keçirilib. “Atlas” Araşdırmalar Mərkəzinin rəyinə görə, 20 iyun görüşündən nəticə çıxmayıb: “Müzakirələrin nəticəsiz qalacağını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun görüşdən bir neçə saat əvvəl dediyi “Sankt-Peterburq görüşünün əsas məqsədi hərbi əməliyyatların bərpasından sığortalanmaqdır” sözləri də təsdiq edirdi. Bu o demək idi ki, hazırkı mərhələdə Kreml sahibinin məqsədi münaqişəni həll etmək yox, atəşkəsin ömrünü uzatmaqdır. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur.

Rusiya prezidenti Sankt-Peterburqda ilk olaraq erməni həmkarı Serj Sərkisyanla görüşdü. Sərkisyan görüşdə bildirdi ki, Ermənistan əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi, yəni atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılması istiqamətində irəli addım atılmasını çox istəyir, bu, danışıqların aparılması üçün işgüzar mühit yaradardı. Yəni Putin kimi Sərkisyan da Sankt-Peterburqda yalnız atəşkəsin ömrünün uzanmasından danışmağa hazır idi. Bu mənada Kremllə İrəvanı ancaq bir sual düşündürür: necə edək ki, atəşkəs daimi olsun və Azərbaycan cəbhə bölgəsində hərbi gücünü nümayiş etdirməsin?

Azərbaycan prezidenti İlham Əliyev Putinlə görüşdə problemin əsas məğzini belə ifadə etdi: “Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri status-kvonun qəbuledilməz olduğunu bəyan edirlər. Biz bu bəyanatları tam dəstəkləyirik. Ancaq status-kvonun dəyişməsi üçün Azərbaycanın 20 ildən artıqdır işğal altında olan əraziləri azad edilməlidir”.

İlham Əliyev Sərkisyandan fərqli olaraq “atəşkəsin uzanması” və ya “insidentlərin araşdırılması” kəlmələrini işlətmədi. Yəni prezidentlərin keçmiş görüşlərində olduğu kimi Sankt-Peterburqda da mövqeləri bir-birindən 180 dərəcə fərqlənirdi.

Üç prezidentin birgə görüşündən də real nəticə çıxmadı. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı isə göstərir ki, nə Ermənistan prezidenti Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Rusiya prezidenti bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür. Bir neçə cümlədən ibarət birgə bəyanat məna yükü az olan ifadələrdən ibarətdir. Sadəcə, “dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər” cümləsinin sonuncu hissəsi diqqəti çəkir.

Görəsən, o hansı “məsələlərdir” ki, onların ətrafında qarşılıqlı anlaşma əldə edilib? Yəqin prezidentlər cəbhə bölgəsində eskalasiyaya yol verməyəcəklərini bəyan ediblər. Bunun da adını qoyublar “bır sıra məsələlər”. 2014-cü ildə prezidentlərin Paris görüşündə də “bir sıra məsələlər” razılaşdırılmışdı. Ancaq Ermənistan Paris görüşündən dərhal sonra işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi, Azərbaycan hərbçiləri işğalçı qüvvələrin helikopterini vurdu. Bununla da Paris “razılaşmalarının” üstündən xətt çəkildi.

Buna baxmayaraq prezidentlərin Sankt-Peterburq görüşünün yekunu ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri nikbin açıqlamalar verdilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

“Əlavə dinamika” kəlməsinin heç bir mənası yoxdur. Keçmiş illərdə prezidentlərin görüşlərindəki ortaq bəyanatlarda bundan da güclü ifadələr işlənib. Sonrası bəllidir. Lavrovun ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da oxşar açıqlama verərək bildirib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. Aydındır ki, Azərbaycan rəsmiləri Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə “müzakirələr konstruktiv keçmədi” ifadəsini işlətməzdilər. Əslində bütün görüşlər “konstuktiv” qiymətləndirilir. Ancaq ortada nəticə yoxdur.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın “görüş uğurlu keçdi” kimi eyni açıqlama vermələri əslində ziddiyyətdən xəbər verir. Görüş hər iki tərəf üçün uğurlu keçə bilməzdi. Çünki münaqişənin həllinə baxışda Azərbaycanla Ermənistanın mövqeyi 180 dərəcə fərqlidir və bu fərq Sankt-Peterburqda ortadan qaldırılmadı.

Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa İttifaqı Rusiyanı əsas vasitəçi olmasına etiraz etmirlər. Tam əksinə, Avropa İttifaqının əsas dövlətlərindən biri və ATƏT-in hazırkı sədri Almaniyanın kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanı əsas açar dövlət hesab edir. Ancaq bu o deməkdirmi ki, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə hazırdır?

Vladimir Putin hakimiyyətdə olduğu 16 ildə (4 illik baş nazirliyi dövrü də prezidentlikdən fərqlənmədi) ölkə xaricində heç bir problemin həllində müsbət rol oynamadı, əksinə, onun siyasəti yaxın və uzaq ölkələrə yeni problemlərə yol açdı. Hazırda Rusiyanın ABŞ, Avropa İttifaqı və Türkiyə ilə münasibətləri ən soyuq dövrünü yaşayır. Bu illərdə Abxaziya və Cənubi Osetiya zorla Gürcüstandan qopardıldı (yenə Putinin baş nazirliyi dövrünə təsadüf etsə də, keçmiş prezident Dmitri Medvedyev onsuz addım ata bilmirdi), daha sonra Krım ilhaq olundu, Donbas da faktiki Ukraynadan qopardıldı. Bütün bu neqativ nümunələr var ikən hakimiyyətdə olduğu dövrdə Putinin ilk dəfə özünü pozitiv nəticəyə kökləyəcəyini, işğal altındakı torpaqlarımızı Ermənistandan alıb Azərbaycana qaytaracağını gözləmək problematikdir.

Putin Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, tərəflər atəşkəsə riayət etsinlər. Çünki aprel atəşkəsinin memarı məhz Putindir. Atəşkəs yenidən pozulsa, Putin simasını itirəcək, sözü yerə salınmış kimi görünəcək. Ancaq Putin onu da anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil. Bunu aprel döyüşlər də göstərdi.

Sankt-Peterburqda heç bir hüquqi sənəd imzalanmayıb. Yəni Azərbaycan üzərinə hansısa hüquqi öhdəlik götürməyib. Rəsmi Bakı və rəsmi İrəvan Sankt-Peterburqda razılaşdırılan “əlavə dinamika” ifadəsini fərqli dəyərləndirəcəklər. Rəsmi İrəvan bu ifadəni atəşkəsin daimi qorunması kimi qəbul edəcəksə, rəsmi Bakı bu ifadəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsi kimi izah edəcək. Belə şəraitdə atəşkəsin qorunacağına zəmanət yoxdur”.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 20 iyun görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunur ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Bəyanata görə, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.

1988-ci ildə başlayan yeni Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bütün cənub-qərbini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.

Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Azərbaycan Təhsil Şəbəkəsinə 2351 təhsil müəssisəsi qoşulub

21.06.2016


Bu ilin yanvar-iyun aylarında ölkənin 54 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Edu.gov.az bildirir ki, indiyədək ATŞ-yə qoşulmuş 2351 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.

ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaradır, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Məlumata görə, ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər.

ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb.

Təhsil Nazirliyi bildirir ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində ölkə üzrə təhsil müəssisələrinə 500 ədəd noutbuk və 755 ədəd proyektor verilib.

İlham Əliyev Nardarana baş çəkib

21.06.2016

İyunun 21-də prezident İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Nardaran qəsəbəsində sakinlərlə də görüşüb. İlham Əliyev görüşdə çıxış edib.

Sonra İlham Əliyev qəsəbədəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.

Nazir müavini: “Sosial yardım yoxsulluqdan çıxmağa kömək etmir”

21.06.2016


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan İqtisad Universitetində keçirilən konfransda çıxış edib. Rəsmi məlumata əsasən, nazir müavini ölkədə görülən işlərin sosial rifahın yüksəlməsinə, habelə işsizlik səviyyəsinin 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizə qədər azalmasına səbəb olduğunu deyib: “Dünya Bankının metodologiyasına görə, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı olanlar isə ifrat yoxsul hesab edilir. 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard nəfər əhalinin müəyyən hissəsi Azərbaycanda idisə, hazırda bu təbəqədə yer almırıq”.

Aztəminatlı ailələrin məşğulluq imkanlarından danışan İdris İsayev qeyd edib ki, verilən sosial yardım onların yoxsulluqdan çıxmasına kömək etmir: “Təhlillər göstərir ki, sosial yardım alan ailələrin məşğulluq imkanları mövcuddur. 2016-cı ilin aprel ayının məlumatına görə, ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrin 70%-i Bakıdan kənarda yaşayan, onların da 75%-i torpaq pay mülkiyyətinə malik olan vətəndaşlardır. Digər tərəfdən sosial yardım alan ailələrin üzvlərinin təxminən yarısı 18 yaşından yuxarıdır. Belə ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinə cəlb olunması ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına, əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına, digər əhəmiyyətli nəticələrə imkan yarada bilər.

Artıq belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün özünüməşğulluq proqramlarına start verilib. Bu məqsədlə ayrılan 6 milyon manat vəsait hesabına 2016-cı ildə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması nəzərdə tutulur. Növbəti ildə bu tədbirlərin daha çox ailələri əhatə edəcəyi gözlənir. İqtisadi gücündən asılı olmayaraq dünyada elə bir ölkə yoxdur ki, orada sosial problemləri yalnız dövlət həll etsin. Cəmiyyətin bütün həlqələrinin bu prosesdə aktiv iştirakı tələb olunur”.

Strasburqda Azərbaycan aksiyası

21.06.2016


Bir qrup hüquq müdafiəçisi və azərbaycanlı mühacir iyunun 21-i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının binasının qarşısında aksiya keçirib. Azadliq.org-un məlumatına görə, iştirakçılar əsasən Respublikaçı Alternativ (REAL) Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla bağlı şüarlar səsləndirib. Bəzi aksiyaçıların əynində İlqar Məmmədovun şəkli vurulmuş köynəklər olub.

İlqar Məmmədov 2013-cü il fevralın 4-dən iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb. 2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun hüquqlarının pozulduğunu tanıyıb.

Aksiyaya qatılanlar eləcə də bu yaxınlarda  “Amnesty İnternational” təşkilatının vicdan məhbusu kimi tanıdığı gənc fəallar Qiyas İbrahimovun, Bayram Məmmədovun, ilahiyyatçı Taleh Bağırovun azad olunmasını tələb ediblər.

Qiyas İbrahimovla Bayram Məmmədov ötən ay narkotik ittihamı ilə həbs ediliblər, dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov isə ötən ilin dekabr ayından həbsdədir.

Etiraz aksiyasına ötən ay Rusiyada həbsdən buraxılmış ukraynalı pilot Nadejda Savçenko da qatılıb. O öz çıxışında deyib ki, inkişaf etmiş ölkələrdə insanları siyasi əqidəsinə, baxışlarına görə həbs etmirlər, orda siyasi məhbuslar yoxdur: “Çalışmalıyıq ki, bizim ölkələrimizdə də belə olsun”.

“Şəffaflıq Azərbaycan” dövlət şirkətlərini özəlləşdirməyi təklif edir

21.06.2016


“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi iyunun 21-i Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib. Tədbirdə dövlət qurumlarına verilən tövsiyələrin icra vəziyyəti ilə bağlı hesabat təqdim olunub, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri birgə müzakirə aparıblar.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə hazırlanmış, 2015-ci ilin mayından 2016-cı ilin mayına qədər dövrü əhatə edən hesabat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC, “Azərsu” ASC-yə təqdim olunan tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir. Hesabat əmək və əhalinin sosial müdafiəsi, notarial və kommunal xidmətlər, daşınmaz əmlakın qeydiyyatı və satışından vergi tutulması və digər sahələrdə tövsiyələrin həyata keçirilməsini təhlil edir. Verilən tövsiyələr qanunvericiliyin təkmilləşdirilməsi, institusional çatışmazlıqlara diqqətin artırılması, elektron xidmətlərin göstərilməsi, dövlət qurumlarının şəffaflığının və hesabatlılığının təmin olunması istiqamətlərinə bölünür.

“Şəffaflıq Azərbaycan”ın icraçı direktoru Rəna Səfərəliyeva tədbirdə bildirib ki, ötən il ərzində institusional və elektron xidmətlər sahəsində mühüm islahatlar aparılsa da, şəffaflığın və hesabatlılığın təmin olunması ilə bağlı çatışmazlıqlar qalır.

Çıxış edən mütəxəssislər bildirib ki, milli valyutanın dəyərdən düşməsi və qiymətlərin artması səbəbindən əhalinin sosial müdafiəsi sahəsində problemlər dərinləşib, kommunal xidmətlər sahəsində tövsiyələr zəif icra olunur və problemlər əsasən müştəri-təchizatçı münasibətlərində özünü göstərir. Bu xidmətlərin inkişafı üçün “Azəriqaz”, “Azərsu” və “Azərişıq” şirkətlərinin özəlləşdirilməsi, hər sektorda rəqabət yaratmaq üçün fərqli şirkətlərin qurulması tövsiyə edilib.

Tədbirdə çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin qeydiyyatı sahəsindəki problemlərə də toxunulub, bildirilib ki, sənədsiz evlərə çıxarışların verilməsi prosesi sürətlənsə də, strateji yanaşma olmadığı üçün yüz minlərlə yaşayış sahəsi qeydiyyatsızdır.

Notariat kontorlarında aparılan müşahidənin nəticəsinə əsasən ən səmərəli fəaliyyət göstərən kontorlar sadalanıb, özəl notariusların dövlət notariuslarına nisbətən daha yaxşı xidmət göstərdiyi vurğulanıb.

İslahatlar mövzusunda onlayn sorğular başladı

21.06.2016



Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi onlayn sorğu keçirir. Məqsəd iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənməkdir. AZƏRTAC-ın məlumatına görə, ilk sorğuda “Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz” sualına dair təklifləri 10 gün müddətində bildirmək xahiş olunur:

Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştiraka dəvət edilir.

Təkliflər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytındakı link vasitəsilə çatdırıla bilər.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi postu yanvarın 25-də yaradılıb. Bu postu Natiq Əmirov tutur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu il aprelin 20-də prezident fərmanı ilə yaradılıb. Nizamnaməsinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin missiyası ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdir. Qurumun icraçı direktoru Vüsal Qasımlıdır.

Prezident Nardaranda nədən danışıb?

22.06.2016


“Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yenilənməsi işində çox əlamətdar bir gündür. Daxili yolların təmiri başa çatıb və biz bu gün birlikdə bu yolların açılışını qeyd edirik”. Prezident İlham Əliyev iyunun 21-də Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlər qarşısında çıxış edərkən belə deyib.

Həmin gün dövlət başçısı Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, Nardaranda Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib, qəsəbədəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.

Nardaran sakinləri ilə görüşündə çıxış edərkən İlham Əliyev bildirib: “Bir müddət bundan əvvəl Nardaran sakinləri mənə məktubla müraciət edib, qəsəbəyə dəvət etmişdilər. Mən hesab etdim ki, əliboş gəlməyim. O vaxt gəlim ki, artıq bu yollar hazır olsun. Bu gün bu yollar açılır. Mən çox şadam ki, artıq bu yollar tam gözəl, yeni görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub, genişlənib. Köçürülmüş binalar üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işlərdə qəsəbə sakinləri də iştirak edirlər. Yəni bu, gözəl layihədir. Bu layihə göstərir ki, Azərbaycanın hər bir yeri, hər bir guşəsi, hər bir qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik enerjisi, qaz, su təchizatı yaxşılaşır. Demək olar ki, bu infrastruktur layihələrinin böyük əksəriyyəti artıq həll olunub. O ki qaldı yol infrastrukturuna, əlbəttə ki, bu infrastruktur digər layihələrlə uzlaşmalıdır. Xüsusilə kanalizasiya xətlərinin çəkilişi ön planda olmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın”.

Dövlət başçısı yeni iş yerlərinin açılmasından da danışıb. O qeyd edib ki, son illərdə Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb: “Ancaq əhali artır. Bu da iqtisadi inkişafımızın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və beləliklə, demoqrafik vəziyyət yaxşılaşır. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı demoqrafik vəziyyətə uyğun şəkildə inkişaf etməlidir. Ona görə iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər ərzində bir milyondan artıq iş yeri yaradılıb, biz, əlbəttə, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir, dövlət, özəl sektor sərmayə qoymalıdır. Buna görə də biznes mühiti daha da yaxşı olmalıdır. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atılır, islahatlar dərinləşir və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir”.

Prezident İlham Əliyev vurğulayıb ki, Nardaran qədim yaşayış yeridir: “Burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin rahat yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir.

Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir. O cümlədən dini azadlıqlar təmin edilir. Mən bu yaxınlarda iftar süfrəsində bu məsələlərlə bağlı fikirlərimi bir daha demişəm. Azərbaycanda məscidlər, digər dinlərin məbədləri tikilir, təmir olunur. Biz nadir bir ölkədə yaşayırıq. Bunu biz yaratmışıq. Bütün dinlərin nümayəndələri rahat yaşayırlar və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ona görə, bütün bu məsələlər kompleks şəkildə öz həllini tapır.

Azərbaycan xalqı və Azərbaycan dövləti öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə dünya miqyasında oynadığımız rol müsəlman aləmində yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatının, onun rəhbərlərinin Azərbaycanla, Azərbaycanda gedən proseslərlə bağlı fikirləri, — bunlar mətbuatda dərc edilib, — bizdə dini məsələlərə onların verdiyi yüksək qiymət ən böyük göstəricidir. Bunu biz demirik, bunu müsəlman aləmini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı deyir. Bu təşkilat həmişə bizi dəstəkləyir, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Yəni Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq və taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Müstəqillik bizim ən böyük sərvətimizdir. İyirmi beş ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlərə çata bilib.

Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ XIX əsrdə Azərbaycan dünya neftinin yarısını verirdi, XX əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Ancaq Sovet İttifaqı dağılanda hamımız yaxşı xatırlayırıq biz nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu. Ancaq bu gün biz öz taleyimizin sahibiyik. Bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin və müstəqilliyin əleyhinə heç bir addım atmasın. Birincisi, bu, cinayətdir. İkincisi, bu, yolverilməzdir, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir.

Bu gün cəmiyyətdə bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın, o cümlədən Nardaran sakinləri. Onların da bu işlərdə çox dəyərli töhfələri var. Əminəm ki, burada bundan sonra işlər daha da yaxşı gedəcək.

Mən bu gün xüsusilə Nardaran qəsəbəsinə gəlmişəm ki, bu mübarək Ramazan ayında sizinlə birlikdə olum, sizi, bütün Azərbaycan xalqını bir daha bu mübarək ay münasibətilə təbrik edim və bu gözəl yenilikləri biz birlikdə qeyd edək. Bundan sonra da daim yeniliklər olacaq. Bilməlisiniz ki, bu qəsəbənin problemləri digər qəsəbələrin problemləri kimi daim diqqət mərkəzindədir. Bu gün Bakı ətrafındakı qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri bunu göstərir. Bütün qəsəbələrdə, harada ki, indi ehtiyac var, yol, su, kanalizasiya xətləri çəkilir, məktəblər tikilir, iş yerləri açılır. Bu proses daha da sürətlə getməlidir və gedəcək”.

Qəsəbə sakinləri ilə söhbətində dövlət başçısı elektrik enerjisinə görə borcların silinməsinə də toxunub. O bildirib ki, Nardaran sakinləri əvvəllər işıq pulunu bir az ödəmirdilər: “Bir az deyəndə yumşaq deyirəm”. Qəsəbə sakini Ağasəid Orucov qeyd edib ki, Nardaranda elektrik enerjisinə görə 42 milyon manat borc yığılmışdı. Prezident İlham Əliyev həmin borcun silindiyini vurğulayıb: “Onu sildik. Dedik ki, bunu silək, amma bundan sonra ödəyin”.

Qəsəbə sakinləri ilə söhbətin gedişində dövlət başçısı Nardaranın sosial-iqtisadi məsələləri ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə bir sıra tapşırılar da verib.

Hərbi çağırış qaydasında yeniliklər qüvvəyə mindi

22.06.2016


Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri imzalayaraq təsdiqləyib. Yeniliyə əsasən, hərbi xidmətə çağırışdan möhlət hüququ bakalavriat pilləsi ilə yanaşı magistratura və doktorantura səviyyələrinə də şamil olunur.

Xarici ölkələrdə oxuyan bakalavr, magistr və doktorantlara, rezidentura (internatura) təhsili alanlara, o cümlədən Azərbaycan prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsil alan şəxslərə də möhlət hüququ verilir.

Avronun kursu düşüb, dollar və rubl isə bahalaşıb

22.06.2016



İyunun 22-də 1 ABŞ dolları yenidən bahalaşaraq 1,524 manatdan 1,527 manata qalxıb.

Transparency.az-ın məlumatına görə, Mərkəzi Bank manatın Rusiya rubluna kursunu da dəyişib. İyunun 21-də 0,0238 manata təklif edilən 1 rublun rəsmi məzənnəsi bu gün 0,0239 manatdır.

Avronun kursunda isə enmə var. 1 avro 1,7201 manata satılır. Ötən gün rəsmi kurs 1,7273 manat idi.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, dolların rəsmi kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il təşkil olunan hərraclarda Dövlət Neft Fondu 2 milyard 207,4 milyon dollar, Mərkəzi Bank 685,4 milyon dollar həcmində valyuta satıb, manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 892,8 milyon dollar sərf edilib.

Neft büdcə qiymətindən iki dəfə baha satılır

22.06.2016



İyunun 22-si dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,47 dollar ucuzlaşaraq 50,18 dollar, London birjasında “Brent” markalı neftin bir barreli 0,19 dollar bahalaşaraq 50,97 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,41 dollar ucuzlaşaraq 50,39 dollara düşüb. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan 25 dollar 39 sent yuxarı qiymətdir. Büdcədə xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

300 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir

22.06.2016



Həyata keçirilən tədbirlərlə Azərbaycanda 45 min 154 şəkərli diabet xəstəsi qlükometlərlə təmin olunub, 14 min 397 xəstə üzərində isə insulin terapiyası xidməti aparılır. AZƏRTAC xəbər verir ki, bu rəqəmlər iyunun 22-də Respublika Klinik Xəstəxanasında keçirilən dəyirmi masada səslənib.

Tədbirdə qeyd olunub ki, vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

Məlumat verilib ki, hazırda dünyada 300 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial-tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2030-cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər.

Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atıldığı və bu məsələnin qanunvericilikdə də əksini tapdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun tətbiq edilməsi buna bariz nümunədir. Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə tədbirlər proqramı” da uğurla həyata keçirilib.

Bununla yanaşı Nazirlər Kabinetinin qərarı ilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə dövlət proqramı” təsdiq edilib. Dövlət proqramının əsas vəzifələri şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, şəkərli diabet xəstələrinin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılması, endikrinoloji xidmətin kadr potensialının gücləndirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsidir.

Səhiyyə Nazirliyinin məlumatına görə, Respublika Endokrinoloji Mərkəzində 512 nəfər şəkərli diabetlə xəstə uşaq dispanser qeydiyyatındadır. Onlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq insulin pompaları və onların ləvazimatları ilə təmin ediliblər.

Yerli taxılın tonuna 250 manat qiymət qoyulub

22.06.2016



Dövlət Taxıl Fonduna bu il ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın tədarükü elan edilib. Agro.gov.az saytının məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi qəbulu “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur”, “Xırman”, “Rəşad” firmaları və “Svinks” MMC müəssisələri vasitəsilə həyata keçirəcək.

Yerli buğda istehsalçılarından keyfiyyət göstəricilərinə cavab verən məhsul sentyabrın 1-nə kimi qəbul ediləcək. Taxılın qiyməti bir ton üçün 250 manat müəyyən edilib.

Agentlik bildirir ki, müəyyən olunmuş keyfiyyət göstəricilərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilmir.

Taxılın qəbul edilən zaman Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən dənin keyfiyyət göstəricilərinə görə verilən uyğunluq sertifikatının surəti, Kənd Təsərrüfatı Nazirliyindən verilən daxili karantin sertifikatının surəti təqdim edilməlidir.

Qazaxıstan parlamentinin aşağı palatasına yeni sədr seçildi

22.06.2016



İyunun 22-də Qazaxıstan parlamentinin aşağı palatasına (Məclis) yeni sədr seçilib. Bu postu Prezident Administrasiyasının keçmiş rəhbəri Nurlan Niqmatulin tutub.

Nurlan Niqmatulin administrasiya rəhbəri vəzifəsini ölkə parlamentinə deputat seçildiyinə görə tərk etmişdi.

Onun parlamentin aşağı palatasının sədri vəzifəsinə namizədliyini iyunun 21-də prezident Nursultan Nazarbayev irəli sürmüşdü.

Qazaxıstanda Məclisin 9 deputatını Nursultan Nazarbayevin başçılıq etdiyi Xalq Assambleyası seçir. Nurlan Niqmatulin bu kvotadan deputat mandatı alıb.

Novator.az-ın məlumatına görə, deputatlar Nurlan Niqmatulinin namizədliyini yekdilliklə dəstəkləyib.

İyunun 21-də Nursultan Nazarbayev Adilbek Caksıbekovu paytaxt Astananın meri postundan azad edərək Prezident Administrasiyasının rəhbəri təyin edib.

Uşağa ad necə qoyulmalıdır? Hökumət yeni qayda hazırlayıb

22.06.2016



Azərbaycanda şəxs adlarının tələffüz forması ilə yazılmasına icazə verilməyəcək. Bunu “Trend”ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün bütün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb.

“Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” adlanan vəsait artıq Ədliyyə Nazirliyinə təqdim edilib. Bu kitabı Ədliyyə Nazirliyi çap etdikdən sonra Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat İdarəsinin yerli şöbələrinə paylanacaq. Kitabda adların izahı ilə yanaşı onların düzgün yazılış formaları da göstərilib. Tələffüz forması ilə yazılan adlar isə şəxs adları siyahısından çıxarılıb. Kitaba 6300-ə yaxın ad daxil edilib.

Sayalı Sadıqova deyib: “Biz bu lüğətdə adların sayını azaltmışıq, mövcud 8200 addan təqribən 6300-nü saxlamışıq. Onların çoxunu – Kolxoz, Sovxoz kimi adları çoxdan siyahıdan çıxarmışdıq. Belə adların sayı 2000-ə yaxın olub. İndi isə tələffüz forması ilə yazılan adları siyahıdan çıxarmışıq. Məsələn, Əlihəsən də, Əlhəsən, yaxud Əlihəsə də yazılır. Biz bu adlardan ancaq Əlihəsəni götürmüşük. Tapdıq adı Tapdığ, Tapdıx kimi, yəni tələffüz formasında yazılır. Biz bu adlardan yalnız Tapdıqı saxlamışıq. Rayonlarda qeydiyyat şöbələrində oturan məsul şəxslər həm çox savadlı olmalıdırlar, həm də adların düzgün yazılış forması onların əlinin altında olmalıdır. Bunlar olmadığına görə adların yazılışında müxtəliflik əmələ gəlib”.

Sayalı Sadıqova bildirib ki, həmin vəsait nəşr edilərək yerli şöbələrə paylandıqdan sonra bütün adlar vahid formada yazılacaq və eyni adların müxtəlif formalarda yazılmasına icazə verilməyəcək.

“Trend”in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadla apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə bir hərfin belə səhv, eyni zamanda tələffüz formasında yazılması nəticəsində bir adın 2-3 deyil, hətta 4-5 yazılış forması yaranıb.

Araşdırmalar nəticəsində bəlli olub ki, incə, zərif qız (qadın) mənasını verən Ruqiyyə adının düzgün yazılış forması son 5 ildə 1 nəfərə verilsə də, bu adın yanlış formaları daha çox uşağa qoyulub.  Belə ki, son 5 ildə yanlış formada yazılan Ruqəyyə adı 342 nəfərə, Rüqayyə adı 637 nəfərə, Rüqəyyə adı 732 nəfərə, Rüqəyyəm adı 1 nəfərə verilib.

Mənası “ən böyük, ən ulu”, əsl yazılış forması isə Kübra olan adın da 4 yazılış forması yaranıb. Son 5 ildə adın düzgün yazılış forması — Kübra 103 nəfərə verilib. Adın səhv yazılış forması olan Kubra 99, Kubrə 8, Kübrə 8 nəfərə verilib.

5 formada yazılan Nərgiz adının yanlış yazılış forması — Nərgis son 5 ildə 4 nəfərə, Nərgıs 3 nəfərə, Nərgız 3 nəfərə, Nərçis 1 nəfərə verilib.

Son 5 ildə Fuad adının səhv variantı olan Fuat adı 2 nəfərə, Səməd adının düzgün yazılış forması olmayan Samed adı 4 nəfərə, düzgün yazılış forması Həmzə olan Hamza adı 23 nəfərə, Həsən adının səhv yazılmış Hasan formasında ad 15 nəfərə, Hüsniyyə adının yanlış yazılış forması olan Hüsniyə 13, Humay adının yanlış forması olan Hümay 12, Aliyə adının yanlış forması olan Aliye 3 nəfərə verilib.

Son 5 ildə Kerim (əsl yazılış forması Kərim) 7, Yağub (əsl yazılış forması Yaqub) 3, Yahya (əsl yazılış forması Yəhya) 39, Gulnara (əsl yazılış forması Gülnarə) 10, Gürşad (əsl yazılış forması Gülşad) 11, Qəhraman (əsl yazılış forması Qəhrəman) 8 nəfərə, Natavan (əsl yazılış forması Natəvan) 33 nəfərə, Hafis (əsl yazılış forması Hafiz) 35 nəfərə, Qəfər (düzgün yazılış forması Qafar) 16, Kenan (əsl yazılış forması Kənan) 11 nəfərə, Qızbəst (düzgün yazılış forması Qızbəs), Kəmran (əsl yazılış forması Kamran) 3 nəfərə verilib.

Serj Sərkisyan işğal bölgəsinə gəlib

22.06.2016

İyunun 22-də Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Ermənistan Silahlı Qüvvələri 23 ildir Azərbaycanın bütün cənub-qərbini işğal altında saxlayır. 2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 22-ci dəfədir Dağlıq Qarabağa səfər edir. O, işğalçı müharibənin ən qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan iyunun 20-si Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunur ki, dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına (güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi) sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iyunun 22-də ANS TV-yə deyib ki, Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. Həmin plana görə, əvvəlcə Azərbaycanın 5 rayonu azad olunacaq, ondan sonra 2 rayon azad ediləcək və dəhliz müəyyənləşdiriləcək, daha sonra Dağlıq Qarabağın statusu müəyyən olunacaq.

5+2 variantı öncə Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının Azərbaycanın nəzarətinə qaytarılmasını, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin rəsmiləşdirilməsini, sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə eyni vaxtda Kəlbəcər və Laçının geri qaytarılmasını nəzərdə tutur.

Ən bahalı şəhərlərin adı açıqlanıb

22.06.2016




“Mercer Human Resource” konsaltinq qrupu ən bahalı şəhərlərin reytinq cədvəlini tərtib edib. Novator.az-ın məlumatına görə, 2016-cı ildə əcnəbilər üçün dünyanın ən bahalı şəhəri Honkonq olub. Ən bahalı şəhərlər siyahısının ikinci pilləsində Anqola paytaxtı Luanda, üçüncü yerdə isə Sürix (İsveçrə) qərarlaşıb.

Reytinq cədvəlinin ilk onluğunda sonrakı sıralama belədir: Sinqapur, Tokio (Yaponiya), Kinşasa (Konqo), Şanxay (Çin), Cenevrə (İsveçrə), Ncamena (Çad), Pekin (Çin).

Hesabata görə, 2016-cı ildə əcnəbilər üçün ən əlverişli  şəhərlər Vindhuk (Namibiya), Keyptaun (CAR) və Bişkek (Qırğızıstan) hesab olunub.

Saldo mənfiyə doğru (Son 5 ildə xarici ticarət)

22.06.2016

Dövlət Statistika Komitəsinin yaydığı son makroiqtisadi göstəricilərə görə, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 5 milyard 44 milyon ABŞ dolları həcmində olub. Hesabata əsasən, ticarət dövriyyəsinin 48,6 faizi ölkədən ixrac olunmuş məhsulların, 51,4 faizi idxal məhsullarının payına düşüb, nəticədə 144,4 milyon dollar məbləğində mənfi saldo yaranıb.

Transparency.az Dövlət Statistika Komitəsinin saytında son beş ilin analoji göstəricilərinə nəzər salıb.

2015-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 20 milyard 645,9 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 55,3 faizi ölkədən ixrac olunan məhsulların, 44,7 faizi isə idxal məhsullarının payına düşüb. İxracın idxalı üstələməsi nəticəsində 2 milyard 203,1 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2014-cü ildə xarici ölkələrlə 31 milyard ABŞ dolları məbləğində ticarət aparılıb. Bunun 21,8 milyard dolları ixrac, 9,2 milyard dolları isə idxal əməliyyatlarına aid olub. 12,6 milyard dollarlıq müsbət saldo yaranıb.

2013-cu ildə xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi 34,7 milyard ABS dolları təşkil edib, 24 milyard dollarlıq ixrac və 10,7 milyard dollarlıq idxal əməliyyatları aparılıb, 13,3 milyard dollarlıq müsbət saldo əldə olunub.

2012-ci ilin xarici ticarət dövriyyəsi 33 milyard 560,9 milyon dollar səviyyəsində göstərilib. Hesabata görə, həmin il 23 milyard 908 milyon dollarlıq ixrac, 9 milyard 652,9 milyon dollarlıq idxal əməliyyatları aparılıb, 14 milyard 255,1 milyon dollarlıq müsbət saldo yaranıb.

2011-ci ilin makroiqtisadi göstəricilərinə görə, xarici ölkələrlə 36 milyard 329,9 milyon dollar həcmində ticarət əməliyyatları aparılıb. İxracın payına 26 milyard 570,9 milyon dollar, idxalın payına isə 9 milyard 756 milyon dollar düşüb. Yaranan müsbət saldo 16 milyard 814,9 milyon dollar həcmində olub.

Novruz Məmmədov: “Putin münaqişənin həllində daha qətiyyətlidir”

22.06.2016

“Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşünü əvvəlkilərdən fərqli hesab etmək olar”. Bu fikirdə olan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, bu görüş bütün məsələlərə yanaşma nöqteyi-nəzərindən daha konstruktiv və münaqişənin həllində tərəflərin daha maraqlı olmasını nümayiş etdirən görüş oldu. Açıqlamanı AZƏRTAC iyunun 22-də yayıb.

Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan iyunun 20-si Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunur ki, dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Bəyanata əsasən, Azərbaycan və Ermənistan prezidentləri güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi razılığına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa razılaşıblar.

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, bu ilin aprel ayında Ermənistan tərəfinin Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat və Azərbaycan ordusunun buna layiqli cavabı əslində bu məsələ ilə bağlı maraqlı tərəflərə, həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də bütün dünyaya bir mesaj idi: “Bu mesaj ondan ibarət idi ki, münaqişənin indiyə qədər həll edilməməsi, bu vəziyyətdə qalması və müəyyən mənada dondurulmuş hesab olunması çox təhlükəli bir mövqedir. Bu da münaqişənin artıq həll olunmasının zəruriliyini ortaya çıxardı. Sadalanan bu məsələlər danışıqlar prosesinin intensivləşməsinə, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşlərinin keçirilməsinə də öz təsirini göstərdi. Əldə olunan razılığa görə, Rusiya tərəfinin keçirdiyi görüş daha məqsədəuyğun idi. Bu görüşdə də aparılan danışıqlar onu deməyə əsas verir ki, Rusiya prezidenti Vladimir Putin münaqişənin həllində daha qətiyyətlidir və daha da məqsədli fəaliyyət ortaya qoyur”.

Prezident Administrasiyasının rəsmisi deyib ki, görüşdə münaqişənin həlli yollarının axtarılması istiqamətində geniş müzakirələr aparılıb: “Xüsusilə təmas xəttində gərginliyin azaldılması, təhlükəsizliyin yüksək səviyyədə təmini və monitorinqlərin daha əhatəli olması ətrafında fikir mübadiləsi aparıldı. Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin mərhələli həlli istiqamətində irəliyə getmək lazımdır. Bu razılığın həyata keçməsi üçün, əlbəttə, bundan sonra həmsədrlər xüsusi fəaliyyət göstərməlidirlər. Eyni zamanda bu görüşü Rusiya prezidentinin keçirməsinə baxmayaraq məsələ digər dövlətlərlə də koordinasiya olunacaq, proseslər gedəcək”.

Novruz Məmmədov bildirib ki, danışıqların intensivləşməsində və bu cür görüşlərdə müəyyən razılıqların əldə olunmasında prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm rolu var: “Dövlətimizin başçısı bütün görüşlərində bildirir ki, mövcud status-kvo davam edə bilməz, münaqişənin həlli ilə bağlı addımlar atılmalıdır. Bu görüşdə əldə olunan nəticələr Azərbaycan prezidentinin həmişə bütün görüşlərində, yüksək səviyyəli forumlarda, konfranslarda və zirvə görüşlərində etdiyi çıxışlarda bildirdiyi mövqenin dünya birliyi, həmsədr ölkələr, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilərək ona verdiyi reaksiyadır. Dövlət başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxıb getməlidirlər. Azərbaycanlı qaçqınlar, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar”.

Novruz Məmmədov vurğulayıb ki, Sankt-Peterburqda bu formatda görüşlərin mütəmadi davam etdirilməsi ilə bağlı razılığa gəlinib. Bu məsələdə də Ermənistan tərəfinin atacağı addımlardan çox şey asılıdır.

Kənd təsərrüfatını necə dirçəltməli?

22.06.2016



İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli aqrar sahənin inkişafı üçün zəruri tədbirlərdən yazıb. Deputat təşkilatın “Yeni kurs — Azərbaycanın innovasiyalı inkişaf proqramı”nın kənd təsərrüfatına dair hissəsindən müddəalar təqdim edib.

Transparency.az-ın məlumatına görə, deputat aqrar sahənin inkişafının ölkənin iqtisadi sabitliyi, sosial dayanıqlığı, ərzaq təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq irəliləyişə nail olmaq yollarını belə şərh edib: “Bir sıra tədbirlərin həyat keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artsa da, aqrar sahədə torpaqlardan istifadənin səviyyəsi, əmək məhsuldarlığı, ixrac göstəriciləri potensial imkanlardan xeyli geri qalır. 2015-ci ildə kənd təsərrüfatı istehsalının artım tempi 7 faizə yaxın olub, 5,6 milyard manatlıq məhsul istehsal edilib. Bu ilin ortalarına da 6 faiz artım var. Aqrar sahədə artım tempi yüksək olsa da, hələlik adambaşına ildə 581 manatlıq, ayda 48 manatlıq, gündə 1,6 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Bu da ölkə üçün çox mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sahədə əmək məhsuldarlığının və istehsalın nə qədər aşağı olduğunun əyani nümunəsidir.

Mövcud potensial fonunda kənd təsərrüfatının hazırkı inkişaf səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Aqrar sahədə yetərincə yüksək templi artım olsa da, bu, kəndlərin ölkənin potensial imkanlarına layiq sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb. Aqrar sahənin timsalında iqtisadiyyatda çalışanların 37 faizi ölkənin ümumi daxili məhsulunun (ÜDM) cəmi 5 faizini yaradır. 2015-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı xeyli artsa da, onun ən yaxşı göstəricisi hələlik 600 milyon dollar ətrafındadır. Bu da Azərbaycan kimi kənd təsərrüfatının inkişafı baxımından böyük potensialı olan ölkə üçün çox aşağı göstəricidir”.

Əli Məsimli qeyd edir ki, ölkənin əkin sahələrindən və kənd təsərrüfatı üçün yararlı torpaqlarından yetərincə səmərəli istifadə edilmir: “Fermer təsərrüfatlarının əksəriyyətinin torpaqları kiçikdir deyə yüksək nəticələr əldə olunmur, geniş təkrar istehsal qurulması və gəlir əldə edilməsinə imkan verən ixraca işləmək imkanı məhduddur. Kənd təsərrüfatı ilə məşğul olanların xeyli hissəsinin gəlirləri aşağıdır, maddi və maliyyə resurslarının məhdudluğu istehsalı genişləndirmək üçün yetərli deyil”.

Deputat qeyd edir ki, kənd təsərrüfatına investisiya tələbatı səviyyəsində sərmayə qoyulmur və bu sahəyə yönəldilən vəsaitdən istifadə səmərəliliyi aşağıdır: “Kənd təsərrüfatında mütərəqqi texnika, texnologiya və istehsal mədəniyyətindən istifadənin tətbiq dərəcəsi qənaətbəxş deyil və bu səbəbdən əmək məhsuldarlığının və istehsalın səmərəliliyi çox aşağıdır.

Azərbaycan adambaşına düşən torpaq sahəsinə görə aztorpaqlı ölkələr kateqoriyasına aid edilsə də, kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malikdir. Ölkədə adambaşına 1,08 hektar torpaq fondu, 0,6 hektar yararlı torpaq sahəsi, 0,2 hektar əkin sahəsi düşür. Elmi-texniki tərəqqiyə əsaslanan aqrar siyasətlə kənd təsərrüfatında 2-3 dəfə və daha çox artım əldə etmək mümkündür. Ölkədə güclü aqrar-sənaye kompleksi yaratmaq, ərzaq bolluğuna nail olmaq, sözügedən sahənin ixrac imkanlarını xeyli artırmaq, ildə orta hesabla 2-3 milyard dollara çatdırmaq olar”.

Proqramda kənd təsərrüfatı sahəsində əmək məhsuldarlığını yüksəltmək, ehtiyacları daxili istehsal hesabına artırmaq, bu sahənin ixrac imkanlarından geniş istifadə etmək və onu əsas gəlirli sahələrdən birinə çevirmək üçün isə ilk növbədə uzunmüddətli strategiya və xüsusi dövlət proqramının, stimullaşdırıcı proqram və tədbirlər paketinin hazırlanıb həyat keçirilməsi zəruri hesab edilir.

Deputat hesab edir ki, aqrar sahədə mülkiyyət münasibətlərindəki problemlər aradan qaldırılmalı, torpaqdan, sudan, qabaqcıl texnika və texnologiyadan, mütərəqqi aqrotexniki üsullardan səmərəli istifadə mexanizmləri qurulmalı, ixracın artırılması kimi məsələlər önə çəkilməlidir.


İpoteka kreditləşməsi qaydası təsdiqlənib


23.06.2016


Prezident İlham Əliyev ipoteka kreditləşməsi məsələləri haqqında fərman imzalayıb. İyunun 22-də verilən fərmanla “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi təsdiq edilib. ASC-nin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin səlahiyyətindədir.

Fərmana əsasən, ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sistemi yaradılmalı və 2017-ci il yanvarın 1-dən tətbiq olunmalıdır.

“Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini; ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini və s. işləri təmin etməlidir.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti ötən il oktyabrın 27-də prezident İlham Əliyev fərmanı ilə (Prezident ipoteka kreditləşməsi ilə bağlı fərman verib) yaradılıb. Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə yaradılan ASC-nin səhmləri dövlətə məxsusdur.

İyulun 22-də imzalanmış yeni fərmana əsasən, ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir.

Dövlət başçısı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasını da təsdiqləyib. Qaydaya görə, kredit Azərbaycan manatı ilə, Azərbaycan Respublikasının vətəndaşına verilməlidir. Müddət 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti üçün isə 30 ilədəkdir.


 

Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin