Xəbər bülleteni №16


Vergilər Nazirliyində kollegiya iclası



Yüklə 4,84 Mb.
səhifə27/27
tarix03.02.2017
ölçüsü4,84 Mb.
#7342
1   ...   19   20   21   22   23   24   25   26   27

Vergilər Nazirliyində kollegiya iclası


10.12.2015

vn-kollegiya 1
Vergilər Nazirliyində 2016-cı ilin dövlət büdcəsi və Vergi Məcəlləsinə dəyişikliklər haqqında qanunların təsdiq edilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov deyib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Nazir qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqi də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

Bildirilib ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur: “Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.

Vergi yükünün azaldılmasına yönəlmiş digər dəyişikliklər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60 000 manatdan 100 000 manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi,   daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsidır. Bu dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə  imkan verəcək”.

Qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.

Dünyada baş verən qlobal iqtisadi dəyişikliklər nəticəsində ölkə iqtisadiyyatının yeni şəraitdə inkişaf etdiyini diqqətə çatdıran vergilər naziri bildirib ki, bununla bağlı vergi orqanlarının üzərinə kifayət qədər çətin və məsuliyyətli vəzifələr düşür: “Ölkə başçısı dəfələrlə vurğulayıb ki, büdcənin cari xərcləri vergi daxilolmaları, habelə gömrük və digər daxilolmalar hesabına təmin olunmalıdır və bu da vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarına tam həcmdə və vaxtında əməl olunması ilə bağlı çox ciddi tədbirlər görülməsini tələb edir.

Bir tərəfdən neftin qiymətinin aşağı düşməsi hesabına bu sahədən daxil olan gəlirlərin və müvafiq olaraq vergi daxilolmalarının azalması, digər tərəfdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin xeyli hissəsinin sosial yönümlü olması, o cümlədən əhalinin  böyük bir təbəqəsinin əmək haqlarından tutulan gəlir vergisi, habelə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin və ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin artırılması nəticəsində vergi daxilolmalarında gözlənilən azalmaları da nəzərə almaqla büdcəyə daha çox vergi yığılması üçün vergi bazası genişləndirilməli, vergidən yayınmağa cəhd göstərənlərə qarşı daha sərt inzibati tədbirlər görülməlidir. Bütün bunlar məcəllədə öz əksini tapıb və 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək”.


10 ildə vergi orqanlarına imtahanla 1137 nəfər qəbul olunub


10.12.2015

2005-ci ildən dövlət vergi orqanlarına işə qəbulla bağlı 10 müsabiqə keçirilib. Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu müsabiqələrdə iştirak üçün ümumilikdə 13500 nəfər müraciət edib, onlardan 1834 nəfəri test imtahanı mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb. Namizədlərdən 1294-ü vakant vəzifələrə uyğun hesab olunaraq ehtiyat kadrlar siyahısına daxil edilib. Bu günə kimi ehtiyat kadrlar siyahısında olan namizədlərdən 1137 nəfəri dövlət vergi orqanlarında işlə təmin olunub, 73 nəfər isə kadr ehtiyatından çıxarılıb.

İşə qəbulu 2005-ci ildən TQDK test üsulu ilə keçirir. Hazırda vergi sistemi əməkdaşlarının 50 faizindən çoxu gənc kadrlardır.

Dövlət Miqrasiya Xidməti bir ayda 1848 əcnəbinin qanunu pozduğunu aşkara çıxarıb


10.12.2015

dmxDövlət Miqrasiya Xidməti 2015-ci ilin noyabr ayına olan statistik məlumatları yayıb. Transparency.az rəsmi hesabata əsaslanıb bildirir ki, ay ərzində 1848 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması halları müəyyən edilib. Onlardan 12-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri yenisi ilə əvəz olunub, 142 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1301 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 393 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8276 müraciət daxil olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 40867 əcnəbinin müraciəti qeydə alınıb.

Kənd təsərrüfatı mallarının qiyməti üzrə portal fəaliyyətə başlayıb


10.12.2015

meyve-terevez 1Kənd Təsərrüfatı Nazirliyinin qiymət informasiya portalı www.azagro.net fəaliyyətə başlayıb. Portalda 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası yerləşdirilib.

Məlumat bazası Bakı şəhəri ilə yanaşı regionları da əhatə edən 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir.

Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək.

Büdcənin sosial yükü yüngül gəlir


10.12.2015

rovshan agayev yeni 01İqtisadçı ekspert Rövşən Ağayev 2016-cı ilin dövlət büdcəsinin sosial istiqamətini şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert manatın 35 faizlik devalvasiyasından sonrakı bahalaşmanı əsas tutaraq deyir ki, növbəti ilin büdcəsində əmək haqları, pensiyalar və sosial müavinətlərin artırılması üçün nəzərdə tutulan vəsait azdır: “Gələn il əməkhaqqı xərcləri üçün 3 milyard 523,6 milyon manat nəzərdə tutulub. Bu, əvvəlki ilə nisbətən 71,2 milyon manat və ya cəmi 2% çoxdur.

Səhiyyə, mədəniyyət-incəsənət və idman funksional bölmələri üzrə ümumiyyətlə əməkhaqqı artımı nəzərdə tutulmur. Yalnız təhsil bölməsi üzrə isə əməkhaqqı xərcləri 70,6 milyon artımla proqnozlaşdırılır, bu da əvvəlki ilə nisbətən 6,5% çoxdur.

2016-cı ilin büdcəsindən təqaüd və sosial müavinətlərin ödənilməsinə 1milyard 827,1 milyon manat ayrılacaq. Bu, əvvəlki ilə nisbətən 17,8 milyon manat və ya təxminən 1% azdır. Halbuki hökumətin özünün parlamentə təqdim etdiyi büdcə sənədlərində 2015-ci il üçün inflyasiyanın gözlənən səviyyəsi 4,4%, 2016-cı il üçün proqnozlaşdırılan səviyyəsi isə 3,3%-dir.

Büdcə sektorunda maaşların artımı ilə bağlı sonuncu qərarın 2013-cü ildə qəbul edildiyini nəzərə alsaq, aydın olur ki, büdcədən maaş, təqaüd və müavinət alan insanların gəlirlərinin 2014-2015-ci illər üzrə faktiki, 2016-cü il üçün gözlənən inflyasiyadan qorunması hökumətin planlarına daxil deyil. Hökumət heç olmasa rəsmi etiraf etdiyi 8 faizlik inflyasiya səviyyəsində maaş indeksasiyası təmin etməli idi”.


Bu il satışdan nə qədər dərman çıxarılıb? (Səhiyyə Nazirliyindən açıqlama)


10.12.2015

sehiyye-nazirliyi-1Səhiyyə Nazirliyinin mətbuat xidməti Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovla müsahibə yayıb. Transparency.az-ın məlumatına görə, məmur deyib ki, dərman vasitələri sahəsində milli tənzimləyici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi son zamanlar istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamalarını aparmağa başlayıb: “Dərman vasitəsinin keyfiyyətinə nəzarət istehsal prosesindən başlayaraq pasiyentə gedən yol boyunca hər mərhələdə aparımalıdır. Bu baxımdan əsas mərhələ istehsalat prosesinə nəzarətdir. Analitik Ekspertiza Mərkəzində Dünya Səhiyyə Təşkilatının təlimini keçmiş və müvafiq sertifikatları olan istehsalat müfəttişləri hazırlanıb. Xammalın və avadanlığın, işçilərin peşəkarlıq səviyyəsinin, sənədləşdirmə sisteminin və sair məsələlərin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğunluğu araşdırılır”.

Murad Süleymanov qeyd edib ki, bazara çıxarılmadan öncə dərman vasitəsinin keyfiyyətinin yoxlanması da mühüm rol oynayır: “Qanuna görə, dərman vasitəsi ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir. Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə salınır. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına icazə verilir.

Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra da hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış laborator tədqiqatlar şöbəsinə təhvil verilir. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə analiz sertifikatı verilir”.

Apteklərin işinə nəzarətdən söz açan məmur deyib ki, Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət şöbəsi mütəmadi olaraq planlı və plandankənar yoxlamalar həyata keçirir: “Plandankənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır. Cari il ərzində 113 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə inzibati protokollar tərtib edilib. Bundan əlavə qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan 2 aptekin fəaliyyəti dayandırılıb, 1 aptekin lisenziyası alınıb. Cari il aparılan yoxlamalar nəticəsində 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb”.


70-ə yaxın sahibkar 780 min manat güzəştli kredit aldı


10.12.2015

forum 1
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəkidə iqtisadi forum keçirib. Forumda Şəki və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 780 min manat güzəştli kredit verilib. Əsasən heyvandarlıq, arıçılıq, bağçılıq, əkinçilik, çayçılıq sahələrinin inkişafına yönəldiləcək kreditlərin 80-dən çox yeni iş yerinin açılmasına imkan yaradacağı gözlənir.

Tədbirdə məlumat verilib ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1914 investisiya layihəsinə 96,5 milyon manat güzəştli kredit verilib, 8700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Şəki rayonunda fəaliyyət göstərən 429 sahibkar 28,1 milyon manat (işgüzar forumda verilən kreditlər də daxil olmaqla) güzəştli kredit alıb.

Forum çərçivəsində rayonda dövlətin güzəştli krediti ayrılmış taxıl anbarı və dəyirman kompleksinin fəaliyyətinə baxış keçirilib.

Economy.gov.az yaydığı məlumatda həmçinin bildirilir ki, son illərdə tutumu 352 min tona yaxın olan 23 müasir taxıl anbarı kompleksinin yaradılmasına 30,8 milyon manat güzəştli kredit verilib. Anbarlardan 21-i artıq istifadədədir.


Ermənilər bizim məscidi İrana verdilər


10.12.2015

Ermənistan hökuməti 10 dekabr iclasında paytaxt Yerevandakı Göy məscidin İrana verilməsi ilə bağlı müqaviləni təsdiqləyib. Məscidin İrana 99 illiyə verilməsi barədə müqavilə bu ölkənin Ermənistandakı səfirliyi ilə imzalanıb.

Novator.az xəbər verir ki, Göy məscid mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.

Yerevandakı Göy məscidi 18-ci əsrin ikinci yarısında Hüseynəli xan Qacar tikdirib. Məscid sovet dövründə muzey kimi fəaliyyət göstərib, 1993-1996-cı illərdə İranın təşəbbüsü və maliyyəsi ilə təmir edilib.

Novator.az bildirir ki, Hüseynəli xan Qacar 1759-1783-cü illərdə İrəvan xanı olub. Onun İrəvanda tikdirdiyi Göy məscid Hüseynəli xan məscidi adıyla da tanınır. Göy məscid İrəvanda azərbaycanlılara məxsus islam dini məbədlərindən biridir.

mescid

Axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib


10.12.2015

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Məlumatda deyilir: “4 dekabr 2015-ci ildə Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğında itkin düşmüş işçilərin axtarışını Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə qarşılıqlı əlaqədə həyata keçirir. Hazırda yanğın baş vermiş özüldən 100-150 kilometrədək məsafədə, həmçinin gündəlik olaraq havadan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.

Dekabrın 10-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən əraziyə və axtarış rayonuna baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib”.

Transparency.az xatırladır ki, dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. 63 işçidən 33-ü xilas edilib, 7 nəfərin meyiti tapılıb.

Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.

dsx 2

dcim100goprogopr0903.dcim100goprogopr0937.

dcim100goprogopr0903.

İlham Əliyev Çin parlamentinin sədri ilə görüşüb


10.12.2015

pekinPrezident İlham Əliyev dekabrın 10-u Pekində parlament sədri Can Decianla görüşüb. AZƏRTAC-ın məlumatına görə, Can Decian Azərbaycan prezidentinin Çinə dövlət səfərinə böyük əhəmiyyət verildiyini deyib, bu səfərin gələcək əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirib. O, Azərbaycanın Cənubi Qafqazda Çinin mühüm tərəfdaşı olduğunu vurğulayıb. Azərbaycanın və Çinin hər zaman bir-birinin yanında olduqlarını deyən parlament sədri Çinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyini bildirib, Azərbaycanın da “Vahid Çin” məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

İlham Əliyev Çinə səfərindən məmnunluğunu bildirib, bu səfərin Azərbaycan-Çin əməkdaşlığının gələcək inkişafında mühüm mərhələ olacağını deyib. İki ölkənin siyasi və iqtisadi sahələrdə uğurla əməkdaşlıq etdiyini deyən dövlət başçısı qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycanda dəstəkləndiyini, ölkənin bu layihədə mühüm tranzit iştirakçıya çevrilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə parlamentlərarası əlaqələr, regional, humanitar, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidentindən Çinə çağırış


10.12.2015

pekin yeni 1
Pekin səfərində olan prezident İlham Əliyev dekabrın 10-da Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Keçyanla bir araya gəlib.

Baş nazir Çin şirkətlərinin Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırıb.

Li Keçyan humanitar sferada, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib.

Azərbaycanın Çinlə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib.

Dövlət başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev Çin Xalq Respublikası sədrinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycanda dəstəkləndiyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyib, Çin mallarının ölkədən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında əlverişli coğrafi mövqeyinin, infrastruktur imkanlarının olduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər: “Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır”.


Azərbaycan-Çin sənədləri imzalanıb


10.12.2015

sened 1
Dekabrın 10-da prezident İlham Əliyev Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə geniş tərkibdə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdən sonra bu sənəd imzalanıb:

- “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi”;

- “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”;

- “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə”;

- “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında fitosanitar əməkdaşlıq haqqında Saziş”;

- “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş”;

- “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

- “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

- “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”;

- “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu”;



- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş”.

Dekabrın 10-da Si Cinpinin adından İlham Əliyevin şərəfinə rəsmi qəbul verilib.
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin