XaləDDİN İbrahiMLİ


 3. Mühacirət 1960 -1980-ci illərdə



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

 
3. 3. Mühacirət 1960 -1980-ci illərdə 
 
     1950-ci  illərin  sonlarından  başlayaraq  Azərbaycan  mü-
hacirlərinin yaratdıqları siyasi və qeyri-siyasi təşkilatların böyük 
əksəriyyəti  öz  fəaliyyətlərini  dayandırdı.  Siyasi  mühacirətin 
apardığı mübarizənin ana xətlərini, əsas prinsiplərini müəyyənləş-
dirən,  bu  mübarizənin  önündə  gedən  Müsavat  Partiyası  və 
Azərbaycan Milli Mərkəzi kimi aparıcı təşkilatlar hələ 50-ci illərin 
əvvəllərində M. Ə. Rəsulzadənin təşəbbüsü ilə Azərbaycan Kültür 
Dərnəyinin ətrafında birləşmişdi. Bu birliyi zəruri edən amillərdən 
biri də o idi ki, Sovet diplomatiyası Türkiyə dövlətinə 20 il əvvəlki 
müqavilənin  şərtlərini  xatırladaraq  yenə  Müsavat  və  AMM-in 
formal fəaliyyətinin qadağan edilməsinə nail ola bilmişdi. Kültür 
Dərnəyi  isə  rəsmi  qeydiyyatdan  keçən  bir  təşkilat  idi.  ΙΙ  Dünya 
Müharibəsindən əvvəlki dövrlərdən fərqli olaraq, indi Müsavat və 
AMM öz müstəqilliklərini və əski adlarını saxlamaq şərti ilə eyni 
başqanlıq  tərəfindən  idarə  edilirdi.  Hər  üç  təşkilat  Müsavat 
Partiyasının bayrağı altında mübarizə aparan, onun ideologiyasına 
dayanan vahid siyasi təşkilatı xatırladırdı. 
     Ankaradakı  bu  təşkilatlardan  başqa  İstanbulda  da  müsa-
vatçılığa  sadiq  iki  təşkilat-İldəniz  Qurtulanın  rəhbərlik  etdiyi 
“Azərbaycan Gənclik Dərnəyi” və Əhməd Cəfəroğlunun yaratdığı 
“Azərbaycan  Kültürünü  Tanıtma  Dərnəyi”  fəaliyyətdə  idi. 
Azərbaycan Kültür Dərnəyinin İstanbulda mənəvi dayağı olan bu 
dərnəklər  elmimizin,  mədəniyyətimizin  tədqiqi  və  təbliğində, 
gənclərin vətənpərvərlik tərbiyəsində xeyli işlər görmüşdü. 
     M.  B.  Məmmədzadə  1959-cu  ildə  vəfat  etdikdən  sonra 
Müsavat partiyasının Başqanı Kərim Odər oldu. O, əslində 1955-
ci  il  martın  6-da  M.  Ə.  Rəsulzadənin  vəfatından  sonra  faktiki 
olaraq  Müsavatı  idarə  edirdi,  çünki  M.  B.  Məmmədzadə  Qərbi 
Almaniyadakı  SSRİ-ni  Öyrənmə  İnstitutunda,  eyni  zamanda  bu 
İnstitutun “Dərgi” məcmuəsində çalışırdı. 

 
 
191 
     1976-cı ildə Ə. V. Yurdsevərin vəfatı ilə hər iki təşkilatın 
Başqanlığına  Kərim  Odər  seçildi.  1981-ci  il  noyabrın  13-də 
Anadolu  Ajansı  Türkiyə  və  dünya  ictimaiyyətinə  acı  bir  xəbər 
yaydı:  “Azərbaycan  Milli  Mərkəz  Başqanı  Kərim  Odər  dün 
İstanbulda ölmüşdür” [32, N238, 1981]. 
     K. Odərin vəfatından sonra toplanan Müsavat və AMM-in 
Başqanlıq  Divanı  hər  iki  təşkilata  Dr.  Məmməd  Azər  Aranı 
Başqan seçdi. 
     1980-ci illərin ortalarından “perestroyka” adlanan mərhələ 
ilə SSRİ daxilindəki respublikalarda milli azadlıq hərəkatının get-
gedə  güclənməsi  Azərbaycan  siyasi  mühacirətinin  fəaliyyətində 
də  canlanma  yaratdı.  SSRİ  daxilində  mərkəzdənqaçma 
proseslərinin  sürətlənməsi  ilə  xaricdəki  fəaliyyətin  də  genişlən-
dirilməsinə tələbatın artdığını hiss edən AMM və Müsavat rəhbər-
liyi hər iki təşkilatın, ilkin dönəmlərə olduğu kimi yenidən üçlük 
tərəfindən idarə olunması qənaətinə gəldi (həm də M. Azər Aran 
xəstə idi). 
     Beləliklə, Müsavat Azərbaycanda bərpa edilənə qədər hər 
iki qurum aşağıdakı heyət tərəfindən idarə olunmuşdur: M. Azər 
Aran (Başqan), Dr. M. Kəngərli (Başqan yardımçısı), Ə. Qaraca 
(Genel Sekretar). 
     Azərbaycan mühacirətinin 1960-80-ci illərdəki fəaliyyətini 
öz istiqamətlərinə və xarakterinə görə bir neçə yerə bölmək olar: 
     - Birinci, beynəlxalq aləmdə SSRİ-dən olan digər mühacir 
təşkilatlarla  müştərək  fəaliyyət,  eyni  zamanda  müstəqil  şəkildə 
konfrans,  müsahibə,  bəyanatlarla  Azərbaycan  problemlərinə 
dünya birliyinin diqqətini cəlb etməyə çalışmaq; 
     - İkinci, Türkiyədə məskunlaşan Azərbaycan mühacirlərini 
Kültür Dərnəyinin ətrafında cəmləşdirmək; 
     -  Üçüncü,  Azərbaycanın  elmi  və  mədəniyyəti  ilə  bağlı 
tədqiqat və təbliğat aparmaq; 
     - Dördüncü, Azərbaycanla 60-cı illərdən başlayaraq yaran-
maqda  olan  yeni  mədəni  əlaqələrin  genişlənməsinə  və  möh-
kəmlənməsinə çalışmaq; 

 
 
192 
     - Beşinci, 1979-cu il İran İslam İnqilabından sonra Türki-
yəyə mühacirət etməyə məcbur olan Cənubi Azərbaycanlı soydaş-
larımızı  Kültür  Dərnəyinin  ətrafında  cəmləşdirmək,  onların 
tapdanan hüquqlarını dünya dövlətlərinə çatdırmaq; 
     Nəhayət, müsavatçılığın, 80-ci illərin sonlarında başlayan 
Azərbaycan  milli  azadlıq  hərəkatının  ideoloji  bazasına  çevril-
məsinə yardım etmək. 
     SSRİ-dən  olan  mühacirlərin  yaratdıqları  çoxsaylı  beynəl-
xalq təşkilatlardan 60-cı illərin əvvəllərində ancaq “Sovetlər Bir-
liyi  Millətlərinin  Qurtuluş  Cəmiyyəti”  (Paris  Bloku)  fəaliyyətini 
dayandırmamışdı. 
     1973-cü il 7 oktyabrda, Münxendə bir növ “Prometey” təş-
kilatının  davamı  olan  “Paris  Bloku”nun  X  konfransı  oldu. 
Konfrans millətlərarası beynəlxalq vəziyyəti və Sovet İttifaqında 
baş  verən  son  hadisələri  dərindən  təhlil  edərək  aşağıdakı  qərara 
gəlmişdi: 
     “1-Son  illərdə  qeyri-rus  Sovet  millətlərinə  qarşı  tədhiş 
(terror-X. İ.) politikasının, təqibatın və ruslaşdırma hərəkətlərinin 
genişləndirilmiş  olduğu  gerçəyi  nəzərə  alan  Konfrans  öyünc  və 
qürurla  onu  qeyd  etməlidir  ki,  bağlı  bulunduğumuz  millətlər  və 
özəlliklə onların cəsur gənclik kütlələri imkan bulduqları çeşidli 
vasitələrlə qurtuluş savaşlarına davam etməkdədirlər. 
     2-Konfrans,  kəskin  bir  lisanla  Sovet  hökumət  məqam-
larının uyğuladıqları zalimanə tədhiş üsullarını, həbsləri, ağır cəza 
tədbirlərini,  məcburi  iş  kamplarına,  ruh  xəstəlikləri  tımarhana-
lərinə (xəstəxanalara-X. İ.) qapatma metodlarını tətbiq etməklə və 
bu  kimi  mücadilə  vasitələrinin  tətbiqinə  qarşı  mədəni  dünya 
müvacəhəsində  (qarşısında-X.  İ.)  protesto  səslərini  yüksəltmək-
dədir. 
     3-Konfrans,  Velikorus  toplumunun  Sovetlər  Birliyi  sınır-
ları  içində  insan  haqlarını  müdafiə  edən  təmsilçilərinə  qarşı 
dayanmağı özünə vəzifə bilməkdədir. 
    4-Konfrans...  Sovetlər  Birliyinin  aldadıcı  “sülh”  politika-
sına qarşı dayanmağı özünə vəzifə bilməkdədir. 

 
 
193 
     5-Moskvanın  bizim  bağlı  olduğumuz  millətlər  adına  söz 
söyləməyə heç bir haqq və yetkisi yoxdur. 
    6-Millətlərimiz  hürr  və  bağımsız  dövlətlərini  qurduqları 
təqdirdə  dünya  ölçüsündə  haqqa  dirənən  gerçəkçi  və  sürəkli  bir 
barış düzəni qurula biləcəkdir” [32, N-208, 1973]. 
     Sənədin sonunda “Paris Bloku”nun proqramındakı “Millət-
lərin bağımsız dövlət həyatının dəyişməz bir prinsip olaraq qaldığı” 
bir daha xatırladılırdı. 
     1981-ci  ilin  18  dekabrında  isə  “Paris  Bloku”nun  MK-sı 
növbəti toplantısını çağıraraq Polşada baş verən faciəli hadisələrlə 
bağlı sərt qərar qəbul etdi. 
     Bu qərarda: 
     -“Paris  Bloku”nun  Polşa  işçiləri  və  Polşa  xalqı  ilə  həm-
rəyliyi; 
     -60 ildən bəri SSRİ millətlərinin, polşalılar kimi öz azadlığı 
uğrunda mübarizə apardığı; 
     -Polşa  Kommunist  Partiyasının  Sov.İKP-nin  iradəsi  ilə 
hərəkət etdiyi göstərilir, dünya birliyindən “Moskva hökumətinə” 
təzyiqlərini  gücləndirməsi  tələb  olunurdu.  Qərarın  sonunda 
deyilirdi:  “Moskva  hökumətinə  yapılacaq  basqı  hərəkətlərinin 
gerçəkləşməsinə imkan mövcud deyilsə, Sovet Sosialist Cümhu-
riyyətləri  Birliyinə  qarşı  tam  bir  ekonomik,  kültürəl,  politik  və 
diplomatik embarqo tətbiq edilməlidir”  [32, N-239, 1982]. 
     Sənədi “Paris Bloku”nun Başqanı M. Livitski, Başqan yar-
dımçısı V. Bortnik, Genel Sekretar Əli Akış imzalamışlar. 
     Ümumiyyətlə,  bu  toplantıda  Bloka  daxil  olan  səkkiz  mü-
hacir  təşkilatından  dördü-Ukrayna,  Belorusiya,  Gürcüstan,  İdil-
Ural (tatar-başqırd) təmsilçiləri iştirak edirdi. 
     Doğrudan da M. Ə. Rəsulzadə, M. B. Məmmədzadə, Ə. V. 
Yurdsevər  və  M.  Əmircan  vəfat  etdikdən  sonra  Azərbaycanın 
“Paris Bloku”ndakı təmsilçiliyi çox zəifləmişdi. 1982-ci ildə Əli 
Akışın  Azərbaycan  Kültür  Dərnəyinə  yazdığı  giley-güzar  dolu 
məktubunda  deyilirdi:  “Maləsəf,  son  üç  ildən  bəri,  yəni  Azəri 
ülküdaşımız  Mehmet  Əmircan  vəfat  etdiyi  gündən  bəri  səkkiz 

 
 
194 
Milli Mərkəzdən yarısı fəaliyyətə qatılırlar. Türküstan, Azərbay-
can,  Krım,  Quzey  Qafqasya  təmsilçiləri  zaman  və  sağlıq  əksik-
liyini  səbəb  olaraq  irəli  sürmək  surətiylə  işdən  qaçırlar.  Bunu 
bilxassə bildirmək istəyirəm” [32, N-239, 1982]. 
     Daha  sonra  məktubda  Əli  Akışın  təklifi  üzrə  Türkiyəyə 
düşmən mövqedə dayandığı üçün ermənilərin “Paris Bloku”ndan 
çıxarıldığından,  eyni  zamanda  müsəlman  təmsilçilərin  Blokla 
əlaqəni  üzməyin məqsədəuyğun olmadığından bəhs edilirdi. Əli 
Akış Azərbaycan mühacirlərinin heç olmasa mənəvi dəstək gös-
tərmələrini,  onu  xristian  təmsilçilər  içərisində  tək  buraxmamağı 
xahiş edirdi. 
     Buna  baxmayaraq,  Azərbaycan  siyasi  mühacirəti,  80-ci 
illərin sonlarına qədər fəaliyyətdə olan “Paris Bloku”nun toplantı-
larına  öz  təmsilçilərini  göndərməmişdi.  70-ci  illərin  sonlarına 
yaxın  Azərbaycan  siyasi  mühacirətinin  fəaliyyətində  yeni  isti-
qamət  özünü  biruzə  verməyə  başlayır.  Belə  ki,  SSRİ-dən  olan 
müsəlman mühacirlər dini amilləri önə çəkərək. Sovet İttifaqının 
60  milyona  yaxın  müsəlmanı  hər  cürə  məhrumiyyətə  məruz 
qoyduğuna İslam dövlətlərinin diqqətini cəlb etməyə çalışırdı. Bu 
vaxtdan  etibarən  mühacirətin  Qərbdən  Şərqə-İslam  dövlətlərinə 
yönəlik siyasətə üstünlük verməsi açıq-aydın hiss olunur. 
     1976-cı ildə Azərbaycan (Ə. V. Yurdsevər), Batı Türküstan 
(prof. Tahir Cağatay), Doğu Türküstan (Yusif Alptəkin), İdil-Ural 
(Kamal Loğman), Quzey Qafqasya (Səid Şamil), Krım (Müstəcəb 
Ülgüsal)  Milli  Mərkəz  Başqanları  İstanbulda  keçirilən  İslam 
dövlətləri  Xarici  İşlər  nazirlərinin  yüksək  Konfransına 
müraciətnamə  göndərdilər.  Müraciətnamədə  xahiş  olunurdu  ki, 
Konfrans  SSRİ  və  Qızıl  Çin  imperiyalarının  əsiri  olan  türk-
müsəlman topluluqlarının düşdükləri ağır vəziyyəti nəzərə alıb: 
     1.  Məsələni  konfransın  gündəliyinə  salaraq  qərar  qəbul 
etsin. 
     2.  Topluluqların  vəziyyəti  ilə  bağlı  BMT-nin  Baş  Qərar-
gahına və Təhlükəsizlik Şurasına məlumat versin. 

 
 
195 
     3.  Məsələ  İslam  dövlətləri  arası  bütün  konfransların 
gündəliyinə salınsın. 
     4.  İslam  dövlətlərinin  informasiya  vasitələri-televiziya, 
radio, mətbuat və s. Rusiya və Çin məhkumu türk-müsəlmanların 
vəziyyəti  ilə  maraqlanaraq,  onların  həyatını  müntəzəm  diqqət 
mərkəzində saxlasınlar və s.[32, N-218, 1976]. 
     Konfransın hər bir səlahiyyətli nümayəndəsinə təqdim olu-
nan bu müraciətin mətni öz işini gördü. SSRİ və Çin daxilindəki 
müsəlmanların vəziyyətinə toxunan Konfransın Baş Katibi Salih 
Əl  Qəzzaz  demişdi:  “Sovetlər  Birliyində  yaşayan  60  milyon 
Müsəlman Türkü rejimin basqısı altında tutulmaqdadır. Bunların 
azadlıqlarına qonan məhdudiyyətlərin qaldırılması sağlanmalıdır” 
[32, N-218, 1976]. 
     1986-cı  ilin  yanvarında  Kasablankada  keçirilən  İslam 
Konfransı Zirvə toplantısına da, M. Azər Aranın təklifi ilə Azər-
baycan Kültür Dərnəyinin adından, Sovet İttifaqı, Çin və İranda 
hüquqları  tapdanan müsəlman-türklərin müstəqilliyə, insan kimi 
yaşama haqlarına malik olduğunu ifadə edən bir teleqram vuruldu. 
     Əvvəlki  müraciətlərindən  fərqli  olaraq  bu  teleqramda 
mühacirlərimiz  təkcə  Şimali  Azərbaycan  adından  danışmır,  25 
milyonluq İran türklərinin də məsələsini beynəlxalq ictimaiyyətin 
nəzərinə çatdırırdı. 
     Əslində Azərbaycan Kültür Dərnəyinin İrana diqqəti 1970-
ci illərin sonlarına doğru güclənməyə başlamışdı. Bu ilk növbədə 
İran  şahının,  hakimiyyətinin  son  illərində  Cənubi  Azərbaycan 
əhalisinə münasibətinin sərtləşməsi, 1979-cu il İslam inqilabından 
sonra formalaşan dini hakimiyyətin isə açıq fars şovinizmi siyasəti 
yürütməsi ilə bağlı idi. 
     1980-ci ilin yanvar ayında İran ordusunun əsgərləri Təbriz 
şəhərində  11  nəfər  azəri  türkünü  edam  edərək  minlərlə  adamı 
həbsxanalara atdı. Buna cavab olaraq din adamlarının çağırışı ilə 
3 milyona yaxın adam mitinqə toplaşıb fars imperializminin törət-
diyi qanlı hadisəyə kəskin etiraz bildirdilər. 

 
 
196 
     Bu  hadisə  Türkiyə  ictimaiyyətini,  eləcə  də  Azərbaycan 
türklərini  bərk  qəzəbləndirmiş,  Azərbaycan  Kültür  Dərnəyinin 
Gənclik  qolu  (Nəcati  Okut)  və  Yönətim  Kurulu  (Səlcuq  Önal) 
rəhbərləri  Türkiyə  prezidenti  Fəxri  Qorutürkə,  Baş  nazir  Süley-
man Dəmirələ, Xarici İşlər naziri Xeyrəddin Ərkmənə, Milliyyətçi 
Hərəkat  Partiyası  Genel  Başqanı  Alparslan  Türkeşə,  dərnək 
adından  fars  hakimiyyətinin  yürütdüyü  siyasəti  pisləyən  teleq-
ramlar göndərmişdi. 
    Qöndərilən teleqramların birində deyilirdi: “Son günlər İran 
Azərbaycanında  Azəri  türklərinə  qarşı  yoğunlaşdırılan  basqı  və 
soyqırımı hərəkəti dünən on bir soydaşımızın suçsuz olaraq edam 
edilməsilə doruq nöqtəsinə çatmışdı. 
     Bu xunxar qətliam qarşısında türklər və islamlıq adına işə 
qarışmanızı  sayğılarımızla  ərz  edirik”  [32,N-233,1980].  İslam 
inqilabının Güney Azərbaycanına gətirdiyi bəlalardan biri də 100 
minlərlə  cənublu  soydaşımızın  ölkəni  tərk  etmək  məcburiyyəti 
qarşısında qalması idi. 1984-cü ilə qədər təkcə Türkiyəyə 350 min 
nəfər İran türkü qaçmışdı. 
     80-ci  illərdə  Cənubi  Azərbaycan  mühacirlərinin  məskun-
laşması,  eyni  zamanda  onların  Kültür  Dərnəyi  ətrafında  toplaş-
ması problemləri Azərbaycan mühacirlərinin qarşısına yeni vəzi-
fələr  qoyurdu.  Cənubi  Azərbaycan  mühacirlərinin  ləng  də  olsa 
siyasiləşməsi,  paralel şəkildə  Şimali Azərbaycanda milli  azadlıq 
hərəkatının  inkişafı  öz  növbəsində  bütöv  Azərbaycan  ideyasını 
yavaş-yavaş siyasi gündəmə gətirirdi. 
     Avropaya  mühacirət  edənlər  də  məskunlaşdığı  ölkələrdə 
cəmiyyətlər,  dərnəklər  yaradaraq  ilk  növbədə,  Şimali  Azərbay-
cana körpü olan Azərbaycan Kültür Dərnəyi ilə əlaqəyə girirdilər. 
Bu  cəmiyyət  və  dərnəklərdən  Madriddə  “Azərbaycan  Dostları” 
(Cəlal  Erkin),  Londonda  “Azərbaycan  Dayaqçıları”  (Mustafa 
Rəsuli),  Avstriyada  “Qafqaz  Dostları”  (Kənan  Gürel),  Stok-
holmda  “Azərbaycan  Mədəniyyət  Mərkəzi”  (Əlirza  Qəzvini), 
Malmödə  “Azərbaycan  Mədəniyyət  Mərkəzi  (Əjdər  Tağızadə), 
Kölndə  “Azərbaycan  Mədəniyyət  Mərkəzi”  (İbrahim  Alov), 

 
 
197 
Almaniyada  Azərbaycan-Almaniya  Kültür  Dərnəyi”  (İbrahim 
Əhrari) və başqalarını göstərmək olar. 
     Böyük əksəriyyəti siyasətdən uzaq olsalar da bu cəmiyyət-
lər Sovet imperiyasının çökməsi və Azərbaycanın müstəqilliyinə 
qovuşma imkanının yaranmasından ruhlanaraq Türkiyə vasitəsilə, 
bir sıra hallarda isə “Vətən” cəmiyyətinin xətti ilə Azərbaycanla 
əlaqə yaratmaq yolları arayır, eyni zamanda Avropa ictimaiyyətini 
Şimali Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ məsələsinin 
həqiqi mənzərəsi ilə tanış edirdilər. 
     SSRİ-Türkiyə  münasibətlərinin  hələ  60-cı  illərdə  nisbi 
rəvanlaşması  ilə  Azərbaycan-Türkiyə  münasibətlərində  də  bir 
canlanma yarandı (əsasən də S. Dəmirəlin Moskva və Türk res-
publikalarına 1968-ci il səfərindən sonra). Münasibətlərin yaxşı-
laşmasına, mədəni əlaqələrin get-gedə artmasına təsir edən başlıca 
amillərdən  biri  Kremlin  tədricən  totalitar  üsul-idarədən  inzi-
batçılığa keçməsi  idi. Digər tərəfdən xarici  ölkələrdə SSRİ-dəki 
mövcud quruluşu dəyişdirməyə qadir olan güclü mühacir birlikləri 
də qalmamışdı. 
     Bu  həqiqəti  Azərbaycan  mühacirləri  özləri  də  etiraf 
edirdilər. Əli  Azərtəkinin 60-cı illərdə söylədiyi  fikir  yuxarıdakı 
mülahizə ilə bağlı aydın mənzərə yaradır: “Gərək hür dünyada və 
gərəksə  Sovetlər Birliyində  mövcud  bu  günkü şərtlər altında bir 
ideya  olaraq  kommunizm  və  bir  rejim  olaraq  Sovetlər  Birliyinə 
qarşı mücadiləçi aktiv təşkilat anlamında, inqilabi Milli Mücadilə 
imkanları olduqca daralmış, hətta ortadan qalxmışdır” [32, N282, 
1991]. 
     Uzun illər Türkiyədə çalışan əski DTK əməkdaşı, jurnalist 
Ə. Hüseynbəyli da “Mühacirlər” əsərində oxşar qənaətə gələrək 
göstərir ki, 70-ci illərdə maddi məhrumiyyətlər içərisində yaşayan, 
ciddi  sosial  dayaqları  olmayan  Azərbaycan  mühacirləri  Sovet 
Azərbaycanı,  bütövlükdə  isə  SSRİ  üçün  dağıdıcı  təhlükə  təşkil 
etmir və rejimi dəyişdirəcək gücə, imkana malik deyildilər. “Biz 
buna  Bakıdakı  rəhbərliyi  inandırmışdıq,  rəhbərlik  də  öz 

 
 
198 
növbəsində  Azərbaycan  KP  MK-nı  əmin  edə  bilmişdi”  [380, 
s.123]. 
     Lakin  yuxarıda  qeyd  etdiyimiz  kimi  Moskva  özü  60-cı 
illərdə  bu  qənaətə  gəlmiş  və  Türkiyə-Azərbaycan  əlaqələrinin 
əvvəlki illərə nisbətən təhlükəsizliyinə tam əmin olduqdan sonra 
sərhəd qapılarını az da olsa cənub qonşusuna açmışdı. 
     Azərbaycan-Türkiyə  əlaqələrinin  genişləndirilməsinə  xü-
susi əhəmiyyət verən mühacirlər də öz növbəsində bu istiqamətdə 
bütün  imkanlardan  istifadə  edir,  Türkiyə  rəsmi  dairələrinə  təsir 
göstərməyə  çalışırdılar.  Hansı  missiya  ilə  gəlməsindən  asılı 
olmayaraq  Kültür  Dərnəyi  Türkiyəni  ziyarət  edən  azərbaycan-
lılarla  Türkiyə  ictimaiyyəti,  eləcə  də  mühacirlər  arasında  əsas 
əlaqəçiyə çevrilməyə başlamışdı. 
     Azərbaycan  tərəfdən  isə  elm  və  mədəniyyət  adamları, 
ələlxüsus  da  məşhur  bəstəçi  Niyazi,  görkəmli  alim  Abbas 
Zamanov  belə  əlaqələrin  qurulmasında  mühüm  rol  oynayırdı. 
Niyazi  və  Abbas  Zamanov  Azərbaycanın  tərəqqipərvər  ziyalıla-
rına  Türkiyədəki  mühacirlərimiz,  onların  zaman-zaman  apar-
dıqları  mübarizə,  keçdikləri  tarixi  yol  barədə  ilkin  məlumatlar 
çatdırır, eyni zamanda Azərbaycanla Türkiyə arasındakı əlaqələ-
rin daha da genişlənməsinə çalışırdı. 
     80-ci  illərin  axırlarına  doğru  SSRİ-nin  tədricən  çökməsi, 
sərhədlərin laxlaması ilə Azərbaycan-Türkiyə əlaqələri daha geniş 
miqyas almağa başladı. 
     Bu dövrdə Azərbaycan mühacirləri əsasən iki istiqamətdə 
iş  aparırdılar:  birinci,  erməni  qəsbkarlarının  Qafqazda  türklərə 
qarşı  başladıqları  soyqırımı  və  Azərbaycan  torpaqları  ilə  bağlı 
reallaşdırmaq  istədikləri  qəsbkarlıq  planlarını  dünya  ictimaiy-
yətinə çatdırmaq, ikinci, müsavatçılığın Azərbaycan milli azadlıq 
hərəkatının  ideoloji bazasına çevrilməsi,  bu ideologiyanın  Azər-
baycanda  kütləviləşməsi,  siyasi  təfəkkürdə  möhkəm  bərqərar 
olması uğrunda mübarizə. 1988-ci ildə Azərbaycan Milli Mərkəzi, 
rəsmi  Moskva  tərəfindən  dəstəklənən  erməni  separatçılarının 
Dağlıq  Qarabağı  Azərbaycandan  qoparmaq  üçün  başladıqları 

 
 
199 
hərəkatı  pisləmək,  erməni  siyasətinin  mahiyyətini  dünya 
ictimaiyyətinə açıqlamaq məqsədilə iki mətbuat konfransı verdi. 
Bu  konfranslarda  Qarabağ  məsələsinin  tarixi  köklərini,  rusların 
Qafqazda ermənilərə arxa durmalarının səbəblərini şərh edən M. 
A. Aran, M. Kəngərli, Ə. Qaraça, eyni zamanda erməni-rus infor-
masiya  vasitələrinin  dünya  ictimaiyyətini  aldatdığını,  Azərbay-
canın isə informasiya blokadasına alındığını göstərdilər. 
     Bu mövzuda Milli Mərkəz Ölkələrarası Mətbuat və İnfor-
masiya  İnstitutuna  da  aşağıdakı  məzmunda  müraciətnamə  gön-
dərmişdi:  “Ermənilərin  səbəb  olduqları  son  olaylarda  doğru  və 
obyektiv xəbərçilikdən uzaqlaşaraq, ermənilərin tərəfini tutan bir 
yol  izləndiyini  görməkdəyiz.  Olayların  gəlişmə  seyri  içində 
gerçəkləri əks etdirməyən, obyektivlikdən uzaq yüzə yaxın xəbər 
və xəbər içində yozum təsbit etmişik” [32, N-282, 1991]. 
     Bunlardan əlavə Milli Mərkəz, İslam Ölkələri Xarici İşlər 
Nazirləri  Konfransına,  Avropanın  müxtəlif  ölkələrində  fəaliy-
yətdə olan dərnək və cəmiyyətlər isə dünya təşkilatlarına, dövlət-
lərə, eləcə də ayrı-ayrı ölkə rəhbərlərinə, siyasi xadimlərə çoxsaylı 
müraciətlər  göndərmiş,  ermənilərin  Qarabağda  və  Ermənistanda 
törətdikləri  cinayətlərlə  bağlı  kəskin  etiraz  bəyanatları  ilə  çıxış 
etmişdir.  Mühacirlər  müsavatçılığın  Azərbaycan  Milli  Azadlıq 
Hərəkatı  ilə  sıx  qovuşması  üçün,  bütün  imkanlardan  istifadə 
edərək Azərbaycanla əlaqələri gücləndirməyə can atırdılar. Milli 
Mərkəz və  Müsavat  Partiyası  bu qənaətdə  idi ki,  “Xalq  Cəbhəsi 
yönəticilərinin Müsavat Partiyasından və onun təcrübəli orqanları 
olan  Milli  Mərkəz  və  Kültür  Dərnəyindən  görüş  almadan, 
təcrübələrdən  istifadə  etmədən  bir  hərəkətə  girişmələri,  Milli 
Mücadiləmizi  sarsımamıza,  düşmənin  ağır  təzyiqinin  üstümüzə 
çökməsinə  yol  aça  bilər.  Tarixi  gerçəklikləri  çox  yaxşı 
dəyərləndirmək lazımdır” [32, N-270, 1989]. 
     1991-ci ildə “Azərbaycan mühacirət ədəbiyyatı-(XX əsr)” 
beynəlxalq  elmi  simpoziumuna  gələn  Kültür  Dərnəyinin  genel 
Sekretarı  Əhməd  Qaraca  AXC  rəhbərliyi  ilə  danışıqlar  apararaq 
Müsavatın Azərbaycana qayıtmasının vaxtı çatdığını bildirmişdi. 

 
 
200 
Bu  danışıqların  yekunu  kimi  Müsavat  Partiyası  Divanının  10 
oktyabr  1991-ci  il  tarixli  iclasında  71  illik  fasiləsiz  mühacirət 
mübarizəsindən sonra, yaranmasının 80-ci ildönümündə Müsava-
tın  vətən  Azərbaycanda  yenidən  siyasi  fəaliyyətə  başlamasına 
qərar verildi [97]. Mövcud qərar əsasında 1992-ci ildə Bakıda Mü-
savatın  32  nəfərdən  ibarət  Bərpa  Mərkəzi  yaradıldı  və  Müsavat 
partiyası rəsmən bərpa edilib leqal fəaliyyətə başladı. 
     Azərbaycan  Milli  Mərkəzi  və  Kültür  Dərnəyi  isə  hələ  də 
Türkiyədə fəaliyyətdədir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. 4. Mühacirətin ideoloji-siyasi və ədəbi-tarixi irsi 
 

 
 
201 
     Azərbaycan  mühacirlərinin  zəngin  mirası  istər  geniş, 
istərsə də, konkret mənada ayrı-ayrı sahələr üzrə (ideoloji-siyasi, 
tarix, ədəbiyyat, incəsənət, mətbuat və s.) hərtərəfli tədqiqat tələb 

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin