Müstəqil iş üçün sual və tapşırıqlar:
1.Təlimin mahiyyəti.
2.Mədəniyyət müəssisələrində mövcud olan təlim məşqələlərinə verilən
tələblər.
3.Mədəniyyət və incəsənət müəssisələrindəki təlim məşqələlərinin
spesifik xüsusiyyətləri.
TƏLİM PRİNSİPLƏRİ
Ümumiyyətlə prinsip insanların hər hansı istənilən fəaliyyət prosesində istinad etdiyi, rəhbər tutduğu
qaydalar sistemidir. Təlim prinsipləri öyrədənin (müəllim, təlimatçı, usta və s.) öyrətmə prosesində,
biliklərə yiyələnmə prosesində əsaslandığı qaydalar, qanunlar sistemidir. Təlim prinsipləri təlimin bütün
mərhələlərində, öyrətmənin yerindən, yaşından asılı olmayaraq bütün mərhələlərində ən ümumi cəhətlərini
əhatə edir. Təlimin məqsədlərinin səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təlim prinsipləri təlim
məqsədlərindən asılı olaraq dəyişir.
Öyrətmə təcrübəsi, müəllim və öyrətmə ilə məşqul olan digər şəxslərin təcrübəsi, ümumiləşdirilmiş
qənaətləri və s. təlim prinsiplərinin mənbəyidir. Bura həmçinin klassik pedaqoqların təlim haqqındakı
nəzəri fikirləri də daxildir. Pedaqoqika tarixində təlim prinsipləri müxtəlif mənbələrə istinad edilərək
müəyyən edilmişdir. Məsələn Y.A.Komenski təlim prinsiplərini təbiətəvarilik əsasında müəyyən etmişdir.
Təlim prinsipləri haqqındakı mövcud nəzəri və təcrübi fikirləri ümumiləşdirərək aşağıdakı şəkildə
təsnif etmək olar:
1.Təlimin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi.
2.Təlimin mövcud əxlaq normalarına uyğun tərbiyələndirməsi.
3.Müvafiqlik.
4.Fərdi yanaşma.
5.Əyanilik.
6.Şüurluluq və fəallılıq.
7.Sistematiklik və ardıcıllıq.
8.Biliklərin möhkəmləndirilməsi.
Təlimin həyatla quruculuq işi ilə əlaqələndirilməsi.
Bu prinsip bütün formasiyalar və dövrlər üçün aktual olan əsas prinsipdir. Çünki bu, bilavasitə
cəmiyyətin pedoqoji proses qarşısında qoyduğu məqsəddən, formalaşdırmalı şəxsiyyət modelindan çıxış
edir. Yəni təlim işi bilavasitə həyatın tələbləri ilə əlaqələndirilməli, həyatla bağlanılmalıdır. Orta
ümumtəhsil məktəblərində tədris edilən hər bir elmin həyati əhəmiyyəti şüurlu sürətdə dərk etdirilməlidir.
Mədəniyyət müəssisələri və digər (ixtisas artırma, təkmilləşdirmə və s.) müəssisələrdə tədris edilən
elmlər isə bilavasitə həyatın tələblərindən irəli gəldiyi üçün qürücülüqla, həyatla bağlı olur. Digər tərəfdən
mədəniyyət və incəsənət müəssisələrində aparılan tədbirlər, dərnəklərdəki yaradıcılıq işləri, ümumiyyətlə
bütün yaradıcılıq fəaliyyəti cəmiyyətin aktual problemləri əsasında tədris edilir və bilavasitə quruculuq
işləri ilə əlaqələndirilir.
Təlimin tərbiyələndirməsi.
Bu prinsip pedaqoji qanunauyğunluqlardan biridir. Beləki öyrənənlər təlim prosesində biliklərə
yiyələnməklə yanaşı həm də tərbiyə olunurlar. Təlim materiallarının məzmunu elə qurulur, tərtib edilir ki,
o, həm də mövcud əxlaq normaları baxımından tərbiyə edir. Təlim öz məzmunu ilə yanaşı təşkili formaları,
səmərəli üsul və vasitələri ilə öyrənənlərin əxlaqına, dünyagörüşünə, onlarda psixi proseslərin inkişafına
təsir göstərir. Yəni təlim prosesi tərbiyələndirmə vasitəsinə çevrilir.
Demokratik təlim sistemində təlim ilk növbədə öz məzmunu ilə tərbiyələndirir. Beləki dəqiq elmlərə
aid fənlərin tədrisi zamanı təbiət hadisələri obyektiv qanunlar əsasında aparılır. Təbii hadisələr arasındakı
əlaqələr obyektiv inkişaf qanunauyğunluqlar əsasında izah edilir. Dərk olunmuş obyektiv
qanunauyğunluqlar isə materialist dünyagörüşün əsasını qoyur, hər kəsə təbiət və cəmiyyət hadisələrinə
obyektiv və şüurlu yanaşma imkanı verir.
Humanitar fənlərin tədrisi vasitəsilə isə böyüyən nəsldə müxtəlif əxlaqi keyfiyyətlər formalaşdırılır.
Məsələn tarix dərslərində uşaq, yeniyetmə və gənclər tarixi keçmişi ilə tanış olur, yadellilərə və ölkənin
müstəqilliyi uğrunda vuruşaraq canından keçən qəhramanlarla, şəhidlərlə və onların döyüş yolu ilə tanış
olur. Bu isə tərbiyə olunanlarda milli vətənpərvərlik tərbiyə edir.
Coğrafiya dərslərində ölkənin təbii coğrafi şəraiti, iqlimi, təbii gözəllikləri, sərvətləri ilə tanışlıq
onlarda milli qürur və iftixar hissi tərbiyə edir.
Mədəniyyət müəssisələrində aparılan təlim işlərinin məzmunu da insanlarda zəruri əxlaqi
keyfiyyətlərin formalaşdırılmasına imkan verməlidir. Hər bir mədəniyyət və incəsənət işçisi öz işinin
məzmunu ilə tərbiyə etməlidir. Daha doğrusu hər bir yaradıcı əsər öz məzmunu ilə insanlarda cəmiyyətin
vacib saydığı əxlaqi keyfiyyətləri aşılamalıdır. Məsələn, rəssamın rəsm əsərləri insanlarda gözəllik
duyğuları yaratmalı, gözəlliyi sevdirməli, onlarda gözəlliyi qorumaq, qayğısına qalmaq hissləri, ətraf
mühiti daha da gözəlləşdirmə meyl və təşəbbüsləri yaratmalıdır.
Müvafiqlik və ya gücəuyğunluq prinsipi.
Bu prinsip təlimi öyrənənlərin inkişaf səviyyəsinə – psixoloji, fizioloji və intellektual – uyğun
şəkildə qurmağı tələb edir. İnsanların inkişaf səviyyələri qarşılıqlı əlaqə və vəhdətdə gedir. Yəni yaş
artdıqca uşaqlar həm fiziki cəhətdən inkişaf edirdə, həm psixoloji prosesləri, ona görə anlama səviyyə artır.
Digər tərəfdən təlim prosesində getdikcə mürəkkəbləşən biliklərə yiyələnirlər, yəni intellektual imkanları da
artır tədris ediləcək elmi məlumatlar, və vasitələri müəyyən edilir.
Gücə müvafiqlik həmçinin asılanacaq bacarıq və vərdişlərdə də nəzərə alınır. Bu təlimin
səmərəliyini təmin edən mühüm prinsiplərdən biridir.
Təlim materiallarının seçilməsi ilə bərabər səmərəli mənimsədilməsin təmin edən üsullar, onların
məzmunu da mürəkkəbləşir. Müxtəlif yaş səviyyələrində mənimsəməyə münasibət, maraq da müxtəlifdir.
Əgər orta ümum təhsil məktəblərində mənimsəmə, biliklərə yiyələnmə, yiyələnmiş biliklərə müvafiq
bajarıqlara, vərdişlərə yiyələnmə məcburidirsə sonrakı mərhələdə bu könüllü xarakter alır. Beləki peşə
seçmə insanların müstəqil şəkildə biliklərə yiyələnməsi, yaradıcılıq işləri, təkmilləşmə prosesləri buna misal
ola bilər. Bu mədəniyyət müəssisələrində mövcud olan marağa görə təlim işlərinə də aiddir. Mədəniyyət
müəssisələrində təşkil edilən müxtəlif növ məşğələlərdə mənimsəmə səviyyəsini yüksəltmək üçün
öyrənənlərin gücünə müvafiq, intellektual tələblərinə və səviyyəsinə uyğun maraqlı təlim materialları və
səmərəli təlim üsulları seçilməlidir. Bu üsullar öyrənənlərin yaş səviyyələrinə uyğun olaraq onların
inkişafını düzgün istiqamətləndirməli onu öz arxasınca aparmalıdır. Öyrənənlərin marağlandığı təlim
məşğələlərini daha səmərəli, inkişaf etdiriji, qurmaq təlim materialının məzmununa, həmçinin
öyrənənlərin intelektual səviyyəsinə müvafiq üsullar seçilməsindən də çox asılıdır. Müvafiqlik prinsipi
müxtəlif yaş səviyyələrində aşağıdakı qaydalarda ifadə olunmuşdur: məlumdan məchula: asandan çətinə;
sadədən mürəkkəbə; ümumidən xüsusiyyə.
Fərdi yanaşma.
Təlim prosesində gücəmüvafiqliklə bərabər fərdi yanaşma da böyük əhəmiyyət kəsb edir. Mənimsəmə
səviyyəsini yüksəltmək ayrı-ayrı yaş dövrlərində - siniflər, kurslar, dərnəklər və sairdə-öyrənənlərin, təlim
alanların ümumi inkişaf və yaş xüsusiyyətləri ilə yanaşı fərdi xüsusiyyətlərini də nəzərə almağı tələb edir.
Eyni yaş dövründə insanların ümumi cəhətləri ilə yanaşı fərdi – xüsusi cəhətləri də mövcuddir. Belə ki, eyni
yaşlı insanlar müxtəlif fiziki inkişaf, psixi xüsusiyyətlərə malikdir.
Təlim prosesində məhz fərdi xüsusiyyətlər nəzərə alınmalı, hər kəsə bu fərdi imkanlara uyğun olaraq
yanaşılmalıdır. Məsələn eyni sinifdə oxuyan eyni yaşlı uşaqlardan bəzilərinin görmə hafizəsi, birinin nəzəri
hafizəsi və s. qüvvətlidir; birinin təfəkkürü güclüdür, tez düşünür, nətijə çıxarır, digəri nisbətən ləng
fikirləşir; biri problemdən qorxur, digəri həll etməyə problem axtarır və s. Təlim prosesində bu
xüsusiyyətlər nəzərə alınmazsa təlim müvəffəqiyyətinə də nail oluna bilinməz.
Bu cəhətlərin nəzərə alınmasında əsas məqsəd zəif cəhətləri aradan qaldırmaq, qüvvətli tərəfləri daha
da inkişaf etdirərək təlim səviyyəsini yüksəltməkdən ibarətdir. Fərdi yanaşma müxtəlif səviyyəli
öyrənənlərin hamısı üçün zəruridir. İnsan inkişaf edib dəyişdikjə ondakı fərdi xüsusiyyətlər də, onların
səviyyəsi də dəyişir.
Fərdi yanaşma prinsipindən mədəniyyət müəssisələri, istehsal müəssisələri, incəsənət və digər
müəssisələrdə təşkil edilən təlim məşğələlərində də istifadə edilir. Məsələn, müxtəlif yaşlılar üçün təşkil
edilmiş rəqs dərnəkləri, musiqi dərsləri, xarici dil dərnəkləri, biçmə-tikmə və s. kimi məşğələləri gostərmək
olar. Bu dərnəklər müxtəlif yaş və intellektual səviyyəli insanlar üçün təşkil edilir. Bunlar sırf təlim işləridir.
Ona görə də həmin məşğələlərdə təlimin digər prinsipləri kimi yaşauyğunluluq prinsipi də tətbiq edilir.
Əyanilik prinsipi.
Bu prinsip dərk etməni real əyşa və ya hadisələr, faktlar üzərində qurmağa deyilir.
Məşhur çex pedoqoqu Y.A.Komenski əyaniliyə yüksək qiymət verərək onu müəllimlər üçün «qızıl
qayda» adlandırılmışdır. Qeyd etmişdir ki, mənimsəmə prosesində nə qədər çox hiss üzvləri iştirak edərsə
qavrama bir o qədər səmərəli olar.
Mənimsənilən materialın konkret əşya və hadisələr üzərində qurulması, onun haqqındakı məlumatı
dəqiqləşdirir, daha da aydın və dürüst dərk etmə imkanı yaradır. Əşya haqqında (məlum olmayan) şifahi
sözlə məlumat əvəzinə özünün təqdim olunması mənimsəmədə eyni zaman da bir neçə hiss üzvünün
iştirakını təmin etdiyi üçün, əşya aydın mənimsənilməklə yanaşı uzun müddət yadda qalır, hafizədə özünə
daha möhkəm yer edir. Bu həmçinin materialın şüurlu mənimsənilməsinə də imkan yaradır. Hər kəsə
öyrəndiyini görmə, toxunma, üzərində iş aparma imkanı verilir.
Əyanilik təlimin bütün sahələrində,bütün mərhələlərində aktualdır. Bu əsasən əşya və ya hadisə
haqqında ilk tanışlıq zamanı müsbət nəticə verir. Təhsil müəssisələrində bu əvvəlcədən düşünülmüş xüsusi
sistem əsasında aparılır.
Mədəniyyət və incəsənət müəssisələrində aparılan təlim tipli məşğələlərdə də bu xüsusilə nəzərə
alınmalıdır. Məsələn musiqi, dərnəklərində musiqi alətini tutma, ifanın xüsusi elementləri müəllim
tərəfindən göstərilməklə yanaşı xüsusi şəkillər vasitəsilə də çatdırılmalıdır. Rəqs dərnəklərində rəqsin
özünü, ifa tərzlərini əks etdirən şəkil və plakatlardan istifadə edilməlidir.
Yallılar və gənclər üçün texniki və digər yaradıcılıq dərnəklərində isə vəziyyət başqadır. Beləki, bu
dərnəklərdə irəli sürülən hər bir «yeni» mütləq köhnənin üzərində onun yenidən təhlili və tərkibi üzərində
qurulur. Burada da əyani şeylərlə yanaşı onun şəkli, sxemi, maketi üzərində də işləmək olar.
Deməli əyanilik təlimin bütün səviyyələrində biliyin asan mənimsənilməsini, əşya və hadisələr
haqqında düzgün təsəvvürlər yaranmasını, nitq və təfəkkür inkişafını, biliklərin uzun müddət hafizədə
qalmasını, dərsin maraqlılığını öyrənənlərin fəallığını və s. təmin edir. Bu prinsip öyrənənlərin yaş,
intelektual, ümumiyyətlə inkişaf səviyyələrinə uyğun şəkildə tətbiq edilməlidir.
Şüurluluq və fəallıq prinsipləri.
Yeni materialı dəlil və sübutlarla, isbatlarla öyrənməyə fəal surətdə bilik əldə etmə, biliklərini tətbiq
etməyə şüurluluq və fəallıq deyilir. Bu prinsipi pedaqoqika tarixində inqilabi bir prinsip adlandırmaq olar.
Beləki, uzun müddət mənimsəmədə doqmatik prinsip hökm sürmüşdür. Şüurluluq və fəallıq prinsipi də
məhz bu prinsipə qarşı qoyulmuşdur. Şüurluluq prinsipi əsasında öyrənənlərin təfəkkürünə tez-tez tələblər
verilir, onlar düşünərək məntiqi nəticələr çıxarılmağa məcbur edilirlər. Bu isə onlara öyrəndikləri bilikləri
istənilən zaman sübut edə bilmə imkanı verir. Materialın mənimsənilməsi zamanı öyrənənlərin təhlillərə,
müqayisələrə, səbəb və nəticə əlaqələrinin araşdırılmasına cəlb edilməsi onların mənimsəməyə şüurlu
münasibətilə yanaşı fəallığını da artırır. Təlim prosesində, ümumiyyətlə öyrənmə prosesində şüurluluq və
fəallığı təmin etmək üçün öyrəniləçək hər material qarşıya problem şəklində qoyulmalı və öyrənənlər
onun həllinə cəlb edilməlidir. Bu zaman öyrənənlər yeninin bütün mümkün əlaqələrini axtarır, müqayisələr
edir yeni–yeni əqli nəticələr çıxarmağa çalışırlar.
Mədəniyyət müəssisələrindəki təlim işlərində də öyrətmə məhz bu prinsip əsasında aparılır. Marağa
görə təşkil edilmiş dərnəklərdə bu xüsusilə qabarıq şəkildə üzə çıxır. Çünki bu dərnəklər özləri
problemlilik, axtarıcılıq tələbləri əsasında qurulmuşdur. Burada şüurluluq fəallıqla müstəqillik axtarıcılıqla
daha qabarıq şəkildə birləşir. Deməli təlimdə şüurluluq və fəallıq həm də təlimin müxtəlif səviyyə və
formalarında öyrənənlərin həmdə müstəqilliyini inkişaf etdirir, onlarda hadisə və faktlara sərbəst yanaşma
bacarığı formalaşdırır. Bu cür mənimsənilmiş biliklər inamlı olur, hafizədə möhkəm qalır, düzgün
dünyagörüşün əsasını qoyur.
Şüurlu sürətdə mənimsənilmiş bilikləri istənilən zaman, lazım gəldikdə tətbiq etmək də asan olur. Bu
isə əvvəlcə müxtəlif təlim çalışmalarında həyata keçirilir, öyrənmənin müxtəlif səviyyələrində
genişləndirilir. Buna isə mədəniyyət müəssisələrində marağa görə məşğələlərdə daha geniş imkan vardır.
Beləki hər hansı yaradıcılıq işində (dərnəklərdə) yeni, məhz əvvəlki, insanların təlim prosesində
mənimsədikləri bilikləri üzərində qurulur. Daha doğrusu təlim prosesində biliklər tətbiq edilərək onun yeni
cəhətləri axtarılır, araşdırılır.
Şüurlu mənimsənilmiş biliklər həmçinin öyrənənlərin nitqini inkişaf və tərbiyə edir. Hər kəs
öyrəndiyi məlumatı şifahi və ya yazılı şəkildə şərh etmək üçün söz axtarır, cümlə qurur, fikrini məntiqi və
ardıcıl şəkildə tfadə etməyə çalışır. Bu isə öyrənənlərin nitqini və məntiqi təfəkkürünü inkişaf etdirir.
Şüurluluq həmçinin öyrənənlərin nəzəri və əməli, fəallığının da artırılması deməkdir. Biliklərin şüurlu
mənimsənilməsi nəzəri öyrənənlərin nəzəri səviyyəsini artırır, onların biliklərini tətbiq edə bilməsi, müxtəlif
şəkildə sınaqdan keçirməsi, hər kəsin öz həyat və fəaliyyətində ondan istifadə etməsi isə əməli fəallığını
təmin edir. Bu prinsip təlimin müvəffəqiyyətini təmin edən əsas prinsiplərdən biridir.
Sistematiklik və ardıcıllıq.
Bu prinsip elmlərin əsaslarına yiyələnən zaman elmin sistemini mühafizə etmək, bilik, bacarıq və
vərdişləri aşılayarkən müəyyən ardıcılığa riayət etmədir. Bu prinsipə riayət etmədən sistemli elmlərə
yiyələnmə də mümkün deyil. Elmlərin özlərinin sistemi də bunu tələb edir. Müxtəlif sniflərdə tədris edilən
fən aid olduğu, ifadə etdiyi elmin sistemi əsasında qurulur. Həmçinin proqramlar, dərs yükü, da məhz
elmin sistemi əsasında qurulur. Digər tərəfdən təbiət və cəmiyyət hadisələri bir–birilə qarşılıqlı əlaqədə
olduğu kimi onları əks etdirən elmlər də bir-birilə qarşılıqlı əlaqədədir. Bu bir-birilə əlaqədar elmlər də
müəyyən sistem əsasında öyrədilməlidir. Mənimsənilmiş biliklər də müəyyən sistemlə bacarıq və vərdişlərə
çevrilməlidir.
Biliklərin möhkəmləndirilməsi.
Təlimin müvəffəqiyyətini təmin edən əsas və mühüm prinsiplərdən biri də biliklərin
möhkəmləndirilməsidir. Y.A.Komenski biliyin möhkəmləndirilməsi qayğısına qalmayan müəllimin işini
xəlbirlə su daşımağa bənzədirdi. Hər bir sonrakı bilik özündən əvvəlkinin davamı olmaqla ona əsaslanır,
ona görə də hafizədə möhkəmləndirilməyən biliyin heç bir əhəmiyyəti olmur, onun öyrənilməsinə sərf
olmuş zaman da hədər gedir.
Uşinski biliklərin möhkəmləndirilməsi qayğısına qalmayan müəllimin işini yükünü arabaya pis
bağlamış arabaçının işi ilə müqayisə edir, ona bənzəyir.
Birliklərin şüurlu, problemli situasiya şəraitində mənimsənilməsi onların hayizədə uzun müddət
qalmasına imkan yaradır.
Öyrənilmiş məlumatların tətbiqi də biliklərin möhkəmləndirilməsi şərtlərindən biridir. Hər bir
müəllim, təlimatçı, dərnək rəhbəri öyrətdiyi məlumatların yadda qalması qaydasına qalmalı, bunun üçün
bütün vasitələrdən istifadə etməlidir. Belə səmərəli vasitələrdən biri təkrarlardır. Öyrənilmiş material
dəfələrlə təkrar etdirildikcə hafizədə özünə daha möhkəm yer edir. Təkrarlar rüblük və illik olmaqla üç yerə
ayrılır. Cari təkrarlar hər dərsdə müəyyən biliklərin yada salınmasıdır.
Rüblük və illik təkrarlar hər rübün və dərs illiyin sonunda aparılan yoxlama təkrarlarıdır. Problemi
təlim zamanı yeni öyrənilənin məlum əlaqələri təkrar müsahibələr vasitəsilə üzə çıxarılır. Burada təkrar
müsahibələr müəyyən mənada, yaradıcı müsahibə kimi çıxış edir.
Müstəqil iş üçün sual və tapşırıqlar:
1. Təlim prinsiplərinin mahiyyətini təhlil edin.
2. Mədəniyyət müəssisələrində təlim prinsiplərinin tətbiqi.
3. Təlim prinsipləri haqqında nəzəriyələr.
TƏLİM ÜSULLARI
Məqsədə müvəffəqiyyətlə nail olmağın əsas və başlıca şərti fəaliyyət üsullarının düzgün
seçilməsidir. Fəaliyyətin bütün sahələrinin müvəffəqiyyəti məhz bundan asılıdır. Bu təlim fəaliyyətinə də
aiddir. Beləki öyrətmə, bilik, bacarıq və vərdişlərə səmərəli şəkildə yiyələndirmə əlverişli, səmərəli təlim
üsulu seçməkdən çox asılıdır. Öyrənənlər də, ümumiyyətlə insanlarda biliksizlikdən biliyə doğru irəlliləmə
obyektiv aləm hadisələri haqqında dərin elmi məlumatlara yiyələnmə, yaradıcılıq qabiliyyətlərinin
inkişafı, müstəqil işləmə bacarığı, başqaları ilə birgə çalışma qabiliyyətləri məhz düzgün seçilmiş təlim
üsulları vasitəsilə həyata keçirilir.
Təlim üsulları təlim məqsədlərini həyata keçirmək və təlim fəaliyyətini səmərəli təşkil etmək üçün
öyrədənlərin istifadə etdikləri yollardır. Müxtəlif dövrlərdə alimlər təlim üsullarını müxtəlif şəkildə
təsnif etmişlər. Pedaqoqlar bu təsnifatda müxtəlif mənbələrə istinad etmişlər. Məsələn M.Muradxanov
XX əsrin 60-cı illərində təlim üsullarını bilik mənbələrinə görə aşağıdakı şəkildə təsnif etmişdir:
1.
Şifahi və müsahibə, metodları.
2.
İllüstrasiyə və demonstrasiya, metodları.
3.
Labalator məşğələləri, praktik məşğələlər və çalışmalar.
4.
Kitab üzərində iş.
80-cı illərdə B. Əhmədov təlim üsullarını istifadə olunan vasitələr baxımından təsnif etmişdir: sözlü,
əyani, təcrübi metodlar olmaqla üç qrupa ayırmışdır.
90-cı illərdə N.Kazımov təlim üsullarını təlim mərhələlərinə görə müəyyənləşdirmişdir və təlim
üsullarını aşağıdakı şəkildə qruplaşdırmışdır.
1.Yeni tədris materiallarının, əsasən, qavranılmasına xidmət edən üsullar.
2.Bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət edən üsullar.
3.Bilik, bacarıq və vərdişlərin, əsasən, tətbiqinə xidmət edən üsullar.
4.Təlimdə müvəffəqiyyətə nəzarət edən üsullar.
Rus və digər ölkələrin pedaqoqları da təlim üsullarını müxtəlif konsepsiyalardan təsnif etmişlər. Bu
dərslikdə işə təlim üsulları tətbiqi sahəsi baxımından təsnif edilir. Yəni təlim üsullarının sırf təlim
müəssisələrində deyil, müəyyən mənada, pedaqoji gerçəklikdə tətbiqi baxımından təsnif ediləcək. Təlim –
tərbiyə müəssisələrində tətbiq edilən təlim üsullarının müxtəlif qeyri-təhsil müəssisələrindəki təlim
xarakterli işlərdə, fəaliyyət sahələrində tətbiqi baxımından yanaşılacaq. Bu fəaliyyət sahələrinə
mədəniyyət müəssisələrindəki təlim öyrətmə dərnəklərini, islah –əmək koloniyalarındakı dərnək tipli
təlim işlərini, istehsal müəssisələrindəki ustanın-şagirdi təlimi etməsi öyrətməsi və s. bu kimi
məşğələlərdə istifadə edilən təlim üsulları və tərzləri təhlil ediləcək. Bu məşğələlərdə təlimin bütün
üsulları tətbiq edilir. Həmin üsullar məşğələnin məzmunundan və məqsədindən asılı olaraq üsul və ya
tərz kimi çıxış edir. Tərz əsas öyrətmə üsulunda göməkçi kimi çıxış edən xırda epizodik yollardır.
Məqsəddən asılı olaraq bunlar rollarını dəyişdirirlər. Məsələn mühazirə metodunda əyani vəsaitlərdən
istifadə əyanilik tərzi kimi çıxış edir. İllistrasiya, demonstrasiya, əşya dərsləri zamanı isə əyanilik üsul, izah
ilə tərz kimi çıxış edir. Təlim üsullarının təsnifi və qruplaşmasında biz üsulları təlimin məqsədi, simvol və
motivləri, şüurluluğu, problemliliyi, nəzarət və özünə nəzarətə əsaslanması baxımından götürəcəyik. Bu
nöqteyi-nəzərdən təlim üsullarını aşağıdakı şəkildə təsnif etmək olar: Yeni biliyin öyrədilməsinə xidmət
edən sözlü üsullar; Yeni biliyin öyrədilməsi prosesində mustəqil fəaliyyət elementləri üstünlük təşkil edən
və bilik, bacarıq, vərdişlərin yaradılmasına xidmət edən üsullar (ekskursiyalar, labarator məşğələlər, kitab
üzərində müstəqil iş, oyunlar, məsələlər və s.); Müstəqil işlər; Problemli təlim, proqramlaşdırma üsulları;
Nəzarət və özünənəzarət metodları.
Yeni biliyin öyrədilməsinə xidmət edən sözlü metodlar.
Bu metodlar ənənəvi pedaqoqikada şərh üsulları kimi, gedir. Lakin burada şərhin bütün növləri deyil,
ancaq yeni biliyin öyrədilməsində daha çox rolu olan metodlardan bəhs ediləcəkdir: izah, nəql, mühazirə,
müsahibə.
İzah təlimin ən geniş yayılmış usuludur. Bu öyrəniləcək yeni materialı şifahi söz vasitəsilə dəlillərlə
isbat etməkdir. İzah vasitəsilə öyrənənlər yeni fakt və ya hadisənin, elmi təlimatın səbəb və nəticə
əlaqələrini dərk edir, mənimsəyir. Bu zaman həm də yeni dərk olunan material əvvəl dərk olunmuşlarla
əlaqələndirilir, beləliklə də yeni öyrənilən məlum biliklər sisteminə daxil edilir. Məlum biliklərə istinad
edilərək öyrənilənin yeni cəhətləri aşkar edilir. Bu əlaqə mədəniyyət müəssisələrindəki texniki-yaradıcılıq
dərnəklərində daha qabarıq nəzərə çarpır. Problemli izah vasitəsilə «kəşf» edilmiş elmi məlumatları
insanlar daha yaxşı dərk edirlər. Belə dərk olunmuş elmi məlumatlar onların malına çevrilir. Öyrətmə
zamanı, daha döğrusu izah zamanı müxtəlif vasitələrdən də istifadə etmək olar. Yəni öyrədən öz fikirini
daha aydın izah etmək üçün müxtəlif əyani vasitələrdən, illüstrativ və demonstrativ vasitələrdən istifadə
edə bilər. İzah zamanı həmçinin öyrətmənin səmərəliyini təmin edən induktiv və dediktiv təlim
formalarından da istifadə edilir. İndiktiv və dediktiv izah formalarından istifadə təlimin məqsədindən
asılıdır. İzah üsulundan dəqiq elmlərin mənimsədilməsində daha geniş istifadə edilir. Humanitar elmlərin
öyrədilməsi prosesində hadisə və faktlar arasında səbəb – nəticə əlaqələrinin üzə çıxarılması zamanı da
izahdan geniş istifadə edilir.
Nəql yeni materialın təsvirə əsaslanaraq öyrədilməsi üsuludur. Nəql vasitəsilə yeni material sistemli
və ardıcıl şəkildə təsvir edilir. Nəql müsahibə və izahla əlaqəli şəkildə də aparılır. Nəql şərhin nisbətən
asan forması olub, öyrənənləri az idraki çətinliyə salır. Nəqldən öyrətmənin bütün dövrlərində bütün
siniflərdə, təlim mərhələlərində istifadə edilir.
Nəqlə təlim metodu kimi bir sıra pedaqoji tələbələr verilir: nəql edmi cəhətdən əsaslandırılmış hadisə
və faktlara istinad etməlidir; məntiqi cəhətdən düzgün qurulmalıdır; irəli sürülən məsələnin doğruluğunu
sübüt edən misallarla təmin edilməlidir; düzgün planlaşdırmalı, aydın şərh edilməlidir; əsas məsələlər
xüsusilə nəzərə çatdırılmalıdır; sadə, aydın dildə şərh olunmalıdır; nəql ifadəli və emosional aparılmalıdır,
nəqlin səmərəlliyi öyrədənin ona diqqətli və hərtərəfli hazırlığını tələb edir.
Mühazirə şərhin nəqlə və izaha nisbətən geniş və uzunmüddətli növü olub özünün ciddiliyi,
prinsipial cəhətdən vacib məsələlərə həsr olunması ilə xarakterizə edilir. Beləki mühazirə öyrənənlərin
başqa mənbələrdən mənimsədikləri məlumat və faktların ümumiləşdirərək dəqiqləşdirilməsinə həsr edilir.
Mühazirə məktəb, ali məktəb və təlimdən kənar müəssisələrdə olmaqla müxtəlif növlərə ayrılır. Bu
mühazirə növləri içərisində orta məktəb mühazirəsi konkret məsələnin geniş şərhinə həsr olunması ilə
fərqlənir. Mühazirənin bu növünün müddəti də öz qısalığına görə digərlərindən fərqlənir. Orta təhsil
mühazirəsi digər mühazirə növlərinə nisbətən qısa müddət, 20-30 dəqiqə ərzində aparılır. İzah və nəqlə
nisbətən mühazirə gərgin diqqət tələb etdiyinə görə onu dinləmək izah və nəqlə nisbətən çətindir. Ona görə
də mühazirədən ancaq 10-11-ci siniflərdə məcburi tələblər, ehtiyac olduqda istifadə edirlər. Ali məktəb
mühazirəsinə nisbətən orta məktəb mühazirəsi aramla, asta-asta aparılır ki, lazımlı hissələri şagirdlər yaza
bilsinlər.
Mühazirə ali məktəblərdə ən çox istifadə edilən təlim üsuludur.Bu mühazirələr daha geniş məsələlərin
yığcam şərhinə həsr olunur. Buna səbəb ali məktəb tələbələrinin yüksək intellektual inkişafı və müstəqil
işləmə qabiliyyətləridir. Şərh edilən məsələ yığcam şəkildə izah edilir, tələbələrə nəzəri istiqamət verilir,
məsələ ətrafında daha geniş və ətraflı işləmə isə tələbələrin özlərinə tapşırılır. Ali məktəb mühazirəsi
80-dəqiqə ərzində aparılır. Mühazirə zamanı şərh edilən məsələlərin əsas mahiyyəti tələbələrə qeyd
etdirilir və ya da mühazirənin məzmunu qısa tezislər şəklində yazdırıla bilər.
Mədəniyyət müəssisələrində aparılan mühazirələr dövrün aktual problemlərinə həsr edilir. Bu
mühazirənin ən uzunmüddətli aparılan formasıdır. Bu tip mühazirələr müxtəlif yaş qrupları ilə aparıla
bilər. Yaşlılarla mühazirələr müxtəlif elm və ya texnika sahəsindəki yeniliklərə həsr edilir. Bu tip
mühazirələr yeni elmi kəşflərlə yanaşı qabaqcıl təcrüələrin tətbiqinə də həsr edilir.
Müsahibə.
Müsahibə təlimin bütün mərhələlərində istifadə edilən sual-cavab üsuludur.Təlim prosesində
müsahibənin aşağıdakı növlərini göstərmək olar:
1.Yeni materialın mənimsənilməsi prosesində.
2.Biliklərin möhkəmləndirilməsinə xidmət edən müsahibə.
3.Biliklərin yoxlanılması və qiymətləndirilməsinə xidmət edən müsahibə.
4.Təkrarlama müsahibəsi.
Yeni materialın öyrədilməsi prosesində müsahibədən o zaman istifadə olunur ki, öyrədilən material
haqqında öyrənilənlər müəyyən məlumata malik olsunlar. Müsahibənin bu növündən ən çox problemli izah
zamanı istifadə edilir. Beləki, müəllim uşaqlara məlum olan materialları sual-cavabla üzə çıxardıqdan
sonra onu evrestik müsahibə ilə yeni «problemə» bağlayır, məntiqi ardıcılıqla, düşündürüjc suallar
vasitəsilə onları problemin açılışına qoşur. Evrestik müsahibə düşündürücü, araşdırıcı müsahibədir. Bu
zaman öyrənənlər idraki fəallıq gösətərir, sualın cavabını şüurlu sürətdə axtarırlar. Sualların
qoyuluşundaki məntiqi ardıcılıq isə onların araşdırmasına, idraki fəaliyyətinə istiqamət verir. Bununla da
mənimsəmədə müsahibənin rolu artır, öyrənmə şüurluluq və fəallıq şəraitində keçir. Müsahibə müxtəlif
əşya və ya hadisələr üzərində də aparıla bilər. Yeni materialın öyrədilməsi prosesində müsahibə həm
indiktiv həm də dediktiv yolla aparıla bilər.
İnduktiv yolla müsahibə zamanı müəllim, təlimatçı, usta və digər öyrətmə ilə məşğul olan şəxs
öyrənənləri onlara məlum olan hadisə, fakt və qanunlara istinad edərək yeni qənaət, nəticə çıxarmağa
gətirir.
Dediktiv müsahibə zamanı isə məlum həqiqətlər, elmi nəticələr ayrı-ayrı hallar və vəziyyətlərdə
tətbiq edilir, tərkib hissələrinə ayrılır. Materialın induktiv və ya dediktiv izahı özü bilavasitə müsahibədə
əks olunur.
Müsahibə təlimin mürəkkəb metodu olub onun səmərəli keçirilməsinə aşağıdakı tələblər verilir:
müsahibədə məntiqi ardıcılıq gözlənilməlidir; qoyulan suallar təfəkkürü inkişaf etdirməlidir; suallar aydın
şəkildə qoyulmalıdır.
Həmçinin suallara verilən cavablara da müəyyən tələblər verilir. Beləki, cavab aydın və məntiqi
olmalı, cavab verənin münasibətini əks etdirməli, təfəkkürün məhsulu olduğunu sübüt etməlidir.
Biliklərin möhkəmləndirilməsinə xidmət edən müsahibələr də təlimdə böyük əhəmiyyət kəsb edir.
Bu tip müsahibə, əsasən, yeni material öyrədildikdən sonra, yeni öyrədilmişi daha da möhkəmləndirməyə
xidmət edir. Bu müsahibə bilavasitə müəllimin izahından, yeni materiala aid çalışmalar icrasından və ya
sonrakı dərsdə ev tapşırıqlarının yoxlanılmasından sonra aparılır.
Möhkəmləndirmə ilə bərabər qiymətləndirmə və yoxlama müsahibəsi də aparıla bilər. İstənilən sual-
cavaba öyrənənin bilik və mənimsəmə səviyyəsini müəyyən etmək olar. Yoxlama məqsədilə aparılan
müsahibə də suallar aydın qurulmalı, düşündürücü olmalı, qeyri-müəyyən cavab üçün imkan verən,
alternativ suallar verilməməlidir. Suallar dəqiq, qısa, məntiqi ardıcılıqla qurulmalıdır.
Müsahibə üsulu təlimin bütün mərhələlərində, bütün təlim tipli məşğələlərin hamısında geniş şəkildə
tətbiq olunur. Bura həmçinin mədəniyyət müəssisələrindəki təlim işləri, öyrədici rejissor işləri, ritorik
xarakterli öyrədici tətbirlərin təşkili və s. daxildir. Belə tip məşğələlərdə çox vaxt müsahibə diskusiyalar
şəklində aparılır. Diskusiyalar ən çox ali təhsil müəssisələri, mədəniyyət və incəsənət müəssisələrindəki
təlim işlərində təşkil edilir. Diskusiyalar zamanı iştirakçılar (tələbə, şagird, tədqiqatçı və s.) öz fikirini
əsaslandırılmış dəlil və sübutlarla isbat etməyi öyrətmək lazımdır. Bu uşaq və yeniyetmələrin, eləcə də
böyüklərin əqli inkişafını sistemə salır, onların fikrini cilalayır, onlarda məntiqi inkişaf etdirir.
Ekskursiyalar müstəqillik elementləri üstünlük təşkil edən metodlardan biridir. Ekskursiya təlim
prosesinə həm təlim üsulu həm də təlimin təşkilat forması kimi daxil olmuşdur. Ekskursiyalar zamanı
öyrənənlər həm yeni məlumatlar əldə edir, yeni biliklərə yiyələnirlər, həm də öyrəndiklərini təkrar edir,
hafizədə möhkəmləndirir, öyrəndiklərinin əməli əhəmiyyəti, biliklərin tətbiqi ilə bilavasitə tanış olurlar.
Ekskursiyalar zamanı izah və şərhin digər növlərindən də istifadə edilir. Orta ümumtəhsil məktəblərində,
orta ixtisas məktəbləri, peşə məktəblərində ekskursiyalar tədris planı və proqramı əsasında xüsusi dərslər
kimi aparılır. Bunlar tədris işinin mühüm tərkib hissəsi hesab olunur. Mədəniyyət müəssisələrində
ekskursiyalar, əsasən marağa görə təşkil edilən məşğələlərdə təşkil edilir. Məsələn mü\əyyən texniki,elmi
işin istehsalda qoyuluşu vəziyyətini öyrənmək məqsədilə, həmçinin məşğələdə əldə edilmiş yeniliyin
istehsalda tətbiqi və onun əhəmiyyətini öyrənmək məqsədilə ekskursiyalar təşkil edilə bilər.
Labarator məşğələlər və praktikumlar da tədqiqatçılıq metodlarından biri olub, yeninin axtarıcılığı
mənimsəməsində mühüm əhəmiyyətə malikdir. Praktikum və labarator məşğələlərdən həmçinin biliklərin
möhkəmləndirilməsi məqsədilə də istifadə edilir. Bu məşğələlərin xüsusi əhəmiyyəti ondan ibarətdir ki
müxtəlif təbii, kimyəvi, texniki hadisələr üzərində uzun müddət müşahidə apara və müstəqil nəticə çıxara
bilirlər. Məsələn, bitkilərin becərilməsi üzərində iş, kimyəvi reaksiyalarla yeni element və maddələrin
alınması və s.
Mədəniyyət müəssisələrində labarator məşğələləri və praktikumlar marağa görə təşkil edilir və sırf
yaradıcılıq məqsədi daşıyır. Bu məşğələlərdə yeni bitki növü üzərində iş, yeni texniki yaradıcılıq və s. işlər
aparılır.
Kitab və müxtəlif mənbələr üzərində iş həm biliklərə müstəqil yiyələnmə, həm də möhkəmləndirmə
metodu kimi məlumdur. Bu üsulla təhsilin müxtəlif mərhələlərində, həmçinin təlim xarakterli bütün
fəaliyyət sahələrində geniş istifadə edilir. Təlimin ilk mərhələlərində kitab üzərində işdən sinifdə və evdə
istifadə edilir. Sinifdə öyrətmə, evdə təkrarlama və möhkəmlətmə vasitəsi kimi tətbiq edilir. Təlimin
sonrakı mərhələlərində isə kitabdan müstəqil iş vasitəsi kimi istifadə edilməyə başlanılır. Kitab və ilk
mənbələr üzərində iş hər kəsdən müəyyən bacarıq və vərdişlərə malik olmağı tələb edir. Bu bacarıq və
vərdişlərə müxtəlif yaddaşlardan istifadə, sitatlara istinad etmə şərtlərini bilmə, cədvəllərdən istifadə, elmi-
texniki ədəbiyyat oxuma, müxtəlif işarə və atlaslardan istifadə və s. daxildir.
Kitab və ilk mənbələr üzərində iş insanlara bütün həyatı boyunca, fəaliyyəti prosesində lazım olan
vacib və əhəmiyyətli bir üsuldur. Ona görə də təlimin ilk günlərindən başlayaraq şagird və tələbələrdə
kitab üzərində müstəqil iş bacarıq və vərdişləri formalaşdırılmalıdır. Kitab üzərində iş bacarığın
formalaşdırılmasının insanların gələcək fəaliyyətində böyük əhəmiyyəti vardır. Beləki, bu təhsilin bütün
mərhələlərində elmi məlumatları daha ətraflı və dəqiq mənimsəmə üçün, xüsusi məqsədli müstəqil iş,
axtarıcılıq işi və onun səmərəliliyini təmin edən mühüm şərtlərindən biridir. Kitab üzərində iş qaydalarına
aşağıdakılar aid edilə bilər: öyrədənin izahı ilə kitabda verilənin əlaqələndirilməsi, öyrənilmişlərin təkrarı,
yarımçıq öyrənilmiş materialın tamamlanması, çətin və anlaşılmayan ifadə və sözlərin aydınlaşdırılması
(lüğət üzərində iş), materialın planlaşdırılması, plan üzrə materialın seçilməsi, oxunun şifahi şərhlə ifadəsi.
Kitab üzərində iş, müəyyən mənada , insanların fəaliyyətinin müvəffəqiyyətinin əsasını təşkil edir.
Beləki, kitabdan səmərəli istifadə qaydalarını bilən hər kəs həyatda, müstəqil fəaliyyətdə müxtəlif
mənbələrdən (kitab, maşınlar və yeni avadanlığı işlətmək və ya tətbiq etmək üçün verilmiş təlimatlar, arxiv
materialı, kəşf edilmiş yeniliklər və s.) istifadə edə bilirlrər. Məsələ, istehsalatda qabağcıl olmaq dövrün
iqtisadi tələblərindən geri qalmamaq elmi-texniki tərəqqini, yenilikləri izləməyi tələb edir. Bu isə
sahibkardan və ya istehsalatçıdan mövcud dövrü mətbuatı, elmi-texniki materialları oxuyub dərk etməyi
tələb edir. Və yaxud mədəniyyət müəssisələrində təşkil edilmiş dərnəklər özü o zaman səmərəli nəticə verir
ki, iştirakçıların hamısı mənbələrdən səmərəli istifadə edə bilsinlər.
Ona görə də hələ təlimin ilk mərhələlərindən başlayaraq uşaqlarda kitab üzərində işləmə bacarığı
formalaşdırılmalıdır. Bəzən elə şagird olur ki, onun hafizəsi həddindən artıq iti olur, o, müəllimin izahını
bütünlüklə mənimsəyir və yadda saxlayır. Ona görə də o, kitab oxumur, kitabdan istifadə etmir. Bu cəhət
müəllimin nəzərindən qaçmamalı, həmin şagirdə kitab üzərində işləmək üçün əlavə tapşırıqlar verməlidir.
Əks halda həmin şagirddə nəinki kitab üzərində iş bacarığı formalaşmır, həmçinin onda oxu vərdişinin
səviyyəsi aşağı düşər.
Kitab üzərində ilk olaraq mətni düzgün başa düşmək, qavramaq, mətn əsasında qeydlər aparmaq
bacarığı öyrədilməlidir. Bura həmçinin mətnin planını tutmaq, tezislərlə konspektləşdirə bilmək də
daxildir.
Təlimdə oyun üsulundan, əsasən, məktəbəqədər təlimdə geniş istifadə edilir. Oyun vasitəsilə
uşaqlara təbiət və cəmiyyət hadisələri haqqında konkret, təcrübi məlumatlar verilir. Didaktik oyunların
nisbətən mürəkkəb formalarından ibtidai siniflərdə istifadə edilir. Oyun izah edilən məsələ ətrafında
üşündürürməklə yanaşı, uşaqların diqqətini nəinki yayınmağa qoymur, hətta onları inkişaf etdirir.
Oyunlarla təlim həmçinin materialın şüurlu mənimsənilməsinə onu həyatla əlaqələndirilməsinə imkan
yaradır, uşaqlarda müstəqillik, fəallıq, yaradıcılıq tərbiyə edir. K.D. Uşinski oyuna insanların mənəvi
formalaşma, əqli, iradi inkişafı vasitəsi kimi baxırdır. Onun fikrincə oyun uşaqlarda müstəqillik, iradə,
diqqət, yaradıcılıq, müxtəlif qabiliyyətlər inkişaf etdirməklə yanaşı onların müəyyən mənada gədəcək
taleyini həll edir:
Təlimdə oyun mənimsəməsi yüngülləşdirir, maraqlı edir və uzun müddət yaddaşda qalmasına səbəb
olur. Müasir dövrdə dünya didaktikasında oyunla təlimə xüsusi əhəmiyyət verilir. Oyun həmçinin insanların
asudə vaxtlarının səmərəli təşkili, fiziki inkişaf və sağlamlığın təmini vasitəsi kimi də əhəmiyyətli yer
tutur. Mədəniyyət müəssisələrində müxtəlif dərnəklərdə süjetlər qurulması, dramlaşdırma, texniki yarışlar,
idman yarışları oyunla təlimə misal ola bilər.
Məsələn dil dərnəklərində danışıq dilini mənimsəmə məqsədi ilə dialoq xarakterli süjetli oyunların
təşkili zamanı sözlərin öyrənilməsi, tələffüzü şüurlu şəkildə, həyatda olduğu kimi aparılır. Belə halda
öyrənilən material şüurlu mənimsənilməklə yanaşı daha möhkəm yadda qalır. Çünki oyun vasitəsi ilə yadda
saxlama şəraiti, ona təsir edən amillər daha səmərəli təşkil edilir (adamların tələffüz tərzi, cestləri, ifadə
tərzləri, hətta buraxdıqları səhvləri).
Texniki yarış xarakterli oyunlarda dərnəklər üzvü həm işini bilavasitə tətbiq edir, səhvlərini görür,
yeniliyin əhəmiyyətini dərk edir.
Beləliklə oyunla təlim işi öyrətmənin və öyrənmənin bütün mərhələlərində səmərəli təlim üsulu kimi
çıxış edir. Onun müvəffəqiyyəti isə öyrədənin pedaqoji ustalığı və bacarığından çox asılıdır.
Biliklər, bacarıq və vərdişlər formalaşdırılması və möhkəmləndirilməsi metodlarından biri də
çalışmalar və məsələlərdir.
Çalışmalar müxtəlif olub, təlim materialının məzmunundan asılıdır. Məsələn riyaziyyat üçün məsələ
və misal həlli, dil dərsləri üçün qrammatik və üslub cəhətdən düzgün yazı çalışmaları; kimya və fizika
fənləri üzrə məsələ və misal həlli, labarator çalışmalar və s. spesifik çalışmalar hesab edilir. Çalışmalar
vasitəsilə biliklərin şüurluluğu, tətbiqi təmin edilir, öyrənilmiş materiallar hafizədə daha da
möhkəmləndirilir. Çalışmaların müvəffəqiyyətli icrasına verilən əsas tələbələr şüurluluq və ardıcılılıqdır.
Çalışmanı icra edən hər kəsə bu prosesdəki təlim məqsədi, çalışmanın şərti və onun həlli ardıcılığı aydın
olmalıdır. Təlim materialın məzmunundan asılı olaraq çalışmaların məzmunu da getdikcə
mürəkkəbləşdirilməlidir. Hər dəfə yeni öyrənilmiş materiala aid verilən çalışmalarda yaradıjılıq və
müstəqillik elementləri olmalı, öyrənənə yenini ona məlum biliklər sisteminə daxil etmə şəraiti və imkan
yaradılmalıdır. Çalışmaların rəngarəngliyi və müxtəlifliyi də böyük əhəmiyyət kəsb edir. Bu çalışmaları
maraqlı edir və təlimdə yeknəsəkliyi aradan qaldırır. Eyni çalışmanın müxtəlif variantlarda həlli də təlimi
maraqlı və şüurlu edir. Çalışmaların tərtibi və seçilməsində sistematiklik də əhəmiyyətli yer tutur. Beləki
çalışmaların getdikcə çətinlik dərəcəsi artırılması, idraki fəallıq gücləndirilməsidir.
Müstəqillik insanların heç kəsin, heç bir kənar şəxsin təsir və müdaxiləsi olmadan, mövcud
situasiyaya üyğun fəaliyyət üsulu seçərək sərbəst hərəkət etmə xassəsidir, keyfiyyətidir. Təlim prosesində
müstəqilliyin inkişafı, öyrənənlərin müstəqilliyə alışdırılması təlimin mənimsəmə səviyyəsini artırmaqla
yanaşı insanların həyata şüurlu yaradıcı kimi hazırlanmasını da təmin edir. Müstəqil şəxs həyatda qarşısına
çıxan problemi həll etdikdə çaşmır, özünü itirmir, düşündüyü vəziyyətdən çıxmaq üçün, mövcud problemi
həll etmək üçün yollar axtarır. Böyüyən nəsldə müstəqillik tərbiyə edilməsi daha da çox aktuallıq tələb
edir. Beləki müasir elmi-texniki tərəqqi insanlardan müstəqillik, yeniliklərin fəaliyyətlərinə tətbiqində
sərbəstlik və yaradıjılıq tələb edir.Bu isə müasir fasiləsiz təhsil sistemi təmin edir. Məhz təhsil vasitəsilə hər
bir yeniyetmə və gənclər təcrubi və psixoloji cəhətdən daima öyrənməyə, yeni biliklərə yiyələnmə
meylinə, öyrəndiklərini fəaliyyətləri tətbiq edə bilməyə hazırlanırlar. Bu cəhət həmçinin təhsilin
həyatiliyini təmin edən əsas şərtlərdən biridir.
Təlimin problemləşdirilməsi də müasir dövrün aktual təlim üsullarından biridir. Təlimin
problemləşdirilməsi öyrətmə prosesində problemlilik şəraiti yarammağı əhatə edir. Öyrətmənin səmərəliyi
öyrənənlərin yüksək fəallığı, faktları müstəqil analiz, ümumiləşdirmə, nətijələr çıxarma şəraitində daha
yüksək səviyyədə keçir. Yəni yeni material öyrədənlərin nə qədər yüksək idraki fəallığı, tədqiqatcılığı,
təhlil tərkib aparmaları əsasında aparılarsa mənimsəmə bir o qədər yüksək səviyyədə keçər. Bu işə
problemli suallar sistemi, şüurlu sual və tapşırıqların icrası şəraitinin yaradılması vasitəsilə həyata keçirilə
bilər. Belə yolla mənimsəmə prosesində öyrənənlərin fəallığı üstünlük təşkil edir. Bu zaman öyrədən
problemli suallar əsasında öyrənənləri tədqiqatçılığa, problemi müstəqil həll etməyə çəlb edir.
Öyrədən(müəllim, təlimatçı, dərnək rəhbəri və s.) düşündürücü suallar vasitəsilə öyrənənləri problemi
açmağa doğru aparır, onlara “bələdçilik” edir. Belə vəziyyətdə mənimsəmə prosesində (müəllimin)
öyrədənin izahına az ehtiyac qalır. Materiala aid müstəqil məsələ və misalların, tapşırıq və sualların həlli
zamanı öyrədənin izahına ehtiyac yaranır. Belə mənimsəmə üsulu evristik mənimsətmə üsulları adlanır.
Problemli evristik yolla mənimsəmə zamanı öyrədən öyrənənlərin fəal iştirakı ilə yenini “kəşf” etdirir. Yeni
öyrədənin həll edilməli məsələyə aid ümumiləşdirmələr vasitəsilə fəallaşdırdığı məlum faktlar əsasında üzə
çıxarılır. Öyrənənlərə məlum faktlar məntiqi, evristik suallar vasitəsilə elə məharətlə fəallaşdırılır ki,
öyrənənlər özləri bu məlum faktları yeni ilə, “ problemlə” əlaqələndirərək onun mahiyyətini aça bilirlər.
Bu proses həmçinin, müəyyən mənada, tədqiqatçılıq prosesidir. Belə mənimsəmə prosesində öyrənənlər
hələ kiçik yaşlarından tədqiqatçılığa alışırlar.
Öyrənənlərdə qarşıya çıxan problemləri, tapşırıqları müstəqil həll etmə bacarığı formalaşdırılır.
Deməli həm idraki fəallıq təmin edilir, həm də həyat üçün zəruri olan bacarıq və vərdişlər formalaşdırılır.
Bu isə müasir dövrdə təlimə verilən ən aktual tələblərdən biridir.
Problemli tədqiqatcılıq təlimin son mərhələlərində problemli proqramlaşdırma ilə paralel aparılır.
Daha doğrusu problemli – proqramlaşdırma da təlimin digər problemli üsulları kimi idraki fəallığı və
müstəqilliyi təmin edən təlim üsullarından biridir. Proqramlaşdırılmış təlimi müasir pedaqoq, psixoloq və
qibernetiklər təşkil etmişlər. Təlimin bu növü öyrənənlərin xüsusən də şagirdlərin şüurlu fəaliyyətinin
səmərəliyini artırır. Proqramlaşdırılmış təlimin xüsusiyyəti ondan ibarətdir ki, öyrənənlər xüsusi təşkil
edilmiş proqramlar və texniki vasitələrdən istifadə edərək yenini özü tapa bilir. Ona görə də ona yeni bilik
və bacarıqlara müstəqil yiyələnmə vasitəsi kimi baxılır.
Proqramlaşdırılmış təlimə özüntəhsil vasitəsi, proqramlaşdırma vəsaitlərinə isə özü öyrədən, müstəqil
öyrənmə vasitəsi kimi baxmaq olar. Təlim üsulu kimi proqramlaşdırmaya təlimin, öyrətmənin müstəqil
tipi kimi çıxış etmir, tapşırıqların sistemli proqramlaşdırılması yollarını əhatə edir.
Problemli –proqramlaşdırma üsulu təlimdə problemliyin hesaba alınması, məlum biliklərə istinad
edilməsi, öyrənənlərin yaradıjılığının təmin edilməsi və s. üzərində qurulur. Mədəniyyət ve qeyri təhsil
müəssisələrində proqramlaşdırma əsas təlim üsulu kimi tətbiq edilir. Çünki bu müəssisələrdə həll ediləcək
təlim işi, əksər hallarda, problem kimi qarşıya çıxır onun həlli müəyyən proqramlaşdırmalar əsasında
aparılır. Bu üsula mənimsəmə səviyyəsi problemin müstəqil həll etmə imkanları və situasiyasından asılı
olur. Problemli proqramlaşdırma metodunun tətbiqi prosesində təlimin digər metodlarından istifadə edilir.
Proqramlaşdırma aşağıdakı şəkildə tətbiq edilir. Beləki, hərbir məsələ, tapşırıq işin müəyyən mərhələsini
təşkil edir. Hər bir mərhələ də sual , cavab, tapşırıq və s. şəkildə öyrənilən materialın müəyyən hissəsini
təşkil edir. Bu mərhələlər suallara hazır cavab şəklində və yaxud da düzgün cavabı yoxlama şəklində tərtib
edilir.
Təlim üsulları bir biri ilə qarşılıqlı əlaqədədir. Beləki, təlimin, öyrədiləcək materialın məzmunundan
asılı olaraq təlim üsulları tərzi formasında çıxış edir. Yəni bir materialın öyrədilməsi prosesində yalnız bir
təlim üsullarından istifadə edilmir. Bir üsul aparıcı, həlledici rol oynayır, digərləri isə təlim məqsədinin
muvəffəqiyyətlə icrasına kömək edən tərzlər kimi çıxış edir.
Dostları ilə paylaş: |