Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə6/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   2   3   4   5   6   7   8   9   ...   147
Dekabr, 1968. 

 

 

 



 

 



 

25

BEŞ QƏPIKLIK MOTOSIKL 

 

Tolik soruşdu ki, dağ papiros çəkər? Dedim ki, yox, papirosu adam çəkər. Dedi 



ki, düz demirsən, meymun da papiros çəkir, özüm televizorda görmüşəm. Dedim ki, 

meymunu da adamlar öyrədib papiros çəkməyə. Mən soruşdum ki, axı, nə 

dağbazlıqdır salmısan, dağ niyə papiros çəkməlidir? Əlini uzadıb dedi ki, ode, bax 

də, görmürsən dağ papiros çəkir? 

Doğrudan da, əcəb papiros çəkirdi Qafqaz sıra dağları: buludlardan qullab-

qullab alıb üzük-üzük buraxırdı başının üstündən. 

– Papa, gördün?! 

Tolik yüz faiz qələbə qazanmışdı – dağları da adam öyrədə bilməzdi ki, papiros 

çəksin, dağ nə boyda, adam nə boyda – indi gəl yaxanı Tolikin əlindən qurtar görüm 

necə qurtarırsan; ay bacardın ha! 

– Papa, gördün?! 

Axırı ki, birdəfəlik mənə «papa» dedi, «ata»nı tulladı bir tərəfə, necə ki, mən 

birdəfəlik «Təhməz»i tullamışam, «Tolik» deyirəm. Bir də ki, nə  fərqi var, guya, 

«Təhməz» deyəndə nə olacaqmış. 

– Papa, görmürsən bəyəm?! 

Əlbəttə, mən desəydim ki, görürəm, o saat soruşacaqdı ki, bəs, necə olub 

adamlar dağa papiros çəkmək öyrədib, dağların bəyəm ağzı var papiros çəksin, hansı 

papirosdan çəkirlər və s. Dedim ki, gedək qayıq götürək, göldə avar çəkək 

özümüzçün, kef eləyək. O saat papiros çəkən dağı yadından çıxartdı, əlimdən tutub 

gölə  tərəf dartdı, sonra birdən dayandı ki, axı, mamam deyib gölə getmək olmaz. 

Dedim ki, elə edərik maman bilməz, heç birimiz ona demərik. 

Sürəyya  şübhəsiz biləcək – Tolik özünü saxlaya bilməyib, həmişəki kimi, ona 

deyəcək – Sürəyya da həmişəki kimi, düşəcək üstümə ki, indidən uşağın tərbiyəsinə 

xələl gətirirsən, onu saxtakarlığa öyrədirsən, mən deyirəm ki, gölə getmək olmaz, 

xatadır, sən aparırsan, bütün pedaqoji metodlara biganəsən, çünki siniqsən. Mən ha, 

mən siniqəm. Təbrik edirəm səni, yoldaş  sənətşünaslıq namizədi Sabir Məlikov, 

daha məqalələrinin altında camaatın gözünü döyənək eləmiş imzadan yaxanı qurtara 

bilərsən, Sabir Məlikov yox, təxəllüslə: Sabir Siniq. 

Əlbəttə, bütün bu boş  şeyləri öz-özümə fikirləşirəm, Sürəyyaya belə  şeyləri 

demək olmaz, mənası da yoxdur, çünki cavabı əvvəlcədən məlumdur: «Radi boqa, 

ne ostroumniçay, ne podxodit». 

Saatımı bilet köşkündə girov qoyub qayıq üçün nömrə götürdüm: 13. Çox rəmzi 

nömrədir. Niyə rəmzidir – orasını Allah bilir, mənim indi dərinliyə getməyə həvəsim 

yoxdur, nə həvəsim, nə də imkanım; imkanım niyə – bunu da Allah bilir. 

Bu yay ilk dəfə idi göldə avar çəkirdim, ilk dəfə deyəndə ki, cəmi bir həftədir 

gəlmişik Kislovodska, amma elə bil bir həftənin özündə də birinci dəfə avar çəkmək 

bir o qədər çox deyil, çünki yaşadığımız «Avtopansionat» bu süni gölün 

kənarındadır. 

Əvvəllər gündə neçə  dəfə avar çəkərdim bu göldə, hələ heç pansionatda 

yaşamadığım vaxtlar, atamgillə gəldiyimiz yaylar, o vaxtlar ki, hələ Tolik dünyada 

yox idi və  mən də kulturizmlə  məşğul olmaq istəyirdim, hərçənd içindən bir şey 

çıxmadı. 

Bir vaxt var idi, Tolik dünyada yox idi, heç kim bilmirdi ki, belə bir adam 

olacaq dünyada, mən var idim, indi Tolik də var; bir vaxt mən olmayacağam 

dünyada və bir vaxt Tolik də olmayacaq dünyada. 



 

26

Tolik soruşdu ki, bəyəm mamam sənə deməyib fit çalma? Dedim ki, deyib, 



əlbəttə. Soruşdu ki, bəs, niyə fit çalmağa başladın? Dedim ki, üzr istəyirəm. 

Xoşbəxtlikdən soruşmadı ki, üzr istəyirəm nə deməkdir; yəqin  əvvəllər soruşub, 

başa salmışam. 

Sonra sahildəki taxta çətirləri göstərib soruşdu ki, papa, onlar nədir elə? Əlbəttə, 

desəydim ki, adamlar gündən qorxurlar, gedib o çətirlərin altında otururlar, 

soruşacaqdı ki, adamlar niyə gündən qorxurlar, desəydim ki, gün adamı yandırır, 

soruşacaqdı ki, niyə və s. Soruşdum ki, indi soyunub bu suda çimərdin, ya yox? O 

saat taxta çətirləri yadından çıxardıb başını  tərpətdi – yəni ki, yaman çimərdim – 

amma yaman da məlul-məlul tərpətdi, çünki bilirdi ki, real söhbət deyil bu. 

Sürəyya ilə də ilk dəfə, bax, həmin sahildə görüşmüşdük, yeddi il bundan əvvəl. 

Nazik, hündür qız idi onda Sürəyya, iri, göy gözləri var idi. Elə deyirəm, elə bil indi 

gözlərinin rəngi dəyişib; indi də iri, göy gözləri var Sürəyyanın. Onda da atasıgillə 

bu pansionatda yaşayırdı, mən atamgilin şəhərdə kirayə tutduğu evdə qalırdım. Indi 

mən də  hər yay bu pansionata düşürəm: düz altı ildir ki, hər yay ay yarım bu 

pansionatda yaşayıram – bir ay məzuniyyətim, yarım ay da öz hesabıma. Gələcəkdə 

bir memorial lövhə vurmalıdırlar «Avto-pansionat»ın qabağına: görkəmli 

sənətşünaslıq namizədi Sabir Siniq altı il yay aylarını burada yaşamışdır. Altından 

da doğulduğum və öldüyüm il: (1937-19 filanıncı il). Niyə min doqquz yüz filanıncı 

il, bəlkə iki mininci ilə qədər yaşayacağam? 

Bu yay yalnız özümüz gəlmişik, yəni mən, Sürəyya və Tolik. Sürəyyanın 

atasıgil Bakıda qalıblar, kiçik oğlanları  Dəmir bu il instituta girir. Bizimkilər 

Buzovnadakı bağımızda qalmalı oldular. Biz də  gəlib yenə pansionata düşdük. 

Bayaq Sürəyyaya da cavab teleqramı vuranda yaxşı eləmədim deyəsən, necə olsa da, 

matəmdədir. 

Səhər Sürəyyadan teleqram gəldi, indi də cibimdədir: Priletela bloqopoluçno tçk 

zdes ujasno tçk posle zavtra budu tam tçk Çeluyu vas tçk jdu vaşeqo otveta = Sura 

mama. 

Iki müəllifin ikisi də Sürəyya özü idi: biri, yəni Sura, mənim üçün nəzərdə 



tutulmuşdu, ikincisi, yəni mama, Tolik üçün, hərçənd bu teleqramdan Tolikin xəbəri 

yoxdur. Xəbər tutsa, başlayacaq sorğu-suala, mən də heç vaxt onu başa sala 

bilməzdim ki, tetya Fira, yəni Firəngiz ölüb. Necə yəni ölüb? 

Bu «Avtopansionat»ın rəisi mən gözümü açandan yüz ildir ki Iosif Samoyloviç 

Bass adında kürən bir kişidir. Yüz ildir ki də, üzündəki eyni təbəssümlə, eyni məlul 

hərəkətlərlə, həmişə bir şey uman gözlərilə gələnləri qarşılayır, gedənləri yola salır. 

Mən də bayaq nahardan sonra Toliklə poçta girib Sürəyyaya belə bir cavab 

fototeleqramı vurdum: 

 

Köhnə hamam, köhnə tas, 



Köhnə pansion, köhnə Bass. 

 

Oxuyub yəqin deyəcək ki, əlbəttə, siniqlər bundan artıq nəyə qadir ola bilərlər. 



Öz-özünə deyəcək, ikimizin söhbətini başqasının yanında edən deyil, lap atası 

olmur, anası Müşgünaz xanım olsun. 

Yaxşı eləmədim, necə olsa da, Sürəyya matəmdədir. 



 

27

Bayaq qayıqdan ötrü girov qoyduğum saatın yeri biləyimdə  ağappaq ağarırdı; 



saat yoxdur, yeri ağarır. Firəngiz də ölüb, Firəngiz də yoxdur. Hər  şey  əvvəlki 

kimidir, həmin od, həmin hava, həmin torpaq, həmin su, təkcə Firəngizin kiçicik 

yeri boşdur, amma bunun nə oda, nə havaya, nə torpağa, nə suya dəxli var, bunun 

heç nəyə  dəxli yoxdur; əgər köşkdə biletsatan arvad saatımı itirsə, bir neçə gün 

saatsız qalsam, gün bu ağappaq ağaran yeri elə qaraldacaq ki, heç ruhu da 

inciməyəcək; Firəngizin də yoxluğu yox olub gedəcək tədricən. Niyə? Niyə? Niyə? 

Tolik yenə sahildəki taxta çətirləri göstərib soruşdu ki, papa, onlar nədir elə? 

Mən də dedim ki, istəyirsən sən də  gəl otur yanımda, yapış avarların birindən, 

birlikdə avar çəkək. Tolikin gözləri güldü, bic-bic güldü, elə bil başa düşdü ki, 

sualını azdırıram, sonra əlimdən yapışıb gəlib yanımda oturdu və birlikdə avar 

çəkməyə başladıq. 

Tolikin gözləri Müşgünaz xanımın gözlərinə oxşamışdı. 

Süni gölün süni sahilindəki taxta çətirlər bu süniliyin rəmziymiş kimi bir-

birlərinin dalınca düzülmüşdülər, arxada isə Qafqaz sıra dağları görünürdü və bu 

təzad elə idi ki, elə bil Qaçaq Kərəm əlinə portfel alıb nəşriyyata gedir. 

Bir dəfə – deyəsən, keçən il idi – Kislovodskinin parkında gəzişəndə Sürəyya 

ayna kimi şəlaləni göstərib dedi ki, necə  də gözəldir, çayın qabağını necə  də 

məharətlə kəsib şəlalə düzəldiblər. Mən də dedim ki, çox gözəldir, elə bil Koroğlu 

əlinə çətir götürüb yağışdan qorunur. Sürəyya da o saat bikeflədi, dedi ki, bütün ili 

işləyib pul düzəldirik, istirahətə  gəlirik, amma burada da hər bir gözəlliyə, hər bir 

ürəkaçan  şeyə göz yumursan, istehza edirsən.  Əlbəttə, mən Sürəyyanı başa sala 

bilməzdim ki, qarşısı süni surətdə kəsilib süni surətdə ayna – şəlalə düzəldilmiş çay 

heç vaxt mənim ürəyimi açmaz, əgər əksinə deyilsə. Başa sala bilməzdim, ona görə 

ki, axı,  şırhaşır axan dağ çayının kənarında da Sürəyya məni «gözəlliyə, ürəkaçan 

şeylərə» göz yummaqda təqsirləndirib, haqqı da olub, amma yəqin məsələ 

burasındadır ki, mən təbii bir şeyə  də süni sevinə bilmirəm; mən özüm özümü 

sevindirə bilmirəm, bax, bunu başa sala bilmərəm Sürəyyaya, çünki heç özüm də 

başa düşmürəm ki, bu nədir.  

Tolik dedi ki, qoy indi də o biri tərəfinə keçim, o biri avardan yapışım. Onu sağ 

tərəfimə keçirtdim – sərçə  ağırlığındadır, bir qaşıq süd içsin deyə, yüz cür 

pəstahadan çıxıram: banlayıram, donbalaq aşıram, gözlərimi çəpləşdirirəm və s. 

Sürəyya da özünü saxlaya bilməyib gülür ki, sən gərək teatrdan yazmaqla məşğul 

olmayaydın, teatrda oynayaydın. Bu zaman, yəni Toliki yedizdirdiyimiz vaxtlar 

Firəngiz də bizdə olanda, o da, gülürdü, deyirdi ki, hamı elə bilir Sabir duzsuz 

adamdır, quru adamdır, day bilmirlər ki, təkcə elə Sabirin Toliki yedizdirməyinə 

tamaşa etsən, kifayətdir, gedib sirkdə Oleq Popova baxmasan da olar. 

Indi Firəngiz daha heç vaxt gülməyəcək, heç vaxt mənim Toliki 

yedizdirməyimə baxmayacaq, heç vaxt Oleq Popovu misal gətirməyəcək. Niyə? 

Sadəcə olaraq ona görə ki, o ölüb. 

Bir vaxt mən də heç zaman avar çəkməyəcəyəm, bu süni göl ilə Qafqaz 

dağlarının təzadını əlində portfel nəşriyyata gedən Qaçaq Kərəmə oxşatmayacağam; 

bir vaxt Tolik də heç zaman avar çəkməyəcək; bir vaxt Tolikin oğlu da heç zaman 

avar çəkməyəcək; bir zaman Tolikin oğlunun oğlu da heç zaman avar çəkməyəcək 

və bəlkə o, heç mənim adımı da bilməyəcək. 

Tolik dedi ki, fit çalırsan? Mən də dedim ki, gəl o körpünün altından keçək. 

Tolik yenə Müşgünaz xanım kimi gülümsəyib dedi ki, keçək. 




 

28

Tolik mənim oğlumdur, amma Müşgünaz xanım kimi gülümsəyir, Tolikin 



nəvəsində də məndən nə isə olacaq, amma bunun mənası yoxdur. 

Dünən səhər Müşgünaz xanım Sürəyyaya teleqram vurmuşdu ki, Firəngiz ölüb. 

Sonra Sürəyya telefonla sifariş eləyib anası ilə danışdı. Müşgünaz xanım dedi ki, 

Firanı avtobus basıb, elə o dəqiqə ölüb, avtobus alma kimi əzib yazıq Firanı, sonra 

da dedi ki, Bakıda cəhənnəm istisi var, sabah da Dəmirin birinci imtahanıdır. 

Sürəyyanın az qalırdı ürəyi getsin, güc-bəla ilə sakitləşdirdim, həm də özü 

sakitləşdi ki, Tolik qorxar. Sonra Sürəyya üçün təyyarəyə bilet aldım və dünən gecə 

Sürəyya Bakıya uçdu. 

Fira birinci sinifdən axırıncı sinifə kimi Sürəyya ilə bir yerdə oxumuşdu, Tibb 

Institutunda da birinci kursdan axırıncı kursa kimi bir qrupda oxumuşdular, bir yerdə 

də  işləyirdilər: Onkologiya, Rentgenologiya və Radiologiya Institutunda; Tolik bu 

institutun adını daha dəqiq bilir. 

Fira Sürəyya ilə yaşıd idi: ikisinin də iyirmi doqquz yaşı var idi. Fira ilə aramız 

açıq idi: o məni Oleq Popovdan üstün tutduğu kimi, mən də ona söz vermişdim ki

ürəyini sıxmasın, Tolik böyüyəndə onu alacağam Tolikə, daha qoca qız olub 

qalmayacaq ömrünün axırına qədər. Sürəyya həmişə ikilikdə mənə deyirdi ki, kobud 

zarafat edirsən Firayla, mən də deyirdim ki, zarafat etmirəm, doğru deyirəm, 

həqiqətən, onu alacağam Tolikə. Fira özü inciməzdi, incisəydi, hiss edərdim. 

Fira ərə getməmişdi; ona görə yox ki, istəyən olmamışdı, ona görə ki, istədiyi 

olmamışdı – özü belə deyirdi, ona inanmaq da olardı, çünki çox yaraşıqlı idi, amma, 

həmişə  mənə elə gəlirdi ki, indi də mənə elə gəlir ki, o kimi isə istəyir, gizli-gizli 

istəyir, xısın-xısın. Bir dəfə özünə  də demişdim və o qızarmışdı, hərçənd zarafata 

salıb güldü ki, düz tapmısan, amma nahaq indidən qısqanırsan, Tolik böyüyənə kimi 

unudacağam o pünhan sevgilimi, çıxıb gedəcək işinin dalınca. 

Bəlkə məni sevirdi Fira? 

Tolik dedi ki, yenə başladın fit çalmağa? Mən də dedim ki, üzr istəyirəm, sonra 

saata baxmaq istədim ki, qayığın prokat vaxtına nə qədər qalıb; saatın yeri ağappaq 

ağarırdı; indi gedib saatı alacaqdım və hər şey öz qaydasına düşəcəkdi. 

Firəngizin yeri isə həmişə boş qalacaqdı. Həmişə yox, gün qaraldanacan. 

Bir qadın yavaş-yavaş avar çəkərək sol tərəfimdən ötdü; soyunmuşdu, yaxşı 

çimərlik kostyumu var idi, özü də yaxşı idi: burnunun üstünə bir yarpaq 

yapışdırmışdı ki, gün yandırmasın. Bu yarpaq Leoxarın Belvederli Apollonundakı 

yarpaq kimi idi, amma o yarpaq Apollonun ayıbını örtürdü, bu yarpaq bu qadının 

burnunu, gülmək məni tutdu. Qadın da mənim gülməyimi yəqin öz bildiyi kimi 

yozdu və yaşıl gözləri gülümsədi, amma bir az irəliləyib sağ böyrümdəki Toliki 

görən kimi gülüşü də silindi, elə bil bir az hirsləndi də, guya ki, təhqir olunmuşdu; 

becid-becid avar çəkib aralandı. 

Tolik dedi ki, mamama deyəcəyəm başqa arvada baxıb gülürdün. Mən də dedim 

ki, onda maman da bilər sən göldə üzmüsən. Tolik dedi ki, mən heç nədən 

qorxmuram. Mən də dedim ki, mən də heç nədən qorxmuram. Tolik dedi ki, sən 

qorxursan. Mən təəccüb etdim ki, görəsən, nədən qorxuram? Tolik dedi ki, bude, gör 

məni necə özünə sıxmısan, qorxursan ki, mən suya düşərəm, boğularam. 

Əvvəllər – hələ dil açmamış – mən elə bilirdim ki, Tolik bəstəkar olacaq, dil 

açandan sonra dedim yəqin yazıçı olacaq, amma deyəsən, nə bəstəkar olacaq, nə də 

yazıçı, məntiq müəllimi olacaq. 



 

29

Doğrudan da, əgər Tolik sürüşüb suya düşsə, boğulsa, mən də yaşaya bilmərəm, 



mən də ölərəm. Indi mən nədən qorxuram: Tolikin boğulacağından, ya özümün 

ölməyimdən? 

Fakt budur ki, qorxuram, düz deyir. 

Yox, Fira heç zaman məni sevə bilməzdi. Fira cəsur idi. Firanın idealı da cəsur 

idi, cəsur ideal. Mən cəsur deyiləm. 

Cəsur olmamağımı nədən bilirəm? Bəyəm elə bir təsadüf olubmu ki, mənim də 

cəsurluğuma ehtiyac olsun? Yox, olmayıb belə bir təsadüf. Bəlkə mən də cəsuram? 

Bəlkə, doğrudan, məni sevirdi Fira? Əgər bilsəydim ki, Fira məni sevirdi, indi onun 

ölümünə daha artıq yanardımmı? Ümumiyyətlə, yanırammı onun ölümünə? 

Yanmaqla heyfsilənmək eyni şey deyil. 

Fira cəsur qız idi. 

Mən haradan bilirəm ki, Fira cəsur qız idi? Elə bir təsadüf düşmüşdü ki, Fira 

mənim yanımda öz cəsurluğunu göstərsin? Yox, amma Fira cəsur qız idi. 

Bir dəfə Sürəyya mənim yanımda məndən Firaya gileylənəndə Fira çox ciddi 

surətdə demişdi ki, Sabir göründüyü adam kimi deyil, onda tamam başqa cür adamın 

potensial aləmi var. Fira səhv etmişdi, amma özü bu cür idi; bu iki Firəngizin ikisi 

də gözəl idi, ancaq ikinci Firəngiz daha mürəkkəb idi, o cəsurluğu da ikinci 

Firəngizdə görürdüm, hiss edirdim və ikinci Firəngiz birinci Firəngizdən daha artıq 

yaxın idi mənə. Mən isə bir nüsxəli Sabirəm. 

Tolik dedi ki, bayaqkı motosikldən bizdə də olsaydı, əntiqə olardı. Bayaq nahar 

üçün şəhərə gedəndə univermağın yanından keçirdik, vitrində qıpqırmızı, nikelli bir 

motosikl qoymuşdular, Tolik yarım saat dayanıb baxdı, həmin motosikli deyirdi. 

Mən ömrümdə motosikl sürməmişəm – sürməmişəm dedim, – ömrümdə heç 

yerli-dibli motosikldə  gəzməmişəm. Uşaqlıqda bir üççarxlı velosipedim var idi, 

beşinci sinifdə oxuyana qədər eyvanda sürürdüm onu. 

Sürəyyanın atasının «Moskviç»i var idi, bura da, yəni Iosif Samoyloviç Bassın 

hüzuruna da həmişə həmin «Moskviç»lə gələrdik – özü sürürdü; bu il «Moskviç» öz 

sahibi ilə birlikdə Bakıda qalıb, amma biz yenə bura, yəni «Avtopansionat»a 

gəlmişik, Iosif Samoyloviç Bassın sayəsində, daha doğrusu, Iosif Samoyloviç Bassa 

bağışladığımız iki şüşə «Göygöl» konyakının və bir kilo qara kürünün sayəsində kef 

eləyirik: kenpinqdə ikiyerli xudmani bir evciyimiz var; bu evcik də müvəqqətidir – 

biz buradan gedənəcən. 

Niyə müvəqqəti, bəyəm gələn il gəlməyəcəyik bura? Ömrümüzün axırına kimi 

gəlməyəcəyik bura? 

 

Köhnə hamam, köhnə tas, 



Köhnə pansion, köhnə Bass. 

 

Ömrümüzün axırına qədər gəlsək də bura, yenə bu evcik müvəqqətidir. 



Nə üçün mən həmişə  məhz buraya gəlməliyəm? Nə üçün hər yay eyni evləri, 

eyni sifətləri: süpürgəçi Lyonya, inzibatçı Jenya, bufetçi Sergey, gözətçi Foma 

Gerasimoviç, day nə bilim kim... görməliyəm, eyni mənzərəyə tamaşa etməliyəm, 

hər addımına bələd olduğum yerləri bir də təzədən gəzməliyəm? Bu cür, ya qeyri-bu 

cür – bunların mənim üçün əhəmiyyətli bir fərqi varmı? Yox... Bəs, niyə indi bu 

barədə fikirləşirəm? 




 

30

Hələ institutda oxuyanda Fira ilə Sürəyya səhər-səhər bir-biri ilə dalaşırdılar. 



Firagil bizdən – bizdən deyəndə ki, Sürəyyagildən; evlənəndən sonra onlarda 

qalıram – bir az aralı yaşayırdılar, o, səhər instituta gedəndə bizə gəlib Sürəyyanı da 

götürürdü, birlikdə gedirdilər. Fira hər dəfə yolunu başqa-başqa küçələrdən salırdı, 

deyirdi ki, hər gün səhər-səhər eyni küçələrlə gedə bilmirəm, zəhləm belə eynilikdən 

gedir. Yaxın yolu qoyub, az qala, bütün şəhəri fırlanırdı, Sürəyyanı da salırdı dalına. 

Sürəyya da hər səhər dalaşırdı ki, öz yolumuzla gedək. 

Tolik dedi ki, yorulmuşam. Sonra da dedi ki, zəhləm gedir göldən, çünki sən heç 

nə danışmırsan. Dedim ki, nə danışım? Dedi ki, nağıl danış. Soruşdum ki, Cırtdanın 

nağılını danışım? Soruşdu ki, Cırtdan kimdir? Dedim ki, heç kim. Dedi ki, «Qar qız» 

nağılını danış. Dedim ki, sonra danışaram, indi gedək qayığı qaytaraq, yoxsa 

saatımız orda qalar. 

Saat orda qalsa nə olar ki, gün qaraldacaq, yeri bilinməyəcək. Fərqi varmı? Yəni 

fərqi varmı ki, yeri qalsın, ya qalmasın? Onsuz da, saat ki yoxdur, istəyir yeri 

görünsün, istəyir yeri görünməsin. 

Fira heç zaman məni sevə bilməzdi, çünki mən eyni bir adamla, lap 

xoşlamadığım bir adamla bir il bir otaqda qalıb heç hara çıxmaya bilərəm, bir il 

mütəmadi onunla nərd, ya «Duraki» oynaya bilərəm; uduzsam da yandırmaz, udsam 

da sevindirməz. 

Saatı qoluma taxdım. Tolik dedi ki, darıxıram, sən heç nə danışmırsan, mamam 

da gedib Bakıya mənə babamın «Moskviç»ini gətirsin, amma gəlmir. Tolik, 

doğrudan da, darıxırdı, çünki Tolikin yerinə olsaydım, mən də darıxardım, hərçənd 

son dəfə darıxdığım yadıma gəlmir. Yəqin ona görə ki, həmişə darıxdırıcılıq içində 

olmuşam və bu barədə fikirləşməmişəm – mənası yoxdur, ona görə. 

Bəs, niyə indi fikirləşirəm? 

Indi ki, fikirləşirəm, qoy lap möhkəm deyim: yoldaş  sənətşünaslıq namizədi 

Sabir Məlikov, bilirsənmi, niyə darıxmırsan, daha doğrusu, darıxmağın yadına 

gəlmir? Çünki həmişə sükunətin içindəsən, çünki bunun sənin üçün fərqi yoxdur – 

nə darıxmağın, nə də darıxmamağın. 

Bu nə fikirlərdir girir başıma?  

Tolikə dedim ki, gedək parkda gəzək, sonra da axşam naharı eləyək. Tolik dedi 

ki, əvvəlcə gedək yenə «Fantomas»a baxaq, sonra gedək gəzək, lap sonra da yeyək; 

Fantomas belə gülür: ha-ha-ha. Mən dedim ki, o cür yox, belə gülür: xa-xa-xa. 

Avtobus dayanacağındakılar dönüb mənə baxdılar. Istədim onlara baş  əyim, 

diqqətlərinə görə təşəkkür edim. 

Tolikə yemək yedizdirəndə Fira mənə  əl çalardı, mən də qalxıb ona baş 

əyərdim. Fira deyərdi ki, bilmirəm, bu camaat niyə səni duzsuz hesab eləyir, yenə 

həvəssiz adam hesab eləsəydilər, deyərdim hə.  

Bütün tanışlığımız müddətində Fira birinci və axırıncı dəfə mənə həvəssiz adam 

dedi və  mən, demək olar ki, bütün gecəni Sürrəyyanın yanında qurcalanıb Firanın 

necə də hədəfə dəydiyinə təəccüb edirdim. Əslinə baxsan, bu mənim üçün bir kəşf 

idi. Fikirləşirdim ki, həvəssiz adamam ona görə ki, arzusuzam. 



 

31

Bax, indi bu saat mənim nə arzum var? Birincisi: Sura Bakıdan tez qayıtsın, 



Tolik darıxır yaman; ikincisi: gələn il yenə bura gələk, buradakı  fəaliyyətsizlik 

mənim üçün gündə yavaş-yavaş beş  şüşə yaxşı çaxır içib həmişə samovar kimi 

dəmdə olmağa bərabərdir – heç nə barədə fikirləşmirsən, hər  şeyi başından 

çıxardırsan; fikirsizlik idilliyası – əgər çox gurultulu demədimsə; üçüncüsü: 

doktorluq dissertasiyasını yazıb qurtarıb tez müdafiə etmək ki, həm məvacib artsın, 

həm də yük götürülsün çiynimdən, nigarançılıq qurtarsın; dördüncüsü... Nədir 

dördüncüsü? Dördüncüsü yoxdur. 

Fira heç vaxt məni sevə bilməzdi.  

Avtobusda biletsatana on beş  qəpik verib iki bilet aldım. Biletsatan pulun 

qalığını – sarı bir beşqəpikliyi qaytardı. Beşqəpiklik təptəzə idi, çıraq kimi yanırdı. 

Tolik bu beşqəpikliyi məndən aldı.  

Indi Firagildə ara qarışıb, məzhəb itib yəqin, qırğın-qiyamətdir. Üç bacı idilər, 

ikisi Firadan kiçik, ikisi də ərdə, amma Fira ən qəşəngi idi. Bir də anaları var, Bikə 

xala, yaxşı düşbərə, qutab bişirir. Atası yoxdur. 

Firanın atasına nə olub, nə vaxt ölüb? Indiyə  qədər bu barədə heç nə 

soruşmamışam, indi yadıma düşür. Bəlkə müharibədən qayıtmayıb, bəlkə o da 

maşın altında qalıb ölüb? 

Yeddi il idi, demək olar ki, hər gün Firanı görürdüm, təkcə Iosif Samoyloviç 

Bassın hüzurunda olduğumuz vaxtlardan başqa. 

Tolik dedi ki, bax, əvvəlcə «Fantomas»a gedəcəyik ha. Mən də dedim ki, yaxşı, 

özü də qorxma, axşam olmamış axşam naharı eləməyəcəyik, axşama da hələ çox 

qalıb. 


Bir dəfə  mən birinci kursda oxuyanda Hacıgilə  yığışmışdıq – Hacı  həmişəki 

kimi xudmani bir məclis düzəltmişdi; atası tez-tez gedirdi rayona, ev də qalırdı onun 

ixtiyarında, anası da qulluğunda müntəzir. Dörd-beş nəfər idik, hamımız da bir yerdə 

oxuyurduq. Birdən Hacı dedi ki, hərə öz arzusunu söyləsin:  ən böyük arzusunu. 

Hərə bir-bir ən böyük arzusunu söyləyirdi, növbə  mənə çatanda deməyə söz 

tapmadım, çox əttökən bir arzu quraşdırıb ekspromt dedim. Dedim ki, mənim də ən 

böyük arzum budur ki, sizin arzularınız həqiqətə çevrilsin. Hacı durub üzümdən 

öpdü ki, ən böyük arzu səninkidir. Mən isə özüm öz süni arzumdan utandım, gecə də 

evdə yatanda arzusuzluq dərdi yuxumu qaçırtdı, cürbəcür fantastik şeylər 

arzulamağa başladım: öz xalqımın və öz Vətənimin qəhrəmanı olacağam, bütün 

dərdləri sağaldacağam, elə an olacaq ki, Danko kimi ürəyim əlimdə bərq verəcək və 

s. Bunlar özü də arzudan daha çox obıvatel xəyallarına bənzəyirdi – özüm çox gözəl 

başa düşürdüm bunu. 

Həvəssizlik arzusuzluqdan gəlir, arzusuzluq biganəlikdən doğur, bəs biganəliyin 

səbəbi nədir; ancaq odurmu ki, bir vaxt gələcək – hamımız öləcəyik? 

Jan Mare birinci dəfə güləndə Tolik həmişəki kimi: «Ux ta...» – deyə içini 

çəkdi, sonra mənə pıçıldadı ki, görürsən, Fantomas mənim kimi gülür. 

Mən də vahimələnərək: «Da, da...» dedim. 

Iki-üç ay bundan əvvəl Hacı  mənə bir söz dedi, heç yadımdan çıxmır o söz, 

çünki ən zəhləm gedən sözdür. Küçədə təsadüfən görüşdük, dedi ki, gedək futbola – 

«Neftçi» ilə «Dinamo» Kiyev oynayırdı. Dedim ki, yox, mən televizorla baxacağam. 

Hacı da mənə baxıb dedi ki, nə olub belə, səni əməlli-başlı ətalət basıb, bir az özünü 

silkələ. 

Yaman hirslənmişdim Hacıya, amma elə bil kim isə içimdən mənə deyirdi ki, 

heç hirslənib-eləmə, belədir ki, var. 



 

32

Axı, niyə, nə səbəbə məni ətalət basmalıdır? 



Ətalətin səbəbi mənasızlıqdır, heç nədə məna görməmək. 

Ilk dəfədir Kislovodskda belə  şeylər barədə fikirləşirəm,  ətalət kimi mücərrəd 

anlayışların sosioloji köklərini aramağa cəhd edirəm – əhsən mənə, həm bu fikirlərə 

görə, həm də bu gurultulu cümlələrə görə; amma de Fyunesin göz-qaşla danışmasına 

tamaşa etsəm, hamısından yaxşıdır. 

Tolik kimi gülə biləydim. Bax, bu da bir arzudur, dördüncü arzu. 

Tolik kimi gülə bilmərəm ona görə ki, Tolik hər şeyi həqiqət kimi qəbul edir – 

bu, onun üçün xoşdur və belə bir hal yaşdan asılı deyil; ola bilsin ki, Tolik mənim də 

yaşıma gələndə beləcə səmimi, ürəkdən gülsün, hər şeyi yenə də həqiqət kimi qəbul 

etsin, çünki bu onun üçün xoşdur, bu onun həyatını  mənalı edir. Mən isə  hər bir 

həqiqətdə bir yuxu qarışığı görürəm, yəni bu həqiqət mənasızlıq çalarlı olur. 

Dostum sənətşünaslıq namizədi, yaxşısı budur dinməz-söyləməz otur və de 

Fyunesə tamaşa et. Tamaşa et, əzizim Sabir, bu məlumdur ki, Isgəndərə qalmayan 

dünya sənə  də qalmayacaq və  bu  da  məlumdur ki, sənin etirazın dünya gerçəkliyi 

müqabilində bir heçdir. 

Kefli Isgəndər də deyirdi ki, mən bir heçəm. 

Bir dəfə boz payız idi, işdə oturub pəncərədən çölə baxırdım, bədlik basmışdı 

məni. Otaqda mən idim, bir də qoca sənətşünas var, özü də vurandır yaman – Kamal 

Əcəlsiz təxəllüslü – o idi. Mənə baxıb dedi ki, bu boz həyata nə tamaşa edirsən belə, 

qanını da qaraldırsan, gəl sənə elə bir mehrab göstərim ki, üzünü çevir ona mənim 

kimi, həmişəlik. Sonra da bir naməlum rəngli köhnə portfeli var idi, açıb içindən 

yarımlitrlik «Moskovski» çıxararaq mənə göstərdi, yenə «Moskovski»ni portfelinin 

içində gizlədib çox ciddi surətdə gözlərini mənə zillədi. Mən də dedim ki, yox, 

Kamal  Əcəlsiz, o mehrabın qabağında durub namaz qıla bilmərəm. Dedi ki, özün 

bil, mən sənə yol göstərdim, borcum idi, sonra da gözlərini zillədi qarşısındakı 

köhnə əlyazmasına. 

Mən ona görə belə cavab verdim ki, araqdan zəhləm gedir, çünki araqda da bir 

məna görmürəm, ikincisi mənim ailəm var, Toliki böyüdüm gərək. 

Bax, bu da beşinci arzu: Toliki böyüdüb boya-başa yetirmək. 

Maraqlı olardı ki, bu saat durub gedib telefonxanadan Hacıya zəng edəsən, 

salamsız-kəlamsız soruşasan ki, yadına gəlirmi, bir dəfə sizdə oturmuşduq, dörd-beş 

nəfər idik, bir-bir arzunuzu söylədiniz, mən də ən böyük arzumu söylədim ki, sizin 

arzularınız həqiqətə çevrilsin, indi nə oldu. Həqiqətə çevrilibmi o arzularınız? Yəqin 

elə bilər ki, dəm-zadam, ya da soruşar ki, hansı arzular idi biz söylədiklərimiz? Mən 

də deyərəm ki, deməli, boş arzular imiş o arzular, çünki yadınızdan çıxıb artıq, 

özünüz özünüzü aldadırmışsınız, deməli, həqiqətə çevrilməyib o arzular; bir də ona 

görə həqiqətə çevrilməyib o arzular ki, mənim arzum yalançı arzu idi, yəni mənim 

elə bir arzum yox idi ki, sizin arzularınız həqiqətə çevrilsin. 

Deməli, heç birimizin arzusu həqiqətə çevrilməyib: bəs niyə  mən sizin kimi 

deyiləm, niyə sən futbola stadionda baxırsan, mən televizorda, niyə sənə elə gəlir ki, 

məni ətalət basıb, amma mən səndə bir nikbinlik, bir enerji görürəm, niyə Fira mənə 

həvəssiz adam deyir, mən ki, Oleq Popovu əvəz edə bilirdim onun üçün? 

Ona görə  mən siz deyiləm ki, o zaman sizin arzularınız həqiqi arzular idi, 

hərçənd özünüz özünüzü aldatmadığınıza inanırdınız, mənim arzum isə yalançı idi.  




 

33

Ona görə mən siz deyiləm ki, sizin indi də inandığınız və sevdiyiniz arzular var, 



həqiqi arzularınız, mən isə... Bu gün heç, bu gün bir müstəsnadır; sabah yenə hər şey 

öz qaydasına düşəcək, sabah gün saatın yerini qaraldacaq, saat olmasa da, vaxt gün-

gün, il-il, əsr-əsr keçəcək. 

Hər  şey insanın özündən asılıdır, insanın həyatı öz əlindədir, özü öz həyatını 

dəyişdirə bilər – bunlar hamısı yaxşıdır, amma bütün bunlar üçün gərək həvəs olsun, 

məndə isə belə bir həvəs yoxdur, çünki bunda heç bir məna görmürəm və bütün 

bunlar barədə də fikirləşmirəm; fikirləşmirəm ona görə ki, hər gün Firəngiz ölmür. 

Tolik dedi ki, heyıf qurtardı kino, sonra dedi ki, gəl bir də baxaq. Mən də dedim 

ki, sabah gəlib bir də baxarıq, bu gün bəsdir. 

Kamal  Əcəlsizin qəribə  təxəllüsü var, yəni ki, mən  əcələ inanmıram, harada 

qırıldı, qırıldı. Bu özü də elə bir etirazdır, Kamal Əcəlsizin imkanı daxilində olan bir 

etiraz, hərçənd Fira deyərdi ki,– Fira onu üç-dörd dəfə Tolikin ad günündə 

görmüşdü – hə, Fira deyərdi ki, bu kişi gərək təxəllüsünü  Əcəlsiz yox, Əlacsız 

qoyaydı. 

Fira özü də əlacsız idi, çünki Fira ölüb. 

Biz hamımız  əlacsızıq, amma gərək öz-özümüzü aldadaq, aldatmasaq, axırı 

mənim kimi olur. 

Mənə nə olub bəyəm? 

Yenə  təzədən başlayaqmı? Həvəssizsən, həvəssizliyi doğuran arzusuzluqdur, 

arzusuzluğu doğuran... və s. bayaqkı ardıcıllıqla. 

Tolik yenə dedi ki, tez-tez gedirsən. 

Əlbəttə, Tolikin yerinə  mən də olsaydım darıxardım. Kaş  mən də darıxmağı 

bacaraydım. Bax, bu da altıncı arzu və bu altı arzunun altısı da bir qara qəpiyə 

dəyməz, təkcə Toliki böyütmək arzusundan başqa, hərçənd bu da arzu yox, sövq-

təbii istəkdir, heyvanlarda da var. 

Mən darıxmağı bacarsam da, bacarmasam da, dəxli yoxdur, əhəmiyyətsizdir, 

çünki hər ikisi bacarıqdır: darıxmağı bacarmaq bacarığı və darıxmağı və darıxmağı 

bacarmamaq bacarığı və hər ikisi boşdur. 

Tolik univermağın vitrini qabağında ayaq saxladı. Qıpqırmızı, nikelli motosikl 

günortadakı kimi vitrində idi. Dayanıb yenə tamaşa etdik. 

Tolikin gözlərindən qığılcım yağırdı – elə  həsrətlə, elə maraqla baxırdı bu 

motosiklə. Sonra mənə baxdı, yenə  mənə baxdı, dedi ki, gəl bu motosikli alaq. 

Gülüb dedim ki, nə ilə alaq, hanı pulumuz? Cibindən bayaqkı beşqəpikliyi çıxarıb 

dedi ki, bude, bununla alaq. 

Beşqəpiklik qızıl kimi parıldayırdı. 

Əlbəttə, mən bu motosikli ala bilərdim: bütün yayı  xərcləyəcəyimiz pul 

portmanatın içində, cibimdə idi – bəlkə də çatardı. Nədənsə, mənə elə gəldi ki, əgər 

mən bu motosikli alsam, həmin an mənim həyatımın dönüş nöqtəsi olar. Mən 

Sürəyyanın da qarşısında cavab verə bilərdim, hərçənd təcili olaraq Bakıya 

qayıdacaqdıq. Əgər mən bu motosikli alsaydım, heç bir böyük ailə iğtişaşı və yaxud 

faciə baş verməzdi; əgər bir hadisə – qoy lap faciə olsun, baş versəydi də, deməli, 

belə olmalı idi. Fəqət bu motosikli almağa, sadəcə olaraq, mənim həvəsim yox idi, 

çünki artıq hər şey geridə idi, artıq bunun bir mənası yox idi.  

Beşqəpikliyi Tolikdən aldım və univermağa girdik. Oyuncaq satılan  şöbəyə 

yaxınlaşıb bir manat əlli səkkiz qəpik verdim və Tolik üçün bir motosikl aldım. 

– Niyə doğruçu motosikl almadın? 

– Sən böyüyəndə alarıq. 



 

34

– Indi alardıq, sən sürərdin. 



– Axı, mən sürə bilmirəm. 

– Niyə sürə bilmirsən? 

– Ona görə ki... Yəqin öyrədən olmayıb, ya da... ya da özüm qorxmuşam, ya 

da... bilmirəm niyə... 

– Onda, indi öyrən sürməyi. 

– Indi öyrənə bilmərəm. 

– Niyə öyrənə bilməzsən? 

– Çünki gecdir daha. 

Bir az nə isə fikirləşəndən sonra dedi:  

– Mən böyüyəndə motosikl sürə biləcəyəm. 

– Yaxşı olar, – dedim. 

Bu gün Toliki axşam naharı əzabından xilas etdim, Sürəyyanın gözündən iraq. 

Sonra avtobusa minib geri qayıtdıq, Iosif Samolyoviç Bassın hüzuruna. 

 

Köhnə hamam, köhnə tas, 



Köhnə pansion, köhnə Bass. 

 

Firanın eyni yoldan zəhləsi gedirdi, hər gün səhər-səhər tutaşırdı Sürəyya ilə. 



Mən neçə ildir ki, eyni yolla Bassın hüzuruna qayıdıram. 

Bu yolu motosikllə də qayıtmaq olardı; sürətlə; eynilik bilinməzdi onda. 

Bir də ki, istəyir eynilik bilinsin, istəyir bilinməsin– mənası yoxdur. 

...Həmin beşqəpikliyi yadigar saxlayıram, indi də portmanatımın gözündədir: 

tək-tənha, qızıl kimi parıldayan beşqəpiklik.   

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin