Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə14/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   10   11   12   13   14   15   16   17   ...   147
Oktyabr, 1971. 

 

 



 

 



 

80

BALADADAŞIN ILK MƏHƏBBƏTI  

  

Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd 



yer üzündə bircə  kənd idi, çünki gün möhkəmcə  şığıyırdı, hamı da gizlənmişdi 

evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı 

deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı 

idi. 


Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, 

taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş  həyətlərindən, salxımları qoralamış 

meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca 

günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil 

qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin 

tənhalığına layla deyirdi. 

Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa; Baladadaş kəndarası 

asfalt yolun səkisində, tut ağacının dibində oturmuşdu və bütün kənd camaatından 

fərqli, günün bu cırhacırında istidən qorxub-eləmirdi; ağacın qotur kölgəsi nə vaxt 

idi yerini dəyişmişdi, amma Baladadaş yerini dəyişməmişdi, elə-eləcə günün altında 

oturub mürgü döyürdü. 

Baladadaş yalın ayaqlarına səndəl geymişdi,  əynində parusin şalvar, qısaqol 

miləmil trikotaj köynək var idi, başına «aerodrom» kepka qoymuşdu və  hərdənbir 

tər damcıları bu «aerodrom» kepkanın altından yuvarlanıb Baladadaşın sısqa 

sifətindən üzüaşağı axırdı. 

Içi pivə  çəlləkləri ilə dolu bir yük maşını asfaltdan gəlib keçdi və bu maşının 

tırıltısı Baladadaşın heç xoşuna gəlmədi, ağcaqanadın  əlindən gecə yaxşı yata 

bilmədiyinə görə,  əməlli-başlı  qızarmış gözlərini açıb yerindən tərpənmədən 

maşının ardınca baxdı, sonra gözlərini qıyıb günəşə baxdı, sonra da tut ağacının 

yerini dəyişmiş qotur kölgəsinə baxdı, amma ərindiyindən və  kəsalət onu 

basdığından yenə  də yerindən tərpənmədi, ayaqlarını irəli uzadıb sidq-ürəkdən 

əsnədi və qollarını da geniş açıb yaxşıca gərnəşdi. 

Qarşıdakı  həyətin daş hasarından bir oğlan uşağının başı göründü və bu oğlan 

uşağı Baladadaşı görən kimi, tez də başını çəkdi, o saat da həyətin göy darvazasının 

kiçik qapısı açıldı və həmin oğlan uşağı həyətdən çıxıb Baladadaşa tərəf gəldi; bir 

əlində yaxmac tutmuşdu, o biri əlində də taxta parçası, gəlib Baladadaşın qabağında 

dayandı və yaxmacdan dişləyib ləzzətlə çeynəyə-çeynəyə taxta parçasını ona uzatdı: 

– Şumaqədər yon də mənimçün!.. 

Baladadaşdan səs çıxmadı. Oğlan yenə yaxmacdan ləzzətli bir dişdəm alıb dedi: 

– Nolar, yon də!.. 

Baladadaşdan səs çıxmadı. Oğlan ağzındakı dişdəmi çeynəyib qurtardıqdan 

sonra yenə dedi:  

– Nolar... 

Baladadaş gözlərini qıyıb bir müddət oğlana baxdı, elə bil, onu birinci dəfə idi 

görürdü, sonra dedi: 

– Qəmişini çək məndən. 

Oğlan  əlindəki yaxmaca baxdı  və elə bil, bir az məyus oldu ki, yaxmacın 

qurtarmasına az qalıb, dedi: 

–  Əhmədağanı  əsgərliyə aparanda demədin ki, onun yerinə  şumaqədər 

yonacaqsan mənə? 

Baladadaşdan səs çıxmadı.  



 

81

Oğlan dedi: 



– Dünən  Əhmədağadan məktub gəlmişdi, soruşurdu məndən ki, şumaqədər 

yonur səninçün Baladadaş? Sonra da yazmışdı ki, məndən atəşin salam deginən 

Baladadaşa. Öz canımçün. 

Baladadaş  əvvəlcə yenə heç nə demədi və yenə  də bir müddət yerindən 

qımıldanmadı, sonra bir balaca gərnəşdi,  əlini  şalvarının cibinə salıb «Avrora» 

çıxartdı, içindən bir dənə siqaret götürüb qoydu qulağının dibinə, qutunu soxdu 

cibinə  və bu dəfə  də o biri əlini  şalvarının o biri cibinə salıb açılıb-örtülən bıçaq 

çıxartdı, açıb dırnağında itiliyini yoxladı və dedi: 

– Ver bura. 

Səhərdən bəri səbrlə Baladadaşdan cavab gözləyən oğlan  əlindəki taxta 

parçasını ona verdi və Baladadaş da taxta parçasını alıb o tərəf-bu tərəfinə baxdı, 

sonra da yonmağa başladı. 

Qarşıdakı göy darvazanın kiçik qapısı yenə açıldı  və  həyətdən bir qadın çıxıb 

Baladadaşın yanındakı oğlanı səslədi: 

– Ağanəcəf, ay Ağanəcəf! 

Ağanəcəf anasına tərəf baxdı: 

– Nə var? 

– Gəl otur uşaqların yanında, gedirəm bazara. 

Ağanəcəf bir anasına baxdı, bir Baladadaşa və  əlindəki yaxmacın axırıncı 

tikəsini ağzına soxub çeynəyə-çeynəyə dedi: 

– Qurtaranda çağır gəlim götürüm, hə? 

Baladadaş öz işində idi və elə bil heç nə  eşitmirdi və ümumiyyətlə, elə bil ki, 

dünya Baladadaşın vecinə deyildi. 

Ağanəcəf qaçıb həyətə girdi.  

Qadın gəlib Baladadaşın yanından keçəndə ayaq saxladı: 

– Necəsən, Baladadaş, anan necədir? 

Baladadaş başını qaldırmadan: 

– Yaxşıdır, – dedi. 

– Haçan gedirsən əsgərliyə? 

– Payızda. 

– Inşallah. Əhmədağa da kursa girib orda. 

Baladadaş başını qaldırıb qadına baxdı: 

– Mən də girəcəyəm. 

– Inşallah. 

Qadın yoluna davam etdi. Baladadaş da taxtanı yonmağa başladı və birdən yenə 

başını qaldırıb qadının ardınca qışqırdı: 

–  Əhmədağaya salam yazun məndən, atəşin. Yazun ki, salamduası var sənə 

Baladadaşın.  

Qadın gülümsəyib başını tərpədə-tərpədə: 

– Salam göndərən sağ olsun, çox sağ ol, – dedi və tini burulub gözdən itdi. 

Yenə də bir kənd idi, bir günün cırhacırı, bir də tut ağacının altında oturub cidd-

cəhdlə şumaqədər yonan Baladadaş. 

Bir də dəniz idi; göy uzaqda üfüq xəttilə birləşirdi və güclə sezilən bu üfüq xətti 

elə bil ki, dünyanın axırı idi. 

Göy tərtəmiz idi, dəniz də dalğasız, səssiz-küysüz və bu təmizlikdə, bu 

səssizlikdə bu dəqiqə elə bir əbədilik var idi ki, elə bil dünyada nə yağış olub, nə 

çovğun, nə dəniz uğultusu, nə də ki, bir başqa şey. 



 

82

Əvvəlcə yük maşınının səsi gəldi, sonra özü göründü və  səs sala-sala asfalta 



gəlib Baladadaşın yanından ötdü, iyirmi-iyirmi beş metr aralıda dayandı. 

Maşının banında yekə bir dəst yorğan-döşək, miz, taxta kətillər, böyük paltar 

dolabı, qab-qacaq, qazan, samovar var idi və belə məlum olurdu ki, təzə köç gəlib. 

Sürücü motoru söndürüb aşağı düşdü, o tərəf-bu tərəfə boylanıb dedi: 

– Hə, bude, bax, buradır. 

Kök bir qadın hıqqana-hıqqana kabinədən düşüb sürücünün göstərdiyi taxta 

qapıya baxdı, sonra ətrafa nəzər saldı, sonra dənizi əməlli-başlı süzüb: 

– Allah Muradın canını sağ eləsin, – dedi. – Lap əntiqə yerdə götürüb bağı. 

Sürücü cibindən çıxartdığı açarla taxta qapının ağzındakı yekə  qıfılı açdı  və 

qapını itələyib içəri boylandı. Əncir, heyva və nar ağacları bu balaca həyəti başdan-

başa kölgəlik eləmişdi. Artırmalı, birmərtəbəli binanın arxa tərəfi meynəlik idi. 

Həyətin aşağı başında kiçik bir bostan var idi, bostanın yanında isə ikimərtəbəli 

talvar və bu saat bir dəstə  sığırçın həmin talvarın alt mərtəbəsindəki kölgəlikdə 

civildəşə-cəvildəşə kefə baxırdı. 

Kök qadın bu xudmani həyətin səliqəsindən, kölgəsindən xeyli feyziyab 

olmuşdu və bir müddət beləcə dayandı qapının ağzında, sonra yəqin yadına düşdü 

ki, qapının ağzında dayanıb tamaşa eləməyə gəlməyiblər bura, şeyləri evə daşımaq 

lazımdır və görünür, bu da yadına düşdü ki, on səkkiz yaşında qəşəng bir qızı var və 

qız hələ bu xudmani həyətə baxmayıb. 

– Seva, bir gəl, bax gör nə aləmdi!.. – Kök qadın ətrafına nəzər saldı və yalnız 

indi hiss elədi ki, Seva səhərdən bəri gözə  dəymir, balaca bir təşvişlə sürücüyə 

baxdı. Sürücü də gözlərini  ətrafa dolandırıb təəccüblə çiyinlərini çəkdi, yəni gözə 

dəymir Seva xanım. 

Kök qadın get-gedə artan bir təşvişlə yük maşınının dörd tərəfini dolandı, o 

tərəf-bu tərəfə boylandı: 

– Sevil! Hardasan, Seva!.. 

Kök qadının təşvişi yavaş-yavaş sürücüyə də sirayət edirdi: 

– Seva xanım! 

Sürücü pəncələri üstə qalxıb maşının banına boylandı – heç kim yox idi. 

Doğrudan da, hardadı görəsən bu qız? 

Səhərdən bəri tut ağacının dibində oturub şumaqədər yonmaqla məşğul olan 

Baladadaş başını qaldırıb yük maşınına tərəf baxdı  və sonra yenə  də başını  aşağı 

salıb cidd-cəhdlə işinə davam etdi. 

Kök qadın sürücüyə yaxınlaşıb özü öz sözlərindən qorxurmuş kimi: 

– Birdən yolda uşaq maşından düşər a?.. – dedi. 

Sürücü onsuz da başını itirmişdi. Yenə  pəncələri üstə qalxıb maşının banına 

boylandı və dedi: 

– Murad yoldaş bilsə ki, Seva xanım kuzovda gəlib, mənim qanım getdi!.. 

Kök qadın daha sürücüyə təskinlik vermək halında deyildi, əməlli-başlı qorxuya 

düşmüşdü: 

– Sevil! Sevil! 

Birdən Sevilin səsi gəldi: 

– Nə var maması?.. 

Kök qadın duruxdu və sürücüyə baxdı. Sürücü yenə də çiyinlərini çəkdi və bu 

dəfə əyilib maşının altına baxdı, guya ki, Sevil maşının altında olacaqdı. 

Kök qadın yenə çağırdı: 

– Seva! 



 

83

– Bəli!... 



Sürücü də, kök qadın da çaşbaş qalmışdı və bu zaman maşının başındakı yekə 

paltar dolabının qapısı açıldı  və  əynindəki ağ donuyla elə bil ki, göyün yeddinci 

qatından uçub gəlmiş Sevil adlı məlakə reverans etdi, yəni ki, buyurun zati-aliləri, 

qulluğunuzda müntəzirəm. 

Kök qadın əlini sinəsinə aparıb: 

– Bir də ürəyimi partladacaqsan, – dedi, amma gülümsədi, çünki məlum 

olmuşdu ki, onun gözəl-göyçək qızı yolda maşının banından yerə düşməyib və 

başına başqa bir iş də gəlməyib, elə beləcə, həmişəki zarafatındadı. 

Sürücü, elə bil, ancaq indi başa düşdü ki, adamın atasını yandıran günün altında 

dayanıb, cibindən yekə dəsmalını çıxardıb üz-gözünün tərini sildi. 

Sevil pinq-ponq topu kimi bir göz qırpımında maşının banından yerə atıldı  və 

səhərdən bəri gözünü ondan çəkməyən Baladadaş da günün istisini hiss etdi, 

yerindən qalxıb  şalvarının dalını  çırpdı  və bu dəfə keçib tutun qotur kölgəsində 

oturdu. 


Sevil taxta qapıdan boylanıb baxdı və əlini əlinə vurub: 

– Oy!.. Kakaya krasata!.. – dedi. – Prosto prelest!.. 

Kök qadın bütün yayı qalacaqları bu xudmani həyəti bir də gözdən keçirib 

gülümsədi – həm öz yerinə sevinirdi, həm də qızının yerinə – və dedi: 

– Yaxşı, şey-meyi düşürdək ki, rahatlanaq. 

Sürücü banın yan sürahisini açıb aşağı sallatdı  və yükü bir-bir boşaldıb evə 

aparmağa başladı. Sevil də, anası da xırda-xuruş şeylərdən götürüb sürücüyə kömək 

edirdi və artıq qan-tərə batmış kök qadın hərdənbir yenə də heç nəyi vecinə almayıb 

tutun kölgəsində şumaqədər yonmaqla məşğul olan Baladadaşa tərs nəzərlər salırdı, 

yəni görmürsən təzə qonşular gəlib, kömək eləməkdənsə, kölgədə avaralanırsan. 

Baladadaş kök qadının, sonra da sürücünün tərs nəzərlərini öz üzərində hiss 

edirdi, amma Baladadaş da ona görə Baladadaş idi ki, öz bildiyini atasına da 

verməzdi, necə lazım bilərdi, elə də edərdi. 

Kök qadın lap birtəhər olmuşdu, hərçənd hərdənbir yük daşımaq ona ziyan 

eləməzdi. Sevil isə ding-ding dingildəyə-dingildəyə gəlib bir kitab götürürdü, ya lap 

kiçik bir bağlama götürürdü, aparırdı evə, təzədən qayıdıb yenisini götürürdü və elə 

bilirdi ki, əməlli-başlı iş görür. 

Axırda sürücü maşının banına qalxıb yekə paltar dolabını yerindən dəbərtməyə 

başladı və kök qadın da daha özünü saxlaya bilməyib üzünü Baladadaşa tutdu: 

– Ay oğlan, – dedi, – gəl kömək elə də bir az, görmürsən gücümüz çatmır?...  

Baladadaş başını qaldırıb bir müddət kök qadına baxdı və ondan soruşdu:  

– Mənimləsiz? 

– Hə... Bəs, kiminləyəm? 

Baladadaş yenə də bir müddət kök qadına baxdı və dedi: 

– Hambal gətirəydiniz də özünüzlə. 

Kök qadın başa düşə bilmədi ki, Baladadaş bu sözləri onları lağa qoymaq üçün 

deyir, ya elə, doğrudan da, bu fikirdədir və onlar gərək hambal gətirəydilər 

özləriylə? 




 

84

Tərdən ağ köynəyi bədəninə yapışmış sürücü acıqlı-acıqlı Baladadaşa baxıb nə 



isə demək istədi, amma bu zaman qapının ağzında dayanmış Sevil Baladadaşa baxa-

baxa pıqqıldadı və sürücü də daha heç nə demədi. Baladadaş «aerodrom» kepkasının 

yekə dimdiyi altından Sevilə baxdı, sonra əlindəki taxta parçasını  səkinin üstünə 

qoyub ayağa qalxdı, açılıb-örtülən bıçağını bağlayıb cibinə qoydu və  ədəb-ərkanla 

parusin şalvarının dalını çırpıb asta addımlarla maşına yaxınlaşdı. 

Sevil günün bu cırhacırında Baladadaşın başına qoyduğu kepkaya, qulağının 

dibindəki siqaretə baxdı və yenə də pıqqıldadı. 

Baladadaş gözucu qıza baxdı  və halına təfavüt qoymadan sürücüyə  işarə elədi 

ki, paltar dolabını  aşağı itələsin, özü isə kürəyini maşının başına söykəyib  əllərini 

yuxarı qaldırdı. 

Sürücü əvvəlcə tərəddüd etdi, çünki dolab çox yekə idi, Baladadaş cılız, amma 

Baladadaşın inamı ona da sirayət etdi və o, hıqqana-hıqqana paltar dolabını 

Baladadaşın kürəyinə endirdi. 

Baladadaş  əlləri ilə başının üstünə  əyilmiş dolabı tutub addım atmaq istədi, 

amma ağırlıq altında dizləri titrədi, gözləri qaraldı və o, bircə anın içində fikrindən 

keçirdi ki, əgər bu saat bu ağır yükün altından qaçmasa nə əsgərliyə gedə biləcək, nə 

də Əhmədağa kimi kursa girəcək, anası da ağlar qalacaq evdə və yadından çıxartdı 

ki, yanında on səkkiz yaşlı gözəl bir qız var və  qızın adı Sevildi və Sevil yaman 

güləndi. 

Baladadaş güclə kənara sıçradı ki, ağır dolabın altında qalıb xurd-xəşil olmasın 

və dolab da bayaqdı ha, gumbultu ilə ağzı üstə yerə – qır səkinin üstünə düşdü. 

Paltar dolabının gurultusundan sonra bir anlıq sükut çökdü və yalnız bu bir anlıq 

sükutdan sonra Sevil əvvəlcə pıqqıldadı, sonra da lap şaqqanaq çəkib güldü və onun 

bu gülüşü elə bil ki, kök qadını yuxudan oyatdı: 

– Vaxsey-y!.. 

Baladadaş  əvvəlcə  ağzıüstə yerə  sərilmiş dolaba, sonra da gülüşü ilə  kəndin 

həmişəki yeknəsəqliyini alt-üst edən Sevilə baxdı və dedi: 

– Eyb etməz, düzəldərik. 

Kök qadın özünü saxlaya bilmədi: 

– Nəyi düzəldərik, ay mən deyən? Xəşilə döndərmisən şifoneri, indi də deyirsən 

düzəldərik?!. 

Sevil yenidən şaqqanaq çəkib güldü. 

Yəqin ki, Murad yoldaşa nə cavab verəcəyi barədə düşünən sürücü matı-qutu 

qurumuş halda maşının banında dayanıb yuxarıdan-aşağıya Baladadaşa baxırdı  və 

ağzını açıb bircə kəlmə də deməyə halı yox idi. 

Baladadaş isə gözlərini dolabdan çəkib yenə Sevilə baxdı  və birdən-birə başa 

düşdü ki, cəmi yarımca saat bundan əvvəl heç tanımadığı bu on səkkiz yaşlı gözəl 

qız onun üçün çox doğma və əziz bir adamdır, bu hiss onun bütün bədənindən axıb 

keçdi və ona elə  gəldi ki, dənizin ləpələri bütün bədənini oxşadı; dənizi isə 

Baladadaş kimi duyan, hiss edən ikinci adam tapmaq çətin işdi. 

Baladadaşın ilk məhəbbəti belə başladı və bu ilk məhəbbətin ilk günortası həmin 

bu dolab əhvalatı ilə sona yetdi; Baladadaş əvvəlcə parusin şalvarının dalını çırpdı – 

guya ki, yenə  səkinin üstündən qalxırdı  və sonra heç nə olmayıbmış kimi, geri 

dönüb təkcə Baladadaşın gəzə biləcəyi asta və biganə yerişlə uzaqlaşdı. 




 

85

Hər tərəf dəniz idi və bu saat dənizdə balıqlardan başqa bir də Baladadaş 



üzürdü; balıqlar görünmürdü, amma Baladadaşın başı  dənizin üzərində qaralırdı, 

batırdı, çıxırdı; Baladadaş elə ehmallıca üzürdü ki, dənizin sakitliyi də öz 

sakitliyində qalırdı, səssizliyi də öz səssizliyində. 

Baladadaş suyun üzərində arxası üstə çevrildi və gözlərini göyə dikdi; göy də 

dəniz kimi intəhasız idi və bu göyün altındakı  dənizdə bir Baladadaş var idi, bu 

Baladadaşın isə ürəyində on səkkiz yaşlı gözəl bir qız var idi; bu qızın adı Sevil idi, 

özü də yaman güləyən idi.  

Həmin güləyən qız indi oturmuşdu təzə həyətlərindəki iri əncir ağacının altında, 

amma daha gülmürdü, əllərini xurmayı saçlarının arasından başının arxasında 

çarpazlayıb iri göy gözlərini zilləmişdi səmaya; səmaya baxırdı və şer deyirdi: 

 

Kak proşalis, strastno klyalis 



V vernosti lyubvi... 

Vmeste tayn priobşalis, 

Peli solovi... 

Vzyal qitaru na proşane 

I u strun istorq 

Vse priznanya, obeşanya,  

Vsey duşi vostorq... 

Da, toska zapolnila, 

Porvalas struna... 

Ne znala b, da ne manila 

Dalnya storona! 

 

Vspominay je, radi boqa, 



Vspominay menya, 

Kak sedoy tuman iz loqa 

Vstanet do pletnya...

 

 



Şeri deyəndən sonra əllərini geniş açıb gərnəşdi və yalnız bu zaman hasarın 

üstünə dırmaşıb ona baxan Baladadaşı gördü, əvvəlcə bir balaca duruxan kimi oldu, 

ondan soruşdu: 

– Sən də şer bilirsən? 

– Nöş bilmirəm?  

Sevil yenidən dikəlib maraqla dedi: 

– Yox a?... – Elə bil inanmırdı ki, Baladadaş şer bilir. – De də birini. 

– Məktəb-zaddı bəyəm?... 

Əlbəttə, Baladadaş bir para şer bilirdi, amma Baladadaş onu da bilirdi ki, bu 

şerlərin heç biri Sevilə layiq deyil; yəni Sevilin, bu təmiz göyün, bu səssiz-səmirsiz 

dənizin, bax, indiki bu dəqiqənin  şerləri deyil o şerlər; Baladadaş onu bilirdi ki

təmiz göyə baxıb  şer deyən qızla lap incə, zərif danışmaq lazımdır, amma məsələ 

burasında idi ki, Baladadaş incə və zərif danışa bilmirdi. 

Əslində Baladadaş bunu ancaq indi hiss elədi, indi hiss elədi ki, o, yəni on 

səkkiz yaşı ilə  bərabər məktəbi də yenicə bitirmiş  məşhur  şumaqədər ustası 

Baladadaş  qızla incə  və  zərif surətdə, yaxşı sözlər işlədə-işlədə danışmaq 

qabiliyyətində deyil. 



 

86

O, ürəyinin lap dərinliklərində hiss elədi ki, beləcə hasarın üstündə oturub onca 



metrlikdən tamaşa elədiyi bu qız əslində onun dünyasından çox-çox uzaqdadı, amma 

Baladadaş bunu da hiss elədi ki, günlərin bir günündə, dənizin sahilində, aylı-

ulduzlu bir yay gecəsində, özü də sərin bir gecədə bu uzun məsafə yox ola bilər, bu 

gözəl qız da lap dəniz kimi onun saçlarını sığallayıb öpə bilər. 

Baladadaş elə bil ki, bu öpüşü sifətində hiss etdi, diksindi və suçlu adamlar kimi 

qıza baxdı. 

Məlum məsələ idi ki, Sevil Baladadaşın fikirlərindən və bir neçə saniyə bundan 

əvvəl onun arıq üzündən öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın üzündən 

öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın başındakı «aerodrom» kepkaya baxıb 

gözlərini süzdü və Baladadaş da başa düşdü ki, onun bu saat şer deyə bilməməsi çox 

pis iş oldu. 

Sevilin anası artırmadakı qaz pilətəsinin üstündə təzə lobya qızardırdı və hasara 

dırmaşmış Baladadaşı görəndə lap cin atına mindi: 

 – Mənə bax, ora niyə dırmaşmısan? Başına yer qəhətdir? 

Baladadaş kök arvada baxdı  və heç nə deməyib hasardan yerə atıldı, parusin 

şalvarının dalını  çırpıb səndəllərinin burnu ilə qumu tozlandıra-tozlandıra 

hasarlararası yol ilə uzaqlaşdı. 

Sevilin anası pilətənin üstündəki lobyaya dörd-beş yumurta çırpıb hələ də əncir 

ağacının altında oturmuş qızına dedi: 

 – Murad gələcək indilərdə, dur qabdan-qacaqdan yığ stolun üstünə... 

Sevil Muradın adını eşidəndə gülümsədi və quş kimi qalxıb otağa girdi. 

Sevilin anası pilətənin odunu lap alıb sarımsaq  əzməyə başladı  və bu zaman 

həyətin taxta qapısı açıldı və Baladadaş hər əlində içi su ilə dolu bir vedrə hıqqana-

hıqqana gəlib dayandı həyətin ortasında. 

Sevilin anası  tərs-tərs Baladadaşa baxdı  və Baladadaş da bir müddət bu kök 

arvada baxıb: 

 – Şollar suyudur, – dedi. – Gətirdim sizinçün, işlədəsüz. 

Sevilin anası dedi: 

 – Get, bala, get. Səndən heç kim heç nə istəməyib, get öz işinə, gücünə... 

Baladadaş, «aerodrom» kepkasının altından tər damcıları süzülə-süzülə yenə də 

bir neçə müddət kök arvada baxdı və heç nə demədən geri dönüb əlindəki vedrələrlə 

birlikdə həyətdən çıxmaq istədi. 

Sevilin anası arxadan onu səslədi: 

 – Doğrudan şollar suyudu? 

Baladadaş ayaq saxlayıb kök arvada sarı çevrildi və bu kök arvadı inandırmaq 

üçün sidq-ürəkdən and içdi: 

 – Kepkam haqqı şollar suyudu, inanmırsuz? 

Sevilin anası elə bil eşitmədi:  

 – Nə? 

Baladadaş vedrələri yerə qoyub əlini kepkasına vurdu və dedi: 

 – Əşşi, kepkama and olsun ki, şollar suyudu, nöş inanmırsan e, sən?... 

Birdən Sevil evin qapısından həyətə tərəf boylandı və: 

 – Necə, necə?! – dedi. – Kepkam haqqı?.. – Sonra da başladı şaqqanaq çəkib 

gülməyə. 

Baladadaş başa düşmədi ki, Sevil indi nəyə gülür; əslində Sevilin gülməyi, özü 

də şaqqanaq çəkib gülməyi onun xoşuna gəlirdi və buna görə də heç ürəyində də ona 

acıqlana bilmirdi ki, adam belə güləyən olmaz. 



 

87

Sevilin anası dedi: 



 – Yaxşı, gətirmisən, ver işlədək, amma day zəhmət çəkmə bundan sonra. 

Baladadaş yenə də geri qayıdıb vedrələri hıqqana-hıqqana artırmaya qaldırdı və 

suyu iri dəmir qaba boşaltdı. Bu zaman həyətin qapısı  ağzında qırmızı  rəngli bir 

«Moskviç» dayandı. Sevilin anası o saat əl-ayağa düşdü: 

 – Murad gəldi! – dedi. – Seva, Murad gəldi! 

Sevil tələsik otaqdan çıxıb qaça-qaça həyətə düşdü. 

Anası da Baladadaşı yadından çıxarıb dəsmalla əllərini silə-silə həyətə endi. 

Murad otuz yaşında, boylu-buxunlu, yaraşıqlı bir kişi idi. O, maşından düşüb 

həyətə girəndə elə bil səhərdən bəri günün altında taqətsiz qalmış bu həyətə bir 

canlanma gəldi, bu balaca evin, artırmanın, pilətənin – hər şeyin sanbalı artdı. 

Murad: 

 – Hə, necədi? – dedi. – Necə yerləşmisiniz? 

Sevil: 

 –  Əntiqə! – dedi və özünü saxlaya bilməyib Muradın qoluna qısıldı; anası 

yanında olmasaydı, yəqin Muradın boynuna sarılacaqdı. 

Sevilin anası da bunu hiss eləyib bir az özünü itirən kimi oldu, sonra dedi: 

 – Lap yaxşıdı buralar. Lap yaxşıca da yerləşmişik. 

Murad ətrafı gözdən keçirib özündən və bütün bu həyət-bacadan razı halda dedi: 

 – Şəhərdə bir isti, bürkü var ki, adam nəfəs ala bilmir. 

Sevil onun gözlərinin içinə baxıb: 

– Yorulmusan? – dedi və elə dedi ki, anası yenə bir balaca özünü itirən kimi 

oldu: qız açıq-aşkar Muradın boynuna sarılmaq istəyirdi. 

Bu saat heç kim bilmirdi ki, dünyada Baladadaş adında bir adam var və 

tamamilə yaddan çıxarılmış Baladadaş boş vedrələri  əlinə alıb onların yanından 

ötmək istəyəndə Murad soruşdu:  

– Bu kimdir belə? 

Sevil, Baladadaşın «aerodrom» kepkasının altından tər damcıları süzülən 

sifətinə baxıb bərkdən güldü. 

Sevilin anası dedi: 

– Şollar suyu gətirib bizə iki vedrə. 

Sevil isə gülürdü. Baladadaş ayaq saxlayıb Sevilə baxdı. Baladadaş üçün fərqi 

yox idi ki, bu on səkkiz yaşlı gözəl qızın yanında bığıburma zırpı bir oğlan dayanıb 

və həmin oğlanın təptəzə qırmızı «Moskviç»i var və Baladadaşın gözlərini bərəldib 

beləcə qıza baxmağı bu oğlanın xoşuna gəlmir; Baladadaş birdən-birə onun üçün bu 

qədər doğma və  əziz olan bu göy gözlərə, xurmayı saçlara, ağ  bənizə baxmaq 

istəyirdi və buna görə də baxırdı. 

Murad  əlini cibinə salıb bir dənə gümüşü manatlıq çıxartdı  və Baladadaşa 

uzatdı: 


– Tut. 

Baladadaş gözlərini xurmayı saçlardan, göy gözlərdən, ağ  bənizdən çəkib 

gümüşü manatlığa baxdı. 

Əlbəttə, başqa vaxtlar olsaydı, Baladadaş ya söyüş söyərdi, ya gümüşü manatlığı 

alıb vızıldadardı göyün yeddinci qatına, axır ki, bir şey edərdi. Amma məsələ 

burasında idi ki, bu dəqiqə Baladadaş özünü tamam itirmişdi və bilmirdi ki, nə 

eləsin, çünki bu dəqiqə onun yanında on səkkiz yaşlı gözəl bir qız dayanmışdı, özü 

də bu qız göyə baxıb gözəl  şerlər deyə bilirdi və indi bu qız da həmin gümüşü 

manatlığa baxırdı. 



 

88

Sevilin anası dedi: 



– Elə-belə gətirib e, ay Murad, pulsuz. 

Murad gülümsədi: 

– Eyb etməz, qoy gedib pivə içsin, sərinlənsin. 

Baladadaş heç bir söz deməyib boş vedrələr əlində həyətdən çıxdı. 

Arxadan Muradın səsi gəldi: 

– Az oldu? 

Sonra da göygözlü, xumayısaçlı, ağbənizli həmin on səkkiz yaşlı  qız bərkdən 

güldü. 


Iki ay var idi: biri göydə, biri də  dənizdə  və  dənizdəki bu ay narın ləpələrin 

üzərində oynayırdı. Baladadaş sahildə – qumun üstündə oturub gözlərini dənizdəki 

aydan çəkmirdi. 

Bütün sahildə heç kim yox idi, bir dəniz var idi, bir Baladadaş, bir də dənizdəki 

bu ay. 

Sahilin bu tənhalığı bir həzinlik gətirmişdi və Baladadaş da həmin həzinlik 

içində gözlərini dənizdəki aydan çəkə bilmirdi. 

Nəhayət, Baladadaş ayağa qalxıb parusin şalvarının dalını çırpdı və yavaş-yavaş 

sahildən uzaqlaşıb qayıqların arası ilə kəndə tərəf gəldi. 

Ağanəcəfgilin həyətlərindən gələn mahnı  səsi aləmi bürümüşdü: Qədir 

Rüstəmov «Sona bülbüllər»i oxuyurdu və Baladadaş da mahnının müşayiətilə 

Sevilgilin təzə  həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan onların işıqlı 

artırmasına baxdı. 

Sevil, anası və Murad artırmadakı kiçik mizin arxasında oturub çay içirdi. 

Sevilin anası: 

– Sən Allah, maşını yavaş sür, – dedi. – Ürəyim qalacaq sənin yanında. Telefon 

da yoxdur ki, şəhərə çatanda zəng eləyib deyəsən. 

Murad gülümsədi: 

– Onsuz da yavaş sürürəm. Nigaran qalmayın. 

Sevil dedi: 

– Qal burda də, nə olar?.. 

Murad dedi: 

– Yaxşı deyil... 

Sevilin anası dedi: 

– Bircə toyunuzu tez eləsəydik... 

Baladadaş atılıb hasardan düşdü və dinməz-söyləməz parusin şalvarının dalını 

çırpıb Sevilgilin həyətlərindən uzaqlaşdı. 

Yenə günün cırhacırı idi və belə isti ola, özü də şənbə günü – dəniz də, sahil də 

adamla dolu idi.  

Baladadaş  dənizdən təzəcə  çıxmışdı  və az qala dizinəcən uzanan qara trusiki 

nazik baldırına yapışmışdı. 

Ağanəcəf əlindəki taxta şumaqədəri qumluğa yorta-yorta ona yaxınlaşdı: 

 – Əhmədağadan bu gün məktub almışıq. Sənə salam yazır. Deyir gəlsin mənim 

yanıma, Amurski oblasta. Deyir ki, kursa da girər, yaxşı. Ordan sonra vayenni 

akademiyaya da girmək olur əntiqə. Mən də bu gün yazdım ona ki, Baladadaş yaxşı-

yaxşı  şumaqədərlər düzəldir mənimçün. Anam da yazdı ki, Baladadaş salam deyir 

sənə. 

Baladadaş birdən-birə: 




 

89

– Sənə  nə var e... – dedi. – Dünya vecinə döyül!... – Sonra qumun üzərində 



uzanıb gözlərini qıydı və günəşə baxdı. 

Ağanəcəf ömründə Baladadaşdan belə sözlər gözləməzdi və matı-qutu qurumuş 

halda gözlərini döyüb bilmədi ki, nə desin. Sonra sahilə  tərəf gələn qırmızı 

«Moskviç»i göstərib: 

– Upravlyayuşi gəlir, – dedi. 

Baladadaş soruşdu: 

– Kim? 

Ağanəcəf dedi: 

– Upravlyayuşi. 

– Upravlyayuşi kimdir? 

– Ode, qırmızı «Moskviç»də gəlir. 

Baladadaş dikəlib qırmızı «Moskviç»ə baxdı, Ağanəcəf həsəd dolu gözlərini bu 

təptəzə qırmızı «Moskviç»dən çəkməyərək dedi: 

– Təzə qonşumuzdu qız. Bu da onun nişanlısıdı. Yayçün gəliblər, yenə 

qeyidəcəklər şəhərə payızda. Qızın anası deyir ki, upravlyayuşidi bu. Bilirsən neçə 

kilo olar qızın anası? Özü belə əntiqədi, ancaq anası yüz kilo olar. 

Baladadaş dizləri üstə qumda oturub Muradla Sevilə baxırdı. 

Sevilin xurmayı saçları  çılpaq çiyinlərinə tökülmüşdü. Sevilin çılpaq qıçları, 

yalın ayaqları qumun üzərində elə addımlayırdı ki, elə bil bütün bu dəniz də, bütün 

bu sahil də bu qıçların sahibinə məxsus idi. Muradın əzələləri sayılan sağlam bədəni 

dənizin sularını yardı, Sevilə yol açdı və onlar üzə-üzə sahildən uzaqlaşdılar. 

Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki... Sevildən başqa heç 

kim yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı 

saçları  dənizin üzünə yayılmışdı. Baladadaş Sevili əllərində tutub dənizin üzü ilə 

gəzdirirdi. Sevil gözlərini yummuşdu və gülümsəyirdi, həm də  şer pıçıldayırdı. 

Baladadaş Sevilin ağ  bənizinə, suyun üzünə yayılmış xurmayı saçlarına,  şer 

pıçıldayan dodaqlarındakı gülüşünə baxırdı və o da gülümsəyirdi.  

Sevil göy gözlərini açıb Baladadaşa baxdı, sonra əlini uzadıb onun sifətində 

gəzdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz təmi verən bu əli öpdü, 

öpdü və üfüqə baxdı. 

Gömgöy üfüq xətti bu dəniz xoşbəxtliyinin sərhəddi idi; bu üfüq xəttindən bu 

tərəfə Baladadaşla Sevilin aləmi idi; bu üfüq xəttindən bu tərəfə bütün dəniz 

Baladadaşla Sevilin idi və Sevilin xurmayı saçları bu dənizin üzərinə yayılmışdı. 

Baladadaş  əlləri üstündə tutduğu Sevilə  tərəf  əyilib onun xurmayı saçlarını  və 

dənizi öpməyə başladı. 

– Peyin var bağ üçün, istəmirsən? 

Baladadaş gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı, 

elə bil heç nə görmədi və heç nə eşitmədi, təzədən dənizə baxdı, lakin daha nə Sevil 

var idi, nə də Sevilin xurmayı saçları dənizin üzərinə yayılmışdı. 

– Peyin var deyirəm, bağ üçün, lazımdır? 

Baladadaş yenə  də gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca 

kişiyə baxdı, əvvəlcə elə bil ki, təəccüb etdi: bu kişi hardan peyda oldu belə? Sonra 

oturduğu yerdən ayağa qalxıb parusin şalvarının dalını  çırpdı, cavab gözləyən 

qocaya heç nə demədən adamsız, bomboş sahildən uzaqlaşdı. 

Araba da təkərləri cırıldaya-cırıldaya axşamın toranında sahillə yoluna davam 

etdi. 



 

90

Baladadaş qayıqların arasından keçib kəndə girəndə hava tamam qaralmışdı və 



o, yenə də Sevilgilin həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan işıqlı artırmaya 

baxdı. 


Sevil artırmadakı həsir kresloda təkcə oturmuşdu, əlində də kitab var idi. 

Sevil sakitcə oturub kitab oxuyurdu və  xəbəri yox idi ki, cəmi yarımca saat 

bundan əvvəl onun bu xurmayı saçları bütün dənizin üzərinə yayılmışdı; xəbəri yox 

idi ki, Baladadaş dənizin üzərinə yayılmış bu saçları cəmi yarımca saat bundan əvvəl 

öpürdü; xəbəri yox idi ki, onun bu xurmayı saçlarının  şorməzə  təmini indi də 

dodaqlarında hiss edirdi.  

Birdən Sevil göy gözlərini kitabdan çəkib bir neçə an qaranlığa – Baladadaşın 

hasara dırmaşdığı səmtə baxdı və dedi: 

– Yenə gəlib çıxmısan hasara? 

Baladadaşın ürəyi birdən-birə  qırılıb hasarın dibinə düşdü – qabaqlar belə  şey 

olmazdı Baladadaşda. 

Sevil dedi: 

 – Bilirəm də, hasarın üstündəsən. Dünən axşam da çıxmışdın ora. Elə bilirsən 

xəbərim yox idi? Murada desəm, bilirsən neyləyər sənə? 

Baladadaşdan səs çıxmadı. Təkcə qurbağalar quruldayırdı – deyəsən, yağış 

yağacaqdı. Bir də ki, cırcıramaların səsi aləmi götürmüşdü başına. Sevilgilin 

evindən də  səs gəlirdi – yəqin televizorla kino göstərirdilər və Sevilin anası da 

oturub kinoya baxırdı. 

Sevil gözlərini qaranlıqdan çəkmədən dedi: 

– Nə istəyirsən? Sənin tayınam? Get bir güzgüdə kepkana bax... Kepka deyil e, 

aerodromdur, aerodrom. Üstündən qalxıb aya uçmaq olar. 

Sonra Sevil özü öz sözlərinə güldü. 

Sevilin anası içəridən boylanıb soruşdu: 

– Kimlə danışırsan elə? 

– Heç kimlə. Özüm özümlə! – Sevil yenə güldü. – Olmaz? 

Baladadaş başa düşdü ki, aşağı düşmək və buradan əkilmək lazımdır, özü də heç 

vaxt bu hasara dırmaşmaq lazım deyil. Baladadaş bunu başa düşürdü, amma məsələ 

burasındaydı ki, əl-ayağı sözünə baxmırdı, elə bil ki, Sevilin sözləri onun ürəyini 

kəsib hasarın dibinə atmışdı, əlini, ayaqlarını qurutmuşdu. 

Sevil daha gülmürdü. Bu dəfə lap acıqlı-acıqlı dedi: 

– Niyə düşüb getmirsən? Sənin üzündən gedib evin istisində oturum? 

Yenə  də qurbağalarla cırcıramaların səsindən başqa cavab gəlmədi və Sevil 

hirslə ayağa qalxıb evə girdi, qapını da arxasınca çırpdı. 

Baladadaş bir müddət qurbağalarla cırcıramaların səsinə qulaq asdı, sonra axır 

ki, hasarın üstündən düşüb Sevilgilin həyətlərindən uzaqlaşdı. 

Bu dəfə Baladadaşın yadından çıxdı ki, parusin şalvarının dalını çırpsın. 

Kənd irəlidə idi və Baladadaş iki əlinin ikisini də parusin şalvarının ciblərinə 

salıb günün altında asfalt yolun ortası ilə kəndə tərəf addımlayırdı.  

Qırmızı «Moskviç» arxadan gəlib onun yanında dayandı  və Murad maşının 

pəncərəsindən boylanıb: 

Gəl otur, – dedi. 

Baladadaş bir qırmızı «Moskviç»ə, bir də  kənd tərəfə baxdı, sonra əllərini 

şalvarının ciblərində qurdalayıb maşına yaxınlaşdı, qapını açıb Muradın yanında 

oturdu. 


Qırmızı «Moskviç» yoluna davam etdi. 


 

91

Murad gözlərini asfaltdan çəkməyərək soruşdu: 



– Oxuyursan? 

Baladadaş elə bil ki, atasının maşınıymış kimi, yerini rahatlayıb dedi: 

– Oxumuram day. Qurtarmışam məktəbi. 

– Işləmirsən də? 

– Amurski oblasta gedəcəyəm payızda,  əsgərliyə. Qayıdandan sonra 

işləyəcəyəm. 

– Əsgərliyə? – Murad gülümsədi. – Özün öz ayağınla əsgərliyə gedirsən? 

– Hə, özüm öz ayağımla əsgərliyə gedirəm. – Baladadaş Murada baxdı və açıq-

aşkar hiss olunurdu ki, bu saat bu «Moskviç» sahibi onun gözlərində çox pis 

adamdı. 


Murad dedi: 

– Sənə nə var ki, subay oğlansan, lap dünyanın o başına da gedə bilərsən. Gündə 

də bir qızla kef eləyərsən. – Sonra əlini qaldırıb maşının sandıqçasını açdı və içindən 

balaca bir qutu götürdü. 

Qutuda qızıl medalyon var idi. 

Murad dedi: 

– Daha bizim günümüzdə deyilsən ki, gedib qızıldan, brilyantdan alıb gətirəsən 

ki, nişanlının xoşu gəlsin. – Sonra medalyonu çıxardıb köynəyinin döş cibinə qoydu 

və boş qutunu Baladadaşa uzatdı. – Al, yaxşı qutudu, bağışlayıram sənə. Adam 

hədiyyəni qutuda verəndə elə bilirlər ki, qiymətini gözə soxursan. Qiyməti də ki, 

həmişə yazırlar qutunun üstündə. 

Baladadaş boş qutunu aldı və dedi: 

– Saxla burda düşürəm. 

Qırmızı «Moskviç» kəndin girəcəyində  dənizə enən qum yolun yanında 

dayandı. Baladadaş qapını açıb maşından düşdü, sonra əlini cibinə salıb üç dənə 

iyirmi qəpiklik çıxartdı və dəmir pulları bir-bir maşının oturacağına atıb: 

– Çox sağ ol, – dedi. – Bu da yol xərcin. – Sonra maşının qapısını bağladı, 

parusin şalvarının dalını çırpa-çırpa dənizə tərəf addımladı. 

Murad arxadan nə isə  qışqırdı, amma Baladadaş heç nə  eşitmədi və geri də 

dönüb baxmadı.  

Baladadaş  dənizə  tərəf gedə-gedə  əlindəki medalyon qutusuna baxdı, sonra 

qutunu bir az qabağa atıb qaça-qaça havada təpiklə vurdu. Qutu göyün yeddinci 

qatına qalxdı və hara düşdüyü məlum olmadı.  

Baladadaş qaça-qaça «aerodrom» kepkasını, miləmil trikotaj köynəyini, parusin 

şalvarını, səndəllərini çıxarıb özünü dənizə verdi, bir az əl-qol atıb arxası üstə suyun 

üzərində uzandı və göyə baxdı; göy təmiz və sonsuz idi və bu saat sonsuz göy də bu 

dəniz kimi ancaq Baladadaşa məxsus idi. 

Baladadaşın ilk məhəbbət macərası beləcə sona yetdi və bu məhəbbət 

macərasını o, yalnız bir dəfə – qatara minib Amur vilayətinə əsgərliyə gedən zaman 

xatırladı və xurmayı saçların həmin şorməzə tamını dodaqlarında hiss etdi. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin