Bəhruz Kəngərli
(1892-1922)
Bəhruz (Şamil)
Şirəli bəy oğlu Kəngərli
1892-ci ildə Naxçıvanda
zadəgan ailəsində anadan
olub. Uşaqlıqda ciddi
xəstəlik keçirən Kəngərli
ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməmişdir. Bəhruzu yüksək əl
qabiliyyətinə görə Tiflisdə yerləşən Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin
nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbinə qəbul etmişlər. 1910-1915-ci
illərdə o burada təhsil almış, rəssamlığın bir çox istiqamətlərində gücünü
sınamışdır.
Bəhruz
Kəngərlinin
rəssam
kimi
püxtələşməsində
Cəlil
Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olmuşdur.
Yaradıcılığının ilk dövründə mollanəsrəddinçi rəssam O.Şmerlinqdən dərs alan
Bəhruz hər hansısa bir hadisənin və ya obyektin mahiyyətini bir baxışla anlamaq
və onu təsvir etmək vərdişlərinə yiyələnmişdi.
Karikatura və satirik rəsmlər çəkməyə başlayan rəssam çox keçmir ki,
rəssamlığın digər janrlarında da işləməyə başlayır. Onun akvarel və yağlı boyalarla
işlədiyi mənzərələr rənglərin əlvanlığı, boyaların rəngarəngliyi, təsvirin reallığı ilə
insanı valeh edir. Gücünü portret janrında sınamaq istəyən Bəhruz dostlarının bir
neçə uğurlu təsvirini yaratmışdır. Onun çəkdiyi ilk portretlər sırasında müəllimi
rəssam O.Şmerlinqin və tələbə yoldaşı - L.Qudiaşvilinin portretləri on
mükəmməlləridir. O, eyni zamanda təsadüfi, sadə insanların portretlərini də
204
çəkmişdir. Belə əsərlər arasında "Qoca kişi" portreti diqqəti daha çox cəlb edir.
Bəhruz Kəngərlinin məişət səhnələrini təsvir edən rəsm əsərləri böyük, çox
kompozisiyalı quruluşu, hər bir obrazın səlis işlənməsi ilə tamaşaçının diqqətini
cəlb edir. Belə əsərlər sırasında "Toy", "Elçilik" və s. süjetli rəsmlər xüsusilə
seçilir.
1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük sərgisi
keçirilmişdir. Orada göstərilən rəsmlər həmyerlilərini heyran etmişdir.
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan təbiətinin gözəllikləri, çəkdiyi
insanların cizgilərindəki müdriklik bu rəsm əsərlərinin diqqəti cəlb edən cəhətləri
idi. Süjetli əsərlər də maraqla qarşılanmışdır. O vaxt “İqbal” qəzeti sərgi və onun
müəllifi haqqında uzaqgörənliklə yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız
olacaqdır".
Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa möhlət tapmış rəssam
2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik
dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort və s. çəkmişdir.
Kəngərlini insanlarda onların daxili aləmi maraqlandırırdı. O, insanların zahirini
təsvir etməklə onların daxili dünyasını açıb göstərməyə çalışırdı. Dövrün qabaqcıl
ziyalılarının, sadə adamların B.Kəngərli tərəfindən işlənmiş portretləri ilk növbədə
məna dərinliyi ilə tamaşaçının diqqətini cəlb edir. Bu portretlər həm də yüksək
bədii zövqlə işlənmişlər. Onların arasında "Yaşlı kişi", "Gürcü" portretləri xüsusilə
seçilir.
Rəssamın yaradıcılığında mənzərə janrı
mühüm yer tutur.
Onun mənzərələrində əsasən təbiət gözəllikləri əks edilmişdir. "Şəlalə", "Dağlıq
mənzərə", "İlanlıdağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə
qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol", "Əshabi-kəhf
dağı" və s. mənzərələr bu qəbildən olan əsərlərdir.
"Payız", "Bahar" adlı rəsm əsərlərində ilin fəsillərinin xüsusiyyətləri,
Azərbaycan təbiətinin hər fəsildə gözəl olması göstərilir.
Azərbaycan xalqının tarixi-memarlıq abidələrini təsvir edən Kəngərli
onların vasitəsilə xalqımızın möhtəşəm keçmişindən söz açır. Rəssamın
mədəniyyət abidələri təsvirləri arasında "Mömünə xatın türbəsi" adlı əsəri öz
möhtəşəmliyi ilə seçilir. Bəhruz Kəngərli həm də Azərbaycan teatr rəssamlığının
banilərindəndir. O dövrdə teatrlarda peşəkar rəssamlar yox idi, dekorasiya və
geyimlər bir çox hallarda artistlərin özləri tərəfindən seçilir və yaradılırdı. Bəhruz
Kəngərli XX əsrin 10-cu illərində Naxçıvan teatrında Cəlil Məmmədquluzadənin
"Ölülər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhimbəy Haqverdiyevin
"Pəri-cadu" pyesləri əsasında hazırlanmış tamaşalara bədii tərtibat vermiş və geyim
eskizləri çəkmişdir, Azərbaycan Cümhuriyyətinin yaradılmasını rəğbətlə
qarşılayan Bəhruz Kəngərli milli müstəqil dövlətimizin mövcud olduğu illərdə
205
böyük işlər görmüşdür. Eyni zamanda, 1918 - 1920-ci illərdə o, yaradıcılığından da
qalmamış, boyakarlıq və qrafika əsərləri yaratmışdır. Əsl Azərbaycan vətəndaşı,
vətənpərvər bir insan olan Bəhruz Kəngərli 1918 -1920-ci illərdə erməni
daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir etmiş, öz dədə-baba
torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı
qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Rəssam bu əsərləri ilə
azərbaycanlıları onlara qarşı edilən vəhşilikləri unutmamağa çağırır, eyni zamanda,
dünya ictimaiyyətinə incəsənət əsərləri vasitəsilə Azərbaycan həqiqətlərini
çatdırmağa can atırdı.
Mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi
hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan portretlər canlılığı, reallığı
və psixoloji ifadəliliyi ilə fərqlənir. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız",
"Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın
qaçqın oğlan" və s. onlarca qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsi
baxımından deyil, tarixi sənəd kimi də dəyərlidir. Bəhruz Kəngərli portret ustası
kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilmişdir. Rəssam
təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba
ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və
kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Zəngəzurun Sovet
Rusiyasının əli ilə Ermənistana verilməsi, Naxçıvan və Qarabağa edilən təcavüzlər,
minlərlə vətənpərvər insanın qətlə yetirilməsi, Azərbaycanın talanması, xalqın öz
tarixindən və mədəniyyətindən uzaqlaşdırılması rəssama ağır təsir göstərmişdir. Öz
hisslərini cilovlaya bilməyən rəssam onları yaratdığı əsərlərlə büruzə vermişdir.
Olduqca məhsuldar işləyən rəssamın 1921-ci ildə Azərbaycanda açılan ilk
böyük sərgisində onun 500-dən artıq əsəri nümayiş etdirilmişdir.
Hal-hazırda Bəhruz Kəngərlinin əsərləri R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskvada
Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanır.
Bəhruz Kəngərli 1922-ci ildə Naxçıvanda vəfat etmişdir.
206
Hacı Zeynalabdin Tağıyev
Azərbaycan
iqtisadiyyatının
müstəmləkə xarakterinə zərbə vuran ilk
milli sənayeçimizdir. Xeyirxahlıq və
fəzilət nümunəsi, sərvət və səxavət
sahibi hesab edilən Tağıyev türk və
müsəlman dünyasının ən tanınmış
xeyriyyəçisi olmuşdur.
Azərbaycan tarixinə Hacı Zeynalabdin
Tağıyev Azərbaycan sahibkarlığının
görkəmli nümayəndəsi, xeyriyyəçi,
maarifpərvər və ictimai xadim kimi
daxil olmuşdur.
Hacı Zeynalabdin Tağıyev
(1823-1924)
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda İçərişəhər deyilən yerdə
anadan olmuşdur. Atası Məhəmmədtağı başmaqçı olduğundan ailəsi çox kasıb
yaşayırmış. Ailəsinə kömək məqsədi ilə Zeynalabdin də kiçik yaşlarından atasının
emalatxanasında işləməyə başlayır. 15 yaşına çatdıqda atası onu bənna yanına
fəhlə qoyur. Çox keçmir ki, oğlanın fərasətini görən bənna onu özünə köməkçi
teyin edir. Bir az pul qazandıqdan sonra Zeynalabdin ticarətlə də məşğul olmağa
başlayır.
1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı
icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır:
götürdüyü torpaqdan neft fontan vurur. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini
qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni
avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan
sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə
layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail
olur - 32 milyon pud (1 pud - 16 kq). Müqayisə üçün xatırladaq ki, Nobel
qardaşları şirkəti ildə 28 milyon pud neft hasil edirdi. O həm də Bakı neftini Xəzər
dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi.
Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının
müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçimiz oldu.
1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev
qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki
207
Azərbaycanda yeni istehsal sahəsinin başlanğıcı olur. Toxuculuq fabriklərini
xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün
torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir.
Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil
etmişdir. 1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq
vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək
üçün Port-Petrovsk (indiki Mahaçqala) şəhərində soyuducu zavodu, buz istehsalı
zavodu, çəllək zavodu inşa etdirmişdir. Tağıyevin fəaliyyət sahələrindən biri də
rabitə ilə bağlı olmuşdur. Telefon xətlərinin çəkilişində əsas mövqelər onun
şirkətinə məxsus idi. O həm də daşınmaz əmlakın alınıb-satılması ilə məşğul
olurdu. Tağıyev həmçinin Port-Petroskda tikiş fabriki, Moskvada ticarət
müəssisələri açmışdır.Onun metal emalı və gəmi təmiri zavodları da var idi.
Bakıda elektrik xətləri çəkən “Elektrosila” səhmdar cəmiyyətinin
direktorları arasında Tağıyev yeganə azərbaycanlı olmuşdur. 1903-cü ildə onun
təklifi ilə milli sahibkarlarımızdan ibarət yaradılmış yeni ittifaq Xəzər
yanacaqdoldurma donanmasında milli kapitalı bu sahənin əsas qüvvəsinə çevirdi.
Yeyinti sənayesinə diqqət yetirən Tağıyev üzüm bağları saldırmış, üzümçülük
təsərrüfatları yaratmış, Mərdəkanda elektrik dəyirmanı tikdirmişdır. Onun "Kür-
Xəzər gəmiçilik cəmiyyəti" xarici nəqliyyat şirkətləri ilə rəqabət aparırdı.
Tağıyevin bank kontoru kredit müəssisələri sırasına daxil olmuşdur. 1914-
cü ildə onun yaratdığı Bakı Ticarət Bankı yeni sənaye müəssisələrinin
maliyyələşdirilməsi, yerli sahibkarlara maddi dəstək verilməsi sahəsində
əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
1879-cu ildə Bakı şəhər Dumasının üzvü seçilən Tağıyev şəhərsalma
məsələlərinə böyük diqqət yetirir. 1905-ci ildə Tağıyev şəhər özünüidarəetmə
sistemində müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunmasını
təklif etmişdir. 1904-cü ildə Şollar - Bakı su kəmərinin tikintisinə şəxsi vəsaitindən
də xeyli pul ayırmış, ingilis mütəxəssislərini bu kəmərin çəkilməsinə dəvət
etmişdir.
Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik tədbirləri xalqın yaddaşına
əbədi həkk olunmuşdur. Bakıda ilk teatr binasını o inşa etdirmiş, müsəlman qızları
üçün ilk təhsil məktəbi, Abşeronda fəhlələr üçün ilk qəsəbə saldırmışdır (burada
abad evlərdən başqa, ambulatoriya və məktəb də var idi). Onun vəsaiti hesabına
kitablar, o cümlədən Seyid Əzim Şirvaninin, Sultanməcid Qənizadənin, Nəriman
Nərimanovun və başqalarının kitabları çap edilmiş, onlardan bəziləri Tağıyevin
hesabına xarici dillərə tərcümə və nəşr olunmuşdur. Tağıyev 1895-ci ildə "Kaspi"
qəzetini və nəşriyyatını alır. "Kaspi" nəşriyyatında çap edilən ilk kitab "Quran"
olmuşdur (Azərbaycan dilində). O, maarifçiliklə məşğul olan digər qəzet və
jurnalların nəşrlərinə də böyük sərmayələr qoymuşdur.
208
Milli kadrların hazırlanmasında Tağıyevin müstəsna xidmətləri olmuşdur.
O öz hesabına tələbələri Rusiyanın müxtəlif ali məktəblərində oxudurdu. Onun
köməyini almış şəxslər arasında Nəriman Nərimanov, Məşədi Əzizbəyov,
Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyli, Behbud ağa Cavanşir, Lütfəli bəy
Behbudov, Nəsib bəy Yusifbəyli, Mirzə Davud Hüseynov, Maxac Daxadayev, Mir
Həsən Vəzirov, Xudadat bəy Məlikaslanov, Şövkət Məmmədova, Ruhulla
Axundov və onlarca başqalarını göstərmək olar.
1902-ci ildə Şamaxı zəlzələsi zamanı Tağıyev bu şəhərin əhalisinə böyük
köməklik göstərmişdir. Tağıyev yeni tipli təhsil ocaqlarını ərəb, fars, rus, türk
dilində kitablarla, tədris vəsaiti və məktəb avadanlığı ilə təmin etdirirdi. Onun
"Nəşri-maarif", "Nicat" cəmiyyətləri kitab və dərsliklərin çap edilməsində qabaqcıl
yerləri tuturdu. O həmçinin Bakı texniki məktəbində 12 yoxsul müsəlman tələbəni
öz hesabına oxudurdu. Bakıda texniki-kommersiya və peşə məktəblərinin
açılmasına, onlarda kabinet və laboratoriyaların təşkil edilməsinə əlavə yardım
göstərirdi. Tağıyev öz hesabına yaşlılar üçün rus dili kursları təşkil etmişdi.
1905 - 1911-ci illərdə Cənubi Azərbaycanda baş verən hadisələr zamanı
Tağıyev inqilabçılara maliyyə köməkliyi göstərmişdir. O, İranda, Türkiyədə,
Hindistanda, Misirdə və başqa müsəlman ölkələrində məktəblərə, xeyriyyə
cəmiyyətlərinə böyük vəsaitlər keçirmiş, Rusiya müsəlmanlarına da yardımını
əsirgəməmişdir. Tağıyev Moskva, Peterburq, Odessa, Vladiqafqaz, Tiflis, Kutaisi,
Xarkov, Mahaçqala, Həştərxan şəhərlərində, eləcə də Krımın, Sibirin, Volqaboyu
ərazilərin müxtəlif şəhərlərində türk dilində məktəblərin açılışına böyük həcmdə
sərmayə qoymuşdur. Dərbənddə qızlar məktəbi onun sərmayəsi sayəsində fəaliyyət
göstərmişdir. Tağıyev Peterburqda gözəl bir məscid inşa etdirmişdir. Maraqlıdır ki,
Misir məktəblərində Tağıyevin müsəlman dünyasının görkəmli xeyriyyəçisi kimi
tanınmasına həsr edilən dərslər keçilmişdir.
Türkçülük mövqeyindən çıxış edən Tağıyev bəzən Rusiya rəsmi
dairələrinin əleyhinə getməkdən də çəkinmirdi. O, Balkan müharibəsi zamanı
osmanlılara pul yardımı göstərmiş, I Dünya müharibəsi gedişində ermənilərin
vəhşiliklərindən ziyan çəkmiş Osmanlı
vilayətlərinə köməklik əlini
əsirgəməmişdir. Tağıyev hətta gizli fəaliyyət göstərən "Müsavat" partiyasına da
yardım etmişdir. 1918-ci il mart hadisələri zamanı Azərbaycan dəstələrini təmin
edən Tağıyev əhali Abşeron kəndlərinə çəkiləndə İrandan dəniz yolu ilə ərzaq
gətirtdirib onu pulsuz olaraq camaata paylatmışdı. İsmayıl bəy Qaspralının
"Tərcüman" qəzetinin Qafqazda yayılmasına öz yardım əlini uzatmış Tağıyev
1917-ci ildə Qafqaz müsəlmanlarının qurultayına pul köməkliyi göstərmişdi.
1918-ci ildə Azərbaycanın müstəqillik qazanması xəbərini sevinclə
qarşılayan Tağıyev Azərbaycan Xalq Cümhuriyyətinin bütün tədbirlərində fəal
iştirak etmişdir. O, hökumət başçısı N.Yusifbəyliyə yazdığı təkliflər paketində
209
qeyd edirdi: "Siyasi müstəqillik yalnız maliyyə və iqtisadi müstəqillik əsasında
mümkündür. Bunsuz siyasi mənada azad vətəndaşlar sənaye və ticarət baxımından
özlərinin daha güclü qonşularının quluna çevrilirlər".
Sovet
hökuməti
Tağıyevin bütün əmlakını milliləşdirdi, lakin
N.Nərimanovun təkidi ilə ona Mərdəkandakı bağında yaşamağa icazə verildi.
N.Nərimanov onu həmişə - Bakıda olanda da, Moskvada işlədiyi zaman da himayə
etmiş, hətta dünyasını dəyişəndə haqqında qəzetlərdə nekroloq çap olunmasını
tələb etmişdir. N.Nərimanov Tağıyevi iqtisadi proseslərin gedişinə cəlb etmək
məqsədi ilə yazırdı ki, o hətta respublika üçün Qərb ölkələrindən kredit ala bilər:
"Qərbi Avropa ona daha çox etibar edər, nəinki bizə. Əgər o, kredit açarsa, həmin
pullara Qərbi Avropadan bizə lazım olan hər şeyi əldə edə bilərik". Lakin Moskva
bu təklifləri rədd etdi.
1924-cü ildə Mərdəkandakı bağında vəfat edən Hacı Zeynalabdin Tağıyev
elə həmin kənddə öz vəsiyyəti ilə axund Əbuturabın məqbərəsi yanında dəfn edilib.
N.Nərimanovun ölümündən sonra Tağıyevin adı tariximizdən silinmiş, onun ailəsi
isə təqib olunmuşdur.
210
Azərbaycan xalqının milli oyanışında və istiqlal
ideyalarının yayılmasında görkəmli Azərbaycan
şairi Mirzə Ələkbər Sabir (Tahirzadə) müstəsna
xidmətləri olmuşdur. Maarifpərvər ziyalı olan
Sabir ictimai satira formasını inkişaf etdirərək
onu inqilabi satira səviyyəsinə qaldırmışdır. O,
haqlı olaraq bu ədəbi məktəbin banisi hesab
olunur. Azərbaycan xalqının milli şüurunun,
özünüdərkinin formalaşmasında Sabir poeziyası
müstəsna əhəmiyyətə malik olmuşdur. Klassik
Azərbaycan
poeziyasının
ənənələrindən
bəhrələnən Sabir şeri Azərbaycan poeziyasını
yeni bir zirvəyə qaldırmışdır.
Mirzə Ələkbər Sabir
(1862-1911)
Mirzə Ələkbər Sabir (Tahirzadə) 1862-ci il mayın 30-da qədim
Azərbaycan şəhəri Şamaxıda anadan olmuşdur. Xırda alverlə məşğul olan atası
Məşədi Ələkbər Hacı Zeynalabdin Tahirzadə kasıblıq ucbatından ailəsini güclə
dolandırsa da, uşaqlarını oxutmağa çalışmışdır. İlk təhsilini 1869-1874-cü illərdə
Şamaxıda mollaxanada almış Mirzə Ələkbər daha sonra görkəmli Azərbaycan
ziyalısı Seyid Əzim Şirvaninin "üsuli-cədid" məktəbinə daxil olmuş və 1875-1877-
ci illərdə burada təhsil almışdır. Məktəbdə mütərəqqi üsullarla qurulmuş təhsil
sistemi Sabirin dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir.
1884-cü ildə 22 yaşında ikən o səyahətə çıxmışdır. Mirzə Ələkbər Sabir
Qafqaz, İran, Orta Asiya və İraqın şəhərlərində olmuş, müsəlman ölkələrində həyat
tərzini, mövcud problemləri müşahidə etmişdir. Aşqabat, Buxara, Səmərqənd,
Mərv, Səbzəvar şəhərlərində Sabir bir çox özbək və türkmən ziyalıları ilə dostluq
əlaqələri yaratmışdır. 1886-cı ildə vətənə qayıdan Sabir artıq belə qənaətə gəlmişdi
ki, müsəlman ölkələrini, demək olar, eyni problemlər bürümüşdür. Onları aradan
qaldırmaq üçünsə ilk növbədə təhsil sistemi təkmilləşdirilməlidir.
Şamaxıda yaşayan Sabir burada sabun bişirməklə güzəran keçirirdi. Aza
qane olan ziyalı insan bu dövrdə öz düşüncələrini, görüb-götürdüklərini şeirləri
vasitəsilə ifadə etməyə çalışırdı. İlk şerini hələ 8 yaşında yazan Sabir onları
qohumlarından başqa heç kəsə göstərmirdi. 1901-ci ildə Azərbaycanın
maarifpərvər şairi Abbas Səhhətlə görüşən Sabir şeirlərini ona göstərmiş və ondan
211
bu şeirləri çap etdirməkçün məsləhət almışdır. Abbas Səhhəti Sabirin şeirlərindəki
vətənpərvərlik, incə yumor hissi və satiranın orijinal tərzdə vəhdət təşkil etməsi
cəlb etmişdir. Şamaxı ziyalılarından Ağəli bəy Nasehin təşkil etdiyi ədəbi məclisin
üzvü olan Sabir maarifpərvərlik ruhunda yazdığı "Şükrillah ki, afitabi süxən"
misrası ilə başlayan şerini 1903-cü ildə Tiflisdə "Şərqi-Rus" qəzetində çap
etdirmişdir. Firidun bəy Köçərli və Sultanməcid Qənizadə ilə dostluq Sabirin
ictimai həyatla bağlı düşüncələrinin formalaşmasına böyük təsir göstərmişdir.
1905 - 1907-ci illərin təlatümlü hadisələrində geniş ictimai və ədəbi
fəaliyyət göstərən Sabir əvvəlcə "Həyat", sonra isə "İrşad" qəzetlərində şeir və
məqalələr dərc etdirmişdir. 1906-cı ildən başlayaraq şair "Molla Nəsrəddin" jurnalı
ilə əməkdaşlıq edir. Onun bu jurnalda çap olunmuş "Millət necə tarac olur-olsun,
nə işim var" adlı şeri dillər əzbəri olmuşdu. 1906 - 1910-cu illərdə Sabir "Molla
Nəsrəddin" jurnalında 156 şeir çap etdirmişdir. Şeirlərinə görə mürtəce qüvvələr
tərəfindən təqiblərə məruz qalan şair onları daim dəyişilən təxəllüslərlə (cəmi 40-a
yaxın təxəllüs arasında ən çox istifadə etdiyi "Hophop", "Ağlar güləyən",
"Boynuburuq" təxəllüsləri idi) çap etdirmək məcburiyyətində qalmışdır. "Molla
Nəsrəddin" jurnalında iştirakı Sabirin yaradıcılığının ən yetkin, məhsuldar
dövrüdür. Hələ 1905-ci ildə çap olunmuş "Beynəlmiləl" şeri Sabiri xalqlar
dostluğunun təbliğatçısı kimi tanıtmaqdan əlavə, onun realizm, tərəqqi və
demokratiya uğrunda mübarizə aparacağına işarə edən manifest ruhlu əsər idi.
O, Azərbaycanın digər qəzet və jurnalları ilə də əməkdaşlıq edirdi. Mirzə
Ələkbər Sabir 1906 - 1908-ci illərdə "Dəbistan", "Rəhbər", "Füyuzat", "Tazə
həyat"da, 1909 - 1910-cu illərdə "Həqiqət" və "Zənbur"da şeirlər və tərcümələrlə
çıxış etmişdir. Azərbaycan ədəbiyyatının incilərindən sayılan "Niyə mən dərsdən
qaçdım", "Axundla keşişin vədi" kimi felyetonlarını o, Cəlil Məmmədquluzadə ilə
birlikdə yazmışdır.
1908-ci ildə Sabir Bakı quberniyası ruhani idarəsində xüsusi komissiya
qarşısında imtahan verərək şəriət müəllimi olmaq hüququ qazanır və Şamaxıda
"Ümid" adlı məktəb açır. Yeni üsullu tədris sistemi əsasında qurulmuş bu məktəb
Şamaxının ictimai həyatında çox mühüm rol oynamışdır. Lakin məktəbdəki
fəaliyyəti böyük qüvvə və zəhmət tələb edir, bu isə şair kimi onu qane etmirdi.
1910-cu ildə Bakıya köçən Mirzə Ələkbər Sabir "Tazə həyat", "Həqiqət"
qəzetləri redaksiyalarında, "Səda" mətbəəsində müsəhhih (korrektor) işləmiş,
"Nəşri-maarif” cəmiyyətinin Balaxanı məktəbində dərs demişdir. Lakin qara ciyər
xəstəliyindən əziyyət çəkən şairin halı günü-gündən pisləşirdi. Cəlil
Məmmədquluzadə və Həmidə xanım Sabiri müalicə üçün Tiflisə dəvət edirlər. 3
aylıq müalicə kursundan sonra belə yüngüllük hiss etməyən şair 1910-cu ilin
dekabrında Şamaxıya qayıdır və ömrünün son aylarını ağır maddi çətinliklər içində
yaşayır.
212
Yaradıcılığının ilk çağlarında lirik şair kimi tanınan Mirzə Ələkbər Sabir
qəzəl, qəsidə, rübai, mərsiyə, növhə janrlarında şeirlər yazmışdır. Lakin tədricən
ictimai satiraya daha çox meyl edən şair satira yazmağa başlayır və 1905-ci ildən
artıq inqilabi satiranın əsasını qoyur. Qasım bəy Zakir, Baba bəy Şakir, Seyid
Əzim Şirvaninin ədəbi irsinin davamçısı olan Sabir çarizmin milli zülmünün, sosial
ədalətsizliyə əsaslanan yaramaz ictimai quruluşun qəniminə çevrilmişdir. Xalqı
soyub-talayanlara, ictimai tərəqqiyə mane olanlara qarşı kəskin mövqe tutan şair
xurafat və mövhumat, köhnəlmiş adət-ənənələr, həmçinin müstəbid çar, şah və
sultan rejimlərinin əleyhinə satirik şeirlər yazırdı. Eyni zamanda milli və sosial
azadlıq ideyalarının və mübarizəsinin tərənnümü də Sabir şerinin başlıca
mövzularından olmuşdur. Azərbaycan ədəbiyyatının, eyni zamanda ictimai və
bədii fikrinin ən böyük simalarından olan Sabir tənqidi realizmin qüdrətli
nümayəndəsi kimi ədəbi irsimizdə dərin iz qoymuşdur. Humanizm və azadlıq
ideyaları Sabir realizminin canıdır. Sabirin şeirləri Azərbaycan ədəbiyyatı və
mətbuatında inqilabi-demokratik meyillərin möhkəmlənməsinə ciddi təsir
göstərmişdir. Eyni zamanda romantizm, dini-sxolastik və formalist şeirlər əleyhinə
çıxış edən şair xalq mənafeyinə xəyanət, istismarçılara isə yaltaqlıq edən yazıçı və
şairləri "əxlaqsız" adlandırırdı. O, həqiqi sənətkar üçün vətənpərvərliyi, xəlqiliyi,
"əsrin aynası" olmağı müqəddəs vəzifə sayırdı, "Pisi pis, əyrini əyri, düzü həmvar"
yazmağı tövsiyə edirdi. Şair "Nə yazım?", "Atmış niqabi-hüsnün", "Ey alnı ay"
şeirlərində özünün ədəbi-tənqidi və estetik fikirlərini izah etmişdir. Böyük bədii
ümumiləşdirmə qüvvəsinə malik Sabir realizmi xalqın müxtəlif zümrələrindən olan
satirik tipləri ifşa edir, onların tarixi inkişaf prosesində mövqeyi və daxili aləmi
haqqında oxucuda canlı, inandırıcı təsəvvür yaradırdı. Onun yaratdığı bu tipik
obrazlar isə tarixi, milli və etnoqrafik koloriti, həqiqətə uyğunluğu ilə
diqqətəlayiqdir. "Bakı fəhlələrinə", "Təraneyi-əsilanə", "Fəhlə, özünü...", "Əkinçi",
"Ağlaşma", "Bizə nə?", "Dilənçi" və s. şeirlərində Sabir fəhlə və kəndlilərin ağır
həyat tərzini canlandırmağa müvəffəq olmuşdur. Azərbaycanı vahid görmək arzusu
ilə yaşayan sair öz şeirlərində Cənubi Azərbaycanda şah rejiminə qarşı aparılan
mübarizəni alqışlamış və hətta azadlıq mübarizəsinin lideri Səttarxana şeir həsr
etmişdir.
Mürtəce qüvvələrin bütün təhqirlərinə, ətrafını bürüyən "tənə seli"nə
baxmayaraq, şair yaradıcılıq məramına, vətəndaşlıq borcuna daim sadiq qalmış,
sonadək ideallarının qələbəsinə inanmışdır.
Sabirin poeziyasında lirik motivlər də qüvvətlidir. Çox hallarda onun lirik
şeirlərində zalımlara nifrət məzlumlara məhəbbət hissi ilə üzvi birləşmişdir. Onun
"Neylərdin, ilahi", "Yaşadıqca xərabə Şirvanda", "Ruhum" və s. şeirləri bilavasitə
lirik janrda yazılmışdır. Sabir uşaqlar üçün də yazmışdır. Onun uşaq şeirləri XX
213
XX əsrin əvvəllərində Azərbaycanda ən
hörmətli ziyalılardan biri də Əli bəy Hüseynzadə
olmuşdur. Onun azərbaycanlılardan “türk qanlı,
müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli
fədai” yetişdirmək ideyası çox sürətlə “türkləşmək,
islamlaşmaq, müasirləşmək” şəklində cəmiyyət
arasında yayılmış, tədricən siyasi şüara çevrilmişdir.
Türkdilli xalqların birləşməsini arzulayan Əli bəyin
idealı Çin səddindən Ərəbistan səhralarınadək əraziləri
əhatə edən böyük Turan imperiyası və ən sevimli
sözləri isə:
Dostları ilə paylaş: |