Hüseyn Ərəblinski
(1881-1919)
Hüseyn Məmməd
oğlu Ərəblinski (Xələfov)
1881-ci ildə Bakıda anadan olub. İlk təhsilini mollaxanada aldıqdan sonra o, rus-
müsəlman məktəbində oxuyub. Məktəb illərində teatr dərnəyinin qoyduğu
tamaşalarda həvəslə oynayan Hüseyn qohumları və yaxınlarının etirazlarına
baxmayaraq həyatını teatrla bağlamaq qərarına gəlir.
Hüseyn Ərəblinski səhnəyə ilk dəfə 1897-ci ildə görkəmli teatr xadimi və
rejissor Cahangir Zeynalovun hazırladığı "Lənkəran xanının vəziri" komediyasında
mehtər Kərim rolunda çıxmışdır. Gənc aktyorun istedadını görən C.Zeynalov onun
məşhur aktyor olacağına inandığını bildirmişdir. Çox keçmir, Ərəblinskini
"Müsəlman Artistləri Cəmiyyəti"nə üzv qəbul edirlər və o, Azərbaycanın müxtəlif
bölgələrində teatr tamaşalarında çıxış etməyə başlayır. 1905-ci ildə Lənkəran
qastrolu zamanı Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" tamaşasında oynadığı
Fəxrəddin obrazı Hüseynə şöhrət qazandırır.
1906-cı ildə Ərəblinski "Nicat" cəmiyyəti nəzdindəki teatr truppasına
daxil olur və 1913-cü ilədək bu truppa ilə tamaşalarda iştirak edir. Sonralar o,
"Səfa" cəmiyyətinin teatr truppasına keçir. 1918-ci ildən isə Ərəblinski Zülfüqar və
Üzeyir Hacıbəyli qardaşlarının teatr truppasında çalışmağa başlayır. Bu teatrda
fəaliyyəti zamanı ona rejissorluq da tapşırılır və Ərəblinski istedadını bu sahədə
göstərmək imkanı tapır. Elə həmin 1918-ci ildə Ərəblinski teatrın baş rejissoru
təyin olunur. Eyni zamanda Ərəblinski teatr həvəskarları dərnəklərinə də rəhbərlik
194
edir, istedadlı gənclərdən yüksəksəviyyəlli aktyor truppası yaradır. Hüseyn
Ərəblinski bütün fəaliyyəti ilə Azərbaycanda aktyorluq sənətinin nüfuzunu
qaldırmağa çalışmışdır. Bu o zaman idi ki, ölkədə bəzi mürtəce qüvvələr teatrın
əleyhinə çıxış edir, aktyorluq sənətinə etinasız yanaşırdılar. Azərbaycan
aktyorlarının peşəkarlıq səviyyəsinin artmasında və püxtələşməsində Ərəblinskinin
xidməti əvəzsizdir.
H.Ərəblinski Azərbaycanın ilk peşokar rejissoru hesab edilir. Obrazın
daxili aləmini dərindən duymaq və açmaq, əsərin səciyyəvi xüsusiyyətlərini incə
detallarla verə bilmək qabiliyyəti Ərəblinskinin rejissorluq sənətinin əsas
məziyyətlərindən olmuşdur. O, ədəbi-dramaturji materialın ifaçılar tərəfindən
düzgün dərk edilməsinə və tamaşada vahid ansambl yaradılmasına xüsusi diqqət
vermişdir. Onun hazırladığı tamaşalar böyük maraqla qarşılanırdı. Onlardan
N.Qoqolun "Müfəttiş" (1906) və "Evlənmə" (1910), N.Nərimanovun "Nadir şah"
(1906), F.Şillerin "Qaçaqlar" (1907), Ş.Şaminin "Dəmirçi Gavə" (1908),
U.Şekspirin "Otello" (1910) tamaşalarını göstərmək olar.
Azərbaycan teatrının repertuarına Azərbaycan tarixi və milli müstəqillik
uğrunda hərəkatla bağlı səhnə əsərlərinin daxil edilməsində Ərəblinskinin böyük
rolu olmuşdur. Əyləncə xatirinə yazılan əsərləri qəbul etməyən rejissor
Azərbaycanda ictimai-siyasi və mədəni-əxlaq məsələlərini qaldıran əsərlərə
üstünlük verirdi.
Bununla bərabər, Ərəblinskinin aktyor təbiətinə faciəvilik və romantik
pafos daha yaxın olmuşdur. O, S.Lanskoyun "Qəzavat" əsərində Əhmədbəy
Şamxal, Ş.Şaminin "Dəmirçi Gavə" əsərində Gavə, Əbdürrəhim bəy
Haqverdiyevin "Bəxtsiz cavan"ında Fərhad, "Ağa Məhəmməd şah Qacar"da Ağa
Məhəmməd şah, "Dağılan tifaq"da Nəcəf bəy, F.Şillerin "Qaçaqlar" əsərində Frans
Moor, Nəriman Nərimanovun "Nadir şah"ında Nadir şah kimi faciəvi rolları
yüksək sənətkarlıqla ifa etmişdir.
Yaradıcılığında milli teatr ənənələri ilə klassik Avropa teatr mədəniyyətini
üzvi surətdə birləşdirən Ərəblinski müxtəlif janrlı əsərlərdə inandırıcı və parlaq
obrazlar yaratmışdır. 1910-cu ildə U.Şekspirin "Otello" əsərində yaratdığı Otello
obrazı Ərəblinski yaradıcılığının zirvəsi sayılır.
Ərəblinski musiqili teatr səhnəsində də fəaliyyət göstərmişdir. Azərbaycan
operasının birinci və on məşhur tamaşası olan Üzeyir Hacıbəylinin "Leyli və
Məcnun" operası 1908-ci ildə məhz Hüseyn Ərəblinski tərəfindən tamaşaya
qoyulmuşdur. O sonralar Ü.Hacıbəylinin daha bir neçə opera və operettasının -
"Əsli və Kərəm", "O olmasın, bu olsun", "Şah Abbas və Xurşidbanu", "Aşıq
Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" və s. əsərlərin quruluşçu rejissoru
olmuşdur.
195
Azərbaycanda peşəkar səhnə ustalarının yetişdirilməsində Ərəblinskinin
böyük xidməti var. O, Azərbaycan dramaturgiyası və teatrının fəal təbliğatçısı
olmuş, teatrın böyük təsiredici qüvvəsinin təbliğat işlərində geniş istifadə
edilməsinin vacibliyini ictimaiyyətə çatdırmağa çalışmışdır. Azərbaycan teatrının
nailiyyətlərini təbliğ etməkdən ötrü o, Cənubi Qafqaz, Şimali Qafqaz, Volqaboyu,
Orta Asiya və Krım şəhərlərinə qastrol səfərləri etmişdir.
Azərbaycanda kino sənətinin yaradılmasında da Ərəblinskinin rolu
olmuşdur. 1916-cı ildə "Neft və milyonlar səltənətində" adlı ilk Azərbaycan bədii
filmində Ərəblinski baş rolda - Lütfəli bəy rolunda çəkilmiş və bu obrazı çox
məharətlə də yaratmışdır.
Azərbaycan Xalq Cümhüriyyətinin yaradılması xəbərini Ərəblinski böyük
məmnuniyyətlə qarşılamışdır. Artıq heç bir qüvvə milli müstəqillik ideyalarını,
Azərbaycan tarixini, mədəniyyətini təbliğ etməyə qadağalar qoya bilməzdi.
Planlarını dostu Üzeyir bəy Hacıbəyli ilə bölüşən Ərəblinski yeni, daha möhtəşəm
tamaşalar qoymaq, Azərbaycan teatrını dünya səviyyəsində təbliğ etmək, ölkədə
kino sənətini inkişaf etdirmək kimi böyük arzularla yaşayırdı. Belə bir vaxtda
Hüseyn Ərəblinskinin həyatına xaincəsinə sui-qəsd edilir. Qohumlarından birisi
onların nəslindən aktyor kimi mənfur peşə sahibinin olmayacağını bildirərək
Ərəblinskini hədələyir, ondan peşəsini dəyişməyi tələb edirdi. Hər dəfə rədd cavabı
alan bu "igid" 1919-cu il martın 17-də Hüseyn Ərəblinskini xaincəsinə öldürür.
Məşhur aktyor və rejissoru son mənzilə yola salmaq üçün minlərlə insan
Bakı küçələrinə çıxmışdı. Hökumət və parlament üzvləri də dəfn mərasimində
iştirak etmişdilər. Mərasimdə Ərəblinskinin dostu Üzeyir bəy Hacıbəyli onun
ölümünü "əvəzolunmaz itki" adlandırmış, qatilin ən ağır cəza ilə cəzalandırılmasını
tələb etmişdi. Azərbaycan Milli Şurasının sədri, istiqlal lideri kimi qəbul olunan
Məhəmməd Əmin Rəsulzadə matəm mərasimində çıxış edərək Azərbaycan səhnə
sənətinin inkişafında və çiçəklənməsində, azadlıq və istiqlal ideallarının xalqa
aşılanmasında Ərəblinskinin böyük xidmətlərini qeyd etmiş, onun qətlini milli
müstəqilliyimizə təcavüz adlandırmışdı.
196
1919-cu ilin yayında “Azərbaycan” qəzetində
çap edilmiş silsilə məqalələrin müəllifi hərəcanla
yazırdı: “İstiklalımızın bir ilinin bayramını yenicə
keçirmişdik ki, üfüqümüzdən qəflətən nümayan olan bir
qara əl haman istiklalımızı qırmaq və bizi murdar
pəncəsi altında əzmək xəyalı ilə şimalımızdan uzanmağa
başladı”. Bu məqalənin müəllifi Üzeyir bəy Hacıbəyli
idi. O həmçinin yazırdı: “Ölmək var, dönmək yoxdur.
Sidq dil ilə yaşasın müstəqil Azərbaycan deyənlər əmin
olmalı: onu müstəqil yaşatmağa qadir olarlar... Bir yaşlı
dövlətimiz – gələcəkdə - yaxın gələcəkdə türklüyün
ümidgahı, islamlığın pənahı və aləm mədəniyyətinin
möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu
halda hər kəsə bildirməkdədir”.
Azərbaycan tarixinə Üzeyir Hacıbəylinin adı
dahi bəstəkar, musiqişünas alim, publisist, dramaturq,
müasir Azərbaycan peşəkar musiqisinin və milli
operanın banisi, pedaqoq və ictimai xadim kimi qızıl
hərflərlə yazılmışdır.
Üzeyir Hacıbəyli
(1885-1948)
Üzeyir bəy Hacıbəyli (Hacıbəyov) 1885-ci ildə Azərbaycanın ayrılmaz
hissəsi Qarabağın Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuşdur. Atası
Əbdülhüseyn kənd mirzəsi işləsə də, oğluna yaxşı təhsil vermək istəmiş və ailəsi
ilə birlikdə Şuşa şəhərinə köçmüşdür. Burada Üzeyir rus-Azərbaycan məktəbinə
daxil olmuş və ilk musiqi dərslərini də elə burada almışdır. Belə ki, dayısı Ağalar
Əliverdibəyov xalq musiqimizin mahir bilicisi kimi tanınırdı. Şuşada Üzeyir ilk
dəfə özünü musiqidə sınayır. Əbdürrəhimbəy Haqverdiyev xor təşkil edibmiş və
həmin xorda Cabbar Qaryağdı oğlunun başçılığı ilə hazırlanan müxtəlif musiqi
nömrələrində Üzeyir də iştirak edir.
1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olan Üzeyir bəy burada
qabaqcıl dünya mədəniyyəti, rus və Qərbi Avropa klassik musiqisi ilə yaxından
tanış olur, skripka və baritonda çalmağı öyrənir. Öz təşəbbüsü ilə o bir neçə xalq
mahnısını da nota köçürür.
1904-cü ildə seminariyanı bitirən Üzeyir bəy Cəbrayıl qəzasının Hadrut
kəndinə müəllim təyin edilir. 1905-ci ildə isə Bakıya köçür və əvvəlcə
Bibiheybətdə, sonra isə Bakıda "Səadət" məktəbində dərs deyir. Maraqlıdır ki,
həyatda öz yolunu axtaran Üzeyir bəy 1907-ci ildə "Hesab məsələləri" və
"Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və
rusi-türki lüğətini hazırlayıb nəşrə vermişdir. Bədii yaradıcılığına publisistika ilə
197
başlayan Üzeyir bəy "İttihad", "Həyat", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal"
qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ü", "Filankəs" və s. təxəllüsləri ilə
məqalələr dərc etdirmişdir. Onun dövrün ictimai-siyasi, sosial, mədəni-maarif
məsələlərinə həsr edilmiş məqalə, felyeton, hekayə və satirik miniatürləri xalq
arasında olduqca populyar olmuşdur. Üzeyir bəy həmin vaxt N.V.Qoqolun "Şinel"
povestini də Azərbaycan dilinə çevirmişdir.
1908 - 1912-ci illərdə opera və musiqi komediyaları yazmış Üzeyir bəy öz
musiqi savadını artırmaq üçün Moskvaya gedir, filarmoniya cəmiyyətinin musiqi
kurslarında oxuyur, 1914-cü ildə Peterburq konservatoriyasına daxil olur. Lakin I
Dünya müharibəsinin getdikcə qızışması və bundan doğan maddi çətinliklər
üzündən o, təhsilini yarımçıq buraxıb Bakıya qayıtmalı olur. 1916-cı ildə Üzeyir
bəy və qardaşı Zülfüqar "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"
adlı teatr truppası yaradırlar. Truppa dram, komediya, opera və operettalar
hazırlayıb həftədə üç dəfə tamaşaya qoyur.
Üzeyir bəy Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələr
əvəzsizdir. 1908-ci il yanvarın 12-də Bakıda H.Z.Tağıyevin teatr binasında onun
"Leyli və Məcnun" operası səslənmişdir. O zaman bu təkcə Azərbaycanda deyil,
bütün Şərqdə ilk opera idi. Bu əsərlə Üzeyir bəy Şərq aləmində opera sənətinin
əsasını qoydu. "Leyli və Məcnun" muğam əsasında yazılmış opera idi. Eyni
ənənəni Üzeyir bəy "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas
və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam
operalarında davam etdirir. Əsərlərin librettoları üçün Məhəmməd Füzulinin "Leyli
və Məcnun" poeması, xalq dastanları, rəvayətlər və Firdovsinin "Şahnamə"
poeması seçilmişdir.
Üzeyir bəy Hacıbəylinin Azərbaycan dramaturgiyasındakı rolu incəsənət
tariximizdə xüsusi yer tutur. O, Azərbaycanda musiqili komediya janrının
yaradıcısıdır. Komediyaların həm mətnini, həm də musiqisini o özü yazmışdır.
Onun "Ər və arvad" (1910), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913)
musiqili komediyaları dünya dramaturgiyasının inciləri hesab olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını ürəkdən alqışlayan
Üzeyir bəy teatr truppasının tamaşalarından yığılan pulları Azərbaycanın
müstəqilliyi və istiqlaliyyəti uğrunda şəhid olanların ailələrinə paylayırdı. Xalq
Cümhuriyyətinin Dövlət himninin müəllifi məhz Üzeyir bəydir. Hərtərəfli
istedadını milli dövlətçiliyin yaradılıb inkişaf etdirilməsinə sərf edən Üzeyir bəy
1918 - 1920-ci illərdə çox qızğın və hərtərəfli fəaliyyət də göstərir. O, hökumətin
rəsmi orqanı olan "Azərbaycan" qəzeti ilə sıx əməkdaşlıq edir, məqalə və
felyetonlar dərc etdirirdi. Qəzetin ilk redaktoru əvvəllər onun kiçik qardaşı Ceyhun
bəy, 1919-cu il yanvarın 16-dan başlayaraq isə o özü olmuşdur (1920-ci il aprelin
27-dək). Müstəqilliyimizin möhkəmləndirilməsini qəzetin ideya istiqaməti seçən
198
Üzeyir bəy Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, maarif və
mədəniyyətinə həsr olunmuş məqalələrə geniş yer verir, özü də bu istiqamətdə
100-dən çox məqalə yazıb çap etdirir. "Partiyalarımıza", "Andranik məsələsi",
"Lənkəran faciəsi", "Fitnələr qarşısında", "Naxçıvan və Qarabağ", "İçimizdəki
denikinlər", "Ermənistan və Azərbaycan müsibəti" adlı məqalələri onu uzaqgörən
siyasətçi, əqidəli publisist kimi xarakterizə edir.
1920-ci ildə Azərbaycan işğal ediləndən sonra böyük sarsıntı keçirən
Üzeyir bəy çox götür-qoydan sonra ölkədə qalmağı qərara alır. Onun fikrincə,
incəsənətin mənası xalqa xidmətdədir və o da öz musiqisi ilə xalqına xidmətə
üstünlük verir.
Üzeyir bəy Hacıbəyli Azərbaycanda musiqi təhsil sisteminin yaradılması,
milli musiqimizin əsaslarının işlənib-hazırlanması istiqamətində aparılan işlərə
başçılıq etməyə başlayır. 1921-ci ildə Üzeyir bəy Azərbaycan Dövlət Türk Musiqi
Məktəbini açır, 1926-cı ildə bu məktəb Azərbaycan Dövlət Konservatoriyası ilə
birləşdirilir. 1930 -1940-cı illərdə çoxsəsli Azərbaycan xoru, Azərbaycan Dövlət
Filarmoniyası, notlu xalq çalğı alətləri orkestri də onun səyi ilə yaradılmışdır.
Müslüm Maqomayevlə birlikdə Üzeyir bəy "Azərbaycan türk nəğmələri" adlı
məcmuə nəşr etdirmişdir. Musiqidən dərs deməklə bərabər, Üzeyir bəy dirijorluq
etmiş, musiqi fantaziyaları, ansambl pyesləri, kantata, kütləvi mahnılar üçün
musiqi yazmışdır.
Ü.Hacıbəylinin 1937-ci ildə Azərbaycan Opera və Balet Teatrında ilk
tamaşası qoyulan "Koroğlu" operası dünya musiqi xəzinəsinə dahiyanə bir əsər
kimi daxil olmuşdur. Aşıq musiqisini klassik opera janrında səsləndirən Hacıbəyli
bununla da 30-cu illərdə milli musiqi alətləri - saza, tara və kamançaya qarşı
kampaniya aparan bəzi siyasi rəhbərlərə layiqli cavab vermiş olur. O, bəstələdiyi
musiqi əsərlərində bu musiqi alətləri üçün partiyalar yazırdı. 1939 - 1948-ci illərdə
Azərbaycan Dövlət Konservatoriyasının direktoru olan Hacıbəyli bu dövrdə həm
də Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmuşdur.
Üzeyir bəy 1941 - 1945-ci illər müharibəsində marşlar, vətənpərvər ruhlu
mahnılar, həmçinin "Cəngi" pyesini, "Vətən və cəbhə" kantatasını bəstələmişdir.
Onun "Sənsiz" və "Sevgili canan" romansları bu janrda yazılan on kamil
əsərlərdəndir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən
Üzeyir bəyə Azərbaycan SSR-in Dövlət himnini bəstələməyi tapşırmışdılar.
Onun "Arşın mal alan" və "O olmasın, bu olsun" əsərləri bir çox dünya
dillərinə tərcümə olunmuş, ekranlaşdırılmış, dünyanın on məşhur teatrlarının
səhnələrində tamaşaya qoyulmuşdur. Ü.Hacıbəylinin 1945-ci ildə yazdığı
"Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası çox zəngin Azərbaycan
musiqi xəzinəsinin açarıdır.
199
Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar, ifaçılar nəsli
yetişdirmişdir. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov və neçə-
neçə mahir musiqiçilərimiz Üzeyir bəyin tələbələri olmuşlar.
Üzeyir bəy Hacıbəyli 1948-ci ildə Bakı şəhərində vəfat etmiş və Fəxri
xiyabanda dəfn edilmişdir.
200
Azərbaycanın
musiqi tarixində Müslüm
Maqomayev adı xüsusi yer tutur. Onun “Şah İsmayıl”
operası XX əsrin 20-ci illərinədək Azərbaycan
operalarına xas improvizasiya prinsipindən kamil opera
formasına keçid mərhələsi hesab edilir və bununla da
Azərbaycan
opera
sənətinin
inkişafı
tarixində
əhəmiyyətli yer tutur.
Azərbaycan SSR Xalq Maarif Komissarlığı
incəsənət şöbəsinin, Azərbaycan Radio Verilişləri
İdarəsində musiqi şöbəsinin müdiri, Azərbaycan Opera
və Balet Teatrının direktoru, bədii rəhbəri və baş dirijoru
vəzifələrində çalışmış Müslüm Maqomayev geniş xalq
kütlələrinin musiqi təhsili məsələlərinə böyük diqqət
yetirmiş, həmçinin bir çox görkəmli Azərbaycan
mədəniyyət xadimləri ilə birlikdə incəsənətdə realist
ənənələrin, yeni mövzuların bərqərar olmasına, Avropa
klassik musiqi janrları və formalarından istifadə
edilməsinə səy göstərmişdir.
Azərbaycan tarixinə Müslüm Maqomayev
görkəmli bəstəkar, dirijor, musiqişünas və ictimai xadim
kimi daxil olmuşdur.
Müslüm Maqomayev
(1885-1937)
Müslüm
Məhəmməd oğlu Maqomayev 1885-ci ildə Çeçenistanın Qroznı şəhərində sadə
azərbaycanlı ailəsində anadan olmuşdur. Onun valideynləri əslən Azərbaycanın
Qax rayonundandır. Ailə Qroznı şəhərinə köçmüş və Məhəmməd kişi burada
dəmirçixanada işləmişdir. Qroznı şəhərində ikiillik şəhər məktəbini bitirdikdən
sonra 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olan Müslüm
Maqomayev burada 5 il ərzində təhsil almışdır. Seminariyada oxuduğu dövrdə o,
musiqiyə böyük maraq göstərmiş, burada ilk əsərlərini yazmışdır. Onun yazdığı
kiçikhəcmli musiqi əsərləri musiqi müəllimlərinin diqqətini cəlb etmiş, ona musiqi
sahəsi üzrə fəaliyyət göstərmək tövsiyə edilmişdir. M.Maqomayev seminariyada
Üzeyir Hacıbəyli ilə tanış olmuş, onunla dostlaşmış və onlar bu dostluğu
ömürlərinin sonunadək saxlamışlar.
1905-ci ildə seminariyanı bitirdikdən sonra Müslüm Maqomayev təyinatla
Şimali Qafqazın Bekoviç kəndində, sonra isə Lənkəran şəhər məktəbində
müəllimlik etmişdir. Maarifpərvər musiqi xadimi olaraq o, dərs dediyi şəhər
məktəbində xor, dram dərnəyi, orkestr təşkil etmiş, bir çox xalq mahnılarını nota
201
salmışdır. Onun musiqi istedadı çıxış yolu axtarır və getdikcə aydın olurdu ki,
M.Maqomayev musiqisiz yaşaya bilmir, musiqi onun bütün fikrini məşğul edirdi.
1911-ci ildə Bakıya köçən Muslüm Maqomayev bir ara Sabunçuda
müəllim işlədikdən sonra Azərbaycan Opera Teatrına skripkaçı qəbul edilmişdir.
Bu teatr o dövrdə Azərbaycan peşəkar musiqi sənətinin qərargahı, düşünən beyni
kimi qəbul edilirdi. Burada çalışan sənət ustaları öz sahələri üzrə fəaliyyət
göstərməklə kifayətlənmir, Azərbaycanda klassik musiqinin inkişafı, onun milli
musiqi ilə sintezi yollarını düşünürdülər. Teatrda M.Maqomayev Üzeyir
Hacıbəylinin on yaxın silahdaşlarından biri kimi Azərbaycan musiqili teatrının
təşəkkülü və inkişafı istiqamətində işləməyə başlamışdır. Həmçinin o, Hüseynqulu
Sarabski, Hənəfi Terequlov və başqa musiqi xadimlərimizlə birgə fəaliyyət
göstərmişdir. 1912-ci ildən başlayaraq ömrünün axırınadək Müslüm Maqomayev
opera tamaşalarına dirijorluq etmişdir.
1916-cı ildə Müslüm Maqomayev özünün ilk operası olan "Şah İsmayıl"
operasını yazmışdır. Operanın musiqisinin çox hissəsini muğamlar təşkil edirdi.
Əsərin 1924 və 1936-cı illərdəki formalarında müəllif muğam improvizasiyalarını
azaltmış, əsərə reçitativ, rəqslər daxil etmiş, çoxsəsli xor nömrələrini artırmışdır.
Onun "Şah İsmayıl" operası XX əsrin 20-ci illərinədək Azərbaycan operalarına xas
improvizasiya prinsipindən kamil opera formasına keçid mərhələsi hesab edilir və
bununla Azərbaycan opera sənətinin inkişafı tarixində əhəmiyyətli yer tutur.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müslüm Maqomayev
Azərbaycan musiqi sənətinin inkişafı sahəsində gərgin işləmişdir. O, 20-ci illərdə
Azərbaycan SSR Xalq Maarif Komissarlığı incəsənət şöbəsinin və Azərbaycan
Radio Verilişləri İdarəsində musiqi şöbəsinin müdiri işləmişdir. Bu vəzifələrdə o,
geniş xalq kütlələrinin musiqi təhsili məsələlərinə böyük diqqət yetirmişdir.
İnzibati vəzifələrdə çalışması onun bəstəkarlıq fəaliyyətinə xələl gətirirdi, lakin
bununla belə, işlədiyi illərdə o, klassik musiqinin xalq arasında sevilməsində,
kütləvi mahnıların klassik musiqi ilə milli musiqinin sintezi əsasında yazılmasında
böyük işlər görmüşdür.
XX əsrin 30-cu illərində bəstəkar Azərbaycan Opera və Balet Teatrının
direktoru, bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışmışdır. Müslüm
Maqomayev bir çox görkəmli Azərbaycan mədəniyyət xadimləri ilə birlikdə
incəsənətdə realist ənənələrin, yeni mövzuların bərqərar olmasına, Avropa klassik
musiqi janrları və formalarından istifadə edilməsinə səy göstərmişdir.
Müslüm Maqomayevin bəstəkarlıq üslubunun formalaşmasında xalq
mahnılarını toplayıb işləməsinin əhəmiyyətli rolu olmuşdur. 1927-ci ildə onun
ümumi redaktəsi ilə "Azərbaycan türk el nəğmələri" məcmuəsi nəşr edilmişdir.
Bununla o, bir çox nadir Azərbaycan mahnılarının qorunmasını, nəsildən-nəslə
ötürülməsini təmin etmişdir. Hal-hazırda ermənilərin özününküləşdirmə yə
202
çalışdığı musiqi və mahnıların bir çox artıq o dövrdə bu məcmuədə Azərbayca
musiqi nümunələri kimi göstərilmiş və tanımışdır.
Azərbaycan kütləvi mahnı janrının yaradıcılarından olan bəstəkar "Yaz",
"Tarla" "Bizim kənd", "Yarış" və s. mahnılar bəstləmişdir. Onun kiçikhəcmli
orkestr əsərlə (rapsodiya, rəqs, marş, fantaziyalar) Azərbaycan proqramlı simfonik
musiqinin ilk nümunələrindəndir. Belə əsərlər arasında 1928-ci ildə yazdığı
"Azərbaycan çöllərində", 1930-cu ildə yazdığı "Azad olunmuş Azərbaycan qızının
rəqsi", "Dərviş", "Pişdə ramədi-çahargah" fantaziyalarını, 1933-cü ildə yazdığı
"Pionerlər marşı", "Azərbaycan radiosu marşı" ("RV-8" adı ilə də tanınır) "Şəlalə"
simfonik pyesini və s. əsərləri göstərmək olar.
1935-ci ildə Müslüm Maqomayevin böyük yaradıcılıq müvəffəqiyyəti
olan "Nərgiz" operası ictimaiyyətin diqqətini cəlb etmiş, musiqi mütəxəssislərinin
yüksək qiymətinə layiq görülmüşdür. Bu əsər Azərbaycan musiqili teatrının
inkişafında mühüm mərhələ təşkil edir. Ölkəmizdə Sovet hakimiyyəti uğrunda
kəndlilərin mübarizəsini əks etdirən bu əsər inqilabi mövzulu ilk sovet
operalarındandır. Doğrudur, opera siyasi sifariş əsasında yazılıb, lakin bu onun
musiqi dəyərinə xələl gətirmir. Klassik opera ənənələri əsasında bəstələnmiş
"Nərgiz" operasının musiqi dili Azərbaycan xalq musiqisi intonasiyaları ilə
aşılanmışdır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti
dekadasında "Nərgiz" böyük müvəffəqiyyət qazanmışdır. Müəllif 1936-cı ildə
Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Müslüm Maqomayev həmçinin "Ölülər", " 1905-ci ildə" dram
tamaşalarına, "Azərbaycan incəsənəti", "Bizim raport" və s. sənədli filmlərə musiqi
bəstələmişdir. O həmçinin 300-dən artıq xalq mahnı və rəqslərini nota salmışdır.
Onun son əsəri "Xoruz bəy" musiqili komediyasına yazmağa başladığı musiqi idi,
lakin bu iş tamamlanmamış qalmışdır.
Müslüm Maqomayev 1937-ci ildə Nalçikdə qastrol zamanı vəfat edib,
Bakıda dəfn olunub.
203
Azərbaycan təsviri sənəti tarixində Bəhruz
Kəngərli xüsusi yer tutur. Rəssam, boyakar və qrafik
kimi tanınan B.Kəngərli xüsusi rəssamlıq təhsili almış
ilk azərbaycanlıdır.
Rəssamlığa karikatura və satirik rəsmlər
çəkməklə başlayan Bəhruz Kəngərli sonralar tədricən
mənzərələr, portretlər, natürmortlar, çoxkompozisiyalı
və süjetli əsərlər yaratmağa üstünlük vermişdir. Onun
çəkdiyi portretlər yaratdığı personajların daxili-psixoloji
aləmini açıb göstərməklə bərabər, mövzu aktuallığına və
ideya məzmununa görə bu günün ictimai-siyasi
hadisələri ilə də səsləşirlər.
Uşaqlıqdan fiziki xəstəliyi olsa da, Bəhruz
Kəngərli məhsuldar işləmiş, 7 illik rəssam ömründə
2000-dən artıq rəsm əsəri yaratmışdır.
Bəhruz Kəngərlinin adı Azərbaycan təsviri
sənət tarixində xüsusi rəssamlıq təhsili almış ilk
azərbaycanlı, Azərbaycan təsviri sənətində realist
dəzgah boyakarlığının təşəkkülündə, portret və mənzərə
janrlarının formalaşmasında xüsusi rolu olan rəssam,
teatr rəssamlığının banilərindən biri kimi daim hörmət
və ehtiramla xatırlanacaqdır.
Dostları ilə paylaş: |