Bu yerlərin gözəlliyi məni heyran etdi.
HEYDƏR ƏLİYEV
HEYDƏR ƏLİYEV QƏBƏLƏDƏ
eni Azərbaycan Partiyasının yaranması xəbəri hər tərəfə o cümlədən Qəbələyə
əks-səda verdi. Bunun da əsas səbəblərindən biri onun özülünün xalqımızın
sevimli oğlu Heydər Əliyev tərəfindən qoyulması idi. Çünki o zaman Azərbaycan xalqı
uçurumda ikən öz taleyini ancaq bu mahir siyasətçiyə etibar edə bilərdi. Bütün dünyanın
tanıdığı, siyasət arenasında özünü təsdiqləyən bir insana güman var idi. Azərbaycanın
rəhbəri olduğu dövrdə öz ölkəsinin sabahı naminə onun nə qədər böyük işlər gördüyünün
real şahidi olanlar inanırdılar ki, millətin dar günündə xilaskarı ancaq Heydər Əliyevdir.
Onunla müqayisə ediləcək heç kim yox idi. Özü qədər xalqına bağlı olan ikinci bir dövlət
xadimi tanımırdıq. “Xalqın gözü tərəzidir”-deyən atalarımızın yenə haqlı olduğu
təsdiqləndi.
Heydər Əliyevin bilərəkdən siyasətdən uzaqlaşdırılmasına çalışanların bəd niyyətinə
görə onun hakimiyyətdən getməyi ilə Azərbaycanın məhvi labüd idi. Bunu anlayanlar
birinci növbədə belə məkrli bir addım atıb, onu gah xalqın gözündən salmağa səy
göstərdilər, gah da siyasi iradəsini qırmaq fikrinə düşdülər. Ancaq yanıldılar, çünki onun
böyüklüyü də elə onda idi ki, Heydər Əliyev məğlubedilməz idi. Onu hələ yaxşı
tanımamışdılar.
Doğma xalqına arxalanan Heydər Əliyev bu inamdan güc alaraq cəsarətləndi, qətiyyəti
ilə dözümlü olduğunu sübuta yetirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycanın
Moskvadakı səlahiyyətli nümayəndəliyinə gələrək öz övladları ilə bərabər etiraz səsini
yüksəltdi. Dünya mətbuatının nümayəndələrinə Azərbaycandakı real durumu bildirdi.
Əliyalın insanların tanklar altında əzilməsində günahı olanları bir-bir tanıtdı. Nə yırtıcı
Sovet hakimiyyətinin xofundan qorxdu, nə də Rusiyanın paytaxtında həqiqəti deməkdən
çəkindi. Xaricdən qaynaqlanan yad əllərin ssenarisi ilə ölkənin başında duran bəzi
qüvvələrin Heydər Əliyevə mənfi münasibət bəsləməsi də onun iradəsini qıra bilmədi.
Moskvada mənəvi təzyiqlərə məruz qalan Heydər Əliyev öz milləti naminə bütün
mərhumiyyətlərə dözdü. Öz torpağına qayıtdı. Naxçıvanlılar onun gəlişindən məmnunluq
duyub hava limanında onu gözlərində yaş, əlləri göylərə açılı qarşıladılar. Heydər
Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycan tarixinin ən qiymətli səhifələrindən biridir.
Onun cəmiyyətdəki nüfuzu imkan verdi ki, hələ 1992-ci ildə Naxçıvanda təsis konfransı
keçirən Yeni Azərbaycan Partiyası qısa bir vaxtda təşkilatlansın, ölkənin bütün
bölgələrində ilk özəklərini yaratsın və 1993-cü ildə iqtidara gəlsin. Bütovlükdə
Azərbaycanın Heydər Əliyevə ehtiyacı var idi. Onun hakimiyyətə gətirilməsi, millətə
sahib çıxması xalqın tələbi idi.
Y
Hüquq elmləri doktoru, professor Alış Qasımovun “Taleyi tarixə dönən şəxsiyyət”
kitabından bəzi məqamları oxucuların diqqətinə çatdırmaq istəyirəm. “Konstitusiya,
qanunlara hörmətsizlik bütün cəmiyyəti çaşqın vəziyyətə salmışdı. İnzibati orqanlara
peşəkar rəhbərlik yox idi. İnsanlar evlərindən çıxmağa belə qorxurdular. Hərtərəfli
böhranlı bir dövrdə millətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Məhz Yeni
Azərbaycan Partiyasının yaranması xalqımızın bu problemlərini həll etmək zərurətindən
irəli gəlmişdi. Həmin ağır və faciəli dövrün hadisələrindən müəyyən vaxt keçdikcə bu
problemlərin böyüklüyünü, onların milli taleyimiz üçün necə real təhlükə olduğunu daha
yaxşı dərk edirik. Belə bir vəziyyətdə xilaskarlıq missiyasını üzərinə götürən güclü
rəhbərin və onun partiyasının tarix səhnəsinə gəlməsinin nə dərəcədə qaçılmaz olduğu
bütün cəmiyyətdə müzakirəyə çevrilmişdi. Xalq çətin məqamda özündə qüvvə tapa bildi-
bu qüvvə o zaman Naxçıvanda yaşayan və Muxtar Respublikanın Ali Sovetinin sədri olan
Heydər Əliyev və onun ətrafında birləşməyə tələsən vətənpərvər insanlar, sadə zəhmətkeş
adamlar idi. Onların birliyi və inamı Yeni Azərbaycan Partiyasının siyasət səhnəsinə
çıxmasına, tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi.
Ümummilli böhran yetişən kimi xalq üzünü ümid etdiyi Yeni Azərbaycan Partiyasına,
onun yaradıcısı və rəhbəri möhtərəm Heydər Əliyevə tutdu. 1993-cü ildə böyük rəhbər
Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı.”
Heydər Əliyevin böyük siyasətə qayıdışı ilə milli fəlakətdən qurtulan ölkənin
həyatında mühüm dəyişikliklər baş verdi. Bütün sahələrdə islahatlar aparıldı. Ən vacibi
hərbi sahədəki xaos siyasi uzaqgörənliklə dəf edildi. Müstəqil dövlətimizin formalaşması,
dünyada qəbulu və indi söz sahibi olan ölkəyə çevrilməsində Heydər Əliyevin xidmətləri
deyilənlərə əsas verir ki, həqiqətən bu dahi insan müstəqil Azərbaycanın qurucusu və
banisidir. Onun tərəfindən əsası qoyulan möhtəşəm layihələr bir-birinin ardınca
reallaşdıqca ölkəmizin iqtisadi cəhətdən gücü hiss olunmaqdadır. Ona görə də Azərbaycan
Respublikası regionda seçilən ölkə kimi diqqəti cəlb edir.
Bütün qazanılan müvəffəqiyyətlər üçün ümummilli liderimiz Heydər Əliyevin
rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası üzvlərinin fəxrlə danışmağa haqqı var. Dərin
zəka sahibi olan bir liderin ətrafında toplaşanlar dərk edirdilər ki, millətin işıqlı yoluna
ancaq onunla bir yerdə getmək mümkündür..
Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının yaradılmasında xidməti olan
insanlar da Heydər Əliyevə sonsuz məhəbbət bəsləyən, məhz onun hakimiyyətə gəlişi
nəticəsində ölkəmizin xilasının mümkünlüyünü düşünənlər idi. 1992-ci ilin dekabrında 7
nəfərdən ibarət təşəbbüs qrupunun üzvləri Əhmədiyyə Məmmədov, Tahir Hacıyev, Elxan
Səlimov, Əmirxan Ağamaliyev, Sədiyar Məmmədov, Tofiq Şükürov, Rasim Nəbiyev öz
sözlərini deyirlər.
1993-cü il sentyabrın 15-də isə 158 nəfərin təmsil olunduğu təşkilatın ilk yığıncağı
keçirilir.
O gündən partiyanın sıralarına axın başlayır... Yeni Azərbaycan Partiyası Qəbələ rayon
təşkilatının sıraları bu gün daha da genişlənir. 2008-ci il iyun ayının 27-də keçirilən yerli
partiya təşkilatının 7-ci konfransında səslənən rəqəmlərə görə 4100 nəfərin təmsil
olunduğu bu siyasi qrumda qadınlar və gənclər də fəallıq nümayiş etdirir. O da qeyd edildi
ki, təşkilata üzv olmaq istəyənlərin sayı həddindən artıq çoxdur və Azərbaycan
dövlətçiliyinə xidməti dəyən layiqli insanlara etimad göstərilir...
Dünya siyasətçilərinin şəxsiyyətinə, siyasi iradəsinə həsəd apardığı, qeyri-adi
yaddaşına qibtə elədiyi və millətimizin fəxri sayılan ulu öndərimiz Heydər Əliyev
ölkəmizin bütün bölgələrinə qarşı diqqətli idi. Azərbaycana rəhbərliyi illərində ölkəsinin
birinci olması üçün elə siyasət yürüdürdü ki, nəticədə adı dillərdə gəzən respublikamızın
səsi-sorağı uzaqlardan eşidilirdi. Sovet ölkələri arasında inkişaf tempinə görə
“Azərbaycan iri addımlarla irəliləyir” şüarı həqiqətən də düz səslənirdi. Bütün sahələrdə
irəliləyişə nail olmaqdan ötrü o vaxtkı Birinci Katib Moskvanın diqqətini bura
yönəltməklə kənd təsərrüfatının, sənayenin və başqa sahələrin sürətli inkişafına təkan
vermişdi.
Aqrar sahədəki uğurlar o dövrün insanlarının yaxşı yadındadır. Pambıq sahələrinin
ağappaq çiçəkli mənzərəsi könül oxşayırdı və əmək adamları həvəslə çalışırdılar. Onların
arxasında duran rəhbərlik belə insanların qiymətini bilir, sadə peşə sahiblərinə hörmət
eləyirdi. Kolxozçu öz əlinin qabarı ilə gözəl yaşayış əldə edir, boş sahələr əkin üçün
yararlı hala salınır, əkilir və diqqətlə becərilirdi. Maraqlısı bu idi ki, əkin-biçin vaxtı, ən
çox da məhsul yığımında Heydər Əliyev kolxozçulara baş çəkir, onlardan qayğısını
əsirgəmir, həm qollarına güc, həm də mənəvi ruh verirdi. Heydər Əliyevin tapşırığı və
nəzarəti ilə Qəbələdə də kənd təsərrüfatının əksər sahələri üzrə inkişaf nəzərə çarpırdı.
Tütünçülük, baramaçılıq, tərəvəz məhsulları və üzüm sahələri genişləndirilir, torpaq üçün
spesifik olan məhsullara üstünlük verilirdi. Sarı buğda zəmiləri kəhraba kimi yırğalanır və
meyvə ağaclarının salınmasına diqqət yetirilirdi. Nəticədə bol məhsul yetişdirən kəndli
həm ruzisini qazanır, həm də torpaqla ünsiyyət yaradaraq gələcək həyatının təminatçısı
olurdu. Təsadüfi deyil ki, Qəbələ rayonunda 13 nəfər Sosialist Əməyi Qəhrəmanı adına
layiq görülüb...
Aqrar sahənin inkişafı sayəsində ölkənin iqtisadi təməli də möhkəmlənirdi. O dövrdə
inşa edilən möhtəşəm tikililərin hamısı bu gün ölkəmiz üçün dəyərlidir. Heydər Əliyevin
birinci hakimiyyəti və sonralar onun Mərkəzdəki rəhbər vəzifədə işlədiyi dövrlərdə
ölkəmiz üçün gördüyü böyük işləri qoruyub saxlamaq mümkün olsaydı, hazırda
Azərbaycan daha da qüdrətli ölkə kimi tanınardı. Əfsuslar olsun ki, min bir əziyyət
bahasına yaradılan müəssisələr hakimiyyət dəyişikliyi zamanı talan edildi. Heydər
Əliyevə qarşı olan qüvvələr ölkədəki bütün ab-havanı dəyişməyə cəhd göstərərək,
respublikanın iqtisadiyyatına elə zərbə endirdilər ki, dəyən ziyanın məbləği hesablanarsa
nələri itirdiyimiz barəsində dəhşətli rəqəmlərlə üzləşməli olarıq. Tikinti-quruculuq
işlərində nailiyyətlər dövrü kimi yadda qalan hadisələr tariximizin çox da uzaq olmayan
yaxın keçmişidir. Azərbaycanda inşa olunan nəhəng tikililər SSRİ miqyasında öz
əhəmiyyəti ilə seçilir, onun bəhrəsindən ilk növbədə respublika əhalisi faydalanırdı.
Siyasi elmlər namizədi, politoloq Aydın Mirzəzadə “Azərbaycan, zaman, inkişaf”
kitabında yazır. “Heydər Əliyevin azərbaycansevərliyi onun diyarımıza 1969-1982-ci
illərdə etdiyi birinci siyasi rəhbərliyi dövründə özünü çox qabarıq şəkildə göstərdi. Bu
dövr haqqında ədəbiyyatda şox analitik materiallar yazılmışdır. Həmin zaman kəsiyini
“Azərbaycanın intibah dövrü” adlandırsaq səhv etmərik. Cəmi 13 il ərzində respublikanın
sənaye potensialı bir neçə dəfə, mənzil fondu iki dəfə, elmi potensialı bir neçə dəfə,
qabaqcıl texnologiyalarla təchizatı bir neçə on dəfə artırıldı.”
Tarixi abidələrin bərpası, mühafizə olunması istiqamətində Heydər Əliyevin gördüyü
işlər də təqdirəlayiqdir. O vaxtlar Qəbələ rayonunda Radiolokasiya Stansiyasının tikintisi
üçün bölgəyə gələn Rusiya mütəxəssislərinin əsrlərə şahidlik edən tarixi abidələrdən
birinə, Qədim Albaniyanın nişanəsini bildirən bu məkana laqeyd münasibəti cavabsız
qalmır. Belə ki, həmin stansiyaya Mingəçevirdən çəkilən yüksək gərginlikli elektrik xətti
qalanın cənub darvazasının üstündən keçməli idi. İş o qədər sürətlə gedirdi ki, artıq xəttin
özülləri də (bu dirəklər indi də qalmaqdadır) basdırılmışdı. Təbii ki, bu layihə reallaşsa
idi, onda arxeoloqların qazıntıları da yarımçıq qala bilərdi. Elektrik xətti çəkildiyi zaman
mərhum alimimiz, tarix elmləri namizədi Firudin Qədirov vəziyyətlə bağlı Heydər
Əliyevə teleqram vurur. Məsələdən hali olan Heydər Əliyev təcili Dövlət Komissiyasına
tapşırıq verir ki, işi araşdırsın. Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
Qurban Xəlilovun rəhbərliyi ilə işə başlayan komissiya üzvləri Əliş Lənbəranski, İqrar
Əliyev və Həsən Abdullayev doğrudan da bu tarixi ərazinin təhlükə qarşısında olduğunu
bildirirlər. 17 yanvar 1978-ci ildə Azərbaycan KP MK “Qutqaşın rayonunda tarix və
mədəniyyət abidələrinə səhlənkar münasibət haqqında” qərar qəbul edir. Qərara müvafiq
olaraq elektrik xətti cənub darvazasından uzaqlaşdırılır, ətrafdakı çayın kənarına bənd
çəkilir, arxeoloji tədqiqatlar genişləndirilir. Qəbələdən bəhs edən dissertasiyaların əhatə
dairəsi artırılır, ən başlıcası isə Qəbələ Dövlət-Tarix Mədəniyyət Qoruğu yaradılır...
Elə o zaman sözünün dəyəri olan Heydər Əliyevin qəti iradəsi ilə layihə dəyişdirilərək
başqa istiqamətə çəkilir. Halbuki həmin layihə daha ucuz başa gəlirdi və elektrik
dirəklərinin basdırılmasına xeyli maliyyə vəsaiti xərclənmişdi. Ancaq buna baxmayaraq
Heydər Əliyevin ciddi narazılığına səbəb olduğundan layihə dəyişdirilir. Beləliklə, daha
bir mənəvi sərvətimiz, möhtəşəm tarixi abidəmiz mühafizə olunaraq diqqətdən kənarda
qalmadı. Qədim məskəndə aparılan qazıntılarla bağlı alimlərimizin, arxeoloqlarımızın son
yenilikləri bu gün də elmi ictimaiyyət tərəfindən maraqla izlənilir.
Heydər Əliyevin rayonlarda əhali ilə görüşü maraqlı hadisələrlə zəngin olduğu üçün
heç vaxt unudulmur. Özü ilə bölgəyə yenilik aparan, hansısa müəssisənin təməlini qoyan,
yaxud sadə camaatla görüşündən məmnunluq duyub, yurdunun əzəmətindən ilham alan
mahir siyasətçi elə bu keyfiyyətlərinə görə də əhali tərəfindən yüksək səviyyədə
qarşılanırdı..
Qəbələ rayon sakinlərinə onu yaxından görmək, söhbətini dinləmək səadəti nəsib
olmuşdu. Xüsusən də yaşlı nəsil Heydər Əliyevin 1978-ci il səfərini tez-tez xatırlamalı
olur. Hər dəfə də bölgəyə gələndən sonra sakinlərə nə vəd edirsə, dedikləri çox keçmir ki,
reallığa çevrilir. Bir vaxtlar əhalinin paytaxta gələrkən uzaq məsafələr qət etməsi çətinlik
yaradırdısa, Heydər Əliyevin tapşırığı ilə Şamaxı-İsmayıllı istiqamətindən çəkilən
avtomobil yolunun inşası təkcə bir rayonu deyil, bura yaxın digər əraziləri də Bakıya
yaxınlaşdırdı. Yaşlı insanların dediyinə görə, İkinci dünya müharibəsindən əvvəl bu
barədə söz-söhbət getsə də insanlar xəyalən bu barədə düşünürdülər. Yeni yol isə məhz bu
dahi insanın səyilə salındı. Həm də Heydər Əliyevin özünün dediyi kimi, bu yol ona görə
maraqlıdır ki, Azərbaycan təbiətinin gözəlliyini nümayiş etdirir.
Səfəri başa vurana qədər bir neçə rayonu fəth etməli olursan. Bəlkə bu yolları elələri
var ki, min dəfə adlayıb. Ancaq yol yoldaşı olanda insanların sifətindən elə oxunur ki,
sanki birinci dəfədir bu yola çıxırlar. Nəzərlər təbiətin gözəlliyinə yönəlir və hamı sükut
içində ilahinin qələmə aldığı canlı tablolara tamaşa etməkdən zövq alır. Mərkəzi yoldan
kənara çıxsan Pirqulunun möcüzəsinə düşürsən, ya da balaca bir yol səni sirli aləmə,
Lahıca aparır. Yoluna davam eləyib, kənara çıxmasan daha möhtəşəm məskənə-
tarixlərin, əsrlərin yaddaşı olan Qədim Qəbələyə yetişirsən. Rayonun ən böyük kəndi
Vəndam indi qəsəbə statusu alıb. Xalqın sevimli oğlunun kənd sakinləri ilə görüşü isə
bütünlükdə vəndamlılarda xoş xatirələrlə yadda qalsa da, söhbətin məğzini anlayanda
görülən işlərin böyüklüyü, Heydər Əliyevin nələrə nail olması, nə etmək istəyi və bunların
arxasında gələcək inkişaf üçün çalışan bir insanın düşüncələri ilə rastlaşırsan. Həmin
söhbəti olduğu kimi xatırlayaq.
|