Vİlayət bağçası beşİncİ cİld



Yüklə 356,08 Kb.
səhifə1/22
tarix03.02.2017
ölçüsü356,08 Kb.
#7376
  1   2   3   4   5   6   7   8   9   ...   22
Vİlayət bağçası
beşİncİ cİld
İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneinin

tələbə və müəllimlərə tövsiyələri

Çevirən: İbrahim Mirzə

Ədalət, mənəviyyat və azadlıq1

Bismillahir-Rəhmanir-Rəhim.


Çox səmimi və gözəl bir məclisdir. İnsan hiss edir ki, məclisdə ixlas, gənclik şövqü və iman dalğalanır. Siz əziz qardaş və bacılar, tələbə və şagirdlər çox böyük nemət olan gənclikdən əlavə bir üstünlüyə də maliksiniz. O üstünlük budur ki, elmi işlə, təhsillə məşğulsunuz. Bundan əlavə, bu məclisdə iştirak edənlər bu ekskursiyanin proqramı daxilində elm qaynaqlarından bəhrələndilər. Proqramları yeni başlayanlar da inşallah, özlərini bu pak çeşmələrlə doyuracaqlar. Ümidi gənclərə, xüsusən də elm və təhsillə məşğul olan gənclərə dikilən mənim üçün bu məclis çox sevindiricidir. Əvvəla, müəllimlərə və çox dəyərli olan bu mədəni işin təşkilatçılarına təşəkkür etməyim lazımdır; xüsusən də cənab Misbaha - dövrümüzdə doğrudan da mübarək və səmərəli şəxsiyyətlərdən və İslam maarifinin təmiz düşüncəsinin mənbəyi olan bu şəxsə. İnşallah, Allah ona və digər zəhmət çəkənlərə çox dəyərli olan bu xidməti davam etdirmək səadəti nəsib etsin və gənclərin bu elm çeşmələrindən daha geniş və daha dərin istifadəsinə şərait yaratsın.
Elm - əməlin müqəddiməsi

İslam təfəkkürünün çox geniş sahələrini öyrənmək çox dəyərli işdir. Amma unutmayın ki, insanın üzərinə qoyduğu vəzifəyə diqqət yetirmədən boşluqda bilgi öyrənmək çox da uğurlu deyil. Elm əməlin müqəddiməsidir. Bir şey öyrənirik ki, doğru yolu tanıyaq, onda addımlayaq, israrla dayanaq və məqsədlərinə sarı irəliləyək. Dini bilgi gəncə, xüsusən də tələbə və şagirdə, arxasınca gələn saleh əməllə birgə öyrədildikdə, onu silahlandırmalı, bugünkü nəslimizin önündə mövcud olan çox mühüm və çətin yolu qət etmək üçün onda inam yaratmalıdır.


Əsl imanın xüsusiyyəti

Bu gün siz gənclərin öhdəsinə düşən iş çox böyükdür. Bir zaman bu ölkənin gənclərinin seçilmiş bir hissəsi öyrəndikləri əsl İslam maarifi ilə İslam inqilabının böyük hərəkətinin öncülü olub Böyük İmamın ilk köməkçilərinin çevrəsini təşkil edə bildilər. Belə böyük bir inqilab elm sayəsində baş verdi. Həmişə yolları açan, maneələri ortadan götürən, böyük dağları yaran, durmadan irəliləyən və digərlərini də arxalarınca aparan şəxslər - əsas silahları bilgidən ibarət olan seçilmişlərdir. Onlar nə istədiklərini və nəyin ardınca getdiklərini bilirlər. Bu onlara möhkəm iradə verir, yorğunluq və tənbəllik hissini onlardan uzaqlaşdırır. Əsl din-imanın xüsusiyyəti belədir. Sizin İslam tarixində müşahidə etdiyiniz bütün böyük hərəkətlər bundan qaynaqlanır. Qeyri-dini sahədə də səfərbər olan elm, məlumat və iradələr daha mühüm və böyük işlər gördü. Bu gün sizin bilgi və məlumatlarınız qarşınızdakı yolu elə açmalıdır ki, üzərinizdə olan çox böyük işləri görə biləsiniz.


İslam inqilabının missiyası

İslam inqilabının missiyası təkcə İslam adlı bir dövlətin qurulması deyildi. Bu böyük ağacın çoxlu çiçəkləri hələ açılmamışdır. Bu çiçəkləri bu nəsil açmalı, ağacın meyvə verməsini təmin etməlidir. Bəli, əgər İslam inqilabını özünə təhlükə görən hegemon düşmənlərin düşmənliyi, yəni bugünkü dünyaya hakim olan zülmkar siyasi və iqtisadi sistem olmasaydı, bu məqsədə daha tez çatmaq olardı. Lakin bu düşmənliklər də bir reallıqdır. Hərəkəti bu reallıqlara uyğun planlaşdırıb proqramla irəliləmək lazımdır.

Gözləmək olmaz ki, bizim qarşımızda heç bir düşmən olmasın. Düşmən həmişə olub və var. Bəllidir ki, düşmən əngəl törədir, lakin deyəcəyəm ki, Allahın düzgün yolu hələ də müqavimətli yolçuları yeni zirvələri fəth etməyə çağırır. Onlar sizlərsiniz. Bu bilgi o hərəkətə və o işə kömək etməli, sizi hazırlamalıdır. Sizin öyrəndiyiniz bu biliklər ilk növbədə ətrafınızdakı mühitə təsir buraxmalıdır; həm təhsil, həm də iş və ailə mühitinə.
İslam inqilabının mövqeyi

Düzgün İslam maarifinə yiyələnmiş bir gəncin işi təkcə şübhələri aradan qaldırmaq deyil, yəni təkcə müdafiə mövqeyində durmamalıdır. Məlumatlı və özünə inanan bir gəncin məntiq və düşüncə vasitələri baxımından mövqeyi hücumçu mövqeyidir. İnqilabın əvvəllərində mən universitetə gedib çıxış edəndə və suallara cavab verəndə solçu qruplara bağlı bir gənc soruşdu ki, filan hadisə qarşısında siz necə müdafiə oluna bilərsiniz. Dedim ki, mən müdafiəm olunmuram, hücum edirəm. İslam inqilabı müdafiə mövqeyində deyil. Əgər biz müdafiə mövqeyində olsaydıq, indiyə qədər işimiz bitmişdi. İslam inqilabının mövqeyi hücumçu mövqeyidir. Nəyin əleyhinə hücum? Bu gün bütün dünyada siyasət aləminə və xalqın həqiqi həyatına hakim olan zülmkar sistemin, yəni müstəmləkə quruluşunun əleyhinə. Müstəmləkə quruluşunda yalnız iki tərəf mövcuddur: müstəmləkəçi və müstəmləkə altında olan. Ya gərək özünü müstəmləkəçi edə biləsən, ya da əks təqdirdə, müstəmləkə və hökmranlıq altında qalasan. İslam inqilabı dünyada belə zalım quruluşlar əleyhinə fəryad və təhdiddir. İslam quruluşunun və İslam inqilabının xalqlar tərəfindən sevilməsinin səbəbi də budur. Siz görürsünüz ki, dünyada müxtəlif siyasət və üsullarla daim İslam Respublikasına təzyiq göstərirlər ki, müxtəlif hadisələrdə, misal üçün, Fələstin məsələsində mövqe bildirməsin. Bəzi sadəlövhlər elə birlirlər ki, problem təkcə bundadır ki, İslam Respublikasının filan hadisədə sərt mövqeyi var; deyirlər ki, siz sərt mövqe seçməyin. Halbuki problem bu deyil. Problem odur ki, İslam Respublikasının prinsipial mövqeləri dünyada müstəmləkə siyasətlərini təhdid və xalqları ümidvar edir.


Tələbənin bilgisi

Deməli, öyrəndiyimiz bilgi bizi tələbə, yaxud şagird gənc olaraq silahlandırmalı, bizdə yetərincə özünəinam yaratmalıdır ki, nəticədə ətraf mühitimizi, daha ağır məsuliyyət və daha geniş dairədə olduqda isə həmin geniş dairəni işıqlandıra bilək.

Tələbə və şagirdin siyasi və mədəni fəaliyyəti bu məlumatlar vasitəsilə istiqamətlənməli və rövnəqlənməlidir. Tələbə və şagird nə etməli olduğunu bilməlidir.

Belə bir mövqedə şübhələri aradan qaldırmaq da asan olacaq. Lakin məqsəd təkcə bu deyil ki, oturub bizim tərəfimizə bir şübhə atılmasını gözləyək, sonra da əlac axtarıb şübhəni aradan qaldıraq. Buna əsasən, bilgi öyrənməyin yanında məsuliyyət hissindən doğan həvəs də olmalıdır; bilgili bir insanı səbirsiz edib özünün düzgün vəzifəsinə sarı və doğru yolu qət etmək üçün hərəkətə gətirən həvəs və eşq. Vəzifə və məsuliyyətə qarşı bu həvəsi, diqqət və eşqi yaddan çıxarmayaq. Biliyin yanında bu hiss də olmalıdır.

Düzdür, elmsiz duyğu zərərlidir. İfrat və yaxud təfritə, qayda-qanunsuz işlərə çəkiləcək duyğu və həvəssiz elmin də heç bir nəticəsi yoxdur, donmuş halda olan və istifadə edilməyən bir sərvət kimidir. Əgər elm, məlumat və bilik sərvətinin uca məqsədlər yolunda işlənməsini istəyiriksə, həmin həvəslə və məsuliyyət hissi ilə birgə olmalıdır. İnsan bu iki qanadla uçub zirvəyə çata bilər.
Siyasi fəaliyyət - aktiv cəmiyyətin vəzifəsi

Sonrakı məqam budur ki, bu bilgilər sizə siyasi fəaliyyətin meyarını da öyrətməlidir. Aktiv bir cəmiyyətdə hamı siyasi fəaliyyət göstərməyə borcludur. Siyasi fəaliyyət siyasətbazlıqdan və siyasətpərəstlikdən başqa bir şeydir. Siyasi iş - cəmiyyətin indiki vəziyyəti ilə tanış, ayıq olmaq, onu təhdid edən təhlükələri tanımaq, dost və düşmən cəbhəsini müəyyənləşdirmək və onlara qarşı uyğun mövqe seçməkdir. Belə siyasi dərk hamıya lazımdır. Bunun ardınca fəaliyyət də olacaq. Bu, sözügedən İslam məlumatlarından qaynaqlanan meyarlara uyğun olmalıdır. Əgər bir siyasi fəal bu meyarları bilməsə, haqq və batil cəbhələrini qarışdırıb bir-birindən ayıra bilməyəcək.


Haqq və batilin tarixi

Tariximiz yolun ortasında haqq və batil cəbhələrini səhv salan insanlarla doludur. Əvvəl adətən, ya bir səhv qarşıya çıxır, insanın getdiyi yol və hərəkətdə küncə çəkilməsinə səbəb olur, sonra nəfs istəkləri, mənəvi nöqsanlar, əxlaqi qüsurlar, həvəslər və çirkinliklər qarşıya çıxır, insanı son süquta sarı sürükləyir. Beləliklə, bir gün haqq cəbhəsində olan şəxslər başqa bir gün haqqa qarşı xəncər çəkirlər. Bunu həm erkən İslam dövründə gördük, həm öz tariximizdə, həm özümüzə yaxın tarixdə. Məşrutə dövründə elələri vardı ki, bir gün haqq cəbhəsində hərəkət edirdirlər, amma qeyd etdiyimiz amillər səbəbindən, sonra haqqa qarşı xəncər çəkdilər. Bu ona görədir ki, insan siyasi fəaliyyətin meyarlarını itirir. Bu bilgi sizə bu meyarları verməlidir.


Tələbə fəaliyyətində məqsəd

Sizin görməli olduğunuz fəaliyyətin məqsədi nədir? Məqsəd qeyd etdiyim kimi, inqilabı ideal vəziyyətə çatdırmaqdır. Bizim inqilabımız çox böyük və hərtərəfli bir inqilabdır, bəşərin ən əsas ehtiyacları üçün sözü və proqramı var. Bunların çoxu açmamış çiçək kimidir. Bu çiçəklərin açması və sonra meyvəyə çevrilməsi üçün münasib şərait və gözəl hava lazımdır. Hələ bu şərait yaranmamışdır. Əlbəttə, bu, ağacın barsız olması demək deyil. Xeyr, bu ağac səmərəlidir, bu çiçəklərin açmasına kömək etmək lazımdır. Onların açmamasına bəzi əngəllər səbəb olmuşdur. Sizlər bu əngəlləri aradan qaldırmalısınız.


Gələcək nəslin məsuliyyəti

Gələcək nəslin məsuliyyəti var. Bir zaman bəzi şəxslər böyük bir iş gördülər. Bu işin əvvəli idi, amma sonrakı nəsillərin də hər biri öz növbəsində vəzifələrini yerinə yetirməlidirlər. İnqilab dövründə və inqilabın hazırlıq mərhələsində dünyada olmayan sizlərin vəzifəsi o zaman dünyada olan bizlərin vəzifəsindən daha ağır, daha şirin, təsirləri daha uzunömürlü ola bilər. Bir tunel açmaq mühüm işdir, amma bəzən bu tuneli möhkəm saxlayıb uçmağa qoymamağın, uzunömürlü olması üçün ona möhkəm dirəklər düzəltməyin əhəmiyyəti daha böyük olur.


Ədalətsevərlik

Bu inqilabın əsası nəyin üzərində dayanır? Onun əhəmiyyətli, ümdə və öz daxilində başqa məsələləri də ehtiva edən şüarlarından biri İslamda ədalətsevərlikdir. Ədalətin çox geniş mənası var. Bu ifadədə işlənən “İslam” sözü də çox mənalıdır. Belə deyil ki, biz eləcə deyək "İslam ədaləti" və müxtəlif tapıntılara uyğun olaraq ədalət barədə zehnimizdə məchul bir təsəvvür yaransın. Xeyr, ucalan bayraq İslam ədalətinin bayrağı idi. Çünki ədalət adı ortada idi. Ədalət anlayışı insanların ürəyində çox geniş və təsirli olduğundan, dünyanın uzaq nöqtələrində, hətta qeyri-müsəlman bölgələrində də insanları cəlb etdi. Bu inqilab qələbə çalanda sevinənlər təksə İslam ölkələrinin müsəlmanları və təkcə müsəlmanlar deyildilər. Dünyanın məhrum ölkələrindən olan qeyri-müsəlmanlar, hətta bəzi qeyri-müsəlman məzhəblərinin ruhaniləri, müxtəlif bölgələrdə yaşayan məsihi ruhanilər də siyasi və dini ayrıseçkiliyi bütün vücudları ilə duyduqlarından, inqilabdan vəcdə gəldilər.


Ədalətsevərlik və inqilabın təsiri

Mən səksəninci illərin əvvəlində, prezident olarkən Cənubi Afrika ölkələrinə səfər etdim. O zaman Cənubi Afrikanın millətçi rejiminin həbsxanasında olan çox məşhur qaradərili rəhbərlərin bəziləri öz adamları vasitəsilə mənə xəbər göndərdilər ki, biz imamın aşiqiyik və inqilabı sevirik. Onlar müsəlman deyildilər, lakin İslamın və İslam Respublikasının ucaltdığı ədalət bayrağına belə hörmət ifadə edirdilər. O zaman Cənubi Afrika Respublikasında çox zalım və qaniçən bir aparteid rejimi hakim idi. Buna görə də, İslam Respublikası qurulanda o ölkə ilə əlaqəsini kəsdi. Tağut rejimin onunla çox isti münasibətləri vardı. Sonra onların görkəmli şəxsiyyətlərindən biri həbsxanadan azad olundu. Cənubi Afrikada inqilab baş verdi, rejim dəyişildi və həmin şəxs bir neçə il Cənubi Afrikanın prezidenti oldu. Yəni belə bir rejimin hökmdarlığı altında birinci dərəcəli mübarizlər həbsxananın içindən imama və İslam Respublikasına sevgilərini bildirirdilər. Mənə dəfələrlə bu sözü çatdırdılar. Bu, ədalət bayrağına görə idi. İslam ədaləti ifadəsindəki İslam sözü göstərirdi ki, bu ədalətin təməlləri İslam təfəkkürünün əsasları üzərində ucaldılmışdır. Bu söz dünya müsəlmanlarında başucalığı hissini oyatdı. Dünyanın bütün müsəlmanları qürur və şəxsiyyət duydular. Yüz dəfələrlə dünyanın bütün yerlərindən olan görkəmli müsəlman şəxsiyyətlər bizlərə, İslam Respublikasının müxtəlif vəzifələrində çalışanlara xəbər göndərirdilər ki, biz müsəlman kimi öz şəxsiyyətimizi itirib ayrılarına qarışmışdıq, amma siz bizə şəxsiyyət verdiniz, bizi diriltdiniz. Bu, İslam Respublikasının və İslam inqilabının ucaltdığı bayrağa görə idi.


Qərbdə azadlığın mənası

Son 200 ildə dünyada İslam inqilabı ilə müqayisə olunası iki böyük inqilab baş vermişdir: biri 1789-cu ildə, yəni 200 ildən bir qədər artıq öncə baş vermiş Böyük Fransa İnqilabı, digəri isə 1917-ci ildə, təxminən 90 il bundan əvvəl baş vermiş Sovet Oktyabr İnqilabı. Fransa inqilabının əsas şüarı azadlıq idi, Sovet kommunist inqilabının əsas şüarı isə bərabərlik. O azadlıq Qərbdə tamamilə yanlış bir anlayışa çevrildi. Mənası insanların həyat yolunun seçimində azadlığı olan bu söz fərdi və cinsi azadlıqlara, pozğunluğun azadlığına çevrildi. Xalq demokratiya adı altında müxtəlif təbliğatlarla və gözəgörünməz bir tor vasitəsilə müxtəlif rejimlərin, güc sahiblərinin istədikləri bütün istiqamətlərə çəkildilər. Həmin vəziyyət bu günə qədər də davam edir.

Qərbdəki siyasi azadlığın bir hiylə olması bu gün təkcə bizim sözümüz deyil. Bu, Qərbin özündən olan bir çox mütəfəkkilərin və xeyirxah insanların sözüdür. Zahirdə görünən demokratiyadır, əslində isə həmin gözəgörünməz təbliğat torudur. (Əlbəttə, seçkilərdə xalqın 30-35 faizindən 60 faizə qədəri ancaq iştirak edir. Amerika seçkilərində səsvermə hüququ olanların yalnız 35-40 faizi səs verir). Bütün təbliğat maşınları da nəhəng güclülərin və şirkət sahiblərinin ixtiyarındadır; yəni hər bir avtoritar rejimdə əsas söz sahiblərinin. Bu gözəgörünməz tor xalqı istədiyi tərəfə çəkir, xalqlara zorla yeridilən məqsəd və usulların dəyişdirilməsinə imkan vermir. Bunlar fəsad azadlığını, seksual azadlığı, veyillik və əxlaqdan qurtuluş azadlığını yayırlar; çünki yenə bu güclərin xeyrinədir.

İkinci inqilabdakı bərabərliyin taleyi də birinci inqilabdakı azadlığın taleyinə bənzədi. Yəni kommunistlər bərabərlik adı altında təxminən 70 ildən artıq çox kəskin, qaranlıq və dözülməz bir bərabərsizlik yaratd;lar. Gözəl şüarlar verdilər; həm azadlıq, həm bərabərlik gözəl və cəlbedici şüarlardandır. Əslində isə əksinə əməl olundu.


Ümumi vəzifə

Əgər biz ədalət şüarında təkcə sözlə kifayətlənib əslində, onu təmin etməsək, bizim işimiz də onların işinə bənzəyəcək. Bu da İslamın və İslam əsaslarının heç bir vəchlə qəbul etmədiyi bir haldır. Harada olursa-olsun, hamının əsas vəzifəsi ən mühümlərindən biri ədalət olan əsas şüarların həyata keşməsinə yardım etməkdir.


Ədalətin mənası

Qeyd etdiyimiz kimi, ədalət İslamda çox geniş anlayışa malikdir. Ədalət - yəni insanın bütün maddi və mənəvi ehtiyaclarının təmini. Ədalətin mənası hər bir haqq sahibinin haqqını özünə verməkdir. Görün insanların hüquqlarının nə qədər geniş dairəsi var. Onların hamısı təmin ediləndə ədalət bərqərar olur. Bu ədalətin içində, təbii ki, azadlıq da var; düzgün mənada olan azadlıq, təbliğ və iddia etdikləri yanlış azadlıq yox.

Bu ədalətin daxilində düzgün mənada bərabərlik də mövcuddur. Bərabərlik - yəni ayrıseçkiliyin olmaması. Bərabərliyin mənası bu deyil ki, kişi və qadın bir-birinə bənzəsinlər. Kommunistlər bu səhvə yol verdilər və onun içində də ilişib-qaldılar. Bərabərliyin mənası budur ki, hamı qanunun və həqiqətin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində cəmiyyətə və insana bəxş olunmuş ilahi nemət və imkanlardan bəhrələnə bilsinlər: qanun qarşısında, səhv qarşısında, öhdəyə düşən vəzifə qarşısında hamı bərabər olsun. Düzdür, insanların səyi üçün imkan genişdir. Biri daha artıq çalışır, daha artıq nailiyyət əldə edir; biri az işləyir, az qazanır; biri yaxşı iş görür, nəticəsi də yaxşı olur; biri pis iş görür, nəticəsi də pis olur.
Ədalət, mənəviyyat və azadlıq

Bunlardan əlavə, bu inqilabda mənəviyyat da var, yəni təkcə azadlıq və bərabərlik deyil. İslamda olan azadlıq və ədalət mənəviyyatla yanaşıdır. Buna görə də, bu gün Qərbin düçar olduğu və qərblilərin özlərinin də başa düşdüyü ümdə boşluq burada yoxdur.

Mənəviyyatın olmaması əxlaqi dəyərlərin zəifləməsinə səbəb olur, bir ölkə və bir cəmiyyət kökündən dağılmaq təhlükəsi qarşısında qalır. Bu gün bir çox Qərb cəmiyyətlərində bunun əlamətləri görünür. Onlar anlayır, başa düşür və xəbərdarlıq edirlər. Çoxlu Qərb ölkələrində olan fəsad mənəviyyatın boşluğundan irəli gəlir. Bu, davam edəcək, çünki onlar əxlaq mənəviyyatını sözün həqiqi mənasında qəbul etmirlər. Həm də çalışırlar ki, bu bədbəxtlikləri dünyanın bütün bölgələrinə ötürsünlər. Bunlar geniş mövzulardır. Bu barədə danışmaq istəmirəm.
İslam öyanışının mərkəzi

Siz gənclər əldə etdiyiniz bilgi və məlumat silahı ilə bu bayrağı yüksəkdə saxlaya bilməlisiniz. Düzdür, çox ağır və böyük vəzifədir. Dünyada bir qrup insan öz təbliğatları, xüsusi üsulları və əslində, psixoloji bir müharibə ilə təbliğ edirlər ki, inqilablar dövrü bitmişdir. Bu, müstəmləkə quruluşunun ehtiyacı olan və bu təbliğatı aparmağa məcbur olduğu bir məsələdir. Bunlar dünyanın hər hansı bir nöqtəsində din, mənəviyyat və İslama əsaslanan bir inqilabın baş verməsindən diksinirlər. Buna görə inqilablar dövrünün bitdiyini təbliğ edirlər. Bilirlər ki, İslam oyanışının mərkəzi İslam İranı olmuşdur. Bu mərkəzin özünü hədəf seçirlər. Bu bayrağı yüksəkdə saxlamalı olan ruhiyyə və insanları zəiflətmək istəyirlər. Deyirlər ki, İslam inqilabı qocalmışdır. Bu, təbliğat hiyləsidir. Mən bir dəfə də bunu demişəm. Bu, elmi proqnoz deyil, xeyr, əgər İslam inqilabı qocalıb əldən düşsəydi, hegemon düşərgə onunla mübarizə aparmaq üçün bu qədər xərc çəkməyə məcbur olmazdı. Bəlli olur ki, gənc və güclüdür. Buna görə də onunla mübarizə üçün bu qədər xərc çəkirlər. Bu inqilabın gənc qalmasının səbəbi intrinsik olaraq, bu inqilabın özündədir.


İnqilabların həyatı və ölümü

İnqilabların bir gənclik, bir həyat və bir ölüm dövrü olmaları düz sözdür, yəni hər bir şey məhv ola bilər. Bir inqilabın və bir quruluşun da məhv olması mümkündür. Quranda da bir çox yerlərdə işarə vurulub ki, əgər xalqlar ilahi qanunlara etinasız olsalar və öz vəzifələrini yerinə yetirməsələr, Allahın neməti onlardan götürülər və sahib olduqlarını əldən verərlər.

Bir inqilabın və bir quruluşun bir gün ölməsi mümkündür. Bir inqilabda həyat və ölüm amili nədir? Burada çox əhəmiyyətli olan iki amil var: Birincisi inqilabın deviz və bayraqlarıdır - bir inqilabı təsvir edən şüar və məqsədlər. Əgər bu şüarların faydalı ömrü bitsə və inqilabın deməyə sözü olmasa, tələf olar. Amma bu da İslam inqilabı barədə heç zaman özünü doğrultmayacaq. Bu inqilabın təsvir etdiyi şüar və məqsədlər insanın mahiyyəti və fitri ehtiyacları ilə qarışmışdır. Qeyd etdiyimiz kimi, bu inqilabın məqsədləri - ədalətsevərlik, insansevərlik, zülmə qarşı mübarizə, məzlumu müdafiə, təbəqələrarası məsafəni azaltmaq, Əmirəlmömininin şərafətli və həmişəyaşar kəlamında dediyinin qarşısını almaq: bir dəstə zalımın toxluğu, qarınqululuğu və başqa bir dəstənin aclığı və cana gəlməsi. Bu şüarlar heç zaman köhnəlmir. İnsanın əsas ehtiyacları tarix boyu eynidir. İslam inqilabı və İslam bu ehtiyacları diqqətdə saxlayır, onları təmin etməyə çalışır. Əcnəbi bir qüvvənin hökmranlığı altında olan bir xalqın müstəqilliyi əsaslı bir ehtiyacdır. Bu, inqilabın şüarlarından biridir. İnsanlar üçün azadlıq, özünün insani, islami və düzgün mənasında, qəti bir ehtiyacdır. Deməli, şüarlar baxımından İslam inqilabı köhnəlik qəbul edən deyil. Bu şüarlar insan üçün həmişəlik və daimi ehtiyaclardır.
İnqilab sahiblərinin zəifliyi və yorğunluğu

İnqilab üçün problem yaradan ikinci amil budur ki, inqilabın sahibləri və işçiləri - yəni xalq və məmurlar zəifləsinlər, yorulsunlar, səhv etsinlər və lazımi qabiliyyətləri əldən versinlər. Hər bir inqilab və hər bir quruluş bu problemə düçar olsa, məhv olacaq. Bunu həmişə bir təhdid kimi nəzərə almaq lazımdır. Bəzliləri dayanmadan deyirlər “təhdid, təhdid”. Həqiqi və ciddi təhdid budur. Həqiqi təhdid bu deyil ki, başqa bir dövlət xalqa buynuzunu, yaxud dişini göstərsin. Canlı bir varlıq çalışır ki, müxtəlif siyasi, hərbi və əqli yollarla özünü müdafiə etsin, təhlükəni özündən uzaqlaşdırsın. Lakin şərti budur ki, canlı və ayaq üstə olsun, özünə güvənsin, özündə lazımi bacarıqları qorusun. Bizim bəzən məmurlara və əziz xalqımıza verdiyimiz tövsiyələr bu cəhətə görədir.


İnqilabçı ləyaqəti – inqilabın qarantı

Biz özümüzdə inqilabçı xüsusiyyətlərini saxlamalı və qorumalıyıq. Əgər bu xüsusiyyətlər qorunsa, inqilabın ideologiyasında heç bir çatışmazlıq yoxdur. İnqilabın şüarları məhvolası və istifadə müddəti bitəsi deyil. Onlar əbədidir. Biz özümüzdə bu ləyaqətləri gücləndirməliyik; ilk növbədə məmurlar, sonra isə inqilabda və ölkədə təsirli olan aparıcı şəxslər.

Məmurlar barədə deyim ki, bizim ölkəmiz birinci dərəcəli məmurlar baxımından problemsizdir. Onlar sədaqətli, ixlaslı, işgüzar və fəal şəxslərdir. Bu gün düşmənlərin təbliğatının biri budur ki, ölkənin yüksək rütbəli məmurları, üç hakimiyyətin başçıları, yaxud ölkənin birinci dərəcəli idarəçiləri bacarıqsızdırlar. Sanki bir qrup insan bir gəmiyə minir, qəfildən sərnişinlərə xəbər verilir ki, kapitan gəmini idarə edə bilmir. Təsəvvür edin ki, gəmidəki insanlar nə hala düşərlər, necə iztirab və təşviş yaranar. Biz bir gəmiyə minmişik, ümidvarıq ki, kapitan kabinasında oturan cənablar gəmini dalğa və qayalara toxunmaqdan qoruyub bizi sahilə sağlam çatdıra biləcəklər. Lakin birdən bizə xəbər verirlər ki, bunlar öz işlərini bacarmırlar. Bu bir ölkə üçün çox çətindir. Düşmənlər xalqda belə bir hiss yaratmaq istəyirlər. Düşmənin psixoloji müharibəsi çox kəskindir, siz gənclər buna diqqət yetirin. Bu təsəvvür əsla düzgün deyil. Ölkənin birinci dərəcəli məmurlarının və yüksək rütbəli müdirlərinin bəzi işlərdə səhvə yol vermələri mümkündür. Kimin səhvi yoxdur ki?! Bu, mümkündür. Onların bəzi siyasi üsullarında, yaxud baxışlarında fərqlər ola bilər. Bu, meyar deyil. Lakin onların hamısı inqilab xəttinin davam etdirilməsində, inqilabın və imamın yolunun məqsədlərinin həyata keçirilməsində maraqlıdırlar, özlərini buna borclu bilir, bu yolda çalışırlar. İnsan bunu müşahidə edir.
ABŞ islahatı

Eşitdiniz, bu yaxınlarda amerikalılar və onların bəzi davamçıları hökumət və prezident üzərində dayanıb dedilər ki, bunlar bacarmırlar, bilmirlər, istəmirlər. Bəli, ABŞ-ın istədiyi işi ölkə məmurları, prezident və digərləri, şübhəsiz ki, yerinə yetirmək istəmirlər. Amerikalıların “islahat” adlandırdıqları məsələ bu xalqı xar etməkdən, ABŞ hakimiyyətini qəbul etdirməkdən, ABŞ-ın bu ölkəyə yenidən hakimiyyət yolunu açmaqdan və xalqın İslama arxa çevirməsindən ibarətdir. Deyirlər ki, İranın prezidenti və hökuməti bunu istəmir. Bəli, əlbəttə, istəmir. Bu ölkədə heç bir məmur bizim düşmənimizin və amerikalıların bu ölkədə həyata keçirməyə çalışdıqları işi istəyə bilməz. Nə üçün? Çünki xalq İslama bağlıdır, bu inqilabı sevir, onu özününkü bilir. Minlərlə şəhidi bu yolda tədqim edən bu xalqdır. İslam, inqilab və bu quruluş üçün fədakarlıq göstərənlər bu xalqın uşaqları idi. Bunlar həyasızcasına bir xalqa deyirlər ki, əcnəbi hakimiyyəti əleyhinə etdiyiniz şanlı dirəniş üçün tövbə edin. Məgər belə bir şey mümkündür?! Məgər belə bir şeyi qəbul etmək, dərk etmək olar?! Bəllidir ki, düşmənin İranda istədiyi işə heç bir məmur dözmür və onu qəbul etmir; nə ona meyli var, nə də bacarığı. Lakin düşmənlərin yaratdığı bütün problem və maneələrə rəğmən, ölkəni idarə etməyə və düzgün yollara çəkməyə hökumət, prezident və məmurlar həm meyllidirlər, həm də bu bacarıqları var. Onlar iş başındadırlar, dayanmadan və yorulmadan çalışırlar. Məgər bir ölkəni idarə etmək və onun üçün məcburən yaradılan problemləri aradan qaldırmaq asandır?!

Düzdür, inqilabdan, İslamdan və bizim böyük imamımızın hərəkətindən narazı olan şəxslərin ürəyi istəyir ki, ölkənin quruculuq işlərində əngəl yaransın. Bəzi səs-küylərin və siyasi hərc-mərclik istəyənlərin əsas məqsədi budur ki, hökuməti və məmurları öhdələrinə düşən işlərdən uzaqlaşdırsınlar və cüzi məsələlərlə məşğul etsinlər.

Əlbəttə, bəzilərinin daha ağır və böyük məqsədləri var. Xalqın vəziyyəti də məlumdur. Bu xalqın inqilabın məqsədlərinə sevgisi, marağı, məlumatı və ayıqlığı dünyanı heyrətə salmışdır. Siz baxın, düşmənlərin istifadə edərək İslamı vurmaq istədikləri seçkilərdə xalq İslam məqsədləri ilə və inqilaba vəfadarlıqla səhnəyə çıxıb səs verdi. Bunu qorumaq lazımdır. Siz gənclər bu baxımdan rol oynamalısınız.

İndi qayıdaq birinci sözümüzə. Öyrəndiyiniz bilgilər saleh əməl sahəsində sizə yol göstərməli, kömək etməli, sizi iman, ümid və möhkəm iradə ehtiyatları ilə bu meydana daxil etməlidir.
ABŞ-ın ümidləri

Gənclər məsuliyyət hiss etməlidirlər. ABŞ prezidentinin son çıxışında iki məqam üzərində təkid vardı: biri universitet, biri mətbuat. Amerikalılar dedilər ki, biz işlərimizi bu iki sahədə aparmaq istəyirik. Onlar bu iki nöqtəyə ümid bağlayıblar. İndi mətbuatla işim yoxdur, o, başqa bir söhbətin mövzusudur. Lakin universitet, məktəb və lisey məsələsi çox əhəmiyyətlidir.

Əlbəttə, onların bizim gənc nəslə, tələbələrə və universitetlərimizə olan ümidi bu ilin 18 tirinə (9 iyula) olan ümidləri kimi puç olacaq və yenə zərbə görəcəklər. Bu il 18 tirdə İranda böyük bir qiyam və çevrilişə ümidli idilər. Onlar özlərini buna hazırlamış, bəzi işlər də görmüşdülər, lakin başları daşa dəydi. Onlar İran xalqını tanımamışlar. Bizim gənclərimizi və tələbələrimizi də tanımamışlar. 18 tirdən qabaq və sonra bəzi yerlərdə bir sıra işlər baş verdi. Onlar zahiri baxımdan bir-biri ilə əlaqəsiz idi, lakin dəqiq bir insan məsələlərin kökünü tapmaq istədikdə, onların builki 18 tirə hansı ümid bağladıqlarını anlayanda, zahirən əlaqəsiz, lakin bir-biri ilə əlaqədar olan bu işlərin mənasını dərk edir. Onlar elə bilirdilər ki, bu il gördükləri bəzi işlərin nəticəsində 18 tirdə universitetdən başlayaraq xalqın dərinliyinə qədər tədricən böyük bir qiyam yaranacaq və İslam quruluşunun yaxasını tutub vəziyyəti tamamilə dəyişdirəcəklər.

Deyirlər bir münəccim proqnoz verib ki, filan gecə bir tufan baş verəcək, yer üzündə heç bir bina və tikili qalmayacaq. Birinci münəccimin hesablamasının səhv olduğunu bilən başqa bir münəccim dedi ki, onun tufan olacağını dediyi gecə bir şam yandırın və damın üstünə qoyun. Əgər səhərəcən sönsə, nə istəyirsiniz məndən alın. Bir şam yandırıb damın üstünə qoydular, şam səhərəcən yandı və onu söndürəcək bir yel də əsmədi. Onlar bu hadisədə özlərinin səviyyəsiz adamlarından bir neçə nəfəri toplayıb psixoloji müharibəyə vadar etmişlər. Təəssüf ki, bəzilərinin vasitəsilə mətbuat işlərini də aparmışlar. Ondan əvvəl və sonra da bəzi işlər görmüşlər, lakin zərbə özlərinə dəydi və səhv etdiklərini anladılar. Universitet barədə də belədir. Lakin siz yenə də fəal olmalısınız.


Tələbə hərəkətlərinin meyarları

Mən dəfələrlə universitetlərdə demişəm, tövsiyəm də budur ki, hərəkət məntiqli, mətanətli, alimcəsinə və elmi olsun. Mən xüsusən universitetlərdə sərt hərəkətlərlə müvafiq deyiləm. Belə hərəkətləri uğurlu da bilmirəm. Hərəkət məntiqdən qaynaqlanmalıdır, lakin onda fəallıq, inkişaf və hücum ruhiyyəsi olmalıdır, müdafiə ruhiyyəsi yox. Bu, bu gün bizim əziz gənclərimizin öhdəsinə düşən vəzifə budur. Mənim üçün aydındır ki, Allahın lütfü ilə gənclərimiz düşmənlərin bağladıqları ümidlərə, gördükləri hazırlıqlara və gənc nəsli yoldan çıxarmaq üçün çirkin mədəni işlərinə rəğmən, bu vəzifəni ən yaxşı şəkildə yerinə yetirəcəklər. Bizim gənc nəslimiz Allahın köməyi ilə öz vəzifəsinə yaxşı şəkildə əməl edəcək və inşallah, tarix hökm edəcək ki, bu nəsil inqilabın birinci nəslindən az iş görməmişdir.

Allah-Taaladan istəyirəm ki, dövrün imamının xeyir-dualarını sizə və bütün gənclərimizə şamil etsin! Böyük imamımızın pak ruhunu Öz rəhmət və razılığına qovuşdursun! Əziz şəhidlərimizin pak ruhlarını peyğəmbər və övliyaların ruhları ilə birgə və bizim hamımızın aqibətimizi xeyirli etsin!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 356,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin