əsrlərdə əhali xərac, üşr (üşür), cizyə və bir çox başqa vergi və
mükəlləfiyyətlər ödəyirdi. Səlcuq dövləti XI əsrin sonlarında-
işğallar ara verdikdə tənəzzülə başladı. İqtadarlar daha mərkəzi
hakimiyyətə tabe olmaq istəmirdilər. Əsarət altına alınmış ölkələrin,
xalqların azadlıq mübarizəsi genişlənməkdə idi. Bundan başqa I
Səlib yürüşü dövründə (1096-1099) səlibçilərə qarşı mübarizə,
Aralıq dənizinin Kiçik Asiya, Suriya və Fələstin sahillərində çox
mühüm ərazilərin itirilməsi də Böyük Səlcuq imperatorluğunun
tənəzzülünə müəyyən təsir göstərdi. Sonuncu Səlcuq hökmdarı
Sultan Səncərin (1118-1157) hakimiyyəti illərində imperatorluq
faktiki olaraq, ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. Bu
dövlətləri Səlcuq sultanlarının vəliəhdlərinin tərbiyəçiləri-atabəylər
idarə edirdilər.
16
III. ŞİRVANŞAHLAR
VƏ ATABƏYLƏR DÖVLƏTLƏRİ
Şirvanşahlar dövləti. Böyük Səlcuq hökmdarı I Məlik şahın
hakimiyyətinin sonuna yaxın Şirvanşahlar yenidən qüvvətlənməyə
başlamışdı. Bu zaman Fəribürz, sonra oğulları II Mənuçöhr və I
Afridun ölkəni müstəqil idarə edirdilər. Səlcuq türklərinə qarşı
mübarizədə gürcü çarları Şirvanşahlarla yaxınlaşmağa çalışırdılar.
Geniş xarici siyasət planları olan gürcü çarı IV David Bizans
imperatoru Aleksey Komnin və qıpçaq türklərinin hökmdarı Atrak
ilə ittifaqa girmişdi. O, Qafqazın şimalından Gürcüstana 45.000
nəfərdən çox qıpçaq türk döyüşçüsü köçürtmüşdü. Gürcü və erməni
feodalları, Bizans imperiyasının vasitəçiliyi ilə, Səlcuq türklərinə
qarşı Qərbi Avropa səlibləri ilə əlaqə yaratmışdılar. Bu tədbirlərlə
onlar türk-müsəlman amili Qafqazdan sıxışdırıb çıxarmağa, Azər-
baycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. 1117-ci
ildə Demetre Şirvana hücum etdi. 1120-ci ildə isə IV David qüv-
vətli ordu ilə Şirvana basqın etdi. Şirvanşahlar ordusu məğlubiyyətə
uğradı (1, s. 332). IV David Qəbələni talan etdi. 1121-ci ildə
Didqori döyüşündə gürcülər, qıpçaq türkləri, osetinlər və Qərbi
Avropa səlibçilərinin birləşmiş qüvvələri Səlcuq qoşunlarına qalib
gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv edildi. Şirvan-
şah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan
münasibətlərinin yaxşılaşmasında Böyük Səlcuq imperatorluğunun
zəifləməsi ilə yanaşı, III Mənuçöhrün arvadı Tamar və onun gürcü
əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə ittifaqa bel bağ-
layan III Mənuçöhr Səlcuq türklərindən üz döndərdi. Nəticədə
Şirvanşahlar Böyük Səlcuq imperatorluğu ilə ittifaqdan çıxdılar və
40.000 dinar məbləğində illik bac verməkdən imtina etdilər. 1123-
cü ildə Səlcuq hökmdarı Sultan Mahmud Şirvana hücum etdi. Lakin
birləşmiş qüvvələrə qalib gələ bilməyən Sultan Mahmud çox
keçmədən Şirvanı tərk etdi. IV David Şirvan torpaqlarını Gürcüs-
tana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə dəfələrlə
17
Azərbaycana yürüş etdi. Gürcüstan və Buğurd qalalarını, Şamaxını
ələ keçirdi, şəhər və qalalarda gürcü qarnizonları qoyub geri döndü.
Lakin 5 ay sonra IV Davidin ölümündən sonra (1125) onlar Şirvanı
tərk etməyə məcbur oldular. Hakimiyyət yenidən III Mənuçöhrə
keçdi. XII əsrin 30-60-cı illərində Azərbaycan Şirvanşahlar dövləti
Cənubi Qafqazda ən qüdrətli siyasi amilə çevrilmişdi. 1160-cı ildə
III Mənuçöhrün ölümündən sonra onun oğulları arasında taxt-tac
mübarizəsi başlandı. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən
Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə qıpçaq turklərinə
arxalanaraq, Şirvanı Gürcüstanla birləşdirməyə cəhd göstərdi. Lakin
Eldənizlər dövlətinin hakimi Atabəy Şəmsəddin Eldənizin qüvvə-
lərinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Axsitan (1160-
1196) hakimiyyəti ələ keçirdi. O, Səlcuq türkləri ilə dostluq
münasibətlərini bərpa etdi. I Axsitan ömrünün sonunadək ona arxa-
landı. Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam edirdi.
1173-cü ildə Şirvanşahın hərbi qüvvələri mərkəzi hakimiyyətə qarşı
qiyamı yatırtmaqda çar III Georgiyə kömək etdi. I Axsitanın haki-
miyyəti dövründə Dərbənd hakimliyi Şirvanşahlardan asılı
vəziyyətə salındı. I Axsitan ölkənin ərazisində çoxlu müdafiə qur-
ğuları-qalalar, qüllələr, sədlər inşa və bərpa edildi. 1175-ci ildə Şir-
vanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı. 73 gəmidən
ibarət slavyan donanması Azərbaycana hücum etdi, Lənbərana
qədər hərəkət etdilər. Şimaldan qıpçaq türkləri Dərbəndi və Şabranı
ələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri hər iki hücumu dəf etdi.
Buna III Georginin gürcü qoşunları kömək etdi. Bizans şahzadəsi
Andronik Komnin də gürcü qoşunlarının ordugahında idi. 1192-ci
ildə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı dağıldı. Şəhər
əhalisinin xeyli hissəsi (I Axsitanın ailəsi də) tələf oldu. Paytaxt
Bakıya köçürüldü (4, s. 297).
Azərbaycan Atabəylər (Eldənizlər) dövləti. Azərbaycan
atabəylərinin idarə etdiyi Eldəgizlər dövləti Azərbaycan tarixində
İldənizlər və ya Eldəgizlər dövləti kimi də tanınır. Bu dövlət əvvəl-
lər İraq Səlcuq sultanlığının tərkibinə daxil idi. Böyük Səlcuq im-
peratorluğunun parçalanması dövründə meydana gələn İraq Səlcuq
18
sultanlığı (1118-1194) İraqı, İranı və Kür çayından cənubdakı
Azərbaycan torpaqları da daxil olmaqla Cənubi Qafqazın bir
hissəsini əhatə edirdi. Eldənizlər sülaləsinin banisi Atabəy Şəmsəd-
din Eldənizin adı ilə bağlıdır. Sultan II Toğrul (1132-1134) ona
“əmir” titulu verdi və onu öz oğlu Arslan şahın atabəyi təyin etdi.
1136-cı ildə o, Arran hakimi təyin olundu və Bərdəyə göndərildi.
Bununla müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti
idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Şəmsəddin Eldə-
niz bir çox xırda feodal mülklərini aradan qaldıraraq bütün
Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. O, sultan sarayından
iqta aldığı Arranla yanaşı, Azərbaycanın bəzi cənub bölgələrini,
habelə Naxçıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdir-
məyə başladı. Paytaxt əvvəllər Naxçıvan şəhəri idi. Sarayda böyük
nüfuza malik idi və dövlətin idarə olunmasında yaxından iştirak
edirdi. 1160-cı ildə “Böyük Atabəy” titulu aldı və oğulluğu Arslan
şahın (1161-1176) sultan elan edilməsinə nail oldu. Bundan sonra
Şəmsəddin Eldəniz bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə
başladı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi
oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin
edildi. Beləliklə, İraq Səlcuq sultanlığı Azərbaycan sultanlığına
çevrildi. Kürdən cənubdakı bütün Azərbaycan torpaqları Eldənizlər
dövlətinin tərkibində yenidən birləşdirildi. Şirvanşahlar dövləti də
Eldənizlərdən asılı hala salındı. Azərbaycan Atabəyləri Azərbaycan
üçün daim təhlükə yaradan gürcü torpaqlarını Eldənizlər dövlətinin
tərkibinə daxil etmişdilər. 1161-ci ildə gürcü qoşunları o zaman
Eldənizlər dövlətinin tabeçiliyində olan Dəbil şəhərinə hücum edib
10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları
çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazın-
dan sonra onların paltarları özlərinə qaytarılmışdı. Şəmsəddin El-
dəniz gürcü qoşunları üzərində bir sıra qələbə qazanmışdı. Gürcü
çarları bir daha Azərbaycan sərhədini pozmağa cəsarət etmirdilər.
Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldənizlər
dövləti Dərbənd keçidindən İran körfəzinə qədər çox geniş əraziləri-
Azərbaycanı, o cümlədən Arran və Şirvan, əl-Cibal ölkəsi, İraq,
19
Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyi əhatə edirdi. Hilat,
Fars, Xuzistan, Mosul, Kirman və Təbəristan Şəmsəddin Eldəniz-
dən asılı idilər. Mərkəzi hakimiyyətdən iqta almış əmirlərin hərbi
qüvvələrindən başqa, hökmdarın özünün 50 min nəfərlik nizami
süvari qoşunu vardı. Səlcuq Sultanı III Toğrulun (1176-1194)
atabəyi olan Məhəmməd Cahan Pəhləvan (Şəmsəddinin oğlu)
hakimiyyətə gəldikdən sonra (1175-1186) paytaxtı Naxçıvandan
Həmədana köçürdü (1175), Təbrizi Ağsunqurilərin əlindən aldı,
müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini qırdı və
mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Azərbaycanı onun
kiçik qardaşı Qızıl Arslan idarə edirdi. O, həm də qardaşı oğulları
Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı Təbrizdə idi.
Məhəmməd Cahan Pəhləvan dövlət vəzifələrinə öz yaxın adamlarını
təyin etdi, mərkəzi hakimiyyəti xeyli qüvvətləndirdi, 50 min
nəfərlik nizami süvari ordusu var idi. Gürcü feodallarını dəfələrlə
məğlub etdi. Hətta Abbasi xəlifələri belə Eldənizlər dövlətinin da-
xili işlərinə qarışa bilmirdilər. Ömrünün sonuna yaxın imperator-
luğu oğulları arasında bölüşdürmüşdü. Hakimiyyətə keçən qardaşı
Qızıl Arslan (1186-1191) uzun müddət taxt-tacı ələ keçirməyə cəhd
edən saray müxalifətinə və iri feodallara qarşı mübarizə apardı.
Formal olaraq sultan titulu daşıyan III Toğrul, narazı Səlcuq əmir-
ləri, Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc Xatın, oğlu Qutluq
İnanc və b. Qızıl Arslana qarşı birləşdilər. III Toğrulla Qızıl Arslan
arasında dəfələrlə qanlı vuruşmalar olub. O, bu münasibətləri
sahmana salmaq üçün İnanc Xatınla evləndi, qardaşı oğulları Qutluq
İnancla və Əmir Əmiran Ömərlə barışdı. 1191-ci ildə Həmədan
vuruşmasında qələbə qazandı, III Toğrulu oğlu Məlikşahla əsir aldı.
1191-ci ildə Qızıl Arslan xəlifə ən-Nasirin razılığı ilə özünü sultan
elan etdi. Beləliklə, Azərbaycan atabəyləri formal hakimiyyəti, yəni
sultan titulunu da ələ keçirdilər. Mərkəzi hakimiyyətin
qüvvətlənməsindən narazı qalan iri feodallar və İnanc Xatın onu
sui-qəsdlə öldürdülər. Azərbaycanda hakimiyyəti Əbu Bəkr (1191-
1210) ələ keçirdi. Məhəmməd Cahan Pələvanın digər oğulları
Qutluq İnanc və Əmir Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey
20
vilayətləri və İraqın bir hissəsi Eldənizlər dövlətindən ayrıldı.
Bunlar dövlətin tənəzzülünü sürətləndirdi. Vəziyyətdən istifadə
edən Xarəzmşahlar, Əyyubilər, Abbasilər, Şirvanşahlar, gürcü
çarları fəallaşdılar. 1192-ci ildə Sultan III Toğrul həbsdən qaçdı,
Rey, İsfahan və Həmədanı ələ keçirdi. III Toğrul tərəfindən məğlub
edilən Qutluq İnanc kömək üçün Xarəzmşah Təkəşə (1172-1200)
sığındı. Təkəş Xorasan, Rey və Həmədanı ələ keçirdi. III Toğrul
Təkəş və Qutluq İnancın birləşmiş qüvvələrinə qarşı vuruşmada
(1194) öldürüldü. Təkəş Qutluq İnancı aradan götürdü (1196).
Eldəniz Əbu Bəkr Xarəzmşahların hərbi qüvvələri üzərində bir sıra
qələbə çalsa da, feodal hərc-mərcliyinin qarşısını almaq mümkün
olmadı. Şirvanşah I Axsitan Əmir Əmiran Ömərə onun qardaşı Əbu
Bəkrə qarşı hərbi qüvvə ilə yardım göstərdi. Gürcü çariçası Tamar
və Şirvanşahların birləşmiş qoşunları Şəmkir və Beyləqan
vuruşmalarında (1194) Əbu Bəkri ağır məğlubiyyətə uğratdılar.
Əmir Əmiran Ömər və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum
etdilər. Gəncə əhalisi vətənə xəyanət edən Eldəniz şahzadəsinə
şəhərə kafirlərlə gəldiyinə görə təslim olmayacaqlarını bildirdilər.
Əmir Əmiran Ömər Gəncəni hiylə ilə ələ keçirdi. Gürcü qoşunları
Gəncəni tərk etdikdən sonra gəncəlilər Əmir Əmiran Öməri
öldürdülər. Şəhər yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi.
Bundan xəbər tutan gürcü qoşunları Azərbaycan sərhədlərini
keçdilər. Əbu Bəkr dövlətin müdafiəsini başlı-başına buraxaraq,
Naxçıvana, oradan da Təbrizə getdi. Gürcü qoşunları Gəncəni
mühasirəyə aldılar. I Axsitan Gəncə yaxınlığına Tamarın görüşünə
gəldi. 25 günlük mühasirədən sonra Gəncəni ala bilməyən gürcü
qoşunları Dəbili qarət etdilər (1203), Qərbi Azərbaycan torpaq-
larının tutulması təhlükəsi yarandı. Xalq və Şirvanşahlar dövləti
Azərbaycanın qərb sərhədlərinin müdafiəsinə qalxdı. Gürcü
qoşunları 1210-1211-ci illərdə Azərbaycan torpaqlarına dağıdıcı
basqınlar etdilər. Onlar Naxçıvanı mühasirəyə aldılar, lakin ələ
keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə
aldılar. Şəhər hakimi Zahidə Xatın (Məhəmməd Cahan Pəhləvanın
arvadı) çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri
21
dağıntıdan qurtardı. Təbrizlilərin, eləcə də Miyanənin bütün mal-
qarası aparıldı, ətraf yerlər qarət edildi. Gürcü qoşunları geri
çəkilərkən miyanəçilər üsyan qaldırıb gürcü qarnizonunu qırdılar.
Yenidən şəhərə hücum edən gürcü cəza dəstələri şəhər hakimini
ailəsi ilə birlikdə qılıncdan keçirdilər, dərilərini soyub minarənin
başından asdılar, sonra isə şəhəri qarət edib yandırdılar. Zəncan,
Qəzvin və Abxar əhalisinə də eyni cür divan tutdular. Üçan şəhə-
rinin, Ərdəbilin bütün varidatlarını karvanlarla apardılar. 12 min
ərdəbilli qılıncdan keçirildi. Özbəyin (1210-1225) hakimiyyəti
illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi. Beləliklə,
monqolların hücumu ərəfəsində Azərbaycan dövlətlərindən heç biri
- nə Eldənizlər, nə də Şirvanşahlar ölkəni xarici təhlükədən qo-
rumağa qadir deyildilər. Monqollara qədərki Azərbaycanın iqtisadi
vəziyyəti məhsuldar qüvvələrin artması, ticarətin və mal-pul
münasibətlərinin genişlənməsi ilə səciyyələnir. XI-XII əsrlərin vergi
sistemi əvvəlki dövrlərin qayda-qanunlarının çoxunu mühafizə
etmişdi. XII-XIII əsrlərdə Azərbaycanda 70-dək iri, orta və kiçik
şəhərlər vardı. Bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri Gəncə,
Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı və
Beyləqan idi. Gəncə və Təbrizin 100 mindən çox, Naxçıvanın isə
təqribən 80-100 min əhalisi vardı. XI əsrdə Gəncə Arranın ən böyük
şəhərlərindən birinə çevrilərək, ticarət-sənətkarlıq mərkəzi kimi öz
əvvəlki əhəmiyyətini xeyli itirmiş Bərdəni arxada qoydu. XII əsrin I
yarısında Gəncənin tərəqqi və inkişafı burada baş verən dağıdıcı
zəlzələlər ( 1122, 1139) və gürcülərin “daha dağıdıcı” basqın və
qarətləri ilə ləngidildi. Lakin gəncəlilərin səyi və köməyə gəlmiş
sultan canişini Qara Sunqurun öz qoşunu ilə etdiyi yardım
nəticəsində XII əsrin sonu XIII əsrin əvvəlləri Gəncə yenidən öz
əvvəlki görkəmini qaytara bildi. Təbrizdə də 1042-ci ildə baş
vermiş zəlzələdə 40-50 min sakinini və gözəl binalarını itirsə də
yenidən bərpa edildi. Azərbaycanın kiçik feodal şəhərləri yarı-
maqrar xarakter daşıyırdı. Çoxunun iqtisadiyyatında bağçılıq və
maldarlıq mühüm yer tuturdu. Bu şəhərlərin sosial tərkibində
kəndlilər üsütünlük təşkil edir, ticarət-sənətkarlıqla məşğul olanlar
22
isə 2-ci yer tuturdular. XII əsrdə şəhərlər adətən qalın divarlar və
müdafiə qurğuları-xəndəklərlə əhatə olunmuşdular. Dərbəndin,
Təbrizin, Gəncənin, Bakının və b. yerlərin daşdan və kərpicdən
tikilmiş qala divarları çox düşmənin qarşısını almışdır. Bakının bir
liman kimi əhəmiyyəti böyük idi. XI-XII əsrlərdə karvan ticarət
yollarının bir-biri ilə və xarici ölkələrlə birləşdiyi Azərbaycan
şəhərləri daxili və xarici bazarlara neft, pambıq, ipək, duz, meyvə,
balıq, boyaq, ədviyyat və s. göndərir, Şərq və Qərblə ticarət əlaqə-
ləri saxlayırdı.
23
IV. IX-XII ƏSRLƏRDƏ AZƏRBAYCANDA
SOSİAL-İQTİSADİ VƏZİYYƏT VƏ MƏDƏNİYYƏT
Azərbaycanda müstəqil dövlətlərin meydana gəlməsi iqtisadi
inkişafın sürətlənməsinə səbəb oldu. Mənbələr Azərbaycanda dənli
bitkilərin bütün növlərinin (buğda, arpa, çəltik, darı və s.), müxtəlif
texniki bitkilərin (pambıq, boyaqotu, kətan və s.), həmçinin
cürbəcür bostan bitkilərinin becərilməsi barədə olduqca maraqlı
məlumatlar verirlər. Şirvanda və Dərbənd ətrafında zəfəran, həm-
çinin kətan becərilirdi. Lənkəran və Şəki bölgələrində müxtəlif çəl-
tik növləri əkilirdi. Aran, xüsusilə, Bərdə vilayəti qırmızı boyaq
almaq üçün istifadə olunan qırmızıböcəyi ilə zəngin idi. Kür çayının
hər 2 sahili başdan-başa taxıl zəmiləri və pambıq tarlalarından ibarət
idi. Əhalinin təsərrüfat həyatında bostan və tərəvəz bitkiləri əkini də
mühüm yer tuturdu. Bağçılıq da inkişaf etmişdi. O zaman Təbriz
bağlarını salmaq üçün 900-dən çox kəhriz qazılmışdı. Lakin bu
kifayət etmirdi. İbn Havqəlin yazdığına görə, Dərbəndlə Səməndər
arasındakı üzümlüklərdə 40000-ə qədər tənək vardı. IX-XI əsrlərdə
Azərbaycanda ipəkçilik yüksək inkişaf etmişdi. Kənd təsərrüfatının
ən yüksək inkişaf etmiş sahəsi maldarlıq idi. Heyvandarlığın əsas
forması yaylaq-qışlaq maldarlığı idi. Xəzər balıqla zəngin idi. Kür
və Araz çayları boyunca yaşayan əhali balıqçılıqla da məşğul
olurdu. Arıçılıq, bal və mum ixracı da Azərbaycanın iqtisadi həya-
tında mühüm rol oynayırdı. Cəmiyyətin əsas istehsalçısı kəndlilər
idi. 2 qismə-uluclara və azad kəndlilərə bölünürdülər. Uluclar asılı
kəndlilər idilər. Ərəb işğalları dövründə yaranmışlar. Öz torpaq-
larını itirmək təhlükəsi qarşısında qalan kəndlilərin mühüm bir
hissəsi ayrı-ayrı ərəb feodallarının himayəsinə sığınmağa məcbur
olurdu. Nəticədə, həmin kəndlilərin torpaqları ərəb feodallarının
əlinə keçir və ilcə (yaxud hami) torpaqlar adlanırdı. Uluclar, əsasən,
əkinçiliyin yüksək inkişaf etmiş düzən rayonlarda yaşayırdılar.
Dövlətə vergi verirdilər. Azad kəndlilər isə dağ rayonlarında yaşa-
yırdılar. Azərbaycan kəndliləri oturaq həyat sürürdü. Torpaq üzərin-
24
də xüsusi mülkiyyət mövcud idi. Süni suvarmaya əsaslanan əkin-
çiliyin inkişaf etdiyi yerlərdə su üzərində də xüsusi mülkiyyət hökm
sürürdü. Feodal torpaq mülkiyyətinin bir neçə növü var idi. Mülk
(və ya əmlak) torpaqlar-irsi idi, mülk sahibləri (malik, məlik, və ya
mülkədar) torpağı sata və bağışlaya bilərdilər. Camaat (icma)
torpaqları-otlaqlar, örüşlər, meşələr, bataqlıqlar və s., bəzən əkin
yerləri olurdu. Camaat torpaqları dövlətin mülkiyyətində idi, döv-
lətə torpaq vergisi-xərac verirdi. Xassə-ayrı-ayrı hökmdarların
(xəlifələr, sultanlar və b.) və sülalələrin mülkiyyətində geniş torpaq
sahələri vardı. Dövlətə məxsus olan, yəni gəliri birbaşa xəzinəyə
gələn torpaqlara divani, və ya divan torpaqları deyilirdi. Şərti
torpaq mülkləri-iqta sistemi də inkişaf etməkdə idi. İqta dövlətə
xidmət müqabilində verilirdi. İqta sahibləri-iqtadarlar bilavasitə
təsərrüfatla və ya təsərrüfatçılıqla məşğul olmur, bir qayda olaraq,
öz iqtalarını icarəyə verirdilər. Zaman keçdikcə onlar iqtadarların
xüsusi mülkiyyətinə çevrilirdi. Bu dövrdə vəqf torpaqları da ya-
yılmışdı. Bu torpaqlar ayrı-ayrı ruhanilərə, dini və xeyriyyə müəs-
sisələrinə, məscidlərə, mədrəsələrə və s. verilirdi. Kəndlilər vergini
vəqf sahibinə və ya dini müəssisəyə verirdilər. Torpaqdan istifadə
müqabilində kəndlidən vergi üşr və ya üşur (1/10), sonralar isə
xərac adlanırdı. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya
amil, maliyyə müfəttişləri isə mütəsərrif adlanırdı. X-XI əsrlərdə
xəracın müəyyən bir hissəsini pulla ödəyirdilər. O zaman ərəblər
Azərbaycandan 4-4,5 milyon dirhəm, Sacilərin hakimiyyəti döv-
ründə 2 milyon, Salari hökmdarı İbrahimin dövründə də bu qədər
xərac alırdılar. Xəracdan başqa, müsəlman əhalisi öz əmlakına görə
nəzir verirdi ki, buna da zəkat və sədəqə deyilirdi. Müsəlman ol-
mayan əhalidən can vergisi-cizyə alınırdı. Ərəb işğalı dövründə
mərkəzi hakimiyyət tərəfindən müəyyən olunmuş illik xəracı ödə-
dikdən sonra bu feodallar öz torpaqlarında təkbaşına hakimlik
edirdilər.
IX-X əsrlərdə Azərbaycan dünyanın çoxlu şəhərləri olan
ölkələrdən birinə çevrildi. Siyasi müstəqillik iqtisadi tərəqqiyə, o
25
cümlədən sənətkarlıq və ticarətin inkişafına, şəhərlərin meydana
gəlməsinə müsbət təsir göstərirdi.
Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə səciyyələnən
XII əsr Azərbaycan intibah dövrü hesab edilir. Bu dövrdə paytaxt
şəhərlər olan Təbrizdə, Şamaxıda, Naxçıvanda, Gəncədə və b. elmi
mərkəzlər yaradılmışdı. Şirvanşahların və Eldənizlərin saraylarında
dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiət-
şünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və
fars ədəbiyyatı və b. sahələrdə böyük müvəfəqiyyət və uğurları
olmuş, bir çoxları müsəlman mədəniyyəti və elminin xadimləri kimi
tanınmışdılar. Bunlardan görkəmli alim Fəridəddin Şirvani 30 il
astronomiya ilə məşğul olmuş və bir neçe ulduz cədvəli tərtib
etmişdir. XI-XII əsrlərdə təbabət sahəsində yüksək biliyə malik olan
həkimlərdən Kafiəddin Ömər ibn Osman, Mahmud xoca, Rəşi-
dəddin, atabəy Özbəyin şəxsi həkimi olan Cəlaləddin Təbib, Müh-
zəbəddin Təbrizi, Əkmələddin Naxçivani və b. göstərmək olar.
Bunlar öz əsərlərində bir çox xəstəliklərin müalicə yolları nəzərdən
keçirir, əczaçılıq və müxtəlif xəstəliklərin müalicə prinsipləri haq-
qındakı bütün məlumatları ümumiləşdirmişlər.
Nəzərdən keçirilən dövrdə tarixi, filoloji, fəlsəfi məzmunlu
xeyli əsər yaradılmışdır. Hərtərəfli biliyə malik olan Fəxrəddin
Əbülfəzi İsmayıl ibn əl-Musanna ət-Təbrizinin qələmə aldığı
“Tarixi-Azərbaycan” əsəri də dövrümüzə yetişməyən əsərlərdəndir.
“Şərqdə təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi”
hesab edilən “Nizamiyyə” mədrəsəsində dərs deyən bir çox alimlər
içərisində İsmayıl ibn əl-Musanna ət-Təbrizidən başqa, Xətib
Təbrizi, gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini,
Tacəddin Əbu-İ-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əl-
Urməvini, Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-
Ərdəbilini, İbn Sinanın şagirdi Bəhmənyarı, görkəmli mütəfəkkir və
sufi olan Şibahəddin Suhrəvərdini və b. göstərmək olar.
XI-XIII əsrin əvvəllərində Azərbaycan poetik məktəbi özünün
Nizami Gəncəvi, Əbül Üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki
Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi və b. sənətkarları
26
ilə məşhur idi. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında
bağlılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və
b. şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən
farsdilli şerin Xorasan-Türküstan səpkisindən-üslubundan fərqli
olaraq yeni poetik “səbki təmtəraqi” adlı Azərbaycan üslubu
yaradildi. O dövrün görkəmli alimlərindən olan Əfzələddin Xaqa-
ninin şerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökm-
ranlıq etdiyi şeir dilinə şairin doğma azərbaycan-türk sözlərini
gətirməsidir. Bunlardan şairin “Məra dər parsi fohşi ke quyənd, be
torki çərxeşan quyəd ke sənsən” (“farsca mənə söyüş desələr, çərxi
fələk onlara türkcə deyər ki, sənsən”) misralı məşhur beytində
işlədilmiş “sənsən” sözünü, eləcə də özünün şeir “Divan”-ında
işlətdiyi su, Tanrı, vuşaq (uşaq), çuxa, qunduz, xatun, sürmə, qara
qız, dağ, xan və s. bu kimi sözləri qeyd etmək olar.
XII əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri
dövlətinin hakimiyyəti dövründə Gəncə və Şirvan poetik məktəbləri
artıq ən yüksək inkişaf mərhələsinə yetişmişdir. Atabəylər sarayında
fəaliyyət göstərən şairlər Xaqani tərəfindən təməli qoyulan yeni
üslublu farsdilli Azərbaycan şerini yüksək sənətkarlıq səviyyəsinə
çatdırmağa çalışırdılar. Lakin Xaqani zirvəsini fəth etmək, Azər-
baycan poeziyasını daha yüksək zirvələrə çatdırmaq səadəti Nizami
Gəncəviyə nəsib oldu.
Bu dövrdə mənşəcə türk olan Səlcuq hökmdarlarının, Atabəy-
lərin, Şirvanşahların üstünlük verdikləri fars dili özünün inkişafı və
təkmilləşməsində məhz Azərbaycan poetik məktəbinin nümayən-
dələrinə, xüsusilə dahi Nizami Gəncəviyə borcludur. Onun “Xəm-
səsi” dünya ədəbiyyatının ən dəyərli nümunəsidir. Şair bu əsəri ilə
şeir sənətini saraylardan və məddahlıqdan uzaqlaşdırıb, bu gün başa
düşdüyümüz mənada bədii ədəbiyyat yaratdı. O, insanı özünün
qəhrəmanı edib, onun hiss və həyəcanlarını, duyğu və düşüncələ-
rini, arzu və istəklərini tərənnüm edirdi. Şəxsiyyət, onun həyatı,
mahiyyəti, təfəkkür tərzi və fəlsəfəsi Nizamini düşündürən, onun
poemalarının əsas xəttini təşkil edən mövzular idi. Nizami əsər-
lərində sənətkarlıq, forma və məzmun vəhdətdə olub bir-birini
27
tamamlayırdı. Görkəmli söz ustaları Əmir Xosrov Dəhləvini, Hacı
Kirmanini, İmadəddin Kirmanini, Əbdürrəhman Camini, Əlişir
Nəvaini, Hatifini, Füzulini və b. Nizami məktəbinin davamçiları
hesab etmək olar.
Bütün yuxarıda göstərilənlər, XI-XII əsrlərdə şimallı-cənublu
Azərbaycan ərazisində elmin sürətli inkişafını, onun müxtəlif
sahələrinə dair onlarla əsərlərin yazıldığını, bu əsərlərin əsasən döv-
rün elm dili olan ərəb dilində qələmə alındığını, Azərbaycan
alimlərinin Yaxın və Orta Şərq müsəlman mədəniyyətinin inkişa-
fında tutduqları əvəzedilməz və əhəmiyyətli mövqelərini açıqlayır.
Elmin, mədəniyyətin bu inkişafı ölkənin sosial-iqtisadi vəziyyətinin
və şəhər mədəniyyətinin ümumi yüksəlişi ilə bilavasitə bağlıdır.
XI-XII əsrlərdə Azərbaycanın ən böyük iqtisadi, siyasi və
mədəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan,
Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr
inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəy-
yənləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan-Abşeron,
Naxçıvan-Marağa və Arran memarlıq məktəbləri də elə bu illərdə
təşəkkül tapır. Bu ocaqların üslub istiqamətində lokal cəhətlər, o
cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı.
Əsas tikinti materialı yerli əhəndaşı olan Şirvan-Abşeron
memarlıq məktəbi üçün daha dayanaqlı, sadə və çox vaxt asim-
metrik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur.
Daşla kərpicin birgə yanaşı işlədilməsi ilə tikilən Arran memarlıq
abidələri qamətli kompozisiyası, daha zərif ayrintiları və incə
görkəmi ilə Şirvan məktəbi nümunələrindən seçilirdi.
Ən yüksək inkişaf mərhələsi Azərbaycan Atabəyləri dövləti
dövrünə düşən, əsasən, bişmiş kərpicdən tikilən Naxçıvan-Marağa
məktəbi abidələrinə bir sıra xüsusiyyətlər-binanın əsas tikinti kütləsi
və üzlük örtüyünə ayrılması, üzləmə bloklarının işlədilməsi, göv-
dənin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda həndəsi
ornamentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın
rolunun artması və s. xasdır.
28
Bu dövrün abidələrindən Bakının-Qız qalası, Mərdəkan
qalası, Şamaxının-Gülüstan qalası, Beyləqanın, Gəncənin, Təbrizin,
Marağanın müdafiə divarları, Abşeronun (Bakı, Mərdəkan, Nar-
daran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri
şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr
(Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun-1186, Yusif
ibn Küseyr məqbərəsi-1162, Qoşaminarə-1187, Cümə məscidi və
s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları-
1063, Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid-920,
Əlincə qalası, Lerikdə Oğlanqala, X əsrdə Ağoğlan çayı sahilində
tikilmiş Amaras monastrı özlərinə məxsus üslubları ilə fərqlənirdi.
XII əsrdə Naxçıvan memarlıq üslubunda Marağada Göy günbəz,
Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı.
XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara
bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac,
şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf
səviyyəsi xeyli yüksəlmişdi.
Ümumiyyətlə, XI-XIII əsrlərin əvvəlləri dövrünü Azərbaycan
memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş
tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari
türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi
dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, iki-
minarəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli
kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir.
29
NƏTİCƏ
IX əsrin sonu - X əsrin əvvəli Ərəb xilafətinin ucqarlarındakı
yerli hakim və canişinlərin separatizminin güclənməsi, mərkəzi
hakimiyyətdən yarımasılı və ya müstəqil dövlət qurumlarının yaran-
ması ilə əlamətdardır. XI əsrin 70-ci illərinin sonunda Azərbaycan
torpaqları Orta Asiyadan Aralıq dənizinədək, Qafqazdan İran
körfəzinədək olan yerləri özündə birləşdirən Böyük Səlcuq impe-
riyasının tərkibinə daxil edildi. Səlcuq dövlətinin tənəzzülü döv-
ründə yeni növ dövlət birləşmələrinin – atadəylərin təşəkkülü üçün
zəmin yarandı. 1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən əsası
qoyulan Azərbaycan Atabəylər dövləti dövrün ən qüdrətli və mədə-
ni dövlətlərindən oldu.
Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə səciyyələnən
XII əsr Azərbaycan intibahı dövrü hesab edilir, məhz, bu dövrdə
Azərbaycan xalqı dünyaya görkəmli alimlər, şairlər, memarlar bəxş
edir.
30
ƏDƏBİYYAT
1.
Azərbaycan tarixi. 7 cilddə, II c.(III-XIII əsrin I rübü),
Bakı, “Elm”, 2007, 608 səh.+24 səh. illüstrasiya.
2.
Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə, Bakı,
“Azərb.” nəşr., 1996, 872 səh.
3.
Azərbaycan tarixi. İ. Əliyevin redaktorluğu ilə, Bakı, Elm,
1993, 284 səh.
4.
Azərbaycan tarixi. Dərslik, Z. Bünyadovun redaktorluğu
ilə, Bakı, Azərnəşr, 1994, 680 səh.
5.
Məmmədov İsmayıl. Azərbaycan tarixi, Bakı, 2005, s. 98-
13
31
MÜNDƏRİCAT
GİRİŞ .....................................................................................................................5
I. AZƏRBAYCANIN IX-XI ƏSR FEODAL DÖVLƏTLƏRİ..............................6
II. SƏLCUQ TÜRKLƏRİNİN AZƏRBAYCANDA HÖKMRANLIĞI .............13
III. ŞİRVANŞAHLAR VƏ ATABƏYLƏR DÖVLƏTLƏRİ ..............................16
IV. IX-XII ƏSRLƏRDƏ AZƏRBAYCANDA
SOSİAL-İQTİSADİ VƏZİYYƏT VƏ MƏDƏNİYYƏT.....................................23
NƏTİCƏ...............................................................................................................29
ƏDƏBİYYAT......................................................................................................30
*** *** ***
Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap olunmuşdur.
Çapa imzalanıb: 06.01.2015.
Format: 60x84 1/16. Qarnitur: Times.
Həcmi: 2 ç.v. Tiraj: 500. Sifariş № 02.
Qiyməti müqavilə ilə.
ТЯРЪЦМЯ
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА
МЯРКЯЗИ
Аз 1014, Бакы, Рясул Рза кцч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99
e-mail: mutarjim@mail.ru
www.mutercim.az
Dostları ilə paylaş: |