"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15624
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
 
Konstans: Çox xoşbəxtəm. Amma deməzdim ki, o, heç vaxt mənim xətrimə dəyməyib. 
Bir dəfə belə bir hal baş verdi, mən özümü birtəhər ələ ala bildim. O vaxt dəlilik 
eləmədiyimə görə, çox razıyam. Fikrimcə, əlimi ürəyimin başına qoyub deyə bilərəm ki, 
bizim çox xoşbəxt ailəmiz var. 
 
Bernard: Bunu eşitməyə çox şadam. Əgər Conun səni sevib-sevmədiyini soruşsam necə, 
acığına gəlməz ki? 
 
Konstans: Əminəm ki, sevir. 
 
Bernard: Bəs sən necə, onu sevirsən? 
 
Konstans: Çox. 
 
Bernard: Qısa nitq söyləməyimə icazə verərsənmi? 
 
Konstans: Bir şərtlə ki, vaxtı gələndə sözünü kəsə bilim. 
 
Bernard: Ümidvaram ki, Ingiltərədə qalacağım bu bir ildə səninlə tez-tez görüşməyimə 
icazə verəcəksən. 
 
Konstans: Mən özüm də səni imkan daxilində tez-tez görmək istəyirəm. 
 
Bernard: Mən bir məqamı dərhal aydınlaşdırmaq istəyirəm ki, bir də ora qayıtmayaq. Bil 
ki, indinin özündə də sənə on beş il əvvəl mənə ərə gəlməyini xahiş elədiyim vaxtlardakı 
kimi dəlicəsinə aşiqəm. Elə bilirəm, ömrümün axırınacan da səni beləcə sevəcəm. Mən 
artıq ehtiraslarımı dəyişmək üçün çox qocayam. Amma istəyirəm biləsən ki, məndə azca 
da sənin xoşbəxtliyinə maneçilik cəhdi olmayacaq. Bundan qorxmağa ehtiyac yoxdu. 
Səninlə Conun münasibətlərinə pəl vurmaq ağlıma belə gəlmir. Hesab eləyirəm ki, hər 
bir insan xoşbəxt olmaq istəyir, amma bu xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində 
qurmaq olmaz. 
 
Konstans: Məruzə o qədər uzun alınmadı. Rəsmi ziyafətlərdə bu nitq heç replika da 
sayılmır. 
 
Bernard: Mən səndən ancaq dostluq istəyirəm, əgər əvəzində öz məhəbbətimi də vermək 
istəyirəmsə, bunun artıq məndən başqa heç kimə dəxli yoxdu. 

 
215
 
Konstans: Mən belə düşünmürəm. Əminəm ki, biz çox möhkəm dostlar olacağıq, 
Bernard. 
 
(Qapı açılır və Con daxil olur). 
 
Con: Bağışla, məşğul olduğunu bilmirdim. 
 
Konstans: Elə deyil. Içəri keç. Bu, Bernard Kersaldı. 
 
Con: Gün aydın. 
 
Bernard: Elə bilirəm, siz məni xatırlamazsız. 
 
Con: Əgər sualı belə qoyursuzsa, etiraf edim ki, siz haqlısız. 
 
Konstans: Bəsdi, Con, o, anamın yanına gəlmişdi. 
 
Con: Biz evlənənə qədər, eləmi? 
 
Konstans: Hə. Siz birlikdə neçə uik-enddə olmusuz. 
 
Con: Əzizim, üstündən on beş il keçib. Sizi tanımadığıma görə bağışlayın, amma yenidən 
görüşməyimizə inanın ki, çox şadam. 
 
Konstans: O, Yaponiyadan yenicə qayıdıb. 
 
Con: Onda ümidvaram ki, bir də görüşəcəyik. Mən indi kluba gedirəm, əzizim, naharacan 
robber oynayacam. (Bernarda) Niyə siz Konstansla birlikdə nahar eləməyəsiz? Axşam 
mənim cərrahiyyə əməliyyatım var, zavallı qız tək qalacaq. 
 
Bernard: Siz çox alicənabsız. 
 
Konstans: Bu, dost yardımı olacaq. Axşama işiniz yoxdu ki? 
 
Bernard: Mən dosta yardım etməyə həmişə hazıram. 
 
Konstans: Bax, bu, çox gözəl oldu. Doqquza on beş dəqiqə işləmiş sizi gözləyirəm. 
 
İkİncİ pƏrdƏ 
 
Hadisənin əvvəlki məkanda cərəyan edir. Yarım ay keçib. Marta kostyumda  
 
və şlyapada əyləşib illüstrasiyalı qəzeti vərəqləyir. Bentli daxil olur. 
 
Bentli: Miss, mister Kersal gəlib. 
 
Marta: Belə de! Soruş gör, yuxarı qalxa bilərmi? 

 
216
 
Bentli: Soruşaram, miss. (Çıxır və mister Kersalın gəlişini xəbər vermək üçün dərhal da 
qayıdır. Sonra yenə çıxır) Mister Kersal. 
 
Marta: Konstans geyinir. Indi gələcək. 
 
Bernard: Aydındı. Tələsməyə ehtiyac yoxdu. 
 
Marta: Siz Reynlafa getməyə hazırlaşırsız, eləmi? 
 
Bernard: Belə bir fikrimiz var. Bu gün oynayan cavanlardan bir neçəsini tanıyıram. 
 
Marta: London xoşuna gəlirmi? 
 
Bernard: Həddindən artıq. Düzdü, əgər insan ömrünün yarısını şərqdə keçiribsə, evə 
qayıdanda, təbii ki, özünü öz qabında hiss eləmir. Amma Konstansla Conun sayəsində 
bura tez uyğunlaşdım. 
 
Marta: Conu bəyənirsənmi? 
 
Bernard: Hə. O, həddən artıq xeyirxah insandı. 
 
Marta: Bilirsənmi, mən səni çox yaxşı xatırlayıram. 
 
Bernard: Ola bilməz. Mən sizə gələndə sən lap uşaq idin. 
 
Marta: On altı yaşım vardı. Yoxsa elə fikirləşirsən ki, Konstansın kavalerlərini görəndə 
məni əsməcə tutmurdu? 
 
Bernard: Onlar yaman çox idilər. Görünür, sən yalnız yuxuya gedəndən gedənə 
sakitləşirdin. 
 
Marta: Sən onların arasında ən ciddilərdən idin. Sən mənə həddən artıq romantik 
görünürdün. 
 
Bernard: Mən elə doğrudan da həddən artıq romantik idim. Məncə, bu, gəncliyə xas bir 
şeydi. 
 
Marta: Amma məncə, tək gəncliyə yox. 
 
Bernard: Hə, elə bilirəm, romantizm yenə də canımda qalır. Mənim indiki qiymətim az 
deyil, özümə gəlmişəm. Ipəyin qiyməti çox çirkabları yudu. 
 
Marta: Sən vicdansız bir yalançısan. 
 
Bernard: Buna ancaq bir cavabım var: sən həddən artıq qabasan. 
 
Marta: Sən o vaxt Konstansa dəlicəsinə vurulmuşdun, elə deyilmi? 

 
217
 
Bernard: Bilirsən, bu o qədər keçmişdə olub ki, artıq unutmuşam. 
 
Marta: Mən ona Cona yox, sənə ərə getməyi məsləhət görürdüm. 
 
Bernard: Nə səbəbə? 
 
Marta: Əvvəla ona görə ki, sən Yaponiyada yaşayırdın. Mən bir an da götür-qoy 
eləmədən, burdan canımı qurtaran adama ərə gedərdim. 
 
Bernard: Mən elə indi də orda yaşayıram. 
 
Marta: Yox, mənim sənə ərə getmək fikrim yoxdu. 
 
Bernard: Özüm də hiss eləyirəm. 
 
Marta: Açığını desəm, onun Conda nə tapdığı mənim üçün indiyəcən müəmmalı qalıb. 
 
Bernard: Elə bilirəm, Konstans onu sevirdi. 
 
Marta: Amma mən elə fikirləşirəm ki, o, səni yox, Conu seçdiyinə görə, peşmandı. 
 
Bernard: Ola bilməz. Con onu tamamilə təmin eləyir. Konstans heç vaxt onu başqa 
kişiylə əvəz eləmək istəməz. 
 
Bernard: Səninlə razılaşa bilmərəm. Onlar ər-arvad kimi bir-birlərini tamamlayıblar və 
belə cütlüyü görmək həmişə xoşdu. 
 
Marta: Sən hələ də ona aşiqsən, eləmi? 
 
Bernard: Heç də. 
 
Marta: Canıma and olsun ki, sən dəhşətli səbr yiyəsisən. Amma çox vaxt özündən 
xəbərsiz özünü ələ verirsən. Konstans otağa girəndə sənin nə hala düşdüyündən xəbərin 
varmı? Ona baxanda heç bilirsənmi gözlərin nə rəng alır? Sən onun adını elə çəkirsən ki, 
elə bil, o quru adı öpüşlərə qərq eləyirsən. 
 
Bernard: Marta, on altı yaşın olanda mən səni dözülməz qız hesab eləyirdim, otuz iki 
yaşında isə sən əcaib qadına çevrilmisən. 
 
Marta: Elə deyil. Sadəcə, mən Konstansı çox istədiyimdən sənə də get-gedə doğma 
hisslər bəsləməyə başlayıram. 
 
Bernard: Ağlına gəlməyibmi ki, sən başqasının işinə qarışmadan da bu hissləri nümayiş 
etdirə bilərsən? 
 

 
218
Marta: Sənə həqiqəti dediyimə görə, niyə mənə acığın tutur. Səninlə Kontansı müşahidə 
eləyən istənilən adam beşcə dəqiqə ərzində sənin ona dəlicəsinə vurulduğuna əmin 
olacaq. 
 
Bernard: Əzizim, mən Ingiltərəyə bir illik gəlmişəm. Bu bir ili də şən və can rahatlığıyla 
keçirmək niyyətindəyəm. Kiminsə azca da olsa xətrinə dəyməyə qəti həvəsim yoxdu. 
Mən Konstansla dostluğumu yüksək dəyərləndirirəm, bu dostluğun hansısa şayiələrə 
səbəb olacağına imkan vermərəm. 
 
Marta: Bəs sənin ağlına gəlməyibmi ki, o, səndən dostluqdan artığını tələb eləyə bilər? 
 
Bernard: Yox, tələb eləməz. 
 
Marta: Mənim sözümü qəribçiliyə salma. 
 
Bernard: Konstans öz əriylə tamamilə xoşbəxtdi. Görünür, sən məni axmaq yerinə 
qoymusan. Məgər mən bu ideal cütlüyü bir-birindən ayıra bilərəmmi? 
 
Marta: Ay mənim zavallı dəlim, məgər xəbərin yoxdu ki, Con artıq çoxdan hamının gözü 
qarşısında Konstansa xəyanət eləyir? 
 
Bernard: Mən inanmıram. 
 
Marta: Kimdən istəyirsən soruş. Anam bilir, Barbara Fosett bilir. Konstansın özündən 
başqa hamı bilir. 
 
Bernard: Əlbəttə ki, bu, ağ yalandı. Iki-üç gün əvvəl naharda görüşəndə missis Darhem 
mənə dedi ki, bu vaxtacan Conla Konstans qədər bir-birini sevən cütlük görməyib. 
 
Marta: Bunu sənə Mari-Luiza dedi? 
 
Bernard: Hə. 
 
(Marta gülməyə başlayır. Gülməkdən uğunur. Özünü heç cür ələ ala bilmir). 
 
Marta: Ay səni, Mari-Luiza. Ay yazıq Bernard. Həmin o Mari-Luiza Conun məşuqəsidi. 
 
Bernard: Mari-Luiza Konstansın ən yaxın rəfiqəsidi. 
 
Marta: Bəli. 
 
Bernard: Əgər dediyin yalan olsa, and içirəm ki, boynunu qıracam. 
 
Marta: Razıyam. 
 
Bernard: Nahaq belə kobud dedim. Bağışla. 
 

 
219
Marta: Yaxşı görək. Dəlisov kişilər mənim xoşuma gəlir. Elə bilirəm, Konstansa sənin 
kimisi lazımdı. 
 
Bernard: Bununla nə demək istəyirsən? 
 
Marta: Sadəcə, belə davam eləyə bilməz. Konstans gülüş hədəfinə çevrilib. O, dəhşətli 
vəziyyətdədi. Hesab eləyirdim ki, ona hər şeyi açıb demək lazımdı, amma hamı yaxasını 
kənara çəkdiyi üçün özüm qabağa düşmək istədim. Bu yerdə anam mənimlə razılaşmadı. 
Bu səbəbdən də ona vəd etməli oldum ki, Konstans mənim dilimdən heç nə eşitməyəcək. 
 
Bernard: Elə fikirləşirsən ki, bu haqda ona mən deməliyəm? 
 
Marta: Yox, sən bu rola yaramırsan. Amma gec-tez hər şey üzə çıxacaq, qulağının 
dibində nələrin baş verdiyindən Konstans da xəbər tutacaq. Bax elə ona görə də istəyirəm 
ki, həmin vaxt sən... yaxında olasan. 
 
Bernard: Axı, Mari-Luiza ailəlidi. Bəs, əri özünü necə aparacaq. 
 
Marta: Onun ərinin həyatda bir məqsədi var: milyon qazanmaq. O, elə kişilərdəndi ki, elə 
bilir, əgər özü arvadını sevirsə, arvadı da onu sevir. Mari-Luiza onu ürəyi istəyən kimi 
fırladır. 
 
Bernard: Konstans da qəti şübhələnmir, eləmi? 
 
Marta: Bunu anlamaq üçün ona baxmaq kifayətdi. Onun özünə arxayınlığı hərdən adamı 
lap havalandırır. 
 
Bernard: Bəlkə, elə belə yaxşıdı? Konstans heç nə bilməsə yaxşıdı? O elə xoşbəxt, 
qayğısızdı ki, onun baxışları elə inamlıdı ki. 
 
Marta: Mən elə bilirdim, sən onu sevirsən. 
 
Bernard: Onun xoşbəxtliyi mənim üçün hər şeydən üstündü. 
 
Marta: Sənin qırx beş yaşın olmalıdı, eləmi? Nəsə yadımdan çıxmışdı. 
 
Bernard: Qaba danışmağı sən yaxşı bacarırsan. 
 
(Pilləkəndən Konstansın səsi gəlir: "Bentli, Bentli"). 
 
Marta: Bu ki, Konstansdı. Bəs anam hardadı? Yaxşısı budu kabinetə keçib məktub yazım. 
 
 
 
(Bernard onun sözlərinə əhəmiyyət vermir, Marta çıxanda ayağa qalxmağa cəhd belə 
eləmir. Bir an sonra Konstans qonaq otağında peyda olur). 
 
Konstans: Səni çoxmu gözlətdim? 

 
220
 
Bernard: Boş şeydi. 
 
Konstans: Ey! Nə olub? 
 
Bernard: Mənə? Heç nə. Nədi ki? 
 
Konstans: Sənin sifətin çox qəribədi. Nədən gözlərin belə fikirlidi. 
 
Bernard: Gözlərimin fikirli olmağı ağlıma da gəlməyib. 
 
Konstans: Sən məndən nəsə gizləyirsən? 
 
Bernard: Əlbəttə, yox. 
 
Konstans: Yaponiyadan bəd xəbər var? 
 
Bernard: Yox. Əksinə ipəyin qiyməti artır. 
 
Konstans: Deməli, sən mənə bir kəndli qızla nişanlandığını demək istəyirsən? 
 
Bernard: Yox, nişanlanmamışam. 
 
Konstans: Öz sirrini mənimlə bölüşmək istəməyən insanlardan zəhləm gedir. 
 
Bernard: Mənim heç bir sirrim yoxdu. 
 
Konstans: Yoxsa elə bilirsən, sənin sifətini kifayət qədər öyrənə bilməmişəm, onu açıq 
kitab kimi oxuya bilmirəm? 
 
Bernard: Sən məni lap qürrələndirdin. Təsəvvür belə eləməzdim ki, özünə əziyyət verib 
mənim bu eybəcər sifətimə iki dəfə baxarsan. 
 
Konstans: (Qəflətən şübhələnən kimi olur) Sən gələndə Marta burdaydı? Hə, getməmişdi, 
eləmi? 
 
Bernard: O, ananı gözləyirdi. Indi məktub yazmaq üçün o biri otağa keçib. 
 
Konstans: Sən onunla söhbətləşdin? 
 
Bernard: (Bacardıqca laqeydliklə) Hə, bir az havadan-zaddan danışdıq. 
 
Konstans: (Nə baş verdiyini dərhal anlayıb) Belə... Getmək vaxtı deyilmi? 
 
Bernard: Hələ çox vaxtımız var. Belə ertədən getməyin mənası yoxdu. 
 
Konstans: Onda şlyapamı çıxarım. 
 

 
221
Bernard: Bura çox gözəldi, eləmi? Sənin otağın xoşuma gəlir. 
 
Konstans: Səncə, burda qonaq qəbul eləmək ayıb olmaz? Hamısı öz ideyamdı. Barbara 
Fosett istəyir ki, mən onun yanında işləyim. O, interyerlərin layihələşdirilməsiylə 
məşğuldu, özü də qalaq-qalaq pul qazanır. 
 
Bernard: (Sualdan boylanan narahatlığı gülüşlə gizləmək istəyir) Məgər sən özünü öz 
evində xoşbəxt hiss eləmirsən? 
 
Konstans: (Kəskin tərzdə) Elə fikirləşmirəm ki, qadın yalnız özünü bədbəxt hiss eləyəndə 
nəyləsə başını qatmaq istəyir. Bilirsən, adam vaxtının bütün hissəsini ballara, qəbullara 
həsr eləməkdən bezir. Barbaranın təklifinə isə mən rədd cavabı verdim. 
 
Bernard: (Israrla) Demək, sən xoşbəxtsən, eləmi? 
 
Konstans: Çox. 
 
Bernard: Son iki həftədə sən məni yer üzünün ən xoşbəxt bəndəsi elədin. Mənə elə gəldi 
ki, elə həmişə burda olmuşam. Sən mənə qarşı elə diqqətlisən! 
 
Konstans: Əgər doğurdan da belə fikirləşirsənsə, məni çox sevindirdin. Amma, 
ümumiyyətlə, mən qarşı sənə xüsusi nəsə nümayiş eləməmişəm. 
 
Bernard: Yox, eləmisən. Mənim səni görməyimə icazə vermisən. 
 
Konstans: Bilirsən, belə bir icazəni mən tində dayanan polismenə də verirəm. 
 
Bernard: Mən səninlə ancaq boş-boş şeylərdən danışmağa çalışıram, amma bununla 
bərabər bütün qəlbimlə səni sevməkdə davam eləyirəm. 
 
Konstans: (Çox soyuqqanlı) Birinci dəfə bura gələndə, danışdıq ki, hisslərin sənin öz 
şəxsi işindi. 
 
Bernard: Mənim sənə qarşı sevgimə etirazmı eləyirsən? 
 
Konstans: Məgər biz hamımız bir-birimizi sevməli deyilikmi? 
 
Bernard: Mənə gülmə. 
 
Konstans: Əzizim, gülmək nədi? Mənə kifayət qədər xoşdu, hətta təsirləndim. Bu ki, 
gözəldi. Əgər kimsə sənə qarşı laqeyd deyilsə... 
 
Bernard: (Sözünü kəsərək) Bunu eşitmək mənə də xoşdu. 
 
Konstans: Bu uzun illərdən sonra. 
 
Bernard: Əgər on beş il əvvəl kimsə desəydi ki, mən səni indi daha artıq sevəcəm 
inanmazdım. Bəli, indi mən səni on beş il əvvəlkindən on beş dəfə artıq sevirəm. 

 
222
 
Konstans: (Sözünə davam edir) Amma sənin indi mənə öz məhəbbətini bəyan etməyini 
azca da istəmirəm. 
 
Bernard: Bilirəm, özü də buna hazırlaşmıram. Mən səni çox yaxşı tanıyıram. 
 
Konstans: (Bir qədər çaşqınlıqla) Nəsə, sənin bu son beş dəqiqə nə işlə məşğul olduğun 
mənə çatmır. 
 
Bernard: Mən yalnız faktları bəyan eləyirəm.  
 
Konstans: Onda bağışla. Mən tamam başqa şey fikirləşdim. Amma, məsələn, indi ürəyimi 
hansı üsulla fəth eləyəcəyinə baxmaq mənə maraqlı olardı. Amma qorxuram, bunu 
səndən soruşsam, sözümə başqa məna verəsən. 
 
Bernard: (Açıq ürəklə) Bilirəm ki, sən mənə gülürsən. 
 
Konstans: Səni özünə gülməyi öyrətmək ümidiylə. 
 
Bernard: Bu yarım ayda mən sənin gözündə lap ağıllı bir uşaq olmuşam, eləmi? 
 
Konstans: Bəli. Hətta bunu necə bacardığını elə hey özümdən soruşa-soruşa qalmışam. 
 
Bernard: Amma indi maskanı üzümdən açmağa özümdə cürət tapacam. 
 
Konstans: Mən sənin yerində olsam tələsmərəm. 
 
Bernard: Daha bacarmıram. Heç olmasa bir dəfə demək istəyirəm ki, mən sənin ayağın 
dəyən torpağı da öpməyə hazıram. Mən həyatımda heç vaxt sənin kimisinə rast 
gəlməmişəm. 
 
Konstans: Boş şeydi. Bir dəstə olub. Mən yeddinciyəm. 
 
Bernard: Onlar hamısı sənsən. Mən səni bütün qəlbimlə sevirəm. Bu vaxtacan gördüyüm 
qadınlardan heç biri sənin qədər ürəyimə yatmayıb. Mən sənə rəğbət bəsləyirəm. Mən 
sənin qarşında özümü tamam itirirəm, öz hisslərimi bəyan eləməyə söz tapa bilmirəm. 
Mən səni sevirəm. Istəyirəm, biləsən, əgər başına bir iş gəlsə, sənin məndən kömək 
ummağını özüm üçün ən böyük xoşbəxtlik sayaram. 
 
Konstans: Sən necə də dostcanlısan. Amma anlamıram, nədən mənim başıma iş 
gəlməlidi? 
 
Bernard: Həmişə və hər şəraitdə sən mənim köməyimə bel bağlaya bilərsən. Mən səndən 
ötrü mümkün olmayanı da mümkün eləməyə hazıram. Əgər məndən sənə nəsə lazım olsa 
bir işarən kifayətdi. Mən hətta həyatımı sənə qurban verməyi özüm üçün ən böyük 
xoşbəxtlik sayaram. 
 
Konstans: Mən sənə çox minnətdaram. 

 
223
 
Bernard: Sən mənə inanmırsan? 
 
Konstans: (Valehedici təbəssümlə) Əlbəttə inanıram. 
 
Bernard: Ümid eləmək istəyirəm ki, sözlərim azacıq da olsa sənin ürəyini tərpətdi. 
 
Konstans: (Hiss olunur ki, o, bu məhəbbət selindən əməllicə heyrətlənib) Bu sözlər 
mənim üçün çox dəyərlidi. Çox sağ ol. 
 
Bernard: Daha bu barədə danışmayacağam. 
 
Konstans: (Əvvəlki soyuqluğu simasına qaytararaq) Niyə axı, sən bütün bunları məhz 
indi deməyi lazım bildin? 
 
Bernard: Nədənsə ürəyimi boşaltmaq istədim. 
 
Konstans: Bernard, mən, axı, dəli deyiləm. Heyif ki, Marta heç cür ərə gedə bilmir. 
 
Bernard: Amma bircə onu düşünmə ki, mən Martayla evlənməyə hazırlaşıram. 
 
Konstans: Mən elə fikirləşmirəm. Elə olsaydı, nə dərdimiz vardı? Marta özünün o aşıb-
daşan enerjisini ərinə xərcləyərdi. Bilirsən, o, çox yaxşı qızdı. Əlbəttə, yalançıdı, amma 
qalan şeylər qaydasındadı. 
 
Bernard: Belə de? 
 
Konstans: Hə, o, yalanla yoğrulub. Hətta qadınlar yalanı xoşlasalar da... Vaxt deyilmi? 
Oyunun sonuna gedib çatmaq istəməzdim. 
 
Bernard: Yaxşı. Maşın gözləyir. 
 
Konstans: Şlyapamı başıma qoyum. Qulaq as, məgər bayaqdan bizi taksi gözləyir? 
 
Bernard: Yox, öz avtomobilimdi. Fikirləşdim ki, mənim kimi bir sürücünün xidmətindən 
imtina etmərsən. 
 
Konstans: Üstü açıq, yoxsa bağlı avtomobildi? 
 
Bernard: Açıqdı. 
 
Konstans: Əzizim, onda mən gərək başıma başqa şlyapa qoyum. Bu enli-ətəkli şlyapa 
üstü açıq maşına yaramır. Onda gərək hər iki əlimlə ondan yapışım. 
 
Bernard: Üzr istəyirəm. 
 
Konstans: Qəliz bir şey yoxdu. Bircə dəqiqəyə qayıdıram. Əgər avtomobildə gediriksə, 
gərək özümə əziyyət verməyim. 

 
224
 
(Konstans çıxır. Dərhal Bentli peyda olub Mari-Luizanı qonaq otağına ötürür) 
 
Mari-Luiza: Gün aydın. (Bentliyə) Siz elə bu dəqiqə mister Middltona xəbər 
eləyəcəksizmi? 
 
Bentli: Bəli, madam. 
 
(Bentli çıxır). 
 
Mari-Luiza: (Həyəcandan pörtmüş halda) Mənim Cona deməyə sözüm var. Amma 
aşağıda pasientləri onu gözləyir. Odur ki, Bentlidən xahiş elədim, onu bura çağırsın. 
 
Bernard: Sizə mane olmayım. 
 
Mari-Luiza: Üzr istəyirəm, amma çox vacib məsələdi. Conu işdən ayıranda yaman 
əsəbiləşir. 
 
Bernard: Mən başqa otağa keçərəm. 
 
Mari-Luiza: Siz Konstansı gözləyirsiz? 
 
Bernard: Hə, biz Reynlafa gedəcəyik. Bu gün orda polo oynayırlar. Konstans şlyapasını 
dəyişir. 
 
Mari-Luiza: Hə, lap yaxşı. Bentli mənə dedi ki, Konstans yuxarıdadı. Çox sağ ol. Mənim 
işim bir dəqiqəlikdi. (Bernard qonşu otağa keçir və dərhal Con peyda olur) O, Con, səni 
pasientlərindən ayırdığıma görə, üzr istəyirəm. 
 
Con: Böyük bir şey olmayıb. Onlar bir neçə dəqiqə gözləyə bilərlər. (Bernard ardınca 
qapını örtür və Conun səsi dəyişir. Indi onlar astadan, əsəbi, qırıq ifadələrlə danışırlar) 
Nəsə olub? 
 
Mari-Luiza: Mortimer. 
 
Con: Nə olub? 
 
Mari-Luiza: Əminəm ki, şübhələnib. 
 
Con: Nədən əminsən? 
 
Mari-Luiza: O, dünən özünü elə qəribə apardı ki. Gecənin xeyirini diləmək üçün otağıma 
gəlmişdi. Çarpayıma əyləşdi. Mızıldanmağa başladı, soruşdu ki, bütün axşamı nə işlə 
məşğul olmuşam... 
 
Con: Ümidvaram ki, sən ona açıb demədin. 
 

 
225
Mari-Luiza: Yox, dedim ki, yeməyi evdə yemişəm. Qəflətən yerindən sıçrayıb gecən 
xeyirə qalsın dedi, çıxıb getdi. Səsi elə hirsliydi ki, onun üzünə baxmağa cürət eləmədim. 
Deyəsən, üzü də qızarmışdı. 
 
Con: Vəssalam? 
 
Mari-Luiza: Mənim otağıma keçib sabahın xeyirini diləmədən Sitiyə yollanıb. 
 
Con: Görünür, tələsirmiş. 
 
Mari-Luiza: Əvvəl vaxt tapırdı, axı. 
 
Con: Elə bilirəm, sən qarışqadan fil düzəldirsən. 
 
Mari-Luiza: Səfehləmə, Con. Məgər görmürsən, mən necə həyəcanlıyam? 
 
Con: Görürəm. Ona görə də səni inandırmaq istəyirəm ki, həyəcanlanmağa əsas yoxdu. 
 
Mari-Luiza: Kişilər necə də axmaqdılar. Heç cür başa düşmək istəmirlər ki, dama-dama 
göl olur. Sənə deyirəm, qorxudan başımı itirmişəm. 
 
Con: Özün də yaxşı bilirsən ki, şübhəylə sübut arasında yerlə göy qədər fərq var. 
 
Mari-Luiza: Elə düşünmürəm ki, o, nəsə sübut eləyə bilər. Amma şübhə eləmirəm ki, o, 
həyatımızı burnumuzdan gətirə bilər. Tutaq ki, Konstansla dərdləşmək qərarına gəldi. 
 
Con: Konstans ona inanmaz. 
 
Mari-Luiza: Əgər iş dərinə getsə, Mortimeri özüm həll eləyərəm. O, məni dəlicəsinə 
sevir. Qadın üçün bu, oynamağa həmişə imkan verir. 
 
Con: Əlbəttə, sən Mortimeri istədiyin kimi fırlaya bilərsən? 
 
Mari-Luiza: Əgər Konstans bilsə, mən gərək yerin altına girəm. Axı, o, mənim ən yaxın 
rəfiqəmdi, həm də onu çox istəyirəm. 
 
Con: Konstans ürəkdi. Inanmıram ki, iş uzanıb böyüyə. Amma lap o həddə çatsa belə, 
Konstansı yola gətirəcəyimə şübhə eləmirəm. 
 
Mari-Luiza: Sən belə düşünürsən? 
 
Con: Yəqin ki, o, mənə qulaqburması verəcək. Onun yerində hansı qadın olsa belə eləyər. 
Amma məni itirməmək üçün hər şeyə dözəcək. 
 
Mari-Luiza: Qadınları yaman yaxşı tanıyırsan. Sənə kömək eləyə bilər, bu, mümkündü. 
Amma mənə gəlincə, iki ayağını bir başmağa dirəyəcək. Qadın təbiəti belədi. 
 
Con: Konstans elə deyil. 

 
226
 
Mari-Luiza: Con, düzünü desəm, əgər mənə qarşı hisslərinə əmin olmasaydım, Konstansı 
belə ucaltdığına görə, onu sənə qısqanardım. 
 
Con: Şükür ki, çöhrəndə təbəssüm əmələ gəldi. Deməli, həyəcanını boğa bilmisən. 
 
Mari-Luiza: Çünki ürəyimi boşaltdım. Doğrudan da hər şey heç də o qədər pis deyil. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin