191
Dramaturgiya
Uilyam Somerset Moyem
“Sadiq arvad”
Tərcümə edəni: YAŞAR
Üç pərdəli komediya
İştirakçılar
Konstans
Con Middlton
Bernard Kersal
Missis Kalver
Mari-Luiza
Marta
Barbara
Mortimer Darhem
Bentli
Pyesdə hadisələr Conun Harli-stritdəki evində cərəyan edir.
Birinci pərdə
Hadisənin cərəyan etdiyi yer: Konstansın qonaq otağı. Otaq incə zövqlə qurulub. Interyer
rəssamı olan Konstansda istedad anadangəlmədi. Qonaq otağı belə gözəllik və rahatlıq
üçün ancaq bu istedada minnətdar olmalıdı.
Günün ikinci yarısıdı.
Missis Kalver otaqda təkdi. Bayırlıq kostyumda əyləşən bu yaşlı qadının xoş siması var.
Qapı açılır və eşikağası Bentli Martanın gəlişini xəbər verir. Missis Kalverin qızı Marta
gözəl, gənc bir qadındı.
192
Bentli: Miss Kalver (Çıxır).
Marta: (Heyrətlə) Ana.
Missis Kalver: (Təmkinlə) Bəli, əzizim.
Marta: Səni burda görəcəyimi qəti gözləmirdim. Konstansın yanına gedəcəyini mənə
deməmişdin, axı.
Missis Kalver: (Ürək açıqlığıyla) Sənin o quş gözlərindən nə fikirləşdiyini bilməyincə,
bura gəlmək niyyətim yox idi. Sonra qərara aldım ki, elə birinci özüm bura gəlim.
Marta: Bentli deyir ki, Konstans evdə yoxdu.
Missis Kalver: Hə... Sən onu gözləyəcəksən?
Marta: Əlbəttə.
Missis Kalver: Onda mən də burda olacam.
Marta: Böyük mərhəmət göstərmiş olarsan.
Missis Kalver: Nəcib sözlərdi, əzizim, amma səsin nəsə soyuq çıxdı.
Marta: Ana, nə demək istədiyini anlamıram.
Missis Kalver: Əzizim, biz bir-birimizi lap çoxdan tanıyırıq, eləmi, hətta bunu xatırlamaq
belə adamın kefini pozur.
Marta: Heç də elə deyil. Mənim otuz iki yaşım var. Öz yaşımdan da utanıb eləmirəm.
Bax, Konstansın yaşı otuz altıdı.
Missis Kalver: Hər halda, hesab eləyirəm ki, bəzən səmimiyyət işləri korlayır. Biz,
qadınlar, sirli olmağı xoşlayırıq.
Marta: Məni bir şey fikirləşib başqa şey deməkdə günahlandırmaq çətindi.
Missis Kalver: Əlbəttə, sözü açıq demək indi dəbdədi. Amma çox vaxt əsas məsələni
gizlətmək üçün bu, çox gözəl pərdədi.
Marta: Ana, elə bilirəm, sən məndən nədənsə narazısan.
Missis Kalver: Mən də öz tərəfimdən bu fikirdəyəm ki, sən bilərəkdən özünü axmaq
yerinə qoymusan.
193
Marta: Çünki Konstansa xəbəri olmadığı bir xəbəri çatdırmaq istəyirəm.
Missis Kalver: Aha, deməli, mən haqlıyam. Sən kifayət qədər özünə yaxın üç adamın
həyatını zəhərə döndərmək qərarına gəlmisən.
Marta: Elədi.
Missis Kalver: Icazə ver, soruşum. Konstans niyə bunu bilməlidi?
Marta: Niyə? Niyə? Niyə? Niyə? Bu, prinsipcə, cavab tələb eləməyən suallardan biridi.
Missis Kalver: Mən artıq dəfələrlə şahidi olmuşam ki, prinsipcə, cavab tələb eləməyən
suallara cavab vermək daha çətindi.
Marta: Buna cavab vermək elə də çətin deyil. O, həqiqəti bilmək üçün həqiqəti bilməlidi.
Missis Kalver: Təbii, həqiqət gözəl şeydi, amma onu səsləndirməkdən öncə yaxşı olardı
əmin olasan ki, bu, dinləyicinin xeyrinədimi? Həqiqət məxsusi özün üçün xırda
məmnunluq hissi gətirməyə xidmət etməməlidi.
Marta: Ana, Konstans çox bədbəxt qadındı.
Missis Kalver: Boş sözdü. Yaxşı yeyir, yaxşı geyinir, yaxşı yatır, kökəlmir. Belə bir
qadına bədbəxt demək günahdı.
Marta: Əgər özün anlamırsansa, səni anlatmağın mənası yoxdu. Sən, əlbəttə, çox
yaxşısan, amma sənin kimi ana daha qalmayıb. Sənin baxışların məni, sadəcə,
heyrətləndirib.
(Qapı açılır. Bentli missis Fosettlə daxil olur.
Qırx yaşlı missis Fosett qədd-qamətli, işgüzar bir qadındır).
Bentli: Missis Fosett.
Missis Kalver: O, Barbara, səni görməyimə necə də şadam.
Barbara: (Ona yaxınlaşıb öpür) Bentli mənə dedi ki, Konstans yoxdu, amma siz burdasız.
Nə işlə məşğulsuz?
Missis Kalver: Cırmaqlaşırıq.
Barbara: Nə səbəbdən?
Missis Kalver: Konstansa görə.
Marta: Barbara, nə yaxşı ki, gəldin... Conla Mari-Luiza arasındakı romandan xəbərin
varmı?
194
Barbara: Birbaşa suala birbaşa cavab verməkdən zəhləm gedir.
Marta: Bunu bizdən başqa, yəqin ki, hamı bilir. Bu məsələdən çoxdan agahsan? Deyirlər,
onlar açıq-aşkar görüşürlər. Heç cür ağlıma sığışdıra bilmirəm, niyə axı, biz bunu elə indi
bilmişik?
Missis Kalver: (İstehzayla) Bu faktı insan xislətinin müsbət tərəfinə yazmaq lazımdır.
Nəzərə alaq ki, bizim bu qədər doğma dost və rəfiqələrimizin içindən yalnız biri bu gün
bu maraqlı xəbəri bizimlə bölüşdü.
Barbara: Ola bilsin, sizin doğma rəfiqəniz özü də elə bu məsələdən bu səhər agah olub.
Marta: İlk əvvəl inanmaq istəmədim.
Missis Kalver: Yalnız ilk əvvəl, ilk əvvəl, əzizim. Sonra heyrətamiz dərəcədə tez bir
zamanda etiraf elədin ki, dəlil lazım olandan da artıqdı.
Marta: Təbii ki, mən ikiylə ikinin cavabını bilirəm. Sarsıntı keçən kimi hər şey mənə
aydın oldu. Yalnız bir şeyə məəttəl qaldım ki, niyə axı, əvvəlcədən duyuq düşməmişəm.
Barbara: Missis Kalver, çoxmu dilxor olduz?
Missis Kalver: Qəti. Çox ismətli anam bütün kişilərin təbiətən pozğunu olduğunu lap
uşaqlıqdan mənə təlqin eləyib. Onların elədiklərinə mən nadir hallarda təəccüblənirəm və
heç vaxt dilxor olmuram.
Marta: Anam məni dəli eləyəcək. Özünü elə aparır ki, elə bil heç nə olmayıb.
Missis Kalver: Konstansla Con düz on beş ildi evlidi. Con çox yaxşı insandı. Əlbəttə,
hərdən onun başqa qadınların ərlərindən sədaqətli olub-olmaması haqda özümə sual
verirdim, amma bu məsələnin ümumilikdə mənə aidiyyatı olmadığından tez fikrimi başqa
səmtə yönəldirdim.
Marta: Konstans sənin qızın deyil?
Missis Kalver: Sən birbaşa sualların lap dəlisisən. Cavab verirəm, hə, qızımdı.
Marta: Sən də ağzına su alıb oturmaq istəyirsən? Konstansın ən yaxın rəfiqəsiylə gəzən
Conun qarşısını almaq fikrin yoxdu?
Missis Kalver: Nə qədər ki, Konstansın xəbərdən xəbəri yoxdu, mənim susub-
susmamağım heç nəyi dəyişmir. Mari-Luiza düzdü, axmaqlıq eləyib, amma yaman şirin
qızdı, kişilər belələrini xoşlayırlar. Əgər Con Konstansı aldadırsa belə, hər halda, bizim
onun gəzdiyinin kimliyini bilməyimiz xeyrimizədi.
Marta: (Barbaraya) Bu vaxtacan görmüşdünmü, hamının hörmət etdiyi bir qadın... anama
hamı hörmət eləyir...
195
Missis Kalver: Saxla görək.
Marta: Belə sözlər deyərmi?
Barbara: Sənin fikrincə, nəsə eləmək lazımdı?
Marta: Bəli, mən qəti əminəm ki, nəsə eləmək lazımdı.
Missis Kalver: Amma mən, əzizim, qəti əminəm ki, sən nəsə eləməli deyilsən. Sən
Konstansa bu haqda bir kəlmə də deməməlisən.
Barbara: (Bir qədər çaşqınlıq içində) Sən ona hər şeyi danışmaq istəyirsən?
Marta: Kimsə deməlidi, axı. Anam kənara çəkilirsə, onda mən irəli düşməliyəm.
Barbara: Mən Konstansı çox istəyirəm. Təbii ki, nə baş verdiyindən çoxdan duyuq
düşmüşdüm, ona görə də dəhşətli həyəcan keçirirdim.
Marta: Con onu gic yerində qoydu. Heç bir kişinin öz arvadını belə alçaltmağa ixtiyarı
yoxdu. O, onu məsxərə obyektinə çevirdi.
Missis Kalver: Əgər bütün arvadlar kişilərinin şorgözlüyü səbəbindən məsxərə obyektinə
çevrilsəydi, dünya daha çox şən olardı.
Barbara: (Qeybətləşmək imkanı yarandığına görə, razı görkəmdə) Heç bilirsizmi, bu gün
onlar lançda birlikdə olublar.
Marta: Bu haqda eşitməmişik. Amma srağagün birlikdə nahar elədiklərindən xəbərdarıq.
Missis Kalver: (Şən ovqatda) Biz hətta onların nə yediklərini də bilirik. Sənin necə,
lançda onların nə yediklərindən xəbərin var?
Marta: Ana!
Missis Kalver: Mənə elə gəldi ki, Barbara lança ikilikdə getməklərinə görə, onlardan
inciyib.
Marta: Ay ana, abır-həyanı gözləmək lazımdı!
Missis Kalver: Əzizim, bircə abır-həya çatmırdı. Yadda saxla ki, abır-həya sevimli
kraliçamız Viktoriya ilə birlikdə öldü.
Barbara: (Missis Kalverə) Siz Konstansın ən yaxın rəfiqəsiylə hamının gözü qarşısında
eşq macərası yaşayan Conun bu hərəkətinə haqq qazandırırsız?
Missis Kalver: Ola bilsin, yaşa dolduqca, gönüm də qalınlaşıb deyə belə təmkinli
olmuşam. Mən kişilərin məhəbbət oyunlarını ciddi qəbul eləyə bilmərəm. Elə bilirəm,
196
onların təbiəti belədi. Con çox gözəl cərrahdı. O, çox işləyir. Əgər hərdən onda lança,
yaxud nahara hansısa gözəl bir xanımla getmək həvəsi yaranırsa, hesab eləyirəm, bunu
onun ayağına günah kimi yazmaq düzgün deyil. Bilirsiz, gündə üç dəfə, həftədə yeddi
dəfə eyni qadınla bir stol arxasında əyləşmək adamı bezdirir. Mən bunu öz şəxsi
təcrübəmdən bilirəm. Marta səhər-axşam gözümün qabağındadı. Amma kişilər bu halı
qadınlar kimi təmkinlə keçirə bilmirlər.
Marta: Çox sağ ol, ana.
Barbara: (Əhəmiyyətli tərzdə) Amma axı onlar yalnız birlikdə yemək naminə
görüşmürlər.
Missis Kalver: Sən ən pis şeydənmi şübhələnirsən, əzizim?
Barbara: (Tam ciddiyyətlə) Mənim o pis şeydən xəbərim var.
Missis Kalver: Mənim fikrim belədi: görən, bu, beləmi pisdi? Əgər burda özümüzük və
söhbətimizə qulaq asan - zad yoxdusa, belə bir qiyamçı fikri bəyan etməyi özümə rəva
görə bilərəm. Əgər ər arvadıyla mehribandısa, onun qayğısına qalırsa, bəzən sədaqətin o
dar cızığından çıxdığına görə onu damğalamağa dəyərmi?
Marta: Demək istəyirsən ki, ər-arvadın sədaqət andına riayət eləyib-eləməməsi elə də
önəmli deyil?
Missis Kalver: Fikrimcə, arvadlar riayət eləməlidi.
Barbara: Bu, axı, dəhşətli dərəcədə ədalətsiz yanaşmadı! Niyə, axı, arvadlardan kişilərdən
artıq tələb olunmalıdı?
Missis Kalver: Çünki əksər arvadlar öz sədaqətlərindən xoşhallanırlar. Bu bizləri öz
gözümüzdə ucaldır. Biz təbiətin sadiq məxluqlarıyıq. Özümüzü başqa cür aparmağa elə
də həvəsli olmadığımızdan həmişə sadiq qalırıq.
Barbara: Yaxşı görək.
Missis Kalver: Əzizim, sən dul bir qadın kimi, tam sərbəstsən. De görüm, cəmiyyətin
sənin üçün yasaq saydığı nəyisə eləmək üçün alışıb-yanırsanmı?
Barbara: Mənim öz şəxsi işim var. Səkkiz saat işləyəndən sonra məhəbbətmi yada düşür?
Axşamlar yorğun işgüzar qadının ürəyi ya musiqili komediyaya baxmaq, ya da kart
oynamaq istəyir. Onun pərəstişkarlarıyla ünsiyyətə qəti həvəsi olmur.
Marta: Söz düşmüşkən, sənin biznesin nə yerdədi?
Barbara: Qarış-qarış böyüyür. Elə bura Konstansa məndə işləmək təklifiylə təşrif
buyurmuşam.
Missis Kalver: Iş onun nəyinə lazımdı? Con yaxşı qazanır.
197
Barbara: Mən fikirləşdim ki, özü-özünü saxlamaq iqtidarında olarsa, məsələ kritik həddə
çatanda bu ağrını daha yüngül keçirər.
Missis Kalver: Sən də məsələnin bu həddə çatmasını istəyirsən?
Barbara: Təbii ki, istəmirəm. Amma özünüz də başa düşürsüz ki, daha bu cür davam
eləyə bilməz. Konstansın hələ də bu işdən agah olmaması, sadəcə, möcüzədi. Amma gec-
tez mütləq hər şeyi biləcək.
Missis Kalver: Zənnimcə, bu, qaçılmazdı.
Marta: Ümidvaram ki, bu, çox tez baş verəcək. Mən yenə əvvəlki qənaətimdəyəm ki, bu
haqda xəbəri ona məhz anası çatdırmalıdı.
Missis Kalver: Buna mənim azca da həvəsim yoxdu.
Marta: Əgər anası yayınırsa, deməli, özüm deyəcəm.
Missis Kalver: Bax, buna imkan vermərəm.
Marta: O, onu ən iyrənc şəkildə təhqir eləyib. Onun vəziyyəti dözülməzdi. Mari-Luiza
haqqında nə fikirləşdiyimi təsvir eləməyə söz də tapa bilmirəm, amma deyəcəm. Iyrənc,
çörəyi dizinin üstə olan, qəddar, paxıl balaca ləçər!
Barbara: Hər halda, fikrimcə, həmişə mənə güvənə biləcəyinə əmin olması Konstansa xoş
gələcək.
Missis Kalver: Amma Con hər ay ona samballı məbləğdə pul ayırır. Con çox səxavətlidi.
Marta: (Mat-məəttəl) Doğrudanmı, sən elə fikirləşirsən ki, Konstans bundan sonra da
ondan pul almalıdı?
Barbara: Marta tamamilə haqlıdı, missis Kalver. Bu vəziyyətdə o, ondan bir pens də ala
bilməz.
Missis Kalver: Ola bilsin, o, belə də eləyəcək. Amma bununla bərabər, həm də gərək elə
eləsin ki, boşananda vəkili onun üçün yaxşı pul qopara bilsin. Söhbət bizim rifahımızdan
gedəndə, çox az kişinin təsəvvürü həqiqəti əks etdirir. Bəli, biz qadınlar böyük jestlər
eləməyi xoşlayırıq, amma özümüzü, gerçəyi unutmamaq şərtiylə.
Barbara: Missis Kalver, sizə elə gəlmirmi ki, həddən ziyadə xudbinsiz?
Missis Kalver: Mənə elə gəlmir. Başa düşə bilmirəm, niyə axı, biz qadınlar heç olmasa
təklənəndə hərdən-hərdən həqiqəti deməyək? Bilirsiz, həmişə yalan demək insanı
bezdirir, hərdən adam ürəyini boşaltmaq istəyir.
198
Marta: (Sözləri əzib-büzərək) Amma hiylə işlətmək mənim ağlıma da gəlmir. Əslində,
mən qətiyyən göründüyüm kimi deyiləm.
Missis Kalver: Mən demədim ki, sən riyakarlıq nümayiş elətdirirsən, əzizim. Amma
mənə həmişə elə gəlib ki, sən axmaqsan. Sən atana çəkmisən. Ağıl deyilən şey bizim
ailədə mənimlə Konstansın payına düşüb.
(Otuz altı yaşlı gözəl qadın Konstans qonaq otağına daxil olur.
O, küçədən gəlib, şlyapa hələ də başındadır).
Barbara: (Sevincək) Konstans!
Konstans: Məni gəlib evdə görmədiyinizə görə üzr istəyirəm. Yaxşı ki, çıxıb getməmisiz.
Anacan, necəsən?
(Sırayla hamısını öpür).
Marta: Konstans, hardaydın?
Konstans: Mari-Luizayla mağazaları gəzirdik. O, indi yuxarı qalxır.
Barbara: (Ikrah hissiylə) Deməli, burdadı?
Konstans: Hə. Telefonla danışır.
Marta: (İstehzayla) Sənin Mari-Luizasız bir günün də olmasın.
Konstans: Onunla olmaq mənə xoşdu. O, məni darıxmağa qoymur.
Marta: Lança da birlikdə getmişdiz?
Konstans: Yox, onu lança öz kavaleri dəvət eləmişdi.
Marta: (Çəp-çəp missis Kalverə baxaraq) Belə de. Con isə xəstələrin qəbulundan sonra
yeməyi evdə yeyir, eləmi?
Konstans: (Çox səmimi) Əgər xəstəxanaya ertədən getməli deyilsə.
Marta: Bəs bu gün necə, onu xəstəxanaya çağırıblar?
Konstans: Yox, bu günə işlə bağlı görüş təyin eləmişdi.
Marta: Harda?
199
Konstans: Inan ki, bilmirəm. Bu uzun illik birgə həyatdan sonra ərdən hara getdiyini
soruşmurlar.
Marta: Niyə, axı?
Konstans: (Təbəssümlə) Çünki onda da səndən eyni şeyi soruşmaq həvəsi yarana bilər.
Missis Kalver: Həm də ona görə ki, müdrik qadın həmişə öz ərinə etibar eləyir.
Konstans: Con hələ bir dəfə də ondan şübhələnməyim üçün mənə əsas verməyib.
Marta: Xoşbəxt qadınsan.
Konstans: (Yüngül təbəssümlə) Ya da müdrik.
(Zərif, cazibədar, gözəl geyimli, iri, məsum gözlü və uzun taxma kirpikli
Mari-Luiza daxil olur)
Mari-Luiza: Heç xəbərim yox idi ki, burda belə kübar qəbul təşkil olunub.
Missis Kalver: Biz Martayla indicə getməyə hazırlaşırdıq.
Konstans: Mari-Luiza, sən mənim anamla tanışsanmı?
Mari-Luiza: Əlbəttə.
Konstans: Mənim anam çox yaxşı qadındı.
Missis Kalver: Ağlı başında, yaşına görə də çox fəal bir qadın.
(Mari-Luiza Barbaranı və Martanı öpür).
Mari-Luiza: Necəsiz?
Marta: (Onun libasına baxır) Libasın təzədi, eləmi, Mari-Luiza?
Mari-Luiza: Hə, ilk dəfədi geyinirəm.
Marta: Yəqin, kavalerin səni lança dəvət etdiyinə görə, geyinmisən, eləmi?
Mari-Luiza: Nədən bildin ki, mən lançda kavalerlə olmuşam?
Marta: Konstans dedi.
Konstans: Mən sadəcə, belə zənn etdim.(Mari-Luizaya) Biz görüşəndə gözlərinin necə
par-par yandığını gördüm, çöhrəndən də xoşbəxtlik yağırdı. Qadın yalnız kimdənsə
dünyanın ən gözəl varlığı olduğunu eşidəndə belə nurlanır.
200
Marta: Mari-Luiza, de görək, o, kimdi?
Konstans: Mari-Luiza, belə iş tutma, onun adını gizli saxla ki, bizim qeybətləşməyə
imkanımız olsun.
Barbara: Ərin necədi, əzizim?
Mari-Luiza: Hər şey qaydasındadı. Mən indicə onunla telefonla danışdım.
Barbara: Onun qədər öz arvadına pərəstiş eləyən kişi görməmişəm.
Mari-Luiza: Şikayətlənmək günah olar, elə deyilmi?
Barbara: Bəzən əsəblərinə toxunmurmu? Məhəbbətin belə hüdudsuz okeanında
çimməkdən qorxmursan? Birdən məlum olsa ki, əslində, sən heç də onun gözünə
göründüyü kimi deyilsən, yazığın ağlı çaşar.
Konstans: (Xoş niyyətlə) Amma Mari-Luiza məhz göründüyü kimidi.
Mari Luiza: Əgər belə olmasam da, onu buna inandırmaq çətin məsələdi.
Konstans: Sakit, Con gəldi. (Qapıya yaxınlaşıb çağırır) Con.
Con: (aşağıdan) Salam.
Konstans: Qalxırsan? Mari-Luiza burdadı.
Con: Gəlirəm.
Konstans: Lançdan sonra əməliyyatı olub. Yəqin, çox yorğundu.
Marta: (Mari-Luizaya baxır) Yəqin, lançda cəmi bircə sendviç yeyib.
(Qırx yaşlı hündür, qəddi-qamətli bir kişi daxil olur).
Con: Ilahi, özün kömək ol, heç vaxt bu qədər camaatı bir yerdə görməmişəm. Mənim
sevimli qayınanam necədi?
Missis Kalver: Şikayəti yoxdu.
Con: (Missis Kalveri və Barbaranı öpür) Bilirsən, anası mənə gəlmədiyinə görə
Konstansı aldım.
Missis Kalver: Özümdən iyirmi yaş balaca birisinə ərə getmək üçün o vaxt mən çox gənc
idim.
201
Konstans: Amma aranızdakı yaş fərqi Conla gəzməyinə mane olmazdı.
Xoşbəxtliyinizdən mən qısqanc deyiləm.
Con: Bu günün necə keçdi, əzizim?
Konstans: Mari-Luizayla mağazaları gəzmişik.
Con: (Mari-Luizanın əlini sıxır) Gün aydın. Lança da bir yerdə getdiz?
Marta: Yox, Mari-Luizanı kavaleri dəvət eləyib.
Con: Kaş o kavalerin yerində mən olaydım. (Mari-Luizaya) Necəsən? Yüz ildi səni
görmürəm.
Mari-Luiza: Evdə tapılırsan ki. Indi Konstansla mən, demək olar ki, bir-birimizdən
ayrılmırıq.
Con: Bəs sənin varlı-karlı ərin?
Mari-Luiza: Elə indicə onunla danışırdım. Belə məlum oldu ki, bu axşam Birmingemə
getməlidi.
Konstans: Onda naharı bizdə eləyərsən.
Mari-Luiza: Çox sağ ol, amma elə yorulmuşam ki. Yaxşı olardı ki, yumurta yeyib özümü
çarpayıya yıxım.
Con: Konstans, elə indicə sənə demək istəyirdim ki, nahar eləməyəcəm. Təcili
əməliyyatım var. Kəskin appendisit.
Konstans: Nə pis oldu.
Marta: Sənin çox gözəl sənətin var, Con. Əgər bir yerə getmək istəsən, elə bircə təcili
əməliyyatım var, deməyin kifayətdi. Bunun yalan olduğunu heç kimi sübut eləyə bilməz.
Konstans: Əzizim, öz məsum başını şübhələrlə doldurma. Con məni heç vaxt aldatmaz.
(Cona) Elə deyilmi, əzizim?
Con: Əzizim, səni aldatmaq üçün mən gərək əvvəlcədən bir xeyli dəridən-qabıqdan
çıxam.
Konstans: (Yüngül təbəssümlə) Bəzən, mənə elə gəlir ki, sən doğru danışırsan.
Mari-Luiza: Səninlə Con kimi bir-birini aşiq ər-arvad görmək necə də xoşdu. Siz artıq on
beş ildi ki, evlisiz, eləmi?
Con: Bəli. Heç də pis deyil.
202
Mari Luiza: Di, mən qaçdım. Artıq çoxdan evdə olmalıydım. Sağ ol, əzizim. Sağ ol,
missis Kalver.
Konstans: Sağ ol, əzizim. Çox gözəl gün keçirdik.
Mari-Luiza (Əlini Cona uzadaraq) Sağ ol.
Con: Mən səninlə düşürəm.
Marta: Mən də çıxıram, Mari-Luiza. Sənə yoldaşlıq eləyərəm.
Mari-Luiza: (Elə bil nəyisə yadına salaraq) Con, əgər sənə çətin olmazsa, dizimə baxa
bilərdinmi? Bir-iki gündü nəsə ağrıyır.
Con: Əlbəttə, çətin olmaz. Mənim qəbul otağıma gedək. Bu diz qapağı elə şeydi ki, gərək
gözünü üstündən çəkməyəsən.
Marta: (Inadla) Mən səni gözləyirəm. Müayinə uzun çəkməz, eləmi? Biz taksi tutarıq.
Mari-Luiza: Mən maşınlayam.
Marta: Nə yaxşı! Mənə də maşında yer eləyərsənmi?
Mari-Luiza: Məmnuniyyətlə.
(Con Mari-Luiza üçün qapını açır. Əvvəlcə o, ardınca Con çıxır. Konstans sanki nə baş
verdiyini çox gözəl anlayaraq soyuq nəzərlərlə bu səhnəni izləyir).
Marta: Onun dizinə nə olub?
Konstans: Burxulur.
Marta: Sonra?
Konstans: Sonra da ayağı burxulur.
Marta: Sən qəbul otağına gələn qadınları Cona qısqanmırsan?
Konstans: Əgər qadın əndazəni aşsa, orda onun həmişə köməyə çağıra biləcəyi tibb bacısı
var.
Marta: (Şən əhvalda) Tibb bacısı indi də var?
Konstans: Bir də nədənsə, mənə elə gəlir ki, antiseptiklərin iyisindən burun tutulan o
qəbul otağında məhəbbətlə məşğul olmaq ancaq əynində biədəb alt paltarı olan qadınların
ürəyindən keçə bilər. Mən özümü qısqanmağa məcbur eləyə bilmərəm.
203
Barbara: Mari-Luiza bu günlərdə mənə iki köynək verdi ki, özüm üçün onlara oxşarını
tikim.
Konstans: Biri irland krujevasından tünd qırmızı qırçınlı deyildi? Mən də onun ölçüsünü
götürmüşəm.
Barbara: Mari-Luiza doğrudan da çox yaraşıqlıdı.
Konstans: Mari-Luiza gözəllər gözəlidi. Onunla Con bir-birlərini çoxdan tanıyırlar. Təbii
ki, o, Conun da xoşuna gəlir, amma deyir, başı boşdu.
Marta: Kişilər heç də həmişə düşündüyünü demir.
Konstans: Bu bizim xeyrimizədi, yoxsa onların əsl hisslərindən xəbər tuta bilməzdik.
Dostları ilə paylaş: |