2.2. Asudəvaxt mədəniyyətinin formalaşmasında
milli və dünyəvi ənənələrin rolu.
İnsanların asudəvaxtının bədii-emosional vasitələrlə müşayiət
olunmasının tarixini də qədim adət və ənənələrin yarandığı və təşəkkül
tapdığı dövrlərlə əlaqələndirmək lazımdır. İnsanlar bütün təbiət
hadisələri haqqında fövqəltəbii ideyalar, baxışlar yaradarkən bədii-
emosional münasibətlərini də gizlədə bilməmiş, təbiətə və cəmiyyətə
kütləvi şəkildə təsir etmə ənənələrini yaratmışlar. Bu ənənələr təkamül
etdikcə asudəvaxt mədəniyyətini də formalaşdırmış, onu bədii estetik
və başqa yaradıcılıq tələbatının ödənilməsi həddinə çatdırmışdır.
Keçirilən mərasimin, bayramın dini ideoloji məzmunundan asılı
olmayaraq insanlar bu aksiyaları yerinə yetirərkən əylənmiş, mənəvi
rahatlıq tapmışlar. Adət və mərasimlər onları bir anlıq da olsa öz bədii
emosional vasitələrinin təsiri ilə fiziki, zehni iş qayğılarından
uzaqlaşdırmış, dincəlmək, əylənmək, şənlənmək, müstəqil yaradıcılıq
proseslərinə qoşulmaq kimi ənənəvi asudəvaxt xüsusiyyətlərinin
formalaşmasına təminat yaratmışlar.
Tarixin müxtəlif dövrlərində dünya alimləri asudəvaxt
mədəniyyətinin əsas momentlərini təhlil etmiş, onun bədii-emosional
sahələrini “oyun vəziyyəti” kimi anlatmağa çalışmışlar. Platon oyun
kosmosundan danışmış,
İ.Kant estetik “oyun vəziyyəti”
nəzəriyyəsindən söz açmışdır. Şillerə görə isə insan yalnız oynadığı
zaman insan hesab olunur. O da tarixin ilk mərhələsində yaranmış
asudəvaxt mədəniyyətini “oyun mədəniyyəti” və bu mədəniyyəti
insani münasibətlərin
əsas komponentlərindən biri kimi
qiymətləndirir. Y.Xeyzinq isə bütövlükdə mənəvi mədəniyyəti
197
“oynayan insanın məhsulu” hesab edir. O, oyun xüsusiyyətlərinin
poeziyada, miflərdə, mərasimlərdə təzahür etdiyini göstərir. Onun
fikrincə misteriyalar, bayramlar, karnavallar, festivallar, tamaşalar və
s. əsasən oyun xüsusiyyətləri üzərində qurulur [142, s.28].
Yuxarıda adı çəkilən alimlərin fikirlərindən belə çıxır ki,
asudəvaxtın mədəniliyi onun bədii emosional vasitələrindən çox asılı
olmuşdur. İnsanlar oyun xarakterli hərəkət və vərdişlərini əsasən
bayram və mərasimlərdə, karnavallarda, ailə və məişət ənənələrində
tətbiq etmişlər. Eyni zamanda oyun mədəniyyəti uşaq və
yeniyetmələrin hərtərəfli tərbiyə mühitini yaratmışdır. Onların hərəkət
və fəaliyyətlərindəki boşluğu müxtəlif məna və məzmunla
doldurulmuşdur. Ənənəvi olaraq formalaşan asudə-vaxt mədəniyyəti
oyunlar üzərində təşəkkül tapmış, insanların hərəkət və düşüncələrini
səmərililik prinsiplərinə uyğun olaraq tənzimləmək funksiyasını yerinə
yetirmişdir.
Rus pedaqoqu Y.A.Komenski haqlı olaraq qeyd etmişdir ki,
“külək olmadan od yanmadığı kimi, oyun, məşq, hərəkət olmadan da
uşaq böyüyüb inkişaf edə bilməz. Oyun, hərəkət bir növ işdir,
fəaliyyətdir” [73, s.60].
Azərbaycanın tanınmış alimi M.H.Təhmasib də şəxsiyyətin
formalaşmasında, hər bir fərdin fiziki və mənəvi cəhətdən inkişaf
etməsində oyun mədəniyyətinin əhəmiyyətinə xususi diqqət
yetirmişdir. Onun fikrincə, oyun da insan ömrü qədər çox qədim tarixə
malikdir. Oyun tarixin hər bir dövründə insan həyatını zənginləşdirən
sosial vasitələrdən biri olmuşdur. O, həm bədənin müxtəlif əzalarını
hərəkət etdirmiş, həm də hər bir insanın həyat fəaliyyətinin son anına
qədər onun bütün ömrünü addımaddım izləmişdir [22, s.234-238].
198
Oyunun insan həyatındakı mənəvi hökmranlığı müasir dövr üçün
daha aktualdır. Çünki müasir insanın həyat tərzi mənəvi inkişafın
səviyyəsindən, onun asudəvaxt mədəniyyəti mühitindən çox asılıdır.
Tarixən, ənənəvi olaraq formalaşan asudəvaxt mədəniyyəti elə
bir sərvətdir ki, hər kəs ondan öz zövqünə, mənəvi tələbatına uyğun
şəkildə istifadə edir. Burada insanın ictimai faydalı əməyə şüurlu
hazırlığı, bədii-estetik xarakterli mənəvi keyfiyyətləri, intellekti,
dünyaya, cəmiyyətə münasibətləri və s. özünü qabarıq şəkildə büruzə
verir.
“Asudəvaxt ümumi vaxt büdcəsinin mütləq işlərdən azad edilmiş
elə bir sərvətidir ki, həmin müddətdə şəxsiyyət öz fiziki, mənəvi
vəziyyətini və mədəni səviyyəsini nəzərə almaqla özünə uyğun
hərəkətlər variantı seçir. Bu həm də istirahət, yorğunluğu aradan
qaldıran fiziki, psixi və intellektual qüvvələri bərpa edən sosial
şərtlərlə müəyyənləşdirilmiş psixi-fizioloji prosesdir [58, s.81].
Lakin dünya miqyasında “mədəni asudəvaxt” anlayışının bir-
birindən fərqlənən izahı mövcuddur. Keçmiş sovet kulturologiyasına
əsaslanaraq demək olar ki, “asudəvaxt – insanın işdən sonra, fizioloji
və məişət tələbatlarının ödənilməsinədək (yemək, yuxu və s.), ailə və
ictimai işlərin yerinə yetirilməsindən sonra qalan vaxta deyilir” [ 45,
s.5].
İndi də Azərbaycanda mövcud olan bu tərif ABŞ, Fransa,
İngiltərə və sair ölkələrdəki “mədəni asudəvaxt” anlayışının şərhindən
əsaslı şəkildə fərqlənir. Məsələn, ABŞ-da “mədəni asudəvaxt” mövcud
şüurun vəziyyətini, onun cəmiyyətə münasibətini və məqsədini əks
etdirən ali insan fəaliyyəti kimi başa düşülür. İngiltərədə isə “mədəni
asudəvaxt” insanları psixi stresslərdən azad edən bir vasitə kimi dərk
199
olunur. Fransızların baxışlarına görə isə “mədəni asudəvaxt” insanın
gündəlik fəaliyyəti prosesində itirilmiş qüvvələrin yenidən bərpa
olunması vasitəsi kimi anlaşılır [72, s.24].
Əslində “mədəni asudəvaxt” sözünün hərfi mənası latın sözü olan
“Licere” sözündən götürülmüş, “sərbəst olmaq” mənasında başa
düşülmüşdür. İngilislər isə bu sözü “mədəni asudə-vaxt” kimi tələffüz
etmişlər. Fəaliyyətdə mədəni asudəvaxt “qanundan azad olmuş qayda”
kimi anlaşılmışdır. Yəni ingilislər asudəvaxtı müstəqil, azad
fəaliyyətin təzahürü, realizə sahəsi kimi qiymətləndirmişlər.
Yunanıstanda da mədəni asudəvaxt təzyiqdən azad fəaliyyətin bir
forması kimi qəbul olunur.
Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrinin mədəni asudə-vaxt
fəaliyyətinə olan münasibəti mahiyyət etibarı ilə bir-birindən
fərqlənir. Bu ölkələrin çoxu mədəni asudəvaxt fəaliyyətinin mədəni
əhəmiyyətini yüksək qiymətləndirir, onun dövlət tərəfindən
maliyyələşdirilməsinə şərait yaradır. Məsələn, Amerika Birləşmiş
Ştatlarında dövlət departamenti mədəni asudəvaxtın təşkili üçün ildə
240 milyon dollar miqdarında vəsait ayırır. Bu vəsaitin hamısı
kütlələrin istirahət və əyləncəsinin təşkili üzrə işlərə sərf olunur.
İngiltərə dövlət departamenti mədəni asudəvaxt tədbirləri üçün 190
milyon funt sterlinq, Fransa isə 230 milyon frank pul ayırmışdır [72,
s.32].
Təbii ki, adı çəkilən ölkələrdə kütləvi xalq bayramlarının, oyun
və əyləncələrin təşkilinə xüsusi qayğı göstərilir. Bayram və əlamətdar
günlərin bədii emosional vasitələrinin təşkili, onların teatrlaşdırılması
işi xüsusi olaraq yaradılmış mədəni asudəvaxt klublarına və
mərkəzlərinə həvalə olunur. Məsələn, İngiltərənin “Lordlar”,
200
“Smokinq” kimi mədəni asudəvaxt klub-ları elitar təbəqənin istirahət
və əyləncəsini təşkil etmək üçün planlı şəkildə məzmunlu təşkilati
işlər görürlər. Onlar istirahət və əyləncənin səmərəli olması üçün
müxtəlif yaş qrupları üzrə bölgülər aparır, hər yaş qrupunun mədəni-
sosial tələblərini əvvəlcədən proqnozlaşdırırlar. Kiçik yaş qrupları
üçün müxtəlif əyləncəli oyunlar, multiplikasiya filmləri və s.
müəyyənləşdirirlər. Həmin differensial yanaşma üsulundan böyüklərin
mədəni asudəvaxtının səmərəli keçirilməsi üçün də istifadə olunur.
Ən maraqlısı odur ki, bütün mədəni asudəvaxt mərkəzləri müasir
texniki vasitələrlə təchiz edilir. Mədəni asudəvaxt mərkəzlərinin
texniki vasitələrinin alınması və onların realizə olunması işinin
maliyyə məsələlərini xüsusi təşkilatlar və sosial institutlar yerinə
yetirir.
Milli ənənə və mentalitet mədəni asudəvaxtın keçirilməsi
prosesinə və məzmununa da təsir göstərir. Dünya miqyasında aparılan
müşahidələr və elmi xarakterli sosioloji tədqiqatlar asudəvaxtın
təşkilinin ənənələrə və milli mentalitetə söykəndiyini bir daha sübut
edir. Məsələn, aparılan sosioloji tədqiqaqatlar zamanı aydın olmuşdur
ki, fransız və ya danimarkalı vətəndaşlar özlərinin asudəvaxtlarını
daha çox kafe və barlarda keçirirlər. Braziliyalılar, meksikalılar,
argentinalılar isə futbolla məşğul olur, karnavallarda iştirak etməyi
sevirlər. Ərəblər, yaxud pakistan-lılar öz evlərində tətbiqi
yaradıcılıqla məşğul olmağı daha çox sevirlər. Milyonlarla dindarlar
isə kilsələrdə, məscidlərdə, sinaqoqlarda və başqa dini ibadət
yerlərində keçirilən məra-simlərdə iştirak etməyə daha çox üstünlük
verirlər [72, s.34]. Azərbaycanlıların bir hissəsi isə çayxanalarda
yaxınları ilə ünsiyyətə girməyə üstünlük verirlər.
201
Lakin ABŞ, İngiltərə, Kanada və başqa inkişaf etmiş kapitalist
ölkələrində mədəni asudəvaxt ənənələri özünü daha əhatəli şəkildə
büruzə verir. Bu ölkələrdə dini mərasimlərə də diqqət yetirilir,
kafelərə və idman oyunlarına qatılmaq marağı da güclüdür. Minlərlə
gənclər tətbiqi incəsənət yaradıcılığı ilə də məşğul olurlar. Bu
ölkələrin mədəni asudəvaxt mərkəzlərinin elmi-texniki əhatə dairəsi
bütün maraqların ödənilməsinə imkan yaradır.
Deməli, hər bir ölkənin elmi-texniki inkişaf səviyyəsi, sosial və
mənəvi inkişafı mədəni asudəvaxt mədəniyyətinin inkişafına birbaşa
təsir edir, onun ənənəvi fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
Adı çəkilən ölkələrdə asudəvaxt mədəniyyətinin rəngarəngliyi
onlardakı demokratik mühitin, iqtisadi şəraitin başqa yerlərdən daha
fərqli olmasından da asılıdır. Digər tərəfdən inkişaf etmiş bu ölkə-lərə
dünyanın hər yerindən insanların daha fəal olan kateqoriyalarının
emiqrasiyası mövcuddur. Onların ənənələri, mədəniyyətləri, sosial
fəaliyyətləri hesabına inkişaf etmiş ölkələrdə rəngarəng asudəvaxt
mədəniyyəti təşəkkül tapmışdır.
Amerika Birləşmiş
Ştatlarında, yaxud Kanadada milli
mədəniyyətlərarası inteqrasiya azad mədəni asudəvaxt fəaliyyəti
mühiti yaratmışdır. Mənəvi tələbatın bütün tələblərinin ödənilməsi
üçün mövcud olan mühit hər bir fərdə öz biliyini artırmaq, həvəskar
birliklərdə yaradıcılıqla məşğul olmaq, milli bədii-estetik irsin
öyrənilməsi istiqamətində fəaliyyət göstərmək şəraiti yaradır. Eyni
zamanda mədəni asudəvaxt mərkəzlərində insanlar incəsənət əsərləri
ilə tanış olur, idman bölmələrində sağlamlıq prosesini yaşayır, maraqlı
görüşlərin iştirakçılarına çevrilirlər.
202
Adı çəkilən kapitalist ölkələrindən aşağıdakı istiqamətlərdə
fəaliyyət göstərən mədəni-asudəvaxt sferası formalaşmışdır:
1.
Milli mədəniyyət parkları, təbii-tarixi əhəmiyyətli istirahət
zonaları, meşələr və s. mənzərəli əyləncə guşələri yaradılıb;
2.
Xüsusi qurğularla təchiz olunmuş istirahət bazaları, idman və
əyləncə kompleksləri bir çox mədəni asudə-vaxtın səmərəli
təşkilinə dair işlər görür. Həmin asudəvaxt mərkəzləri
aşağıdakılardır:
-
idman-tamaşa müəssisələri, idman-konsert kompleksləri,
basketbol, beysbol, futbol, xokkey əraziləri, stadionlar, idman
klubları, maşın yarışları təşkil olunan motodromlar və s.
idman tamaşa müəssisələri kompleksinə daxildir.
-
İdmanla daha fəal şəkildə məşğuliyyət bazaları: Çimərliklər,
qayıqlar olan stansiyalar, buz üzərində oyun obyektləri,
üzgüçülük bölmələri, güləş, karate, dzüdo zalları və s. həmin
baza kompleksinə aiddirlər.
-
Rekreativ əyləncə mərkəzləri əsasən bağları, şəhər parklarını,
uşaq əyləncə meydanlarını, zooparkları, attraksionların
məşğul olduqları evləri və şəhərcikləri, gülüş otaqlarını,
kompüter mərkəzlərini və s. əhatə edir.
3.
Bu ölkələrdə idman komplekslərindən başqa mədəni
asudəvaxt yaradıcılıq mərkəzləri və digər mədəniyyət
müəssisələri də vardır, sirklər, estrada konsert mərkəzləri və
s. fəaliyyət göstərir. Təqaüdçülərin, peşəkarların, gənclərin,
dindarların, ailələrin və s. sosial təbəqələrin mədəni
asudəvaxtını təşkil edən klublar hər bir fərdə differensial
şəkildə yanaşmaqla mənəvi tələbatları ödəmək üçün konkret
işlər görürlər. Bu tələbatları ödəmək üçün diskoklublar, xor,
203
xoreoqrafiya, bədii yaradıcılıq mərkəzləri və studiyaları
fəaliyyət göstərir.
Ümumi maraqları olan insan birliklərinin mədəni asudə-vaxt
fəaliyyətlərini tənzim etmək və səmərəli etmək üçün həvəskar
yaradıcılıq birlikləri təşkil olunur.
Fəaliyyətdə olan mədəni asudəvaxt mərkəzlərinin nəzdində
kitabxanalar, oxu zalları, musiqili-maarifçilik salonları,
lektoriyalar, məsləhət-informasiya mərkəzləri və s. yaradılır.
4.
Asudəvaxtın səmərəli təşkilində mehmanxana-turist
müəssisələri də maraqlı iş ənənələrinə malikdirlər. Bu
müəssisələr sırasına otelləri, turist komplekslərini, ekskursiya
mərkəzlərini, dəniz səyahətlərini təşkil edən istirahət
bazalarını və əyləncə mərkəzlərini, turist qatarlarını və s. aid
etmək olar.
İnkişaf etmiş kapitalist ölkələrində mədəni asudəvaxtın turizm
forması XX əsrin 60-cı illərindən daha güclü təşəkkül tapmağa
başlamışdır. Müasir dövrdə isə həmin turizm asudəvaxt forması artıq
əksər insanların mədəniyyət normasına çevrilmişdir. Amerika,
İngiltərə, Kanada, Avstraliya və başqa inkişaf etmiş dövlətlər həmişə
turizmin inkişafı üçün böyük məbləğdə vəsait ayırmışlar. Məsələn,
İngiltərədə nəşr olunan “Ekonomist” jurnalında verilən məlumata görə
1959-cu ildə bu ölkədə turizmin inkişafı üçün 310 milyon funt
sterlinq, 1979-cu ildə 5.9 milyard funt sterlinq, 1989-cu ildə 22.7
milyard funt sterlinq məbləğində pul ayrılmışdır. Göründüyü kimi,
ildənilə turizmin inkişafı üçün dövlət tərəfindən nəzərdə tutulan
vəsaitin miqdarı artırılmışdır [97, № 776, 1991].
204
Ümumiyyətlə, mədəni asudəvaxtın təşkili məsələsi inkişaf etmiş
ölkələrdə insanın mənəvi fəaliyyət azadlığına təminat yaradan amil
kimi qiymətləndirilir. Vaxtilə sabiq ABŞ prezidenti Bill Klinton
özünün növbəti seçki kompaniyasında mədəni asudə-vaxtın
ənənələrinin əhəmiyyətindən bəhs edən geniş proqramla çıxış etmişdir.
O, uşaq və yeniyetmələrin, əlillərin, qocaların və başqa sosial
qrupların asudəvaxt sferasının inkişafı üçün dövlət təminatının
yaradılmasının vacibliyindən danışmışdır [74, s.88].
ABŞ-da, Böyük Britaniyada və başqa ingilis dilli ölkələrdə
mədəni asudəvaxtın tərbiyə potensialından daha səmərəli istifadə
olunması üçün son on ildə xüsusi ənənəvi sistem formalaşmışdır.
Həmin sistemin ictimai və dövlət tələbləri aşağıdakı vəzifələr üzrə
müəyyənləşdirilmişdir:
-
Milli mədəniyyətin ən qiymətli nümunələrinin dövlət
tərəfindən mühafizə olunması, ənənəvi xalq yaradıcılığının
qorunması və inkişaf etdirilməsi;
-
Mədəni asudəvaxt infrastrukturlarının funksional fəaliyyətinə
dövlət tərəfindən təminat yaradılması;
-
Əhalinin asudəvaxtının təşkili üçün müəssisələr, təşkilatlar,
ictimai və sosial institutlar tərəfindən vergi imtiyazların
müəyyənləşdirilməsi;
-
Uşaq və yeniyetmələrin, gənclərin, eyni zamanda yaşlı nəslin
bədii-estetik tələbatını ödəyə biləcək, hər bir sosial qrupun
mənəvi tərbiyəsinə təminat yaradacaq birbirinə alternativ olan
müxtəlif proqramların hazırlanması.
Maraqlıdır ki, əhalinin mədəni istirahətinin təşkili məsə-ləsi
ABŞ-da, İngiltərədə, Kanadada, CAR-da, Avstraliyada, Yeni
Zelandiyada dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir [72,
205
s.90]. Məsələn, bu məqsədlə 1981-ci ildən 1993-cü ilə qədər ABŞ-da
44 dəfə milli, ictimai, dövlət əhəmiyyətli mədəniyyət proqramları
hazırlanmışdır. Həmin proqramlarda nəzərdə tutulanlar əsasən
aşağıdakılardan ibarətdir:
-
uşaqların, qocaların və əlillərin asudəvaxt infrastrukturunun
nəzərə çarpacaq dərəcədə artırılması;
-
təhsil müəssisələrinin, parkların, muzeylərin, teatrların,
filarmoniyaların və başqa konsert müəssisələrinin tərbiyəvi-
pedaqoji məqsədlər daşıyan mədəni asudəvaxt fəaliyyət
formalarının istiqamətlərinin müəyyənləşdirilməsi;
-
əhalinin müxtəlif sosial qruplarının asudəvaxtlarının
səmərəliliyinə
təminat yaradan mehmanxana
komplekslərindən, stadionlardan, tennis otaq və
meydançalarından, çimərliklərdən, sağlamlıq mərkəzlərindən
və başqa əyləncə müəssisələrindən istifadə olunmasının
formaları;
-
görkəmli alim və təcrübəli mədəniyyət xadimlərinin mədəni-
asudəvaxtın təşkilinin elmi əsaslarla hazırlanmasına, bu sahə
üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə cəlb edilməsi.
Göstərilən məzmunlu proqramın realizə olunması üçün dövlət
sənaye və tikinti korporasiyalarını, bankları, fermerlər birliklərini,
dini icmaları, elmi assosiasiyaları, müəllimləri, həkimləri, incəsənət
xadimlərini bu əhəmiyyətli işin ümumi şəkildə icrasına cəlb edir.
Proqramın həyata keçirilməsində mədəniyyət müəssisələri, idman
cəmiyyətləri, yardım cəmiyyətləri və təşkilatları, varlı şəxslər və s.
yaxından iştirak edirlər. Əslində qeyd olunan ictimai təşkilatlar
mədəni asudəvaxt xidmətinin xüsusi sektorlar vasitəsi ilə inkişaf
etməsinə təminat yaradırlar. Mədəniyyət müəssisələrinin fəaliyyət
206
göstərən xüsusi sektorları gənclərin asudəvaxtını təşkil etmək üçün
öhdəliklər götürür, bu sahəyə aid hazırlanmış dövlət proqramlarının
realizə olunmasına yaxından yardım edirlər. Məsələn, Böyük
Britaniyada xüsusi sektorlara aid olan mədəniyyət müəssisələrinin
tərbiyəedici və maarifləndirici fəaliyyəti əvvəlcədən dəqiq olaraq
proqramlaşdırılır. Ölkə əhalisinin gəlirinin 30%-i asudəvaxt
fəaliyyətinin müxtəlif formalarının təşkilinə və onun əyləncə
xarakterli mallarının, əşyalarının alınmasına sərf olunur. Burada
aparılan sosioloji tədqiqatlara görə son 20 ildə özəl sektorda mədəni
asudəvaxt xidməti 36 faiz artmışdır. Bu da onu göstərir ki, özəl
mədəniyyət mərkəzləri həm özləri mədəni asudəvaxt xidmətindən
bəhrələnir, həm də asudəvaxtın hərtərəfli səmərəliliyinə təminat
yaradırlar. Bu baxımdan İngiltərədə fəaliyyət göstərən gecə klubları
xüsusi əhəmiyyət kəsb edir.
Müasir ingilis gənclərinin mədəni asudəvaxtının təşkilində
diskotekaların da rolu çox böyükdür. Diskotekaların demək olar ki,
əksəriyyəti özəl sektora aiddir. Məsələn, Tele incəsənət evinin elitar
diskotekasını Frans Raux adlı şəxs idarə edir. Gənclərin asudə-
vaxtlarında onların istirahət və əyləncələrinin səmərəli təşkilində
Frans Rauxun böyük təcrübəsi vardır.
Maraqlıdır ki, insanlarda mədəni asudəvaxt mərkəzlərinə getmək,
onun proqramlarının fəal iştirakçısı olmaq çox zaman adət xarakteri
daşıyır. Təbii ki, bu adətləri onlarda əsasən mədəni asudəvaxt
mərkəzləri özləri yaradır. Azərbaycan tədqiqatçı alimlərindən biri olan
Mobil Aslanlı çox haqlı olaraq demişdir ki, “adətlər insanın elə iş
hərəkətlərinə deyilir ki, bunlar insanın ehtiyacına, tələbatına çevrilmiş
olur. Müəyyən şəraitdə insan bu iş və hərəkətləri icra etmədən dura
bilmir, icra etmədikdə insanda daxili bir narahatlıq əmələ gəlir. Ona
207
görə də insan adət etdiyi işi nə cür olursa-olsun yerinə yetirməyə
çalışır” [5, s.218].
Təbii ki, söhbət mənəvi-əxlaqi keyfiyyətləri inkişaf etdirən
adətlərdən gedir. Belə keyfiyyətlərin formalaşması isə mədəni
asudəvaxt mərkəzlərinin insanlara təqdim etdikləri işin məzmun və
məqsədindən daha çox asılıdır. Məlumdur ki, mədəni vərdişlər
insanların bir-biri ilə münasibətlərini tənzimləyən əxlaq normalarının
xüsusiyyətlərindən çox asılıdır. Əxlaq normalarının xüsusiyyətlərini
isə ictimai münasibətlər, əlaqələr müəyyən edir. Bu baxımdan
asudəvaxt mərkəzləri bütün fərdi keyfiyyətləri, o cümlədən şəxsi
əxlaqi xüsusiyyətləri də üzə çıxarmaq imkanına malikdir. Çünki
mədəni asudəvaxt mərkəzlərində heç bir fərd ictimai nəzarətdən və
münasibətdən kənarda qalmır. Hamı daima bir-birinin diqqət
obyektinə çevrilir. Hər bir fərd diqqət obyekti olduğunu özü də hiss
edir. Elə buna görə də o ictimai əhatədə özünün ən yaxşı
xüsusiyyətlərini nümayiş etdirməyə çalışır. Nəticə etibarı ilə bu
nümayişetdirmə vərdişə, əxlaq normasına və ənənəvi mədəni davranışa
çevrilir.
Professor M.Muradxanov uşaqları
həyatdakı
mədəni
davranışlarına görə 3 qrupa bölmüşdür:
1.
Düzgün davranış haqqında aydın anlayışı olanlar, ona uyğun
və düzgün hərəkət edənlər;
2.
Düzgün davranış haqqında anlayışı olduğu halda bu anlayışa
əks hərəkət edənlər;
3.
Düzgün hərəkət haqqında anlayışı olmayan və düzgün hərəkət
etməyənlər.
208
Onun fikrincə, bunlardan birincisinin əxlaqi biliyi artıq əqidəyə
çevrilmişdir. İkincisinin isə kifayət qədər əxlaqi təcrübəsi yoxdur.
Üçüncüsünün isə həm əxlaqi tərbiyəsi, həm də düzgün əqidəsi və
təcrübəsi yoxdur [103, s.84].
Bu qrup bölgüsü mədəni asudəvaxt mərkəzləri üçün də
differensial olan maraqlı həyat faktorudur. Həmin faktora uyğun
olaraq mədəni asudəvaxt mərkəzlərində fərdi xüsusiyyətlərin nəzərə
alınması metodiki iş ənənələrindən birinə çevrilmişdir. Maraqlıdır ki,
dünyanın hər yerində fərdi yanaşma üsullarına, differensial metodlara
daha çox üstünlük verilir. Fərdin ictimai ünsiyyət mühiti onu
dəyişməyə, daha əxlaqlı olmağa məcbur edir. Məsələn, insan tək
qalanda daha çox özünü dərk etməyə çalışır, çoxluğun mənəvi
mühitində isə ictimailəşərək, onu bilavasitə “daxilən sıxan” qeyri-
əxlaqi normalara qarşı çıxır. Fərd şəxsiyyət kimi özünün nəyə qadir
olduğunu nümayiş etdirmək imkanı əldə edir və mənən müstəqilləşir.
Məhz ABŞ-ın, İngiltərənin, Kanadanın və başqa inkişaf etmiş
dövlətlərin asudəvaxt mərkəzlərində bu keyfiyyətlərin formalaşmasına
daha çox üstünlük verilir. Burada həmçinin gənclərin özfəaliyyətinin
mahiyyətini sadələşdirməyə çalışırlar. Mədəni asudəvaxtın səmərəli
olması üçün onların özləri tərəfindən təminat yaradılmasına və
idarəolunmasına cəhd edirlər [138, s.32-37]. Onlar insanların mədəni
asudəvaxt fəaliyyətini heç də siyasətləşdirmirlər. Əksinə olaraq, insanı
mənən sərbəstləşdirən əyləncə elementlərinə daha çox üstünlük
verirlər. Son illərdə İngiltərənin bir çox bankları və korporasiyaları
ölkədə incə-sənət və mədəniyyətin səviyyəsini yüksəltmək üçün ayrı-
ayrı
mədəniyyət müəssisələrini maliyyələşdirmək
ənənələrinə
209
qoşulmuşlar. Mədəniyyətin inkişafına göstərilən bu qayğını milli
maraqların təminatı kimi qiymətləndirirlər.
İqtisadi inkişaf etmiş ölkələrdə asudəvaxtın mədəni təşkili ilə
təkcə mədəniyyət müəssisələri deyil, həm də məktəblər, elmi
müəssisələr, ekologiya təşkilatları da məşğul olurlar. Çünki bu
ölkələrdəki ənənələr milli və dövlət maraqları əsasında inkişaf edir.
Təbii ki, ilk növbədə asudəvaxtın səmərəliliyi prinsipləri dövlət
maraqlarına əsaslanır. Belə ki, asudəvaxt mərkəzlərində aşkar olunan
istedadlı uşaq və yeniyetmələr ölkənin gələcək intellektual potensialı
kimi qiymətləndirilir və onlara xüsusi qayğı göstərilir.
Mədəni asudəvaxtın hər bir fərdin şəxsi potensialını üzə çıxaran
bir vasitə olduğunu rus alimi V.D.Ponamaryov da xüsusi olaraq qeyd
etmişdir. Onun fikrincə hər bir əyləncəli oyun forması ayrı-ayrı
şəxslər arasında mədəni ünsiyyət yaratmaqla yanaşı, adamların fərdi
sosial-mədəni potensialını aşkar edir [120, s.16]. Mədəni asudəvaxt
ərzində yaranan ünsiyyət insanlararası əlaqəni intensivləşdirməklə
yanaşı, fərdi intellektual səviyyəsi, mənəvi-əxlaqi keyfiyyəti, bədii-
estetik zövqü, əqli-fiziki inkişafı təmin edən əsas vasitəyə çevrilir. Bu
baxımdan ABŞ-da yaradılmış “Disneylend” parkının böyük iş
təcrübəsi və mədəni asudəvaxt ənənələri vardır.
Disneylend parkı hələ 1955-ci ildən fəaliyyətə başlamış, həmin
ildən indiyə qədər fantastik əyləncə şəhərciyinə çevrilmişdir. Artıq
həmin parkın əyləncəli oyunlarının Mikki Maus, Ördək, Donald Dak,
Pluto, Bembi, Alisa kimi fantastik qəhrəmanları dünya uşaqlarının
dilinin əzbəri olmuşdur. Çünki bu əyləncəli oyunlar həm də cizgi filmi
şəklində dünyanın hər yerinə yayılmışdır.
210
İngiltərə məktəblərində müxtəlif məzmunlu dərnəklər fəaliyyət
göstərir. Məsələn, bu ölkənin cənub şərqində yerləşən Midlendin
məktəblərində çoxlu rəqs dərnəkləri mövcuddur. Burada müəllimlər
uşaqlarla məşğələləri onların yaş xüsusiyyətlərinə uyğun olaraq təşkil
edirlər. Kiçik yaşlı uşaqlarda ritm duyğusunun inkişaf etdirilməsi üçün
onlarla pambıq üzərində rəqs etmək üsulundan istifadə edirlər. Böyük
yaşlı uşaqların isə rəqs məşğələləri zamanı tərəf müqabilləri tez-tez
dəyişdirilir. Bununla da onların müxtəlif xarakterli adamlarla
ünsiyyətə girmək potensialı genişlənir, həm də rəqsin mürəkkəb
proseslərini dəf etmək ənənəsi formalaşır. Həmçinin rəqs dərnəkləri
uşaqlarda mövcud olan daxili gərginliyi tez bir zamanda aradan
götürür və tədris prosesində müxtəlif fənlərin qavranılmasını
asanlaşdırır. Məhz mədəni asudəvaxtın bütün müəssisələrdə səmərəli
təşkili həmişə müsbət keyfiyyət sonluğu ilə nəticələnmişdir. Buna
görə də İngiltərədə mədəni asudəvaxtın təşkili işi ardıcıllıq,
sistemlilik, prinsipiallıq, baxımından nümunəvi şəkildə qurularaq
dünyanın hər yerində kulturoloqların diqqətini cəlb edir.
Adət və ənənəyə, tarixi, milli hadisələrə üstünlük verilməsi
baxımından Fransanın mədəni asudəvaxt mərkəzlərinin işi xüsusi
olaraq fərqlənir. Məsələn, Fransa burjua inqilabının ildönümünün
kütləvi şəkildə bayram edilməsi uzun bir tarixə malikdir. Dünyada ilk
dəfə olaraq burjua inqilabının ildönümünün teatrlaşdırılması kütləvi
bayramlara yeni forma və məzmun gətirmişdir. Həmin bayram 1789-cu
il dekabr ayının 27-dən qeyd olunmağa başlamış və ənənəvi olaraq
indiyə qədər o milli qvardiyanın təşkil olunduğu gün kimi davam edir.
Bastiliyanın alınması münasibətilə 1790-cı ildən keçirilən
“Federasiya bayramı” isə Fransanın Mars düzənliyində keçirilir və
211
minlərlə insanı özündə birləşdirir. Maraqlıdır ki, həmin hadisədən
böyük bir tarix keçməsinə baxmayaraq Fransanın mədəni asudəvaxt
təşkilatları bu hadisədən milli birliyə təminat yaradan bir vasitə kimi
istifadə edirlər.İlk gündə olduğu kimi indi də bayram keçirilən
ərazidə, bədii tərtibatda “Millət”, “Qanun”, “Konstitusiya” sözləri
yazılmış şüarlara təsadüf edilir. Bayramın təntənəli mərasim anının
daha çox diqqəti cəlb edən məqamı əsgərlərin təntənəli şəkildə
andiçmə mərasimidir. Bu zaman silahlardan yaylım atəşi açılır, musiqi
sədaları altında Fransanın bayraqları başlar üzərinə qaldırılır. Marşlar
səslənir və təntənəli mahnılar ifa olunur [32, s.20-21].
Fransada belə tədbirlərin ictimai-siyasi əhəmiyyəti nəzərə
alınaraq onlara dövlət səviyyəsində qayğı göstərilir və bu iş üçün
kifayət qədər maliyyə vəsaiti ayrılır. Bayramlar keçirilərkən yüz
minlərlə əhali onun əsas iştirakçılarına çevrilir.
Bayramların keçirilməsi prosesinə yüksək peşəkarlıq
qabiliyyətinə malik olan tərtibatçı rəssamlar, rejissorlar, bəstəkarlar,
ssenariçilər cəlb olunur. Dövlət əhəmiyyəti olan belə bayramlarda
monumental dekorasiyalardan, canlı bədii tərtibatdan, döyüş
texnikasından, musiqidən, teatr maskalarından və s. ifadə
vasitələrindən istifadə edilir.
Misallardan göründüyü kimi, fransızlar mədəni asudəvaxtın
siyasi motivlərinə də üstünlük verir. Həm xalqın tarixi ənənələrə
sədaqət prinsipi qorunub saxlanılır, həm də insanların əyləncəli
mənəvi tələbatları ödənilir. Kütlələrə çoxlu bayramlar keçirmək
imkanı yaradılmaqla yanaşı, milli intellektin, xarakterin
formalaşmasına, cəmiyyətin bütün üzvlərinin mənən zən-ginləşməsinə
qayğı göstərilir. Məsələn, “Ali varlıq” bayramında Parisin bütün
212
küçələri gül-çiçəklə bəzənir, bütün şəhər əhalisi səhər tezdən bayram
şənliklərinə dəvət olunur. Çağırış təbil-çilərin və kilsə zənglərinin
köməyi ilə yerinə yetirilir. Əhali musiqi sədaları altında Tyulri bağına,
oradan isə Mars çölünə doğru hərəkət edir. 2400 nəfərdən ibarət olan
qarışıq xor dəstəsi Mars çölündə müqəddəs andın sözlərini oxuyurlar.
Andın əsas ideyasını təşkil edən “Zalımları məhv etməli” sözləri xor
tərəfindən üç dəfə təkrar olunur. Bundan sonra yüz minlərlə insanlar
orkestrin müşayiəti ilə ənənəvi olan “Bərabərlik”, “Qardaşlıq”
mahnılarını ifa edirlər. Bu emosional vasitələrlə xalqın həyata,
xoşbəxt gələcəyə olan ümidi artır.
Fransa asudəvaxtşünasları milli adət və ənənələrlə, tarixi bayram
və mərasimlərlə yanaşı, dünyada mövcud olan əyləncə mərkəzlərinin
qabaqcıl iş təcrübəsindən də məharətlə istifadə etməyi bacarırlar.
Məsələn, fransızlar hələ 1986-cı ildən ABŞ-da yaradılmış əyləncə
mərkəzi “Disneylend”in iş təcrübəsindən istifadə etməyə başlamışlar.
Elə həmin ildə Parisin meri burada da “Disneylend” kimi əyləncə
mərkəzinin tikinti planını təsdiq etmiş, şəhərin şərq hissəsində
“Avrodisneylend” adlı nəhəng əyləncə kompleksinin inşa edilməsi
üçün ABŞ-dakı “Uolt Disney” şirkəti ilə müqavilə bağlamışdır.
Yaxud Parisin yaxınlığında yaradılmış “Metrapolis” adlı əyləncə
mərkəzi də mədəni asudəvaxtın müasir tələblərinə cavab verə bilən
yeni tipli əyləncə kompleksidir. İndi belə komplekslər ölkənin hər
yerində fəaliyyət göstərir.Fransa xalqının istirahət və əyləncəsi üçün
kompakt şərait yaradır. Dövlət tərəfindən yaranan bu əyləncə
mərkəzləri sistemi başlıca olaraq üç əsas məsələni həll edir:
1.
Baxımsız və ekologiyaya zərər yetirə biləcək yerlər yararlı
hala salınır. Onlar parklara və başqa əyləncə mərkəzlərinə
213
çevrilir. Abadlaşdırılmış bu yerlərdə əyləncə və istirahətin
təmiz ekoloji mühiti formalaşdırılır.
2.
Yaradılmış mədəniyyət və istirahət parklarında insanların
asudəvaxt məşğuliyyəti, hərtərəfli, kompleks əyləncələrin
şəraitinin yaradılması üçün ardıcıl işlər aparılır. Xüsusilə,
ekoloji təmizliyə malik olan təbiət qoynunda əhalinin istirahət
və əyləncəsi üçün müxtəlif forma və metodlardan istifadə
edilir.
3.
Mədəni asudəvaxt fəaliyyəti zamanı uşaq və yeniyetmələr
maarifləndirilir və təhsil prosesi üçün yardımçı vasitələrin
təşkilinə xüsusi diqqət yetirilir.
Fransada mədəniyyət və istirahət parkları məzmun etibarı ilə çox
rənkarənkdir. Onların arasında beynalxalq miqyaslı gül sərgiləri
keçirən, uşaq və yeniyetmələrdə təbiətə böyük maraq oyadan, onların
estetik zövqlərini təbiətə məxsus olan ecazkar gözəlliklərlə inkişaf
etdirən istirahət parkları da vardır. Parisdəki Florali parkı məhz öz
təbii gözəlliyinə və fəaliyyət istiqamətinə görə bütün parklardan
fərqlənir. Park başdan-ayağa gül vadisindən ibarətdir. Gözəlliyi
insanları heyrətə gətirən bu parkda təbiəti sevənlər, bağbanlar klubları
və dərnəkləri yaradılmışdır. Xüsusilə, burada uşaqlara təbiət haqqında
geniş məlumatlar verilir. Uşaqlar müxtəlif biliklərə yiyələnməklə
yanaşı, güllərin, çiçəklərin becərilməsi texnologiyasını da öyrənirlər.
Həmçinin bu parkda sağlamlıq-kurort kompleksi də fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, Fransada bu tipli komplekslərin sayı 100-dən
çoxdur.
Mədəni asudəvaxtın təşkili sahəsində Fransa muzeylərinin də
rolu çox böyükdür. Burada irili-xırdalı 6 mindən artıq muzey fəaliyyət
214
göstərir. Onların arasında Luvr muzeyinin xüsusi iş təcrübəsi və
şöhrəti vardır. 250 mindən artıq eksponatı olan bu muzey vasitəsilə
fransızlar dünya mədəniyyəti və incəsənəti nümunələri ilə yaxından
tanış olur, tarixi biliklərə yiyələnirlər.
Eyni zamanda muzeylər uşaq və yeniyetmələrin istedad və
bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də səmərəli işlər görür.
Dünya muzeylərinin demək olar ki, əksəriyyətində müxtəlif yaş
qrupları üçün dərnək və birliklər fəaliyyət göstərir. Ümumiyyətlə,
xarici ölkələrin mədəni asudəvaxt mərkəzlərində
uşaq və
yeniyetmələrin özfəaliyyət yaradıcılığının təşkili dövlət və ictimaiyyət
tərəfindən həmişə müdafiə olunmuş və maliyyələşdirilmişdir.
Amerika alimi Con R.Kelli mədəni asudəvaxtın əhəmiyyətini,
onun insanın mənəvi aləminə müdaxiləsini yüksək qiymətləndirərək
bu sahədə ABŞ-da çox böyük işlər görüldüyünü qeyd etmişdir. O
yazmışdır: “Asudəvaxt ərzində insanlara Amerikada daha səmərəli
xidmət göstərmək üçün çox işlər görülmüşdür. Asudəvaxtın böyük
imkanlarının və potensialının dövlətin və cəmiyyətin fəaliyyətinə
tətbiq olunması çox vacibdir. Lakin asudəvaxt sferasının
zənginləşdirilməsi işi iqtisadiyyatın və hətta təhsil sisteminin inkişaf
etdirilməsindən daha çətindir. Məhz mədəni asudəvaxtın tələblərini
yerinə yetirmək üçün dövlətin ictimaiyyətlə birgə ardıcıl iş aparması
tələb olunur” [71, s.204].
ABŞ-da mədəni asudəvaxtın təşkilinə ölkənin mədəniyyət
sahəsindəki siyasətinin tərkib hissəsi kimi baxılır. Mədəni asudəvaxt
insanlar arasında sosial bərabərliyi tənzimləyən, cəmiyyət və dövlət
daxilində sabitlik yaradan amil kimi qiymətləndirilir. Asudəvaxt
insanların sosial-mədəni fəaliyyətini daima ictimailəşdirir, hər bir
215
fərdi fəallaşdırmaqla onu yaradıcı şəxsiyyətə çevirir. Yaradıcı
şəxsiyyətin əsas bəhrəsini isə ilk növbədə cəmiyyət və dövlət qazanır.
Buna görə də dövlət istedadlı adamların incəsənət, elm və texnika,
idman və s. sahələrdə özfəaliyyət yaradıcılığı ilə məşğul olmaları üçün
bütün mədəni asudəvaxt mərkəzlərində şərait yaradır. Beləliklə də,
bütün bölgələrin, qəsəbə və kəndlərin müxtəlif sosial qrupları üçün
maraqlara uyğun olan özfəaliyyət yaradıcılığı mühiti təşkil olunur.
Dövlət səviyyəsində istedadlı adamların özfəaliyyət yaradıcılığı
məqsədli şəkildə əlaqələndirilir və qiymətləndirilir. Özfəaliyyət
yaradıcılığı ilə məşğul olan uşaq və yeniyetmələrə yüksəlmək, dövlət,
incəsənət, elm xadimləri kimi yetişmək mühiti formalaşdırılır. Ən
istedadlı gənclər həm dövlət, həm də ictimaiyyətin varlı iş adamları
tərəfindən qayğı ilə əhatə olunur. Onların ən istedadlılarına xüsusi
təqaüdlər ayrılır, ali məktəblərə daxil olduqdan sonra isə bu
istedadların bütün təhsil və məişət xərcləri ödənilir. Həm dövlət, həm
də ictimaiyyət özfəaliyyətdə aşkarlanmış istedadları milli-intellektual
sərvətlər kimi qiymətləndirir.
Asudəvaxt təkcə bədii-estetik tərbiyənin mühiti kimi nəzərdə
tutulmur, o həm də elmi-texniki yaradıcılığın sferası kimi başa
düşülür. Məsələn, ABŞ-ın Nyu-York şəhərindəki texnika muzeyində
onlarla həvəskar dərnək və birliklər fəaliyyət göstərir. Bu dərnək və
birliklərdə fəaliyyət göstərən uşaq və yeniyetmələr mexanizatorluğu,
konstruktorluğu, müxtəlif texniki vasitələri idarə etməyi öyrənir,
özlərinin fantaziyalarına uyğun olan yeni layihələr hazırlayırlar.
Onlara ölkənin ən tanınmış alim və texnikləri rəhbərlik edirlər. Digər
tərəfdən həmin istedadlı uşaqlar ayrı-ayrı görkəmli alimlərin
216
rəhbərliyi altında müxtəlif simpozium və konfranslarda iştirak etmək
üçün çıxış və məruzələr hazırlayırlar.
Dərnək və birliklərdə fəaliyyət göstərən uşaq və yeniyetmələrin
yaradıcılığına həsr olunan sərgilər, müsabiqələr, yarışlar, ənənəvi hal
almışdır. Bu tədbirlər zamanı ən istedadlı uşaqlara müxtəlif
mükafatlar təqdim olunur, onlar pulla həvəsləndirilirlər.
Keçmiş SSRİ məkanında da özfəaliyyət yaradıcılığına xüsusi
diqqət yetirilirdi. Xüsusilə, Baltikyanı ölkələrdə fəaliyyət göstərən
kənd klublarında da müxtəlif özfəaliyyət kollektivləri yaradılırdı.
Rusiya, Ukrayna mədəniyyət müəssisələrində də mədəni asudəvaxtın
təşkili prosesində özfəaliyyət yaradıcılığı ilə məşğuliyyətə üstünlük
verilirdi. Lakin Azərbaycanda, Tacikistanda, Türkmənistanda və
Qırğızıstanda hər yüz kluba təxminən bir özfəaliyyət kollektivi
düşürdü [135, s.48]. Özfəaliyyət kollektivləri əsasən şəhər və qə-
səbələrdə, rayon mərkəzlərində təşkil olunurdu. Ən çox bədii
özfəaliyyətə üstünlük verilirdi. Müxtəlif bayram və mərasimlərdə
bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqələri keçirilir, onların
qaliblərinə həmkarlar təşkilatlarının diplomları təqdim olunurdu.
Müasir dövrdə isə sovet imperiyasının dağılması ilə əlaqədar
olaraq müstəqillik əldə etmiş ölkələrdə özfəaliyyət kollek-tivlərinin
sayı nəzərə çarpacaq dərəcədə azalmışdır. Əvvəllər mövcud olan
sistemin qəflətən dağılması özfəaliyyət kollektivlərinə rəhbərliyi
maliyyə imkanlarından məhrum etmişdir. Bu vəziyyəti nəzərə alan
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli dekorativ və
tətbiqi sənətkarlığın inkişaf etdirilməsi üçün yeni şirnikləndirici,
maddi maraq yaradan optimal metodlardan istifadə edir. Məsələn,
2000-ci ilin iyul ayından başlayaraq həmin nazirlik “Kaspian Trans Ko
217
İnk” Şirkəti ilə birlikdə xalça, oyma-döymə, tikmə və musiqi alətləri
bölmələri üzrə mərhələli baxış – müsabiqələr keçirmişdir. Baxış
müsabiqəyə Azərbaycanın 52 rayonundan 569 müəllifin 7342 əl işi
təqdim olunmuşdur.
Ən maraqlı cəhət baxış müsabiqəsinin maddi maraqlar üzərində
qurulması olmuşdur. Müsabiqənin hər bölməsi üzrə 2000 ABŞ dolları
məbləğində I mükafat, 1500 ABŞ dolları həcmində II mükafat, 1000
ABŞ dolları məbləğində III mükafat və 200 dollar həcmində
həvəsləndirici mükafat qaliblərə təqdim edilmişdir [110, № 6, s.3-4].
Bu fakt onu göstərir ki, artıq Azərbaycan asudəvaxtşünaslığı
xarici ölkələrdə mövcud olan həvəsləndirmə təcrübəsindən istifadə
etməklə həm xalq sənətkarlığının inkişaf etdirilməsi üçün zəmin
yaradır, həm də müxtəlif qrup yaradıcı insanları, eləcə də kütlələri
yeni ünsiyyət mədəniyyətinə cəlb edir. Keçirilən baxış müsabiqədə
tamaşaçı kimi iştirak edən insanların da asudəvaxt büdcəsindən
səmərəli istifadə etmək marağı artır. Tədbirlərin gedişatı prosesində
xüsusilə, uşaq və yeniyetmələrin özlərinin mənəvi tələbatlarını
ödəmək imkanı yaranır. Onlarda külli miqdarda pul mükafatına layiq
görülən qaliblərə qibtə hissi baş qaldırır. Qibtə hissi isə uşaqlarda öz
istedad və bacarıqlarını sınamaq marağı oyadır. Hər bir yeniyetmə
fərdin daxilində mədəni asudəvaxtı daha səmərəli keçirmək, yaradıcı
proseslərin öncülü və qalibi olmaq istəyi artır. Bu prosesin iştirakçısı
olan uşaq və yeniyetmə maddi və mənəvi sərvətləri düzgün
qiymətləndirmək bacarığına yiyələnir.
Etiraf edək ki, respublikamızda inkişaf etmiş xarici ölkələrin
mədəni asudəvaxt mərkəzlərinin iş təcrübəsindən hələ tam şəkildə
istifadə etmək imkanı yaranmamışdır. Birinci, ona görə ki, xarici
218
ölkələrin asudəvaxt mərkəzlərinin iş təcrübəsi indiyə qədər kulturoloq
alimlərimiz tərəfindən lazım olan səviyyədə tədqiq edilməmişdir.
İkinci səbəb isə həmin təcrübənin bizə bəlli olan nümunələrini
respublikamızın mədəni asudəvaxt mərkəzlərinin işinə tətbiq etmək
üçün mövcud olan maddi-texniki çətinliklərin hələ aradan
qaldırılmamasıdır. Məhz beynəlxalq təcrübənin öyrənilməməsi və ya
onların tətbiqinə imkanların olmaması mədəni asudəvaxt fəaliyyətində
şablonçuluq yaradır.
Şablonçuluq hələ sovet asudəvaxtşünaslığında da geniş
yayılmışdı. Bu da ölkənin beynəlxalq aləmdən ayrı düşməsi ilə
əlaqədar idi. Hətta kütləvi bayramlar da şablon üsul və metodlarla
teatrlaşdı-rılırdı. Kütləvi bayram tamaşaları rejissoru A.D.Jarkov yeni
axtarışların vacibliyini qeyd edərək yazmışdır: “Hər dəfə yeni faktlar
tapmaq, tamaşaçılara bilmədiklərini öyrətməyə kömək etmək
vacibdir…
Gerçəkliyin bu və ya digər hadisələrinin təsvirini vermək çətin
işdir.Lakin buna baxmayaraq, cəsarətlə eksperiment aparmaq lazımdır.
Yoxsa ssenari müəllifləri
şablonçuluqdan, gerçəkliyin
əks
etdirilməsinə stereotip yanaşmadan yaxa qurtara bilməzlər. Təəssüflər
olsun ki, bunlar hələ klub müəssisələrində mövcuddur” [68, s.189].
Asudəvaxtın daha səmərəli təşkil olunması təkcə mədəni
mərkəzlərin işçilərini deyil,eləcə də bütün cəmiyyət üzvlərini
düşündürməlidir. Həmçinin təhsil müəssisələri bu qlobal problemin
düzgün həll olunması üçün beynəlxalq təcrübəyə əsaslanaraq
şagirdlərin mədəni asudəvaxtının daha səmərəli keçməsi qayğısına
qalmalıdırlar.
219
Əldə olunan mənbələrdən məlum olur ki, ABŞ-da və başqa
iqtisadi inkişaf ölkələrində təhsil müəssisələrinin sosial vəzifələrinin
genişləndirilməsinə xüsusi diqqət yetirilir. Mədəni asudəvaxt
mədəniyyətindən daha səmərəli istifadə olunmasında məktəblərin rolu
çox böyükdür. Xüsusilə, daha fəal uşaqların özlərinin
təşkilatçılığından istifadə edərək məktəblər müxtəlif əyləncəli
tədbirlər həyata keçirir, uşaqlarda asudəvaxt mədəniyyətinin
formalaşmasına yardımçı olurlar. Təhsil sistemində mədəni asudəvaxt
prosesinin iştirakçısı olan uşaqlarda aşağıdakı fərdi cəhətlər aktiv
şəkildə inkişaf edir:
1.
Uşaqlarda maddi və mənəvi mədəniyyət nümunələrini
qiymətləndirmək və onların mühafizə olunmasına qayğı
göstərmək vərdişləri aşılanır;
2.
Mədəni asudəvaxt imkanlarından istifadə edərək uşaqlar
təbiətin rəngarəngliklərini daha geniş mənada dərk edir, onun
gözəlliklərini duyub mənən zənginləşirlər;
3.
Özləri üçün daha münasib mədəni asudəvaxt fəaliyyəti
forması seçmək qabiliyyətinə malik olurlar;
4.
Mədəni asudəvaxt fəaliyyətinin səmərəsini və qiymətini
şüurlu şəkildə dərk edir, onun fəal iştirakçısı olmağın
mahiyyətini anlayırlar [72, s.121].
Sevindirici haldır ki, son dövrlərdə Azərbaycan pedaqoji elmində
də, təhsil sistemində də asudəvaxtın səmərəli təşkilinin əhə-miyyətinə
aid fikirlər söylənilir. Pedaqoq-alim Mobil Aslanlının fikrincə,
“Asudəvaxtın səmərəli təşkili məktəblərin həyat fəaliyyətinin
müəyyən növlərini həyata keçirmək üçün – istirahət etmək və təhsil
prosesində sərf olunmuş enercisini bərpa etmək, habelə ailədə və
220
yoldaşlarla ünsiyyət etmək üçün, gündəlik həyat fəaliyyəti üçün
mütləq olan fiziki və zehni qüvvə qabiliyyəti hərtərəfli inkişaf
etdirmək üçün zəruri vaxt məkanıdır [5, s.235].
İnkişaf etmiş xarici ölkələrdə məktəblilərin asudəvaxtlarını
ictimai sərvətə çevirmək üçün konkret əməli işlər görülür. Məsələn,
Amerikada fəaliyyətdə olan mədəni asudəvaxt mərkəzlərinin çoxunda
məktəbli uşaqlar üçün təbiətsevərlər klubları yaradılmışdır. Klubun
üzvləri yaşadığı ərazilərin ekoloji problemləri ilə tanış olur, onların
aradan qaldırılması üçün bir sıra əməli işlər görürlər. Uşaqların
parklara, meşələrə, dəniz və göl kənarına səyahətlərini və gəzintilərini
təşkil etməklə həm onların təbiət haqqında – gördükləri ağaclar,
bitkilər, heyvanat aləmi və s. haqqında bilgilərini artırır, həm də
ekologiyanın tullantılardan təmizlənməsində, çirklənmənin qarşısının
alınmasında onlardan bir güc kimi istifadə edirlər.
Uşaqlar ərazilərdən topladıqları dəmir qırıntılarını, şüşə qab
tullantılarını və s. materialları müəyyən məntəqələrə sataraq fəaliyyət
göstərdikləri klub və dərnəklərin büdcəsini yaradırlar. Yaradılan
büdcədən istifadə edərək dünya ölkələrinə səyahət etmək imkanları da
əldə edirlər.
Təbii ki, belə bir fəaliyyət formasını Azərbaycanın asudəvaxt
mərkəzlərində də yaratmaq mümkündür. Bunun üçün mədəni
asudəvaxt mərkəzləri məktəb və ailə ilə əlaqələrini genişləndirməli,
uşaqların səmərəli asudəvaxt fəaliyyətinə cəlb olunması üçün bütün
imkanlardan istifadə etməlidirlər.
Uşaq və yeniyetmələrin mədəni asudəvaxtının səmərəli təşkilində
muzeylərin də geniş fəaliyyət ənənələri, tarixi təcrübəsi vardır. Heç
kəsə sirr deyil ki, dünyanın hər yerində mədəniyyət müəssisəsi kimi
221
muzeylər təlim tərbiyə funksiyasının həyata keçirilməsində, tarix,
təbiət, cəmiyyət və başqa reallıqlar haqqında bilgilərin həm
yayılmasında, həm də mənimsənilməsində böyük rol oynayır. Bu
sahədə ABŞ muzeylərinin iş təcrübəsinə daha çox diqqət yetirmək
lazımdır. ABŞ muzeylərində uşaq və yeniyetmələrlə aparılan işin
sahələri çox genişdir. İqtisadi inkişafına görə dünyanın ən qabaqcıl
super dövləti olan ABŞ-da YUNESKO-nun verdiyi məlumata görə 30
mindən çox muzey fəaliyyət göstərir. Bunlar həm dövlət, həm də özəl
muzeylərdən ibarətdirlər. Profilindən asılı olmayaraq buradakı bütün
muzeylər ölkənin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələr yaradırlar.
Gündəlik fəaliyyətlərini əks etdirən cədvəl əsasında uşaq və
yeniyetmələrlə elmi-kütləvi və bədii-emosional tədbirlər keçirirlər.
Hər bir muzeyin profil xüsusiyyətlərinə uyğun olaraq klub və birliklər
yaradılır. Bu klub və birliklərdə uşaqlar özlərinin istedad və
bacarıqlarını inkişaf etdirmək imka-nı əldə edirlər. Məsələn, ABŞ-ın
Bruklen şəhərindəki Təbiət Tarixi Akademiyasının Muzeyi uşaqların
asudəvaxtının səmərəli təşkili istiqamətində diqqəti cəlb edən mədəni
ənənələrə malikdir. Muzey hələ 1899-cu ildə Təbiət Tarixi
Akademiyasına hədiyyə şəklində verilən parkda yaradılmışdır. Parkın
iki mərtəbəli binasında Bruklen muzeyinin uşaq şöbəsi fəaliyyət
göstərir. Burada etnoqrafiyaya, tarixə, coğrafiyaya, təbiətşünaslıq
sahəsinə marağı olan uşaqlar üçün klub və birliklər yaradılmışdır.
Boston şəhərində yerləşən uşaq bədii mərkəzi də böyük
muzeylərin fond materiallarından istifadə edərək məktəblərdə tez-tez
səyyar sərgilər keçirirlər. Bu sərgilərdə müxtəlif rəssamların nağıllara
çəkdikləri illüstrasiyalar nümayiş etdirilir. Peşəkar rəssamların işləri
222
ilə yanaşı rəssamlığa maraq göstərən uşaq və yeniyetmələrin
yaradıcılığına da sərgilərdə xüsusi yer ayrılır.
ABŞ muzeylərinin nəzdində uşaq birliklərinin yaradılması
ənənəvi tarixə malikdir. Burada muzeylər mədəniyyət müəssisəsi kimi
uşaqların asudəvaxt balansını əvvəlcədən proqramlaşdırır və onu
səmərəli yaradıcılıq, məşğuliyyət prosesinə çevirə bilirlər. Hətta
Berlinqem və Montqomer kimi xüsusi muzeylər də mədəni asudəvaxt
mərkəzlərinin funksiyasına daxil olan bütün xidmətləri göstərməyə
çalışırlar. Həmin muzeylərin əməkdaşları da öz ölkələrinin gələcək
intellektual təminatını, yaradıcı potensialını uşaq və yeniyetmələrin
hərtərəfli biliyə və bacarığa yiyələnmələri ilə əlaqələndirirlər.
ABŞ muzeylərinin çoxunda həm uşaqlar, həm də böyüklər üçün
mədəniyyət və incəsənətə dair silsilə məşğələlər təşkil olunur.
Muzeylərdə uşaq xoru, rəqs və təsviri incəsənət dərnəkləri, xalq
folklorunu öyrənən və təbliğ edən birliklər və s. fəaliyyət göstərir.
ABŞ-ın Boston şəhərindəki elm tipli muzeydə uşaqlarla aparılan
iş üç yaş mərhələsi üzrə müəyyənləşdirilir. 4–9 yaşlarında olan
uşaqlarla aparılan “Elmi macəralar saatı” proqramı əyləncəli
vasitələrlə uşaqların müxtəlif bilgilərə yiyələnməsinə şərait yaradır.
Astronomiya, tarix və mexanika sahələri ilə tanışlıq macəralar
şəklində dramatikləşdirilir və buna görə də uşaqlar üçün mövzunun
məzmununu anlamaq çətin olmur.
10 – 16 yaşlı məktəblilərlə aparılan iş uşaqların maraqları və
istedadlarına uyğun şəkildə qurulur. Müəllimlər tərəfindən seçilmiş
istedadlı uşaqlar müxtəlif elm sahəsində təcrübələr keçir,
konfranslarda çıxışlar etmək üçün məruzələr hazırlayırlar. Muzey
223
əməkdaşları onların maraq dairələrinə uyğun olaraq məsləhətlər verir,
müxtəlif tarixi materiallarla tanışlıqlarına kömək edirlər.
Muzeydə uşaqlarla aparılan işin üçüncü mərhələsi “Elmin
üfüqləri” adlanır, ABŞ-ın tanınmış görkəmli alimləri ilə uşaqların
görüşləri, məsləhətləşmələri, məşğələləri və s. tədbirlər keçirilir.
Çikaqodakı Təbiətşünaslıq Tarixi muzeyində də uşaqların yaş
xüsusiyyətlərinə uyğun olaraq işlər aparılır.
Bir çox muzeylərdə “Muzeyin könüllü dostları” cəmiyyətləri də
fəaliyyət göstərir. Məsələn, Mançestr şəhərindəki elm və texnika
muzeyində həmin klubun üzvləri eksponatların qorunub mühafizə
olunmasında yaxından iştirak edirlər.
Muzeylərin pedaqoji-tərbiyəvi fəaliyyətinin təşkili Yaponi-yada
da çox yaxşı qurulmuşdur. Məsələn, Tokio şəhərindəki Asiya mədəni
mərkəzi 1978-ci ildən bəri muzeylərin eksponat-larının kütləvi şəkildə
təbliği üçün audiovizual komplektlər hazırlayır. Hər komplekt bələdçi
kitabçası ilə birlikdə rəngli slaydlardan, məlumatverici maqnitafon
lentindən ibarətdir. Belə dəstlərdən biri “Asiya Sakit okean ölkələrinin
muzeyləri” toplusu adlanır. Həmin toplu 240 rəngli slayddan, ingilis
dilində səslənən və 1 saat 30 dəqiqə davam edən musiqi tərtibatı olan
bələdçi – maqnitafon lentindən ibarətdir. Bu vasitələrlə müxtəlif
muzeylərin eksponatları haqqında məlumatlar verilir, hər bir adamı öz
mədəni asudəvaxtını keçirmək üçün seçim qarşısında qoyur. Yuxarıda
qeyd olunan xidmət sahəsi muzey haqqında xüsusi informasiya
mərkəzi rolunu oynayır. Təbii ki, belə mərkəzlərin yaradılması bizim
ölkədə də vaxtını muzeylərdə keçirmək istəyənlərə marşrut seçmək
imkanı verə bilər.
224
“Müxtəlif obyektlərin daxil olduğu muzey birliklərində xüsusi
informasiya mərkəzlərinin yaradılması məqəsədəuyğundur. Elə burada
tamaşaçının ekspozisiyanı və abidəni qavraması üçün bütün hazırlıq
məsələləri həll oluna bilər. Tamaşaçı bu cür mərkəzdə muzey haqqında
filmə baxar, baxış üçün əvvəldən daha əlverişli marşrut
müəyyənləşdirər, məlumat ədəbiyyatı və şifahi məlumat ala bilər”
[167, s.8].
Azərbaycan muzeyşünaslığının tarixi təcrübəsinə istinad etsək,
görərik ki, hələ ötən əsrin 70-cı illərinin sonundan mədəni asudəvaxtın
səmərəli təşkili amilinə bizim muzeylərdə də xüsusi əhəmiyyət
verilmişdir.
Xüsusilə, gənclərin istək və maraqlarını, sosial-psixoloji
xüsusiyyətlərini, fəal işə, müstəqil yaradıcılığa münasibətlərini nəzərə
alan tarix və diyarşünaslıq muzeyləri mədəni-kütləvi işin müxtəlif
formalarından istifadə etmişlər. Gəncləri fəal yaradıcılığa, tədqiqat
işinə, axtarışlara yönəldən dərnəklər, müsabiqələr, maraq klubları və
s. təşkil olunmuşdur. Əldə olunan məlumata görə Dövlət Tarix Muzeyi
hər il məktəblilər üçün 16 dərnək (tarix, arxeologiya və bədii) təşkil
etmiş, eyni zamanda muzeydə “İlk insan cəmiyyətinin tarixi”,
“Skiflərin və sarmatların arxeologiyası”, “XVII əsr mədəniyyəti və
incəsənəti” və s. mövzularda konfranslar keçirilmişdir [167, s.19].
Burada bir neçə il “Qırmızı qərənfil” klubu fəaliyyət göstərmiş,
onların köməyi ilə “Əmək himni” adı altında məşğələlər təşkil
olunmuşdur. Hər bir məşğələ üçün muzey tematik sərgi hazırlamış, bu
sərgi sonralar tədris müəssisələrində, zavodlarda, hərbi hissələrdə,
respublikanın bir çox rayonlarında da nümayiş etdirilmişdir. Tarix
muzeyi tərəfindən təşkil olunan tədbirlər zamanı tamaşaçıların
225
müəyyən sosial-demoqrafik qruplarının yaş, peşə, təhsil
xüsusiyyətləri, yaşayış yerlərinin milli-etnik, ənənəvi cəhətləri nəzərə
alınmışdır.
İndi də bəzi muzeylərimiz öz işlərini orta və ali təhsil
müəssisələri, veteranlar şurası, turist təşkilatları, kitabxanalar,
mədəniyyət evləri və başqa asudəvaxt mərkəzləri ilə birgə qururlar.
Muzeylər bu təşkilatlarla birlikdə geniş miqyaslı, rəngarəng kütləvi
tədbirlər hazırlayır və həyata keçirirlər.
Müasir şəraitdə asudəvaxtdan səmərəli istifadə edilməsi mənəvi
tərbiyənin mühüm amilidir. İnsanların mənəvi tərbiyəsi, şəxsiyyətin
fəal həyat mövqeyinin formalaşması tam bir sıra obyektiv və
subyektiv şərait və amillərin, bütün həyat tərzinin, ictimai
münasibətlərin mahiyyətindən irəli gəlir. Belə ki, asudəvaxt təkcə
istirahət deyil, həm də hər bir adamın inkişafı, müxtəlif peşə və
vərdişlərə yiyələnməsi üçün reallıqdır.
Hazırda asudəvaxt mədəniyyəti dünyanın hər yerində mənəvi
zənginləşmə, biliklərə və vərdişlərə yiyələnmə, əylənmə və istirahət
etmə amili kimi qiymətləndirilir. Məhz asudə-vaxt mərkəzləri daima
müxtəlif sosial-mədəni hadisələr yaratmaqla insanları özünün
fəaliyyətinə cəlb edir.
Ümumiyyətlə, mədəni asudəvaxtın sosial probleminə aid olan üç
əsas cəhəti xüsusi olaraq qeyd etmək lazımdır:
Birinci cəhət asudəvaxt reallığını yaradan konkret ictimai və
şəxsi şəraitin mövcudluğudur. İctimai və fərdi həyatın müxtəlif
mərhələlərində asudəvaxtın miqdarı da müxtəlif ola bilər. Məlumdur
ki, bəzən həyat şəraiti asudəvaxtın azalmasına və hətta onun
sıxışdırılıb aradan çıxmasına səbəb olur və ya minimum həddə enir.
226
Asudəvaxtın bu qeyri ahəngdarlığı ondan məqsədli şəkildə istifadə
olunmasında müəyyən çətinliklər yaradır. Buna baxmayaraq hər bir
şəxsin həm maddi, həm də mənəvi niyyətlərini duyub ona münasib
olan asudəvaxt fəaliyyətini hərəkətə gətirmək və inkişaf etdirmək
mümkündür. Məhz hər bir fərdə uyğun olan əlverişli münasibətləri
yaratmaqla onları stimullaşdırmaq, səmərəli ictimai-mədəni fəaliyyətə
cəlb etmək vasitələrini aramaq lazımdır. Bu məqsədlə də beynəlxalq
miqyaslı mədəni asudəvaxt ənənələrinə, dünyanın qabaqcıl mədəniyyət
mərkəzlərinin təcrübəsinə istinad etmək olar.
İkinci cəhət, mədəni asudəvaxtın məkan sistemi ilə, onun
rəngarəng formaları ilə bağlıdır. Belə ki, mədəniyyət müəssisələrinin
binası, onun yerləşdiyi yer, maddi-texniki, bədii-mənəvi imkanları
mədəni asudəvaxtın real mühitidir. Bu mühit nə qədər mədəni,
cazibədardısa, onun imkanlar diapazonu da bir o qədər genişdir. Belə
bir mühitin məkanında mədəni asudəvaxtın keyfiyyət fərqlərinin
rəngarəngliklərini də yaratmaq çətin deyildir. Çünki mühit və şərait
müxtəlif formalı asudəvaxt məşğuliyyətləri yaratmaq imkanı verir.
Üçüncü cəhət, asudəvaxtın mədəni təşkilinə şəxsiyyətin fərdi,
emosional münasibətlərini, onun mədəni səviyyəsini, intellektuallığını
aid etmək olar. Daha doğrusu, mövcud mədəni mühitdən asılı
olmayaraq fərdi xarakterlə, mentalitetlə, qabiliyyətlə və insani
amillərlə bağlı olan davranış normaları, ünsiyyət və fəaliyyət
maraqları və s. vardır. Mədəni mühitdə yaşamaq və mədəni sərvətlərin
əhatəsində olmaq hər bir adam üçün mümkündür. Lakin bu mühitdən
və sərvətlərdən hamı eyni dərəcədə bəhrələnə bilmir. Bəziləri bu
mühitin daxilində misgin və fəaliyyətsiz insan kimi görünür. Bəziləri
isə özlərinin asudəvaxtlarından israfçılıqla istifadə edir və çox zaman
227
etik norma-lar həddini də aşır. Mədəni cəhətdən daha çox inkişaf
etmiş adam isə öz asudəvaxtının qədrini bilir və ondan səmərəli
şəkildə istifadə etməyi bacarır. Belə şəxsiyyətlər asudəvaxtdan
bəhrələnməyin mahiyyətini şüurlu şəkildə anlayır, ondan həm fiziki,
həm də zehni inkişafı üçün istifadə edirlər.
Lakin şəxsiyyətin yüksək mədəniyyətə yiyələnməsi prosesi
mədəniyyət müəssisələrinin fəaliyyətindən də çox asılıdır. Mədəniyyət
müəssisələri insanların asudəvaxt balansından istifadə edib onların
mənən zənginləşməsinə, intellektual səviyyəyə yüksəlməsinə yardımçı
olurlar.
Tədqiqatçıların fikrincə, Azərbaycanda ictimai quruluşun
dəyişməsi son illər asudəvaxtın səmərəlilik anlayışında da müəyyən
problemlər yaradıb. “Belə ki, istehsalın olmaması, bir çox
müəssisələrin işləməməsi, əhalinin asudəvaxtının təşkilini də
çətinləşdirib. Cəmiyyətdə kütləvi işsizliyin olması iş vaxtı ilə işdən
sonrakı vaxt arasındakı sərhəddi götürür, vaxtı mənasızlaşdırır” [114,
s.18]. Bəzi tədqiqatçıların fikrincə, məhz buna görə də cəmiyyətdə
asudəvaxt anlayışı gözdən düşür. Heç bir məşğuliyyətə malik olmayan
insanlar əsas vaxtlarını əmək birjaları qarşısında iş axtarmağa sərf
edir, yaxud vaxtı öldürmək xatirinə televizora baxırlar. Belə təbiətli
mədəni asudəvaxtda şəxsiyyətin zənginləşməsinə təsir edə bilən,
nəzərə çarpan səmərə baş vermir.
Qeyd edək ki, dünyanın hər yerində mədəni asudəvaxtdan
bəhrələnmək dərəcəsi bütün fərdlər üçün bərabər deyildir. Hər bir
fərdin özünəməxsus olan sosial fəaliyyət imkanları vardır. Məhz buna
görə də hər bir fərd özünün sosial-iqtisadi vəziyyətinə uyğun olan
asudəvaxt formaları ilə məşğul olmağı seçir Bu mənzərəni daha dəqiq
228
görmək üçün ABŞ-ın Xarris Syurvey [153, s.332] adlı xidmət
mərkəzinin apardığı bir tədqiqatın göstəricilərinə diqqət yetirək. Bu
göstəricidə insan fəaliyyətinin daha geniş sahələri qeyd olunur və
əhalinin həmin sahələr üzrə vaxt bölgüsü dərəcəsi müəyyənləşdirilir:
Asudəvaxtın keçirilmə
formaları
İştirak etmə dərəcəsi
həmişə
təsadüfi
Məhdud və ya
heç zaman
Yemək 54
30
16
Televizora baxış 41
34
25
Radioya qulaq asmaq
40
34
26
Kitab oxumaq
39
27
34
Evdə musiqiyə qulaq asmaq
39
37
24
Evin ətrafında işləmək 36
36
28
İctimai fəallıq 25
41
34
Seksual fəallıq 25
41
34
Kilsə və ya klub fəaliyyəti 23
20 57
Evdən kənar fəaliyyət 21
26
53
Xobbi 20
20
60
İdman 19
22
59
Əlavə pul qazanmaq
17
21
62
Təhsili davam etdirmək 15
16
69
Evin səliqəsi ilə məşğul olmaq
15
44
41
Qısa müddətli yuxu
14
27
59
Heç nə etməmək 13
24
63
İdman oyunlarına tamaşa 13
25 62
Kart və başqa oyunlar oynamaq
12
26
62
229
Könüllü işlə məşğuliyyət 11
18 71
Bədii yaradıcılıq 9
11
80
Kinoya getmək 8
31
61
Musiqi alətlərində çalmaq
7
8
85
Teatra, musiqili və ya balet
tamaşalarına getmək
6
23
71
Diskotekaya getmək 5
9
86
Siyasi fəaliyyət 4
11
85
Əyləncəli oyunlar
3
9
89
Aparılan bu sosioloji tədqiqat zamanı insanların asudəvaxtlarının
daha çox öz evlərində və ya evlərinə yaxın olan ərazilərdə keçirmələri
aşkar edilmişdir. Lakin boş vaxtın mədəni asudəvaxt mərkəzlərində
keçirilməsinin dərəcəsi heç vaxt aşağı düşməmişdir. Əksinə olaraq,
ildən-ilə artmışdır. Xüsusilə, teatrlara, balet tamaşalarına, konsertlərə
baxanların sayı çoxalmışdır. Əsasən ABŞ-ın yaşlı nəsli arasında
aparılan sosioloji tədqiqatlara görə tamaşaya baxanların göstəricisi
1986 – 1987-ci illərdə 34.2 faiz, 1987 – 1988-ci illərdə 35.4 faiz,
1989-cu ildə 35.5 faiz, 1990-cı ildə isə 35.7 faiz olmuşdur [72, s.21].
Özəl videotexnika çox sürətlə artmışdır. Əgər 1984-cü ildə
əhalinin 38 faizi videotexnikadan istifadə etmək imkanına malik
olmuşsa, 1989-cu ildə bu faiz 64-ə qalxmışdır. Televiziya texnikasına
sahib olmaq dərəcəsi isə 98-ə yüksəlmişdir. Bu faktlar bir daha sübut
edir ki, dünyanın inkişaf etmiş ölkələrində boş vaxtını səmərəli
keçirilənlərin sayının artması əsasən mədəni asudəvaxt formalarının
rəngarəngliyi ilə əlaqədardır.
Lakin kulturologiya sahəsində peşəkar kadrların hazırlanması
məsələsi həmişə bu ölkələrdə problem olaraq qalır. Sosial-mədəni
230
fəaliyyətlə əsasən filosoflar, müəllimlər, həkimlər, psixoloqlar,
sosioloqlar, iqtisadçılar, incəsənət xadimləri və başqa sənət adamları
məşğul olurlar. Onlar mədəni-asudəvaxt tədbirlərinin təşkilatçıları
olmaq üçün universitetlər və kolleclər nəzdində yaradılan bir illik
təkmilləşmə kursu keçirlər. Bu baxımdan Azərbaycan Respublikası
mədəniyyət sahəsi üzrə xüsusi təhsil müəssisələrinə malik olmaqla ən
inkişaf etmiş ölkələrdən öndədir. Respublikamızda kulturologiya,
mədəni asudəvaxt sahəsi üzrə mütəxəssis hazırlayan həm ali tədris
müəssisəsi, həm də texnikum fəaliyyət göstərir. Ancaq cəmiyyətdə
yaranan çətinliklər həmin təhsil müəssisələrinin yetişdirdikləri
kadrların təşkilatçılıq potensialını üzə çıxarmaq imkanı vermir. Ali və
ya orta ixtisas təhsilli mədəniyyət işçiləri iqtisadi çatışmazlıqların
girovuna çevrilməmək üçün çox zaman öz peşələrindən imtina etməyə
məcbur olurlar.
Əgər gələcəkdə Azərbaycan dövləti mədəni asudəvaxtın təşkili
üzrə beynəlxalq əlaqələr yarada bilsə, həm ölkəmizdə hazırlanan
peşəkar mütəxəssislərin dünya miqyasında fəaliyyət göstərməsi üçün
şərait yaranar, həm də mədəniyyətlərin koordinasiyası prosesi daha
geniş miqyasda baş verər. Bu əlaqələrdən Azərbaycan dövləti ilə
yanaşı başqa ölkələr də bəhrələnə bilər. Hər halda asudəvaxtın daha
səmərəli təşkili məsələsi bütün ölkələr üçün problem olaraq qalır.
Asudəvaxtın funksiyaları çox geniş sahəni əhatə etdiyindən onun
mahiyyətinə və əhəmiyyətinə də müxtəlif aspektlərdən yanaşılır.
Bəzən asudəvaxtı “sərbəst vaxt”, “istirahət anı” kimi də
qiymətləndirənlər vardır. Əslində sərbəst vaxt asudəvaxtın zamanıdır,
onun həyatda olan müddət ölçüsüdür. Sərbəst vaxtın mədəni asudəvaxt
aləmini isə onun məkanındakı mühit formalaşdırır. “Buna görə də biz
231
sərbəst vaxtdan bəhs edərkən diqqətimizi heç də sərbəst vaxt büdcəsi
məsələləri üzərində deyil, əksinə olaraq diqqətimizi həmin vaxt
ərzində müəyyən mənəvi praktik fəaliyyət üzərində, onun strukturu
üzərində cəmləşdiririk” [75, s.87].
Sərbəst vaxt sistemində asudəvaxt mədəni-mənəvi əyləncə,
istirahət, yaradıcılıq və s. fəaliyyət anlarını stimullaşdıran kateqoriya
kimi nəzərə çarpır. Səmərəli bəhrələnmə amili isə asudəvaxtın əsas
kateqoriyasını xarakterizə edir, onun təbiətini aşkarlayır. Məhz bu
amil vaxtın strukturunun yaradıcı, xeyirli meyarı kimi nəzərə çarpır.
Bu meyara insanın mənəvi aləmini gözəlləşdirən, onu zehni, fiziki və
ictimai inkişafa sövq edən fəaliyyət növləri nəzərdə tutulur. Bu
fəaliyyətlərin səmərəliliyi isə maraqların dərəcəsindən və asudəvaxt
məkanının mühitindən asılıdır.
Gənclərin və bütün sosial qrupların maraqlarının müxtəlifliyini
nəzərə alaraq deyə bilərik ki, mədəni asudəvaxt fəaliyyətinin
rəngarəng formalarını yaratmadan bütün fərdlərin tələblərini ödəmək
mümkün deyildir. Çünki hər bir fərdin öz maraq dairəsi və mənəvi
tələbatı var. Mədəniasudəvaxt mərkəzləri ardıcıllıqla aparılan sosioloji
tədqiqatlara əsaslanaraq hər bir fərdin maraq və mənəvi tələbatını
öyrənməlidir. Yalnız aparılan sosioloji tədqiqatlara uyğun olaraq
fərdin hər birinin asudəvaxtının səmərəli olmasına təminat yaratmaq
mümkündür.
Əvvəllər sosioloji, pedaqoji, sosial-psixoloji tədqiqatlar aparmaq
üçün həm mədəniyyət müəssisələrinin ştatda olan işçilərindən, həm də
fəallarından istifadə olunmuşdur. Onların vasitəsilə tamaşaçılar
arasında sorğular keçirilir, əhalinin müxtəlif qruplarının mədəni-
asudəvaxt fəaliyyəti üzərində müşahidələr aparılırdı.
232
Aparılan tədqiqatlar göstərir ki, yaş və sosial qrupundan asılı
olmayaraq bütün insanlar ünsiyyət vasitələrindən istifadə etməyə
böyük üstünlük vermişlər. İnsanlar arasında ünsiyyətə, qarşılıqlı
anlaşmaya, birgə həyəcan keçirməyə, müəyyən yaxınlığa meyl çox
güclü olmuşdur.
Şəxsiyyətlər arası ünsiyyət olmadıqda asudəvaxtı yadda qalan
mədəni hadisəyə çevirmək mümkün deyildir. Buna görə də insanlarda
olan ünsiyyətə meyllilik mədəni asudəvaxt fəaliyyətini stimullaşdırır,
onun əhəmiyyətini artırır. Asudəvaxt ərzində bir-biri ilə ünsiyyətdə
olan insanların mənəviyyatında, davranışında, düşüncəsində müsbət
mənada yeni sosial dəyişikliklər baş verir. Hər bir fərd ictimailəşir,
sosial yaradıcılıq fəaliyyətinə qoşularaq həm öz həyatında, həm də
ictimai həyatda yeni keyfiyyət məkanına qədəm qoyur.
Qeyd edək ki, mədəniyyətin funksionallaşması, onun mənəvi-
estetik potensialının inkişaf etdirilməsi müasir kulturologiyanın
qarşısında duran başlıca vəzifələrdən biridir.
Əvvəllər mədəniyyət sahəsi üzrə mütəxəssislərin hazırlığında
elmi-nəzəri əsaslardan daha çox təzadlı təcrübələrə və kommunist
partiyasının bir çox qətnamə və sərəncamlarına istinad edilirdi. Bu
gün isə mədəni-maarif sistemindən kulturologiya sahəsinə keçid
mücərrədliyi və reallıqlara uyğun gəlməyən təzadlı mövqeləri aradan
qaldırmağa imkan yaradır.
Müasir kulturologiya beynəlxalq təcrübədən bəhrələnməklə
yanaşı, nəzəri və emprik düşüncə tərzinə, mədəniyyət tarixinin ən
inkişaf etmiş nümunələrinə əsaslanır. Kulturologiya elmi mədəniy-
yətin obyektiv və subyektiv dəyərlərini dərindən dərk etməyə, milli
mədəniyyətlərin ümumbəşəri əsaslarını və özünəməxsusluğunu aç-
233
mağa, xalq yaradıcılığı nailiyyətlərini zənginləşdirməyə və onları
mühafizə etməyə, gündəlik həyat fəaliyyətinə estetik məna gətirməyə
imkan verir.
Hazırda fundamental kulturologiyaya istinad etməklə mədəni
asudəvaxtın təşkilini aşağıdakı istiqamətlər üzrə qurmaq zəruridir:
-
regional mədəni proqramların işlənməsi və həyata keçirilməsi;
-
asudəvaxtın sosial-mədəni təşkili;
-
asudəvaxtın universal mərkəzlərinin fəaliyyətinin təşkili;
-
turizm əsasında asudəvaxtın təşkili və metodikası;
-
incəsənət vasitələri ilə asudəvaxtın təşkili;
-
bədii-kütləvi tamaşalar, mərasimlər, ayinlər və əyləncəli
oyunlar vasitəsilə asudəvaxtın təşkili;
-
uşaq və yeniyetmələrlə sosial-mədəni fəaliyyətin təşkili;
-
ailənin asudəvaxtının təşkili;
-
sosial yaradıcılığın pedaqoji və psixoloji cəhətlərinin
öyrənilməsi;
-
mənəvi və texniki yaradıcılığa olan sosial təminatın
ödənilməsi və s.
Kulturologiyanın qarşısında duran bu vəzifələrin həyata
keçirilməsi mədəniyyət sahələrində çalışan mütəxəssislərin
peşəkarlığından və onların nəzəri yetkinliyindən çox asılıdır.
Mədəni-sosial fəaliyyətin əsas təşkilatçıları olan mütəxəssislər
əhalinin müxtəlif təbəqələrinin sosial-mədəni tələbatlarının dərindən
öyrənilməsi üçün əldə olunan nəticələrə uyğun olaraq mədəni-
asudəvaxt fəaliyyəti proqramı hazırlamalıdırlar. Eyni zamanda
mədəni-sosial fəaliyyətin iqtisadi mexanizmini dəqiqləşdirməlidirlər.
Mədəni asudəvaxt xidmətinin yeni özəl strukturlarının yaradılmasının
234
müasir dövr üçün vacibliyini nəzərə alaraq ABŞ-ın, İngiltərənin,
Fransanın, Yaponiyanın, Almaniyanın və başqa inkişaf etmiş ölkələrin
mədəniyyət müəssisələrinin iş təcrübəsindən bəhrələnməlidirlər.
Azərbaycanda özəl mədəniyyət müəssisələrinin yaradılmasına
dair xüsusi dövlət konsepsiyası hazırlanmalıdır. Bu konsepsiyada
həmin müəssisələri yarada biləcək iş adamlarının kommersiya
maraqları da öz əksini tapmalıdır. Özəl teatrlar, mədəniyyət sarayları,
kinoteatrlar, videosalonları, əyləncə mərkəzləri, mədəniyyət parkları,
muzeylər, kitabxanalar, bədii və texniki yaradıcılıq mərkəzləri və s.
yaradıla bilər. Belə bir özəl mədəniyyət strukturunu yaratmaqla
mənəvi həyatımızda baş verən durğunluq vəziyyətlərinin aradan
qaldırılması
və
əhaliyə
mədəni xidmətin keyfiyyətinin
yaxşılaşdırılması mümkündür.
Ən başlıcası isə mədəni asudəvaxtın təşkilinə başqa ölkələrdə
olduğu kimi Azərbaycanda da dövlət əhəmiyyətli bir məsələ kimi
baxılmalıdır. Mədəni asudəvaxt fəaliyyətinə qoşulanların əksəriyyəti
bu və ya digər aparıcı sahələr üzrə ölkənin əsas potensialı, yaradıcı və
işçi qüvvəsi kimi qiymətləndirilməlidir. Məhz insanların asudəvaxt
ərzində öz istedad və bacarıqlarını inkişaf etdirməsinə, sağlam fiziki
və mənəvi güc toplanmasına olan dövlət marağı da yuxarıda qeyd
olunan prinsiplərə söykənməlidir.
Məlumdur ki, Azərbaycanda asudəvaxt problemi ən çox bədii-
emosional vasitələrlə həll olunur. Sözsüz ki, bədii-emosional vasitələr
bütün vəziyyətlərdə insanlara estetik zövq aşılayır. Çünki bədii-
emosional vasitələr insan hisslərini oyadan, oynada bilən təsir
vasitələrinə malikdir. Hər bir incəsənət əsərində özünəməxsus bədii
235
obraz vardır. Bədii obraz insan duyğularına daha çevik təsir edir,
düşüncədə, təfəkkürdə yeniliklər yaradan bir vasitəyə çevrilir.
“Bədii obrazın tərbiyəvi funksiyası onun estetik təbiəti ilə sıx
bağlıdır. Bədii obraz incəsənətin insanların ağlına, hisslərinə və
iradəsinə ideya-estetik təsirinin əsas vasitəsidir: İnsanların ağlında,
hisslərində və iradəsində əks etdirilən faktlara və hadisələrə müəyyən
ideya-emosional münasibət oyadan və onları fəaliyyətə gətirən
gerçəkliyi dəyişdirməyə sövq vasitədir” [86, s.45].
Məhz buna görə də bədii emosional vasitələr daima insanın
mənən kamilləşməsində, gerçəkliyə olan estetik münasibətlərinin
formalaşmasında xüsusi rol oynayır. Görünür, büna görə də
Azərbaycanın asudəvaxt mərkəzlərində incəsənət vasitələri ilə zəngin
olan tədbirlərə daha çox üstünlük verilir.
Lakin mədəni asudəvaxt mərkəzləri kompleks sosioloji
tədqiqatlar apararkən şəxsiyyəti formalaşdıra biləcək başqa amillərin
də rolunun mövcudluğunu görürlər. Xüsusilə, gənc nəsil musiqi və ya
incəsənətin başqa sahələrinə maraq göstərsələr də, onların texniki
yaradıcılığa olan tələbatları da vardır. Buraya əsasən gəncləri müx-
təlif peşələrə yiyələndirə bilən dərnək və birliklər aiddir. Gənclərdə
yeni texniki kəşflər etmək, yeni modellər və konstruksiyalar
hazırlamaq meyli çox güclüdür. Bu meyl və maraq birlik və
dərnəklərdə inkişaf etdirildikdə hər bir gəncə peşəyə yiyələnmək
imkanını artırır. Tarixi təcrübə göstərir ki, uşaq və gənclər asudəvaxt
ərzində məşğul olduqları yaradıcılıq sahələrini həddi-buluğa çatdıqdan
sonra özləri üçün peşəyə çevirmişlər.
236
Bir çox görkəmli konstruktorlar, elm və incəsənət xadimləri
yaradıcılıq birliklərində, dərnəklərdə göstərdikləri özfəaliyyətə uyğun
olaraq peşəkarlaşmışlar.
Bütün bunları nəzərə alaraq, özəl asudəvaxt mərkəzlərini
yaratmağın perspektivini görmək mümkündür. Cəmiyyətin iqtisadi
əsasları inkişaf etdikcə özəl mədəniyyət müəssisələrinin də maddi-
texniki imkanları genişlənəcək, asudəvaxt mədəniyyətinin milli-
mənəvi dəyərlərinin inkiaşfına təsiri artacaqdır.
Cəmiyyətimizin demokratikləşdiyi bir dövrdə
gənclərin
asudəvaxt mədəniyyətinin formalaşması, bu sahədə ortaya çıxan
obyektiv və subyektiv çatışmamazlıqların aradan qaldırılmasından çox
asılıdır. İndi köhnə şablon iş metodlarından istifadə etmək mümkün
deyil. Yeni forma və metodların işlənib hazırlanması isə bilavasitə
kulturologiya elminin müasir dövrün tələblərinə
uyğunlaşdırılmasından, bu sahəyə aid yeni tədqiqat əsərlərinin
hazırlanmasından, onların mədəniyyət müəssisələrinin əməli işinə
tətbiq olunmasından çox asılıdır.
İndi asudəvaxtın daha fəal keçirilməsi üçün dünyanın hər yerində
elmi-texniki tərəqqinin ən müasir nümunələrindən istifadə olunur.
İstər ailələrdə, istərsə də mədəni əyləncə mərkəzlərində, hətta bir çox
təhsil müəssisələrində müxtəlif texniki vasitələrdən, trenajorlardan,
elektron-hesablama texnikasından əyləncə vasitəsi, yeni vərdiş və
biliklərə yiyələnmək imkanı kimi geniş istifadə edilir.
Tarixi təcrübə köstərir ki, mədəni asudəvaxtın səmərəliliyi onun
iştirakçılarının fəallıq dərəcəsindən asılıdır. Fəallığın yaranmasının
əsas meyarı isə istirahət və yaradıcılıq məqsədi ilə asudəvaxt
mərkəzlərinə kələnlərin mədəni-sosial proseslərə cəlb olunmasının
237
forma cazibədarlığından irəli gəlir. Tədbirin və ya onun məkanının
primitiv görkəmi və sönük məzmunu iştirakçıların fəallıq dərəcəsini
azaldır.
Məkanın primitivliyinin aradan qaldırılmasının həlli iqtisadi-
maliyyə imkanları ilə bağlı olduğu halda, məzmunun cazibədarlığının
təminatı
mədəni-asudəvaxt təşkilatçısının peşəkarlığından
asılıdır.Təşkilatçı iştirakçıları real fəaliyyətə cəlb etmək üçün
tükənməz yaradıcılıq ideyaları ilə zəngin olmalı, kütlə və ya fərdi
iştirakçılar üçün seçdiyi tədbir formalarının mahiyyətinə, onların
aktuallığına xususi diqqət yetirməlidir. Keçirdiyi tədbirə yüksək
emosionallıq gətirməklə onun cazibədarlığını artırmalıdır.Yalnız bu
yolla hər bir fərdin sosial-mədəni fəaliyyətinin yüksək nəticəsini
körmək mümkündür.
Qeyd etmək lazımdır ki, müasir dövrdəki sosial-iqtisadi
çətinliklərə baxmayaraq milli mədəni ənənələrimizi davam və inkişaf
etdirən, kulturologiyanın əldə etdiyi yeni nailiyyətləri özünün iş
prosesinə tətbiq etməyi bacaran asudəvaxt mərkəzlərimiz vardır.
Bunlardan Bakıdakı Şəhriyar adına Mədəniyyət mərkəzinin, Qida
sənaye həmkarlar İttifaqı Respublika Komitəsinin klubunun, Nizami
adına mədəniyyət və istirahət parkının və başqalarının fəaliyyətlərini
xüsusi olaraq qeyd etmək lazımdır. Adı çəkilən mədəniyyət
müəssisələri müasir bazar iqtisadiyyatının şərtlərinə uyğun olan
mədəni-kütləvi tədbirlər keçirmək imkanları əldə etmiş, yeni mənəvi,
texniki-əyləncəli xidmət sahələri yarada bilmişlər. Mədəniyyət və
istirahət parklarında müasir insanların estetik tələblərinə uyğun olan
attraksionlar, əyləncə vasitələri yaradılmış, geniş rekonstruksiya işləri
aparılmışdır.
238
Qida sənaye Həmkarlar İttifaqı Respublika Komitəsinin klubu isə
digər mədəniyyət ocaqlarından fərqli olaraq əsasən uşaq və
yeniyetmələrin mədəni asudəvaxtının daha səmərəli təşkilinə diqqət
yetirir. Burada apardığımız müşahidələr zamanı məlum olmuşdur ki,
mədəniyyət evi uşaq və yeniyetmələri müxtəlif peşələrə yiyələndirmək
məqsədi ilə tar, qarmon, nağara, tikmə-biçmə, bədii toxuculuq kursları
yaratmışdır. Ən maraqlısı odur ki, bu kurslarda fəaliyyət göstərən uşaq
və yeniyetmələr peşə qabi-liyyətlərini inkişaf etdirməklə yanaşı,
mədəniyyət və incəsənətimizin milli köklərini də öyrənirlər. Onların
mədəniyyət və incəsənət ustaları ilə görüşləri, aparılan dərin
məzmunlu sənət müzakirələri öz bəhrəsini verir.
“Xəzər” ədəbiyyat sevərlər birliyi, “Məhsul” rəqs ansam-blı,
“Sünbül” instrumental ansamblı, “Çiçəyim” uşaq teatrı artıq özlərinin
mütərəqqi ənənələrinə malikdirlər. “Məhsul” rəqs ansamblı 20 ildən
artıqdır ki, dünyanın 30-a yaxın ölkəsində xalqımızın milli folklor
nümunələrini nümayiş etdirir. Daima cazibədarlığını qoruyub saxlayan
bu kollektiv ölkəmizin müxtəlif bölgələrində də çıxışlar edir, xalq
rəqslərimizi öz ifaları ilə yaşadırlar.
Qida sənaye Həmkarlar İttifaqı Respublika Komitəsinin klubunun
“Çiçəyim” uşaq teatrı öz fəaliyyəti ilə həm tanınmış sənətşünasların,
həm də xarici ölkə nümayəndəliklərinin Bakıda olan təmsilçilərinin də
diqqətini cəlb etmişdir. Azərbaycanın tanınmış teatrşünası İnqilab
Kərimov “Çiçəyim”i “Azərbaycanda bu gün barmaqla sayılan uşaq
teatrlarının ən mükəmməli” hesab etmişdir. ABŞ-ın sabiq səfirinin
xanımı C.Eskudero “Çiçəyim” uşaq teatrının tamaşasına baxdıqdan
sonra öz heyranlığını gizlədə bilməyib, onların böyük gələcəyə malik
olduqlarını söyləmişdir [60, s.41].
239
Uşaq və yeniyetmələrin istedad və qabiliyyətlərinin inkişaf
etdirilməsi prinsipləri müstəqil Azərbaycan dövlətinin yeritdiyi
siyasətin tərkib hissəsidir. Heç təsadüfi deyil ki, “Uşaqlar dünyanın
sevincidir” devizi altında keçirilən şənlikdə Respublikanın Prezidenti
Heydər Əliyev demişdir: “Uşaqlar, gənclər müstəqil Azərbaycanın
gələcəyidir. Bizim arzumuz da bundan ibarətdir ki, gələcək bu gündən
daha gözəl olsun, hər bir insan üçün daha da xoşbəxt olsun” [99, s.5].
Uşaqların mənən tərbiyə edilməsi, onların zəngin biliklərə
yiyələnməsi, sağlamlıqlarının mühafizə olunması bütün dövrlərdə hər
bir xalqın milli maraqlarının əsasını təşkil etmişdir. Hələ vaxtilə rus
pedaqoqu A.S.Makarenko öz mülahizələrinin birində demişdir: “Bizim
uşaqlarımız bizim qocalığımızdır. Pis tərbiyə bizim gələcək
dərdimizdir, bizim gələcək göz yaşımızdır. Bizim başqa adamlar
arasında, bütün ölkə qarşısında təqsirimizdir” [100, s.341].
Mədəni asudəvaxt mərkəzlərinin ən böyük xidmətlərindən biri
məhz uşaq və yeniyetmələrimizin tərbiyə olunmasına kompleks
şəkildə yanaşmaqdır. Mədəni asudəvaxt mərkəzlərində fəaliyyət
göstərən bədii özfəaliyyət kollektivləri təkcə bədii-estetik zövqün
formalaşdırılmasına xidmət etmir, eyni zamanda onlar uzun əsrlərdən
bəri yaranmış xalq yaradıcılığının, milli mənəvi sərvətlərimizin
qorunub saxlanmasında, onların nəsildən-nəslə ötürülməsində xüsusi
əhəmiyyət kəsb edirlər.
“Biz bilirik ki, insanın mənəvi saflıq dünyasını zənginləşdirən,
ona estetik zövq verən amillər saysız-hesabsızdır. Lakin bu həzz
mənbələri o kəslərin qismətinə düşür ki, onlar yüksək mənəvi
keyfiyyətlərə, estetik mədəniyyətə, bədii dəyər-lərdən faydalanmağa
qadir olsunlar. Biz hər an estetikliyinə görə mənəvi kamilliyi
240
şərtləndirən amillərin gündəlik həya-tımızla, əmək fəaliyyətimizlə,
ictimai münasibətlər və mənəvi mədəniyyətimizlə, davranış və əxlaqi
keyfiyyətlərimizlə təmas-da olmasının şahidi oluruq” [132, s.41].
Məlumdur ki, bədii dəyərlərimiz özündə nəsillərin canlı əlaqəsini
və varisliyini yaşadır. Onlar insanlara tarixi gələcəyə ümidlə
baxmaqda, yüksək əxlaqi ideyalara yiyələnməkdə kömək edir. Bədii
dəyərlər hər bir xalqın milli mənəvi simasının göstəriciləridir.
İnsanların asudəvaxtının səmərəliliyini bədii dəyərlərsiz təsvir etmək
mümkün deyildir.
Ümumiyyətlə, asudəvaxt şəxsiyyətin mənəvi və estetik
mədəniyyətini yüksəltmək üçün ən gözəl vasitədir. Məhz buna görə də
mədəniyyət ocaqlarının əsas məqsədi mədəni asudə-vaxtı düzgün
təşkil etməkdən, sosial baxımdan onu dolğunlaş-dırmaqdan, bütün
bədii-emosional vasitələri insanın mənəvi aləminin
gözəlləşdirilməsinə yönəltməkdən ibarətdir. Gələcək nəsillərimiz də
milli mədəni dəyərlərimizdə özlərinin zövqlə-rinə və mənəvi
tələbatlarına uyğun olan gözəllik və zəka qaynaqları tapmalıdırlar.
|