ARİSTOKRATİK SİYASİ DOKTRİNA
Dövlətin və siyasi həyatın aristokratik ruhda təsviri əsasən zadəgan mənşəli olan, lakin aktiv siyasətdən kənarda qalan insanlar tərəfindən yaradılmışdır.
Aristokratik siyasi doktrina ictimai həyatın ideal formasını heç bir hakimiyyətin olmadığı və hər bir insanın sosial orqanizmdə öz həqiqi yerini tapa bildiyi cəmiyyətdə görür.
Əgər zadəgan siyasi instinktinin mahiyyətini ifadə edən bu müddəa özünün ən klassik və ən geniş təsvirini Qərbdə Platonun şəxsində tapdısa, onun ən ilkin və ən klassik Şərq təsviri konfusiçilik idi.
Kütlə ruhunun ifadəçisi olan daosizmdən fərqli olaraq konfusiçilik tarix meydanına zadəgan ruhunun ifadəçisi sifəti ilə çıxdı. Daosizmdə bütün insanlar bərabərdirlər və görünür, bəlkə də elə buna görə də daosizm konfusiçiliyin simasında özünün tarixi rəqibini doğurdu. Daosizmdən fərqli olaraq konfusiçilikdə bərabərlik ideyasından əsər-əlamət yoxdur. Burada insanlar birmənalı olaraq yüksək mənəviyyatlılara, yəni zadəganlara və mənən yoxsul olanlara, yəni kütləyə bölünürlər.
Konfusiçiliyin qəti inamı belədir ki, əmir olmaq üçün doğulanlar əmir olmalı, kütlə olmaq üçün doğulanlar isə kütləni təşkil etməlidirlər.
Konfusiçilikdə zadəganlıq ideyası sosial təbiətli olmaqdan daha öncə mənəvi təbiətlidir, insanın haqqa və ədalətə bağlılığını ifadə edir. Zadəgan silkinə daxil olan, lakin zadəgan ruhunu özündə daşımayan, kütlə ruhuna sahib olan insanlar isə konfusiçilik nöqteyi-nəzərindən və görünür elə əslində də zadəgan deyildirlər, kütlədirlər, əksinə talenin hökmü ilə kütlə içərisinə düşən, sosial mənşəyə etibarı ilə kütlə, lakin ruhən zadəgan olan insanlar, konfusiçilik nöqteyi-nəzərindən də və sözün həqiqi mənasında da zadəgandırlar.
Cəmiyyətdə təbii nizamın bərqərar olunması üçün konfusiçilik zadəgan ruhunu özündə daşıyanların zadəgan təbəqəsinə yüksəldilməsini, kütlə ruhunun sahiblərini isə kütlə təbəqəsinə endirilməsini zəruri hesab edir. Konfusiçilik bununla bağlı adların təshihi ideyasını irəli sürür. Adların təshihi ideyasının çıxış müddəası ondan ibarətdir ki, insanların cəmiyyətdə tutduqları yerin adı insanların həqiqi adına, onların həqiqi həyati təyinatını ifadə edən ada uyğun gəlməlidir, başqa sözlə, insanlar cəmiyyətdə öz təbii həyati təyinatlarına uyğun yeri və mövqeni tutmalıdırlar. Əgər cəmiyyətdə belə bir uyğunluq yoxdursa, təbii təyinatla sosial mövqe arasındakı uyğunsuzluq adların təshihi qaydası ilə aradan qaldırılmalıdır, yəni, zadəgan ruhunu özündə daşıyanlar yüksəldilərək ümummilli problemlərin həllinə yönəldilməli, kütlə ruhunu özündə daşıyanlar isə alçaldılaraq konkret rəiyyət işlərinə cəlb edilməlidir.
Konfusiçiliyin adların təshihi ideyasının insan şəxsiyyətini guya alçaltması barədə söhbət məncə real əsaslara malik deyildir. Konfusiçilik dövləti ailə ilə müqayisə edir və müəyyən mənada eyniləşdirir. Konfusiçilikdə hər bir dövlət ailədir, lakin, böyük ailədir, zadəgan bu ailədə ata, rəiyyət isə oğuldur. Ailədə atanın ata yeri, oğulun isə oğul yeri vardır. Atanın yeri əlbəttə ki yuxarıda, oğulun yeri isə aşağıdadır. Həqiqi ailədə oğul atanın yerini tuta bilməz, ata ola bilməz, atalıq edə bilməz, ailənin başçısı, evin böyüyü ola bilməz və olmamalıdır. Həqiqi dövlətdə də belədir: rəiyyət heç zaman xalqın başçısı, dövlətin böyüyü ola bilməz və olmamalıdır. Konfusiçilik bezikmədən vurğulayır ki, ata ata olmalıdır, zadəgan zadəgan olmalıdır, oğul oğul olmalıdır, rəiyyət isə rəiyyət olmalıdır.
Konfusiçiliyin ideyaları bizim bir atalar sözünü xatırladır. Hamımıza yaxşı məlum olan və xalq içində geniş yayılan həmin atalar sözü belədir: gədadan şah olmaz. Lakin, konfusiçilik şahı deyil, hökmdarı deyil, zadəganı dəyərləndirir. Konfusiçiliyin təfəkkür ənənələri və terminologiyası hökmdar və zadəgan anlayışlarını bir-birindən kəskin surətdə fərqləndirir, onları bir çox hallarda qarşı-qarşıya qoyur. Zadəgan Çin dilində tsyun tszı kimi, hökmdar isə van kimi tələffüz edilir. Konfusiçilik zadəganı, yəni tsyun tszını, təkcə kütləyə, rəiyyətə, yəni jenə qarşı deyil, həm də hökmdara, yəni vana qarşı qoyur. Konfusiçilik zadəganı hökmdarın hakimiyyət və səlahiyyətlərini məhdudlaşdırmağa, bu hakimiyyəti ümumiyyətlə aristokratik ədalət hissinin, konkret olaraq isə zadəganların nəzarəti altına almağa çağırır.
Belə bir fikir geniş yayılmışdır ki, konfusiçilik irsi aristokratiyanı müdafiə edir. Əslində isə konfusiçilik irsi aristokratiyanı deyil, həqiqi aristokratiyanı, həqiqi zadəganlığı müdafiə və tərənnüm edirdi. Bununla belə, zadəgan ruhunun irsi olaraq ötürülmə mexanizmlərini də, əlbəttə ki, inkar etmək olmaz.
Konfusiçilik belə hesab edir ki, zadəgan hökmdarın əməllərinin Liyə, yəni Dünya Nizamına uyğunluğunu öz nəzarəti altında saxlamalıdır.
Li konfusiçiliyin dövlət nəzəriyyəsində əsas anlayışlardan biridir, bəlkə də ən birincisidir. Lakin, li – siyasi terminologiyanın elementi olmaqdan daha öncə kosmoloji terminologiyanın elementidir. Qədim Çin mifologiyasında və fəlsəfəsində Dünya Nizamı ideyasını ifadə edən li anlayışına konfusiçiliyin marağı ilk növbədə onunla bağlıdır ki, konfusiçilik zadəganı linin, Dünya Nizamının daşıyıcısı kimi qəbul edir. Konfusiçilik elə buna görə də belə hesab edir ki, zadəgan ləyaqətinə yalnız özündə lini, Dünya Nizamını bərpa edən şəxs yüksələ bilir. Zadəganlaşmaqdan ötrü konfusiçilik «Özünü dəf et və nizamı bərpa et» məsləhətini verir: Zadəgan lini, Dünya Nizamını özündə bərpa etdiyi üçün, öz işlərini lidən çıxış edərək yerinə yetirdiyi üçün «ədalətli olur», «aydın görür», «dəqiq eşidir» və «səmimi olur».
Zadəgan lini, Dünya Nizamını əvvəlcə özündə, sonra isə cəmiyyətdə bərpa edir və buna görə də, əvvəlcə özü ədalətli olur, sonra isə ədalətli cəmiyyət qurur.
Zadəgan yüksək mənəviyyatlı olmaqla ədaləti, kütlə isə alçaq mənəviyyatlı olmaqla faydanı düşünür. Konfusiçilik birmənalı olaraq təsdiq edir ki, kütlə davranışının əsasında ədalət, insanpərvərlik və həqiqət hissləri deyil, əksinə olaraq mənafe və fayda motivləri durduğundan kütləyə ümummilli problemlərin həlli etibar edilə bilməz. Kütlə öz işi ilə, bir qədər konkretləşdirilsə – əkinçiliklə, sənətkarlıqla və ticarətlə məşğul olmalıdır. Kütləni məşğul etməli olan bu fəaliyyət formaları kütlənin öz həyati meyillərinə uyğundur. Kütlənin varlanmaya və dünyadan daha çox faydalanmaya olan meyli konfusiçilikdə rəiyyətin torpağa bağlılığı ilə, Yerə bağlılığı ilə, aşağılara bağlılığı ilə və konfusiçiliyin özünün daha kəskin və daha kobud şəkildə ifadə etdiyi kimi, alçalmaya meyilliliyi ilə izah edilir. Rəiyyət doğrudan da alçalmanın faydalı olduğu demək olar ki, bütün hallarda alçalmaya meyillidir. Lakin, bunun tam əksinə olaraq, yüksək mənəviyyat və ilahidən gələn ədalət hissi Yer işləri üçün heç də həmişə faydalı görünməsə də, zadəgan həmişə yüksəkliklərə can atır. Zadəgan sosial gerçəkliyi yüksəldərək ədalətliləşdirməyə, rəiyyət isə gerçəklik qarşısında alçalaraq bu alçalmadan faydalanmağa meyillidir.
Konfusiçilikdə zadəgan yüksək mənəviyyatın daşıyıcısı olmaqla, yüksəkliklərə meylin timsalı olmaqla həm də Səmanın təcəssümüdür. Konfusiçilik əmindir ki, Səma zadəgan vasitəsilə Yer işlərini ədalətliləşdirir, gözəlləşdirir və nizama salır. Konfusiçilik Səmanın ilahi qüdrətinə ənənəvi inamın tərəfdarıdır və bu inamı özünəməxsus şəkildə bərpa edir. Konfusiçilik qətiyyətlə təsdiq edir ki, Səmanın hökmünə yüksəlməyən insan zadəgan ola bilməz. «Ləyaqəti məndə Səma doğurmuşdur» – deyən Konfusi konfusiçilik təliminə təkcə öz adını verməmişdi, həm də öz düşüncə üslubunu, ruhunu vermişdi. «Mən yalnız əlli yaşında olarkən Səmanın İradəsini dərk etdim» – deyərkən Konfusi görünür nəzərdə tuturdu ki, insan öz içərisində mürgüləyən ədalət duyğusunu dərk etməyincə zadəgan deyildir. Konfusiçilik bundan da daha irəli gedərək vurğulayır ki, zadəgan Səmavi İradəni təkcə dərk edən deyil, həm də onu gerçəkləşdirəndir. Zadəgan dünyanı Səmavi İradəyə uyğun olaraq ədalətliləşdirmək əzmində olduğu üçün mübarizdir, cəngavərdir.
Konfusiçilik əslində şərqli üslubunda ifadə olunmuş elita nəzəriyyəsi idi.
Qədim Çində və ümumiyyətlə demək olar ki, elə bütün Şərqdə Konfusi ilə öz həyatını başlayan elita nəzəriyyəsi öz mövcudluğunu Qədim Yunanıstanda və ümumiyyətlə Qərbdə Biantla başladı və Heraklitdə fəlsəfi olaraq əsaslandırılmış bir doktrinaya çevrildi.
Heraklitdə biz kosmosentrik fəlsəfənin deterministik və transsendental fəlsəfəyə ilk yunan etirazını görürük.
Böyük rus filosofu Losev deyirdi ki, qədim yunan fəlsəfəsi obrazlar üzərində qurulmuş mifologiyadan məntiq üzərində qurulmuş mifologiyaya doğru inkişaf edir. Əslində isə Losevin dedikləri bütövlükdə qədim yunan fəlsəfəsinə deyil, qədim yunan fəlsəfəsinin yalnız bir istiqamətinə - transsendental istiqamətə aid edilə bilər. Əgər yunan fəlsəfəsinin deterministik istiqaməti təfəkkürün mifologiyadan elmə doğru, transsendental istiqamət isə mifologiyadan dinə doğru təkamülünü ifadə edirsə, kosmosentrik istiqamət həqiqətən də obrazlar üzərində qurulmuş mifologiyadan məntiq üzərində qurulmuş mifologiyaya doğru inkişaf etmişdi və məhz Heraklit bu inkişafa başlanğıc vermişdi. Əgər deterministik istiqamət cəngavər dünyagörüşündən şəhərli dünyagörüşünə, transsendental istiqamət isə cəngavər dünyagörüşündən icmaçı, yəni kəndli dünyagörüşünə doğru təkamül edirsə, kosmosentrik istiqamət cəngavər dünyagörüşünün özünü rasionallaşdırır və onu zadəgan dünyagörüşü səviyyəsinə yüksəldir. Kosmosentrik istiqamət Heraklitdə başlayaraq əslində cəngavər obrazını determinizmin saldığı ləkələrdən təmizləyir və nəticə etibarı ilə zadəgan ruhunun fəlsəfəsini yaradır.
Heraklit deterministik ruha düşmən idi və onun hedonizminə və relyativizminə qarşı insan ləyaqəti hissini və aristokratik absolyutizmi qoyurdu, «Xoşbəxtlik bədənin daha çox həzz almasında deyil, insanın həqiqəti anlaya bilməsində və həqiqətə söykənən ömür sürməsindədir» - deyirdi. Heraklit determinizmə qarşı barışmaz olduğundan onun nümayəndələrini, ilk növbədə isə Hesiodu və Pifaqoru nifrət yağışına qərq edirdi, «Onlar çox şey bilsələr də nadandırlar» – deyirdi. Çünki Heraklit müdrikliyi çox şeyi bilməkdə deyil, çox şeyi özündə birləşdirən ümumini bilməkdə görürdü. Pifaqor ittifaqında çox şeydən – dindən, etikadan, riyaziyyatdan, astronomiyadan, siyasətdən bəhs olunduğundan Heraklit pifaqorçuları fırıldaqçılar, Pifaqoru isə fırıldaqçıların başçısı adlandırırdı. Pifaqor determinizmin təkcə kortəbii ifadəçisi deyildi, həm də şüurlu nəzəriyyəçisi idi. Pifaqorun və pifaqorçuların əbədi təkrar ideyası əslində səbəb və nəticə arasındakı münasibətlərin birmənalılaşdırılması və mütləqləşdirilməsi idi. Heraklit isə heç bir şeyin heç vaxt olduğu kimi təkrar olunmadığını söyləyirdi.
Heraklit eyni zamanda artıq qeyd olunduğu kimi qədim yunan fəlsəfəsinin transsendental istiqamətinə qarşı da düşmən münasibətində dururdu. Kainat heç bir Tanrı və heç bir insan tərəfindən yaradılmamışdır, - deyərkən Heraklit özünü şüurlu olaraq transsendent dünyaduyumuna qarşı qoyurdu. Heraklitin qədim yunan fəlsəfəsində transsendental istiqamətin banisi Ksenofana nifrətini də elə bu nöqteyi-nəzərdən izah etmək mümkündür. Maraqlıdır ki, Heraklit Hesiodla, Pifaqorla və Ksenofanla yanaşı Homeri də qamçılayır. Maraqlıdır, ona görə ki, Heraklitin özü Homerdə vəsf olunan mədəniyyətin – cəngavər-zadəgan mədəniyyətinin daşıyıcısı idi, zadəgan mənşəli idi, daha dəqiq desək, Efes hökmdarları nəslindən idi. Necə olmuşdu ki, cəngavərliyin tərənnümçüsü olan Homer cəngavər ruhunun daşıyıcısı olan Heraklitin nifrətinə tuş gəlmişdi? Məncə, bu, müəyyən dərəcədə Eynşteynin təfəkkür tərzinin tədqiqatçılarına Eynşteynin özünün etirazına bənzəyirdi. Bəlkə də Homer cəngavərliyi Balzakın zadəganlağı təsvir etdiyi kimi təsvir edirdi. Heraklit görünür ki, nəzəriyyədə cəngavərliyin zahiri təsvirini deyil, cəngavər ruhunun özünü görmək istəyirdi. Heraklitin nifrət obyekti bəlkə də təkcə qeyri-cəngavər ruhun nəzəriyyələri deyildi, həm də cəngavər ruhun qeyri-cəngavər nəzəriyyəsi idi. Bu da bir faktdır ki, İliadada Homerin vəsf etdiyi axaylar öz məqsədlərinə heç də cəngavərlik yolu ilə deyil, əksinə olaraq məkr yolu ilə nail oldular, Troyanı açıq döyüşdə düşməni məğlub edərək deyil, hiyləgərliyin klassik ifadəsi olan Troya atını işə salmaqla aldılar. Bütün qəlbi ilə həqiqətə bağlı olan Heraklit əlbəttə ki, yalana və hiyləyə nifrət etməyə bilməzdi.
Bütün bunlarla yanaşı onu da qeyd etmək lazım gəlir ki, Heraklitin nifrət dairəsi söylənilənlərdən də daha geniş idi. Heraklit qeyri-zadəgan mənşəli əksəriyyətə nifrət edirdi, «Əksəriyyət özündə nadan ruhunu daşıdığı üçün nadandır», deyirdi.
Heraklitin yaşadığı zəmanədə adi şüurun yönümü deterministik təbiətli idi. Deterministik təfəkkür Heraklitə özünün cüzi təsirini göstərsə də, Heraklit üçün bütövlükdə dayazlığın və yalanın ifadəsi idi və bu səbəbdən də onun ruhuna yad idi. Heraklit adi şüura nifrət edir və adi şüurun daşıyıcılarına qarşı etinasızlıq göstərirdi. Adi şüur da öz daşıyıcılarının simasında Heraklitə qarşı saymamazlıq olmasa da, ən azı anlaşılmazlıq nümayiş etdirirdi.
Qərb fəlsəfəsində elita nəzəriyyəsinin banisi olan və antik dünyanın yeddi müdrikdən biri kimi tanıdığı Biant Heraklit tərəfindən adı rəğbətlə çəkilən yeganə insan idi.
Heraklitin əksəriyyətə verdiyi səciyyə Lebonun, Tardın, Orteqanın kütləyə verdiyi səciyyəyə necə də bənzəyir?! Heraklitin sələfləri ona necə də oxşayırdılar?!
Heraklit kütlə haqqında “hər gün eşitdiyi ilahi səsi eşitmədiyi üçün kardır, hər gün gördüyü ilahi ruhu görmədiyi üçün kordur”, deyirdi. Heraklit özünün görə bildiyi və gördüyü bu ilahi ruhu, özünün eşidə bildiyi və eşitdiyi bu ilahi səsi loqos adlandırır.
Heraklit əmindir ki, onun tərəfindən həmişə nifrətlə damğalanan əksəriyyət loqos haqqında eşitsə də, eşitməsə də onu başa düşmək qabiliyyətinə malik deyildir.
Heraklit fəlsəfəsinin başlanğıcını təşkil edən loqos anlayışı müəyyən dərəcədə qədim çinlilərin dao anlayışına yaxındır. O da dao kimi obyektiv mövcud olsa da insanlar üçün anlaşılmazdır. Lakin, daosizmin rəiyyət mənşəli daosundan fərqli olaraq Heraklitin zadəgan mənşəli olan loqosu, heç də hamı üçün deyil, əksəriyyət üçün anlaşılmazdır.
Yunan sözü olan loqos dilimizdə işlənən «söz», «fikir», «anlayış», «zəka» ifadələrinə çox yaxındır. Lakin, Heraklit loqosu təkcə insana aid etməyib, insandan kənarda da onun obyektiv mövcudluğunu qəbul edir. Loqos real mövcud olmaqla yanaşı bütün dünyanın əsasını təşkil edir. O, ən ümumidir, zəruridir və daimidir. Heraklitdə loqos bütün dünyanı saran Dünya Zəkasıdır.
Antik təfəkkürün müasir səciyyələndirilməsi burada insan zəkasının kosmosa şamil edildiyini güman edir. Lakin, antik təfəkkürün özü isə bunun əksinin qəbul olunmasından çıxış edirdi. İnsan dərrakəsi antik təfəkkür baxımından öz-özlüyündə zəka deyildir, həqiqi zəka dünya zəkasıdır, kosmosun ruhudur. İnsan Dünya Ruhunu yalnız öz içərisində duyduqda, Dünya Zəkasını yalnız öz içərisində dərk etdikdə onun insani ağlı həqiqiləşir və hətta ilahiləşir və zəka olur. Əgər insanlar öz münasibətlərində nizam yaratmaq istəyirlərsə, onda Dünya Nizamını qərarlaşdıran zəkaya malik olmalıdırlar. Bütün insani qanunlar vahid ilahi qanunla nizamlanmalıdır.
Heraklit fəlsəfəsinin bu müddəası Hippokratın dünyagörüşü ilə müəyyən mənada üst-üstə düşür. Hippokrata görə, insani qanunlar və təbiət bir-birinə uyğun gəlmir. Çünki qanunları insanlar heç bir zəminə əsaslanmadıqları şəraitdə yaratdıqları halda bütün şeylərin məntiqi təbiəti tanrılar tərəfindən qərarlaşdırılmışdır. Hippokratın Tanrıya aid etdiyi qüdrəti Heraklit həm də zadəgana aid edir.
Heraklitin loqos anlayışı aristokratik dünyaduyumun fəlsəfi kateqoriyalarla rasionallaşdırılması yolunda ilk addımdır. Lakin, biz Heraklitdə zadəgan dünyagörüşünün fəlsəfi kateqoriyalarla ifadəsindən daha çox, cəngavər ruhundan doğan pafosu görürük. Heraklitdə aristokratizmin fəlsəfi kateqoriyalar sistemi hələ ki yaradılmamışdır, bu sistem yalnız axtarılmaqdadır.
Heraklit aristokratik ruhu adi dil vasitəsilə ifadə etmək istədiyi üçün adi dilin özünü son dərəcə mürəkkəbləşdirmiş və adi oxucu üçün anlaşıqsız etmişdir. Adi oxucunun deterministik təfəkkürü baxımından Anaksimenin Təbiət haqqında adlandırdığı əsər nə qədər anlaşıqlı, aydın, ardıcıl və məntiqi idisə, Heraklitin Təbiət haqqında adlandırdığı əsər bir o qədər anlaşıqsız, dumanlı, tutqun və ziddiyyətli idi. Anaksimen intuitiv olaraq determinizmə söykəndiyi halda, Heraklit intuitiv olaraq subyektivizmə söykənirdi. Əgər Anaksimendə elmi təfəkkür öz təşəkkül mərhələlərindən birini tapmışdısa, Heraklitdə daha çox mifik təfəkkür ön plana çıxarılırdı. Burada aydın və birmənalı məntiqdən daha çox mifologemalar, metaforalar və obrazlar üstünlük təşkil edir, fəlsəfi terminologiyanın, xüsusi fəlsəfi kateqoriyaların yerində fəlsəfi obrazlar durur.
Fəlsəfi obraz bir çox hallarda fəlsəfi kateqoriyaların təşəkkül prosesində bir mərhələni təşkil edir. Əgər fəlsəfi ideya özünün tamamlanmış ifadəsini fəlsəfi kateqoriyada tapırsa, onun ilkin ifadəsi fəlsəfi obrazdır. Fales üçün su, Anaksimen üçün hava reallıqdan daha çox belə bir fəlsəfi obraz idi. Fəlsəfi obrazlardan Heraklit üçün ən mühümü od obrazıdır. Kainat Heraklitdə bəzən gurlaşıb alışan və bəzən də zəifləyib sönən əbədi və canlı odun fonunda təsvir olunur. Məhz həmin od Kainata kosmos xarakterini verir. Lakin, bu od öz izafiliyi ucbatından kosmosu məhv də edə bilir, bu halda dünya alışıb-yanan nəhəng bir tonqala çevrilir. Eyni zamanda, kosmik odun çatışmamazlığı ucbatından, onun kifayət qədər olmaması üzündən Dünya öz gözəlliyini və əzəmətini tədricən itirir. Kosmik odun qoynunda Dünyanın alışması və sonradan sönməsi prosesləri daimi olaraq bir-birini əvəz edirlər.
Heraklitin Od ideyası müasir zəmanənin hakim bilik stereotiplərini mənimsəmiş adi şüuru üçün nağıla bənzəyir. Lakin, bu şüur odlu qəlbin təmizliyə və həqiqətə bağlılığını da başa düşə bilmir və başa düşmür. Əlbəttə ki, mifologiya adi şüur daşıyıcılarının gözündə nağıldır, müasir adi şüur hesab edir ki, insanlar təbiət qanunlarını bilmədikləri zamanlarda, elmlərin inkişaf etmədiyi ibtidai dövrdə, təbiət hadisələrinin səbəblərini başa düşmədikləri şəraitdə öz avamlıqları ucbatından mövhumata və xurafata qapılaraq təbiət qüvvələrini ilahiləşdirmişdir. Lakin, onu da xatırlatmaq yerinə düşərdi ki, müasir kosmologiyanın ən mühüm hipotezlərindən biri – Böyük Partlayış İdeyası – heç də Qalileyin astronomik mülahizələrini və ya Keplerin qanunlarını deyil, məhz Heraklitin ideyalarını yada salır. Böyük partlayış ideyası qətiyyən deterministik elmi paradiqma əsasında deyil, dünyanın mifik anlaşılma modeli əsasında təşəkkül tapmışdır. Bu ideya elə buna görə də müasir elmdən daha çox mifə bənzəyir. Lakin, bu mif kosmosentrizmin plebey ruhlu determinizm tərəfindən yaradılmış karikaturası deyildir, aristokratik rasionallaşdırılmasının bir ifadəsidir. Görünür ki, plebey mənşəli olan deterministik elmi paradiqma öz hakim mövqeyini getdikcə daha çox cəngavər-zadəgan mənşəli olan kosmosentrik elmi paradiqmaya verməkdədir.
Heraklitin odla bağlı düşüncələrinin qaynağında zərdüştçülüyün durduğunu güman etmək üçün də kifayət qədər əsas vardır. Yeri gəlmişkən qeyd edim ki, Zərdüşt ruhunun və atəşpərəstliyin hər dəfə təzədən dirçəldilməsi cəngavər-zadəgan ruhunun bu və ya digər tarixi intibahı ilə bağlı olmuşdur. Sührəvərdi tərəfindən yaradılan və müsəlman dünyasında geniş yayılan işraqilik təlimində, Nitşenin Zərdüşt belə demiş adlı əsərində və ən nəhayət, Asif Əfəndiyevin mütləqə inam təlimində zərdüştçülük motivləri cəngavər-zadəgan ruhunun məhz belə bir intibahıdır.
Bəxtiyar Vahabzadənin o məşhur dahiyanə sözləri də bu qəbildəndir:
Yaşamaq yanmaqdır,
yanasan gərək.
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Yenidən Heraklitə qayıdaq. Heraklitin od obrazını rasional olaraq necə şərh etmək olar? Odun fəlsəfi mənası nədədir?
Od nədir? Qaranlığın zindanından qurtaran işıqdırmı? Yer tərəfindən qandallanmış Səmanın özünün bu qandallarını qırmasıdırmı? Sükunətin inersiya bəndlərini dağıdan hərəkətmi? Materiyanın həbs edərək saxladığı enerjinin xilas olaraq yenidən sonsuzluğa yayılmasıdırmı? Ruhun onu alçaldan maddilikdən qurtularaq yüksəlməsidirmi? Azadlıq əzminin zərurət əsarətinə qarşı üsyanıdırmı? Xalisliyin dünyanın çirkablarından qopub ayrılmasıdırmı? Yalan dünyanın zülmündən həqiqətin qurtulmasıdırmı?
Odun təbiəti ilə bağlı suallara Heraklit bir sıra metaforik cavablar verir. Bu cavablar aşağıdakı dörd müddəaya gətirilə bilər. Heraklitdə Od əvvəla, Dünya Ruhudur, dünyaya canlılıq verən başlanğıcdır. Heraklit kosmosentrizmin tərəfdarı olmaqla hilozoistdir. İkincisi, Od Səmanın timsalıdır. Heraklitdə Yer Odun «aşağı enməsi» və «çatışmazlığı» nəticəsində yaranmışdır. Od Yerdə özünün «izafiliyi» ucbatından isə «yuxarı yüksəlir». Üçüncüsü, Od həm də ilahi təbiətli olmaqla Dünya Zəkasıdır, öncə xatırladılan loqosdur, loqosun bir qədər başqa cür adlandırılmasıdır. Dördüncüsü, dünyanı daimi hərəkətə təhrik edən Dünya İradəsidir. Heraklitin məşhur Hər şey axır ifadəsi Dünya İradəsinin və Talenin Dünya və İnsan üzərində diktəsini ifadə edir.
Heraklitdə Od Yer materiyası ilə birləşərkən Yer üzərində gizli harmoniya yaradır, Yer üzərindəki həyata, o cümlədən insan həyatına başlanğıc verir. Heraklit odu insan ruhunun təcəssümü olaraq təsəvvür edir. Lakin, maddi olaraq gerçəkləşmə prosesində od elə bil ki, maddiliklə, əgər belə demək mümkündürsə, çirklənir. Heraklitin təsəvvüründə insan ruhu çirklənərkən təkcə oddan ibarət deyil, həm də sudan ibarət olur. İnsan qəlbində od suyu üstələdikcə insan öz idealına yüksəlir. Quru, yəni odlu qəlb ən müdrik və ən yaxşı kimi səciyyələndirilir. Heraklit tərəfindən odlu qəlbin tərənnümü mübarizə və müharibə qarşısında heyranlıqla tamamlanır. Əgər «Müharibə hər şeyin atası, hər şeyin hökmdarıdır» deyərkən Heraklit müharibədə cəmiyyətin hərəkətverici başlanğıcını görürdüsə, «Müharibə hökmdar olmaq üçün doğulanları hökmdarlıq zirvəsinə yüksəldir, kölə olmaq üçün doğulanları isə kölə səviyyəsinə endirir» deyərkən müharibədə dünyanı nizama salmalı olan və nizama salan bir başlanğıcı görürdü.
Lakin, Heraklitin bu döyüş əzmini, cəngavər ruhunu onun həmvətənləri başa düşmürdülər. Heraklitin kütləvi şüura təsiri yox dərəcəsində idi. Heraklit kütlədə ötən əsrlərin əhvali-ruhiyyəsini özündə saxlayan muzey eksponatı təəssüratı yaradırdı. Heraklit elə buna görə də insanlardan uzaqda, dağlarda, komada yaşayırdı, zahid həyatını keçirirdi. Sülh tərəfdarı olan və bütövlükdə öz maddi rifahının yaxşılaşdırılması ilə qayğılanan kütlənin müharibəni vəsf edən və zahid həyatını rahat və təhlükəsiz həyatdan daha üstün hesab edən müdrikə və onun mifik fəlsəfəsinə ehtiyacı yox idi.
Mifologiyaya və onda gizlənən qəhrəmanlıq əzminə ehtiyac o zaman yarandı ki, kütlənin rahat həyatına Əhəmənilər tərəfindən təcavüz olundu. Bu ehtiyac özünün bədii həllini Esxildə, praktik həllini yunan-İran müharibələrində, fəlsəfi həllini isə Anaksaqorda tapdı. Anaksaqor Heraklit tərəfindən əsası qoyulan aristokratik fəlsəfənin varisi oldu.
Anaksaqor mənşəyi etibarı ilə Kiçik Asiyanın Klazomen şəhərindəndir. Lakin, ömrünün otuz ilini Afinada keçirmişdir. Əgər qədim yunan fəlsəfəsini coğrafi nöqteyi-nəzərdən dövrlərə bölmək mümkündürsə, onda Anaksaqoru bu fəlsəfənin inkişafında üçüncü dövrün başlanğıcı kimi qiymətləndirmək lazım gəlir. Belə ki, antik fəlsəfə öz inkişafına qədim yunan fəlsəfəsinin şərqində – Kiçik Asiyada başlayır. Ksenofan və Pifaqor bu fəlsəfəni yunan dünyasının qərbinə – cənubi İtaliyaya gətirirlər. Anaksaqordan başlayaraq isə antik fəlsəfənin mərkəzi qədim yunan dünyasının mərkəzinə - Afinaya keçir. Amma ömrünün axırına yaxın cəmiyyətin yenidən son dərəcə praqmatikləşməsi ilə bağlı Anaksaqor siyasi təqiblərə məruz qalır və Afinadan baş götürüb getməyə məcbur olur.1
Yunan-İran müharibələrində yunanların qələbəsindən bir müddət keçdikdən sonra cəmiyyəti yenidən öz ağuşuna alan sakit azğınlığa, ədalətsizliyə və haqsızlığa qarşı etiraz
Dostları ilə paylaş: |