В настоящее время о необходимости создания электронного правительства говорят как на федеральном, так и на региональном уровне


Məqalə “Rabitə dünyası” qəzetinin 10, 17, 24 aprel 2009-cu il tarixli nömrələrində dərc olunub



Yüklə 128,5 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü128,5 Kb.
#2465
1   2
Məqalə “Rabitə dünyası” qəzetinin 10, 17, 24 aprel 2009-cu il tarixli nömrələrində dərc olunub
http://www.rabitadunyasi.info.az/rd/dim.asp?id=9885
http://www.rabitadunyasi.info.az/rd/dim.asp?id=9801
http://www.rabitadunyasi.info.az/rd/dim.asp?id=9798

Uşaq hüquqlarının qorunması balalarımızın işıqlı gələcəyi üçündür
İnsan anadan olandan uşaqlıq, yeniyetməlik, gənclik, yetkinlik və nəhayət, ahıllıq kimi ömür yollarını keçir. Yəqin, çoxları razılaşar ki, bu mərhələlərdən ən qayğısız və şən keçəni məhz uşaqlıq dövrüdür. Həmin dövrdə valideynlərimizin bizə çəkdikləri əziyyətləri hiss etməyərək, biz tez boy atıb böyük olmaq istəmişik, böyüyüb yaşa dolanda isə, əksinə, yenidən uşaq olmaq istəyirik. Haradasa balaca bir uşaq görəndə, biz özümüzdən asılı olmayaraq gülməli hərəkətlər edirik, uşaq kimi danışırıq, az qalırıq ki, lap uşaq kimi iməkləyək də. Bütün bunlar bizim qəlbimizdə hələ də uşaqlıq hisslərinin ölmədiyini, onların nə qədər doğma və əziz olduğunu göstərir.

Biz bir anlığa özümüzü balacaların yerinə qoysaq və yaxud heç olmasa öz uşaqlığımızı yada salsaq, görərik ki, o vaxtlar özümüz heç də mələk olmamışıq, nadinclikdə, sözə baxmamaqda indiki uşaqlardan nəinki geri qalmamışıq, hətta onların ağlına gəlməyən hərəkətlər də etmişik. Ona görə də balacaların bütün etdikləri təbii qəbul edilməli, uşaqlara məhəbbətlə, diqqətlə, ən başlıcası isə analitik yanaşılmalıdır. Xüsusən ona görə ki, uşaqlar praktiki olaraq müstəqil surətdə öz hüquqlarını, maraqlarını qorumaq iqtidarında olmurlar. Məhz bu səbəbdən uşaqlara münasibət bəşəriyyət yaranandan bu günə kimi müxtəlif cür olub. İbtidai-icma quruluşunda uşaqlara qayğı instinkt şəklində idi. Belə qayğı təbiətdəki digər canlıların öz balalarına göstərdiyi münasibətdən çox az fərqlənirdi və təbii ki, uşaq hüquqlarının qorunmasından söhbət belə gedə bilməzdi. Hətta, qədimdə xəstə körpələrin öldürülməsi, diri-diri basdırılması, uşaqların qurban verilməsi kimi qorxunc adətlər də mövcud olub. Müəyyən dövrlərdə isə yalnız yaşı 6-7-ə qədər olanları uşaq hesab edirdilər. Bu yaşdan yuxarı olanlardan özlərini ağır aparmaq, hər hərəkətləri üçün cavabdeh olmaq, böyüklər kimi ailəni dolandırmaq, hətta döyüşlərdə iştirak etmək tələb olunurdu. Belə vəziyyətin əsrlər boyu davam etməsi, son nəticədə qadınları uşaq hüquqlarının müdafiəsi uğrunda mübarizəyə qalxmağa məcbur etdi. Qadınların ədalət uğrunda belə mübarizliyini və müraciətlərini nəzərə alaraq BMT Baş Assambleyası, 1950-ci ildən etibarən iyunun 1-ni Beynəlxalq Uşaqları Müdafiə Günü elan etdi. Bu günün əsas məqsədi uşaqların daim qayğı və müdafiəyə ehtiyac duyduqlarını böyüklərə xatırlatmaq, balacaları müharibə təhlükəsindən müdafiə etmək, onların sağlamlığını qorumaq, demokratik əsaslarla tərbiyələndirməkdir.

Hazırda uşaqlarla bağlı problemlər, formaca müxtəlif olsa da, dünyanın bütün ölkələrində vardır. Əgər firavan, varlı Amerikada uşaqlar bütün günü yeməkdən, hərəkətsizlikdən, televiziyaya baxmaqdan, kompüterdə oynamaqdan əziyyət çəkirlərsə, Afrikanın, Asiyanın bəzi ölkələrində uşaqlar aclıqdan, gecə-gündüz qul kimi işləməkdən, hərbi münaqişələrdən, savadsızlıqdan, AİDS xəstəliyindən əziyyət çəkirlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmiz BMT-nin "Uşaq Hüquqları" Konvensiyasına qoşulmuş və respublikamızda uşaq hüquqlarının qorunması artıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizdə hər il Beynəlxalq Uşaqları Müdafiə Gününün yüksək səviyyədə qeyd edilməsi, “Uşaq hüquqları haqqında”(1998), “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” (1999) Azərbaycan Respublikası Qanunlarının qüvvəyə minməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan edilməsi, Heydər Əliyev Fondunun dəstəyi və həmin Fondun prezidenti Mehriban xanım Əliyevanın şəxsi rəhbərliyi və analıq qayğısı altında ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq hədiyyələrlə dolu kompleks tədbirlərin, bayram şənliklərinin həyata keçirilməsi, sağlamlığı zəif olan uşaqların müalicəyə, istirahət yerlərinə göndərilməsi, yeni məktəblərin, uşaq bağçalarının tikilməsi və s. respublikamızda uşaqların daima diqqət mərkəzində olduğunu əyani göstərir. Bunlardan əlavə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsmanın, Azərbaycan Uşaq Fondunun, balalarımızın gələcəyi üçün maraqlı olan digər dövlət və qeyri-hökumət təşkilatlarının uşaqların hüquqlarının qorunması, sağlamlığı, xoşbəxtliyi naminə keçirdikləri konfranslar, seminarlar, humanitar aksiyalar ictimaiyyətin diqqətini bir daha uşaq problemlərinə yönəltməkdə çox mühüm rol oynayır. Bu yaxınlarda Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) və “Azersell” şirkətinin təşkilatçılığı ilə keçirilmiş BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə və ölkəmizdə uşaq ilinə həsr olunmuş “Azərbaycanda uşaq müdafiəsi islahatı” üzrə milli konfrans da uşaqların müdafiəsinin əhəmiyyətini, bu məsələnin beynəlxalq norma və prinsiplərə, habelə milli prioritetlərə uyğun həll edilməsinin vacibliyini bir daha bəyan etmişdir.

Məntiqlə götürsək, uşaq hüquqlarının qorunması hələ onların ana bətnində olduğu vaxtdan başlanmalıdır. Uşağın dünyaya sağlam gəlməsini onun birinci hüququ hesab etmək olar. Çox təəssüf ki, doğuş zamanı ananın dünyasını dəyişməsi və ya yeni doğulan uşağın ölməsi halları hələ də baş verir. Bunun bir səbəbi ananın hamiləlik dövrünü düzgün keçirməməyində olduğu halda, digər bir səbəbi həkim savadsızlığı ilə bağlıdır. Təsəvvür edin, doqquz ay ərzində ana körpənin dünyaya sağlam gəlməsi üçün nə qədər əziyyətlər çəkir, savadsız həkim isə bir anın içində hər şeyi məhv edir, ya da körpə travmalı doğulur. Uşağın dünyaya anadangəlmə xəstə gəlməsi, fiziki və əqli inkişafdan geri qalması və yaxud travmalı doğulması isə valideyn üçün olduqca ağır bir dərdə çevrilir.

Körpə düyaya göz açdıqdan sonra, ölkəmizdə mövcud qanunvericiliyə əsasən, o, qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Bu zaman uşağın ad, familiya almaq hüququ yaranır. Lakin, körpənin özünə istədiyi adı seçmək imkanı olmadığı üçün bu işdə bütün məsuliyyət valideynlərin üzərinə düşür. Bəzi valideynlər bu işə elə də çox ciddi yanaşmasalar da, körpəyə düzgün ad seçilməsi, onun gələcəyi üçün çox mühüm əhəmiyyətə malikdir. Çikaqo alimlərinin apardıqları tədqiqatlar göstərir ki, qəribə, gülməli, istehza, rişxənd doğura bilən və ya qeyri-adi adı olan uşaqlar müxtəlif növ psixi komplekslərə daha çox meylli olurlar. Belə adlar uşaqları öz yaşıdları arasında müdafiə mövqeyinə salır və uşaq həmişə özünə normal münasibət üçün mübarizə aparmalı olur. Ona görə də, uşağa milliliyi göstərən, yaxşı səslənən, qısa və asan tələffüz edilən, həm də imkan dərəcəsində familiya ilə ahəngdar olan ad seçmək daha uğurlu olar. Bundan əlavə, ad tapmaqda çətinlik çəkənlər bizim tanınmış mütəxəssislərin şəxs adları və onların mənaları haqında kitablarından körpələri üçün yaxşı adlar seçə bilərlər.

Uşaqların məktəbə qədər yaş dövrü, əksər hallarda valideynlərinin nəzarəti altında keçir. Psixoloqlar qeyd edirlər ki, bu dövrdə atanı, ananı uşaq üçün etalon hesab etmək olar. Körpə öz valideynlərinin səsini, yerişini, demək olar ki, evdəki bütün hərəkətlərini yamsılayır. Uşağın yaşı artdıqca, onun beyninin sintez və analitik fəaliyyəti formalaşdıqca, o, valideynlərinin hərəkətlərini götür-qoy etməyə, onlara tənqidi yanaşmağa, necə deyərlər, ata-ananın nöqsanlarını görməyə başlayır. Uşağı ən çox onun ehtiyacını ödəyən münasibət qane edir. Bu ehtiyac ödənildikdə uşağın valideynlərə rəğbəti və bağlılığı artır, əks halda hər şey tərsinə olur. Ona görə də körpə böyüdükcə ata-ananın ona təsiri uşaq-valideyn qarşılıqlı əlaqəsi ilə şərtlənir. Bunları nəzərə alaraq gənc ailələr öz davranışları ilə uşağa nümunə olmalıdırlar. Unutmamalıyıq ki, ailənin güzgüsü olan uşaqlar həmişə gördüklərini götürürlər.

Bəzi ailələrdə “tərbiyə etmək” adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur. Kötəkləmə üsuluna əl atan valideyn, övladına tək fiziki deyil, həm də psixiki zədə vurur. Halbuki, zorakılıq, qəddarlıq təbliğ edən, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən bütün vasitələr qanunla qadağan edilir. Pedaqoqlar qeyd edirlər ki, ailədə tez-tez bədən cəzasına məruz qalan uşaqlar özgələşir, sırtıq, kobud, qəzəbli və kinli olurlar. Çünki uşaqları döymək tərbiyə yox, təzyiq və qorxutma üsuludur. Uşaqları həddindən artıq əzizləməklə və nəvazişlə böyütmək də düzgün deyil. Onların bütün tələblərini yerinə yetirmək, uşaqlara hər hansı bir əziyyət verməmək, onların ən adi bir çətinliklərini həll etmək axır nəticədə övladların aciz və əfəl böyüməsinə gətirib çıxarır. Xüsusən oğlan uşaqlarının belə böyüməsi, onların müstəqil həyata qədəm qoyması və ya əsgərlikləri zamanı böyük problemlər yarada bilər. Uşağı düzgün tərbiyə etmək üçün valideynlər övladlarına individual yanaşmalı, onların xarakterlərində təzəcə cücərməyə başlayan mənfi və müsbət cəhətləri vaxtında ayırd edərək, yaxşılarını inkişaf etdirməli, zərərlilərin isə qarşısını dərhal almalıdır.

Məktəb yaşları çatdıqda uşaqların təhsil almaq hüququ yaranır. Təhsil alarkən biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, cəmiyyətdə davranış qaydalarına əməl etmək, xalqımızın adət-ənənələrinə hörmətlə yanaşmaq, əsl vətəndaş kimi yetişmək uşağın əsas vəzifələrindən biri olmalıdır. Bu vəzifələrin uşaq tərəfindən düzgün dərk edilməsinə və icrasına valideyn və müəllimlər cavabdehdirlər.

Psixoloqlar qeyd edirlər ki, 10-12 yaşına kimi uşağın şüuruna valideyn hələ istədiyi kimi təsir edə bilər, bu yaşdan sonra isə artıq ona nüfüz etmək çətinləşməyə başlayır. Xüsusən, ailədə məhəbbət və qayğı görməyən uşaqlar bir qədər sərbəst olan kimi özlərinə diqqəti ətafda axtarmağa başlayırlar və onlar çox asanlıqla yaşadıqları məhəllənin, gəzib dolandıqları ərazinin atmosferi, dost və yoldaş əxlaqının təsirı altına düşürlər. Bu zaman onlar tüfeyli həyat sürən, avara, qəddar admların və yaxud kriminal elementlərin hədəfinə keçə bilərlər. Belə bədəməllər uşaqları şirnikləndirərək pis yollara sürükləyir və onların siqaretə, işkiyə, narkotikaya, qumar oyunlarına qurşanmasına və cinayət törətmələrinə şərait yaradırlar. Ona görə də valideynlər uşaqlarının əlaqədə olduğu dairənin nümayəndələrini vaxtında müəyyən etməli, təhlükə hiss etdikdə ciddi tədbirlər görməlidir.

Bu gün bütün dünyada çox ciddi problemlərdən biri də valideyn himayəsindən məhrum olmuş, ağır həyat şəraiti nəticəsində küçəyə atılmış uşaqların hüquqlarının müdafiəsidir. Uşaqları ata, ana qayğısından zorla məhrum edilməsi çox böyük günahdır, lakin ata, ananın özlərinin uşaqdan imtina edərək, onu küçəyə atması artıq faciədir. Belə uşaqların taleyi çox ağır olur və onlar zorakılığın bütün növlərinə məruz qala bilərlər. Ona görə də respublikamızda da yiyəsiz, küçəyə atılmış uşaqların müəyyən edilməsi, onların uşaq evlərinə, internat məktəblərinə verilməsi müəyyən qədər bu uşaqların problemlərini azalda bilər. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların körpə həsrəti ilə yaşayan, qayğıkeş və imkanlı ailələrə övladlığa verilməsi onların gələcəyinə yaxşı təsir göstərər. Bu gün müxtəlif dövlət və qeyri-hökumət təşkilatları, şirkətlər, imkanlı adamlar tərəfindən uşaq evlərində və internat məktəblərində yaşayan, orda təlim-tərbiyə alan yetim və valideyn himayəsindən məhrum olmuş, həmçinin şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara baş çəkilməsi, humanitar aksiyaların keçirilməsi və uşaqlara yardımların edilməsi çox təqdirə layiqdir. Doğmalarının üzünə həsrət qalmış kimsəsiz, yiyəsiz uşaqlar onlara baş çəkən, qayğı ilə, məhəbbətlə yanaşan hər bir kəsi öz doğmaları və əzizləri kimi qarşılayırlar.

Sonda onu qeyd etmək lazımdır ki, uşaqların böyüklərsiz fiziki və psixoloji cəhətdən mövcud olması olduqca çətindir. Ona görə də uşaq hüquqlarını tanımaq və onları qorumaq, balacalara məhəbbət, hörmət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. Yalnız, belə olduqda biz balalarımızın işıqlı gələcəyini və xoşbəxtliyi layiqincə təmin edə bilərik.


Qeyd: Bu məqalə 20 oktyabr – 20 noyabr 2009-cu il tarixlərində Ombudsmanın keçirdiyi “Uşaq hüquqları hamı üçün” mövzusunda jurnalist yazıları müsabiqəsində III yerə layiq görülüb.



Yüklə 128,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin