Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?



Yüklə 27,62 Kb.
səhifə2/2
tarix28.04.2023
ölçüsü27,62 Kb.
#103975
1   2
Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq

Mükafatlandırma
Digər bir məsələ də uşaqların qazandıqları müvəffəqiyyətə uyğun mükafatlandırılmasıdır. “Uyğun” sözünü xüsusi vurğulamaq istəyirəm. Çünki böyük müvəffəqiyyəti böyük mükafatla, kiçik bir uğuru kiçik mükafatla qiymətləndirmək ədalət anlayışı ilə yanaşı, “Nə qədər zəhmət o qədər səmərə” prinsipi ilə də üst-üstə düşür. Bəli, istər dini, istər dünya həyatına aid məsələlərdə, – söz yox ki, söhbət məşru olandan gedir, – hər bir müvəffəqiyyətin mütləq mükafatlandırılması ilahi əxlaqın tələbidir.
Bu baxımdan ana-ata bir az da alim, müdrik və tərbiyəçi sayılır. O bilir, düşünür, baxır, qoruyur və onların üstündə tir-tir əsir. Bəli, əgər ana-ata maşınına, bağına-bağçasına fikir verdiyi qədər uşaqlarına əhəmiyyət verməsə, o uşaqların duyğu və düşüncələrinin qısır və cılız qalması qaçılmaz olar. Bu baxımdan bir az əvvəl haqqında bəhs etdiyimiz prinsiplərdən rəfət, şəfqət, qədirşünaslıq, Haqqın nemətlərinə təzim etmə ilə yanaşı, həqiqi malikiyyətin və sahibliyin bir növ təzahürü olan “uşaqların bütün hallarına nəzarət” məsələsində də əsas qaynağa müraciət etməyə məcburuq.
Bu əsas qaynaq Allah əxlaqıdır. Allah dünyada yaxşı əməl işləyənlərə axirətdə Cənnət, pis əməl işləyənlərə də cəza verir.
Qurani-Kərim: “…Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (“İbrahim” surəsi, 14/7) buyurur.
İlahi əxlaqa yiyələnərək uşaqla əlaqədar mövqe və davranışlarımızı o qədər müvazi şəkildə ortaya qoymağa çalışmalıyıq ki, Allah da bizi tənhalığa sürükləməsin.
Uşağı gələcəyə hazırlama
Son olaraq faydalı bildiyim bir mövzu da var ki, o da uşaqlarla münasibətdə onların formalaşdığı mühiti, yaş, dünyagörüşü, bilik və mədəni səviyyələrinin nəzərə alınmasıdır. Uşaq beş yaşındadırsa, yemək rejimində ehtiyaclarını nəzərə aldığınız kimi, dini bilgiləri öyrədərkən də onun səviyyəsini unutmamalısınız. Yeddi yaşında öyrədilən biliklə on yaşında öyərdilənlər, təbii ki, eyni olmamalıdır.
Ancaq burada mühüm bir məqam var, o da öyrədilən və təlqin edilən hər şeyin uşağın hal-hazırda yaşadığı dövrə və yaş-baş səviyyəsinə deyil, növbəti dövrə və səviyyəsinə aid olmasıdır, çünki o, hazırkı dövrü onsuz da, necə olsa görəcək, hiss edəcək və yaşayacaqdır. Bu baxımdan mövcud mühitdən və ya müəllimlərdən öyrəndikləri kafi sayıla bilər. Demək, biz ona həyatının növbəti mərhələsinə uyğun tərbiyə verməliyik.
Həzrət Əli (r.a): “Uşaqlarınıza yaşadığınız dövrün elmini və mədəni dəyərlərini deyil, daha sonrakı dövrün ədəb və ərkanını öyrədin, çünki onlar sizin zəmanəniz üçün deyil, başqa bir dövr üçün yaradılıbdır”, – buyurur. Bu prinsipə ümumi bilgi və mədəni dəyərlər baxımından yanaşmalı olsaq, “Mövcud bilik və mədəni dəyərlərlə kifayətlənmək hədəfi kiçik götürmək, az səy göstərməkdir”. Bunun nəticəsində başqaları tədricən gəlib sizi keçər və çox geridə qalarsınız. Bu prinsipin təlim və tərbiyə prosesində nəzərə alınması və tətbiq edilməsi uşağın yaşadığı zamanın hüdudlarını aşıb gələcək dövrlərə və yaş mərhələlərinə uyğun istiqamətdə yetişməsini asanlaşdırır. Bəli, altı yaşlı uşağa yeddi yaşın tərbiyəsi verilməli, yeddi yaşına çatanda da səkkiz yaşın proqramı tətbiq edilməlidir.
Xülasə, uşağa beş yaşına qədər verilən dini və milli təlim-tərbiyə həddi-büluğ yaşı sayılan on beş yaşına qədər mərhələ-mərhələ artırılaraq davam etdirilməli və mütləq yaşa-başa uyğun olmalıdır ki, mənimsəməsi də çətin keçməsin. İyirmi yaşına çatmış, gənclik dövrünün tam ortasına qədəm qoymuş bir cavana on beş yaşın dini təlim-tərbiyəsini verməyə başlasanız, onun din, iman və əxlaq baxımından hər şeyini alt-üst etmiş olarsınız. Orqanizm hər bir mərhələdə fərqli qidaya ehtiyac duyduğu kimi, fikir, ağıl, hiss, şüur, idrak və könül kimi lətifələr[1] də öz səviyyələri nisbətində “bəslənmə” tələb edirlər.
Siz təlim-tərbiyəsinə cavabdeh olduğunuz bir fərdin ictimai, düşüncə və əqli səviyyəsini anlamadan ona bir şey öyrətməyə başlasanız, o şəxsi özünüzdən uzaqlaşdırmış olarsınız. Bu gün bir sıra yanlış təlim-tərbiyə üsullarına baxmayaraq, bəzi gənclərin hələ də fikirləri, hisləri, duyğuları sağlamdırsa, bu, tamamilə Allah-Təalanın onlara bir inayətidir, ya da düşüncə etibarilə hələ inkişaf etməyiblər, yaş iyirmi beş, baş isə on və ya on beş yaşdadır, öz dövrlərindən çox geridə qalıblar. Məhz belə bir insanın günlərin bir günü dini, milli, ictimai mövzuda öz səviyyəsindən üstün bir fikir və düşüncə ilə üz-üzə gələndə, Allah qorusun, sarsılaraq öz dəyərlərindən qopması qaçılmaz olur.
Tərbiyəni yaşla-başla bərabər səviyyədə və ya bir iki addım öndə aparmaqla əlaqədar din bizə bu tövsiyəni verir: Əgər uşağın on beş yaşında namaz qılması fərzdirsə, siz onu on yaşında namaza alışdırın. Bu eyni zamanda “Ona oruc tutmağı da mükəlləf olduğu dövrdən bir neçə il əvvəl öyrəşdirin” mənasını da verir. Bu prinsipi digər bütün məsələlərə də şamil edə bilərik ki, bu da uşağı əvvəlcədən növbəti yaş mərhələlərinə uyğun formalaşdırmaq deməkdir.

Qeyd edim ki, əgər buradakı dəyər hökmləri və mühakimələrdə qəti və tərəddüdsüz cümlələr işlədiriksə, bu, həmin məsələyə Quran və Sünnə perspektivindən baxmağa inamımızdan və ən az o istiqamətdəki güclü zənnimizdən irəli gəlir. Biz uşaqlara kiçik yaşlarında müəyyən bilik və fəzilətlərinin öyrədilməsinin daha səmərəli olduğuna inanırıq. Belə ki, əgər onların mükəlləf yaşda dinin fərzlərini mütləq yerinə yetirmələrini istəyiriksə, buna çox erkən yaşlarda başlamaq lazımdır. Biz bu cür yanaşmanın səmərələrinə indiyə qədər çox şahid olmuşuq.

Burada İmam Cəfərin[2] bizə verdiği bəzi yaş ölçülərindən də bəhs etmək istəyirəm:

“Yeddi yaşa qədər uşaqlıq dövrü sayılır ki, uşaq bu yaş mərhələsində gördüklərini təqlid edir və daha çox oyun oynayır. Siz onunla oynayar və əylənərsiniz, o da sizinlə əylənər. Sizdən nə görsə, öyrənir və təqlid edir. Bu yaşa qədər uşağın həyatı bir növ təqlid və oyundan ibarətdir. Bundan sonra yaşına-başına, idrak səviyyəsinə görə təlqin mərhələsi başlayır. Bu mərhələdə dərrakə və qavrama səviyyəsindən asılı olaraq tez-tez reabilitasiyadan keçirilərək milli və mənəvi dəyərlərə meyil və maraq oyadılmasına çalışılır. Məhz bu yaş mərhələsi Kitabullahın təlim dövrü olub bir o qədər zaman tələb edir. Bundan sonra ağlı, məntiqi və mühakiməsi ilə haram və halalı öyrənmə dövrü gəlir ki, bu da əvvəlki mərhələ qədər çəkir”.

İmam Cəfərə görə, fərdin ictimai və dini baxımdan tam formalaşması iyirmi bir yaşında başa çatmalıdır. Deməli, bu yaşdan sonra uşağa bir şey öyrətsəniz də, çətin qəbul edəcək. Elə isə iyirmi bir yaşına qədər dini və milli dəyərlərə mükəmməl yiyələnməlidir. O yaşadək dini həyatı əməli, nəzəri, əqli və məntiqi yönləri ilə bir bütöv kimi mənimsəməlidir ki, “qış rüzgarlarına” tuş gələndə sarsılmasın. Tirmizinin rəvayət etdiyi bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Uşaqlarınıza yeddi yaşından namazı öyrədin”[3]. Bəli, uşaq o yaşadək bizdən nə görübsə, onları öz təcəssüsləri[4] ilə qavramışdır. Bir mənada artıq sizə sadəcə onun əlindən tutub o günədək öz təcəssüsləri ilə görüb qavradığı şeyləri izah etmək, bəzən həvəsləndirmək və təşviq etmək, bəzən də bir az qorxutmaq və xəbərdarlıq etmək qalır. Demək, dini məsələləri müəyyən yaşa qədər hal və davranışlarla göstərmək əsas olduğu halda, müəyyən dövrdən sonra idrak səviyyəsinə uyğun olaraq məntiqli izah etmək lazım gələcək. Bu dəlillərin işığında bəzi uşaqları altı yaşında, bəzilərini səkkiz yaşında, bəzilərini də ən geci on yaşında yetkin bir insan kimi görərək onları ruhlandırmalı, onların şəxsiyyətinə ehtiram göstərməli və hər şeyi peyğəmbəranə bir əzmlə izah etməliyik. İbadətə alışdırmaq məsələsində də eyni ciddiyyətlə səy göstərməkdən qalmamalıyıq.

Allah Rəsulu (s.ə.s): “Həya imanın mühüm bir parçasıdır”[5], – buyurur. Digər bir hədisi-şərifdə isə: “Həyası olmayanın imanı da yoxdur”[6], – deyə fərman edir.

İndi ki məsələ belədir, o zaman həyalı və ədəbli yetişdirmək istədiyimiz nəsillərin təlim-tərbiyəsinə ta kiçik yaşlardan ciddi fikir verməliyik ki, yetkinlik dövrünə gələndə Quran əxlaqının canlı nümunəsi olsunlar.

[1]Lətifə – bədənin fiziki, cismani üzvlərinə orqan, ruhi-mənəvi üzvlərinə isə lətifə deyilir.


[2] İmam Cəfər – İmamiyyə məzhəbinin qəbul etdiyi on iki imamın altıncısıdır. Həzrət Əlinin nəvəsinin nəvəsidir. Atası Məhəmməd Baqirin yerinə imamətə keçmişdir. Həzrət Hüseynin şəhid edilməsindən sonra Peyğəmbər övladları siyasətlə məşğul olmamış, özlərini elmə həsr etmişlər. Bu ailədə yetişən Cəfər də özünü elmə vermiş, fiqh, hədis və digər dini elmlərlə yanaşı, təbiət elmlərini də öyrənmişdir. Tarsuslu İbn Həyyanın müəllimi İmam Cəfərin beş yüz risaləsini toplayaraq min vərəqdən ibarət bir kitab yazdığı rəvayət edilir. (İbn Xalliqan, “Vəfəyatul-ayan,” Misir, 1948, I, 291).
[3] Tirmizi, “Salət”, 182.
[4]Təcəssüs – Gizli şəkildə birinə göz qoymaq, bir şeyi xəlvətcə öyrənmək. Burada “araşdıran, saf-çürük edən baxışlar” nəzərdə tutulur.
[5]Müslim, “İman”, 57, 58; Buxari, “İman”, 3; Əbu Davud, “Sünnət”, 14; Nəsayi, “İman”, 16; İbn Macə, “Müqəddimə”, 9.
[6]Bax: Əli əl-Müttəqi, “Kənzül-ümmal”, 3/119.
Yüklə 27,62 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin