T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1,19 Mb.
səhifə4/13
tarix31.01.2017
ölçüsü1,19 Mb.
#7184
1   2   3   4   5   6   7   8   9   ...   13

ATA -BALA SÖHBƏTİ
Məşədi Fazil övladları ilə münasibətdə atasından götürdüyü adətdən istifadə edirdi. Oğullarını yanına çağırar, hal-əhval tutardı. Sonra isə onların bu və digər məsələyə dair fikrini bilmək istəyərdi.

Əşrəfin gəlməsini səbirsizliklə gözləyən Məşədi Fazil Dadaş xanın rədd cavabından sonra, onun özünü necə aparacağı maraqlandırırdı.

O, anlayırdı ki, Dadaş xanın tərsliyi nə ilə əlaqədardır. "Bu adam var-dövlətə, şana-şöhrətə öyrənib. Anlamır ki, dövran daha o dövran deyil. Bircə anın içində olan qalanını itirirsən!" – düşünürdü.

Məşədi Fazil çıxış yolunun nədə olduğunu görmürdü və oğluna nə təklif edəcəyini də bilmirdi.

Seyid Bikə isə hirsindən var-gəl edirdi. Dadaş xanı söyürdü:

-Mürtəd oğlu, mürtəd! Eşşək həmşəridir də? Xan oğludur. Başına dəysin xanlığın!

-Ay arvad, bəsdir! - deyə Məşədi Fazil onu sakitləşdirirdi.

Seyid Bikə hirsli-hirsli həyətə endi.

Günəş şüalarını Şübanı dağlarının arxasında gizlədirdi. Yasamalın arxasından buludları aşağıdan yuxarı qızardırdı. Bakını əhatə edən dağların üzərini qırmızı rəngə çalırdı.

Əşrəf həyətə daxil olanda atasının fikirli olduğunu gördü. Anladı ki, yenə də nə isə baş verib. Onun qarşısına qaçan Nərgizi göyə qaldırdı, üzündən öpdü, yerə qoydu Əlindəki şirniyyatı qızcığaza verdi. Atasına yaxınlaşdı, salamlaşdı:

-Dədə, niyə belə dilxorsan? Nə baş verib?

-Heç nə, bala! Qaynatan qarşımıza şərtlər qoyub. Deyir ki, bunları edin, sonra qızı aparın.

-Dədə, elə bu?

-Bala, bu azdır?

-Təki dərdimiz elə bu olsun!

Ata oğlunu başa düşmədi. Əşrəf isə dinmədi.

-Bala, uşağı anasız böyütmək olmaz!

-Biz də belə düşünürük.

-Biz, kim?

-Raziyə də, mən də.

-Başım çıxmır?

-Dədə, səbirli ol! Hər şey düzələcək.

Oğlunun arxayınçılığı onu sakitləşdirdi. Ancaq Seyid Bikə az qalmışdı ki, hər şeyi korlasın.

Oğlunun gələndə, Seyid Bikə həyətdə qonşu arvadlarla söhbət edirdi. Oğlunun gəldiyini görən ana Nərgizin əlindən tutub eyvana çıxdı. Keçib oğlunun üzündən öpdü:

-Qaynatan qudurub. Get, qızı götür qaç! Qaçırtmasan, kişi deyilsən!

-Ay arvad, kəs səsini! - deyə sakitləşmiş Məşədi Fazil onun üstünə çımxırdı.

-Səndən fərsizdir? Sən qaçırtdın, o, qaçırda bilmir.

-Camaat nə deyər?

-Nə deyir, desin! Ayıb iş tutmur ki? Mir Hüseyn ağanın qızını qaçırdanda, heç bunu düşünmürdün?! Tiflisdəki evimiz durur, versinlər özlərini ora.

-Kəs səsini, arvad. Ayıbdır. Uşağı yoldan çıxartma!

-İndiki uşaqlar çoxdan yoldan çıxıblar! - deyə Seyid Bikə Nərgizin əlindən çarhovuzun yanına apardı. Elə bil Məşədi Fazilin fikri onu maraqlandırmırdı. Əslində isə atayla oğlun danışması üçün şərait yaradırdı. Fikrini də demişdi. Bu yeganə çıxış yolu idi. Qalırdı Əşrəfin fərasətinə.

Məşədi Fazil isə, doğurdan da, hirslənmişdi. Hirsini tökmək üçün isə arvadı əlinə keçmirdi. Hirsindən bilmirdi ki, nə etsin.

-Dədə, hirslənmə, bir şey fikirləşərik! - deyə Əşrəf atasını sakitləşdirdi.

Əşrəfin ağlına gəlməyən fikri anası başına salmışdı. "Görəsən, Raziyə nə deyəcək?" – deyə düşündü. Qəlbində qeyri-bir arxayınçılıq vardı, Raziyə də onu başa düşəcəkdi.

Ertəsi günü Məşədi Fazil Tiflisə getməli oldu.
***
TİFLİS
"Bakı-Tiflis" qatarı adamla dolu idi. Pəncərəyə sığınan Raziyə Nərgizi dizinin üstündə oturtmuşdu. Qızcığaz birinci dəfə idi ki, qatara minirdi.

- Ana, parovoz nəynən işləyir?

-Qızım, buxarla.

-Onda gərək içində samovar olsun ki, suyu qaynatsınlar.

-Elədir qızım! - deyə Əşrəf də sözə qarışdı: - "Onun içində samovara oxşayan böyük qazan var, qazan qaynayır, buxar olur, buxar isə mühərriki işə salır. Odur ki, parovoz buxar buraxır.

-Ana, ora bax, biz körpünü keçirik.

Qatar Keşlə körpüsünü keçirdi. Raziyəni fikir aparmışdı. Dünən Əşrəfin təkidinə və məntiqinə davam gətirməyən Raziyə ona qoşulub, Tiflisə getməyə razılıq vermişdi.

Dünənki söhbət Nərgizin taleyi üzərində qurulmuşdu.

-Raziyə, gəl, elə edək ki, Nərgiz atasız, anasız olduğunu duymasın. Onu öz balamız kimi böyüdək. Atanın şərtlərinə əməl etməyə isə bir-iki il lazımdır. Gedək, Tiflisə orada evimiz var. Dədənin kəlağayı sexində işləyəcəyəm. Çoxlu pul qazanaram, Bakıya dönərik.

Raziyə Əşrəfin bacarığına, ağlına, igidliyinə, dediyi sözə sahib duracağını bilirdi, razılığını verdi. Dadaş xan Xaçmaza gedən kimi onlar da Tiflisə getmək qərarına gəldilər.

-Görəsən, indi bizimkilər nə edirlər? - deyə Raziyə soruşdu.

-Nə edəcəklər? Bir-iki saatdan sonra, anan qaçacaq bizə: – «Qız hanı?» Hamı düşəcək əl-ayağa, bircə Məmədən başqa" - deyə Əşrəf cavab verdi.

O, uşaqlıqdan Seyid Bikəyə "Məmə" deyirdi. Qalan qardaşlar da Əşrəf kimi belə çağırırdılar.

Qatar ağ tüstüsünə bürünüb qaranlığın içərisinə girirdi. Pəncərədən çəkilməyən Nərgiz ilan kimi sürünən qatarın təkərinin səsindən mürgüləmək istəsə də, maraq ona üstün gəlirdi. Bayaqdan dinməyən qızcığaz pəncərədən gözünü çəkdi.

-Ata, biz hara gedirik? - soruşdu.

-Mənim balam, Tiflisə! -deyə gənc ata cavab verdi.

-Ata, Tiflisə niyə? Bəs nənə?

-Mənim balam, bizim evimiz Tiflisdədir. Nənəgilə tez-tez qonaq gələcəyik.

-Ananı da aparacaqsan?

-Onsuz olarmı?

Nərgiz yenə də Raziyəyə sığındı. Başını onun dizinə qoyub mürgüləməyə başladı.

***


Bakıda isə aləm, doğurdan da, bir-birinə dəymişdi. Qızının evə gəlmədiyini görən Səriyə xatın tələm-tələsik özünü Seyid Bikəgilə verdi:

-Qıza, bu başıbatmışlar hanı?

Seyid Bikə heç nə olmamış kimi:

-Mən də nigaranam! - dedi.

-Qıza, ikisi də yoxa çıxıb. Heç yerdə yoxdular. Mən nə edim? Başıma nə çarə qılım?

-Sakit ol, Səriyə xatın! Əşrəflə Raziyə balalarını götürüb Tiflisə gediblər.

-Qıza, nə danışırsan? Dadaş məni öldürəcək!- deyə ağlamağa başladı.

-Heç nə etməyəcək. Niyə ağlayırsan? Bu gün-sabah toylarıdır. Əsası odur ki, onlar xoşbəxtdirlər.

-Elədir, Seyid qızı.

****


Qatar Tiflisə çatanda günorta olmuşdu. Baharın təravətindən şəhər yaşıllıq içində idi. Sanki buralara müharibənin səsi, sorağı dəyməmişdi. Xalqı gülər üz, şirin dil idi.

Gürcü dilini yaxşı bilən Əşrəf bir anın içində faytonçunu dilə tutdu:

-Katso, "Orta çalaya " apar! - dedi.

Raziyə gördü ki, Əşrəf özünü Bakıda kimi hiss edir.

-Yaxşı sən, gürcülərlə danışdın, bəs mən kiminlə danışacağam?

-Ay qız, ürəyini sıxma, Cəfərli tayfası buradadır. Özün görəcəksən. Digər tərəfdən, gürcü dilini öyrənməyə nə var ki? Sözlərinin çoxu azərbaycancadır.

Kürün sahilindəki körpünü keçib fayton Nadvarski küçəsindəki mülkün qarşısında dayandı.

Əşrəf faytonçunun pulunu verib qapını döydü. Qapını cavan qadın açdı.

-Bəs Qoqi hanı? – deyə Əşrəf gürcücə soruşdu.

-Onu əsgər apardılar. Sən Əşrəfsən?

-Bəli, bəs sən?

-Marqo. Mən onun həyat yoldaşıyam.

-Tanış ol! Bunlar isə mənim həyat yoldaşım Raziyə və qızım Nərgizdir.

-Xoş gəlmisiniz! Buyurun keçin!

Qadının dəvət etdiyi həyət çox böyük idi. Qarşıda iki mərtəbəli mülk dururdu.

-Qoqi haçan evləndi? Bəs bizə niyə xəbər vermədi?

-Fazil dayı gəlmişdi. Sən frontda idin.

Əşrəf anladı ki, qız hamını tanıyır.

-Fazil dayı da burdadır. Səməd ağa ili sexə getdilər. Gedim çağırım.

-Yox, mən özüm gedərəm. Marqo, Nərgizlə Raziyəni yerbəyer elə, gəlirik!

***

Basqallıların Tiflisdəki kəlağayı sexi Seyid Bikənin bacısı Baratgilin həyətinin arxasında idi. Kəlağayı sexini Səməd ağa idarə edirdi.



Tiflisdə onun qədər hörmətli adam çox az tapılardı. Tanıyanlar bilirdilər ki, Səməd ağanın bir sözü iki olmur. Sözü ilə əməli həmişə düz gəlirdi. Tiflis qədər qarmaqarışıq bir yerdə onun hörmətini hamı saxlayırdı.

Səməd ağa yaraşıqlı, boy buxunlu, hündür qamətli bir insan idi. Duruşunda və hərəkətlərində qətiyyətlilik duyulurdu.

Əşrəf sexin qarşısından keçib özünü xalasıgilin həyətinə salmaq istəyirdi ki, sexin ağzınsan Səməd ağa onu gördü, Məşədi Fazil də onun yanında idi.

-Bacı oğlu, xoş gördük! Sən hara, bura hara? - deyə Səməd ağa Əşrəfi qabaqladı.

-Səməd dayı, salam! Dədə salam! - dedi və keçib hər ikisini əlindən öpdü.

-Bacı oğlu, xeyr ola? Əvvəl dədəni qabağa buraxırsan, sonra özün gəlirsən!

Əşrəf onlara nə deyəcəyini bilmirdi. Planına görə, xalasıgilə getməli idi ki, onu evlərinə gətirsin və məsələni agah etsin. Ancaq idi vəziyyət dəyişmişdi.

-Bala, nə gözünü döyürsən, düş qabağıma, gedək xalandan muştuluq alaq! - deyə Səməd ağa özü də bilmədən Əşrəfin işini yüngülləşdirdi.

-Niyə görə muştuluq alırsınız?

-Necə yəni niyə görə? Frontdan qayıtmısan.

-Elə buna görə?

-Bəs niyə görə?

-Başqa bir iş də tutmuşam! - deyə Əşrəf atasının baxışlarındakı mülayimliyi görüb ürəkləndi.

-Siz Cəfərlilər, yenə nə iş görmüsünüz?

-Pis iş görməmişik! Dədəm etdiyini etmişəm.

-Başa düşmədim? - deyə Səməd ağa çaşqın qaldı

-Səməd, sonra səni başa salaram. - deyə söhbətə qoşulan Məşədi Fazil oğlunun nə demək istədiyini o saat tutdu. Üzünü Əşrəfə çevirdi:

-Get, xalanla görüş! - dedi.

Əşrəf çıxıb getdi. Səməd ağa sexdəki uşaqlara tapşırıqlar verib Fazilin yanına qayıtdı.

-Bizim burda daha işimiz qalmadı. Fazil, gedək bir az Baratı sevindirək. Ancaq yenə də başa düşmədim nə xəta çıxardıb ki, sən belə sevinirsən.

-Tələsmə, Səməd! Bacım sənə hər şeyi başa salar. Ancaq Əşrəf dediyini olduğu kimi Barata deyərsən.

Səməd ağa Fazilnən sexdən çıxıb Seyid Baratın süfrəsinə təşrif gətirmək istəyirdilər. Əşrəfin onların qabağına çıxmağı da yerinə düşdü.

-Bıy, bıy! Kimi görürəm? A bala bir bəri gəl! - deyə Seyid Barat bacısı oğlunu bağrına basdı, özünü saxlaya bilmədi, gözlərindən yaş sel kimi axmağa başladı.

Əşrəf əllərilə onun gözünün yaşını sildi:

-Xala, ağlama! Səni ağlatmağa gəlməmişəm. Allah qoysa Məmməd də qayıdar. –deyə Əşrəf frontda olan xala uşağını nəzərdə tuturdu.

-Bala, bu sevincdəndir. Keç, stolun arxasına! İndi Səmədlə Fazil də gələcəklər. Mən gedim, hazırlıq görüm. Uşaqlara da gəlməyini xəbər verim! - deyə Seyid Barat otağa keçdi.

Əşrəf həyətdəki söyüd ağacının altında qoyulmuş stolun arxasına keçdi. Bir-birinin ardınca həyətə düşən xalası uşaqları Əşrəfin boynuna sarılırdılar. Ondan dörd-beş yaş cavan olan Ağarza ilə Davud qanad açıb uçurdular, balaca Rafiqlə Almaz isə sevindiklərindən bilmirdilər ki, nə etsinlər.

Seyid Baratın böyük qızı 7-8 yaşlı Firəngiz anasına qoşulub süfrəni bəzəyirdilər.

-Xala, Məmməddən nə xəbər var? - deyə Əşrəf soruşdu.

-Gedəndən nə səs var, nə soraq. Nə ölüsü var, nə dirisi. Başıma nə çarə qılacağıq bilmirik...

-Allah qoysa qayıdar. Məmməd diribaş oğuldur.

-Nə əcəb buralara təşrif gətirmisən? Ananı tək qoymusan, xala sənə qurban?!

-Xala, sənə sözüm var! - deyə Seyid Baratı qırağa çəkdi. -Xala sənə qurban, de görüm nə olub?

-Xala Raziyəni götürüb bura gətirmişəm.

-Denən ki, qaçırtmısan.

-Xala, zarafatın yeri deyil. Dədəyə necə deyim?

-Ay xətəkar burda çətin nə var ki? Əsası odur ki, qaçırmısan. Əlbəttə ki, Bikənin razılığıynan. Mən bacıma bələdəm.

-Xala, nə edim?

-Bu daha sənlik deyil!

Bacanaqlar həyətə daxil oldular, həyətin ortasındakı təmtərağı gördülər. Səməd ağa süfrənin necə bəzədildiyin görüb üzünü Məşədi Fazilə tutdu, ancaq bərkdən dedi ki, Seyid Barat da eşitsin:

-Məşədi, bu bizə görə deyil e! Görürsən, baldızın bacı oğluna necə qulluq edir?

-Bəs sizə qulluq edəcəyəm? Bu mənim balamdır. Siz kimsiz? - deyə Seyid Barat zarafata zarafatla cavab verdi.

-Biz heç kim? Ələşrəfin şotuna yeyənlər. - deyə Səməd ağa arvadını susdurmağa çalışdı.

-Özgə şotuna yemək istəyənlər, keçin süfrə başına.

-Bu şamaxılıları basqallılar hər şeydə ötürlər, ancaq dildə yox!

-Ay arvad, de görüm, Əşrəfə nə muştuluq verdin!

-Mən nə vercəyəm, özüm bilərəm! Ancaq tez olun hər ikiniz mənə muştuluq verin!

-Biz niyə verməliyik? Sənin bacın oğlu frontdan qayıdıb.

-İkimiz niyə? Seyid qızı? - deyə Məşədi Fazil təəccüblə soruşdu.

-Səndən iki qat muştuluq düşür. Özü də sabah Səmərqəndə qayıtdı yoxdur. Əşrəf qız qaçırdıb. Gətirib bura. Deməli, toy olacaq. Oturun yeyin, mən qaçdım gəlinimizin yanına.

-Ay arvad, dayan, səni görən qaçar. Qız yazıqdır! - deyə Səməd ağa zarafatından qalmadı.

Seyid Baratın Almazla tələsik həyətdən çıxdıqlarını seyr etdikdən sonra Səməd ağa Əşrəfə yaxınlaşdı, alnından öpdü:

-İndi başa düşdüm, nə deməkdir, “Dədəm etdiyini etmişəm!” Dədənin yadına belə düşmür, cavanlıqda nə edib?

Məşədi Fazil Səməd ağanın bu zarafatına güldü.

-Gəlin, cavanların sağlığına bir badə qaldıraq! Allah onları xoşbəxt eləsin! - deyə hamını stolun arxasına dəvət etdi.

-Toyda sərpayılığı mən edəcəyəm. Fikirləşək, haçan toyu edəcəyik? Səmərqəndə getməyin isə qaldı sonraya.

***

Seyid Barat qızıyla Əşrəfgilin həyətinə daxil oldular. Həyətdəki kollar gül-çiçək tökmüşdü. Bacısı Seyid Bikənin zövqü ilə əkilmiş cürbəcür çiçək kolları və ləklərdəki güllər həyətdəki yaşıllıqla vəhdət təşkil edirdi.



Tiflisin qışının soyuq olmasına baxmayaraq Məşədi Fazilin səyi nəticəsinə bu həyətdə elə ağaclar bitirdi ki, şəhərin heç bir yerində belələrini görmək mümkün deyildi.

Tale Seyid Bikəynən Fazilə burada daimi yaşamaları üçün şərait yaratmadı. Onlar 27-ci ildən başlayaraq Tiflis-Bakı-Səmərqənd arasında qalmışdılar.

Mülk Səməd ağanın adına olduğundan onu müsadirə etməmişdilər. Seyid Bikə Tiflisə hərdən bir gəlirdi, gələndə isə çox vaxt elə Baratgildə qalırdı və nadir hallarda bura ayaq basırdı. Adətən onlar bura yaz və yay vaxtları təşrif gətirirdilər.

Kürün sahilinə daha yaxın olduqlarından Məşədi Fazilgilin həyətindən Tiflisin sol sahilindəki qayaların üstündəki evlər açıq görünür, gözləri önündə gözəl mənzərə açılırdı.

İndi onlar bacısının həyətini Səməd ağanın dostunun oğlu Qoginin ailəsinə vermişdilər ki, həm yaşasınlar, həm də həyət-bacaya baxsınlar. Mülkün birinci mərtəbəsində Qogigil yaşayırdı. İkinci mərtəbəsində isə Cəfərlilər Tiflisə gələndə qalırdılar.

Marqo əlli-ayaqlı, təmizkar bir qadın idi. Bütün günü bağda-baxçada çalışardı. Ləklərdə istədiyin göy-göyərti və tərəvəz əkərdi. Evin ətrafında əkdiyi qızıl güllərin ətri eyvana vururdu. Adama elə gəlirdi ki, cənnətdədir. Bağda quşların cəh-cəhi insanın əsəblərini sakitləşdirir, rahatlıq verirdi.

Vaxt vardı yay aylarında iki bacı yamyaşıl otların üstündə oturub qarşılarındakı bu cazibədar mənzərəni seyr edirdilər.

Barat xatın ikinci mərtəbəyə qalxanda, eyvanında Marqo Nərgizlə oynayırdı. Raziyə isə otağına keçib yır-yığış edirdi.

-Bu balaca şeytan kimdir? - deyə Barat xatın Nərgizi göstərdi.

-Əşrəfin qızıdır! - deyə Marqo gürcücə cavab verdi.

-Marqo, axı onların qızları olmamalıdır! - deyə Barat xatın gürcücə soruşdu.

-Barat xala, mənə Raziyə belə dedi.

Otaqda adını eşidən Raziyə diskindi. Eşiyə çıxmaq istədisə də çıxmadı. Utandı.

-Yaxşı, hanı mənim balam? –deyə Barat xatın Nərgizdən soruşdu. O, isə əlilə otağı göstərdi.

Barat xatın tərəddüd etmədən otağa keçdi. Raziyəni güzgünün arxasında oturduğunu gördü.

-Halal olsun, bacı oğlu! Buna deyərəm "mamlı-matan". Gəl, səni bağrıma basım, mənim balam.

Barat xatının arxasınca Nərgiz qaçıb anasının balağından yapışdı.

-Bu kukla kimdir?

-Bizim qızımızdır.

-Axı sizin olmamalıdır...?

-Bu haqda sonra danışa bilərik mi?

-Əlbəttə!

-Nərgiz, keç Marqo xala ilə oyna! - deyə Nərgizi eyvana göndərdi.

-Əşrəfin müharibədə həlak olmuş dostunun qızıdır. Yiyəsiz qalmışdı, övladlığa götürdük. Ancaq bu haqda heç yerdə danışmaq lazım deyil, bilən olmasın. Qızın qəlbini sındırmayaq.

-Qızım, Allah ürəyincə versin! İndi isə tez geyin, gedirik bizə. Toya qədər sən bizim evdə qalacaqsan. Belə olmasa, basqallıların ağzını bağlaya bilmərik. Al, bu kəlağayını, at başına. Səni başıaçıq görməsinlər. Tiflisdə azərbaycanlılar baş açıq gəzmirlər.

Barat xatın, Raziyə və Nərgizin Səməd ağagilin həyətinə daxil olduğunu birinci Əşrəf gördü. Yerindən durub onları qarşıladı.

-Xala, onları bura niyə gətirdin? Ayıb deyil?

-Bala, belə lazımdır.

Əşrəf xalasının qətiyyətli cavabından sonra susdu. Səməd ağa eyvandan Barat xatını və yanındakıları gördü.

-Məşədi, aşağı bax! Arvad deyil, od parçasıdır. Biz burada vurmaqdayıq, baldızın isə bizim üçün düşünməkdə. Deyəsən, gəlinini bizim evdən köçürəcəksən.

Babasını eyvanda görən Nərgiz qaça-qaça gəlib Məşədi Fazilin boynundan sarındı.

-Bu şeytan kimdir, Məşədi?- deyə Səməd ağa təəccüblə soruşdu.

-Gülüm, çiçəyim, gözümün nuru nəvəm. - deyə Məşədi Fazil gülümsədi və nəvəsinin alnından öpdü.

Səməd ağa müdrik kişi idi. Anladı ki, qızın kimliyi haqda indi danışmaq olmaz. Ancaq yenə də zarafatından qalmadı:

-Məşədi, sən birinci qocaldın, içirəm gənc babanın sağlığına!" - deyə Səməd ağa ona məxsus qürurla çaxır dolu badəni axıra qədər içdi.

Məşədi Fazil isə keçib Raziyənin alnından öpdü:

-Qızım, Allah sizi xoşbəxt eləsin! - dedi.

-Xeyr-duanı aldın, indi keç otağa! Bir həftə Əşrəfi gördü yoxdur-deyə Barat xatın ərkiyanə Raziyəni kürəyindən irəli itələdi.

-Ana, bəs Nərgiz?

-O, da bizdə qalacaq. Ondan arxayın ol!

Əşrəfin gəlmə xəbəri bir anın içində "Orta çalada" yaşayanlara yayıldı. Uşaqlıq dostları, məhəllə uşaqları, tanıyanlar hamısı Səməd ağa gilə axışmağa başladılar.

Raziyəni tələm-tələsik otaqların birinə yerləşən Barat xatın həyətə düşdü:

-Səməd, keçin həyətin aşağısına! Əşrəfin adına tutdurduğum çaxır küplərindən birini açın! Uşaqlar göz aydınlığına gəlirlər.

Komendant saatına qədər Səməd ağanın həyətində Əşrəfin məhəllə dostlarının şən səsləri ucaldı.

***

MƏMMƏDİN QAYDIŞI
Müharibə iki il idi ki, qurtarmışdı. Məmməddən nə səs vardı, nə soraq. Barat xatının isə elə gözü yol çəkirdi. Gündə birinin balası geri dönürdü. Gündə bir ailə sevinirdi. Onların qulaqları isə səsdəydi.

Seyid Bikə də bir-neçə gün əvvəl, balalarını görmək üçün Tiflisə gəlmişdi. Bacısının əhval-ruhiyyəsi ona da keçmişdi.

Adətən Seyid Bikə Tiflisə gələndə, Barat xatın onlardan əl çəkmirdi. İndi isə hər şey tərsinə idi. Baratda sanki hər şeyə maraq ölmüşdü.

Səməd ağagilin həyətində hamı Seyid Bikənin başına yığışmışdı. O, isə fil sümüyündən düzəldilmiş yarım metr uzunluğunda müştüyünə "Belomor" siqaretini taxırdı.

Kiçik qardaşı Seyid Əhməd anası Zübeydə xatını daŞamaxıdan götürüb Tiflisə gətirmişdi.

Zibeydə xatın qızının bu hərəkətini pisləməsə də, istehzalı zarafatından qalmırdı:

-Gorun çatlamasın, Mir Hüseyn, qızın siqaret çəkir.

-Ay nə, həkimlər ona məsləhət görüblər də. Məmə xəstədir, asmadır. - deyə Raziyə qaynanasının tərəfini saxladı.

-Qızım, bizdə qadının siqaret çəkməsinə pis baxırlar.

-Ay na, burada bir qəbahət yoxdur. Bunu çəkməsəm ölərəm. - deyə Seyid Bikə analığını sakitləşdirdi.

Həyətin qapısı açıldı. Marqo içəri girdi. Raziyəni kənara çəkdi:

-Həyətimizə bir kişi gəlib, Əşrəfi istəyir. Xahiş elədi, tez gələsiniz. Sizin eyvanda oturub mənim ərimlə söhbət edirlər. Deyəsən, bir-birini çoxdan tanıyırlar.

Gəlinin ayağa qalxdığını görən Seyid Bikə ona yaxınlaşdı:

-Ay qız, hara belə?

-Məmə, qonağımız gəlib. Əşrəfi axtarır, o, isə sexdə deyil.

-Onda məni də gözlə! - deyə ayağa qalxdı və gəlinin dalınca yollandı.

***

Eyvanında yaxşıca stol açılmışdı. Marqo evdə nə vardısa, süfrənin üstünə düzmüşdü. Qogi ortadakı çaxır bardağından badələrə şərab süzürdü:



-Sənin sağlığına Mamed! - deyə Qogi onunla axıra qədər badəni boşaltdı.

Raziyənin başı eyvandan görünəndə, qonaq ayağa qalxdı.

-Məmed, Raziyə xatın sizin gəlinizdir! - deyə Qoqi onu qonağa təqdim etdi.

Raziyə “Xoş gəlimisiniz!”- deməyə macal tapmadı. Ləhləyə-ləhləyə eyvana özünü salan Seyid Bikə yerindəcə dondu.

-Bala! - deyib yerə yıxıldı. Seyid Bikənin ürəyi keçmişdi.

Məmməd xalasının başını dizi üstə qoydu, Raziyədən stolun altından balaca çantasını götürməyi xahiş etdi. Çanta həkim çantası idi. Raziyə Məmmədin həkim olduğunu başa düşdü.

Məmməd çantanın ağzını açdı, içində naşatır spirti flakonunu götürdü, xalasının burnuna yaxınlaşdırdı Seyid Bikə asqıraraq oyandı.

-Ay ana, mən səni görməyə gəlmişəm, öldürməyə yox! -deyə Məmməd zarafat elədi.

-Ay qız, nə gözləyirsən, get, Seyid Baratdan muştuluq al! - deyə Seyid Bikə üzünü Raziyəyə tutdu.

-Mənim bacım, tələsmə! Lazım deyil! Mənim üçün Əşrəfi tapın! Gəlməyim haqda səs-küy salmayın! - deyə Məmməd Raziyəni dayandırdı.

Məmmədin üzündən yorğunluq yağırdı. Seyid Bikə bunu o saat hiss etdi:

-Qoqi, apar Məmmədi hamamxanaya, qoy çimsin. Mən isə yerini salım, bir az yatsın!

Sonra Məmmədi Əşrəfgilin otağına saldı, şfanerin qapısını açdı:

-Əşrəfin şkafında beş-altı kostyum var. Hansını istəyirsən seç! Əynindəki adımıza-sanımıza yaraşmır. Alt tuman-göynək də götür. Hamısı təzədir.

Hamamdan çıxan Məmmədi eyvanda Əşrəflə Qoqi gözləyirdi. Əşrəf onu bağrına basdı.

-İndi, de görüm, niyə istəmirsən sizinkilər bilsin! - deyə Seyid Bikə soruşdu.

-Ana, mən Sibirdən qaçmışam. Mən qaçqınam, gəlməyimi bu həyətdən qırağa çıxartmaq olmaz!

-Aydın oldu. Ürəyini sıxma, bala, bizim nəsil min-bir bəladan qurtarıb. Eşitdiniz, bir adam bilməməlidir! - deyə Seyid Bikənin səsi mətinləşdi.

Çay içdikdən sonra Məmməd keçib otaqdakı çarpayıya uzandı. Şirin yuxuya qərq oldu.

***


Seyid Bikə Əşrəfi bazarlığa göndərdi. Özü isə düşündü ki, Baratı oğluyla necə görüşə hazırlasın. Kişilər onsuz da axşam hər şeyi biləcəklər.

Baratgilin evinin yanına yenicə çatmışdı ki, NKVD-nin maşını qapının ağzında dayandı. Seyid Bikə dinməzcə dönüb geri qayıtdı. Həyətdə Qogiyla Marqo baxçada işləyirdilər. Ləkdə nə isə əkirdilər.

-Qogi, “İt maşını” Səmədgilin qapısının ağzında dayandı. Get, qıraqdan bax! Gör, nə baş verir?! Mən Marqoya kömək edərəm! - deyə Seyid Bikə onu işdən ayırdı.

Qogi dinməzcə həyətdən çıxdı.

Səməd ağagilin həyətində isə NKVD-nin Baş leytenantı Barat xatınu sual-cavaba tutmuşdu:

-Məmməd Bağırov, sizin oğlunuzdur?

-Mənim oğlumdur. Necə bəyəm?

-Biz onu axtarırıq.

-Məgər o sağdır?- deyə həyətə girən Qogi söhbətə qarışdı.

-Siz kimsiz?

-Mən Məmmədin köhnə dostu, həm də qonşusu. Bura qonaq gəlmişəm.

-Məmməddən nə xəbər var? Biz ondan altı ildir xəbərsizik.

-Məmməd sağdır. Əsrlikdə olduğu üçün Sibirə sürgün edilmişdi. Oradan qaçıb!

-Şükür Allaha, oğlum sağdır!- deyə Barat xatın az qaldı sevindiyindən baş leytenantı öpsün.

Baş leytenant ağıllı adam idi. Barat xatının bu hərəkətindən başa düşdü ki, oğlunun sağlıq xəbərini birinci dəfədir ki, ondan eşidir. Bir də Sibirdən göndərilmiş teleqrama görə o, bu həyətə bir-ki həftəyə gələ blərdi. Onun heç ağlına belə gəlmirdi ki, Məmməd Tiflisə teleqramdan tez çata bilərdi.

-Eşitdin, Qogi? Məmməd sağdır. Məndən muştuluq! -deyə Barat xatın otağa keçib əlində bir-neçə dənə sexdə hazırlanan ipək dəsmalla qayıtdı.

-Bala bu sənin! Bunlarda dostlarının! - deyə Baş leytenanta uzatdı.

-Biz gəlmişik, sizin evi “Obısk” edək, sən isə bizə hədiyyə verirsən.

-Mənim balam, mən inanmıram ki, Məmməd cinayətkardır. Lap elədir. Ancaq sağdır. Ana üçün oğlunun sağlığı əsasdır. Qalanlar yerini alacaq. Buyurun, axtarın, tapsanız mənə də göstərin ki, ürəyim yerinə gəlsin.

Baş leytenant dəstəsilə bütün otaqları gəzdi, protokol bağladı, ki Məmməd buralarda yoxdur, protokola hamıya qol çəkdirdi. Dəstəsini yığıb çıxıb getdi.


***

Qogi həyətə qayıdıb olanların hamısını Seyid Bikəyə danışdı. O, isə balağını əlinə alıb üz tutdu Baratgilə.

Seyid Bikə həyətə bacısını, qızları Frəngiz və Almazla birlikdə həyətin ortasına əllilitirlik samovarı dartıb gətirdiklərini gördü.

-A bacı, bu nə üçündür? - deyə Barat xatından soruşdu.

-Axşam qonağımızsiz, məndə şad xəbər var! Desəm, oynayacaqsan!

-Bilirəm nə deyəcəksən! NKVD-e tökülüb buralara.

-Yox! Yox! Yox! Oyna, deyim!

-Mənim oynamağa vaxtım yoxdur. İndi isə gedək bizə! Uşaqların hamısı bizə yığışacaq.

“Uşaqlar” dedikdə iki bacının balalarını və onların dostlarını nəzərdə tuturdular.

Onlar bir gün Fazilgildə, bir gün isə Səməd ağagildə yığışırdılar. Ancaq növbə bu gün Seyid Baratın idi.

-Belə niyə, ay qız? Hər şey bişirmişik. Hamı bizə gəlməlidir. Qızlar samovar qoyurlar. - deyə Barat xatın təəccüblə soruşdu.

-Ay qız, qazanların dalınca sonra adam göndərərik. İndi isə bizə gedək! - deyə Seyid Bikə səsini qaldırdı.

-Ailədə balacalığını qəbul edən Barat xatın böyük bacısının sözünə əməl etdi.

Seyid Bikənin ciddi rəftarı Baratın əhval-ruhiyyəsini dəyişdi. Bacısının təkidinə dözməyib dalınca düşdü. Qol-qola girib həyətdən çıxdılar.

Dinməzcə düz Əşrəfgilin eyvanına qədər gəldilər. Eyvanın qırağında Barat xatının Raziyəyə cehiz verdiyi patefonu işə saldı. Fatma Mehrəliyevanın plastinkasını qoydu, üzünü bacısına tutdu:

-İndi sən oyna!

-Mən niyə?

-Məni niyə oynadırdın ona görə?

Səs-küyə eyvana Raziyəynən Əşrəf çıxdı.

-Bu nə səs-küydür, amma dava yoxdur? - deyə Əşrəf onlardan soruşdu.

-Xalana deyirəm oyna, oynamır. Öz həyətlərində məni oynatmaq istəyirdi. Gətirmişəm ki, burda oynasın.

-Xala, sənin yerinə olsaydım, oynayardım!

-Raziyə, ərin düz deyir? - deyə Barat xatın gəlinindən soruşdu.

-Mən də olsaydım oynayardım.

-Cəfərlilər, deyəsən, hamısı səs-səsə veriblər.

-Barat xala, lazımdır! Mən də sənə qoşulacağam! Gör nə qəşəng mahnıdır. - deyə Nərgizin səsi eşidildi.

Barat xatın eyvana yığışmış Qoginin, Marqonun, Əşrəfin, Raziyənin, hətta balaca Nərgizin üzündən bu rəqsin arxasında nə durduğunu duymaq istəyirdi. Ancaq bir şeyi aydın şəkildə görürdü. Burdakılar ona qarşı nə isə tələ qurmuşlar ki, o oynasın.

Uşaqlıqdan bacısının şux zarafatların öyrəşən Barat xatın əlini qaldırıb ortaya düşmək istəyirdi ki, patefon dayandı, musiqi kəsildi.

-Görürsüz də, musiqi kəsildi! - deyə Barat xatın ortadan çıxmaq istədi.

-Xala, ürəyini sıxma, bu saat işə salarıq. Nərgiz, qızım, patefonu qur! - deyə Əşrəf qızına göstəriş verdi.

Musiqi sədası yenidən eyvana yayıldı. Barat xatın əlini qaldırıb oynamağa başladı. Nərgizlə Raziyə də ona qoşuldu.

Seyid Bikə isə musiqinin taktına uyğun olaraq iki əlini birləşdirib “şaka-şak” salan çırtıma çalırdı. Bayaqkı xəbərdən ruhlanan ana balasının sağ olması xəbərini burdakılara deməmişdi. Başı aşağı oynaya-oynaya fikirləşirdi ki, rəqs edib qurtaran kimi hər şeyi bacısına danışsın. Onun özünü oynatsın. Ancaq kim isə iki əlilə onun iki gözünü bağladı.

Kim olduğunu anlamaq üçün Barat xatın gözlərini bağlamış əllərə barmaqlarını sürtdü ki, kimin olduğunu müəyyən etsin.

Uşaqlıqda, “Gözbağlayıcı” oyununu oynayarkən o, həmişə kimin onu apardığını tapırdı. Bu səfər, deyəsən, yanılırdı. Bu əl, nə Raziyənin, nə Əşrəfin, nə Qoginin, nə də uşaqlarının əli deyildi. Naməlum, qabarlı, kobud bir əl onun gözlərini bağlamışdı

-Uduzdum! Tapmadım. Mən təslim! - deyə iki əlilə onun gözlərini bağlamış əlləri gözünün üstündən götürdü. Qarşısında Məmməd dayanmışdı:

-Mənim balam! Səni əllərindən tanıya bilmədim. - deyə qollarını balasının boynuna saldı.

Ana-bala bir-birinə sarılnmışdı. Hamı ağlayırdı.

Səməd ağanın eyvana necə qalxdığından xəbərləri belə olmadı. Seyid Baratın kimi isə bağrına basdığını gördü.

Baratın qucaqladığı adamın arxası ona tərəf idi. Zarafatından qalmayan Səməd ağa Barat xatınun ondan ayrılmadığın görüb:

-Mənim arvadımı qucaqlamağa kimin hünəri çatar? - deyə zarafatla soruşdu.

Barat xatın ərinin səsini eşidib, Məmmədin boynunu buraxdı.

Səməd ağanın rəngi-ruhu qaçdı. Oğlunun qayıdacağına ümidini itirmiş atanın, sevincdən gözləri yaşardı. Yerindəcə donub qaldı.

-Sənə canım qurban, bala! Ürəyim yerinə gəldi. Daha dərdim yoxdur! - deyə Səməd ağa Məmmədin alnından öpdü. Sonra əlilə stolu göstərdi ki, hamı keçsin stolun arxasına otursun.

-İndi danış, hardaydın? - deyə ata oğuldan soruşdu.

Məmməd atasından bu sualını gözləyirdi. Sibirdən Tiflisə xəlvəti gələ-gələ, yol boyu bu və digər qəsəbədə və yaxud daldalanmaq üçün çəkiliyi yerlərdə, tək qaldığı anlarda bu suala necə cavab verəcəyini düşünürdü.

Səməd ağa oğlundan ancaq həqiqəti gözləyirdi. Həqiqəti isə bəzən çatdırmaq çox çətin olur. Məmməd nədən başlayacağını bilmirdi.

-Dədə, danışılası deyil. Güclə gəlib bura düşmüşəm.

Məmməd elə bunu demişdi ki, qardaşları Ağarza, Davud, Cavad, Rafiq eyvana qalxdılar.

Cavanların sevinci, səs-küyü aləmi götürmüşdü. Hay-küyə qonşuların da yığışacağını hiss edən Seyid Bikə Məmmədin qarşısına keçdi:

-Sakit! Hay-küy salmayın! Görüşünüz, indi isə qayıdın evinizə! Siz bizdə Məmmədi görməmisiz! Ümumiyyətlə, heç yerdə görməmisiz! Onun arxasınca NKVD-dən gəlmişdilər. Axtarırlar. Odur ki, çıxıb gedin!

-Məmə, axı nə olub? - deyə Əşrəf dözmədi.

-Hələ heç nə bilmirik. İndi isə marş buradan. Qogi sən qal! Qalanlar getsin!

Səməd ağa Seyid Bikənin necə ayıq qadın olduğunu bilirdi. Ancaq nə baş verdiyini anlamırdı.

-Seyid qızı, nə olub axı? - deyə soruşdu.

-Eşitdiyin! Odur ki, uşaqları evə göndər! Barat, sən də getsən pis olmaz! Burda ciddi söhbətimiz olmalıdır.

Qardaşlar keçib Məmmədlə xudahafizləşdilər. Onlar həyəti tərk edən kimi, Seyid Bikə üzünü Qogiyə tutdu:

-Qogi, sən bayaq öz gözünlə gördün ki, nə baş vermişdi. Danış Səməd ağanın xəbəri olsun!

Qogi gördüyünü olduğu kimi danışdı.

-İndi nə edək? - deyə Seyid Bikə soruşdu.

-Qoyun, Məmməd mənə nə baş verdiyini danışsın, sonra bir şey fikirləşərik. - dedi və ayağa qalxıb Əşrəflə Məmmədi otağa dəvət etdi.

Ortada tək qalan Seyid Bikə üzünü eyvanda qalan Raziyə, Marqo və Nərgizə tutdu:

-Heç biriniz Məmmədi görməmisiz! Bu haqda bir yerdə danışmırsınız. Elə etməlisiniz ki, bir adam da onun burda olduğunu bilməsin. görməsin!

-Ana, bunu bizə demək lazım deyil! Narahat olmayın! -deyə Marqo dilləndi

-Narahat deyiləm. Ancaq ehtiyatı əldən vermək olmaz! Mənə elə gəlir ki, vəziyyət çox ciddidir...


***

Əşrəfgilin otağında çox ciddi söhbət gedirdi. Səməd ağa nə baş verdiyini bilmək istəyirdi və arxayın idi ki, oğlu ona həqiqəti danışacaq. Əşrəf də bunu gözləyirdi. Xalası oğlunun üzünə diqqətlə baxırdı. Ancaq heç nə soruşmurdu. Səməd ağa olan yerdə cavanlardan biri cürət edib danışmazdı.

-Bala, olduğu kimi danış, görüm nə olub? - deyə ata mülayim səslə soruşdu. Əşrəf başa düşdü ki, onların söhbəti uzun çəkəcək. Səməd ağanın mülayim rəftarı isə atanın oğlunun günahkar olmaması ilə əlaqəli idi.

Atasının təkrar sualı Məmmədi fikirdən ayıltdı. Diksindi. Yenə də xəyala daldı.

Sanki bu sual onu alovlu keçmişinə qaytarmışdı. Tiflisə qədər gəldiyi yolun əzablarını xatırladıqca qəmginləşirdi. Nədən danışsın? Əsir düşməyindən. İtaliyada əsirlikdən qaçmağından. Alman və latın dilini bildiyindən qısa müddət ərzində italyanlardan italyanca yaxşı danışmasından. İtalyanın partizan hərəkatının liderlərindən biri olmasından.

Müharibə qurtarandan sonra üzü açıq Sovet İttifaqına dönməyindən. Sərhədi keçən kimi həbs olunmağından. Sibirə sürgün edilməyindən. Sürgündən qaçmağından.

Məmməd bütün bunları xatırladıqca mənəvi sarsıntı keçirirdi. Hirsindən gözləri yaşarırdı.

-Ata, mənim heç bir günahım yoxdur!

-Bilirəm, bala, bilirəm! Bizim ailədən namərd çıxmayıb! İndi isə get dincəl. Özünə gəl, sonra danışarsan! Bir şey fikirləşərik.
***

Səməd ağanın göstəriş ilə Məmməd gözə görünmürdü. Hətta darıxanda belə eyvana çıxmır. Otağının pəncərəsi qarşısında oturub Kürə və onun sahili boyu uzanan şəhərə baxırdı. Atasının otağında olan bütün kitabları Nərgiz Məmmədin otağına daşımışdı.

O, isə bütün günü Nərgizlə birlikdə kitab oxuyurdu, bəzən isə əl-ələ tutub həyətin aşağı hissəsində gəzirdilər. Ağacların altında oturub Tiflisin mənzərələrini seyr edirdilər. Həyətdə isə Marqo və Raziyə gözdə-qulaqda idilər.

Hər şey adi qaydasıla gedirdi. Nadir hallarda, adətən, sakitlik olduğunu dəqiq bildikdən sonra, Səməd ağanın böyük uşaqları bu həyətə ayaq basar, Nərgiz isə hər gün onlara gedər, qızlarla oynayıb, geriyə dönərdi. Barat xatından xəbər-soraq gətirərdi. Heç kimin ağlına belə gəlməzdi ki, Məmməd bu həyətdə gizlənir. Hamı özünü çox sakit və təmkinli aparırdı.

Səməd ağa isə Əşrəflə sexdə görüşürdü və onu qırağa çəkib vəziyyətin necə olduğunu öyrənirdi.

NKVD-dən yenə də Məmmədin dalınca bir-neçə dəfə gəldilər. Ancaq onu görən oldum - deyən tapılmadı. Sanki hər şey öz məcrasına düşmək üzrə idi. Daha onu axtaran yox idi.

Hadisələrin belə inkişaf etdiyini görən Məmməd axşamlar xəlvəti Tiflisi gəzməyə çıxırdı.

Bu şəhər Məmmədin doğma şəhəri idi. Burada uşaqlığı və gəncliyi keçmişdi: orta məktəbi qurtarmış, ali məktəbə girmiş, həkimlik diplomu almışdı. Odur ki, Məmmədi evdə saxlamaq mümkün deyildi.

İtaliyada partizan həyatı keçmiş Məmməd üçün doğma şəhərdə gəzmək və gizlənmək o qədər də çətin görünmürdü. Şəhərin sahil küçələrini addımladıqca Adriatikin sahilləri yadına düşürdü.

İtaliyan dostları və silahdaşları göz qabağına gəlirdi. Məmməd hiss etmişdi ki, italyanlar onun danışığından həzz alırdılar. Latınca hər sözün mənasını bilirdi, haradan gəldiyini, necə işləndiyini onlara anladırdı. İtalyanlar çox vaxt Məmmədin italyanlı olmadığına hərdən şübhə edirdilər.

Məmməd isə sakit anlarda dənizin sahilinə çəkilib dəniz dalğalarının ahənginə uyğun Azərbaycan mahnılarını qımıldadırdı.

Ətrafında bir nəfər də azərbaycanlı yox idi. İtalyanlar ingilislər, amerikanlar, ruslar, yunanlar, serblər, fransızlar - demək olar ki hamısı əsirlikdən qaçmış və yaxud qaçırılmışlar idilər.

Almanlar Məmmədi italyan hesab edirdilər. Onların bütün axtarış vərəqələrində adı Mikailo gedirdi. Dəstəsi o qədər mobil və cəld idi ki, bir dəfə də olsun ələ keçməmişdi.

Bütün qurduğu əməliyyatlar uğurla nəticələnirdi. Yerli camaatın gözündə əfsanəvi qəhrəmana çevrilmişdi. Ancaq indi bunu burada, vətəndə, bilən yox idi. Bilmək belə istəmirdilər. Stalin üçün bir meyar vardı: Əsir düşmüsən - düşmənsən! Partizanlıqda nə etmisən, orda qaldı.

Qəmgin-qəmgin Tiflisin küçələrin gəzdikcə, Məmmədi bir hiss narahat edirdi. Nə qədər dostları və yoldaşları döyüş meydanından dönməyib. İndi görəsən, qalanlar haradadır? Onun qaçaqlığı nə qədər davam edəcəkdir?

Məmmədi düşündürən başqa fikir Bakıda qalmış nişanlısı Şəfiqə idi.

O, Tiflisi heç cürə tərk edə bilməzdi. Hələ də onu axtarırdılar.

Əlbəttə, o Bakıya getməli, hər şeyi qaydasına salmalı idi. Bakı onun üçün Tiflis kimi doğma bir şəhər idi. Tez-tez gəldiyi, xalası uşaqları ilə gəzdiyi şəhər idi. Səməd ağa isə onu gözündən qoymurdu.

Şəfiqəyə sağ-salamat olması haqqında xəbər çatdırmaq lazım idi. Ümid təkcə xalası Seyid Bikəyə idi.

Nişanlısı xalasıgildən bir neçə küçə aşağıda olurdu. Xalası Bakıya qayıtmamışdan əvvəl onunla hər şeyi götür-qoy etmişdilər, razılığa gəlmişdilər ki, qızı Tiflisə gətirsinlər.

Seyid Bikə Bakıya qayıdandan sonra Məmmədin gözü yolda qalmışdı. Bilirdi ki, onun "şirin dil" xalası bütün işləri qaydasına qoyacaq.

Üstündən üç-dörd gün keçməmişdi ki, Əşrəfgilin qapısı döyüldü. Qapını açan Marqonun qarşısında zövqlə geyinmiş gözəl-göyçək bir gəlin dayanmışdı.

Marqonun gürcü qızı olduğunu görüb ondan rusca:

-Əşrəfgilin evi buradır?- deyə soruşdu.

Marqo altdan-yuxarı qızı süzdükdən sonra, ətrafa boylandı. Sakitliyi görüb azərbaycanca soruşdu:

-Sənin nəyinə lazımdır?

-Mən onların qohumuyam! - deyə qız rusca cavab verdi.

-Nələrisən?- deyə Marqo birdə azərbaycanca soruşdu.

-Mən, Məmmədin nişanlısıyam! - deyə Şəfiqə bu səfər azərbaycanca cavab verdi.

-Raziyə, Raziyə! Bəri gəl! - deyə Marqo həyətin ortasında çarhovuzun qarşısında nahar üçün göy-göyərti yuyan rəfiqəsini çağırdı.

Raziyə tələsik əlindəki tası yerə qoydu və qapıya tərəf addımladı. Gözlərinə inanmadı. Qarşısında Bakıda qonşuluqlarında yaşayan Məmmədin nişanlısı Şəfiqə durmuşdu.

O, Şəfiqənin əlindən çəkib içəri saldı. Marqo tez qapını bağladı. Raziyənin bu hərəkətindən şaşqın qalan Şəfiqə nə deyəcəyini bilmirdi.

-Xoş gəlmisən! - deyə Raziyə qapı bağlanan kimi onu qucaqladı, o üzündən, bu üzündən öpdü. Evə dəvət etdi.

-Bəs Məmməd haradadır?

-Məmməd axşam qayıdacaq! Gəl, otağını göstərim.

Onlar eyvana qalxdılar. Otağa keçdilər. Stolun arxasında oturub kitab oxuyan Nərgizi gördülər.

Qızcığaz ayağa qalxdı. Tanış olmayan xanımı salamladı. Keçib anasının yanında durdu

-Qızım Nərgizdir! -deyə Raziyə təqdim etdi.

-Çox şadam! Şəfiqə xala!

-Mən də çox şadam! Siz Məmməd əminin nişanlısınız! - deyə Nərgiz əli ilə güzgün qarşısına qoyulmuş şəkli göstərdi: - Məmməd əmi səndən o qədər danışıb ki...

***

Şəfiqənin gəlişi həyətdə hər şey dəyişdi. Daha ehtiyatlı və ayıq olmaq lazım gəlirdi. İki sevgili qorxu-hürkü bilmədən bütün günü Tiflisin küçələrində gəzir, şəhərdə baş verən bütün hadisələri öz gözlərilə görmək istəyirdilər. Hamıdan çox nigarançılığı Raziyə çəkirdi:



-Şəfiqə, az gəzin! Səməd ağa bilsə ayaqlarınızı qırar. Qoy işlərinizi qaydasına salsın, ondan sonra nə qədər gəzirsiniz gəzin.

Onların evdə oturmadıqlarını Marqo olduğu kimi Barat xatına danışdı:

-Barat xala, onlarla bacarmırıq! Bir çarə qılın. Heç kimi eşitmək istəmirlər.

Barat xatın Marqoya bir söz demədi, fikrə daldı.

Kor-peşman evə qayıdan Marqo Raziyəyə şikayətləndi:

-Barat xala da elə oğluna oxşayır! Bir kəlmə olsun belə söz demədi.

-Sən Barat arvadı pis tanıyırsan! Baxarsan! -deyə Raziyə gülümsədi.

Barat xatın axşam hər şeyi ərinə danışdı. İndi Səməd ağa fikrə daldı.

Şəfiqənin gəlişindən on-on beş gün keçirdi. Səməd ağa bir çarə qılmalıydı. Nə qədər oğluyla nişanlısının münasibəti belə qalmalı idi. Basqallılar nə deyər? Əvvəl – axır onların toyunu etməlidir ya yox?

Səməd ağa aranın sakitləşməsini gözləyirdi. NKVD-dən daha onun oğlunun dalınca gələn yox idi. Bir də ki, yaşadığı məhəllədə heç kim satqınlıq etməzdi. Tiflisin bu məhəllələrində satqınlığı şərəfsizlik sayırdılar. Camaat nahaq yerə heç kimi güdaza verməzdi. Məhəllə uşaqları onu qoruyurdular.

Bunları düşünən Səməd ağa üzün arvadına tutdu:

-Tez onların toylarını etməliyik!

-Bəs Məmmədin sənədləri? Bəs ZAQS?

-Ay arvad, mən səni alanda ZAQS vardı? Nə olub mollaya? Bir kəbin kağızı verər, bu da sənin ZAQS-ın.

-Qız evini necə? Çağırmayaq?

-Bəlkə NKVD-ni çağıraq? Öyrən də bacın Bikədən. Bakıda işi elə qurub ki, qız evinin çınqırığı çıxmır. Qızım haradadır? - soruşan yoxdur. Sən toya hazırlaş!

Məmmədin toyu Əşrəfin toyundan fərqli keçdi. Sadəcə olaraq ailə üzvləri, Tiflisdəki qohumlar və dostlar. Məşədi Fazilgilin eyvanında bunu bayram etdilər...

***


Tiflisin təravətli yay günləri idi. Şəhər yaşıllığın içərisində üzürdü. Kürün bulanıq suları durulmağa başlamışdı. Sahil boyu qeyri-adi bir canlanma vardı. Gənclərin-cavanların şən səsləri bu sahildən o biri sahilə çatırdı.

Hər gün sabaha ümid yaradırdı. İnsanları bir-birinə daha mehriban edirdi. Oxumaq, yaratmaq, tikmək həvəsi hamını sanki xəstə etmişdi.

Tiflisi yarıya bölmüş çay şəhəri daha da gözəl göstərirdi. Müharibənin qurtarmasından keçən iki il ərzində Kürün sahili boyu tikintilər gedirdi. Yeni prospektlər salınırdı.

Günbəgün insanların yaşayışı yaxşılaşırdı. Şəhərdə yeni binalar tikilir, yeni-yeni poliklinikalar və xəstəxanalar açılırdı. Bütün bunlar Tiflisin küçələrini axşamlar Şəfiqəylə gəzən Məmmədin gözündən qaçmırdı.

Toydan sonra da onun eyni açılmırdı. Müharibəyə qədər Məmməd Tiflisin tanınmış diş həkimi idi. Mamed-doktor adnan idi. Hamının hörmətini qazanmışdı.

Müharibədə bir arzusu vardı: qalib gəlmək, qayıdıb köhnə iş yerində işləmək ... Sağ qalsa da, ancaq sevdiyi işlə məşğul ola bilmirdi. Uğrunda şərəflə vuruşduğu ölkə onu düşmən elan etmişdi.

Hər dəfə anasıgilə gələndə evlərindəki “Diş kabinetinə” və orada yığılıb qalmış diş alətlərinə həsədlə baxırdı, ancaq onlara əlini belə uzatmırdı. O saat gözü önündə alovlu illər canlanırdı.

***


Axşam çağı eyvanda Məmmədlə Əşrəf nərd oynayırdılar, Raziyə ilə təzə gəlin çay içirdilər. Günortadan yatan Nərgiz hələ də yuxudan durmamışdı.

Bu il Nərgiz birinci sinfə getməliydi. Bütün gələcək məktəblilər kimi onun da süd dişləri tökülürdü. Eyvandakı səsə yuxudan oyanan qızcığaz əlilə üzünü tutub anasının qucağına qaçdı:

-Ana, yenə dişim ağrıyır. Bax, necə laxlayırlar.

Raziyə əlini qızının ağzına salıb laxlayan dişi əlilə müayinə etdikdən sonra üzünü Əşrəfə tutdu:

-Əşrəf, Nərgizi diş həkiminə aparmaq lazımdır. Mən gedim keyinim?

Əşrəf “diş həkimi” sözünü eşidən Məmmədin halının necə dəyişdiyni gördü. Öz-özünə "Sən həyatın işinə bax, Məmmədin diş həkimi olduğunu unutmuşuq!" - deyə düşündü.

-Ay qız, həkimə niyə? Bəs Məmməd?

Raziyə Əşrəfin tənəsini anladı.

-Vallah, lap özümü itirmişəm. Məmməd qardaşı yaddan çıxartmışam. Sən Allah bir uşağın dişinə bax! - deyə Raziyə Məmmədə müraciət etdi.

- Mən mi?- deyə Məmməd sanki eşitmədi.

-Bəs kim? Burda səndən başqa həkim varmı? - deyə Əşrəf əlavə etdi

Məmməd də elə bunu gözləyirdi. Nərgizi yanına çağırdı.

-Ağzını aç!- dedi. Çay qaşığı ilə onun dilini basdı ki, dişlərini yaxşı görsün. Qaşığı uşağın ağzından çıxartdı, başını sığalladı.

-Laxlayan dişlərin hamısı çəkilməlidir ki, yerinə gələn dişlər düz çıxsın. Yoxsa balamın dişləri əyri çıxacaq.

-Eləsə neynəyək? - deyə Əşrəf soruşdu.

-Aparıb həkimə çıxartdırmaq lazımdır.

-Bəs sən?

-Burda aparatura yoxdur.

-Bəs xalagildəkilər nədir?

-Doğurdan a!

-Onda dur, getdik!

-Gərək bəzi dərmanları alıb gətirəsən! –deyə Məmməd əlavə etdi.

-Nəyi gözləyirsən? Nərgiz hazırlaş! Barat xalagilə gedirik.

Qızcığaz elə bil bunu gözləyirdi. Tez həyətə düşdü, bircə anın içində əl-üzünü yudu, geyindi və gəlib onların qarşısında durdu.

Həyətdən çıxanda qaranlıq çökmüşdü. Küçələrdə işıq olmadığından ayaq altı görünmürdü. Bəzi evlərin pəncərələrindən düşən işıq küçənin bir hissəsini işıqlı etsə də, bütün məhəllə demək olardı ki, qaranlığa qərq olmuşdu. Təkcə göylərdə parıldayan ulduzlar bu qaranlığı söndürməyə çalışırdı. Əşrəf fikir vermişdi - Tiflisdə ulduzlar Bakıya nisbətən daha parlaq yanırdı. Ona bu qəribə görünsə də, Məşədi Fazilin bu haqda dedikləri çox mətləblərə aydınlıq gətirirdi:

-Əvvala, Tiflis Bakıyadan fərqli olaraq dəniz səviyyəsindən hündürdə yerləşir, digər tərəfdən, Tiflisin səmasını zavodların tüstüsü gecə-gündüz örtmür. Fərq bundadır. Ancaq ulduzlar hər tərəfə eyni cürə şəfəq saçırlar.

Məmmədlə Əşrəf hərəsi Nərgizin bir əlindən tutub Səməd ağagil tərəfə apardılar.

Qapıdan içəri girən kimi onları Barat xatın qarşıladı:

-Bu axşam çağı xeyr ola? - deyə Əşrəfdən soruşdu.

-Xeyrdi, xala! Nərgizi gətirmişik, burda dişini çəksin.

Birdən Əşrəfin yadına düşdü ki, dərmanlardan almalıdır. Odur ki, həyətə keçmədi.

-Məmməd, hansı dərmanları alım?

Məmməd cibindən bloknotunu çıxartdı, qələmlə ora dərmanların adını yazdı. Vərəqi cırıb Əşrəfə verdi.

Əşrəf gedəndən sonra yuxarı qalxdılar. Səməd ağa evdə deyildi. Harasa getmişdi.

Barat xatın niyə gəldiklərini öyrənib, gedib açarları gətirdi, “Diş kabineti”nin qapısına açdı. Ana-bala dinməzcə kabineti qaydasına salmağa başladılar.

Nərgiz də onlara qoşuldu, anasının aşağı mərtəbədə qaldığını görən Firəngizlə Almaz da aşağı düşdülər. Qaçıb həyətdən şvabra ilə vedrəni gətirdilər. Kabinetin döşəməsini yumağa başladılar. Almazla Firəngiz diş alətlərini yaş əskilə silib, Məmmədə verirdilər o, isə sterlizatora yerləşdirirdi.

-Mən də həkim olacağam, qardaşım kimi!- deyə, sakitliyi Almaz pozdu.

-Sən də diş çıxardacaqsan? - deyə Nərgiz soruşdu.

-Yox, mən can həkimi olacağam! Kimin başı, ürəyi ağrıyır onları müalicə edəcəyəm.

Söhbəti qayıdan Əşrəf pozdu. Dərmanları Məmmədə uzatdı:

-Məmməd, hamısını almışam! Almadığım qalmayıb!

Barat xatınla qızlarla bircə anın içində hər şeyi qaydasına salmışdılar. Məmməd stelizatora baxdı. O qaynayırdı. Deməli işləmək olar.

Nərgizin üzündən öpüb diş kreslosuna oturtdu. Səs-küyə Səməd ağanın bütün külfəti yığışmışdı. Hamısı tamaşa edirdi ki, görsünlər Məmməd, necə işləyir. Hamının gözü Nərgizdə idi.

-Mənim balam, ağzını aç! - deyə Məmməd Nərgizin çənəsini əlinə aldı.

-Məmməd əmi, iynə vuracaqsan? - deyə Nərgiz məyus-məyus soruşdu.

-Yox, qızım.

-Onda incidəcək?

-Yox, mənim balam!

-Əmi, mən sənə inanıram.

-Elə mən də sənə inanıram. Deyəsən, qorxursan?

-Mən? Mən heç qorxağa oxşayıram?

-Əlbəttə, yox, mənim balam. Gözünü yum, ağzını aç! Qorxmayasan. Heç hiss etməyəcəksən.

Nərgiz gözlərini yumdu. Ancaq heç nə olmadığını görüb, darıxırdı. Ona elə gəlirdi ki, zaman keçməyir.

-Əmi, gözümü açım?

-Hələ tezdir, mənim balam.

Məmməd balaca kəlbətinlə Nərgizin ağrıyan dişini tutdu. Nərgiz "ağrıdır" deməyə belə macal tapmadı.

-Aç gözlərini, al bu biri! Ağrıtmır?

-Heç hiss etmədim də,

-Qorxmursan?

-Yox, əmi!

-Onda gözlərini yum, birini də çıxardım.

Nərgiz bu dəfə də "ağrıdır" deməyə belə macal tapmadı.

-Bir güzgüyə bax! Səni kaftar etmişəm. -deyə, Məmməd güzgünü qızcığaza uzatdı. Qabaq dişləri qalmamışdı

Ətrafdakılar gülüşdülər. Nərgizin qaşqabağını görüb Məmməd onun üzündən öpdü.

-Dilxor olma, mənim balam. Tezliklə bu dişlərin əvəzinə sədəf kimi qəşəng dişlər çıxacaq! Al bu dişlərini, aparıb evdəkilərə göstərə bilərsən.

Hamı “Diş kabinetini” tərk etdikdən sonra, Məmməd özü kreslo arxasına keçdi. Dərin düşüncəyə dalmışdı.

O, sənətinə qayıtmaq, işləmək istəyirdi. Anasının yenidən geri qayıtdığın görüb ayağa qalxdı. Barat xatın oğlunun nə düşündüyünü qəlbən hiss edirdi:

-Bala, Allah Nərgizdən razı olsun! Səni işinə qaytardı. Hiss edirdim ki, sən necə sevinirsən.

-Elədir, ana!

-Onda işinlə niyə məşğul olmursan?

-Ana, axı mən qaçağam. Görmürsən, nə baş verir? Əsirlikdə olanları həbs edib sürgün edirlər və yaxud güllələyirlər...

-Bunun sənə nə dəxli?

-Məni məgər axtarmırlar?

-Axtarırlar. Ancaq sən işləyə bilərsən. Elə özümüzkülərin dişlərini düzəltsən, bəsdir. Onların ağızları isə möhkəmdir.

***

Həyatın maraqlı bir qanunu var. Ətrafındakılar özündən asılı olmayaraq sənin taleyinə müdaxilə edirlər. Məmmədin dünənki həkimliyi Səməd ağanın da gözündən qaçmadı. Barat xatının fikirlərilə razılaşdı və evlərindəki “Diş kabinetini” gecəynən Məşədi Fazilgilə daşıtdı.



Nərgizin dişini çıxardandan sonra Məmmədin özünə inamı artmışdı. Barat xatın isə onun beyninə işləməyi yerləşdirirdi:

-Əgər bu mamlı-matanın dişini çəkdin, səs-səmiri çıxmadı, deməli, sən həmin Məmmədsən.

Vaxtıykən Məmmədin necə diş həkimi olduğu bütün Tiflisə məlum idi. Şəhərin və onun qəsəbələrinin əhalisi «Orta çalaya» axışar, Məmməd doktorun qəbuluna yazılar, dişlərini müalicə edərdilər. Gəncliyinə baxmayaraq, Məmməd doktor qısa müddət ərzində məşhurlaşmışdı.

***


Məmməd-doktor Tiflisin Orta çala, Şeytanbazarı, Naftaluq və s. məhəllələr və qəsəbələrdən xəstələr qəbul edir, onların dişlərini müalicə edirdi, diş düzəldirdi.

Bununla belə ehtiyatını da əldən vermirdi. Gələn adamın kimliyini müəyyən etdikdən sonra onu məhəlləyə gətirərdilər. Məmməd Şəfiqəylə Tiflisin küçələrini gəzməyi xoşlayırdı. Bütün günü həyətdən bayıra çıxmayan Məmməd üçün axşamın düşməsi sanki həyata qayıtmaq demək idi.

Tanış olduğu şəhərdə bir kəsi axtarmırdı. Təkliyə öyrəndiyindən, ancaq ətrafı onu maraqlandırırdı: ana, ata, bacıları, qohumları, bir də çox az dostları...

Gəzinti sinirlərin sakitləşdirirdi. Keçdiyi qorxunc və faciəli yolları yaddaşından silirdi. Onun qarşısında başqa dünya: sakit və gözəl, rahat və təravətli aləm açılırdı.

Ancaq bu çox uzun çəkmədi. Bir gün axşam çağı Şəfiqə ilə şəhərin mərkəzinə yaxınlaşanda qara bir maşın dayandı və onu tutub maşına basdılar.

Küçənin ortasında tək qalan Şəfiqə nə baş verdiyini anlamadı. Əvvəl ona elə gəldi ki, Məmmədin üstünə quldurlar hücum çəkdilər. Sonra camaatın arasından çıxan bir yaşlı gürcü qadını Şəfiqənin sakitləşdirsə də, bərkdən dediyi sözlər onu daha da sarsıtdı.

-Mənim oğlumu da 39-da belə maşına basıb apardılar...

Gürcü arvadı bu sözlərilə on il bundan əvvəl baş vermiş hadisəylə bugünkü hadisə arasında əlaqə görürdü.

***

Şəfiqə ağlaya-ağlaya özünü həyətə salanda hamıya Məmmədin tutulduğu aydın oldu. Ağlamaqdan qızların gözləri şişmişdi. Qız həyətə necə qayıtdığını bilmirdi.



Raziyə onun gözünün yaşını sildi, sakitləşdirməyə çalışdı.

Nərgizi Səməd ağagilə, Marqonu isə sexə göndərdilər ki, oradakılara nə baş verdiyini agah etsinlər.

Bütün qohum-əqrəba bircə anın içində Əşrəfgilə yığışdı. Sexdəki bütün basqallıların hamısı axışıb onlara gəldilər. Səməd ağa da onların içində idi. O, tələm-tələsik Şəfiqəyə yanaşdı:

-Qızım, kimlər idi onu aparan?- deyə təmkinlə soruşdu.

-Dədə, dedilər ki, NKVD.

Səməd ağa dərin fikrə daldı. NKVD bir neçə il bundan qabaq DİN və DTN-nə bölünmüşdü.

-Sən bilən hara apararlar? - deyə üzünü Əşrəfə tutdu.

-Hələlik bilmirik, uşaqları göndərmişik axtarmağa.

-Onda gözləyək.

Hamı eyvanda oturub dinməzcə şəhərə getmiş adamların qayıtmasını gözləyirdi. Hamı fikirli idi. Ancaq Səməd ağanın özünü aparmasından arxayınçılıq duyulurdu. Elə bil heç nə olmamış kimi, ətrafdakıları sakitləşdirirdi:

-Səbirli olun! Hər şey yaxşı olacaq.

Bir neçə saat beləcə keçdi.

-Səməd ağa, onu aparıb NKVD-nin türməsinə saldılar. -deyə həyətə daxil olan Əşrəfin əmisi oğlu Teymur dilləndi.

-Kim tutub - bizə sataşıb! Mənim oğluma yox, Basqala sataşıb. - deyə Səməd ağa birdən təmkinin itirdi və yumruğunun stolun üstünə vurdu. Stolun üstündəki çay stəkanları cingildədi.

-Onu orada qoymaram qalsın! Onda mən Səməd deyiləm!

***


Səməd ağanın oğlunun tutulma xəbərini hər bir basqallı öz bədbəxtliyi kimi qəbul etdi. Bu Basqal psixologiyası idi. Səməd ağa isə basqallıların Tiflisdə ağsaqqalı idi.

Tiflisdə basqallılara bir adam bir söz deyə bilmirdi. Bütün pullu yerləri onlar idarə edirdilər. Digər tərəfdən, basqallılar da özlərini həmişə həya-abırla aparırdılar. Bir adama sataşmaz, birinin işinə mərdimazarlıq etməzdilər, sataşanlar isə cavabsız qalmazdılar.

Basqallılara batmaq mümkün deyildi. Yeri gələndə Tiflisi barmaqlarına fırladırdılar. Onların birliyindən, ədalətliliyindən, zəhmətkeşliyindən Allah adamları olduqlarından bütün Tiflis danışardı.

Bunun səbəbi onların hamısını birləşdirən sanballı, ağıllı, dərrakəli, savadlı ağsaqqallarının olması idi.

Basqallılar bir-birinə əl tutar, işsizə iş tapar, kasıbını kasıblıq girdabından qurtarardılar. İstər pul cəhətdən, istərsə cəsarət və cürət cəhətdən basqallıların qarşısına çıxa bilən tapılmazdı.

Basqallılar bir çox müşkül məsələlərin həllində də əsas rolu oynayırdılar. Tiflisin kölgə iqtisadiyyatını onlar idarə edirdilər.

Tiflisin partiya və dövlət işçiləri də onlara toxuna bilmirdilər. Bir də ki, basqallılar işlərini elə qururdular ki, nə ilə məşğul olduqlarını heç kim anlaya bilmirdi.

Tiflis ziyalılarını çoxunu basqallılar təşkil edirdilər. Dərin savadları və biliklərilə fərqlənirdilər.

Basqallıdan heç vaxt milis olmazdı. Onlar milisə ev yıxan kimi baxırdılar, adam yerinə qoymurdular. Milis olmaq, nəsli biabır etmək demək idi.

O dövrdə basqallılar arasından bir milis çıxmışdı - milisioner Cəlil.

Bütün basqallı nəsli milisioner Cəlilə sözün həqiqi mənasında borclu idi.

Cəlil çox əlaqəli adam idi. Milis sistemində onun xətrini və hörmətini hamı saxlayırdı. Bir sözünü iki edən tapılmazdı. O, yüzlərlə basqallını həbsdən qurtarmış, ailələri başsız qoymamış, xətadan-bəladan uzaqlaşdırmışdı. Ancaq bununla belə onlardan biri də Cəlili bəyənmirdi, ona tənə edir, “Basqala ləkə vurub!” deyirdilər.

Əşrəf isə Cəlilin xətrini hamıdan çox istəyirdi. Basqallıların bir-birinə qohum olduqlarından Cəlil də Səməd ağaya qohum idi. Cəlil Bakıda işləyirdi. O, Məmmədin uşaqlıq dostu idi.

Məmmədin tutulma xəbərini eşidən kimi özünü Tiflisə yetirdi. Gələn kimi də yoxa çıxdı. Hamı Əşrəfgilin həyətinə yığışmışdı. Gələnlər Səməd ağanın yanına keçir, nə lazım olduğunu soruşur. Əşrəflə məsləhətləşirdilər. O, da Səməd ağa kimi, “Səbirli olun! Hər şey yaxşı olacaq! - deyə gələnləri sakitləşdirirdi.

Nərgiz gələnlərin qarşısına çay qoyur, boşalmış istakanları mətbəxə aparırdı.

Həyətə Tiflisdə yaşayan bütün basqallıların ağsaqqalları yığışırdı. Hamı susurdu, heç kim heç nə danışmırdı.

Səhərdən yoxa çıxmış Milsioner Cəlil geri qayıtdı. Səməd ağa onu görüb ayağa qalxdı:

-Bala, de görüm, nə oldu?

-NKVD-də sabah qapalı məhkəməsi olacaq. Nə ilə qurtaracağını isə bilirsiniz.

Cəlilin bu sözündən hamı ayağa qalxdı. Elə bil ki onların başına soyuq su tökdülər.

Səməd ağa əlilə hamının oturmağını xahiş etdi.

-Fikrin nədir? - deyə Səməd ağa üzünü Əşrəfə tutdu.

-Qaçırtmaq lazımdır. - deyə Əşrəf düşünmədən cavab verdi.

Səməd ağa fikrə daldı. Əşrəfin kiçik qardaşı Əlisəttar irəli keçdi:

-Səməd ağa, siz razılığınızı verin! Qalanı bizim işimizdir.

Səməd ağa bir neçə dəqiqə susdu.

-Daha əlimizdən nə gəlir? Ancaq bizim uşaqlar olsun! Başqalarını güdaza verməyə razı ola bilmərəm.

Səməd ağanın sözlərindən bəzi ağsaqqallar incisələr də üzə vurmadılar. Amma hər şeydən arif olan Səməd ağa bunu duydu:

-Görürəm, ağız büzürsüz. Biliniz, hamınız canım-gözümsüz. Kömək etməyə də hazırsız. Burada bu qədər uşaq var, bəs edər. Bir də ki, görək: bizimkilər nəyə qadirdirlər. İnciməyə isə əsas yoxdur. Hər şey yaxşı olacaq!

Bu an Səməd ağa qətiyyətli komandiri xatırladırdı. Onun bir sözünü isə iki etmək olmazdı.

Ailənin gəncləri Əlisəttar, Davud, Cavad, Eyyub isə çoxdan qırağa çəkilib plan qururdular.

Səməd ağa hələ dünəndən işin nə ilə qurtaracağını bilirdi. Odur ki, evin bütün gəncləri ayaq üstündə idi.

Məmmədi məhkəməyə gətirəcək maşının haradan keçəcəyi dəqiqləşdirildi və bir neçə mümkün variantlar müzakirə olundu.

Gənclər Cəlillə Əşrəfi də eyvandan aşağı endirdilər ki, “Söhbət var!”. Həyətin aşağısına düşdülər. Bura sakitlik idi. Rahat danışmaq olardı.

Cəlil dedi ki, hərbi tribunaldan sonra Məmməd komendaturaya aparacaqlar, sonra qatarla harasa yola salacaqlar.

-Maraqlıdır. Hara apara bilərlər? - deyə Əşrəf soruşdu.

-Əşrəf, mən özüm də bunu bilmirəm niyə? Bakıda da belədir. Kimə güllələmmə verirlər, Bakıda güllələmirlər, harasa göndərirlər.

-Sən arxayınsan ki, güllələmə verəcəklər? - deyə Ağarza soruşdu.

-Bir nəfər göstərə bilərsən ki, yaxasını tribunaldan sağ qurtarıb? - deyə Cəlil sual verdi.

-Marqlıdır ki, hara aparırlar? .

-Mən bilirəm hara?- deyə Əlisəttar sözə qarışdı. -Onları adətən uran mədənlərinə aparırlar. Uran çıxartmağa. Ondan atom bombası düzəldirlər. Orada şüalanma var. İnsan çox yaşaya bilmir. Bir-iki aya tələf olur...

Əlisəttar qədər savadlı gənc basqallıların arasında yox idi. Ondan nə soruşsaydın, ətraflı cavab alardın. ADU-nun şərqşünaslığında oxuyurdu.

Bundan əlavə Əlisəttar çox igid və cazibədar bir gənc idi. Ona Allah qız gözəlliyi vermişdi. Əlisəttar keçən küçənin qızları ona sarı boylanır, özlərindən asılı olmayaraq ona tərəf baxırdılar. O, bütün basqallıların sevimlisi idi. Qorxu nə olduğunu bilmirdi.

Bakıda oxusa da, tətilini Tiflisdə keçirirdi. Tiflisin bütün dillərini bilirdi. Rusla rus idi, gürcüylə gürcü, abxazla abxaz, farsla fars. Əlisəttar qədər kitab oxuyan olmazdı.

Səməd ağa deyirdi ki, bu uşaq canlı ensiklopediyadır. Əlisəttar Əşrəfin ikinci qardaşı idi.

-Cəlil, Məmmədi komendaturaya haçan aparacaqlar? -deyə Əşrəf soruşdu.

-Elə bu gecə.

-Onda hazırlaşın! - deyə Əşrəf üzünü cavanlara tutdu.

-Biz isə Cəlillə bir şəhərə dəyək.

***


Gecənin qaranlığında peyda olmuş dəstə qara maşının qarşısını kəsdi. Bircə anın içində maşını müşayiət edən əsgərlərin və sürücünün əlini bağlayıb, başlarına torba saldılar. Arxa qapını açdılar. Bayıra çıxan Məmmədin də başına da torba keçirtdilər və oradan uzaqlaşdılar.

Maşının içində qalan məhkumlar da düşüb hərə bir tərəfə qaçışdılar. Küçənin ortasında əli bağlı konvoylar çapalayırdılar. Silahlı dəstə necə peyda olmuşdu, eləcə də yoxa çıxdı.

***

Üstündən bir saat keçməmişdi ki, Səməd ağagilin həyəti NKVD-çilərlə dolu idi.



Səməd ağanın yuxudan durğuzdular. Heç nədən xəbəri yoxmuş kimi o, gözlərini ovuşdururdu:

-Yenə nə baş verib?

-Oğlunuzu aparan maşına basqın olub, maşındakılarla birlikdə onları qaçırıblar. - deyə NKVD-dən gəlmiş mayor cavab verdi. -Bilmək istəyirik, oğlunuz haradadır?

-Yoldaş mayor, siz mənə deyin haradadır? Onu bir həftə bundan qabaq tutub aparandan sonra biz də xəbərsizik. Evdəkilərin ağlamaqdan gözləri ağrıyır. Siz bilirsinizsə, bizə deyin.

-Mən bura zarafat eləməyə gəlməmişəm? Oğlunuz haradadır?

-Bir şeyi bilirəm ki, heç nə bilmirəm, siz bilirsiz deyin! - deyə Səməd ağa ciddiləşdi - Axtarmağa gəlmisən, axtar! Bilmədiyim şeyi sənə necə deyim?

Səməd ağanın yuxudan durması, gözlərini ovuşdurması, evdəkilərin xəbərsizliyi gələnləri sakitləşdirirdi.

-Oğlunuzla birlikdə altı adam da qaçıb! - deyə mayor sözünə davam etdi: -Dövlətə xəyanət etmiş adamlardır, mümkünsə kömək edin, tutaq. Özünüz də vəzifə sahibisiniz. Mayorun bu sözü, doğrudan da, Səməd ağanı yuxudan oyatdı. Səməd ağa mayoru çox yaxşı tanıyırdı, həmişə birlikdə olduğu adam idi. Odur ki, onu diqqətlə dinlədi. Bir sözünü də kəsmədi. Hamının susduğunu görüb üzünü mayorla gələn dəstəyə tutdu:

-Biz basqallılarıq, bizdən vətənə xəyanət edən çıxmaz. O ki qaldı mənim oğluma, oğlum namərd olsaydı mən özüm onu güllələyərdim. O, qəhrəmancasına almanlarla vuruşub, yaralanıb əsr düşüb, əsrlikdən qaçıb, partizan dəstəsinin komandiri olub, siz isə belə bir oğulu tutmaq istəyirsiniz. Bu ədalətsizlikdir. Mən Stalinə yazacağam! Stalinin adını eşidən NKVD-çilər dik durdular.

-Səməd ağa, sakit olun, biz sizi yaxşı tanıyırıq, bilirik ki, cinayətkarı gizlətməzsiz. Soruşmaq istəyirik ki, onlardan xəbəriniz var ya yox? - deyə mayor sükutu pozdu

-Mən dedim ki, sizdən artıq bilmirəm.

Səməd ağanın bu sözündən sonra NKVD-çilər çıxıb getdilər.

-Şükür Allaha, uşaq xilas oldu! - deyə bayaqdan dinməyən Barat xatın dilləndi: -Əşrəfgil haradadır? – deyə üzünü Ağarzaya tutdu.

-Hamı Naftaluqdadır. Bakıya gedəcəklər. - deyə Ağarza cavab verdi.

-Ağarza, səhər açılan özünü yetir Əşrəfin yanına, denən ki, Bakı bağlarında bir-neçə gün qalsınlar.

Məmməd üçün Cəlil pasport düzəldəcək. Pasportu alan kimi Məmmədi Səmərqəndə göndərsin. Qoy, oradakı sexlərimizdə işləsin. Şəfiqədən nigaran qalmasın. Hələlik bizimlə qalar, sonra göndərərik onun yanına.

Səhər erkən evdən çıxan Ağarzanın qabağını məhəllə uşaqları kəsdi:

-Biz dünəndən burada karaldayıq, bizi Əlisəttar qoyub. Bir-neçə agent buralarda vurnuxur. Sizi güdürlər. Yaxşı olar evə qayıdasan!

Ağarza evə qayıtdı. Uşaqların dediklərini atasına çatdırdı.

-Olan işdir. Sən çıx küçəyə! Heç yana getmə, hər şeyi qaydasına salaram.

***

Axşam üstü Səməd ağa Nərgizin əlindən tutub gəzdirmək bəhanəsi ilə evdən çıxdı. Agentləri yayındırmaq üçün Səməd ağanın ağlına gələn ağıllı fikir bu idi. Doğrudan da, onlar uşaqla çıxan Səməd ağaya fikir vermədilər.



Agentlərin yanından ötəndə Nərgiz onları Səməd ağaya göstərib bərkdən dedi:

-Baba, bunlar dünəndən bizin həyətə boylanıb baxırlar.

Adicə qızcığazın onların yerli adam olmadığını başa düşdüyünü görən agentlər bircə anın içində yoxa çıxdılar. Səməd ağa Nərgizi evlərinə ötürdü və küçədən uzaqlaşdı.

O, xəlvəti NKVD-nin mayoru ilə görüşə gedirdi. Çoxdan bəri dostluq elədiyi Vano Qoqiaşvilidən o, çox şey öyrənə bilərdi. Dünən gecə Səməd ağagilə Vano gəlmişdi.

Qapını Vanonun özü açdı. Cavanlıqdan dostluq etdiyi Səməd ağanın onlara gələcəyini gözləyirmiş kimi, bir anın içində süfrə açıldı, şərab gətirildi.

-Səməd ağa, icazə ver, bu badəni sənin sağlığına içim! Kişilərin kişisisən!

Vano badəni dibinə qədər içdi.

-Vano, mən nə halda, sən nə halda?

-Qardaş vur! Bil ki, Məmmədin qaçması üçün mən şərait yaratmışam. İnanmırsan, Cəlildən soruş! Mən razı olardımmı ki, qardaşım oğlu güllələnməyə getsin.

Dostunun sözlərinə məəttəl qalan Səməd ağa badəni qaldırdı.

-Sənin sağlığına! - deyə Səməd ağa badəni boşaltdı.

-Mən çalışacağam ki, izi itirim. Siz isə onun üçün Bakıda sənəd düzəldin. Bir də konvoylardan biri sizin Əşrəfi tanıyıb, onu da buradan uzaqlaşdırın. Nə qədər gec deyil! Konvoy deyir ki, onu özü axtarıb tapacaq, tez-tez Şeytanbazarda gəzir.

-Allah səni bizə çox görməsin, Vano, arxayın ol, hər şeyi qaydasına salacağam. O dövrdə Tiflisdə dostluq vəzifədən üstün tutulurdu. Tiflislilər sanki başqa ölkənin adamları idilər. Səməd ağa Vanogildən düz Əşrəfgilə gəldi. Dördüncü oğlu Cavad da orda idi.

Səməd ağanın həyətə girdiyini görən Raziyə Nərgizin başını dizindən götürdü, ayağa qalxdı. Barat arvad Marqo ilə nə isə hazırlayırdılar.

-Qızım, tez ol, geyin, səni Cavad qatarla Bakıya aparacaq. Əşrəfi Bakıda tapın! Deyin ki, Tiflisə dönməsin. Onu axtarırlar. Qoy Bakıda qalsın! - deyə üzünü gəlinlərinə tutdu.

Səməd ağanın sözünün qanun olduğunu bilən Raziyə dinməzcə otağa keçdi. Yır-yığış etdi. Qayıdıb Səməd ağanın qarşısında dayandı:

-Haçan gedirik?

-Elə bu gecə!

Raziyənin gözləri yaşarmışdı. Barat xatın qızın boynunu qucaqladı:

-Bala, ananın-atanın olduğu şəhərə gedirsən. Bundan yaxşı nə ola bilər?

-Barat xala, axı mən sizə elə öyrəşmişəm...

-Allahın yazısıdır qızım. Deməli, belə lazımdır.

Gecənin qaranlığını Raziyəgilin evinin qabağında dayanan maşın pozdu. Çamadanlarını maşına yüklədilər.

-Bunsuz mən neynəyəcəyəm? - deyə Barat xatın yatmış Nərgizin alnından öpdü.

Yatmış Nərgizi Cavadın qucağında maşına mindirdilər. Qızcığaz mışıl-mışıl yatırdı. Dünyadan xəbərsiz idi.

***


Səhər sübhdən gözünü açan Nərgiz qatarda olduğun görüb təəccübləndi:

-Ay ana, biz burada nə edirik?

-Heç nə qızım, Bakıya gedirik.

-Bikə nənənin yanına?

-Onun yanına, mənim balam.

-Nə yaxşı oldu, onun üçün elə darıxmışdım.

-O, da çox darıxdığından, Cavad əmiyə deyib ki, bizi götürüb Bakıya gətirsin.

-Bəs, dədə? O, tək qalacaq?

-Yox, qızım, o da arxamızca gələcək.

Qatar vağzalda dayananda Bakıda yenə külək əsirdi. Elə tozanaq qopmuşdu ki, göz açmaq olmurdu. Taksi şoferi tozanaqdan maşını çox ehtiyatla sürürdü. Yuxarı məhəlləyə çatanda isə sürəti lap azaltdı.

Torpaq yolları keçdikcə maşının təkərindən qalxan toz arxadan əsən küləyin gücündən qabağı görməyə mane olurdu.

Məhəllənin küçələrini keçdiyini görən Nərgiz maşının bağlı pəncərələrindən evlərini axtarırdı. Hamıdan birinci evlərinin tinini sürücüyə göstərdi:

-Bax, o tindən sonra bizim evimizdir! –deyə sürücüyə müraciət etdi.

Maşını sürücü Məşədi Fazilin evinin qarşısında dayandırdı. Bir-neçə dəfə siqnal verdi ki, evdəkilər qapını açıb küçəyə çıxsınlar. Çünki maşından düşmək mümkün deyildi.

Siqnalın səsinə küçəyə Seyid Bikə çıxdı. Gəlininin və bacısı oğlunun maşından düşdüyünü görən Seyid Bikə bu gəlişin səbəbsiz olmadığını anladı. Başı min bəla çəkmiş bu qadının belə düşünməyə haqqı vardı:

Qardaşı Seyid Rza həyat yoldaşı Hümayunla 37-ci ildə Səmərqənddən Şamaxıya gəlmişdilər. Dincəlmək üçün Çuxuryurda qalxmışdılar. Seyid Rza Özbəkistanda böyük vəzifə sahibi idi. Tanınmış dövlət xadimi idi.

Seyid Bikə uşaqlarıyla birlikdə qardaşının yanında dincəlirdi. Bu xoşbəxtlik uzun çəkmədi. Yarımçıq qaldı. Çuxuryurda Seyid Rzanın dalınca "Qara maşın" gəldi. Qardaşını arvadı ilə birlikdə tutub apardılar. Sonralar Seyid Bikəyə onların güllələndiyi xəbəri çatdı.

-Cavad, bu nə gəlişdi? De, görüm nə olub? - deyə Seyid Bikə bacısı oğlundan tələm-tələsik soruşdu.

-Xala, evə keçək, hər şey yaxşıdır. Gəlmişik, sizi görək. - deyə Cavad cavab verdi.

Nərgiz qaçıb Seyid Bikənin boynundan sallandı:

-Nənə, can nənə ! -deyə qızcığaz onun üzündən öpdü. Raziyə də keçib qaynanasıla görüşdü:

-Ana, xoş gördük!

Ürəyi Seyid Bikəyə deyirdi ki, nə isə olub, vəziyyət o qədər də xoşa gələn deyil. Onlar içəri keçdilər.

-Ay qız, de görüm nə olub? - deyə Seyid Bikə sərt baxışla gəlinini süzdü. Raziyə qayınanasına baş vermiş hadisələrdən olduğu kimi danışdı.

-Şükür Allaha, itki yoxdur.

-Əşrəfgil hələ gəlməyib? - deyə Cavad soruşdu.

-Mənim balam, xəbərsizik.

Onlar həyətə keçdilər.

***

Gələnlər nahar etdilər. Onların rahatlandığını görən qaynana üzünü gəlininə tutdu:



-Raziyə, anangilə xəbər göndər! Qoy, gəldiyini bilsinlər.

-Ana, olarmı mən özüm gedim?

-Qızım, getmə, atan Xaçmazdan gəlib.

-Ana, getsəm yaxşıdır, Onun könlünü alacağam. İcazənizlə axşam gedərəm.

***

Axşama yaxın külək elə bil əsməmişdi. Tozanaq yatmış. Günəş solğun şüalarını şəhərin sonuncu binalarının üstünə salırdı.



Havanın yaxşılaşdığını görən Raziyə qayınanasından icazə aldı ki, atasıgilə getsin.

Raziyə üç ildən artıq idi ki, ata evini tərk etmişdi.

Məhəlləyə yaxınlaşdıqca böyüdüyü həyətin abı-havası onu özünə çəkirdi. Nərgizi də özülə aparmaq qərarına gəlmişdi.

Raziyə haqlı olduğuna əmin idi. O, düz iş görmüşdü. Qoşulub-qaçmağa bu məhəllədə pis baxsalar da, o öz nişanlısıla getmişdi. Həyatında ilk dəfə atasının iradəsinin tərsinə hərəkət etmişdi.

İndi o, üç il bundan qabaqkı Raziyə deyildi. Özü ailə başçısıydı.

Tiflisdən anası, bacısı və qardaşlarıla məktublaşırdı. Bir-neçə dəfə böyük qardaşı Tiflisə qonaq gəlmişdi.

O, qayıdandan sonra məktubda yazırdı ki, Dadaş xanın da ürəyi yerinə gəlib. Raziyəni görən kimi ürəyi yumşalacaq.

Raziyə həyətin qapısını açıb içəri girəndə doğma evinə ayaq basdığını anladı. Ətrafa boylanmağa macal tapmadı, Dadaş xanla üzbəüzə gəldi.

Nəhəng boy-buxuna sahib olan bu insanın sir-sifətindən kin yağırdı. Ancaq ata ilə qız arasında bu soyuqluğa Nərgiz son qoydu.

Nərgizi Dadaş xan görməmişdi. Oğlu Atabanın otağında Raziyənən bu qızın şəkili asılmışdı. Otaqda heç kəs olmayanda o, şəklə xəlvəti baxardı.

Nəvəsinin şirin baxışları və iri gözlərindən onların necə xoşbəxt olduğu hiss edirdi. Dadaş xan o saat balacanı tanıdı. Qızcığazın boyu artmışdı. Sifəti isə demək olar ki, dəyişməmişdi. Uşaqlara xas olan nur yağırdı.

Dadaş xan iki əlini açdı. Nərgiz babasının boynuna sarıldı. Qızcığazın qəhqəhəsi Dadaş xanın ciddiliyinə son qoydu.

-Ay qız, dayan, məni boğdun! - deyə boynundan sallanmış Nərgizi fırlatdı və yerə qoydu.

-Baba, mən anamla hər gün sənin şəkilinə baxırdıq. Ana deyirdi ki, mənim Dadaş babadan qəşəng kişi yoxdur.

Dadaş xan Raziyə tərəfə baxdı. Onun gözləri dolmuşdu. Qızına nə deyəcəyini bilmirdi. Bir daha Nərgizi göyə qaldırdı: -Mənim nə qəşəng nəvəm var? Nəvələrin nəvəsidir! Raziyənin gözlərindən sel açıldı. Yanaqları yaşardı. Qızının doluxduğunu görüb, Dadaş xan özü irəli keçdi, balasını bağrına basdı.

-Günah məndədir, qızım! Mənim də səhvim olub. Sən düz iş gördün. Körpənin qəlbini sındırmadın.

Raziyə atasının əlini öpdü.

-Ay Səriyə, bir bayıra çıx! Məni boğurlar. – deyə Dadaş xan həyat yoldaşını köməyə çağırdı. Ərinin harayına çatan Səriyə xatın özünü itirdi:

-Qıza, mənim balam gəlib, mənim gülüm gəlib! - deyə Nərgizi bağrına basdı. Dadaş xanın qorxusundanmı və yaxud nə baş verdiyindən xəbərsiz olduğundanmı, Raziyəyə yanaşmadı. Anasının çaşqın qaldığını görən Raziyə özü anasının boynunu qucaqladı.

-Deməli, sülh!- deyə Səriyə xatının gözləri yaşla doldu.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin