T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1,19 Mb.
səhifə9/13
tarix31.01.2017
ölçüsü1,19 Mb.
#7184
1   ...   5   6   7   8   9   10   11   12   13

AŞQABAD
Aşqabad zəlzələdən sonra iki dəfə balacalaşsa da, Seyid Bikənin gördüyü şəhər deyildi. Köhnə şəhərdən əsər-əlamət qalmamışdı. Yeni küçələr salınmış, şəhərdə gözəl binalar tikilmişdi.

Seyid Bikənin yadında idi: Məşədi Fazil yenicə sürgün olunmuşdu. Qardaşı Seyid Rzanın yanına Səmərqəndə gedirdi. Onu Krasnovodskda qarşılayan qardaşı Aşqabada da gəlmişdi. Şəhərin mərkəzində bir evə düşmüşdülər. Ev yiyələri Seyid Rzanın dostları idilər.

Mərkəz heç vaxt yaddan çıxmazdı. Bir neçə gündən sonra Seyid Rzanın tapşırığı ilə Məşədi Fazili Məribdən Aşqabada gətirdilər.

Bir-neçə həftə Aşqabadda sakit həyat sürdükdən sonra Seyid Bikə tez Bakıya qayıtdı.

Uşaqları Nataşanın və Tiflisdən qonaq gəlmiş bacısı Baratın yanında qoymuşdu. Bacısı onun qayıtmasını gözləyirdi.

Köhnə Aşqabadın hər küçəsi Seyid Bikəyə tanış idi. Ancaq indi hər şey dəyişmişdi. Zəmanə kimi.

Seyid Bikənin nəyi düşündüyünü Məşədi Fazil sanki hiss etmişdi.

-Hə, arvad, gördüklərinə oxşamır?

-Elə bil, yerlə-yeksan olub.

-Odur ki, türkmənlər birinin işi düz gəlməyəndə deyirlər: "Aşqabad batan kimi batıb!". Köhnə Aşqabad zəlzələdə, doğurdan da, batmışdı.

-İndi bizim gördüyümüz şəhər deyildir.

Əsəd hələ maşında Nərgizə yaxşı tanıdığı şəhəri göstərmək istəyirdi:

-Bura Məhtimqulu meydanıdır! -deyə böyük şairin heykəlini göstərdi. Səni bura gətirəcəyəm.

Oğlan sanki dil açmışdı. Aşqabadda nə vardısa onu Nərgizə göstərmək istəyirdi.

Qızcığaz isə iri gözlərini pəncərədən çəkmirdi, oğlanın göstərdiyi istiqamətlərə baxırdı.

Dağların ətəyində yerləşən bu şəhərin çayı olsaydı Nərgiz onu Tiflisə oxşadardı. Ancaq Aşqabad heç bir şəhərə oxşamırdı. Bu Əsədin xoşladığı şəhər idi.

-Əsəd, mən eşitmişəm ki, Səmərqənd Aşqabaddan gözəldir. Düzdür?

-Səmərqənddən dünyada qəşəng şəhər yoxdur. Allah qoysa, onu da görəcəyik.

-Məribi də?

-Mərib doğma şəhərimizdir, bizim evimizdir.

-Bəs onda buraları niyə sevirsən?

-Çünki Türkistan mənim vətənimdir. Vətənin isə hər tərəfi əzizdir.

Maşın Namiq əkənin kiçik qardaşı Səlimin evinin qapısının ağzında dayandı. Divarların yenicə tikildiyi hiss olunurdu, suvaqlarından sement iyi gəlirdi.

Qapıdan içəri girərkən Nərgizi özünə həyətin böyüklüyü cəlb etdi. Hər tərəf ağaclarla örtülmüş, Basqal bağlarını xatırladırdı. Yaşıllığın arasından həyətin axırında ağ daşdan hörülmüş bir mərtəbəli, zövqlə bəzədilmiş qəşəng bina onun nəzərini özünə cəlb edirdi.

Qonaqlırı həyətdə Səlim özü qarşıladı:

-Xoş gəlmisiniz, Məşədi Fazil əkə! - deyə onları salamladı.

-Sağlıqla işlədəsən, Səlim! Qəşəng ev tikmisən! -deyə Məşədi Fazil həyətin axırındakı binanı göstərdi.

Həyətin ortasında ağır tut ağacı bitirdi. Beş-altı adam onun gövdəsini güclə tutardı. Budaqları həyətin hər tərəfinə kölgə salırdı. Qonaqları bu ağacın altındakı dəstərxana dəvət etdilər.

Əsəd Səlimin uşaqlarıyla çamadanları otaqlara daşıdılar. Nərgiz dəstərxanda qala bilmədi, o, da gedib Əsədə kömək etmək istədi:

-Nənə, Əsədə kömək edim mi? -deyə soruşdu.

-Otur yerində, yüngül olma!

Məşədi Fazilin susduğunu görən Namiq əkə tut ağacını göstərdi.

-Bütün Aşqabad batdı, ancaq bu ağaca bir şey olmadı. Bir budağı da sınmadı. Səlimin uşaqları bu ağacın gövdəsinə sığınıb, sağ qalmışdılar.

Zəlzələ olanda Səlim Səmərqəndə bizimlə idi. Eşidəndə ki, Aşqabadda zəlzələ olub tez ora yola düşdü. Batmış şəhərdə bu ağac vasitəsi ilə arvad-uşağını tapdı.

Zəlzələyə qədər bu ağac evlərinin qabağında, küçədə bitirdi. İndi isə həyətində bitir. Səlimlə elə elədik ki, küçənin istiqamətini dəyişdirsinlər. Bu ağac onun həyətində qalsın.

-Ağacın az yaşı yoxdur! -deyə Məşədi Fazil sözə qarışdı: -Basqalda, bizim həyətdə ki tutu xatırladır.

-Səlim deyir ki, bu ailəsinin dirəyidir.

-Marqlıdır ki, biz də öz ağacımız haqqında belə düşünürük.

-Məşədi, dərin düşünsək heç bir fərqimiz yoxdur. Bir xalq, bir millətik. Avamlığımızdan, axmaqlığımızdan ayrılmışıq. İndi isə kiməsə quluq.

-Biz heç vaxt qul olmamışıq. Olmayacağıq da!

-Söhbət bizdən getmir. Bir fikir ver, bizi əhatə etmiş avamlara. Savadları var, diplomları var, elmi adları var-ancaq ağlıları yoxdur. Çünki ziyalı deyillər.

-Sözünün qüvvəsi, o gün bunların Lunaçarskiy adlı bir maarif nazirləri olub, Leninin vaxtında. Kitabı əlimə keçmişdi. İngilislərin “Tayms” jurnalına intervüsü çox maraqlıdır.

İngilis jurnalisti ondan soruşur ki, siz hər yerdə deyirsiniz "Sovet ziyalısı, sovet ziyalısı!" - nə zaman bu anlayış sözün həqiqi mənasında öz mahiyyətini alacaq? Bu anlayışlı sovet ziyalısı olacaq?”

Lunaçarskiy düşünmədən cavab verir ki, əgər sovet ziyalısının atası, anası, babası, babasının babası ziyalı olarsa, onda biz sovet ziyalısının olduğu haqqında danışa bilərik.

Bunlar özləri də hiss edirlər ki, çobandan ziyalı düzəltmək olmaz. Belə getsə, tezliklə bir axmağın biri hakimiyyəti tamlığı ilə ələ alacaq. Lenin-Stalin nağılını dağıdacaq. Dünya öz məcrasına qayıdacaq.

***


Gecənin qaranlığında Səlimin qapısını döyüldü. Qapıdan içəri girənlərin arasında Məşədi Fazilin çoxdan görmədiyi Hüseyn əkə də vardı.

Hüseyn əkə rusların it kimi qorxduğu basmaçıların başçısı idi. Türkistanın tanınmış zadəgan nəslinin nümayəndəsindən idi. Sovetlər

Türkistana ayaq basan gündən əlində silah onlara qarşı vuruşmuşdu. Deyirdilər ki, Ənvər paşa onun dizləri üstündə keçinib. Generalın gözlərin bağlayan da o, olub. Mərasimini aparan da o.

Hüseyn əkə Namiq əkənin dayısı oğlu idi. O, İrana keçəndən sonra, onu görən olmamışdı.

Məşədi Fazilin yaxşı yadında idi. Onu Səmərqəndə Namiq əkəgildə görmüşdü. Özbəklərin, türkmənlərin, taciklərin arasında igidliyi və düzlüyü ilə seçilən cavanlardan idi.

Ənvər paşa bütün ciddi tapşırıqları ona verərdi. Onun atmaqda, qılınc vurmaqda tayı bərabəri yox idi. Qazaxıstan düzlərində türkmən atlarından ilxıları vardı.

Eşidəndə ki, sovetlər atları müsadirə edib. Ənvər paşadan bir-neçə günlüyə icazə alır. İlxıları sovet əsgərlərinin əlindən alaraq İrana keçirir.

Namiq əkəgilin İrandakı malikanəsinə aparır.

Hüseyn əkə Məribə üz tutanda Məşədi Fazilgildə gizlənərdi. Ancaq qoxu nə olduğunu bilməzdi.

Məşədi Fazil Namiq əkədən onu soruşanda, o, cavab verirdi ki, "İrandadır. Sənə haçan lazımdır, çağırım, gəlsin".

Hüseynlə bir dəstə igid gəlmişdi. Dəstə dəstərxana yerləşdikdən sonra, süfrə açıldı.

Söhbəti başlamazdan əvvəl Namiq əkə Nərgizi harayladı. Onun çağırışına gələn Nərgiz oturanlara salam verdi.

-Qızım, o qəzeti tap, mənə gətir! - deyə Namiq əkə qızı evə yolladı.

Bir-neçə dəqiqə keçmədi ki, qız geriyə döndü. Qəzeti Namiq əkəyə uzatdı.

-Qardaş, al, buna bax, gör buradakılar sənə tanış gəlir ya yox? -deyə Hüseyn əkəyə müraciət etdi.

O, qəzetdəki şəklə diqqətlə baxdıqdan sonra üzünü Namiq əkəyə tutdu:

-Demək olar ki, hamısını.

-Kimlərdir onlar?

-Necə yəni ki, kimlərdir? Biri bizim şahımız, biri generalımız, qalanları isə dostlarımız.

-Generalın adı nədir?

-Mir Kamil ağadır. Ağır seyid nəslinin oğludur. Şahın sağ əlidir. Bakıda sovet hökuməti qurulandan bizimlə Türkistanda Ənvər paşanın rəhbərliyi altında vuruşurdu. Mənim sərdarım olub. İrana da onunla birlikdə keçmişik.

Şah onun şücaətindən, nəsli-nəcabətindən xəbərdar olduğundan, ordusunda əvvəl polkovnik, sonra isə general etdi. Bir ailə kimiyik. Məşhədə gələndə bizə dəyməmiş getmir. Mən isə Tehranda onu görməsəm, geri qayıtmıram.

-Sən bilirsən, Mir Kamil ağa kimdir? - deyə Namiq əkə birdə soruşdu.

-Mən dedim də!

-Yox, sən çox şeyi bilmirsən. Mir Kamil ağa Seyid Bikənin doğma qardaşıdır, Məşədi Fazilin yeznəsidir.

-Allahın işinə bax ey! Dünya necə dar imiş!? Sən işə bax: min ildir Məşədi Fazili tanıyıram, bir dəfə də olsun, Mir Kamil ağadan danışmamışam. - deyə Hüseyn əkə öz təəccübünü bildirdi.

-Təəccüblü nə var ki, Allah əgər hər şeyi yerinə qoyursa? - deyə Namiq əkə əlavə etdi.

-Hüseyn əkə, işimiz elə yaxşı gətirir ki, deyəsən biz səninlə İrana keçməli olacayıq! - deyə Məşədi Fazil sözə qoşuldu.

-Mən və mənim dəstəm hazır, ustədiyiniz vaxt çıxaq! - deyə Hüseyn əkə qətiyyətlə cavab verdi.

-Mən Seyid Bikəni də keçirtməli olacağam. Bunu da nəzərə al!

-Burda da heç bir çətinlik yoxdur. Bəs balacanı nə edəcəksiz?

-Biz gedib gələnə qədər, Namiq əkənin qonağı olacaq. Birdə yaxşı olar ki, keçib Mir Kamil ağaya onunla görüşə gələcəyimiz haqda xəbər verəsiniz. Bu neçə gün çəkə bilər?

-Bizə bir həftə bəs edər! - deyə Hüseyn əkə cavab verdi. Bir həftədən sonra qayıdarıq və onun bizi harada gözlədiyini sizə çatdırarıq.

****


Səhər erkən Hüseyn ağanın dəstəsi dağlara tərəf yol tutdu. Atların yedəklərinə Namiq əkənin adamlarının basqallılardan aldığı kəlağayı yüklənmişdi.

Namik əkənin dediyinə görə onlar ayda iki dəfə sərhədi keçirlər.

Dağda böyüyən bu insanlar təhlükəli sərhəd zonalarından elə rahatlıqla ötürdülər ki, heç sərhədçilərin ruhi incimirdi.

Dəstə bir həftədən sonra geri qayıtdı. Xəbərlər şad idi. Hüseyn generalını tapmış, muştuluq almış, Məşhədin yaxınlığındakı Şiravan şəhərinə gəlmələrinə şərait yaratmışdı.

Hüdeyn əkə sabah erkən yola çıxmağı məsləhət gördü.

-İki günlük yolumuz var. Narahatlığa isə heç bir əsas yoxdur. Rahatlıqla keçəcəyik! -deyə sözünü qurtardı.

Getmək xəbərini eşidən Seyid Bikə Nərgizi gecə yanına çağırdı.

-Nərgiz qızım, səninlə söhbətim var! -deyə onu qırağa çəkdi: -Biz beş-altı gün olmayacağıq. Özünü yaxşı apar. Darıxma, tezliklə qayıdacağıq.

Səhər yuxudan duranda Nərgiz nənəsini yanında görmədi. Dəstə səhər erkən dağ ətəyi ilə İran istiqəmətində hərəkətə keçmişdi.

Bütün günü cənuba doğru hərəkət edən dəstə at üstü yemək yeyir, dayanmadan, dincəlmədən, tanış keçidləri ötür və qabaqda gedən bələdçilərin işarələrinə əməl edərək, bəzi yerlərdə gizlənir, gözləyir, təhlükə sovuşduqdan sonra yenidən hərəkətə keçirdilər.

Dəstə elə keçidlərlə hərəkət edirdi ki, qarşılarına bir nəfər belə çıxmırdı. Əgər qarşıda şübhəli bir şey görünürdüsə, dayanaraq ağaclığa və yaxud kolluğa sığınır, sakitlik yaranan kimi irəliləyirdi.

Bələdçilər dağ keçidlərinə elə bələd idilər ki, özləri ilə apardıqları insanlar demək olar ki, əziyyət çəkmirdilər. Dərin düşündükdə isə çox böyük riskə gedirdilər.

Sovet-İran sərhədini bu asanlıqla keçmək hər igidin işi deyildi.

Bu insanların da yaşayışı burdan çıxırdı. Dəstə dağ kəndlərinin az olduğu yerlərlə irəliləyir, rastlarına kənd gəldikdə, ora daxil olmayıb ətrafından ötürdülər.

Dağ boyu hərəkət çox təhlükəli aşırımlardan və sıldırım qayalıqlardan keçirdi, bu yerlərə quş-quşluğunla qonmurdu. Hüseyn ağanın dəstəsinin keçdiyi yollarla bir sərhədçi keçə bilməzdi.

İkinci günü, günortadan sonra sərhəd xəttinə az qaldığını bildirən bələdçilər, sıldırım qayaların dikliyinə tərəf dəstənin gəlməsini tövsiyə etdilər və özləri qabaqda gedərək, dəstəni dağın ətəyinə çıxardırdılar.

Dağ ətəyinin söykəndiyi dağın divarı qarşısındakı iri qaya parçasının arxasına keçdilər və atları da özləri ilə apardılar.

Məşədi Fazil, Hüseyn ağa, birdə Seyid Bikə qarşılarında açılan qeyri-adi gözəlliyi seyr etməyə başladılar.

-Məşədi, qarşımızdakı dağ Rizə dağıdır. Allahın köməyi ilə sabah səhər onun o biri ətəyində olacağıq. Ora İrandır. Aşağını görürsən, ora rusların zastavasıdır. Onlar bura çıxa bilmirlər, elə fikirləşirlər ki, bura çıxmaq qeyri-mümkündür.

-Bəs biz necə çıxdıq?

-Bizim çıxdığımız yol "İpək yoludur", qədim karvan yoludur.

Türkmənlər hələ Nikalay vaxtı bu yolla qaçaqmalçılıqla məşğul olurdular. Bu yolun marşrutunu ancaq mənim bələdçilərim bilir, onlara da bunu ata-babaları öyrənib. Onların ailə sirləridir, heç kimə deməzlər və göstərməzlər. Belə sirlər nəsildən nəslə keçir. Həzrətqulu nəslinin çörək ağacıdır.

-Onlar hara yox oldular? - deyə Seyid Bikə yoxa çıxmış bələdçiləri və atları göstərdi.

-Seyid Bikə xatın, narahat olmayın, mağaradadırlar. Gəlin, bizdə içəri keçək. Aşağıdan sərhədçilər binoklla baxa bilərlər.

Qayanın arxasında bir metr eni, uzunluğu insan böyü ölçüsündə mağaraya keçid vardı. Atları mağaraya salmaq üçün yükləri boşaldılmışdı.

Bələdçilər bir-bir bayıra çıxıb, yükləri içəri daşıyırdılar. Yeddi at yükünü mağaraya yerləşdirdilər.

Məşədi Fazillə Seyid Bikə içəri daxil oldular. Böyük bir mağarada olduqlarını anladılar. Mağaranın ortasında ocaq qalanmışdı.

-Bura yolu ancaq bizim adamlar tanıyırlar. Bu mağaradan yol Rizə dağına qədər gedir və aşağıdakı “zastavanın” söykəndiyi dağ ətəyinin içindən keçir. O taydakılar da, bu taydakılar da bizi nə görə bilərlər, nə də hiss edə! - deyə Hüseyn əkə Məşədi Fazili başa salmağa çalışdı.

-Əkə, bəs bizim qaladığımız ocağın tüstüsünü necə, görə bilmirlər?

-Heç vaxt, çünki tüstü mağaranın tavanından dağın zirvəsinə qalxır və oradakı dumana qarışır. Bizim bütün çətinliklər arxadadır, bütün təhlükələri sovuşmuşuq. İrəlidə Rizə dağın ətəyidir, onu da rahatlıqla keçəcəyik. Sabah günorta İrandayıq.

Dəvə dərisinin üstünə atılmış qalın türkmən xalçasının üstündə oturdular. Bələdçilər süfrə açdılar.

-Mən yaman narahat idim ki, Seyid Bikə dağlarda əziyyət çəkəcək. Maşallah, bizdən geri qalmadı. - deyə Hüseyn əkə sözünü davam etdi.

-Ay Hüseyn, sən bilsəydin, onun başı nələr çəkib? Bu dağlara dırmanmaq, onların yanında su içmək kimi bir işdir. - deyə Məşədi Fazil cavab verdi.

-Dünyanın işinə bax: öz torpağımızdan öz torpağımıza gizlin keçirik. Dünyada bir nəfər düşünmür ki, bunlar birləşməlidirlər.

-Vaxt vardı, vahid bir ölkə idi Türkistan, böldülər, parçaladılar. On əsrdən artıq idi ki, azərbaycanlılar İranın taxtı-tacına sahib idilər. 1923-cü ildə alıb farsa verdilər. Bütün bəlalarımız da elə buradan başladı.

İki Azərbaycanın birləşməsi də tələyə düşdü. Çünki İranın rəhbərinin dəyişməsi fars azərbaycanlı qarşıdurması yaratdı. Əlbəttə ki, bu "Demokratik inqilab" adı ilə Cənubi Azərbaycana İranın tərkibində avtonomiya da verdilər. Ancaq Peşəvərinin iki Azərbaycanı birləşdirmək və vahid Azərbaycan müstəqil dövləti yaratmaq fikrini həyata keçirtmək istəməyən Stalin onu Gəncədə avtoqəzaya salıb öldürtdü.

Amerikanlara İranı hədiyyə verdi ki, doyunca Köhnə Şahın əliylə azərbaycanlıları qırsın.

-Təzə şah bir balaca, deyəsən, mülayim adamdır. Onda o qədər də qəddarlıq yoxdur.

-Bu deyəsən bir balaca ağıllı tərpənir, ətrafındakılar demək olar ki, azərbaycanlılardır. Odur ki, Cənubi Azərbaycanda iğtişaşlar kəsilib.

-İranı idarə etməyin yolu budur.

-Elədir, farslar azərbaycanlılara vəzifə verməklə İranın birliyini və bütövlüyünü saxlamağa çalışırlar. Qorxulusu da budur, belə getsə, nə farsdan farslıq qalacaq, nə azərbaycanlıdan azərbaycanlılıq. Bir qazanda əriyib bişəcəklər və iranlıyıq deyəcəklər.

Bakıda yaşayan Cənublulara xalq həmşəri deyir, onlar özləri isə farslığından, azərbaycanlılığından asılı olmayaraq, özlərini iranlı adlandırırlar.

-Maraqlı müşahidələrdir. Mənə elə gəlir ki, dövlətçilik baxımından bu Şah ağıllı addımdır. Hamı üçün bərabər şərait yaradır, əks halda İran dağıla bilər.

-Bu belədir. Baxın, SSRİ-nin siyasətinə. Beynəlmiləlçilik siyasətinin, daha doğrusu, kommunist siyasətinin mahiyyəti bu prinsipdədir. Əgər xalqlar arasında fərq qoyma siyasətinə keçsələr, SSRİ-nin izi tozu qalmaz.

Leninin rus şovinizminə qarşı çıxmasının əsas səbəbi də elə bu idi.

-Belə çıxır ki, mövcud böyük dövlətlərin dağılma mexanizmi millətçilikdir.

-Bəli belədir. Fikir verin, Azərbaycanda nə baş verir. Azərbaycanca məktəb var? Var. Azərbaycan dilində teatr, kino, radio, qəzet, kitab və s. var? Var. Belə şəraitdə bir tərəfdən dilimiz inkişaf edir, digər tərəfdən rus dilinin dövlət dili olması və rusdillilərin vəzifəyə çəkilməsi, ona gətirib çıxardır ki, ağlı başında olanlar balalarını rus məktəbinə qoyurlar.

Çünki Azərbaycan cəmiyyətinin inkişafı üçün bu dilin öyrənilməsinin vacibliyini hamı duyur. Bu ağıllı siyasətdən qırağa çıxsalar, məsələn, bütün məktəbləri ruslaşdırsalar, milli oyanış başlayar.

-İranda məktəblərin hamısı fars dilindədir.

-Bu İranın başına bəla açacaq. İranın düşmənlərinin əlinə əsas verəcək.

Bir neçə müddətdən sonra əgər İranın iqtisadi vəziyyəti korlansa, Şaha qarşı mübarizənin ana xətti burada yaşayan xalqlara qarşı ədalətsizliyin olması və onların ana dillərində dərs almaması olacaq.

-Təzə şah, deyəsən, bunları başa düşür. Düzdür ana dilində məktəb açmır, ancaq ətrafına milliyyətindən asılı olmayaraq ağıllı insanları yığır.

-Təki belə olsun. Ancaq millətçilik İranın üzərindən asılmış Demokl qılıncıdır. İstədiyi vaxt İranı parçalaya bilər.

Seyid Bikə ərilə Hüseyn ağanın danışığına dinməzcə qulaq asdır, onların söhbətinə qarışmaq istəmirdi.

Seyid Bikəni bir şey düşündürürdü. İstəkli qardaşı ilə görüş.

***


Dəstə atlarını Rizə dağın ətəyində saxladı.

Dağın döşündən axan bulaqdan heyvanlara su içdirdi, boşalmış qabları doldururdu. Əlində gümüş camla bulağın gözündən su dolduran bələdçi ora yaxınlaşan Seyid Bikəni görüb, dolu camı ona uzatdı:

-Xanım, buranın suyundan dünyada ləzzətli su yoxdur! -dedi.

-Günəşin şüalarından bulağın gözündən axan su büllur kimi şəfəq saçırdı və göy rəngə çalırdı. Əlindəki suyun necə soyuq olduğunu camın soyuqluğundan duymaq mümkün idi. Odur ki, Seyid Bikə asta-asta sudan içirdi. Gözəl su idi. Basqalın sularını xatırladırdı.

-Buradan qayıdan kimi, uşaqları götürüb Basqala aparacağam. Qoy dincəlsinlər! - deyə düşündü.

-Aşağıya bax! - deyə Məşədi Fazil onu düşüncədən ayırdı. Zastava gör, harada qalıb!

İki zastavanın arasından dəstənin necə keçdiyi möcüzə idi. Nə sovet, nə də İran sərhədçiləri onların izini tozunu belə görməmişdilər.

Yenidən süfrə açıldı. Bulağın başında əməlli-başlı dincəldikdən sonra da dəstə hərəkətə keçmək istəmirdi.

Bir-neçə saat da belə ötdü. Aşağıda görünən yolun kənarında iki dənə "Ford" maşını dayandı.

Hüseyn əkə dəstəni aşağı endirtdi və maşındakı yükləri yerə-atların üstündəkini isə maşınlara yüklədi.

Maşınlar boşaldıqdan sonra Hüseyn ağa Məşədi Fazillə Seyid Bikəni maşına dəvət etdi və onlar sürətlə dağ ətəyindən uzaqlaşdılar.

"Fordlar" sıldırım qayalıqlarla aşağı endikcə Seyid Bikənin ürəyi qopurdu. Qarşısındakı uçurumunun sonsuzluğu sürücünü heç də narahat belə etmirdi. Onun sakitliyi Seyid Bikəni də sakitləşdirirdi.

Məşədi Fazilin isə heç nə vecinə deyildi. Dağlarda böyümüş insana yüksəkliklər əksinə ləzzət verir.

Şirvana çatanadək saat on ikidən keçmişdi. Məscidlərdən gələn azan səsi günorta namazına çağırırdı.

Şirvan dağların ətəyində balaca bir şəhərcik idi. Şəhərin dar küçələri dağ daşlarından düzüldüyündən maşın toz-torpaq qaldırmırdı.

Şəhərciyin girəcəyindən başlayaraq mərkəzinə qədər gedən yola maşın yolu demək olmazdı, çünki ora bir maşın güclə yerləşirdi.

Mərkəzindən dağ ətəyinə tərəf uzanan yolun qırağında Hüseyn ağa maşından düşdü və qonaqları qarşıda duran iki mərtəbəli, hasarlı evə dəvət etdi:

-Məşədi Fazil çatdıq! Burada qalmağımız məsləhətdir. Mir Kamil ağa özü gəlib sizi tapacaq.

Həyətə daxil olduqda Seyid Bikə anladı ki, böyük bir bağ-bağatın içindədirlər. Hər tərəf gül-çiçək idi. Ona Şamaxıdakı evlərini xatırladırdı. Bir an ona elə gəldi ki, bu gül-çiçəklər atası Mir Hüseyn ağanın əlilə əkilib və bu bağ-bağat onun göstərişi ilə salınıb.

-Fazil, bu həyət sənə Şamaxıdakı həyətimizi xatırlatmır? Yadındadır bizim çarhovuz. İçindəki balıqlar. Ora bax, sarı samovara, elə bil həyətimizdən gətirilib.

-Bikə, mənə də elə gəlir ki, öz evimizə düşmüşük. Məni də bu hisslər tərk etmir.

Həyətə çıxan dörd qulluqçuyla birlikdə, onların başçısı farsca gələnlərə xoş gəldin dedi və çarhovuzun yaxınlığında qoyulmuş böyük bir dəyirmi stolun arxasına dəvət etdi.

Məşədi Fazil ona farca «Çox sağ ol!» dedikdən sonra üzünü Seyid Bikəyə tutdu, ona da farca müraciət etdi:

-Bikə xatın, Vallah elə bil 1916-cı ildir, məndə sizin həyətdəyəm.

Hüseyn ağa Məşədi Fazilin belə səlis fars dilini bilməsinə heyran qalmışdı.

-Məşədi, sənin ərəb, türkmən, özbək, gürcü dilini bildiyini eşitmişdim. Ancaq farsca belə danışmağını görməmişdim. - deyə Hüseyn ağa öz təəccübünü gizlətmədi.

-Hüseyn ağa, azərbaycanlı ziyalıların demək olar ki, hamısı fars dilini bilirlər. İndikilər əldə qayırmadır. Fars dilində Azərbaycanın dahiləri yazıb yaradıblar. Onları başa düşmək üçün bu dili bilməmək günahdır.

Nizaminin "Həfti peykini" farsca oxumaq, "Yedi gözəlini" azərbaycanca oxumaqdan yaxşıdır. Adı, bütün məzmunu, astroloji mahiyyəti tərcümə vaxtı dəyişdirilib. Demək olar ki, adi nağıla çevrilib.

Ərinin Nizamidən hələ çox danışacağını görən Seyid Bikə üzünü Hüseyn ağaya tutdu:

-Hüseyn ağa, bu mülkün sahibi kimdir? – deyə soruşdu.

-Məgər deməmişəm?

-Yox, bu haqda bir kəlmədə...

-Kamil ağanındır! - dedi.

-Kimin?


-Qardaşınızın. Yayda bura gəlib ailəsilə dincəlir.

Seyid Bikənin durduğu yerdə ayaqları titrədi. Arvadının halının dəyişdiyini görən Məşədi Fazil onun qolundan yapışdı:

-Özünü ələ al! Hər şey qaydasındadır. - dedi. Aparıb dəyirmi stolun arxasında oturtdu.

-Fazil, Allah sənin atana rəhmət eləsin! Mənim yolumda nə etməmisən?

-Seyid qızı, kişi arvadının naz qəmzəsini yerinə yetirməyə borcludur.

Qulluqçular nahar üçün stolun üstünü bəzəməyə başladılar. Seyid Bikə stolun arxasından durdu və xanımyana Fazilin qoluna girdi: .

-Mən yerimdə otura bilmirəm, gəl, evə baxaq!

-Mənim boğazımdan da çörək keçmir.

Evə tərəf addımladılar. Hüseyn ağa da onları müşayiət edirdi.

Sütunlu zaldan içəri girdikdə, nəzərini ingilis ocağının üstünə vurulmuş rəngli şəkil cəlb etdi. Bu Mir Hüseyn ağanın Bakıdakı evindəki portreti idi.

-Aman Allah, Fazil, dədənin portreti də burdadır. Elə bil evimizdir.

-Evimiz deyil, bəs haradır?

-Ötən günlərə qaytarır. Mən burada qalıram. Heç yana getmirəm.

-Sən zarafat elə, bəs Bakıda qoyduğun külfətinə kim baxacaq?

-Özləri özlərinə baxarlar.

-Ay arvad, bəs Nərgiz?

Sanki Seyid Bikə bu sözü eşidib yuxudan ayıldı.

-Vallah, farca danışmağım, mənim nənəliyimi də yaddan çıxartmışdı. Mənə elə gəlirdi ki, yenə də Mir Hüseyn obasındakı Bikə xatınam.

-Mir Hüseynin obasındayıq, buna söz ola bilməz. Bikə xatınlığına da şübhəm yoxdur. Ancaq bizim evimiz burda deyil. Bakıdadır.

Hüseyn ağa onları dinləyə-dinləyə qulluqçulara göstəriş verirdi.

Bir neçə dəqiqədən sonra Baş qulluqçu ona yanaşdı və qulağına nə isə pıçıldadı. Bir neçə dəqiqədən sonra Hüseyn ağa evi tərk etdi. Tezliklə qayıdacağına söz verdi.
***

QARA GİLƏ
Hüseyn ağa qayıdanda axşam düşmüşdü. Dağlar ətəyində yerləşən Şirvana asta-asta yay sərinliyi gəlirdi. Həyətdəki meyvə ağaclarının yarpaqları günəşin istisindən qurtarmış kimi şaxlanır, quşların şirin cingiltisi ətrafı bürüyürdü. Qaranlığın buralara hücum çəkməsinə baxmayaraq, buludsuz səmada aydın şəkildə ulduzlar görünürdü.

İran gecələrinin qeyri-adiliyindən nə qədər şerlər və qəzəllər yazıldığını düşünən Məşədi Fazil bu ölkənin poeziyasının rəngarəngliyini təbiətinin gözəlliyi ilə əlaqələndirirdi.

Budaqlarını onun başı üstünə çətir kimi salmış böyük bir ərik ağacının gövdəsinə söykənmiş Məşədi Fazilin fikrini Hüseyn ağa ilə birlikdə həyətə daxil olan tanış bir sima cəlb etdi.

-Mustafa? Bu sənsən? Vallah, dünya çox dar imiş!? -deyə heyrətindən ayağa qalxdı və gələnə müraciət etdi.

-Sən dünyanın işinə bax! Kimi, harada görürəm?

Müstafa Payan otuzuncu illərdə Bakının ən məşhur xanəndələrindən biri idi. O, yeganə muğam ustadı idi ki, Bakı kəndlərində qabağına nərdivan çıxartmamışdılar.

“Əsli və Kərəmdə” Kərəm, “Aşıq Qəribdə” Qərib və s. rolların “Opera və Balet” teatrında ifaçısı idi.

Otuz altıncı ildə cənubi azərbaycanlılar İrana departasiya ediləndə qohum-əqrəbalarına qoşulub İrana keçə bilməmişdi.

Onu NKVD Bakıdan qırağa çıxmağa qoymurdu. Ancaq buna baxmayaraq Mustafa ləqəbinə sadiq qalaraq yoxa çıxmışdı.

Mustafa Payanın yoxa çıxması teatrın uzun müddət işini pozmuş, aylarla NKVD-e onu axtarmış, nə ölüsünü, nə də dirisini tapa bilməmişdi. Mustafa iki Azərbaycanın həqiqi bülbülü idi.

-Bikə xatın, bəri gəl gör kim gəlib? - deyə Məşədi Fazil həyat yoldaşını harayladı.

Otaqdakı albomu vərəqləyən və şəkillərin içində qardaşından başqa heç kimi tanımayan Seyid Bikənin, ərinin səsini eşidər-eşitməz, az qaldı ürəyi yerindən çıxsın.

Mir Kamil ağanın gəldiyin düşündü. Ancaq uzaqda durmuşların arasında qardaşını görmədikdə sakitləşdi. Diqqəti səristləşdi. Mustafanı tanıdı. Həyətə düşdü:

-Mənim bu il bəxtim çox gətirir. Bütün itirdiklərimi tapıram. Ay Mustafa, Mustafa... Sən Bakını bülbülsüz qoymusan! - deyə Seyid Bikə onun “Bakı bülbülü” ləqəbinə işarə vurdu və onu salamladı.

-Seyid qızı, mənimkilərin hamısını bura sürgün etdilər. Mən nə edə bilərdim? Atam-anam, qardaşlarım-bacılarım, qohum-əqrəbam hamısı burdadır. Allah qoysa, yollar açılar, qayıdarıq.

-Sən təsadüfə bax! - deyə Hüseyn ağa söhbətə qarışdı.

-Mən bilirdim ki, siz İran musiqisini sevirsiniz, çıxdım mərkəzə ki, buranın ən gözəl musiqiçilərini gətirim, darıxmayasınız. Allah Müstafanı özü yetirdi, qalanları bir azdan gələcəklər.

Seyid Bikə qulluqçuya əli ilə işarə etdi. Qulluqçu bir anın içində, qarşısında hazır oldu:

-Dəyirmi stolu qaysı ağacının altına çəkin! Üstünü şirniyyat və çərəz düzün! Şam yeməyini də burada yeyəcəyik! - deyə onlara farsca göstəriş verdi.

-Seyid qızı, xanımlıq sənin qanındadır. Cəmi-cümü beş-altı saatdır burdayıq, sən daha ağalıq edirsən!

-Burda etməyim, harada edim? Bakıya qayıdıb nökərçilik edəcəyik. Qoy, atamın evində ağalıq edim. Fazil, elə bil on beş yaşındaki Bikəyəm.

-Et, arvad! Et! Sənə həqiqətən hər şey yaraşır.

Seyid Bikə onları stolun arxasına dəvət etdi. Özü isə yenidən otağa keçdi.

Mustafa Payan Seyid qızının uzaqlaşdığını görüb Hüseyn ağaya üzünü tutdu:

-Hüseyn, səni Allah biabır etməsin! Məni kimlərin yanına gətirdiyini demədin. Biri ağsaqqalım, biri isə anamız-bacımız. Mən əliboş gəlməzdim.

-Ürəyini sıxma, sənin səsin bizə bəsdir. Bilsən, bura daha kimlər gələcək, sakitləşərdin.

-Hüseyn, axı bu insanların üstümüzdə haqqı var?

-Bilirəm, odur ki, dilini dilçək saxlamalısan! Gəliblər, qayıdacaqlar. Seyid Bikə qardaşıla görüşə gəlib.

Mülkün qarşısında maşın siqnalı səsləndi. Ev yiyəsinin bayıra çıxmasını istəyirdilər. Gələn çalançılar idi. Onları həyətə dəvət etdilər.

Çalançıları dəyirmi stolun qarşısında qoyulmuş mizin arxasına yerləşdirildilər. Bir-neçə dəqiqə keçməmişdi ki, musiqi sədaları ətrafa yayılmağa başladı.

-Dünyanın ən xoşbəxt adamlarından biriyik. Ruhumuzu oynayan ecazkar İran musiqisi, sakit və təlatümsüz Şirvan. -deyə Məşədi Fazil Seyid Bikəyə müraciət etdi.

-Nə qədərdir, biz fars musiqisini eşitmirik?

-Hansı axmaqsa, onun radioda çalınmasına da bizdə icazə vermir. Hətta İran artistlərini Bakıya da dəvət etmirlər.

Biz bir şeyi anlamırıq ki, Azərbaycan musiqisi İran musiqisi ilə türk musiqisinin sintezidir, hələ bura əlavə etmək olar-ərəb, hind, rus, qaraçı və Avropanı.

Azərbaycan uzun müddət İranın tərkibində olub və onun tarixi İranın tarixilə elə sıx bağlıdır ki, çox vaxt bunaları ayırmaq mümkün olmur.

İran musiqisi dedikdə burada məskunlaşmış xalqların yaratdığı musiqi nəzərdə tutulmalıdır. Bu musiqinin bir qolu da Azərbaycan musiqisidir.

Odur ki, indi Azərbaycan respublikasında yaranan və dünya mədəniyyətində iz qoyan musiqimiz heç də İran musiqisindən geri qalmır. Əksinə onları qabaqlayıb. Bizim muğamları götürək. Adları fars adları olsa da, fars muğamlarından köklü şəkildə fərqlənir.

-Həqiqətən Azərbaycan elə bir yerdir ki, Şərqlə Qərb orada toqquşur. Odur ki, biz bütün musiqiləri özümüzki kimi qəbul edirik! -deyə Mustafa Payan əlavə etdi.

-Lenin ona görə deyirdi ki, "Baku-vorota Vostoka!" Elə bilirsiniz, o, axmaq adam idi? –deyə Məşədi Fazid onun fikrini davam etdirdi.

-Məşədi, siz deyəsən zarafat edirsiniz? - deyə Hüseyn ağa eşitdiklərinə inanmadı.

-Huseyn ağa, bizim nəsil düşmənlərimizin ağıllılarına da hörmətlə yanaşır. Ağıllısına ağıllı, dəlisinə dəli deyirik. Ağıllı adamlardan öyrənməmək, axmaqlığa aparır. Ağıllı düşmənimizi axmaq dostdan üstün tuturuq.

Musiqi kəsildi. Musiqiçilərlə Mustafa Payan nə isə danışırdı. Bir-neçə dəqiqə belə ötdü. Mustafa Payan dəyirmi stola yanaşdı. Üzünü Seyid Bikəyə tutdu:

-Seyid qızı, hansı mahnını xoşlayırsız?

-Mustafa, sənin bütün mahnılarını xoşlayırdıq, ancaq onların arasında "Qara gilə" nin misli-bərabəri yoxdur.

"Qara gilə" Azərbaycan nəğməsinin şahıdır. Yadımdadır, Bakıdakı "Həmşəri palanın" farsları da deyirdilər ki, bundan gözəl mahnı yoxdur.

Mustafa Payan musiqiçilərə əl elədi. Musiqi sanki onun bədənini lərzə gətirdi. Müğənninin gözləri bu ecazkar səslərdən yumuldu. Bir anın içində yaranmış fasilədə Mustafanın səsi eşidildi:

-Gəlmişəm otağına oyadam səni,

Qara gilə, oyadam səni

Nə gözəl xəlq eləyib yaradan səni,

Qara gilə, yaradan səni.

Götürüb mən qaçaram aradan səni,

Qara Gilə, aradan səni

Qızıl gül əsdi, səbrimi kəsdi

Sil göz yaşını, Qara giləm

Ağlama bəsdi

***

Təbrizin küçələri dolanbadolan,

Qara gilə, dolanbadolan.

Nə mənə qız qəhətdir, nə sənə oğlan,

Qara gilə, nə sənə oğlan.

Əgər məni sevmirsən, get ayrı dolan,

Qara gilə, get ayrı dolan!

Qızıl gül əsdi, səbrimi kəsdi.

Sil göz yaşını, Qara giləm!

Ağlama bəsdi!

Seyid Bikənin gözlərindən sel axırdı. Məşədi Fazil bunu birinci hiss etsə də, Hüseyn ağa Seyid qızının ağladığını Məşədi Fazilə göstərdi. O, Hüseyn ağanı sakitləşdirdi:

-Hüseyn ağa, qoy ağlasın! Dərdini-qəmini qəlbindən çıxartsın. Ağlayan gözlər ürəyin dərd-qəmini çıxarır. Qadını sakitləşdirir. Seyid Bikəni sakitləşdirsə, elə bu musiqi sakitləşdirə bilər.

Mustafa Payan mahnını oxuyub qurtardı. Seyid Bikə uşaq kimi əl çalmağa başladı

-Hüseyn ağa, görürsən! Pir mənimdir, kəramətin mən bilirəm. - deyə Məşədi Fazil Seyid Bikəni göstərdi.

Mustafa Payan yenə də stola yaxınlaşdı.

-Seyid qızı, daha nə oxuyum?

-"Qara gilə"dən sonra başqaları çiy çıxacaq. Sən mənə Şərq mahnılarının şahını oxudun. Daha heç nə istəmirəm.

-Bakıda səsi olan çoxdur, ancaq səsdə məlahət hələm-hələm adama qismət olmur. - deyə Məşədi Fazil əlavə etdi,

- Maraqlıdır ki, "Qara gilədə" səsin məlahətliliyi üzə çıxarır. Bu mahnını oxuyan müğənni isə çox azdır.

-Niyə ki, Bakıda Fatma Mehrəliyeva çox gözəl oxuyur. -deyə Seyid Bikə sözə qarışdı.

-Odur ki, hamı onu sevir. Gürcülər Tiflisdə radio pulu vermirlər ki, Fatmanın vallarını niyə oxutmursuz? Böyük istedaddır. Ancaq kişi müğənnilərdən bizdə "Qara giləni" səni kimi oxuyan yoxdur, bəlkə də olmayacaq! - deyə Məşədi Fazil Mustafa Payana bir də təşəkkürünü bildirdi.

-Hüseyn ağa, çalançıları yola sal getsinlər! Sabah da təşrif gətirsinlər. Elə bu vaxt! - deyə Seyid Bikə göstəriş verdi.

Hamı dağıldıqdan sonra Seyid Bikə üzünü Məşədi Fazilə tutdu:

-Səndən igid, ürəkli kişi dünyada yoxdur. Mən sənə minnətdaram, Fazil!

Şirvan şəhərini bürüyən dağların sərin nəfəsi gecəni daha da mülayimləşdirirdi. Yayın istisini günəşin batması ilə bir anın içində yoxa çıxardan dağ havası insana qüvvə gətirir, bədəndəki ləmisliyi çıxardır, qeyri-adi bir gümrahlıq verirdi.

Şirvanın yay gecələri çox sakit və mülayim keçir. Bağları, bağçaları bürümüş gül-çiçəyin ətri aləmə yayılır, açıq səmadakı ulduzlar isə elə bil əlinin içindədir.

Qulluqçu qız Seyid Bikəyə eyvanda yatmağı məsləhət görmüşdü. Odur ki, Hüseyn ağa onları tərk etdikdən sonra çarpayıları eyvana çıxartmağı göstəriş verdi.

Seyid Bikə çarpayıya uzansa da, gözlərinə yuxu getmirdi. Məşədi Fazilin də yuxusu qaçmışdı. Hər ikisi gözlərini səmaya dikib, dinməzcə ulduzları seyr edirdilər.

-Bikə, uşaqlıqda anam mənə danışardı ki, göylərdə hərənin bir ulduzu var. O ulduz onun başı üstündə olur. Mən də ulduzlara baxıb öz ulduzumu axtarırdım ki, tapım. Ancaq tapa bilmirdim.

-Bəs mən?

-Sən mənim yerdəki ulduzumsan!

-Fazil, görəsən Nərgiz bizsiz nə edir? Heç kimçün yox, qız üçün yaman darıxmışam.

-Sən ürəyimdən deyirsən? Şeytançın ürəyim gedir.

-O yazıq da bəlkə bizimçün darıxır.
***


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin