TariXİ GÜNLƏr altun kitab



Yüklə 0.71 Mb.
Pdf просмотр
səhifə5/9
tarix24.01.2017
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6   7   8   9

 

XIX  əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması  mədəniyyətimizin tarixində çox 

böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı  məktəbinin teatr həvəskarları truppası tərəfindən 

M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə 

H. Zərdabi və N. Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın  əsası 

qoyuldu. 

Azərbaycanda teatr sənəti qədim  ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, 

kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli 

tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız 

səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç 

hissəli bir tamaşa göstərmişdilər. Bu tamaşa  Şardenə o qədər xoş  təsir bağışlamışdı ki, onu "Şərqin 

operası" adlandırmışdı. 

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti oldu. O, Bakı 

şəhərində ilk teatr binası inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, 

Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa 

Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə 

xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin 

inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olmuşdur. 

AXC-nin yaranması milli teatrın fəaliyyətində  də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi 

və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. 

Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. 

Cümhuriyyət hökumətinin bu sahədə  məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının 

təşkili oldu. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın 

pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı. 

Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını 

və rejimini tərənnüm edən  əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı  əsərlər də 

repertuarlarda geniş yer almışdı. 

Məhz martın 10-u (köhnə stillə 22-si) - Azərbaycan milli teatrının  əsası qoyulan günü 

teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər. 

 


 

35 


12 MART 

 

DAXİLİ QOŞUNLAR GÜNÜ 



 

Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkəmizdə Daxili Qoşunların hərbi 

hissələrinin yaradılması  zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və  sərhəd 

bölgələrimizə  təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın 

müstəqilliyinə  qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi. Ona görə  də 1992-ci il mart 

ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. 

Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş 

qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər. Daxili Qoşunların sıralarından yüzlərlə  vətən oğlu 

şəhid oldu. Onlardan 9 nəfərinə (8-inə ölümündən sonra) ölkəmizin  ən yüksək adı olan "Azərbaycanın 

Milli Qəhrəmanı" adı verilmişdir. Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş  şü-

caətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə  təltif olunmuşlar. Sonrakı dövrlərdə 

Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş  qəsdlərin qarşısının alınmasında Daxili Qoşunların böyük 

rolu olmuşdur. 

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il 

9 mart tarixli fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir. 

 


 

36 


2. BEYNƏLXALQ BAYRAMLAR  

VƏ  

TARİXİ GÜNLƏR 

 

 



1 YANVAR 

 

YENİ İL BAYRAMI 



 

Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən 

gecə qeyd edirlər. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif 

xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır. Yeni ili bayram etməklə insanlar belə 

hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir. 

Yeni ilin yanvarın 1-dən hesab olunması xristianlığın tarixi ilə bağlıdır. Rəvayətə görə, xristian 

dininin yaradıcısı  İsa peyğəmbər dekabrın 24-də anadan olmuşdur. Ona görə  də xristianlar bu günü İsa 

peyğəmbərin doğulması şərəfinə Milad bayramı kimi qeyd edirlər. Milad bayramının ilkin mənbəyi hər il 

qış günəş duruşu zamanı (21-25 dekabr) "xilaskar allahın doğulması" ilə  əlaqədar keçirilən qədim 

bütpərəst mərasimi olmuşdur. Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmişdir. Bu bayram 

431-ci ildə qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də  məhz miladi təqvim adlanır. Bu 

təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır. 

Yeni ilin rəmzlərindən biri də  Şaxta babadır.  Şaxta babanı müxtəlif ölkələrdə müxtəlif cür 

adlandırırlar. Məsələn, ABŞ-da və Avstraliyada o, Santa Klaus, Rusiyada - Ded Moroz, Türkiyədə - 

Noyel baba, Avstriyada - Sivestr, Britaniyada - Miladi baba, Yunanıstanda Müqəddəs Vasili adlanır. 

Bütün hallarda Şaxta baba uşaqların sevimlisidir. Yeni il gecəsində onlar evlərə heç vaxt əliboş 

gəlmirlər. Torbalarındakı müxtəlif hədiyyələrlə uşaqları sevindirirlər. 

Dekabrın 31-i gecəsi insanlar bayram süfrəsi  ətrafında toplaşırlar. Artıq həmişəlik vidalaşdıqları 

ilin son anlarında musiqini dayandıraraq sükut içərisində saat 12.00-ı gözləyirlər.  İlin başa çatdığını 

göstərən saat zənginin təntənəli sədaları altında sağlıqlar söyləyir, sonra isə  şampan  şərabı ilə dolu 

qədəhləri toqquşdurur, yeni ildə bir-birinə xoş günlər və sağlamlıq arzulayırlar. 

Böyük Britaniyada ənənəyə uyğun olaraq əllərini yuxarı qaldırır və "Mərhəmətli köhnə il" 

mahnısını oxuyurlar. 

ABŞ-da da ilin son gecəsində  şənlənir, ayağa duraraq sağlıqlar söyləyirlər.  İtaliyada köhnə ili 

yola salarkən pəncərələri açır, evdəki köhnə əşyaları çölə atırlar. Bunun mənası isə köhnədən xilas olmaq, 

onu yenisi ilə əvəz etməkdən ibarətdir. 

Çində yeni il yanvarın ortalarında və fevralda qeyd olunur. Bu, Çin bayramlarından  ən 

əlamətdarıdır. Yeni ilə bir həftə qalmış bütün evlər səliqə ilə yığışdırılır. Guya bununla ailə ocağının ilahı 

(yəni allahı) Tszao-van digər allahlara mənzilin qaydada olması haqqında məlumat verir. Sonra isə onun 

təsvirini yandırırlar. Onun yerinə Tszao-vanın yeni təsvirini qoyurlar. Bu hadisəni atəşfəşanlıq keçirmək 

və ətirli maddələr yandırmaqla qeyd edirlər. 

Yaponiyada yeni il O-seqaytsu adlanır və yanvarın 1-dən başlayaraq üç gün davam edir. Ailə 

ibadətgahının önünə çiçək dəstələri və hikmətli sözlər yazılmış lövhəciklər qoyurlar. Bayram ərəfəsində 

evləri yeni il atributları ilə bəzəyirlər: şam budaqlarından hörülmüş çələng, xüsusi formalı yeməli moti və 

danqo, quru xurma, xərçəng və s. Yeni ili qarşılayarkən paqodalarda (buddist məbədlərində) 108 dəfə 

zəng çalınır. Yaponların inamına görə insanın çəkdiyi 108 əziyyət son zəng ilə keçmişdə qalır. Bundan 

sonra yaponlar dağa və ya dəniz sahillərinə gedərək təzə doğan günəşi alqışlamaq ayinini icra edirlər. 

Heç də bütün ölkələrdə yeni il yanvar ayında qeyd olunmur. Hindistanda yeni il bayramı elm və 

bilik ilahı (yəni allahı) Sarasvatinin şərəfinə Sarasvatipudca bayramı keçirilməsi ilə qeyd olunur. Bayram 

günlərində küçələrdə ilahın (yəni allahın) təsvirləri gəzdirilir, uşaqlar bu təsvirləri gül-çiçək dəstələri ilə 

bəzəyirlər. Onlar belə hesab edirlər ki, ilaha (yəni allaha) ibadət etməklə dərslərini yaxşı oxumaqda onun 

köməyini qazanacaqlar. 

Yəhudilərin bayramı Tu Be-Svat və ya yeni il yanvarda və ya fevralda qeyd olunur. İsti və quru 

iqlimi olan ölkələrdə, xüsusilə  İsraildə  ağac insanları  və bitkiləri yandırıcı günəş  şüalarından qoruyur. 

Buna görə də bu ölkələrdə ağaca böyük ehtiram vardır. Bütün dünyada yəhudi uşaqları Tu Be-Svat günü 

anadan olan uşaqların  şərəfinə  ağac  əkirlər.  Əgər yeni doğulan uşaq oğlan olarsa sidr ağacı, qız olarsa 

sərv ağacı əkirlər. Ağac əkilərkən uşaqlar xüsusi ayin də icra edirlər. 


 

37 


14 FEVRAL  

 

SEVGİLİLƏR GÜNÜ 



 

Müqəddəs Valentinin adı ilə bağlı bir çox əfsanələr mövcuddur. Belə  əfsanələrin birində deyilir 

ki, o, Roma şəhəri yaxınlığında yerləşən Terni kilsəsinin ruhanisi olmuşdur.  İmperator II Konstantinin 

zamanında, xristianlığın kütləvi təqibi dövründə bu insanın faciəvi həyatı başlamışdı. Bu zaman Roma 

legionerlərinə evlənmək qadağan olunduğu üçün keşiş Valentin gizli olaraq sevənlərə nikah kəsirdi. Buna 

görə  də onu həbsə  məhkum etmişdilər. Bir əfsanədə deyilir ki, o, məhbuslardan birinin qızını sevmişdi. 

Edam  ərəfəsində  gənc keşiş sevgilisinə  məktub yazır və ona "Sənin Valentinin" imzasını qoyur. Mə-

həbbət simvolu olan "Valentin" adı da məhz buradan götürülmüşdür. 

İşgəncə ilə öldürülmüş Valentin müqəddəslər sırasına daxil edilmişdir. Onun cəsədinin qalıqları 

günümüzədək gəlib çatmış  və hazırda  Şotlandiyanın Qlazqo şəhərində müqəddəs Con Dansin Roma-

katolik kilsəsində xüsusi qutuda saxlanmaqdadır. Hər il fevralın 14-də müxtəlif yaşlı insanlar buraya 

gələrək dizi üstə çökür və Müqəddəs Valentindən məhəbbət diləyirlər. 

Avropada 14 fevral - Müqəddəs Valentin Günü çox yüksək səviyyədə qeyd edilir. Mağazalar 

açıqcalar, suvenirlər, ətirlər, konfetlər, al rəngli çiçək formalı qiymətli zinət əşyaları ilə dolu olur. Əlbəttə 

ki, qırmızı  rəngli qızılgüllər məhəbbət rəmzi kimi hədiyyə edilir. İnsanların simalarında da səmimiyyət, 

sevinc və məhəbbət hökm sürür. 

Valentin Günü ərəfəsində xüsusi hazırlıq görülür. Hər yerdə insanların ünsiyyətində  nəzakətli 

təbəssüm,  şirin sözlər, səmimi münasibətlər hiss olunur. Bütün bəşər boyu məhəbbət haqqında çoxlu 

sözlər deyilsə  də, yetərli deyildir, çünki onun haqqında sonsuz sayda danışmaq mümkündür. Məhəbbət 

insanlar arasında münasibətlərin təməli olub kiməsə  səadət və ya kədər, kiməsə  fərəh və ya pərişanlıq 

gətirə bilər, bir sözlə heç kimi özünə biganə qoymaz. Sevgi bütün hallarda gözəldir. 

 


 

38 


21 FEVRAL 

 

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ 



 

1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş konfransının qərarı ilə 21 fevral 

Beynəlxalq Ana Dili günü elan edilmişdir. 

Dil hər bir millətin maddi və  mənəvi irsini qoruyan və inkişaf etdirən  ən mühüm və  ən güclü 

vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin 

zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə 

ünsiyyət qurmasında mühüm rol oynayır. 

Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların 

mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. 

 


 

39 


8 MART 

 

BEYNƏLXALQ QADINLAR GÜNÜ 



 

Qadın günü hələ  qədim Roma imperiyasında mövcud olmuşdur. Həmin gün matronlar adlanan 

azad Roma qadınları üçün bayram günü hesab olunurdu. Belə ki, bu gündə matronlar nikah əlaqəsinə 

girir, öz ərlərindən hədiyyələr alır, yaxınlarının diqqət və qayğısı ilə  əhatə olunurdular. Hətta qul 

qadınlara da həmin gün istirahət verilirdi. Özlərinin  ən yaxşı  və bahalı paltarlarını geyinmiş, başlarına 

əlvan çələnglər qoymuş romalı qadınlar ailə ocağının hamisi hesab olunan Vesta allahının məbədində 

ibadət edirdilər. 

Türk etnoslarında, Azərbaycanda - Oğuz ellərində qadın, ana müqəddəs sayılmış, ona böyük 

ehtiram göstərilmişdir. Ana haqqı Tanrı haqqına bərabər tutulmuşdur. Uzaq səfərdən yurda dönən oğul 

əvvəlcə anasına təzim edib görüşməli, sonra isə atasına yaxınlaşmalı idi. Azərbaycan qadını qəhrəmanlıq 

göstərmiş, hökmranlıq etmiş, diplomat kimi fəaliyyət göstərmişdir. Massaget hökmdarı Tomiris 

torpaqlarımıza qəsbkar yürüş etmiş  Əhəməni hökmdarı II Kiri məğlub etmişdi. E.ə. 65-66-cı illərdə 

Azərbaycana hücum etmiş romalılar döyüşdə  həlak olanların içərisində  cəngavər geyimli çoxlu qadın 

meyiti görərək heyrətə  gəlmişdilər. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatın qonşu 

dövlətlərin hökmdarları ilə danışıqlar aparmış, siyasət və diplomatiya meydanında onlara qalib gəlmişdir. 

İgid Tuti Bikə  Dərbəndi hiylə ilə tutmaq istəyən qardaşının hiyləsinə inanmamış,  şəhəri mərdliklə 

müdafiə edərək əri Fətəli xana sadiq qalmışdır. Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fon-

dunun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri Mehriban xanım  Əliyeva beynəlxalq miqyaslı 

ictimai-siyasi xadim, təhsil və mədəniyyət təəssübkeşi kimi fəaliyyət göstərir. 

Yeni dövrdə qadınlar Qərbi Avropanın ictimai həyatında fəal iştirak edirdilər. XVIII əsr Fransa 

burjua inqilabının qələbəsində qadınlar da böyük rol oynamışdılar. Məhz həmin vaxt qadınların hüquq 

bərabərliyi uğrunda hərəkat - feminizm hərəkatı başlandı. Həmin hərəkatın  əsasını fransız yazıçısı  və 

ictimai xadimi Olimpiya de Quj qoymuşdur. O, qadınlara seçki hüququ verilməsi, onların dövlət 

vəzifələrinə seçilməsi hüquqlarını  təsbit edən "Avropa qadınlarının hüquqları haqqında Bəyannamə"nin 

müəllifi idi. Tezliklə dünyanın bir çox ölkələrində - ABŞ, Fransa və  İngiltərədə feminist təşkilatları 

yarandı. 

Sənaye sivilizasiyasının coşqun vüsət aldığı bir şəraitdə qadınların hüquqi statusu onların iqtisadi 

vəziyyəti ilə birgə artmağa başladı. Onlar kişilərlə yanaşı fabriklərdə çalışırdılar, hətta istehsalın bir çox 

sahələrində qadınlar üstünlük təşkil edirdilər. Ona görə  də qadınlar kişilərlə  bərabər  əmək haqqı, bütün 

sahələrdə eyni hüquqlar tələb edirdilər. 1857-ci il martın 8-də Nyu-York toxucuları  şəhərin küçələrində 

yürüş edərək, aşağı  əmək haqqı  və pis iş  şəraitinə qarşı  çıxış etdilər. 1908-ci ildə isə onların nəvələri 

həmin gün uşaq əməyinin qadağan edilməsi, fabriklərdə iş şəraitinin yaxşılaşdırılması, qadınlara seçki hü-

ququnun verilməsi tələblərini irəli sürdülər. Növbəti ildə Amerika Sosialist Partiyası fevralın sonuncu 

bazar gününü Milli qadın Günü elan etdi. 1910-cu ildə qadınların Kopenhagendə keçirilmiş beynəlxalq 

konfransında Klara Setkinin təşəbbüsü ilə Nyu-York hadisələrini yad etmək məqsədilə 8 martın 

beynəlxalq qadınlar günü kimi qeyd edilməsi qərara alındı. O vaxtdan etibarən dünyanın bir çox 

ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü kimi bayram edilir. Azərbaycan Respublikasında da 8 mart 

Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Həmin gün qeyri-iş günüdür. 

Bu bayram ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə  və Danimarkada qeyd olunmuşdu. 

1914-cü ilə qədər bu bayram müxtəlif ölkələrdə mart ayının ayrı-ayrı günlərində qeyd olunurdu. 1914-cü 

ildən isə Avstriya, Macarıstan, Niderland, Rusiya, ABŞ,  İsveçrə  və digər ölkələrdə qadınlar günü məhz 

martın 8-də qeyd olunmağa başladı. 

İlk dəfə seçki hüququ qazanan ingilis qadınları oldular. XX əsrin 20-ci illərinin  əvvəllərində 

ABŞ-da da analoji qanunlar qəbul edildi. Qeyd olunmalıdır ki, bundan daha əvvəl, 1918-ci ildə 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara kişilərlə  bərabər hüquqlar elan etmişdi. Türkiyədə 

qadın hüquqları  uğrunda mübarizənin ilk carçıları ziyalı qadınlardan Xalidə xanım, Fatma Aliyə və Nigar 

xanım olmuşlar. Qadınların oyanması  və  mədəniyyətə qovuşması  tərəfdarları Türkiyədə "Taleyi nisan 

cəmiyyəti" adlı  təşkilat da yaratmışdılar. Türkiyədə respublika idarə üsulu yarandıqdan sonra keçirilən 

"Mustafa Kamal islahatları" nəticəsində qadınlar siyasi hüquq və azadlıqlar əldə etdilər. 


 

40 


İkinci Dünya müharibəsindən sonra gender hüquqları problemi (cinslərin bərabərliyi) aktual 

əhəmiyyət kəsb etdi. Qadınlarla kişilərin hüquq bərabərliyi BMT-nin Nizamnaməsində  təsbit olunmaqla 

beynəlxalq hüquqi normaya çevrildi. 1948-ci ildə  İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə cinsi 

bərabərlik bir daha əsaslandırılırdı. Lakin bu bəyannamə qadınların həyatına nəzərə çarpacaq bir 

dəyişiklik gətirmədiyi üçün BMT Baş  Məclisi 1967-ci ildə Qadınlar barəsində Ayrı-seçkiliyin Bütün 

formalarının Ləğv edilməsi Bəyannaməsini qəbul etdi. BMT-yə üzv dövlətlər bəyannamələrin yerinə 

yetirilməsi ilə bağlı öhdəlik daşımadıqlarından bu bəyannamə də cinslər arasında qarşılıqlı münasibətlərin 

yeni, daha ədalətli modelini yarada bilmədi. Nəticədə BMT Baş  Məclisi 1979-cu ildə "Qadın 

Konvensiyası" adlı sənəd qəbul etdi. Azərbaycan 1995-ci ildə bu sənədi ratifikasiya etdi. 

 


 

41 


15 MART 

 

ÜMUMDÜNYA İSTEHLAKÇILAR GÜNÜ 



 

İnsanlar istənilən mal alarkən və ya pullu xidmət növlərindən istifadə edərkən istehlakçı qismində 

çıxış edirlər. 

Qanun istehlakçı anlayışını dəqiq müəyyənləşdirir. İstehlakçı gəlir əldə etmək məqsədi güdmədən 

əmtəələri alan və istifadə edən, xidmət və iş sifariş verən vətəndaşdır. İstehlakçı aldığı əşyanın, məhsulun, 

ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır. Bu, istehlakçının keyfiyyət hüququdur. Biz 

əmin olmalıyıq ki, aldığımız qida məhsulları ekoloji və gigiyenik cəhətdən sağlamlığımız üçün heç bir 

təhlükə törətmir. Yaxud hər hansı bir elektrik cihazı  mənzildə yanğına səbəb olmayacaqdır. Bu, isteh-

lakçının təhlükəsizlik hüququdur. Əmtəə, xidmətlər və s. haqqında məlumat almaq informasiya hüququnu 

özündə əks etdirir. İstehlakçı dəymiş ziyanın ödənilməsi hüququna malikdir. Belə ki, aldığımız hər hansı 

bir əşya sağlamlığımıza və yaxud əmlakımıza ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək 

hüququmuz vardır. Beləliklə, istehlakçının hüququnun qorunması zəruridir. 

Hər birimizin istehlakçı kimi hüquqlarımızın pozulduğu hallar azmı olub? 

Ümumdünya  İstehlakçılar  İttifaqı dünyada istehlakçıların hüquqlarını qorumaqla məşğuldur. Hər 

bir ölkədə olduğu kimi Azərbaycanda da "İstehlakçıların hüquqlarının qorunması haqqında Qanun" qəbul 

olunmuşdur. Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda ticarət təşkilatlarının 

və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir. 

Ümumdünya  İstehlakçılar Gününün elan edilməsi ABŞ prezidenti Con Kennedinin 1961-ci il 

martın 15-də Konqresdə etdiyi çıxışla bağlıdır. Kennedi çıxışında yuxarıda göstərilən məşhur dörd 

hüququ sadalamış, onu istehlakçının hüququ adlandırmışdır. Kennedi demişdir: "İstehlakçılar biz 

hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında 

həlledici rol oynayırlar. Lakin belə bir yekdil səs təəssüf ki, həmişə eşidilmir". Ümumdünya İstehlakçılar 

İttifaqı Təşkilatı həmin sözləri özünün manifestinə çevirmişdir. 

İstehlakçıların Hüquqlarını Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunmuşdur. İki 

il sonra - 1985-ci il aprelin 9-da BMT Baş  Məclisi istehlakçıların hüquqlarının müdafiəsi üçün rəhbər 

prinsipləri müəyyənləşdirdi. Bu prinsiplərin qəbul olunması  nəticəsində istehlakçı hüquqları beynəlxalq 

səviyyədə tanınaraq qanuniləşdirildi. 

15 martın Ümumdünya İstehlakçılar Günü kimi qeyd edilməsi beynəlxalq ictimaiyyəti 

istehlakçıların hüquqlarının qorunması problemlərinin həllinə yönəldir. Ümumdünya İstehlakçılar  İttifaqı 

müstəqil, qeyri-kommersiya, gəlirsiz, qeyri-siyasi təşkilat kimi 1961-ci ildə Niderlandda qeydiyyatdan 

keçmişdir. Bu təşkilat özündə 72 ölkədən istehlakçıların hüquqları problemləri ilə  məşğul olan 180 

ictimai və dövlət təşkilatını birləşdirir. Azərbaycanda da belə bir qeyri-hökumət təşkilatı XX əsrin 90-cı 

illərinin ortalarından fəaliyyət göstərir. 

 

 



 

42 


21 MART

 

 



İRQİ AYRI-SEÇKİLİYİN (DİSKRİMİNASİYANIN)  

LƏĞV EDİLMƏSİ UĞRUNDA  

BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ 

 

Etnik hökmranlıq nəticəsində irqi ayrı-seçkilik (diskriminasiya) əhalinin müəyyən qrupunun 

hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya onlardan məhrum edilməsinə  gətirib çıxarır. 

Gündəlik həyatda bu, həmin qrupun restoranlara, çimərliklərə, kinoteatrlara və ya şəhərin bəzi rayonlarına 

getməyinə qadağa qoyulmasında, istehsal sahəsində  bəzi peşələrlə  məşğuliyyətin məhdud-

laşdırılmasında, hamı kimi təhsil almaq, uğurlu karyera yaratmaq imkanının olmamasında, psixoloji 

planda - lağ-lağı ləqəblərdə, "geridə qalmış" xalqlar haqqındakı lətifələrdə və s. özünü göstərir. 

Diskriminasiyanın bir forması da aparteiddir. Aparteid yerli əhalinin bir-birilə  əlaqəsini kəsmək 

məqsədilə onların müstəmləkəçilər tərəfindən insan həyatı üçün yararsız yerlərə köçürülməsidir. Bu cür 

sistem uzun müddət ABŞ-da hindulara qarşı, Cənubi Afrika Respublikasında (CAR) isə  zəncilərə qarşı 

hökm sürmüşdür. 

Bu siyasətin  əsasında rasizm (rasa irq deməkdir) - insan irqlərinin qeyri-bərabərliyi  şəraitinə 

əsaslanan ideologiya və siyasət durur. Rasistlər (irqçilər) iddia edirlər ki, "tam dəyərli" və "natamam 

dəyərli" irqlər vardır. Onlar bununla öz ölkələri daxilində irqi diskriminasiyaya və başqa ölkələrə 

münasibətdə işğalçı müstəmləkə siyasətinə haqq qazandırmağa çalışırlar. 

Diskriminasiyanın insanlığa sığmayan forması - hər hansı millətin və ya etnik qrupun 

nümayəndələrinin yararsız, dəyərsiz və ya düşmən kimi elan olunaraq məhv edilməsidir ki, bu da 

soyqırımı (genosid) və holokost adlanır. XX əsr milli zəmində ehtirasların coşması və bunun nəticəsində 

baş verən faciəvi hadisələrlə doludur. Nasist Almaniyası insanların bir qrupunun başqaları üzərində 

hakimiyyətə malik olması  və xüsusi ali irqin - bütün dünyanı idarə etməli olan ayrıca seçilmiş millətin 

mövcudluğu haqqında nasist ideya ilə silahlanaraq dünyaya ən dəhşətli soyqırımı nümunəsi göstərmişdir. 

Bu ideyanın həyata keçirilməsi ona gətirib çıxarmışdır ki, faşistlər yəhudiləri, qaraçıları tamamilə  məhv 

etməyə (holokost), digər xalqları (məsələn, slavyanları) "əsil arilərə" tabe etməyə cəhd göstərmişlər. 

XX  əsr tarixində Azərbaycan xalqına qarşı  ən dəhşətli soyqırımları ermənilər törətmişlər. Ter-

rorçu erməni təşkilatı olan "Daşnaksutyun" partiyasının rəhbərliyi ilə 1905-1907, 1918-1920, 1937-1940, 

1948-1953 və nəhayət, 1988-1994-cü illərdə erməni vəhşiləri azərbaycanlılara qarşı misilsiz soyqırımları 

törətmişlər. Məhz onların bu qanlı etnik təmizləmə siyasətinin nəticəsidir ki, indi Ermənistan adlandırılan, 

əslində Azərbaycanın qərb torpaqları olan ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmamışdır. 

Bəs BMT-ni irqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi uğrunda Beynəlxalq mübarizə 

Günü təsis etməyə vadar edən nə olmuşdur? Cənubi Afrika Respublikasının hakim dairələri tərəfindən 

Afrikanın yerli əhalisi və Hindistandan köçürülmüşlərə qarşı dözülməz irqi diskriminasiya siyasəti 

bəşəriyyəti narahat etmişdi. 1960-cı il oktyabrın 26-da Cənubi Afrikanın Şarpevil şəhərində polis aparteid 

rejiminin afrikalı  əhalinin məcburi pasportlaşdırılması haqqında qanununa qarşı dinc etiraz nümayişinə 

divan tutmuşdu. Nəticədə 69 nəfər öldürülmüşdü. 

1966-cı il oktyabrın 26-da BMT Baş  Məclisinin XXI sessiyası  İrqi Diskriminasiyanın Ləğvi 

Uğrunda Beynəlxalq Mübarizə Gününün təsis edilməsi haqqında qərar qəbul etdi. BMT Baş  Məclisi 

bununla beynəlxalq ictimaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi uğrunda səyləri 

birləşdirməyə çağırdı. 1979-cu ildə Baş  Məclis rasizmə  və irqi diskriminasiyaya qarşı mübarizə onilliyi 

elan etdi. Baş  Məclis bütün dövlətlərə müraciət edərək hər il martın 21-dən başlayaraq rasizmə  və 

diskriminasiyaya qarşı mübarizə aparan xalqlarla həmrəylik həftəsi keçirməyə çağırdı. İndi Cənubi Afrika 

Respublikasında 21 mart İnsan Hüquqları Günü kimi qeyd olunur. 

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə