Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   2   3   4   5   6   7   8   9   10   ...   33

DÖRDÜNCÜ ŞƏKİL 
 
      Poçt şöbəsi. Günorta fasiləsidir. Işçilər istirahət edir: kimi yeyir, kimi söhbət edir, kimi qəzet oxuyur. Yoldaş 
Tək də, Baba da öz yerlərində oturublar. Ədilə, Züleyxa, Gülzar əyləşib söhbət edirlər. Qarı yenə də səhnənin sağ 
küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur. 
 
Qarı(corab toxuya-toxuya elə bil öz-özü ilə danışır). Bu corabı ikinci oğlum üçün toxuyuram. 
Birinci oğlum etibarsızdır. Amma ikinci oğlum ən yaxşı oğlumdur. Ən çox onu istəyirəm. Özü də su 
kimidir. Su kimi təmizdir, su kimi mülayimdir, su kimi oxşayır adamı... Bu corabı onunçun 
toxuyuram... (Işinə davam edir.) 
Z ü l e y x a. Bilmirəm, Ada, sənə nə olub axır vaxtlar... 
Ə d i l ə. Nə olub ki? 
G ü l z a r. Belə birtəhər olmusan e-e-e... 
Ə d i l ə. Necə birtəhər? 
 
Gülzar çiyinlərini çəkir. 
 
Z ü l e y x a. Əvvəlki Ədilə deyilsən, deyib-gülən, pişiyi ağaca dırmaşdıran, yüz cür hoqqadan 
çıxan Ədilə... Əvvəlki Ədilə... 
Ə d i l ə. Əvvəlki Ədilə? 
 
Kiçik pauza. 
Sən də  əvvəlki Züleyxa deyilsən axı, Zülya... Yenə zarafat edirsən, yenə deyib-gülürsən, 
amma bunlar hamısı sövq-təbiidir, bəlkə  də artistlik edirsən, kim bilir? Əvvəlki Züleyxa artıq 
yoxdur. Əvvəlki Ədilə də yoxdur. Əvvəlki Gülzar da yoxdur. 
G ü l z a r. Bunlar hamısı məlumdur e, Ada, əlbəttə, mən də əvvəlki Gülzar deyiləm. Ola da 
bilmərəm axı. Mənim indi otuz bir yaşım var, mən necə iyirmi yaşlı Gülzar ola bilərəm? Mən indi 
iyirmi yaşlı Gülzar kimi gülə bilərəm məgər? Heç vaxt. Əslində, iyirmi yaşlı Gülzarın o cür ürəkdən 
güldüyünə görə, o cür təmiz, biclikdən uzaq gülüşünə görə, indi mən bu günə düşmüşəm. Heç nə 
barədə fikirləşmədi iyirmi yaşlı Gülzar, heç nə barədə düşünmədi, boş-boşuna keçirtdi vaxtını, Jan 
Mareyə vuruldu, Rəşid Behbudovu sevdi, elə bildi ki, elə həmişə belə olacaq, day demədi ki, Zulya 
demişkən, ətdən olan divara etibar yoxdu... Keçirtdi vaxtını ay nə bilim tansda, kompaniyalarda, ay 
nə bilim, orada, burada, bu da axırı... Bilmirəm təqsirləndirimmi iyirmi yaşlı Gülzarı ki, niyə mənim 
indiki günüm üçün ağlamamısan, başqaları kimi (ironiya ilə)  ciddi olmamısan, ya deyim ki, əcəb 
eləmisən, cavanlıqda yaşamısan, kef çəkmisən, lap əlinin içindən də  gəlib... Mənim taylarımın az 
qala  ərə verilməli qızları var, bəs mən? Qalmışam aralıqda. Kim alacaq məni? Heç kim. Başım 
ağarıb daha... Bir azdan pudra-kraska da kömək etməyəcək, olacağam staraya koketka. Amma sən 
başqa. Ada... 
Ə d i l ə. Mənim nəyim səndən fərqlidir? 
Z ü l e y x a. Hələ bir soruşursan da? Gül kimi evin-eşiyin. Gül kimi ailən, ərin... 
Ə d i l ə. Boşla, sən Allah... 
Z ü l e y x a. Bilirəm, Ada, bilirəm: mən sənin cikinə  də  bələdəm, bikinə  də. Xəlil sən 
istədiyin, sən arzuladığın adam deyil, sənin qızlıq xəyallarındakı rıtsar deyil... 
Ə d i l ə (əsəbi). Qurtar dedim bu söhbəti. Bunların sənə dəxli yoxdur. 

 
95
Z ü l e y x a. Həyat biz arzuladığımızdan çox prozaikdir, Ada... 
G ü l z a r. Sevgi, məhəbbət – hamısı boş  şeylərdir. Bunlar iyirmi yaşlı gülzarlar üçündür, 
sonra yox olub gedir... Indi oturub bunların dərdini çəkməyə dəyməz... 
Ə d i l ə. Nə düşmüsünüz mənim üstümə e?.. Bunları mən hamınızdan yaxşı bilirəm. Amma 
niyə? Nə üçün belədir? 
Z ü l e y x a. Görürsən, sən soruşursan, soruşursan ki, nə üçün? Görürsənmi sən bu sözləri 
necə yana-yana deyirsən. Çünki sən bununla barışa bilmirsən. Sən bunu ağlına sığışdıra bilmirsən. 
Bu barədə fikirləşəndə  dəhşət səni basır. Amma nahaq yerə. Sən yenə  əvvəlki  Ədilə kimi 
fikirləşirsən, ona görə  də indi əvvəlki  Ədilə deyilsən. Sən indi daha təcrübəlisən, daha çox 
görmüsən, odur ki, daha ayıq fikirləşməlisən. Sən indi əvvəlki Ədilənin xəyallarına gülməlisən, özü 
də lap ürəkdən gülməlisən. O zaman sən yenə  də  əvvəlki  Ədilə kimi qayğısız olarsan. Sənin hər 
şeyin var, Ada. Bu saat mənim arzuladığım odur ki, Xəlil kimi bir kişi çıxsın qarşıma, evlənib 
yaşayaq özümüzçün. Mən öz xoşbəxtliyimi, bax, bunda görürəm. 
G ü l z a r. Day demə. 
Ə d i l ə. Əgər bir də Xəlilin adını çəksəniz, mənimkiylə sizinki qurtardı... 
G ü l z a r. Düz deyir, əşşi, başqa söhbət edin bir az ürəyimiz açılsın.  
Z ü l e y x a. Nə başqa söhbət? Dünən Firaya zəng etmişəm ki, mənə bir az borc ver, krinplin 
palto gəlib, almaq istəyirəm. Deyir ki, Alikin canı üçün, heç bir qəpiyim də yoxdur. 
G ü l z a r. O qədər yalandan Alikin canına and içəcək ki, axırda Aliki də dükandan çıxarıb 
mitilini atacaqlar bayıra.  
 
Bayaqdan öz yerində oturub kağız-küğuzla məşğul olan Yoldaş Tək saatına baxır, sonra başını yuxarı qaldırıb 
qışqırır. 
 
Y o l d a ş  T ə k. Baba! 
 
Baba dərhal altındakı kürsünü qırağa çəkib ayağa qalxır. 
 
B a b a. Bəli, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Fasilə bitdi. 
B a b a. Bu dəqiqə, Yoldaş Tək! 
 
Baba gəlib poçt şöbəsinin qapısını açır. 
 
Züleyxa (ayağa qalxır). Yaxşı, biz getdik, Ada. 
Ə d i l ə. Privet. 
Gülzar (ayağa qalxır). Privet. Özünü üzüb əldən salma. Dünya fanidir, ömür bivəfa... (Gülür.) 
 
Züleyxa ilə  Gülzar qapıya tərəf gedirlər. 
 
Z ü l e y x a. Sağ olun, Baba müəllim. 
G ü l z a r. Gecən xeyrə qalsın, Baba müəllim. 
Baba(Gülzarın qolundan tutur). Gəlin gedin, gəlin gedin. 
Gülzar(səksənərək bərkdən qışqırır). Oy! Əlini çək qolumdan! Tez! Tez! 
Y o l d a ş  T ə k  (ayağa qalxır). Nə olub, yoldaşlar? 
Z ü l e y x a. Adə, mürdəşir oğlu mürdəşir, uşağın qolundan niyə tutmusan? Şorgözün biri! 
 
Baba Gülzarın qolunu buraxır. Qızlar gedirlər. 
 

 
96
Baba(hiddətlə). Ah, olaydı məndə ixtiyarınız... Kökünüzü kəsərdim. Findifülüşkalar! Burcuda-
burcuda getmələrinə bax. (Göstərir.) 
Y o l d a ş  T ə k  (Babaya yaxınlaşaraq.) Baba, sənə demişəm ki, bu qızlarda işin olmasın?!. 
B a b a. Ay bunlara qız deyənə  mən nə deyim. Görmürsünüz, Yoldaş  Tək, sizin rəhbərlik 
etdiyiniz müəssisəyə nə vid-fasonda gəlirlər. Qeyrət məni boğur axı... 
Y o l d a ş    T  ə k. Eyb etməz, işin olmasın. Bunlar ən qorxulu adamlardır.  (Ədiləyə  işarə 
edərək yavaş  səslə)  Bunu görmürsən?.. Yoldaş  Məlikməmmədovun  şəxsən özü ilə  eşq-məhəbbət 
macərasındadır, səhərlər onun evindən gəlir... 
Baba(Ədiləyə baxaraq az qala pıçıltı ilə). Yoldaş Məlikməmmədov kimdir, Yoldaş Tək? 
Y o l d a ş  T ə k. Lap yuxarıların adamıdır. 
B a b a (Ədiləyə baxa-baxa heyrətlə). Doğrudan?.. 
 
   Yoldaş Tək başının işarəsi ilə təsdiq edir. Sonra hərə öz yerinə qayıdır. Adamlar poçt şöbəsinə girib-çıxmağa 
başlayır. Ədilənin gözləri yenə yol çəkir. Onun bütün hərəkətləri mexanikidir. Qara frak geymiş Skripkaçı əlində 
skripka içəri daxil olub Ədiləyə yaxınlaşır və skripkanı qaldıraraq düz Ədilənin başı üzərində çalmağa başlayır. 
Kişi qapıdan içəri girir. Ədilə onu dərhal görür. 
Ə d i l ə (şaşqın). Gəldiniz?.. 
K i ş i. Salam. 
Ə d i l ə. Mən qorxurdum ki, siz gəlməyəcəksiniz... 
K i ş i. Mən ki, sizə söz vermişdim. 
 
Kiçik pauza. 
 
Mənim məktubum gəlməyib? 
Ə d i l ə. Yox, gəlməyib... Qoyun bir də baxım təzədən. (Məktubları araşdırır.) Yox... 
K i ş i. Eyb etməz. Əslində mən sizi dəvət etməyə gəlmişəm. 
Ə d i l ə (sevinclə). Məni dəvət etməyə? Hara? 
K i ş i. Hara istəyirsiniz. Restorana gedək, oturaq, söhbət edək. 
Ə d i l ə (eyni sevinclə). Restorana?.. Doğrudan? Harada? 
K i ş i. Harada istəyirsiniz. 
 
Yavaş-yavaş işıq sönür, digər işçilər, gedib-gələnlər, eləcə də  
bayaqdan səhnənin sağ küncündə oturub elə hey corab toxuyan Qarı görünməz olur. Yalnız  Ədilə ilə  Kişi və 
onların yanında durub skripkaçalan ifaçı görünür. 
 
Ə d i l ə. Harada istəyirəm?.. Gedək... gedək Kislovodska... «Xram vozdux»da oturaq... Yox... 
«Zamok»da oturaq, çaxır içək... Yox, yox, Şuşaya gedək... Cıdır düzünə... Istəyirsiniz Isa bulağına... 
Yox, Cıdır düzünə... qoy kəklikotunun iyi burnumuzu deşsin, eybi yox, tab gətirərik.  (Gülür.) 
Daşaltına baxarıq... Qoy gözlərimiz qaralsın, biz heç nədən qorxmuruq. Lap istəsəniz Qırx 
pilləkənlə  aşağı düşərik... Biz uşaqlıqda həmişə yay ayları  Şuşaya gedərdik. Onda atam sağ idi... 
Mən də qayğısız, azad bir qız uşağı... Cıdır düzünə gedib dağlara baxırdım, arzulardım ki, tez 
böyüyüm, bu dağların qarşısında, bu təbiətin qarşısında qadir olum, ürəyi sevgi ilə dolu olum, 
qucaqlayım bu dağları, sevincimi bölüşüm kiminləsə... Indi isə... Indi isə yenə uşaq olmaq istərdim... 
Yenə uşaq arzularımla özümü aldatmaq istərdim... Amma biz bu gün bu barədə danışmayacağıq. Biz 
Cıdır düzünə gedib yalnız sevinəcəyik... Gedək? 
K i ş i. Gedək. 
Asta addımlarla səhnənin ortasına gəlirlər. Qara frak geymiş Skripkaçı da skripka çala-çala onların ardınca gəlir, sonra 
onlar danışdıqca barmaqlarının ucunda yavaş-yavaş səhnədən çıxır və skripkanın səsi eşidilməz olur. 
 

 
97
Ə d i l ə. Kəklikotunun iyini hiss edirsinizmi? Biz nağıl içində deyilik ki?... (Dərindən nəfəs 
alır.)  Tab gətirəcəksinizmi bu iyə? (Yenə  dərindən nəfəs alır.)  O dağlara baxın. Dumanlı dağlar... 
(Sualdolu nəzərlərlə Kişiyə baxır, elə bil nə isə gözləyir.) 
K i ş i (kiçik pauzadan sonra). 
 
Dağlar dumana qaldı, 
Otu sarala qaldı. 
Soyuq bulaq, göy çəmən– 
O da marala qaldı... 
 
Ə d i l ə (onun qoluna girir). Bir dəfə də ora gedərik, bax o dağların təpəsinə qalxarıq. Alaçıq 
qurarıq orda... Baxın nə  qədər gül-çiçək var... Mən bu yerlərdə olmuşam, amma heç zaman belə 
həzz almamışam... bu sizə görədir... (Dərindən nəfəs alır.) Hop-hop quşlarının səsini eşidirsinizmi? 
Bilirsinizmi onlar nə deyir? Onlardan birinin adı Isa, o birinin adı Musadır. Elə hey bir-birlərindən 
soruşurlar: «Isa, tapdın? Musa, yox, Musa, tapdın? Isa, yox...» Onlar iki qardaş idi. Ikisi də çoban 
idi. Bir gün çox sevdikləri bir quzu itir. Onlar nə  qədər axtarırlarsa da quzunu tapa bilmirlər. 
Allahdan arzu edirlər ki, quş olub quzunu axtarsınlar. Allah da onları quş edir. Amma indiyə qədər 
axtarırlar, quzunu tapa bilmirlər... Görürsünüzmü, Allah onları o saat quş edir, amma kiçik bir 
quzunu onlara göstərmir ki, əzablarına son qoysun... Bəlkə quzunu canavar aparıb? Axı, bu dağlar, 
bu meşələr canavarla doludur... Amma biz söz vermişik ki, bu gün canavarlardan, tülkülərdən, 
çaqqallardan danışmayacağıq... Biz bu dağlara baxıb sevinəcəyik... (Yenə dərindən nəfəs alır.) Nə 
üçün insanlar pis qoxuya tab gətirmir, amma kəklikotunun iyinə hamı tab gətirir? Axı, bu düzgün 
deyil. Gərək pis qoxu pis adamların vecinə olmasın. Gərək pis qoxuya yalnız yaxşı adamlar tab 
gətirməsin. Əslində gərək pis adamlar xoşlansınlar pis qoxudan... Gərək pis adamlar kəklikotunun 
iyinə tab gətirməsinlər. Kəklikotunun iyinə ancaq yaxşı adamlar tab gətirə bilər... 
K i ş i. Deməli, dünyada pis adam yoxdur?.. 
Ə d i l ə. Pis adam yoxdur? Niyə? 
K i ş i. Çünki hamı kəklikotunun iyinə tab gətirir... 
Ə d i l ə (sərt). Yox, bu düz deyil, mən belə istəmirdim. Bizim qonşuluğumuzda kor bir kişi 
olurdu: Məmmədbağır kişi. O, deyirdi ki, dünyada pis adam yoxdur, çətini adamları yaxından 
tanıyana qədərdir, yaxından tanıyandan sonra, fikrinə-zikrinə, güzəranına bələd olandan sonra, baxıb 
görəcəksən ki heç kim pis adam deyil. Doğrudanmı belədir? Axı, rüşvətxora hansı bəraət ola bilər? 
O necə yaxşı adam ola bilər? Yaltaq necə yaxşı adam ola bilər? Oğru necə yaxşı adam ola bilər? 
Doğrudur, hamı kəklikotu iyindən xoşlanır, amma biri yaxşı işlər fikirləşə-fikirləşə, o birisi pis işlər 
barədə fikirləşə-fikirləşə... Ola bilsin ki, biri heç kimə pislik etmək barədə fikirləşmir, öz mənfəəti 
barədə fikirləşmir, amma o, bədbəxtdir, deməli, o, artıq adamdır, deməli, lazımsız adamdır; bu 
gözəlliyə  gərək deyil, bu çəmənə, bu dağlara gərək deyil, çünki o özü özünü xoşbəxt edə 
bilməmişdir... Eşidirsinizmi cırcıramanı? Yazıq adam heç zaman bu gül-çiçək içərisində o cırcırama 
səsinin məlahətini hiss etməyəcək. O, həmişə öz taleyinin qılıncı altındadır. O, heç kimə pislik 
etməyib, heç zaman pis bir iş barədə fikirləşmir. Amma bədbəxtdir, yazıqdır, acizdir, deməli, pis 
adamdır, çünki o gərəksizdir, lazımsızdır. Bədbəxtlər, yazıqlar, acizlər bugünkü cəmiyyətə yad və 
yabançıdır... Mən də pis adamam. 
Kişi (sakit). Niyə? 
Ə d i l ə  (ondan aralanaraq). Çünki mən, bax, bu yerlərdə çox olmuşam, axır vaxtlar da 
olmuşam, Xəlillə birlikdə. Bu kəklikotu iyindən xoşallanmışam, bax, həmin dumanlı dağlara tamaşa 
etmişəm, bax, bu Daşaltı çayının qıjıltısına qulaq asmışam, bu cırcırama səsinə valeh olmuşam və 
bütün bunlar mənə sevinc yox, kədər bağışlayıb. Mən həmişə özüm barədə fikirləşmişəm, öz 
uğursuz həyatım barədə düşünmüşəm. Bu gözəllik mənə yalnız qəm-qüssə gətirib, deməli, mən pis 
adamam... 

 
98
Kişi (kiçik pauzadan sonra). Bəs nə üçün siz bu gözəlliyə tamaşa edərkən düşünməmisiniz ki, 
öz uğursuz həyatınızla vidalaşasınız? Nə üçün siz düşünməmisiniz ki, nə vaxta qədər bu gözəllik 
sizə  qəm-qüssə  gətirəcək? Nə üçün siz bu gözəlliyə tamaşa etdikdən sonra uğurlu bir həyat 
yaşamamısınız? 
Ə d i l ə. Çünki, bu, mümkün deyil. 
Kişi (gülümsəyir). Bu bir təskinlikdir, elə deyilmi? Bu bir təskinlikdir ki, öz-özünə deyəsən: 
«Bu, mümkün deyil». 
Ə d i l ə. Yox, bu bir təskinlik deyil, bu, həqiqətdir. Mənim bütün tanışlarım göz önündədir. 
Tamaşaçılar da onları görüblər. Onlar üçün də bu, mümkün deyil. Çünki onlar da buna qadir deyil. 
Istəyirsiniz onlarla sizi tanış edim? Onda görərsiniz ki, mən haqlıyam, ya yox. Istəyirsinizmi? 
K i ş i. Nə olar... 
Ə d i l ə. Doğrudan? Siz onlarla tanış olmaq istəyirsiniz? Mən bilirəm, siz bunu mənim üçün 
deyirsiniz... Məni öyrənmək üçün deyirsiniz... Onları tamaşaçılara da tanıtmaq istəyirsiniz... Mən 
razıyam. Bu, doğrudan, çox maraqlı olar. Ancaq onları sizlə necə tanış edim? (Kiçik pauzadan 
sonra) Qoy onlar həyatlarında ən dəyərli hesab etdikləri bir hadisəni sizə danışsınlar. Bütün sualları 
siz verin, siz bir növ, hakimsiniz (Işgüzarlıqla) Yaxşı, kimdən başlayaq? 
K i ş i. Yoldaş Təkdən. 
Ə d i l ə. Oldu. (Çağırır.) Yoldaş Tək! Yoldaş Tək! 
Yoldaş Təkin səsi. Mənimləsiniz, yoldaş Ədilə? 
Ə d i l ə. Bəli, sizinləyəm. Bir dəqiqəlik bura zəhmət çəkin. 
 
Yoldaş Tək qaranlıqdan çıxıb onlara yaxınlaşır. 
 
Y o l d a ş  T ə k. Salaməleyküm (Kişiyə baxaraq yavaşcadan Ədiləyə) Bu yoldaş kimdir belə? 
Ə d i l ə. O-o-o... Tanımırsınız? (Yoldaş Təkin qulağına nə isə pıçıldayır.) 
Yoldaş Tək(pıçıltı ilə). Yəni lap yuxarıların? 
 
Ə d i l ə başını tərpədərək təsdiq edir. 
 
Y o l d a ş  T ə k  (yenə pıçıltı ilə). Bəlkə yoldaş Məlikməmmədovdur? 
Ə d i l ə. Yox, daha yuxarılardandır. (Barmağı ilə göyü göstərir.) Ordan. 
Y o l d a ş  T ə k  (heyrətlə kişiyə baxır). Pah atonnan! 
K i ş i. Siz Alməmməd Gülməmməd oğlu Təksiniz. Əsl familiniz Cəbrayılovdur. 
Y o l d a ş  T ə k. Bəli, yoldaş... e-e-e... yoldaş... (Ədiləyə baxır, yəni ki, bu yoldaşın famili 
nədir?) 
K i ş i. Sizin əlli doqquz yaşınız var. Evlisiniz. Üç uşağınız, iki nəvəniz var. Siz poçt şöbəsinin 
müdirisiniz. 
Y o l d a ş  T ə k. Bəli... 
K i ş i. Indi siz bütün həyatınız boyu ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız. 
Y o l d a ş  T ə k. Həyatımdakı ən dəyərli hadisəni? 
K i ş i. Bəli. 
Y o l d a ş  T ə k  (Ədiləyə). Görəsən neyləyir bunu? Xeyirdir? 
 
Ə d i l ə  çiyinlərini çəkir. 
 
K i ş i. Buyurun. 

 
99
Y o l d a ş    T  ə k. Həyatımda  ən dəyərli hesab etdiyim hadisə? Bu saat... (Kiçik pauzadan 
sonra)  Bir gün məni nazirliyə çağırıb qəzetlərə abunə yazdırmaqdan ötrü Gədəbəyə ezam etdilər. 
Baba da mənimlə getmişdi. Bir-iki kəndi gəzib təbliğat aparırdıq, qəzetlərə abunə yazdırırdıq. 
Gədəbəy, bilirsiniz də, yoldaş... e-e-e... yoldaş, (Ədiləyə baxıb davam edir.) Gədəbəy bildiyiniz kimi 
dağlıq rayondur, kəndlər dağlardadır. Bütün qüvvələri səfərbərliyə almaq lazım gəlirdi. Kolxozdan 
hərəmizə bir at almışdıq kəndləri gəzməyə. Bir gün yağış yağırdı möhkəm, amma mən yağışa 
baxmayaraq. vəzifəmi yerinə yetirirdim. Böyük Qaramurad kəndindən aşağı düşürdük. Birdən 
mənim atımın ayağının altından bir çınqıl qaçdı, atla birlikdə sıldırımdan yuvarlandıq aşağı... Bir də 
on gündən sonra, rayon xəstəxanasında özümə  gəldim. Bütün bədənim gipsdə idi. Tərpənə 
bilmirdim. Gözümü açanda Babanı yanımda gördüm. Mənim ilk sözüm bu oldu ki... Yox, yaxşısı 
budu Baba özü gəlsin desin. (Çağırır.) Baba! Ay uşaq, Baba! 
Babanın səsi.Bəli, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Bura yüyür tez! 
Babanın səsi. Bu dəqiqə, Yoldaş Tək! 
 
Baba yüyürə-yüyürə qaranlıqdan çıxır. 
 
B a b a. Salaməleyküm. (Yoldaş Təkə) Axşamınız xeyir, Yoldaş Tək. 
Y o l d a ş  T ə k. Nə, indi bəyəm axşamdır? Görmürsən, günün günorta çağıdır? 
Baba(son dərəcə  pərişan).  Bağışlayın, bağışlayın, Yoldaş  Tək... Vallah, sizi görən kimi 
gözlərimə qaranlıq çökür, elə bilirəm axşamdır. Bağışlayın... 
Y o l d a ş  T ə k. Yaxşı. Indi de, yoldaşlar eşitsinlər: Gədəbəydə atdan yıxılandan on gün 
sonra ki, birinci dəfə özümə gəlib gözümü açdım, ilk sözüm nə oldu sənə? 
B a b a. Siz dediniz ki, «Baba-a...» Mən də yanınızda oturub ağlayırdım, dedim ki, «Ca-a-
an...» Dediniz ki, «Baba, kolxoz atının vəziyyəti necədir?..» 
Y o l d a ş  T ə k  (təntənəli surətdə). Bəli! Mən özümə gələn kimi, birinci növbədə, ictimai 
əmlakla maraqlandım! 
K i ş i. Deməli, əlli doqquz illik həyatınızda ən dəyərli hesab etdiyiniz hadisə budur? 
Y o l d a ş  T ə k  (eyni təntənə ilə).  Bəli! Mənim üçün aydın oldu ki, artıq siyasi şüurum 
tamamilə formalaşıb. 
B a b a. Yoldaş Tək üçün, ilk növbədə, ictimaiyyətin mənafeyidir.  
Kişi(Yoldaş Təkə). Siz nə üçün müharibə vaxtı özünüzü xəstəliyə vurub cəbhəyə getmədiniz? 
Y o l d a ş  T ə k  (özünü tam itirmiş halda). Mən... Xeyr... (Udqunur.) Mən, həqiqətən, xəstə 
idim... Mənim arayışlarım var... Mən... mən... (Babaya baxır, yəni ki, niyə susmusan.) 
Baba(cəld). Bu, böhtandır! Yoldaş Tək kimi ictimaiyyətçi bir adama qarşı bu... 
Kişi(onun sözünü kəsir).  Siz Baba Qasım oğlu  Əzimovsunuz. Otuz səkkiz yaşınız var. 
Evlisiniz. Üç uşağınız var. Poçt şöbəsində işləyirsiniz. 
Baba(təəccüblə). Bəli... 
K i ş i. Bu saat siz bütün həyatınız boyu ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız. 
B a b a. Mən danışmalıyam? 
K i ş i. Buyurun. 
Y o l d a ş  T ə k. Danış, qorxma. 
Baba(dərhal). Baş üstə, Yoldaş Tək! Bu dəqiqə danışım. Həyatımda ən dəyərli hadisə... 
K i ş i. Yaxşı fikirləşin. 
B a b a. Həyatımda ən dəyərli hadisə... (Yoldaş Təkə müraciətlə) Həyatımda ən dəyərli hadisə 
nədir, Yoldaş Tək? 
Y o l d a ş  T ə k  (mənalı-mənalı). Özün fikirləş... 

 
100
Baba(dərhal).  Bəli, mənim həyatımda  ən dəyərli hadisə odur ki, tale məni Yoldaş  Təklə 
rastlaşdırdı! Yoldaş Təkin atalıq qayğısı nəticəsində mən yük daşıyandan poçt şöbəsi müdirinin az 
qala müavini vəzifəsinədək yüksəlmişəm.  (Üzünü Yoldaş  Təkə tutaraq) Məni adam eləyən siz 
olmusunuz, Yoldaş Tək. Əgər siz olmasaydınız, indi Allah bilir, mən hansı tiyanın altında yatırdım. 
Y o l d a ş  T ə k  (xeyli feyziyab). Mən nə etmişəm ki... Adicə olaraq bir müəssisədə işləyirik... 
B a b a. Siz necə də təvazökarsınız, Yoldaş Tək! Siz mənim üçün bilirsinizmi nə etmisiniz? 
Siz məni Makarenko üsülü ilə  tərbiyə edib yetişdirərək cəmiyyətimiz üçün yararlı bir vətəndaşa 
çevirmisiniz. 
Y o l d a ş  T ə k  (eyni feyziyablıqla). Bu mənim vətəndaşlıq borcumdur... 
Kişi(Babaya). Siz nə üçün yuduğunuz cənazələrin paltarlarını oğurlayıb satırsınız? 
Baba(özünü itirmiş halda). Mən... Mən... 
K i ş i. Siz nə üçün dünən axşam, işdən sonra evinizdə oturub çay içərkən arzulayırdınız ki, 
Yoldaş Tək tez ölsəydi, bəlkə siz də müdir olardınız? 
Baba(özünü tamam itirmiş halda). Mən... mən... (Şaşqın halda gah Yoldaş Təkə, gah Ədiləyə, 
gah da Kişiyə baxır.) Yox...  
K i ş i. Gedə bilərsiniz. 
Y o l d a ş  T ə k. Mən də, yoldaş e-e-e... 
K i ş i. Bəli, siz də. 
Y o l d a ş  T ə k (Babaya). Gedək. (Bir anlıq ayaq saxlayır.) Bağışlayın, sizin familiniz nədir?  
K i ş i. Mənim familim yoxdu. 
Y o l d a ş    T  ə k. Qəribədir. Çox qəribədir...  (Gedə-gedə)  Bir belə tamaşaçının qarşısında 
familini danır...  
 
Y o l d a ş  T ə k  ilə   Baba gedir. 
 
Ə d i l ə (dalğın). Gördünüz? Gördünüz ki?..  
K i ş i. Gördüm. 
 
Kiçik pauza. 
Ə d i l ə (çağırır). Xəlil, Xəliluşka. 
Xəlilin səsi. Nədir, mamoçka, nədir, canım? 
Ə d i l ə. Bura gəl bir dəqiqəlik. 
 
Xəlil qaranlıqdan çıxıb onlara yaxınlaşır. 
 
X ə l i l. Nə lazımdır, mamoçka? (Kişini görür.) Salaməleyküm. 
K i ş i. Siz Xəlil Yusif oğlu Kərimovsunuz. Qırx yeddi yaşınız var. Ictimai Təminat 
Nazirliyində işləyirsiniz. Evlisiniz. Uşağınız yoxdur. 
X ə l i l (pərişan). Bəli, belədir... Təqsir Adınkada deyil, təqsir məndədir... 
K i ş i. Bu saat siz həyatınızda ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız. 
X ə l i l (təəccüblə). Nə münasibətlə? 
K i ş i. Buyurun. 
 
Xəlil Ədiləyə baxır. Ədilə çiyinlərini çəkir.  
 
X ə l i l. Buyur deyirsiniz, buyurum də... (Ədiləyə) Mamoçka, onsuz da, sən bilirsən ki, mənim 
həyatımda  ən dəyərli hadisə  nədir. Eybi yox, qoy yenə deyim. (Üzünü Kişiyə tutur.) Bütün 
həyatımda ən dəyərli və yenə də ən dəyərli hesab etdiyim hadisə Ədilə ilə evlənməyimizdir. 
 
Kiçik pauza. 

 
101
 
K i ş i. Başqa bir hadisə də xatırlaya bilərsinizmi? 
X ə l i l. Başqa hadisə? Deyə bilərəm, əlbəttə, mənim həyatımda dəyərli hadisələr çox olub. 
Ancaq... (Ədiləyə baxır.)  
K i ş i. Çəkinməyin, danışın. 
X ə l i l. Yaxşı, sizə bir hadisə də danışım. (Ədiləyə) Mamoçka, bilirəm sən xoşlamırsan bu 
söhbəti, amma gərək danışım də, neyləyim?..  (Üzünü yenə Kişiyə tutur.) Iki il bundan əvvəl, söz 
vaxtına çəkər, elə bu vaxtlar idi, bizim şöbənin müdiri Kazımov məni yanına çağırıb dedi: «Xəlil, 
biz səninlə iyirmi dörd ildir ki, bir yerdə işləyirik. Mən səni özümə dost hesab edirəm. Bundan sonra 
məni, ancaq adımla, elə Səlim deyə çağıra bilərsən». O vaxtdan bəri işçilərimizin yanında da onu adı 
ilə çağırıram. Çünki dostuq. Çünki o... 
Kişi(onün sözünü kəsir). Siz Ədiləni sevirsiniz? 
X ə l i l. Onsuz mənim üçün həyat yoxdur. 
K i ş i. Siz öz həyatınızı onun yolunda qurban verərsiniz? 
X ə l i l. Mən dedim ki, onsuz mənim üçün həyat yoxdur. (Gizli bir qorxu ilə) Nə olub ki? 
K i ş i. Sualıma cavab verin: siz onun yolunda öz həyatınızı qurban verərsiniz? 
X ə l i l. Mən... mən dedim ki... 
K i ş i. Gedə bilərsiniz. 
X ə l i l. Baş üstə. (Cəld addımlarla gedir.)  
Ədilə(fikirli). Mənimlə sağollaşmağı da unutdu... Qorxdu... (Fikrindən ayrılaraq) Bağışlayın. 
Bu saat. (Çağırır.) Zulya! 
Züleyxanın səsi. Nədi, Ada? 
Ə d i l ə. Bura gəl, səninlə işim var. 
 
Züleyxa qaranlıqdan çıxır. 
 
Z ü l e y x a. Salam. (Kişiyə işarə ilə, yavaşdan) Ada, nə yaraşıqlı kişidir belə... 
K i ş i. Züleyxa Əli qızı Xəlilova. Otuz iki yaşınız var. Ərdə deyilsiniz. Katibə ilşəyirdiniz, bir 
aydır işləmirsiniz. 
Z ü l e y x a. Neyləyim, şorgözün biri idi. 
K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız. Buyurun. 
Züleyxa(təəccüblə ona baxır). Zarafat edən adama oxşamırsınız... (Ədiləyə yarızarafatla) Ada, 
bu yoldaş ciddi danışır?  (Ədilə başını  tərpədərək təsdiq edir.) Onda Gülyanı da çağırın, bir yerdə 
danışaq. 
Kişi (Ədiləyə). Çağırın. 
Ə d i l ə (çağırır). Gülya! Gülzar! 
Gülzarın səsi.Mənimləsən, Ada? 
Ə d i l ə. Hə. Bir dəqiqəliyə bura gəl. 
 
Gülzar qaranlıqdan çıxır. 
G ü l z a r. Privet. Nə əcəb belə? (Kişiyə işarə edərək, qızlara.) Oy, nə simpatiçnidir... 
K i ş i. Gülzar Əhməd qızı  Məmmədova. Otuz bir yaşınız var. Ərdə deyilsiniz. Gecə 
növbəsində telefonçu işləyirsiniz.  
G ü l z a r. Ada, bu çuvak statistika idarəsindəndir? Xeyir ola? 
Z ü l e y x a. Qulaq as. 
K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız.  
Z ü l e y x a. Eşitdin, Gülya, həyatımızın ən əhəmiyyətli hadisəsini danışmalıyıq. Danışaqmı? 
G ü l z a r. Danışaq. 
 

 
102
Ikisi də bir-birinin əlindən tutub irəli çıxaraq oxumağa başlayırlar. 
 
Z ü l e y x a.  
Ən əhəmiyyətlisi? 
Lap gülmək tutdu bizi. 
Ha-ha, əcəb gülməli 
Suallar verirsiniz. 
 
G ü l z a r.  
Bizim həyatımızda 
Əhəmiyyətli bir şey 
Tapa bilməzsiniz siz, 
Qoy desin Ada özü... 
 
Z ü l e y x a.  
Elə-belə həyatdan 
Istədiyiniz qədər 
Biz danışa bilərik. 
Nağıl kimi axacaq... 
 
G ü l z a r.  
Yox, danışmaq nə lazım? 
Durmuşuq qarşınızda. 
Başdan-başa bir heçik, 
Boşdur bütün ömrümüz. 
 
Z ü l e y x a.  
Bəlkə biz boş deyilik, 
Bəxtimiz gətirməyib? 
Bizdə təqsir yoxuymuş, 
Həyat özü boşuymuş? 
 
G ü l z a r.  
Onda bəs niyə Fira 
O cür gözəl yaşayır? 
Özünə istədiyi vaxt 
Alır krinplin palto da?.. 
 
Z ü l e y x a.  
Onda niyə Adilin 
O cür gözəl oğlu var? 
Həyat boşdursa əgər, 
Niyə xoşbəxtdir onlar? 
 
G ü l z a r.  
Həyat boşdursa əgər, 
Vyetnam niyə vuruşur? 
Həyat boşdursa əgər, 
Aya niyə insan uçur. 
 
Z ü l e y x a.  
Həyat boşdursa əgər, 
Niyə yazıb Tolstoy? 
Həyat boşdursa əgər, 
Nəyə gərəkdir yas, toy? 
 
G ü l z a r.  
Özümüz boşuq, bəli, 
Həyat burda neyləsin? 
Yoxmuş bəxtimiz heç. 
Indi hıçqıraqmı biz? 
 
Z ü l e y x a.  
Bəli, budur payımız. 
Budur qismətimiz, bax. 

 
103
Yoxdur başqa çarəmiz, 
Gəl bununla barışaq. 
 
G ü l z a r.  
Bizə stilyaqa deyib 
Bir-bir göstərirdilər. 
Stilyaqa adam deyil? 
Harda var belə qanun? 
 
Z ü l e y x a.  
Biz stilyaqaydıq, bəli. 
Biz ki, oğru deyildik. 
Biz stilyaqaydıq, bəli. 
Biz ki, quldur deyildik. 
 
G ü l z a r.  
Oğru var cibə girir, 
Amma o tək deyildir. 
Hörmət oğrusu da var. 
Ürək oğrusu da var. 
Z ü l e y x a.  
Biz camaatın ərin 
Əlindən almayırdıq. 
Biz heç kimə yalandan 
Bircə kəlmə satmırdıq. 
 
G ü l z a r.  
Biz oğurluq pullara 
Brilyant üzük taxmadıq. 
Biz rüşvət alt paltarı 
Əynimizə taxmadıq. 
 
Z ü l e y x a.  
Heç bir fikir çəkmədik, 
Biz zarafata saldıq. 
Onunçun da özümüz 
Bax, aralıqda qaldıq. 
 
Ikisi də birdən. 
Gəl bununla barışaq, 
Yoxdur başqa çarəmiz. 
Indi bir gün ağlayaq 
Özümüzə hərəmiz. 
 
Oxuyub qurtardıqdan sonra hər ikisi  
Ədiləyə və Kişiyə sarı dönür. 
 
G ü l z a r. Kifayətdir? 
Z ü l e y x a. Repertuarımız xoşunuza gəldi? 
G ü l z a r. Bizdən razı qaldınız? 
Z ü l e y x a. Gedək, Gülya. (Kişiyə) Privet. 
G ü l z a r. Xudahafiz. Biz sürüşdük. 
 
Getmək istəyirlər. 
 
K i ş i (sakit). Dayanın. 
Züleyxa (geri çevrilir). Yenə xeyir ola? 
K i ş i (eyni sakitliklə Züleyxaya). Siz nə üçün üçaylıq uşağınızı abort elətdirdiniz? 
 

 
104
Pauza.  
 
Züleyxa sarsılır. 
G ü l z a r. Oy-y... Mən heç bilmirdim... 
Ə d i l ə (sakit). Mən bilirdim. 
Züleyxa (son dərəcə sarsılmış halda). Çünki, çünki Adil məni almayacaqdı... 
Gülzar(heyrətlə). Oy-y... 
Z ü l e y x a. Çünki... mən Adilçün adicə kef mənbəyiydim... Gedib təmiz ev qızı aldı. Day 
bilmir ki, həmin təmiz ev qızı onun qulağının dibində  nələr edir... Amma mən etməzdim... 
(Qışqırır.) Etməzdim... 
G ü l z a r. Sakit ol. Zülya... Sakit ol... 
Kişi(Gülzara). Siz nə üçün dünən axşam öz qoca ananızı təhqir etdiniz? 
 
Pauza. 
 
G ü l z a r. Doğrudur. Düz deyirsiniz. Mən dünən anamı  təhqir etdim. Özü də bu, ilk dəfə 
deyil... Çünki... çünki mənim bu günə düşməyimə, heç kimə lazım olmamağıma, arzusuzluğuma, 
xəyalsızlığıma özümdən çox o təqsirkardır... Çünki... mən cəmi on altı yaşında gecə saat on ikidə 
evə gələndə o məni tənbehləmirdi, şirin-şirin yatırdı... Satdığı pivədən əldə etdiyi qazanc onu daha 
artıq maraqlandırırdı... Amma bütün bunlara baxmayaraq, anamı məndən çox istəyən adam yoxdur... 
K i ş i. Gedə bilərsiniz. 
 
Ikisi də asta addımlarla səhnədən çıxır. 
 
Ə d i l ə. Sizin onlardan acığınız gəldi? Axı, sizin suallarınıza ən doğru cavabı onlar verdilər. 
Ən doğru cavab: bizim həyatımızda heç bir əhəmiyyətli  şey yoxdur. Onlar yalan quraşdırmadılar. 
Onlar yalandan camaatın vəziyyəti ilə maraqlanmayıblar. Onlar Səlim kimilərini də saya salmırlar. 
Necə var, bax, eləcədirlər. Buna görə də... (Susur.)  
K i ş i. Buna görə də? 
Ə d i l ə (kiçik pauzadan sonra). Buna görə də bədbəxtdirlər. Dünyanın ən bədbəxt insanları. 
Arzuları yox... Xəyalları yox... Ona görə dünyanın  ən bədbəxt insanları ki, öz bədbəxtliklərini 
görürlər və bunu qanunauyğun hesab edirlər, bununla barışmağa çalışırlar... Kim bilir, bəlkə də bu 
daha düzgündür... 
K i ş i. Dünyanın ən bədbəxt insanı olmaqmı? 
Ə d i l ə. Yox... (Kiçik pauzadan sonra) Öz bədbəxtliyinlə barışmaq bəlkə də səni ən bədbəxt 
yox, nisbətən xoşbəxt edir... 
K i ş i. Deməli, Züleyxa ilə Gülzar sizə nisbətən xoşbəxtdirlər, elədirmi? Siz ki, onlar kimi öz 
bədbəxtliyinizlə barışmırsınız. Siz ki, daima əzab çəkirsiniz. Siz istəsəniz də barışa bilməzsiniz, 
çünki bu mümkün deyil. 
Ə d i l ə. Nə üçün? 
K i ş i. Ona görə ki, mən sizi tanıyıram. 

 
105
Ə d i l ə. Yox, yox. Biz üçümüz də bədbəxtik: Züleyxa da, Gülzar da, mən də. Çünki həyat 
qulağımızın dibindən ötüb gedir işinin dalınca... Hər gecə yerimizə uzanırıq, gözümüzü yumuruq, 
ürəyimizin döyüntüsünü hiss edirik, yuxuya getməzdən əvvəl içimizdən bir filosof baş qaldırır: « – 
Belə yaşamaq olmaz. Filan işi düz eləmirsən. Niyə o cür etdin? Niyə o sözü dedin? Niyə həyatını 
təzədən qurmursan? Bu cür ki, sən yaşayırsan, bu – həyat deyil...» Sonra bu filosofun tənələri 
altında söz verirsən ki, daha belə olmayacaq, əsl həyat yaşayacaqsan. Bu tənələr altında yuxuya 
gedirsən. Səhər yuxudan durursan və... bu gün də  əvvəlki günlərin eyni olur. Yenə  əvvəlki həyat 
tərzi... Yenə  Xəlilin xırda sevincləri, bir qara qəpiyə  dəyməyən arzuları... Yenə Yoldaş  Təkin 
riyakar sözləri... Yenə Babanın murdar sifəti... Yenə Zülya və Gülyanın miskin qayğıları... Yenə 
yalançı arzular... Aldadıcı xəyallar... Çünki o filosof ölüb daha... Ölüb, gecəyə qədər. Gecə yerinə 
girib yatmaq istəyəndə yenə içindən baş qaldıracaq. Baş qaldıracaq ki, sabah açılan kimi yenə 
ölsün... 
 
Kiçik pauza. 
 
K i ş i. Daha kimi çağırırsınız? 
Ə d i l ə. Daha kimi? Kim olacaq, heç kimi. Daha heç kim yoxdur. Gəlin boşlayaq getsin bu 
bədbəxtlik-xoşbəxtlik söhbətini – boş  şeydir. Gəlin bu dağlara tamaşa edək... Görürsünüzmü 
buludları? Yağış yağacaq. Sonra kəsəcək. Biz islanacağıq, amma eybi yoxdur. Sonra qövsi-qüzehə 
tamaşa edəcəyik. Sonra qurbağaların quruldamasına qulaq asacağıq... Gəlin heç nə fikirləşməyək. 
Gəlin bir-birimizə qısılıb tamaşa edək. Gəlin azad, sərbəst, qayğısız olaq... (Əyilib yerdən, guya ki, 
böcək götürür.) Bunu görürsünüz, uçağandır adı. Qarı nənə də deyirlər. Uşaqlıqda bunu ovcumuzda 
tutub arzulayırdıq: 
 
Uçağan, uç, uç, uç, 
Get nənəni gətir... 
 
(Əlindəki böcəyə baxaraq) Indi kimi arzulayaq? Kimi arzulayaq ki, uçağan uçub onu bura 
gətirsin? Heç kimi... Elə bir adam yoxdur mənimçin... (Kişiyə baxaraq həyəcanla) Kimi, hə, kimi? 
Kişi(sakit və ciddi). Siz  Ədilə  Məlik qızı  Kərimovasınız. Otuz üç yaşınız var. Üç ildir 
ərdəsiniz. Uşağınız yoxdur. Poçt şöbəsində işləyirsiniz. 
Ə d i l ə (ani şaşqınlıqdan sonra). Bəli. 
K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız. 
Ə d i l ə (artıq onun üçün bütün bu təbiət, bu mənzərə yenidən öldü). Yaxşı... 
 
Pauza. 
 
K i ş i. Buyurun. 
Ə d i l ə (yavaş-yavaş, sanki özü ilə danışır). Biz hamımız öləcəyik... 
K i ş i. Elədir. 
Ə d i l ə. Yer üzündə nə qədər ki, adam var, hamısı öləcək. 
K i ş i. Elədir. 
Ə d i l ə. Onların yerinə başqa adamlar gələcək. Onlar da öləcək... 
K i ş i. Elədir. 
Ə d i l ə. Mən öləcəyəm. Mənim anam da öləcək. Əgər mənim uşağım olsaydı, o da öləcəkdi. 
Zulya da öləcək. Gülzar da öləcək. Siz də öləcəksiniz... Heç nə qalmayacaq... 
K i ş i. Elədir. 
Ə d i l ə  (çılğın).  Bəs niyə siz dəhşətə  gəlmirsiniz? Niyə tükləriniz biz-biz olmur? 
Neyləyirsiniz o məktubu, siz ki, öləcəksiniz? 

 
106
Kişi(eyni sakitliklə). Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz hadisəni danışmalısınız. 
Ə d i l ə (özünü ələ alaraq). Bağışlayın... Bağışlayın... məni... Bu saat... 
K i ş i. Buyurun. 
Ə d i l ə. Mənim həyatımdakı  ən  əhəmiyyətli hadisə... Mən bir gecə, bir soyuq gecə ölümü 
dərk etdim. Mən dərk etdim ki, xoşbəxt də olsam, bədbəxt də olsam, mənası yoxdur – mən ki, 
öləcəyəm. «Nə olsun?» – bu ən dəhşətli sualdır. Bu ən dəhşətli şeydir ki, öz otağının buz divarları 
arasında oturursan və əzabla ölümü dərk edirsən. 
K i ş i. Bu ən dəhşətli şey deyil. 
Ə d i l ə (bəlkə də, Kişinin bu qəti sözlərinə təəccüb edir). Siz ölümü dərk etmisinizmi? Hamı 
bilir ki, öləcək. Hamı bilir ki, həyat daimi deyil. «Süleymana qalmayan dünya kimə qalacaq» 
fəlsəfəsini hamı bilir. Lakin bunu dərk etmək, ölümü dərk etmək başqa şeydir. Bu – dəhşətdir. Bu – 
ən dəhşətli şeydir. 
Kişi(eyni sakitlik və qətiyyətlə). Bu ən dəhşətli şey deyil. 
Ə d i l ə (çılğın). Bəs nədir ən dəhşətli şey? Bilirəm, deyəcəksiniz ki, həyatımız maraqlıdır, 
kollektivdən ayrı düşmək olmaz... Deyəcəksiniz ki, iradəli olmaq lazımdır, mətanətli olmaq 
lazımdır... Mən bunların hamısını bilirəm. 
K i ş i. Mən də bunları bilirəm və bilirəm ki, siz də bunları bilirsiniz. Buna görə  də  mən 
bunları sizə demirəm. 
Ə d i l ə (mütəəssir). Bəs... bəs nədir sizcə... sizcə nədir ən dəhşətli şey? 
 
Pauza. 
 
K i ş i. Təsəvvür edin ki, bir nəfər bütün ömrü boyu səhnədə olub, bütün ömrü boyu artistlik 
edib. Qocalıb. Onun hörməti də var, məşhurdur, onu sevənlər də çoxdur. Hamı ona öyrəşib, səhnəni 
onsuz təsəvvür etmirlər. Hər yerdə yazırlar ki, istedadlıdır, hamı deyir ki, o, böyük aktyordur. Bir 
gün o, alqışlarla keçən tamaşadan sonra evinə gedir. O, yorulub. Yatmaq istəyir. Lakin yata bilmir: 
birdən-birə, qəflətən, gözlənilmədən dərk edir ki, istedadsızdır. Əsl istedad onda yoxdur. Dərk edir 
ki, bütün ömrü boyu istedadsız olub. Bax, ən dəhşətli  şey budur. Dərk edir ki, məşhurluğu da 
yalançıdır, hörməti də yalançıdır, ona məhəbbət də müvəqqətidir. Dərk edir ki, hamını aldadır və 
hamı aldanır. Cavan qızların hər gün ona göndərdiyi məktublardakı sevgi etirafları əslində səmimi 
deyil və bunu həmin qızlar özləri də başa düşmür. O, hiss edir ki, heç zaman bu qızlardan heç birini 
xoşbəxt edə bilməz, çünki istedadsızdır, həmin xoşbəxtlik yalançı olar. O, bütün varlığı ilə dərk edir 
ki, həmişə özünü də aldadıb. Otellonu oynayıb, alqışlar qazanıb, lakin heç zaman özünü əsl Otello 
hiss etməyib. Hamleti oynayıb, yenə  də alqışlar qazanıb, lakin Hamletin hissləri heç zaman onun 
üçün doğma olmayıb. Bax, burada ölüm təskinlikdir, çünki bu zaman ölüm ən dəhşətli bir şeyə 
çevrilir. «Nə olsun?» – onsuz da hamımız öləcəyik.  Əgər biz bütün həyatımız boyu özümüzü də, 
başqalarını da aldatmışıqsa – nə olsun? – onsuz da hamımız öləcəyik. Əgər biz öz bədbəxliyimizi 
görürüksə – nə olsun? – onsuz da hamımız öləcəyik. Biz bədbəxtlər də, başqa xoşbəxtlər də, biz 
acizlər də, başqa cəsurlar da. Bu zaman ölüm dəhşətdir, çünki ölüm öz istedadsızlığımızı, öz 
uğursuzluğumuzu görüb dəhşətə  gələrkən bizim imdadımıza yetir. Ölüm dəhşətdir, çünki öz 
qadirsizliyimizi görüb dəhşətə  gələndə köməyimizə yetir. Öz puçluğumuzu, öz boşluğumuzu, öz 
mənasızlığımızı görəndə ölüm ən dəhşətli  şeydir, çünki köməyimizə yetir, təskinlik tapırıq – nə 
olsun? – hamımız öləcəyik. Nə üçün mübarizə edək, nə üçün öz həyatımızı yenidən quraq, nə üçün 
gecə içimizdən baş qaldıran filosofu səhər öldürməyək, onsuz da öləcəyik. Bax, bu ölüm ən dəhşətli 
şeydir. 
Ə d i l ə (həyəcanla). Yox... Düz demirsiniz. Düz demirsiniz. 
K i ş i. Nə üçün siz sevmədiyiniz bir adama ərə getmisiniz? 
 
Kiçik pauza. 

 
107
 
Ə d i l ə. Həqiqəti deyimmi? Yaxşı... Mən sizdən utanmıram... Mən tamaşaçılardan da 
utanmayacağam... Mən nə üçün sevmədiyim bir adama ərə getmişəm? Çünki mən ondan yaxşısına 
ərə gedə bilməzdim. Çünki məni alan yox idi. Çünki mən artıq otuz yaşında qarımış bir qız idim. 
Çünki mən artıq sevgiyə inanmırdım. Çünki mənim sevdiyim oğlanlar yalnız mənim xəyalımda 
idilər, həyatda belələri yox idi. 
K i ş i. Siz ona görə sevmədiyiniz bir adama ərə getmisiniz ki, daha sizin üçün fərqi yox idi. 
Siz öz uğursuz həyatınızla barışmışdınız o vaxt. Artıq siz özünüz öz taleyinizə qarşı biganə idiniz. 
«Nə olsun?» – ya sevdiyin adama ərə get, ya sevmədiyin adama. 
Ə d i l ə. Bəlkə də siz haqlısınız... Bəlkə də... 
Yoldaş Təkin səsi. Baba! 
 
İ ş ı q  s ö n ü r. 
 
Babanın səsi. Bəli, Yoldaş Tək! 
Yoldaş Təkin səsi. Iş vaxtı qurtardı, saat altıdır. 
Babanın səsi. Bu saat, Yoldaş Tək. 
 
Işıq yananda hamı, o cümlədən, Ədilə öz yerində oturub. Kişi yoxdur. Baba qapının ağzında dayanıb heç kimi 
içəri buraxmır. 
 
B a b a. Olmaz, yoldaşlar, olmaz. Iş vaxtı qurtarıb. Saat altıdır. 
 
Yoldaş Tək yerindən qalxıb  Ədiləyə yaxınlaşır. 
 
Y o l d a ş  T ə k. Mən sizə təşəkkür elan edirəm, yoldaş Ədilə! 
Ə d i l ə (fikrindən ayrılaraq, başını qaldırıb bir neçə an Yoldaş Təkə baxır.) Nə deyirsiniz? 
Y o l d a ş  T ə k. Mən sizə təşəkkür elan edirəm. 
Ə d i l ə. Nə münasibətlə? Dünən professor məndən şikayət etdiyinə görə? 
Y o l d a ş    T  ə k. Yox. (Barmağı ilə  Ədilənin qarşısındakı  şüşəni göstərir.)  Mənim haqlı 
tənqidlərimdən nəticə çıxarıb daha bu «3»ün qarşısında «1» yazmırsınız. 
Ə d i l ə (şüşədəki «3»ə baxır). A-a-a... 
Y o l d a ş  T ə k. Bəli, mən öz işçilərimin sağlam hərəkətlərini qiymətləndirirəm. 
Ə d i l ə. Şəxsi işimə yazacaqsınızmı? 
Y o l d a ş  T ə k  (təntənəli surətdə). Mütləq! Hətta yeri düşəndə yuxarılarda da deyəcəyəm. 
 
Onlara yaxınlaşan Baba Yoldaş Təkin son sözlərini eşidir. 
 
Baba(öz-özünə). Yalançının atası gorbagor olsun. 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin