Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   2   3   4   5   6   7   8   9   ...   33

 

 
69
Q I S A S 
(Absurd) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Molla Ibrahimxəlil(başını qovzuyub). Əleyküməssalam! Ax, siz bu gün 
nə üçün buraya ayaq basdınız? Bu nə işdir ki, mənim başıma gətirdiniz! Belə 
müsibət olmaz ki, məni saldınız! Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz 
mənim əməyimi və cəfamı zay etmək fikrindəsiniz! Vay, vay, vay! Ax, ax, 
ax... 
  
M. F. A x u n d o v. «Hekayəti-  
 Molla Ibrahimxəlil kimyagər». 
 
 
 
 
 

 
70
O vaxt o yaraşıqlı Gəncin cəmi 22 yaşı var idi, Kişi isə, indi 57 yaşındadı və günortanın nəfəsini kəsən istisindən 
sonra, birdən-birə sərin meh əsməyə başladı və həmin yay gecəsi dənizin sahilindəki o işıq imarətin həyətində, o 
qoca tut ağacının altında beləcə üz-üzə dayandılar.  
 
G ə n c (nifrətlə). Sən alçağın birisən! 
K i ş i. Bəsdi! 
G ə n c. Əclaf! 
K i ş i. Bəsdi! 
G ə n c (özünü güclə saxlayır ki, ağlamasın və daha da bərkdən qışqıra-qışqıra). Murdar oğlu, 
murdar! 
 
Sükut çökdü və bir ara yalnız dənizin batqın uğultusu və o qoca tut yarpaqlarının, elə bil ki, dünyanın 
əbədiliyindən xəbər verən xışıltısı eşidildi. 
 
K i ş i (pərişan). Atanı söymə... Allah ona rəhmət eləsin... Onun nə təqsiri?.. 
G ə n c (sarsılmış). O sağ olsaydı... O indi sağ olsaydı... (Daha heç cürə özünü saxlaya bilməyib 
ağlayır.) Səni... Səni... öz əlləriylə boğardı!..  
K i ş i. Axı niyə? Nəyə görə? 
 
Pauza. 
 
Sənin hələ dünyadan xəbərin yoxdu... Hələ bilmirsən ki, nə var, nə yox?! Ağzın isti yerdədi 
sənin!.. Neçə yaşın var? Bu saat deyim. Hə, 21 təzə tamam olub... Universiteti təzəcə bitirmisən... 
Xruşşov XX qurultayı keçirib... Düzdü, indi onun özünü «naş doroqoy Nikita Serqeyeviç» eləyiblər, 
amma Stalin haqqında kimin ürəyi nə istəyir, döşüyür! Gənc yazıçılar xəyalən təsəvvür elədikləri 
37-dən faciəvi hekayələr, şerlər yazırlar. Yalançı azadlıq eyforiyası yaranıb, sən də atanın pullarıyla, 
hörməti-izzətiylə maşını belədən-belə sürüb, camaatın arvadına eşq-məhəbbət elan edə-edə kef 
çəkirsən! Sən elə əvvəldən beləydin! Indi mənim üstümə hücum çəkib xoruzlanmaq lazım deyil! 
G ə n c. Yox! Düz demirsən! Mənim arzularım var idi! Mən sənin vaxtında başqa... başqa cürə 
olmaq istəyirdim, bildin? Mənim lazımım deyildi bu cah-cəlal! Mənim lazımım deyildi bu 
yuxusuzluq, bu gecə  məhkəmələri! Belə  uşaqlar lazım deyildi mənə! Belə  nəvələr istəmirdim! 
Lazım deyildi mənə belə arvad! Mənim arzularım tərtəmiz idi! Mən... 
K i ş i (onun sözünü yarımçıq kəsir). Bəsdi yalan danışdın! Bəsdi! Elə sənin arzularının axırıdı 
bu! Yadına gəlir, bax, burada (Əli ilə imarəti göstərir.) atayla oturmuşdun... 
G ə n c. Onda bu cah-cəlal yox idi! 
K i ş i. Hə, düz deyirsən, bu bina deyildi onda. Bunu mən tikdirdim... 
G ə n c (kinayə ilə). Tikdilər sənin üçün...  
K i ş i. Hə! Yaxşı elədilər! Yoxsa ki, indi heç bu da yox idi... Onda ikiotaqlı balaca evimiz vardı 
bunun yerində, yaydı, Bakıdan təzəcə köçüb gəlmişdik bura. Atayla oturmuşdun qabaq-qabağa. 
Ikiniziydiz. Universitetdə  təzəcə diplom müdafiə etmişdin. Nə dedin onda ataya? Yadına gəlir? 
(Istehza ilə) O aylı-ulduzlu gözəl yay gecəsi vəcdə gəlib nə dedin ataya? 
 
Pauza. 
 
(Gəncin səsi ilə).  «Bilirsən kim olacam mən on ildən sonra?» (Atasının səsiylə)  «Kim?» 
(Gəncin səsi ilə) «On ildən sonra mən Mərkəzi Komitənin katibi olacam!» 
 
Pauza. 
 
Yadına gəlmir yoxsa? 

 
71
G  ə n c. Onda mən romantik idim. Onda mən vəzifəyə bir romantika kimi baxırdım. Mən 
demirdim ki, bütün ömrümü sərf edəcəyəm saray intriqalarına, əməllərimi eləyəcəyəm şeytan əməli 
ki, vəzifələr tutum, vəzifələrdə qalım! (Get-gedə daha artıq bir ehtirasla) O yollara ki, sən keçdin, o 
illərdən ki, sən çıxdın, mənim heç ağlıma gəlməzdi! Mən bilsəydim ki, otuz beş ildən sonra gecə 
yarısı sən gəlib burada beləcə oturacaqsan, gedib... gedib özümü dənizə atardım! 
K i ş i (rişxəndlə). Yavaş ol ha!.. (Yamsılayır.) «Gedib özümü dənizə atardım!..» Gedib ataydın 
də, niyə atmadın?! 
G ə n c. Sən... Axı... sən belə qansız deyildin!.. 
K i ş i (hirslə).  Necə varıydımsa, eləcəyəm! Indi beləcə qabağımda durub müdrik kəlamlar 
söyləmək asandır! Kənardan dayanıb baxanda müdrik olmağa nə var ki?! (Gəncin səsi ilə) «On ildən 
sonra Mərkəzi Komitənin katibi olacam!..» Çox təmizlikdən-zaddan qırıldatma, bildin?! Sənin bütün 
için bunnan ibarət idi! Bütün içində bir yüksəklik həsrəti var idi, vəzifə ehtirası var idi! Həmişə 
fikirləşirəm ki, o cür cavan olasan, bütün içini də eləcə bir yüksəlmək hərisliyi gəmirtdəyə!.. 
G ə n c. Bəsdi! 
K i ş i. Nə bəsdi?! Sən bütün varlığınla can atırdın ki, adamlar səndən aşağı cərgədə, səndən 
alçaqda bir-birinin ardıyca sıraya düzülsünlər! Uzunu da, gödəyi də, hamısı bir-birinin ardınca 
düzülsün, sən isə yüksəkdə, tək!.. Əlini gələcəyə doğru uzatmış rəhbər heykəlləri kimi! Bəyəm elə-
beləydi Mərkəzi Komitənin katibi olmaq? Oldum! Düzdü, on ildən sonra olmadım, iyirmi ildən 
sonra oldum, amma oldum! Sən də özünü məsum qız yerinə qoyma! 
Q a d ı n (qışqıra-qışqıra). Ay köpək oğlu! Al! Al! (Əyilib yerdən ovuc-ovuc qum götürüb 
Kişinin üzünə çırpır.) Al!  
K i ş i (əlləri ilə üzünü qapayır). Vay! Gözümə doldu! 
U  ş a q. Yaxşı oldu! Al! Ye bunu! Yeyəcəksən! (Əlindəki qanlı  ət parçasını – çiy ciyərdi, 
ürəkdi, nədi? – zorla Kişinin ağzına dürtmək istəyir.) Yeyəcəksən! Adamyeyənsən sən!  
K i ş i (ətdən qana bulaşmış sifətini silmək istəyir). Vay! Vay!.. 
G ə n c (dəhşətlə). Kimdi bunnar?  
K i ş i. Bilmirəm!.. 
Q o c a. Gözlərini çıxardın, gözlərini! (Hücum çəkib, barmaqlarını Kişinin gözlərinin içinə 
soxmaq istəyir). Gözlərini!.. 
K i ş i (qışqırır). Buraxın məni!.. Əhmədov! Əhmədov! Gəl yığışdır bunnarı! Gəl çək bunnarı, 
Əhmədov! Çəkilin! 
Q a d ı n (əlindəki baltanı Kişinin üstünə qaldırıb vurmaq üçün fürsət axtarır). Dayan! Bu saat! 
Bu saat vuracağam! Bu saat! 
U ş a q (əlindəki qanlı ət parçasını Kişinin ağzına dürtmək istəyir). Qoy əvvəlcə bunnarı yesin, 
sonra! Bunnarı!  
Q o c a. Gözlərini! Gözlərini! 
K i ş i (qışqırır). Buraxın! Çəkilin! Əhmədov! Əhmədov!  
Q a d ı n. Tanımadın məni, hə? 
U ş a q. Məni heç tanımırdı! Bilmirdi ki, heç, mən varam dünyada! (Əlindəki qanlı ət parçasını 
Kişinin ağzına basır.) Ye bunu! Ye!  
K i ş i (qışqırır). Çəkilin! Çəkilin! 
 
Pauza. 
 
(Yavaşdan). Indi mən  ən çox bilirsən nəyi fikirləşirəm? Sən ki, o sözləri dedin e, Mərkəzi 
Komitənin katibi olmaq barədə, bax, onda ata necə baxdı  sənə... Yadına gəlir?.. Nə dedi sənə, 
yadındadı? (Gəncin səsi ilə) «On ildən sonra Mərkəzi Komitənin katibi olacam!..» (Atasının səsiylə) 
«On ildən sonra? Helə gec niyə?» Yadına gəlir? 
 

 
72
Pauza. 
 
Özü də elə baxdı sənə... Səninlə fəxr eləyirdi... Bilirsən... katib atası olmaq istəyirdi! 
G ə n c. Atada işin yoxdu! Düz demirsən! Atanın bütün fikri-zikri elmdəydi! Yadından çıxıb? 
Kitabdan, yazı-pozudan başqa bir şey bilmirdi! Əlində lupa, səhərdən axşamacan  əlyazmalarının 
arasındaydı! Yatanda da yuxusuna qədim əlyazmalarının ərəb əlifbası girirdi!  
K i ş i (yavaşdan). Amma içində... lap dərinlərdə bir şöhrət həvəsi varıydı onda da... (Sözünü 
kəsmək istəyən gəncə imkan vermir.) Yox, dayan!.. O cür şöhrət demirəm! Adi şöhrət yox... Adi 
şöhrət nə idi? Alim şöhrəti, hörmət-izzəti də ki, atanın, Allaha şükür, bütün Azərbaycanı 
bürümüşdü... Təkcə Azərbaycanı? Iki dəfə Stalin mükafatı almaq zarafat idi onda?.. Amma bilirsən, 
söhbət o cür şöhrətdən getmir... Necə deyim sənə?.. Söhbət  əlində ixtiyar olan şöhrətdən gedir! 
Insanların taleyinin səndən asılı olduğu qadirlikdən! Belə bir qadirlik şöhrətindən! Səndən 
qorxsunlar ki, vəzifələrini itirərlər! Sənə yaltaqlansınlar ki, irəli çəkilsinlər, firavan dolansınlar, ev 
alsınlar, maşınları olsun, sürücüləri olsun!.. Belə bir şöhrət, belə bir qadirlik arzusu var idi onun da 
içində... 
G ə n c. Yalan danışma! Özündən hoqqa çıxarma! Səninçün daha müqəddəs heç nə qalmayıb! 
Heç nə! Atada şöhrətpərəstlik vardı, ay nankor?! Görmürdün necə sadə geyinirdi? Onun o cürə 
geyinməyi camaatın içində anekdota çevrilmişdi! 
K i ş i. Hə, hə! Düz deyirsən! Amma ata bilirsən necə istəyirdi? Bəlkə bunu heç özü də başa 
düşmürdü. Bəlkə bu dövrdən, zəmanədən gəlirdi, bilmirəm. Amma ata istəyirdi ki, bax eləcə 
geyinsin, amma heç kim ondan anekdot danışmağa cürət etməsin, qorxsun ondan!  
G ə n c. Kəs səsini! 
K i ş i (onun həyəcanına fikir vermədən). Bir dəfə, yadına gəlir, əllinci illərin lap əvvəlləriydi, 
hamımız onun üstünə düşdük ki, özünə təzə kostyum tikdir. Axırda «stalinski forma»da bir kostyum 
tikdirdi özünə. Birinci dəfə o «stalinski forma»nı əyninə geyəndə güzgüdə özünə necə baxdı, yadına 
gəlir? Hərdən yadıma düşür o baxışlar... Elə bil, ata deyildi, tamam başqa, tamam yad bir adam idi!.. 
Güzgüdən bütün dünyaya yuxarıdan aşağıya baxırdı!..  
G ə n c. Yalandır! Ata sürücüylə, qarovulçuyla, küçədə süpürgəçiylə necə danışırdı, hə? Helə 
şöhrətpərəstlik olardı? 
K i ş i (lap yavaşdan).  Nə bilim?.. Indi belə fikirləşirəm... Bilmirəm niyə belə fikirləşirəm?.. 
Bəlkə düz fikirləşmirəm?.. Bəlkə kişinin ruhu qabağında günaha batıram? 
Q a d ı n (qışqırır). Pah! Günahdan qorxana bax! Al! Al! (Əlindəki şişi kişinin qarnına soxmaq 
istəyir.) 
Q o c a (xəstə bir ehtirasla). Gözlərinə sox, gözlərinə! Çıxart gözlərini! Çıxart! 
G ə n c (dəhşətlə). Kimdi bunnar? Kimdi bunnar? 
K i ş i (qışqıra-qışqıra). Tanımıram! Tanımıram! Buraxın məni! Buraxın!  Əhmədov! 
Əhmədov! 
Əhmədov. Buna bax, indi işi dardadı, mən yadına düşmüşəm! 
U ş a q. Məni buraxın qabağa! Məni buraxın! Qoy bunnarı yesin, sonra! Buraxın məni! Al! Al! 
(Hoppana-hoppana əlindəki ət parçasını Kişinin ağzına dürtməyə çalışır.) Al! 
Q o c a. Gözlərini! Əvvəlcə gözlərini! 
G ə n c (ağlayır). Mən istəmirdim bunu!.. Mən istəmirdim!.. 
K i ş i. Indi yalandan ağlamağın mənası yoxdu! 
G ə n c (sidq-ürəkdən). Yalandan deyil! 
K i ş i. Eh... Sən heç bilirsən ki, yalan nədi, doğru nədi?.. Yəni... yəni bilirsən e, amma sənin o 
bildiklərin hələ heç nədi... 
 
Pauza. 
 

 
73
Yenə  səninlə atanın o söhbəti yadıma düşdü... Yadıma düşdü deyəndə, axır vaxtlar elə hey 
fırlanır beynimdə... Qocalıram, ona görədi yəqin... Axır yaxınlaşır... Başlanğıcdan Sona gedən yol 
lap qısalır... Hiss edirəm bunu... Ata onda yaman baxdı sənə... O katiblik söhbətini deyirəm... Sən 
də...  (gülümsəyir)  sən də onu o saat başa düşdün.... Atanı çox istəyirdin sən... Bilirdin, lap yaxşı 
bilirdin ki, onun içində eləcə bir şöhrət həsrəti var! O həsrət səni də maqnit kimi özünə  çəkirdi... 
Zəmanə, elə bil, genləri dəyişmişdi... Zəmanə  təbiətin işlərinə qarışmışdı... O dəyişmiş genlər, o 
günah, o gizli riyakarlıq nəsildən-nəsilə keçməyə başlamışdı... 
G ə n c. Özünü təmizə çıxarıb, atanı günahlandırma! Ata başqa adam idi! Sənin tayın deyildi! 
Günahlandırma atanı! (Qışqırır.) Eşitdin?! 
A t a (qorxmuş). Onsuz da, məndə deyildi ki, günah... Vallah, məndə deyildi... Mən... mən o 
cəmiyyətin bir üzvü idim... Nə olsun ki, səhərdən axşamacan  əlyazmalarının içindəydim?.. Mən... 
mən o cəmiyyətin yetişdirməsi idim... Və... və... heç kim bunu bilmirdi... qurban idim... O 
cəmiyyətin yetişdirməsi və qurbanı!.. O hisslər məndən asılı deyildi... O cəmiyyətdə heç kim normal 
alim olmayıb!.. Içimdəki o hisslərin sahibi mən deyildim, cəmiyyət idi... 
K i ş i (pıçıltı ilə). Indi hər şeyi cəmiyyətin boynuna yıxmaq asandır! 
Ata (daha artıq dərəcədə qorxmuş). Məndə işiniz yoxdu!.. Mənə toxunmayın!.. 
K i ş i (köks ötürür). Hə, əlbəttə, qorxaq idi yazıq... 
Ata. Mənnik bir şey yoxdu... Mənnik bir şey yoxdu!.. Özünüz bilərsiz! Öz söhbətinizi özünüz 
eləyin! 
G ə n c (çılğın). Işin olmasın onda! 
A t a. Hə! Hə! Məndə işiniz olmasın. Onsuz da, rahat yata bilmirəm... 
K i ş i. Mənim nə işim var onda? Bir də ki... elə şeylər var, demək olmur... 
U  ş a q (hoppana-hoppana  əlindəki qanlı  ət tikəsini Kişinin ağzına dürtmək istəyir). Al! Ye 
bunu! Ye!  
Q a d ı n (əlindəki dəyənəyi Kişinin başına endirməyə çalışır). Qoy mən vurum! Qoy mən! 
Mən! 
Q o c a. Hə! Hə! Vur! Yaxşı vur! Ancaq əvvəlcə gözlərini! Gözlərini çıxart! (Barmağını Kişinin 
gözlərinə soxmaq istəyir.) Dayan! Dayan, bu saat!  
U ş a q. Al! Al! Ye! 
K i ş i (ağzı, sifəti qana bulaşmış halda qışqırır). Buraxın! Buraxın məni!  
Gənc qadın (həyəcanla). Əl dəyməyin! Buraxın onu! 
K i ş i (tənəylə). Hardaydın, bəs? Görmürsən?! Bəs, hardaydın?! 
G ə n c. Bu kimdi? 
K i ş i. Sən tanımırsan.  
Q o c a. Gözünü! Gözünü! 
U ş a q. Yox, qoy bunu yesin! Qoy yesin bunu! 
Q a d ı n. Əvvəlcə qoy mən vurum! 
U  ş a q. Yox, qoy yesin bunu! Ye! Ye! (Hoppana-hoppana  əlindəki qanlı  ət parçasını o 
birilərinin başının üstündən, əl-qolunun arasından Kişinin ağzına soxmaq istəyir.) Ye! Ye! 
K i ş i (qana bulaşmış sifətini geri çəkə-çəkə). Buraxın məni! Buraxın! 
Gənc qadın  (həyəcanla, bir cidd-cəhdlə).  Işiniz yoxdu onda! Onun təqsiri yoxdu! O yaxşı 
adamdı! Onu məndən yaxşı tanıyan yoxdu! O bilə-bilə pislik eləməyib sizə! 
Q a d ı n (Gənc qadını göstərərək). Bu ifritəyə baxın! Bilirsiz kimdi bu? Bunun (Kişini 
göstərir.),  bu alçağın məşuqəsidi! Bunun kabinetində qapını bağlayıb min oyundan çıxırdılar. 
Camaat da qapının dalında növbəyə yığışıb qəbul gözləyirdi! 
Q o c a (sözü hecalayaraq qışqırır). If-ri-tə! If-ri-tə!  
U ş a q. If-ri- tə! If-ri-tə! 
Gənc qadın. Yox! Yox! Işiniz yoxdu onda! 
Q a d ı n (Gənc qadını göstərir). Bunu da vurun! Bunu da! 

 
74
Q o c a. Hə! Bu saat! Bu saat! Əvvəlcə gözlərini!.. 
U  ş a q (hoppana-hoppana  əlindəki  ət parçasını bu dəfə  də  Gənc qadının ağzına soxmaq 
istəyir). Qoy bu da yesin! Qoy bu da yesin! 
Q a d ı n (əlindəki köhnə çuvalı Gənc qadının başına salıb, onu boğmaq istəyir). Tutun bunu! 
Tutun! 
Gənc qadın (qışqırır). Vay! Vay! 
K i ş i (hiddətlə yerindən qalxır). Buraxın onu! Buraxın! Onda işiniz olmasın! 
 
Pauza. 
 
A t a (yavaşdan). Mən getdim... 
Pauza. 
 
K i ş i (gülümsəyir). Səni çoxdandı görmürəm... 
Gənc qadın (gülümsəyir). Hə... Mən də çox darıxmışam... 
K işi. Elə bil, yüz il keçib... Elə bil... yüz il dərinliyində bir quyu qazıblar, mən də onun 
dibindəyəm... 
Gənc qadın (gizlədə bilmədiyi bir təlaşla). Sənə nə olub?  
K i ş i. Bilmirəm... 
Gənc qadın. Səndən qorxuram... 
K i ş i (gülümsəyir). Mənə görə qorxursan? Yoxsa. məndən qorxursan? 
Gənc qadın. Həm sənə görə qorxuram... Həm də... səndən qorxuram... 
 
Meh əsdi və o qoca tut ağacının yarpaqları birdən-birə elə xışıldadı ki, dənizin uğultusu eşidilməz oldu, amma 
sonra o meh ötüb keçdi, yarpaqların xışıltısı azaldı və dənizin uğultusu həmişəki kimi, bütün ətrafa yayıldı.  
 
K i ş i. Yadına gəlir, bir dəfə bulvardakı paraşüt qülləsindən tullandın? 
G ə n c. Əlbəttə, yadımdadı. 
K i ş i. Yay idi onda. Bulvardakı yay kinoteatrında da Xruşşovla Bulqarinin Hindistan səfərini 
göstərirdilər, yadındadı?  (Gülümsəyir.) Hindlilər onların boynuna gül hörükləri salırdı. Hamısı o 
qüllədən görünürdü. Sən tullananda paraşütün ipi tarım açılana qədər, elə bil ki, daş kimi yerə 
gedirdin. Onda, o anlarda sənə elə gəldi ki, hər şey bitdi! Qurtardı! Həyat sona yetdi! Qaranlıq bir 
boşluq içindəydin. Bircə göz qırpımında buz kimi soyuq tər səni basmışdı. Tüklərin qabarmışdı. 
Sonra bir təkan hiss etdin, yadındadı? Ip tarım dartıldı, sən də paraşütlə yavaş-yavaş enməyə 
başladın. Ukrayna köynəyi geyib, gəmi kimi güllərin içində  yırğalanan Xruşşova, həmişə  səksəkə 
içində olan Bulqarinin ağappaq keçi saqqalına baxa-baxa rahatca yerə endin. Onda sən başa düşdün 
ki, çətini o ipin tarım dartılmasınacandı, sonra hər şey düzələr... Amma... 
G ə n c (kinayə ilə). Nə amma? 
K i ş i (gülümsəyir). Amma sən bilmədin ki, əslində heç vaxt heç nə düzəlmir! Əslində, bunu 
sən başa düşməzsən, əlbəttə, başa düşməyinə hələ çox qalıb, əslində bütün ömür eləcə bir qaranlıq 
boşluqdur... Bütün ömrün boyu da daş kimi həmişə boşluğun dibinə gedirsən... Sadəcə, özün bunu 
bilmirsən... Amma, elə ki, bildin, başa düşdün, çox çətin olur... 
G ə n c (fikirli). Əvvəllər səndə belə yalançı fəlsəfəbazlıq yox idi... 
K i ş i (gülür). Elə onu de də! 
G ə n c. Elə ki, işdən atdılar səni bayıra, elə ki, cəmiyyət şampan probkası kimi səni bir tərəfə 
tulladı, onda başladın dünyanın faniliyi barədə fikirləşməyə, hə? 
K i ş i. Yaman sadəlövh danışırsan... 
G ə n c. Niyə sadəlövh?! O pillələri ki, addımlaya-addımlaya üzüyuxarı qalxırdın e, həmin o 
pillələr nədən idi, daşdan idi? Özün də bilirsən ki, yox... Daşdan deyildi, adamların taleyi idi... 
(Poetik) Insanların hissləri idi o pillələr, həyəcanları idi!.. 

 
75
K i ş i (yenə gülür). Mənə dərs deyirsən? 
G ə n c (pərişan). Bundan sonra nə dərs? 
K i ş i. Əlli yeddi yaş, deyirsən, yəni dünyanın lap axırıdı? 
G ə n c (tamam şövqsüz). Yox... Amma... cəmiyyət də dəyişir indi... Sistem dəyişir... 
K i ş i (istehza ilə). Deyirsən, day hər şey innən belə gözəl olacaq, hə? 
G ə n c. Bilmirəm... Hər halda... Yəqin nəsə olacaq... 
K i ş i. Mən sənə dedim ki, uşaqsan, uşaq! Həyatdan xəbərin yoxdu sənin! Cəmiyyət də, sistem 
də bilirsən nədi? Bax, bu ağacı görürsən, bu tutu? Cəmiyyət də, sistem də təbiətin beləcə bir hissəsi, 
bir parçasıdır. Yarpaqlar saralır, tökülür, sonra mövsüm dəyişir, yenə cücərir, açılır. Tut isə, həmin 
tut ağacıdı... Haçansa, əlbəttə, bu tut ağacı lap qocalıb əldən düşəcək, öləcək, amma yenə də başqa 
bir tut ağacı baş qaldıracaq... Cəmiyyət, sistem, bunnar hamısı boş söhbətlərdi, adamlar özləri 
özlərini aldadırlar... 
Pauza. 
 
G ə n c (yavaşdan). Mən istəmirdim ki, belə olsun... 
K i ş i. Sən istəyirdin ki, həmişə açılmış paraşütlə rahatca enəsən...  
Q a d ı n (əlindəki məftili Kişinin boğazına dolamaq istəyir). Dayan bir! Bu saat! Bu saat! 
Q o c a. Gözlərini! Əvvəlcə gözlərini! 
U ş a q. Qoy bunu yesin! Ye! Ye! 
G  ə n c (sidq-ürəkdən gələn bir pərişanlıqla).  Mən istəmirdim ki, belə olsun... Mən 
istəmirdim... 
Q a d ı n. Bax, belə! Bax, belə! 
K i ş i. Məndə işiniz olmasın! (Qışqırır.) Əhmədov! Əhmədov! 
Ə h m ə d o v. Ay gəldim a!.. Gözlə!.. 
Q o c a. Aha! Aha! 
U ş a q. Ye! Ye! 
Q a d ı n. Oxhay!.. 
G ə n c (ağlayır). Mən istəmirdim... Bu cür istəmirdim... 
U ş a q. Ye bu saat! Ye! 
Q o c a. Bax, belə! 
Q a d ı n. Oxhay!.. 
G ə n c (dəhşətlə qışqırır). Çəkilin! Çəkilin! 
Pauza.  
K i ş i (ürkmüş). Sənə nə olub? 
G ə n c (əvvəlcə yavaş, sonra isə get-gedə bərkdən). Yaşasın Brejnev! Ura! 
K i ş i. Sənə nə olub?  
G  ə n c. Yaşasın Brejnev! Ura! (Iki  əlilə  də Kişinin boğazından yapışıb boğmağa başlayır.) 
Ura! 
K i ş i. Burax məni! 
Gənc qadın (həyəcanla). Burax onu! Burax onu! 
G ə n c. Yaşasın Brejnev! Ura! (Boğur.) 
K i ş i (təngnəfəs). Əlini çək! Çək! 
Gənc qadın. Vay! Polis! Polis! 
G ə n c (var gücü ilə Kişini boğur). Əziz Leonid Iliç! Ura! Ura! Ura! 
 
S O N  
 
15 iyul 1992. 
 
 

 
76
 
SU
 
  
(Absurd) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Unudulmaz Araz Dadaşzadənin xatirəsinə 
 
 Su harda – dirilik orda. 
 (Atalar sözü) 

 
77
 
Qadın bir küncdə oturub corab toxuyur və köhnə dəbli mebel elə bil ki, Nuh əyyamından qalıb və gözə 
görünməyən hörümçək torları o mebeli bürüyüb – düzülmüş həmin otağın Qadınla üzbəüz o biri küncündə 
paslanmış trubası divarın ortasından çıxmış köhnə kran var. 
 
Qadın  (corab toxuya-toxuya). Vermirlər, verməsinlər! Cəhənnəmə versinlər! Üç gündü əlimi 
yumuram, üzümü yumuram. Yeziddilər də, yezid! 
 
Pauza. 
 
Qadın  (corab toxuya-toxuya). Amma hünərin var supulu vermə! Vicdansızlar! Vermirlər, 
verməyin! Sizin suyunuz heç mənə lazım deyil! Mən heç rəhmətlik atamdan, o boyda kişidən 
minnət götürməmişəm, sizdən götürəcəm? (Bir anlıq toxumağına ara verib, əlini havada yelləyir.) 
Ay-hay!.. Yezidsiz siz, yezid! (Yenə corab toxumağında davam edir və bu vaxt krandan səs gəlir.) 
A-a-a... Deyəsən, vermək istəyirlər... Onsuz da, açıqdı kran. Özləri bilər. Verirlər versinlər, 
vermirlər verməsinlər! Mən day qurtardım! Adam nə  qədər su dərdi çəkər? Üç gündü əl-üzümü 
yumuram! Əhməd Əli gəlmişdi, gördü də! Mənə nə var? Su gəlmişdi, mən də oturmuşdum, elə bil 
ki, iki qaloş bir-biri ilə danışırdı. Biri deyirdi sən keç, o biri deyirdi, yox, sən keç. Mənə nə var ki?! 
Özləri bilər! Hansı keçir, keçsin də, öz işləridi! (Krandan damcı-damcı su axmağa başlayır.) O-o-
o!.. Xoş gəlirsiz! Gözlərimiz aydın olsun! Bəxtəvər elədiz bizi! Ay-hay! Cəhənnəmə gəlirsiz! Gora 
gəlirsiz! Elə bilirsiz duracağam? Yox! Onu görməyəcəksiz! Qurtardı! Mənimki məndə, sizinki 
sizdə! (Eynəyinin qalın  şüşəsi arxasından  əlində toxuduğu coraba diqqətlə baxa-baxa) Bunnan 
sonra birin də toxuyacağam. Sonra birini də. Sonra da hərəsini üç qış geyəcəm. Bu elədi doqquz qış. 
Sonra da Allah kərimdi! Mənimki odu ki, həmişə doqquz qışın hazırlığın görüm. Onnan o tərəfi 
düzələr! Nə var ki?! Çətini ölənəcəndi! Ölənnən sonra hər şey düzələcək! (Krandan axan su yavaş-
yavaş çoxalır.) Qoy axsın! Nə qədər axır, axsın, durub bağlamayacağam! (Gülür.) Niyə bağlayıram 
e?! Su aydınlıq deyil? Qoy axsın də! Nə qədər axır, axsın! Indiyə qədər vermirdilər. Üç gündü nə 
əlimi yuya bilirdim, nə üzümü, hələ başqa şeyləri demirəm! Gəldi də, Əhməd Əli gəldi gördü göy 
gözləriylə! Bağlamayacam kranı! Qoy axsın. Yezidlər! Suyu əsirgəyirlər adamdan! (Gülür.) 
Amma... Amma həmişə on iki imama ağlayanda, gərək bir dəfə  də yezidə  ağlayasan də!.. 
(Qabağındakı kiçik qəzet mizinin üstündəki telefon zəng çalır. Hirslə  dəstəyi götürür.) Bilirsən nə 
var? Su aydınlıqdı, onda cala öz bağına! Bildin?! Maşallah, o boyda bağın var, səhər motoskletdə bu 
başından çıxsan, axşam o başına güclə gedib çıxarsan! Mənə  nə? (Dəstəyi aparatın üstünə atır.) 
Xox! Qorxdum səndən! Su yaranıb axmağa, göz yaranıb baxmağa! Qoy axsın! Heç yerimdən 
tərpənən də deyiləm! Bir dəfə,  əlli il bundan qabaq, bağımızda balaca hamamımız vardı, orda 
çimirdim. Bir də gördüm ki, qonşudakı  oğlan dırmaşıb öz hasarlarına, hasarları bizim hamamın 
böyründən keçirdi, hə, dırmaşıb hasara, boynunu uzadıb udquna-udquna hamamın yuxarısındakı 
balaca pəncərədən mənə baxır. Onda da elə hirsim tutdu ki! Cin vurdu beynimə! Amma özümü o 
yerə qoydum ki, guya, onu heç görmürəm. Həmişəkindən də iki dəfə artıq çimdim! O alçağın 
acığına! O əzabı ki, o alçaq çəkdi, qışqırıq salıb onu qovsaydım, heç həmin əzabın yüzdə birini də 
çəkməyəcəkdi! Ondan sonra görürdüm ki, gizlincə pusur məni, bütün işini-gücünü buraxıb avara 
olub. Haçan ki, çimmək üçün hamama girirəm, dırmaşır hasarlarına. Hava da ki, isti, elə olurdu bir 
gündə iki dəfə çimirdim, kefim istəyəndə, lap üç dəfə çimirdim. Axmaq oğlu, axmaq, lap ölürdü 
ayaq üstündə! Soxulcan kimi, çöpə dönmüşdü! (Kranın suyu şırhaşır axmağa başlayır.) Yox e, yox! 
Nə  qədər axırsan ax! Yerimdən tərpəndi yoxdu! Əlli il bundan qabaq nənəm oxuyardı ki... Qoy 
görüm necədi? Qoy görüm... (Bir anlıq əlini saxlayıb fikirləşir.) Su gəlir... Su gəlir... Necəydi?.. Hə! 
Su gələr, axar, gedər,  
Bəndləri yıxar, gedər. 
Dünya bir akuşkadı,  
Hər gələn baxar gedər... 

 
78
 
Qoy baxsınlar! Odu, Əhməd  Əli gəldi baxdı, getdi, nolsun? Gözləri bərələ qalmışdı, az qala 
pırtdıyıb hədəqəsindən çıxacaqdı, nolsun? Mən də baxıram! Nəyim kimdən  əskikdi? Heç kimdən 
heç nəyim əskik deyil! Bu corabı da özüm geyəcəm! (Şırhaşır krandan axan su əlüzyuyanı tamam 
doldurur və yavaş-yavaş döşəməyə tökülməyə başlayır.)  Qoy tökülsün! Heç vecimə  də deyil! Nə 
olacaq? Dünyadan su əskik olacaq! Qurtaracaq dünyanın suyu? Nə qədər tutar bura? (Otağın dörd 
tərəfinə də divar boyu aşağıdan yuxarıyacan nəzər salır.) Çox tutsun, min vedrə tutsun! Lap iki min 
vedrə! Lap üç min! Nə olsun? Qurtaracaq bəyəm dünyanın suyu? Suçəkən də  mən olacam, bərə 
gəzdirən də? Xeyr! Qoy axsın! 
 
Pauza 
 
(Telefon yenə zəng çalır. Diksinərək hirslə dəstəyi qaldırır). Hamısı özünsən! (Qışqırır.) 
Özünsən! Qurtardı! (Dəstəyi aparatın üstünə atır.) Bəyəm tək elə özüm susamışam? (Döşəməyə 
baxır. Krandan axan su yavaş-yavaş döşəməni doldurur. Ayaqları artıq suyun içindədi.) Ayaqlarım 
da susayıb, qoy indi qalsın bir az suyun içində, heç nə olmaz! Xəncərinin daşı düşməz! Bir də, axı 
nədi e? Nədi? Ayaqlarımın dərdini elə həmişə mən özüm çəkəcəm? It əyyamından qalıblar, özləri 
bilər! Vallah, mən day bu ayaqların əlindən zinhara gəlmişəm! Gah ağrıyır! Gah keyiyir! Gah 
yerimir! Mən day qurtardım, qurtardım! (Daha artıq bir cidd-cəhdlə corab toxumağa başlayır.) Bir 
az soyuqdu, amma eybi yox... Qış deyil ki... Bunnarı düz üç qış geyəcəm. Heç bu ayaqlara da 
verməyəcəm, bax belə özüm geyəcəm! Bəsdi özümü ayaqlarıma, əllərimə, gözlərimə nə bilim 
nəyimə qurban verdim! Sonra da ikisini toxuyacam, onnarın da hərəsi üç il, elədi doqquz il. 
Vəssalam! Əlli il bundan əvvəl bir dəfə çaydan keçirdik. Bax, elə bu ayaqlarımın ucbatından 
büdrəyib üzüstə suya yıxıldım. Əlimdə də bir nar varıydı, elə böyüküydü, az qala, qarpız boyda, özü 
də qıpqırmızı su götürüb apardı... O narı bir də heç vaxt görmədim... Eh, başım o qədər çəkib ki, 
mənim... Birdi, ikidi, beşdi, ondu bəyəm? Deməynən qurtarandı bəyəm? Hansını deyəsən? O nar da 
eləcə... Hərdən hiss eləyirdim ki, hardasa yanımdadı, lap yaxındadı, eləcə böyükdü, eləcə 
qıpqırmızıdı, amma ha baxırdım, görə bilmirdim. Bir dəfə, əlli il bundan qabaq olardı, birini 
gördüm, elə bildim odu, o qədər sevindim ki, az qaldı şadlığımdan ürəyim partdasın!.. Amma sonra 
gördüm ki, yox o deyil!.. Eləcə iridi, eləcə qıpqırmızı, adamın ovcuna yox, qucağına sığışan bir 
nardı, amma... (Dərindən köks ötürür.) o deyil! Dünyanın ən pis şeyi, bax, beləcə rəncidəhal 
olmaqdı! Sevinirsən, ürəyin az qalır sinəndən çıxıb göyə uçsun, elə bilirsən ki, əlli il bunnan qabaq 
həmin itirdiyindi, amma sonra baxıb görürsən ki, o deyil... (Döşəmədə su yavaş-yavaş qalxır və artıq 
Qadının topuqlarına çatıb.) Amma, sizə düzünü deyim gərək, dünyada ən pis şey, ən pis, ən pis, ən 
pis odur ki, evində oturduğun yerdə sənə su verməyələr, əlini-üzünü yumağa da su olmasın. 
Dinməzcə oturmusan evində, heç kimdə işin yoxdu, heç kimə bir pislik eləməmisən, heç kimə 
deməmisən ki, gözünün üstündə qaşın var, amma sənə su vermirlər! Özü də supulunu verə-verə! 
Hamısı onnandı ki, camaat canavar kimi burun-buruna dayanıb. Burun-buruna dayanmayanların da 
arasında heç kim heç kimin vecinə deyil. Hamı, bax, mənim bu ayaqlarım kimi, bir-birini incidir! Nə 
qədər ayaqqabı almışam bunnara?! Nə qədər uzunboğaz almışam?! Nə qədər şap-şap, nə qədər 
səndəl, nə qədər corab?! Nə qədər, hə, nə qədər?! Əhməd Əli görüb də, gözləriylə görüb! Yenə 
gəlmişdi, gözləri bərələ getdi! O ayaqqabıların, şap-şapların pulunu saxlasaydım, indi 
milyonçuydum! (Bir anlıq əlini saxlayıb, xəyala dalır.) Milyonum olsaydı, gedib bir gəmi alardım... 
Əlli ildi gözümü yumub o gəmini görürəm... Öz gəmimdi... Özü də qırmızı rəngdə, qıpqırmızı, o nar 
kimi... Gəmini alardım, çıxardım dənizə... Ordan gedərdim okeana... Hara baxırsan dalğalardı... On 
mərtəbə evlər boyda dalğalar... Ortada da o qırmızı, qıpqırmızı gəmi üzür... Çay deyil ki, keçəndə 
ayağım burxulsun... Gəmidə üzəcəydim... Lap uzaq başı gəmi batacaqdı, batıb öləcəydim, vəssalam! 
Nə olsun? Balıqlara yem olardım... Görəsən, balıq bilərdi ki, kimi yeyir? Yəni bu mənada ki, balıq 
bilərdi ki, kimi yeyir? Nə fərqi var? Deyirlər ki, balıq balasını da ovlayır. Aman-aman!.. Insandan 

 
79
murdar bir məxluq var dünyada? Balıq balasını yeyir, insan da o balığı yeyir! Tfu! Lənət olsun sənə, 
ey cəmi məxluqatın əşrəfi olan insan, min lənət! Sənə görə də durmayacağam yerimdən! Su-zad boş 
şeydir! Sənə görə durmayacağam!  
 
Pauza. 
 
(Corab toxumaqda davam edir). Amma bir şey var ki, balıq həmişə təzədir. Haçan tutursan, tut! 
Yayda da, qışda da, payızda da, yazda da, gecə-gündüz, nə vaxt tutsan da, təptəzədir! Amma çox 
axmaq heyvandı! Dünyadakı heyvanların  ən axmağıdı! Min-min illərdi insan onu qarmaqla tutur, 
balıq hələ  də başa düşmür, yenə  də qarmağa gəlir. Özü gəlir e, öz tamahının ucbatından! Ceyran 
həndəvərdə canavar hiss eləyəndə, o saat götürülür! Bilir ki, bu o canavardı ki, min il bundan əvvəl 
onun ulusunu yeyib, həmişə də pusqudadı, onu da yemək istəyir, axıracan da belə olacaq! Canavar 
pusqudadı, ceyran səksəkədə! Elə canavar özü! Canavar bilir ki, əli tüfəngli insan onun qənimidi. 
Siçan pişikdən qaçan kimi, canavar da o tüfəngdən qaçır! Amma balıq?! Min illərdi özü öz xoşuyla 
gəlib keçir qarmağa! Ay aman!.. Belə  də küt heyvan olar? (Krandan gur axan və köpüklənə-
köpüklənə döşəməyə tökülən suya baxır.)  Yox e!.. Yox! Yox! Yox! Durmayacağam! Durub 
bağlamayacağam! Nə qədər axırsan, ax! Cəhənnəmə ax, gora ax! Xox! Qorxdum səndən! Mən onda 
ölmüşdüm, ölmüşdüm gəlib sənə yuxumu danışanda, başa düşdün?! Səfeh idim də, mən nə bilim?! 
Deyirdilər ki, adam pis yuxu görəndə səhər durub gərək suya danışsın. Su aydınlıqdı guya! Ay oldu, 
ha?! Yaman aydınlıqdı! Olmaz o aydınlıqdan! 
Düz  əlli il bundan qabağıydı, səhər tezdən yerimdən durdum, gördüyüm o yuxunun 
qorxusundan üşünə-üşünə gəlib danışdım onu suya. Sonra nə oldu? Məni də öldürdü, o biri yazıqları 
da! (Telefon zəng çalır. Hirslə dəstəyi qaldırır.) Mən deyiləm! Bildin?! Başa düşdün?! Mən yoxam! 
Mən ölmüşəm! Əlli ildi bunu başa düşmürsən! Qan də! Qan! Nə vaxt qanacaqsan?! (Dəstəyi hirslə 
aparatın üstünə atır.) Hə, sizə nəyi danışırdım? Yuxu, su əhvalatını! Denən, ay səfeh, hər deyilənə 
inanarlar? Müsəlmanın sonrakı ağlı də! Eybi yox! Adam başına gələ-gələ öyrənər! Dama-dama göl 
olar! (Döşəməyə tökülən su artıq dizlərinə çatıb.) Qalxmayacağam! Bağlamayacam suyu! Bu dizlər 
kimindi, bu qıçlar kimindi, mənim deyil? Özüm bilərəm neyləyərəm?! Soyuq-zad deyil! Su pulunu 
vermişəm! Kimə nə borcdu? Gül kimi sudu də, nə olub bəyəm? Qoy qalsınlar suyun içində. Toxum 
deyil ki, cücərsin! Ayağımdı, qıçımdı, özüm bilərəm, istəyərəm bir il saxlayaram suyun içində! 
Mənə deyir ki, sözə bax e (yamsılayır), sənsiz mənim bir günüm olmasın! Yalan deyir e, elə bilir ki, 
mən də inanıram. Ay inandım, ha!.. Guya ki, tanımıram səni? Kim idi o qaloşları geyib yayın 
cırhacırında dəniz qırağına qaçan?! Bir adam ki, yalın ayağına qaloş geyə, ona inanmaq olar? Kim 
inanır, inansın, amma mən inana bilmərəm. Mən dünyagörmüşəm! Mən bu dünyanın hər üzünü 
görmüşəm! Yaxşısı pisindən çox olub, pisi də yaxşısından çox olub! Şair demişkən, qoca cadugərdi 
bu dünya, həmişə də cavanlıq donunda! Baxırsan, dünyadı də, gözəl, göyçək, adamın tamahı düşür! 
Abırlı, həyalı! Məsum! Incə! Nazənin! Amma əslində qoca köpəkdi! Dişlərini qıcıyıb mırıldayır! 
Ağzından da iylənmiş su axır! (Otağa dolan su artıq Qadının belinəcən qalxıb.) Ip gör necə islanıb 
e!.. Gödələcək quruyanda. Nə olsun, qoy gödəlsin. Onsuz da yuyulacaqdı də.  
 
Pauza. 
 
Ay qoca köpək! Elə bilirsən durub o kranı bağlayacam? Yox! Bağlamayacam! Ipi islatmaqla 
məni qorxudacaqsan? Xox! Baxarıq! Supulunu da vermişəm! Bir dənə yaşıl üçlük, bir dənə də göy 
beşlik! Qabaqlar ona bir dünya şey almaq olardı. Indi olub heç nə! Indi hər şey heç nə olub! 
Qabaqlar, heç olmasa, böyük-kiçik var idi, indi nə var? Heç nə! Hörmət-izzət, hamısı çıxıb gedib 
işinin dalınca! Kim kimədi? Dərəbəylikdi! Get dəniz kənarında bir dənə gəmi partlat – heç kimin 
vecinə deyil! Hamı oturub evində corabını toxuyur. Yəni o adamlar ki, corab toxuyur, oturub 
evində, onnar ki, toxumurlar, yüz cürə pəstəhadan çıxırlar! Balıq tuturlar! Suyu istəyir saf olsun, 

 
80
istəyir bulanıq, onnar üçün fərqi yoxdu. Əslində heç balıqlar üçün də fərqi yoxdu ki, bulanıqdı su, 
yoxsa yox, əlli il bunnan qabaq necə qarmağa keçirdilər, indi də eləcə qarmağa keçirlər... Amma 
suda toxumaq çətin olur... (Əlləri artıq suyun altında qalıb.) Eybi yox... Çətinlik görə-görə gəlmişəm 
də!.. Min çətinliyim olub bu kaftar dünyada, indi də olsun min birincisi! Əhməd Əlinin də gözləri 
elə bərələ qalmışdı. Elə bil, birinci dəfədi belə şeylər görür. (Suyun altında qalmış telefon zəng çalır. 
Əli ilə suda axtarıb dəstəyi tapır və qaldırır. Əsəbi.) Sən get öz dərdini çək, bildin?! Özünsən! Mən o 
yolları qayıdanda, sən hələ iməkləyə-iməkləyə təzəcə yola düzəlirdin! Mən o işə dördəlli girişəndə, 
sən hələ barmağını ağzına soxub əmzik əmirdin! Bildin?! (Dəstəyi suyun içinə atır.) Düz əlli il 
bundan əvvəl idi, bir dəfə qoz ağacının altında yatmışdım, yağış yağıb oyatdı məni. Bir damcı düz 
dodaqlarıma düşdü. Elə duzluydu, elə sərin idi, indiyəcən dadı damağımdadı! O da gəlib üstümə 
qışqırmağa başladı ki, qoz ağacının altında yatmazlar, adam zəhərlənər, başı ağrıyar. Bu baş 
kimindi? Mənimdi, yoxsa sənindi? Özüm bilərəm, sənə nə var, hə?! Mən qoz ağacının altında 
yatanda başım ağrıyıb eləmir, bildin? Mən qoz ağacının altında yatanda yağış yağır! O yağışın 
damlaları elə sərin, elə duzlu olur ki!.. Bunu sən başa düşməzsən! Bir də ki... Bilmirəm heç sizə 
deyim, yoxsa yox?.. Bir də ki... mən qoz ağacının altında yatanda səs eşidirəm... Həm səsdi, həm də 
elə bil ki, işıqdı... Çox tanış səsdi... Çox doğmadı... Birdən mənə elə gəlir ki... Mənə elə gəlir ki, o 
səsi çox qabaqlar eşitmişəm... Əlli il bundan qabaq yox e, çox-çox onnan qabaq... Hələ anadan 
olmamışdan qabaq... Hələ dünyaya gəlməmişdən qabaq... O vaxtlar ki, hələ mən yox idim, onda 
eşitmişdim o səsi... mən belə bilirəm, mən belə hiss edirəm də!.. Amma kimə deyəsən bunu? 
Deyəcəklər ki, dəlidi! Kimə deyəsən? (Əlini sudan çıxarıb barmağını krana tuşlayır.) Bunnara? 
Bunnarda insaf var bəyəm? Mürvət var? Pulunu da vermişəm, hər şeyi də yerində. Neçə gündü su 
vermirlər, hə? Üç gündən artıqdı! Qoy axsın indi! Xox! Qorxdum sizdən! (Kinayə ilə) Bu saat! Bu 
saat durub fincannan boşaldacam buranın suyunu! Gözləyin ha!.. Ay axmaqlar, dənizin də suyunu 
çömçə ilə boşaltmaq olar?! Elə bilirsiz ki, toxuya bilməyəcəm, hə? Elə bilirsiz ki, əlim suyun 
içindədi, ip islanıb, gözüm görmür, vəssalam də, hə?! Lap yaxşıca toxuyuram! Acığınıza üç il yox, 
beş il geyəcəm bu corabları, beş il! O birisini də beş il! O birisini də beş il! Bax, belə! Ölün indi! 
Gəbərin! Amma mən ölsəm də toxuyacam! 
 
Pauza. 
 
Mən öləndən sonra da bu corabı toxuyacam, bildiz?! Sizin ağlınız kəsən şey deyil bu! O biri 
corabları da toxuyacam! Dənizi isə çömçə ilə boşaltmaq olmaz! Amma bir şeyi də bilin: dənizdə 
balıq sevdası olmaz! (Suyun altından telefon zəng çalır. Əli ilə axtarıb dəstəyi tapır və sudan çıxarıb 
qulağına tutur.) Hə? Nə danışırsan?! (Daha artıq bir kinayə ilə) Ola bilməz!.. Əşşi, qoy görək!.. 
(Sakit halda) Bilirsən nə var? Sənə bir söz deyəcəm, papağını qoy qabağına, yaxşıca fikirləş! Qulaq 
as: su ki, var, hər şeyi təmizlər! Dünyada elə çirkab yoxdu ki, su onu təmizləməsin! (Dəstəyi suyun 
içinə atır.) Getdi düşdü görəsən aparatın üstünə? Qoy yoxlayım. (Əli ilə suyun içində axtarır.) Hanı 
bu? Bude... Hə, bude... Yoxsa ki, sənin zəngindən qorxuram?! (Su artıq boğazına qədər qalxıb.) 
Dəniz mənim üçün nə boydadısa, bir qazan su da milçək üçün o boydadı! Görürsən ki, o qazandakı 
suyun içinə milçək düşüb. Bu dünyada ki, bu qədər zibillik var, bu qədər üfunət var, bu qədər çirkab 
var – milçək üçün gözəl zibillik, gözəl üfunət, gözəl çirkab! – niyə bəs o milçək bunnarı qoyur bir 
kənara, gəlib özünü atır o qazanın içinə? Niyə? Siz də elə bilirsiz ki, qorxudacaqsız məni, hə? Suyu 
verəcəksiz, axacaq, axacaq, axacaq, mən də durub kranı bağlayacam. Hə? Elə helə bilin! Xox! Belə 
ki, səxavətliydiz, əvvəldən verəydiz də suyu, niyə vermirdiz? Indi məni qorxutmaq istəyirsiz? 
Qorxanam mən? Gəldi də, gəldi gördü Əhməd Əli öz gözləriylə! Rəngi elə qaçmışdı, gözləri elə 
bərəlmişdi, elə bil, ağ kağızı sifətinə yapışdırmısan! (Yalnız başı suyun üzərindədir və elə bil ki, 
Qadının bədəni heç vaxt olmayıb, təkcə elə başı olub və o baş həmişə elə eləcə tənha bir varlıq kimi 
suyun üzərində imiş.) Bir dəfə, əlli il bundan qabaq, elə bil, şeytan yolumdan azdırdı məni, gedib 
çıxdım köhnə dəyirmanın xarabalığına, dörd-beş oğlan uşağı yığışmışdı orda, arı bala gələn kimi, 

 
81
üstümə cumdular, o oramı əlləşdirdi, bu buramı əlləşdirdi, axırda da bir eşşək tapıb məni tərsinə 
otuzdurdular o yazıq heyvanın belinə, «çuş!» – deyib dalına bir təpik vurdular. Gəlib evə çıxanda, o 
vay-həşirin içində, o qırğın-qiyamətin içində, mənim təkcə bir istəyim var idi: bircə qurtum su içim! 
(Qadının başı təəccüblə ətrafa baxır.) Məniydim o? Hanı bəs? Nəyi əlləşdirirdilər eləcə o balaca 
uşaqlar? Hanı mənim bədənim? Sudu ki, hər tərəf!.. Mən toxuyacam e, toxuyacam, amma Əhməd 
Əli gələndə qapını necə açacaq? (Su yavaş-yavaş dolur.) Sudu... Su... Su... (Artıq ağzı-burnu da 
suyun altında qalır, yalnız gözləridi, ətrafa baxır və Qadının ağappaq saçları suyun üzünə yayılır. 
Suyun içindən telefonun zəngi eşidilir. Zəng çalır, çalır. Bir azdan Qadının başı suyun içində tamam 
yox olur. Telefonun zəngi isə elə hey çalır, çalır.) 
 
S O N 
 
24 sentyabr 1992. 
 
 

 
82
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin