Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

YEDDİNCİ ŞƏKİL 
 
Təbiətin gözəl bir guşəsi. Silvana, Dayı. Silvana ilə Dayı o gözəl təbiət guşəsində gəzişir, hərdən dayanıb 
təbiətdən və bir-birlərindən həzz alır, sonra yenə gəzişirlər. 
 
S i l v a n a. Ah!.. Quşların səsini eşidirsinizmi? 
D a y ı. Eşidirəm... 
S i l v a n a. Əlli ildi teatrda o qədər yalançı quşların səsinə qulaq asıram ki, həqiqi quşların 
səsi məni az qalır bihuş etsin... 
 
Pauza. 
 
D a y ı. Neçə ildi? 
S i l v a n a. Nə neçə ildi? 
D a y ı. Dediz ki, neçə ildi teatrda yalançı quşların səsinə qulaq asırsız? 
S i l v a n a. E-e-e... Bir neçə ildi!.. Əzizim, siz quşların səsinə qulaq asın... Illəri yaddan 
çıxarın... Ancaq bu tərəfə baxaq, o tərəfə yox... 
D a y ı. O tərəfdə nədi ki? 
Silvana. O tərəfdə bizim teatrın damı görünür... Bu tərəfə baxın, bu tərəfə!.. Quşlara qülaq 
asın!.. Yarpaqların pıçıltısına fikir verin!.. (Gözlərini yumur.) 
 
Pauza. 
 
Siz də gözlərinizi yumun!.. 

 
191
 
Pauza. 
 
Yumdunuzmu? 
D a y ı. Bəli... 
 
Pauza. 
S i l v a n a. Mən dağ şəlalələrini görürəm... Nə gözəl çəmənlikdi... Hər tərəf laləlikdi... Siz də 
görürsüz? 
D a y ı. Mən yox... 
S i l v a n a (gözlərini açaraq narahat). Görmürsüz? 
D a y ı. Yox... 
S i l v a n a (gizli bir həyəcanla). Bəs siz nə görürsüz? 
D a y ı. Mən? 
S i l v a n a. Hə də, siz! 
D a y ı. Sizi... 
S i l v a n a (tələsik).  Açmayın gözünüzü, açmayın!.  (Təzədən gözlərini yumur.) Mən də 
açmıram... O-o-o... Mən də sizi görürəm... Biz bir yerdə o şəlalənin kənarındayıq... Üstümüzə narın 
su çilənir... O-o-o... Siz mənə təklif edirsiniz... 
D a y ı. Nə təklif? 
Silvana. Belə hallarda kişilər qadınlara nə təklif edir? 
D a y ı. E-e-e... (Gözlərini açır.) 
S i l v a n a. Mən indi o təklifi sizin özünüzdən eşitmək istəyirəm... 
D a y ı. Elə burada? 
S i l v a n a (gözlərini açır). Əlbəttə... Bura çox gözəldir... Ancaq (Əli ilə teatr tərəfi göstərir.) 
o tərəfə baxmayın... 
D a y ı. Birdən adam-zad gəldi?.. 
S i l v a n a. Nə olar? Gəlsin də!.. 
Dayı (ətrafa boylanır). Heç olmasa uzun skamyadan-zaddan da yoxdu... 
Silvana. O-o-o!.. (Yavaşdan) Gör indidən ürəyindən nə keçir e... yaman şeydi!..  (Bərkdən) 
Mən ciddi təklif deyirəm... 
D a y ı. Yəni... Mən... 
Silvana (bir az səbrsiz). Ailə təklifi!.. 
D a y ı. Siz... Siz mənə gələrsiz?  
Silvana. O-o-o!.. (Gözlərini yumur.) Necə də ürəkdən deyirsiz!.. Quşların səsini eşidirsinizmi? 
D a y ı. Bəli... 
S i l v a n a. Gözlərinizi yumun... 
D a y ı. Yenə? 
S i l v a n a. Hə... 
 
Dayı gözlərini yumur. 
Elə bil... Elə bil, məni qara basır... Bu həqiqətdir, elə deyilmi? 
D a y ı. Elədi... 
S i l v a n a. Təkrar edin... 
D a y ı. Quşların səsini eşidirəm. 
S i l v a n a. Onu yox. Təklifi! 
D a y ı. Siz mənə gələrsiz? 
S i l v a n a. O-o-o!.. Mən indi sizə cavab verməliyəm, hə? 
D a y ı (çiyinlərini çəkir). Yəqin də... 

 
192
S i l v a n a. Birdən-birə cavab verim? Bu cürə ciddi təklifə o saat cavab vermək olmaz axı... 
Ilk dəfədi... Ilk dəfədi mənə bu cürə təklif edirlər! Adətən həmişə təklifi mən özüm eləmişəm... 
Dayı. Nə? 
S i l v a n a. Yəni çox ciddi təklifdi! Qoyun... qoyun iki gün fikirləşim! 
D a y ı (tələsik). Siz nə danışırsız? Mən sizə lap bir ay vaxt verirəm! 
S i l v a n a. Yox, yox!.. Iki gün kifayətdi! 
D a y ı. Eybi yox, qoy on gün olsun! Siz nə xahiş edirsinizsə, mən istəyirəm ki, çox olsun!.. 
Bol olsun!.. Sizin ürəyinizcə olsun!.. 
S i l v a n a. Ah, əzizim!.. Amma iki gün kifayətdi! 
D a y ı. Ancaq mən... 
Silvana (gözlərini açır). Nə ancaq? 
D a y ı. Heç... Bizim o uşaqdan nigaranam... 
S i l v a n a. Əhməd? (Birdən-birə o gözəl romantikadan sərt realizmə keçir.) Əhməd! Əhməd 
mütləq teatra qayıtmalıdır! Əhməd rol oynamalıdır! Mənim tərəfmüqabilim olmalıdır! 
D a y ı. Əhməd? 
S i l v a n a. Bəli! 
D a y ı. Onunla bir yerdə oynayarsınız? 
S i l v a n a. Əlbəttə! 
D a y ı. Yəni doğru sözünüzdü? 
S i l v a n a. Mütləq! Biz mütləq bir yerdə oynayacağıq! Mən yeni istedadlar yetişdirməliyəm! 
Mən ona sənətin sirlərini öyrətməliyəm! 
D a y ı. Axı, əvvəllər... 
S i l v a n a. Əvvəllər daha əvvəldə qaldı! Əvvəllər siz yox idiniz mənim həyatımda! Mən onu 
teatra qaytaracağam! (Əlini qaldırıb teatr binası görünən tərəfi hədələyir.) Mən onların başına bir 
oyun açım ki, heç ağıllarına da gəlməsin! Analarını ağladacağam onların! Turp əkəcəyəm başlarına! 
Mənə sataşmaq?!  Əhmədi ixtisar eləmək?! Yox, mən buna dözə bilmərəm!  (Iti addımlarla teatra 
tərəf gedərək səhnədən çıxır.) 
 
Pauza. 
 
D a y ı. Allah, sən saxla!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
SƏKKİZİNCİ ŞƏKİL 
 
Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri.  
Katibə, Direktor, Baş rejissor, Gənc aktrisa,  
S i l v a n a. 
Katibə öz yerində oturub telefonla danışır. Direktor kabinetində oturub televizora baxır. Baş rejissor kabinetində 
mizin arxasında oturub «Hamlet»i oxuyur. 
 
Direktor (televiziya ilə çalınan qara zurnaya qulaq asa-asa). Eh!.. 
K a t i b ə (telefon dəstəyinə). Oy, ne mojet bıt?! 
B a ş  r e j i s s o r (yumruğunu mizin üstünə vurur). Sənət belə olar e!.. 
 
Yox, yox, yersiz deyil, yox, elə demə! 
Sənin şan-şöhrətin, bütün var-yoxun 
Və bütün sərvətin saf əxlaqındır, 
Üzünə demirəm, inan, Horatsio!.. 

 
193
 
Maldarlıq deyil e, sənətdir, sənət! 
D i r e k t o r. Ay zalım!.. Ay zalım!.. Gör bir necə çalır e!.. O gözəl keçmiş zamanlar adamın 
yadına düşür! Adamın gözünün qabağına gəlir!.. Of-of!.. 
Pauza. 
 
Of!.. (Cibindən dəsmal çıxarıb dolmuş gözlərini silir.) 
G ə n c  a k t r i s a (ingilis dilində əzbərləyə-əzbərləyə gəlir). May lord iz not may lord... 
Katibə (acıqlı). Gəldi gözəlçə!.. (Telefon dəstəyinə) Sənnən deyiləm... 
G ə n c  a k t r i s a. No-o-o şuld ay nou him... (Direktorun kabinetinə tərəf gedir.)  
Katibə. Məşğuldu! (Telefon dəstəyinə) Sənnən deyiləm. 
 
Zurnanın səsi isə Direktorun lap atasını yandırır. 
 
D i r e k t o r. Eh... Kim idin, indi gör gəlib kim olmusan?! Hayıf o keçən günlərdən!.. Qədrini 
bilmədik o günlərin!.. Bilmədik, bilmədik!.. (Dolmuş gözlərini silir.) 
G ə n c  a k t r i s a. Vuee hi in feyvə əs in hyumə ol-təd... (Qəflətən Direktorun kabinetinin 
qapısını açıb içəri girir.) Salam!.. 
D i r e k t o r (diksinərək). Hə? Kimdi? (Ayağa qalxır.) 
K a t i b ə. Olmaz!.. 
Gənc aktrisa. Oy, nə olub belə? Gözləriniz nə yaman qızarıb? 
B a ş  r e j i s s o r. Budur sənət!.. 
 
Gecə sehrbazları başladı artıq, 
Indi ölülər qalxır öz məzarından!.. 
Bəla və od püskürür indi cəhənnəm!..  
Budur!.. 
 
Direktor. Heç... Toz girib gözümə... 
Katibə  (telefon dəstəyinə).  Sənnən deyiləm... Burda biri var, Dezdemonanı oynamaq istəyir. 
Rol vermirlər ona. Indi ingiliscə öyrənir ki, Mehdiqulu ona rol versin Amerikada!.. Mehdiqulu? 
Heç, biri var... 
D i r e k t o r. Yenə nə lazımdı? 
Gənc aktrisa. Dezdemona! 
Direktor. Nə? 
G ə n c  a k t r i s a. Dezdemona! Siz o rolu mənə verməlisiz!.. Mən səhnədə Dezdemonanı 
oynamalıyam!.. Mən Dezdemona ilə yaşayıram! Mənim üçün yox, heç olmasa tamaşaçılar üçün edin 
bunu!.. 
D i r e k t o r. Qulaq asın... 
Gənc aktrisa. Sonra gec olar!.. Mehdiqulu bəy onsuz da məni Amerikaya dəvət edəcək! Onda 
siz xəcalət çəkəcəksiniz! 
Direktor. Mehdiqulu? 
G ə n c  a k t r i s a. Yoxsa siz hələ Dayını tanımırsız? 
Direktor. Vallah, mən sizin danışığınızdan heç nə başa düşmürəm! 
Gənc aktrisa. Eybi yox! Əhmədi teatra qaytaranda başa düşərsiz! 
Direktor. Əhmədi? (Gülür.) Əhməd getdi e!.. 
Gənc aktrisa. Xeyr! 

 
194
Direktor. Vallah, baş açmıram ki, sizin hamınıza nə olub? Birtəhərsiz hamınız!.. Qulaq asın! 
Siz bilirsiz ki, mən həmişə demokratiya uğrunda mübarizə aparmışam!.. Mən nə qədər çalışmışam 
ki, indiki gözəl günlərimizi  əldə edək!.. Siz hələ cavansız!.. Qədrini bilin bu gözəl günlərin!.. 
Totalitar rejim artıq arxada qalıb!  (Əli ilə televizora işarə edir.) Eşidirsiz? O qara zurna bizim 
azadlıq uğrunda mübarizəmizdən xəbər verir!.. 
Katibə (telefon dəstəyinə). Bir dəqiqə dayan. (Dəstəyi mizin üstünə qoyur və gəlib direktorun 
kabinetinin qapısı ağzında əyilərək açar deşiyindən içəri baxır.) 
G ə n c  a k t r i s a. Mən bilirəm ki, siz demokratsınız! 
D i r e k t o r. Əlbəttə!.. (Yenə bir anlıq qara zurnanın səsinə qulaq asır.) Of-of!... 
Gənc aktrisa. Ancaq mən Dezdemonanı istəyirəm! 
Direktor (gizli bir hədə ilə). Bəs, demokratiyanı istəmirsiz? 
Gənc aktrisa. Olsun də!.. Demokratiya olsun, nə olur-olsun, ancaq Dezdemonanı mənə verin! 
Direktor. Ay-yay-yay!.. Mən sizdən belə söz gözləməzdim!.. Yaşadığımız bu günlərin qədrini 
bilin!.. Keçmiş o mənfur totalitar rejim yadıma düşəndə, indi hirsimdən gözlərim dolur! 
Baş rejissor (yumruğunu mizin üstünə vurub ayağa qalxır). Eh, Şekspir!.. Şekspir!.. 
 
Sən Neronun ruhunu mənim sinəmə 
Gətirmə, yox, gətirmə! 
 
(Qapını açıb qəbul otağına baxır və arxası ona əyilmiş Katibəni görür.) Ehe-ehe... 
K a t i b ə (tələsik belini düzəldir). Düyməm düşüb... 
B a ş  r e j i s s o r. Siz bu düymələrinizi bərkidin də!.. Adamın düyməsi nə qədər düşər? Mən 
«Hamlet»lə məşğulam, heç kim girməsin! 
K a t i b ə. O portfellə gəzən də? 
B a ş  r e j i s s o r. Heç kim! 
K a t i b ə. Yaxşı. 
 
Baş rejissor qapını örtüb mizə tərəf gəlir, mizin dolabını açıb araq şüşəsi, qədəh çıxarır, araqdan süzür. Katibə 
yenə də əyilib Direktorun qapısındakı açar deşiyindən baxır. 
 
Gənc aktrisa. Dezdemona!.. Dezdemona!.. (hıçqıra-hıçqıra ağlayır.) Dezdemona!.. 
D i r e k t o r. Qulaq asın!.. Mən sizə kömək eləmək istəyirəm. Bilirsiz ki, mən demokratam! 
Amma... 
 
Gənc aktrisa daha da bərkdən ağlayır. 
 
Amma... Silvana!.. Silva!.. O-o-o!.. Bilirsiz ki, dəhşətdi!.. Respublikanın prezidenti də gəlsə, 
Dezdemonanı onun əlindən ala bilməz! 
Gənc aktrisa. Mən onu... Mən onu öldürəcəyəm! 
Direktor (kənara). Hardaydı bizdə o bəxt?! (Bərkdən.) Siz nə danışırsınız? Özünüzü ələ alın! 
Mən özüm onunla mübarizə aparacağam! Silva mənfur totalitar rejimin qalığıdır! Üzdəniraq Sovet 
Ittifaqının yadigarıdır! Siz bir az səbr eləyin! Görəcəksiniz mən nə eləyəcəyəm! 
Baş rejissor. Eh, Şekspir!.. Şekspir!.. (Qədəhi başına çəkir.) 
S i l v a n a (qəbul otağına girərək arxası ona tərəf  əyilib açar deşiyindən baxan Katibəni 
görür). O-o-o!.. Nə gözəl mənzərə!.. 
K a t i b ə (səksənərək belini qaldırır). Mən... Elə-belə... 
S i l v a n a. Nədi? (Qapıya işarə edərək.) Bir şey-zad eləyirlər orda? 
K a t i b ə. Mənim düyməm düşmüşdü... 
S i l v a n a. Mən də içəri girəndə düymən düşür? 
K a t i b ə. Yox a-a-a!.. 

 
195
S i l v a n a. Düzünü de! Mən də içəri girəndə deşikdən baxırsan? 
Katibə. Allah haqqı baxmıram!..  (Silvana Baş rejissorun kabinetinə girmək istəyir.)  O, 
«Hamlet»lə məşğuldu... 
 
Silvana hirslə Direktorun qapısını açıb içəri girir. 
 
Buna bir bax! (Yamsılayır.) «Mən də içəri girəndə deşikdən baxırsan?..» Nənəm yaşındadı, gör 
bir ürəyindən nələr keçir?! (Mizin üstündəki dəstəyi götürür.) Alo! 
 Direktor (özünü itirmiş). Salam... Xanım... Siz... 
S i l v a n a. Əhməd nə üçün teatrdan uzaqlaşdırılıb? 
Direktor (təəccüblə). Ixtisara düşdü də... Siz də varıydız. Siz də onu təklif etdiz... 
S i l v a n a. Xeyr! Mən bu işi belə qoymayacağam! (Tərs-tərs Gənc aktrisaya baxaraq) Ixtisar 
eləməli o qədər adam var ki!.. Mən bu işlə məşğul olacağam! Bəs «Hamlet» nə oldu? 
Direktor (kənara). Vay dədə!.. Deyəsən indi də Ofelyanı oynamaq istəyir!.. (Bərkdən) Hə, bir 
az gecikir... (Baş rejissorun kabinetinə tərəf işarə edərək) Deyir ki, Şekspirlə zarafat eləmək olmaz! 
Mən elə özüm də bu saat «Hamlet»lə  məşğul olmaq istəyirdim. Siz... siz burda söhbət edin, mən 
gəlirəm. 
Silvana (amiranə). «Hamlet»i gecikdirmək olmaz! 
Direktor. Əlbəttə! 
 
Gənc aktrisa daha da bərkdən zırıldayır. 
 
S i l v a n a. Mən Hamleti oynamalıyam! 
D i r e k t o r. Kimi? 
S i l v a n a. Hamleti! Hamletin özünü! 
 
Pauza. 
 
Direktor (Gənc aktrisaya tərəf). Hamlet.. daha kişi deyil? 
 
(Gənc aktrisa daha da bərkdən zırıldayır). 
 
S i l v a n a (barmağı ilə  hədələyərək).  Əhmədin məsələsini də belə qoymayacağam! Artıq 
demokratiya zamanıdır! Istedadları küçəyə atmaq olmaz! (Hirslə gedir.) 
 
Gənc aktrisa lap bərkdən ağlayır. 
 
B a ş   r e j i s s o r (qədəhi yenidən dolduraraq). Eh, Şekspir! 
Direktor  (özünü saxlaya bilməyərək qışqırır).  Bu necə  həyatdı?! Bu, həyat deyil, teatrdı!.. 
Teatrdı!.. Teatr!.. 
 
Xorun üzvləri səhnəyə səpələnir. 
 
Nəqərat.
 Teatr!.. 
Teatr!... 
Teatr!.. Teatr!... 
- Teatrda Əzrayıl 
Işsiz qalıb, odur, bax! 
- Onun vəzifəsinə 
Göz dikən nə çoxdur, ah!.. 
- Yarımştat ölülər, 
Yarımştat dirilər 

 
196
Şeytan toxumu əkib 
Iblislə gül dərirlər! 
- Yer əkindir, göy çadır, 
Su yerinə qan axır, 
Qan yerinə su axır! 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
Məsxərədir, məsxərə!.. 
Tamaşadır, tamaşa!.. 
Yaşa, teatr, yaşa!.. 
Min yaşa, min bir yaşa!.. 
 
- O Dezdemona, Yaqo 
Düz bir ay bir həftədir 
Xaricdə səfərdədir! 
- Cülyetta Romeonun 
Müdiriylə kefdədir! 
- Otello camadardır! 
- Şmaqa da özün dartır! 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
- Mən güclüyəm səhnədə, 
Köməksizəm həyatda! 
- Hər anda, hər saatda 
Qorxuram, gülürəm də! 
- Döyürəm, söyürəm də! 
- Asıram, ölürəm də! 
- Mənim qrimim, parikim 
Dünyaya həşir salır!.. 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
 
Işıq sönür.
 
 
 
DOQQUZUNCU ŞƏKİL 
 
Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri.  
Katibə,  
Direktor, Baş rejissor, Müəllif.  
Katibə telefonla danışır. Direktor kabinetində mizin arxasında oturub. Baş rejissor əyilib mizin dolabından araq çıxarır 
və qədəhə süzür. 
 
Direktor  (Baş rejissorun kabinetinə  işarə edərək).  «Hamlet»i o qoymaq istəyir, ancaq 
Hamletin vəziyyətində mən özüməm! Necə deyirdi? Gör e yadımdan çıxıb. Əşşi, heç teatra gedirdim 
ki?! Kimin ağlına gələrdi ki, dövran dəyişəcək, mən də  gəlib olacam teatr direktoru?! Ey, gidi 
dünya!..  
 
Müəllif qəbul otağına daxil olur. 
 
K a t i b ə. Mürdəşir, gəldi yenə!.. (Telefon dəstəyinə). Sənnən deyiləm... 
 

 
197
Müəllif Baş rejissorun qapısına tərəf gedir. 
 
Olmaz! 
 
Müəllif. Salam. 
K a t i b ə. Olmaz! 
M ü ə l l i f. Icazə verin bir balaca qapını açım, məni görsün. 
Katibə. Olmaz! Siz məni işləməyə qoymursunuz! 
M ü ə l l i f. Təkcə görsün də məni... 
K a t i b ə. Olmaz! O da işləyir, başa düşdüz? Burda işləyən tək mən deyiləm! Yaradıcılıqla 
məşğuldu! «Hamlet»i işləyir! 
 
Baş rejissor arağı içir və şüşə ilə qədəhi mizin yeşiyində gizlədir. 
 
B a ş  r e j i s s o r (kefi kök). «Moskovski» hamısından yaxşıdı! 
Müəllif qapını aralayır. 
 
K a t i b ə. Dedim ki, olmaz! (Ayağa qalxır.) 
Baş rejissor (ruh yüksəkliyi ilə). O-o-o!.. Gəl, doroqoy! 
M ü ə l l i f (tənə ilə Katibəyə)  Gördüz?! Özü deyir ki, gəl!  Şekspir kənarın dramaturqudu, 
nolsun ki, onu hamı tanıyır?! Mən isə öz xalqımızın sənətkarıyam! Niyə biz sənətkarın qədrini ancaq 
öləndən sonra bilirik? «Hamlet» yox e, budur bizim milli tragediyamız! (Içəri girir.) 
K a t i b ə. Bunun dediyindən mən heç nə başa düşmürəm!  Əlində  də portfel!.. (Telefon 
dəstəyinə.) Yox, sənnən deyiləm!.. 
Baş rejissor. Xoş gördük!.. Xoş gördük!.. 
Müəllif (bu cürə səmimi görüşdən şaşırıb). Dünənki restorandan sonra, deyəsən kefi kökdü! 
(Bərkdən.) Salam, müəllim... 
Baş rejissor. Sadis! 
 
Müəllif əyləşir. 
 
Camaat  ət dükanının müdiridi, çaxır dükanının müdiridi, amma sən kitab dükanının 
müdirisən! 
M ü ə l l i f. Bəli... 
Baş rejissor. O boyda bazar müdirliyini atdın, öz xoşunla, getdin oldun kitab dükanının 
müdiri! Hə? 
M ü ə l l i f. Bəli... 
Baş rejissor. Bilirsən niyə? 
M ü ə l l i f. Niyə? 
B a ş  r e j i s s o r. Çünki sən sənətlə nəfəs alırsan, ona görə! 
M ü ə l l i f. Çox sağ olun... 
D i r e k t o r. Hə!.. Olum, ya ölüm! Budur məsələ! Yadıma düşdü! Bəli! Budur məsələ! 
Hamlet üçün bu sual səhnədədi, mənimçün həyatda! Kaş elə mənimçün də səhnədə olaydı, həyatda 
isə yenə əvvəlki kimi, iclaslar olaydı!.. Çıxışlar eləyəydik!. Bilmədik, qədrini bilmədik o günlərin!.. 
Baş rejissor. Bütün günü sənin haqqında fikirləşmişəm! Sənət fədaisi! 
M ü ə l l i f. Çox sağ olun... 
Baş rejissor. Özü də tapmışam! 
M ü ə l l i f (səksəkəli). Nə tapmısız? 
B a ş  r e j i s s o r. Dəvə! 

 
198
M ü ə l l i f. Nə? 
Baş rejissor. A kişi, təbin bəyəm kor eləyib səni? Ağlına gəlməyib? Dəvə! 
M ü ə l l i f. Axı, nə dəvə? 
Katibə (telefon dəstəyinə). Va-a-ay!.. Lap lütəccə?! 
B a ş  r e j i s s o r. Dəvə  də, dəvə! Tapmışam səninçün! Indi dəvəçiliyi inkişaf etdirmək 
lazımdı! Azərbaycan indi müstəqil dövlət quruculuğuna qədəm qoyub! Indi qədimlərdən gələn 
ənənələrimizi inkişaf elətdirmək lazımdı!.. 
M ü ə l l i f. Axı... 
Baş rejissor (onu danışmağa qoymur). Nə axı?! Yetmiş ildə totalitar rejim dəvənin kökünü 
kəsib Azərbaycanda! Axırıncı dəfə haçan yemisən dəvə qutabı? 
M ü ə l l i f. Axı... 
Baş rejissor. Hə!.. Axı... Çünki heç yadına gəlmir! Mən axırıncı dəfə Allah bilir, iyirmi il, otuz 
il bunnan əvvəl yemişəm dəvə qutabı, indi də dadı damağımdadı! Bəli, dəvəçiliyi mütləq inkişaf 
elətdirmək lazımdı! 
M ü ə l l i f. Axı... 
Baş rejissor. Yenə başladı «axı...» Sən niyə öz qədrini bilmirsən?! Bu əsl sənin mövzundu! 
Gör heç Şekspirdə bir dənə qoyun var, inək var?! Ola bilməz! Bu bizə sosializm-realizmindən gəlib! 
Dəvəçilik! Güləndam da elmi işçidi!.. 
M ü ə l l i f. Güləndam kimdi? 
Baş rejissor. Sənin qəhrəmanın də!.. Buzovu öpürdü e... 
M ü ə l l i f. Gülzar. 
B a ş  r e j i s s o r. Hə. Gülzar... Bura bax, bu Gülzar adı da birtəhərdir. Onu da dəyişdir, elə 
Güləndam. 
M ü ə l l i f (qəflətən protest eləyərək ayağa qalxır). Yox! Heç vaxt! Mən heç vaxt Gülzarın 
adını dəyişməyəcəyəm! O... O mənim ilk məhəbbətimin adıdı! Sizdən xahiş edirəm ki... 
B a ş  r e j i s s or. Yaxşı, yaxşı, sadis, doroqoy! Mən nə bilim ki, sənin ilk məhəbbətin olub? 
 
Müəllif yenidən oturur. 
 
D i r e k t o r. Bəli, olum, ya ölüm!.. Nə olacaq bu işlərin axırı? Yəni bu Sovet hökuməti 
doğrudan day qayıtmayacaq? Yəni Kommunist Partiyası da qurtardı? Politbüro olmayacaq day? 
Vallah, adam fikirləşəndə, elə bilir yuxudu, qarabasmadı!.. Bu tərəfdən də bunlar birdən-birə bu 
Əhməd söhbətini salıblar ortaya, bilmirəm niyə, amma heç xoşuma gəlmir. Nədisə dalağım sancır... 
Baş rejissor. Qoy Gülzar olsun! Müəllifin hüququna toxunmaq olmaz! Bir tərəfdən də ilk 
məhəbbət... (Qəflətən ağlına gəlir.) A zalım, elə ilk məhəbbətdən yaz də!.. Neynirsən bu heyvanları? 
Müəllif  (coşqun).  Yox! O müqəddəs mövzudu! O hələ  gələcəkdə yazılacaq! Mənim 
qələmim... 
Baş rejissor. Yaxşı, yaxşı! Deməli, belə!.. Gülzar elmi işçidir, özü də Xalq Cəbhəsinin 
üzvüdü! Gecə-gündüz arxivlərdə  işləyir! Dəvəçilik  ənənələri uğrunda mübarizə aparır! Imperiya 
qulları ona mane olmaq istəyirlər... Ancaq Gülzar onların üzərində qələbə çalır! 
M ü ə l l i f. Bəs... Bəs Yadigar? 
B a ş   r e j i s s o r. Nə Yadigar? 
M ü ə l l i f. Yadigar də... Gülzarın nişanlısı. O çobanıydı axı. Sonra oldu naxırçı... 
Baş rejissor. Sən nə danışırsan, a kişi?! Heç yaraşar bizə? Indi çoban vaxtıdı? Nə deyərlər bizə 
düşmənlərimiz? Nə deyərlər bizə beynəlxalq aləmdə? Türkiyədə nə deyərlər? Hə? 
Müəllif (tamam çaşbaş qalıb). Vallah... siz məsələni elə qoyursuz ki... axı... 
Baş rejissor. Professor! Yadigar professor olmalıdır! Özü də Milli Yaradıcılıq Akademiyasının 
müxbir üzvü! Güləndam... 

 
199
M ü ə l l i f (dərhal yerindən qalxır).  Yox! Gülzar! Burda mən heç vaxt kompromisə 
getmərəm! Bilirsiz ki, məllim, sizə hörmətim var, ancaq... 
Baş rejissor (tələsik). Hə, Gülzar! Gülzar ilə Yadigar bir-birlərini sevirlər, ancaq... professor 
Yadigar Azərbaycan Milli Istiqlal Partiyasının təəssübkeşidir... Elə konflikt də bunun üzərində 
qurulmalıdır! 
Katibə (telefon dəstəyinə). Vay-vay-vay!.. Əri xəbər tutub deyirsən, hə?! 
M ü ə l l i f. Axı, onda... 
Baş rejissor. Yenə nə «axı»? 
M ü ə l l i f. Axı, onda təzə bir əsər yazılmalıdı də... Mənim əsərim axı başqa şeydi... 
Baş rejissor. Yaz də! 
Müəllif. Axı, dünən restoranda dediz ki, «Hamlet»i qoyuram bir tərəfə, sabahdan bu əsəri 
başlayıram!.. 
Baş rejissor. Kim? Mən dedim?.. 
M ü ə l l i f. Bəli... 
Baş rejissor. Indi nə deyirəm ki? Yaz gətir, tamaşaya qoyaq də! Istedad səndə! Həyat təcrübəsi 
səndə! Qorxursan? 
Müəllif (ehtirasla). Xeyr! Mən heç vaxt əsər yazmaqdan qorxmamışam! 
Direktor. Bəli! Olum, ya ölüm?! Budur məsələ! 
Baş rejissor. Vəssalam! Qorxma! Yaz! Yarat! Bura teatrdı e, teatr! 
 
Işıq yalnız Müəllifin üzərinə düşür, qaranlıqdan isə Xorun oxuduğu nəqərat eşidilir: 
 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
Məzhəkədi, məzhəkə!.. 
Tamaşadır, tamaşa!.. 
Yaşa, teatr, yaşa!.. 
Min yaşa, min bir yaşa!.. 
 
M ü ə l l i f. Mən axıracan gedəcəyəm! Mən bu sənət pyaniskələrinə sübut edəcəyəm ki, 
istedadın qarşısına sədd çəkmək olmaz! Qurtardı daha restoran! Qurtardı! Daha aldanmayacağam! 
Sənət sadəlövhlüyü bağışlamır! Bu bir də qulağının dalını görər, restoran görsə! Elə bu gün gedib 
Milli Istiqlal Partiyasının proqramını tapıb oxuyacağam! Yadigar gərək proqramı  əzbər bilsin! 
Nizamnaməni də! Mən yazacağam! Mən sübut edəcəyəm! (Iti addımlarla səhnədən çıxır.) 
 
İ ş ı q  s ö n ü r. 
 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin