Şamil Vəliyev – 50


CƏNUBİ AZƏRBAYCANIN DEMOKRATİK POEZİYASININ



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   18   19   20   21   22   23   24   25   ...   63
3.CƏNUBİ AZƏRBAYCANIN DEMOKRATİK POEZİYASININ
BƏDİİ DİL XÜSUSİYYƏTLƏRİ
Cənubi Azərbaycanda əsrlər boyu ictimai mühitə, şah üsul idarəsinə,
fars
şovinizminə
qarşı mübarizə aparan güneyli soydaşlarımız, artıq 1941-ci ildən
başlayaraq Cənubi Azərbaycan ədəbiyyatında realist – bədii təfəkkürün fəal və intensiv
inkişafının fasiləsizliyini təmin etmişlər. Poeziyanın mövqeyi, müasirliyi, taleyi
fəlsəfəsi və estetik fikri daim onları düşündürmüşdür. Bu illər ərzində məşhur
«Heydər babaya salam» poeması ilə bütün dünyaya səs salan ustad M. H. Şəhriyar,
Səhənd, Sönməz, Həddad, Sahir, Haşım Tərlan, Abbas Bariz, Kərimi, Nabdil kimi
qüdrətli söz ustaları fərdi ədəbi nəsil kimi möhkəmləndilər. Bu ədiblərin əsərlərində
Azərbaycan xalqının tarixi, mədəniyyəti, milli – mənəvi dəyərlərini lirik – psixoloci –
təhlildən keçirərək, dramatik psixoloci səpgidə böyük bir bədii mərhələ keçdilər.
İnqilabi hərəkat, milli-mənəvi dirçəliş hər şeydən öncə ədəbi dilin bədii
üslubuna təsir etdi; Bədii üslub çox əsrlik ənənələr üzrə mübariz əhval-ruhiyyəni ifadə
etməyə daha çox yatırdı – bir neçə il ərzində ədəbi-bədii təfəkkür o qədər böyük
məhsul verdi ki, bədii üslubun imkanları görünməmiş şəkildə genişləndi.
İran İslam inqilabından sonra isə, yeni yaranmış, bəşəriyyətin inkişaf proqramı,
hidayət qaynağı, bütün kainata işıq saçan müqəddəs Qurani Kərimin ayələrinə və
Allahın sonuncu peyğəmbəri, fövqəlbəşər Həzrəti Mühəmmədin şəriətinə əsaslanmış
İslam konstitusiyasına realist bədii təfəkkürün inkişafı tarixində yeni tipli mərhələ
oldu, yalnız bir təmayülün, bir ənənənin yox, bütünlükdə haqq yoluna doğru


156
istiqamətdə hərəkət edən vahid ədəbi prosesin müştərək qələbəsi kimi doğuldu. Bu
illərdə Sönməz, Həbib Sahir, Haşım Tərlan, Həmid Nitqi, Şəhrək, Sapnaq, Savalan,
İmran Səlihi, Ülyan, Adsız, Yəhya Şeyda, Barışmaz, Heydər Xətibi, Sabiri, Hallacoğlu
öz əsərlərində mövcud hadisələri ideya-fikir və ənənə üslub zənginliyi baxımından
daha fəal səfərbər edərək ədəbi hərəkatın poetik səlnaməsinin qızıl səhifələrini
yaratdılar.
İnqilabdan sonra ədəbi - bədii üslubla yazılan elə nümunələr meydana gəlir ki,
onlara bir çox hallarda folklor dilindən seçmək mümkün olmur.
Şübhəsiz ki, olduqca sadə, rəvan, axıcı bir forma – üslub olan folklor
ulularımızın, əcdadlarımızın şifahi yaradacılığı ilə meydana gəlmiş və nəsildən-nəsilə
keçərək xalqın istedadlı insanları tərəfindən zənginləşmişdir. Artıq 80-ci illərdən
başlayaraq xalq dilindən və şeirindən əxz olunan vəzn, ahəng, bəhr, ritm sərbəstliyi
şeirdə poetik yekrəngliydən, ifadə və üslub monotonluğundan qaçmağa kömək
göstərdi. Zamanın yeni problemləri ilə birgə yeni ritmi, sürəti enerci və tempi də şeirə
gəlir və klassik irsin, milli folklorun ənənə və imkanlarını yeni bədii vəzifələrin həlli
xeyrinə ehtiyac yaradırdı. Bədii dili sünilikdən təmizləmək, saf ana dilinin havasını,
istisini, ritm və ahəngini daha sərbəst şəkildə şeirə gətirmək qarşıya qoyulan
vəzifələrdən biri idi.
Şifahi xalq ədəbiyyatından gələn demokratik obrazla daim M. Etimad, Sahir,
Səhənd, Məhzun, Savalan kimi şairlər bu məsuliyyəti üzərlərinə götürərək həm
mövcud ifadə tərzini
yaşadır, digər tərəfdən zənginləşdirmə, müasirləşdirmə
istiqamətində çalışırdılar. Odur ki, məhz 80-ci illərdə yaranan bədii üslub və canr
tendensiyalarına daha ardıcıl şəkildə izləməyə bizə imkan verir:
Məsələn Məhzunun –
Nə nişanım, namım var,
Nə əldə bir camım var,
Yaxından görəmmirəm,
Uzaqdan salamım var.


157
- bayatısında bədii üslubun mövqeyini, estetik fəallığını, eyni zamanda ictimai
məzmunun ifadəsini görürük.
90-cı illərdən etibarən isə ədəbi nəslin içərisində elələri yetişmişdir ki, özlərindən
əvvəlki nəsillərlə ənənə bağlılığı bədii estafetin fasiləsizliyini vəd edir. Həbib Sahirin,
B.Q.Səhəndin, Əli Təbrizinin, Coşqunun, Yədulla Məftunun və başqalarının yolunu
müvəffəqyyətlə davam etdirən 90-cı illərin şairləri öz şeirləriylə ictimai lirikanın sadə,
səmimi, xəlqi üslub ənənəsini ən yaxşı əks etdirən nümunələr yaratmışlar. Ruhu,
musiqisi, ritmi ifadə tərkibləri ilə həm folklor ənənəsini, həm müasirliyi ilə ideya, dil
və üslub arasında çox gözəl vəhdət yaradan şairlər, şübhəsiz ki, folklor – insan – təbiət
yaxınlığının ən yaxşı ifadəsini tapdığı bir sahədir. Təbiət ilə xalqın mənəvi keçmişini
və qəhrəmanlıq tarixinin daşlaşdığı, əbədiləşdiyi canlı abidə kimi müqəddəsdir.
Folklor və müasirliyin, eyni zamanda klassik ifadə tərzini yeni vəhdətdə və
məzmunda tərkibi 90-cı illərin şairlərinin yaradıcılığında özünü göstərməkdir. Xalq
həmişə ideala hörmət edir, öz arzusunu, xəyalını gördüyü bir həqiqiəti qaldırmağı,
üfüqlərə ucaltmağı sevir. Xalqın qəhrəmanı həmişə romantikdir.
Ən romantik müəllif folklorun müəllifidir. Romantik ənənənə həmçinin, xalq
ruhu ilə yaxından bağlı olan bizim lirikanın, ümumiyyətlə mütərəqqi Şərq şeirinin ən
davamlı ənənələrindəndir. Məhz böyük romantik keçmişə malik Şərq ədəbi-bədii
fikrini təmin edən
şairlərin
romantikasının
böyük təəssübkeşi kimi
çıxış
etməkdədirlər. Onların estetikasında «romantika» anlayışına biz neçə mənada rast
gəlirik. Onlar romantika istilahını
hər şeydən əvvəl, həyata ideya - estetik və
emmosional münasibətin müəyyən tipi mənasında işlədirlər. Harada ki təsvirə,
predmet və fakta ağıl və ürək müdaxiləsi daha güclüdür, orada romantika məskundur.
Ağlın ehtiraslı, pafoslu hisslər, tüğyan və emosiya ədəbi üslubun spesivik bədii təsvir
qidası bunlardır. Romantizmin əsrarlı mənbəyi insanın ruhundadır və həyatın öz
keyfiyyəti kimi romantikanın inikası bədii idrakın ədəbi vəzifələri sırasına daxildir.
90-cı illərin cənublu şairləri romantikadan bizim dövrdə yeni keyfiyyət kəsb edən
realizmin spesifik bədii üslubu və forması kimi danışırlar, obrazlı böyütmə və


158
kəskinləşdirmədən, ən ciddi fəlsəfi və dramatik konfliktlərdən, ideal qəhrəmandan,
epoxal obrazdan, müdrik və qanadlı dildən, açıq, hərarətli tendensiyadan məhz
«romantik realizmin» estetik komponentləri kimi bəhs edirlər. Bu şairlərin romantik
konsepsiyasında bu gün bizim üçün daha mapraqlı və prinsipial görünən, konstruktiv
əhəmiyyətli məqam isə odur ki, bu şairlər romantikanı bütünlükdə müasir realizmin
tərkib komponenti elan etməklə kifayətlənirlər, öz fikirlərini məntiqi ardıcıllıqla sona
çatdıraraq, müasir estetikada yeni söz deyirlər: Romantikanın ayrıca, xüsusi bədii
forma, müstəqil bədii üslub vahidi səviyyəsində estetik əhəmiyyəti yaşamaq, var
olmaq hüququnu son illərin nəzəri fikrində ilk dəfə olaraq, belə geniş prespektivli və
konseptual elmi şəkildə irəli sürürlər. Romantik təmayülü müasir, yetkin realizm
ədəbi prosesinə məxsus bədii üslublar əlvanlığının və zənginliyinin təzahürü kimi
təsdiq və təsbid edirlər.
1990-cı ildən başlayaraq isə cənubi Azərbaycan şairləri artıq cənubda baş verən
ictimai-siyasi hadisələri qələmə almaqla yanaşı Şimali Azərbaycanda da gedən
prosesləri izələyərək əsərlərinin ümumi poetik ruhunu, məfnurə istiqamətini bütöv
Azərbaycanın həyatını olduqca orijinal şəkildə ifadə etməyə başladılar.
Artıq zamanın ictimai-siyasi vəziyyəti ədəbiyyatın da qarşısına mühüm
tələblər qoyurdu. Gənc şairlər öz sələflərindən aldıqları tövsiyyələri bayraq tutaraq,
ədəbiyyatın böyük, ictimai, tərbiyəvi rolunu olduqca gözəl dərk edərək, xalqın
dünyagörüşünü, iradəsini, əxlaqını tərbiyə edə bilən, ictimai nöqsanların səbəblərini
göstərməyə qadir olan ədəbyyat yolunda çalışmağa başladılar.
Poetik ümumiləşdirmə bacarığı
gənc
şairlərin şeirlərini əsas
məziyyətlərindəndir. Bu şeirlərin əksəriyyətində xəlqilik, el üslubu oynaq və axıcı
ifadə tərzi var. Dilinin axıcılığına, üslubunun sadəliyinə, əlvan və obrazlılığına görə bu
poeziya xalq şeirinə, oynaq və mənalı aşıq poeziyasına çox yaxındır. Bəzi şeirlərdə
orijinal təşbehlər, bənzətmələr, ritmik istiarələr çox çalarlı bədii sual və nidalar özünü
çox gözəl şəkildə göstərməkdədir.


159
Vaxtilə ədəbiyyatı həyatın güzgüsü adlandıran dahi Azərbaycan şairi M. Ə.
Sabir qətiyyən yanılmırdı. Həyatı əks etdirməyi sənətin əsas vəzifəsi sayan böyük
Sabirin
həyat həqiqəti kimi səslənən hikmətamiz sözlərini bütün Azərbaycan
sənətkarları kimi Güney Azərbaycanın gənc şairləri də heç nədən çəkinmədən ictimai
nöqsanların səbəblərini göstərməyə qadir olan, xalqın azadlıq hərəkatına kömək
edən, günün tələblərinə cavab verə bilən bir ədəbiyyat yolunda çalışırırlar.  20-ci əsrin
sonlarında, o cümlədən XXI əsrin əvvəllərində istər İranda, istər Azərbaycanda və
bütün dünyada baş verən ictimai siyasi hadisələr onların qarşısında yeni və geniş
yaradıcılıq prespektivləri açmışdır, bir növ bədii yaradıcılığın gələcək inkişaf
istiqamətini
də – məzmununu, üslubunu, forma xüsusiyyətlərini də
müəyyənləşdirmişdi. Son dövrlərdə yaranan bütün bədii əsərlərin, o cümlədən lirik
şeirin də əsil, pafoslu, baş problemin milli-mənəvi dəyərlərdən, narahat dünyamız –
şəxsiyyətin mövqeyi məsələsidir.
Bu şeirlərdə azadlıq, müstəqillik və digər məsələlər yüksək bədii təcəssüm də
verilir. Vaxtilə Azərbaycanının istiqlal şairi Xəlil Rza Ulutürk yazırdı.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri gərək qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi, günəş kimi, cahan kimi.
Ustad Şəhriyar isə qəlbindəki azadlıq alovunu belə ifadə edirdi:
Övladların nə vaxtadək tərki vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan-oyan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlığın mənə məlhəm, sənə dərman Azərbaycan!
Bəsdir fəraq odlarında kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!


160
Hər iki şair azadlıq carçısıdır. Lakin çox gözəl bədii nümunələr olan bu şeirlərin
bədii üslubuna nəzər yetirsən, hər iki şeirdə bütöv bir üslub, vahid poetik mübtəda
vardır. Çağırış, ehtiras, səfərbərlik ruhu, misraları ictimai amalın fəal ifadəsinə
çevirmək, haray salmaq, car çəkmək, fəryad qoparmaq, bütün bunlar şeirdə emosional
sürətə, bədii təsir və nüfuz məqsədinə xidmət edir. Duyğusuz, hissiz söz, ürəkdə, odda
yanmayan, atəşdə bişməyən misralar bu böyük şairlərin üslubuna yaddır. Əlvan vəzn,
müxtəlif ritmik vahidlər və formalar, söz materialının məharətlə seçilməsi, orijinal
qafiyə, bənzətmə və ifadə sistemi – bütün bunlar bu şairlərin üslubu idi. Sözün
enercisini onun bədii zərbə qüvvəsini, təsir və sirayət gücünü artırır, zənginləşdirir.
Gənc şairlər də bu klassiklərin açdığı cığırı yaratdıqları poetik-istiqlal məhəbbətinin izi
ilə layiqincə addımlayaraq və məktəbin fəal şagirdlərinə çevrilirlər.  1990-cı illər
Cənubi Azərbaycan poeziyasında ədəbi ənənə və novatorluq, poetik üslub çalarlığının
zənginliyi gənc şairlərin milli ədəbi köklərə qayıdışlarındakı müxtəliflik, onun fərqli
psixoloci qatlarının ifadəsində məqsədli, yönümlü mütaliə məntiqi öz əksini
tapmışdır.
Şeirimizin müasir üslub əlvanlığına, intelektual zənginliyinə doğru qət etdikləri
yolda 1990-cı il Cənubi Azərbaycan şairlərinin izi və addımları görünür. İbrahim
Zahid Xəzayiri, Rəşid Kərdani, Rəsul Rəhimi, Ayşin Ayda, Səhər Ərdəbilli, İsmayıl
Mehdizadə, Mirəli Qurbanzadə, Beytulla Əfsər, Heydər Təhmasibi, Ədalət Duman,
Azərelli, Vəli Şahmuhəmməd və b. kimi şairlər « fərdi intelektual üslub» deyilən bir
istiqamətin nümayəndələridir. Məhz obrazla emosional, poetik bir intellekti onların
əsərlərinin onlara məxsus fərdi bədii ədasına şərtləndirir. Bunlarda realist, eyni
zamanda romantik bir ruh, bədii-fəlsəfi ümumilləşdirmə
meyli qüvvətlidir.
Ümumiyyətlə hər şeyi canlandırmaq, əyaniləşdirmək, bədii detala, rəmzə çevirib təsvir
etmək bu poeziyanın əsas üslubi xüsusiyyətini təəşkil edir.
Fəlsəfi dialoq səpgisində, daha doğrusu öz acısını, kədərini, ağrısını, Dədə
Bəhmənə söyləyən Mirəli Qurbanzadənin şeirində, Dədə Bəhmənə dialoq forması


161
mövzusunun ideya-bədii şərhi üçün birbaşa, müstəqil tərənnüm üsulundan daha geniş,
epik imkan yaradır, şairin özü ilə, Dədə Bəhmən əyani şəkildə sücetin inkişaf və
hərəkətində iştirak edir. Şairi başa düşən, onun arzu istəklərinin sevincini – kədərini,
ümidinin, ümidsizliyini dərindən anlayan Dədə Bəhməndir. Şair öz suallarına Dədə
Bəhməndə cavab axtarır. Şeirdə Dədə Bəhmən zamanın gərgin, dramatik tərcümeyi -
halının qəhrəmanı kimi sevinmişdir.
Talan oldu Kəlbəcərim, yaralandım dərin-dərin,
Uca boylu gözəllərin, qaçqın oldu hara Bəhmən?
Bu şeirin iki misrası kifayət edir ki, Azərbaycanın başına gələn bəlalara bir kino
lenti kimi gözünün önündə canlandırılan şair bir ömürdə bir anı əbədiləşdirmək üçün
Kəlbəcərdə itkin düşmüş qızların həyatından ən tale yüklü epizodu seçir. Nəyi nəyə
qurban verməliyik? – Ömrü – həqqətə, yoxsa vicdanı – tövbəyə? Bu şeirdə bizim bir
xalq kimi biganəliymizin etirafı vardır. Xalqın sabahı, taleyi üçün faciəvi həyəcan
siqnalı öz əksini tapır. Biz milli-mənəvi dəyərlərimizi itirə-itirə, yerüstü-yeraltı
sərvətlərimizi bağışlaya-bağışlaya, düşmən zorakılığına, qəddarlığına göz yuma-yuma,
torpaqlarımızı verə-verə hara gedirik belə? Mirəli Qurbanzadənin bu biçimli şeirləri
öz ağır silahını mənəvi dünyamızın zəhərlənəsi əleyhinə çevirir və bizim milli şeirin də
həmin mövzuya böyük marağına təbii edir.
Təsvir vasitələrindən biri də təkrirdir. Pərviz Bəsavət Hüseyn oğlu «Keyvan» ın
«Düz demir» şeirinə nəzər salaq:
İstərəm həyatdan bir ləzzət alım,
Saat da düz demir, an da düz demir
Atıram özümü yanar odlara,
Şöhrət də düz demir, şan da düz demir.
Dövrün ictimai, siyasi həyatının bir şair qəlbində oyatdığı tufan, təlatüm bu
şeirin əsas məzmununu təşkil edir. Şəxsi kədərlə ictimai kədər bir-birinə qarışır:


162
Tablaşmır dəhşətdən, alışır torpaq
Zaman da düz demir, can da düz demir
Bunun şairin qəlbinin, ruhunun şikayəti bütöv bir ömrün nəticəsi yekunu,
müşahidələrinin cavabı kimi səslənir.
Şübhə yoxdur ki, Cənubi Azərbaycan ədəbiyyatı hər zaman zəngin folklor bazası
üzərində ucalmışdır, eyni zamanda klassik ənənələrə və anlayışlara bu nümunələrdə
baxış miqyasla, əhatəli, düşündürücüdür. Fəlsəfi nüfuzun vüsəti predmetin bütün
mahiyyətini qavrayır, onu tam ehtiva edir, ümumi ilə, xüsusi, ictimai və fərdi meyllər
arzu və istəklər bir vəhdət təşkil edərək tamı, bütövü əmələ gətirir, bu nümunələrin bir
çoxunda qələmə alınan, həssaslıqla təsvir edilən həyat eşqi, azadlıq alovu bizim də
ürəyimizi tərpədir, bizə də kövrək hisslər aşılayır. Bu lirika həyati və nikbin lirika kimi
istər tematik, üslubi, istərsə də problematika baxımından zəngin və çoxcəhətlidir.
Torpağa, vətənə bağlılıq, milli dəyərlərə böyük və tükənməz məhəbbət bu lirikanın
canıdır. Sadə, səmimi, rəvan və axıcı, bir sözlə, xəlqi hisslərlə yanaşı, siqlətli bir
mənanın, ictimai bir məzmunun ifadəsi öz əksini tapmışdır. Cənubi Azərbaycan
şairlərinin bir çoxunda olduğu kimi gənc şairlərdən Azər Elli öz şeirlərinin
əksəriyyətinin aşıq şeiri formasında yazır. Xalq şeiri tərzində, xalqın zövqünə,
səliqəsinə uyğun olaraq yazılan bu şeirləri məhəbbət nəğmələri də adlandırmaq olar.
Dağ çeşməsinin suyu kimi billur, dumduru olan bu şeirlər, sərin bulaq kimi ürəyi
sərinlədir:
Könlümə yol tapan gözəl,
Ürəyimi yaralama!
Ora sevgi yatağıdır,
Deşmə, didmə, paralama!
Bostanıma girən gözəl,


163
Hər bucağın görən gözəl,
Yemişindən dərən gözəl,
Uralama, qaralama!
Mən susuz, sən sulu sənək,
Sən şam oldun, mən kəpənək,
Azərelli ölənədək
Sən özündən aralama!
Bədii yaradıcılıq üçün az əhəmiyyətli olmayan cəhət hər bir sənətkarın öz bədii
idrakını, idealını təqdim etmək üçün bədii forma üslub ixtisarını aparmasıdır. Cənubi
Azərbaycanın gənc şairləri bu cəhətdən uğurlu təqdim formalarını tapmışdır desək
yanılmarıq. Öz əsərlərində doğma Azərbaycan dilini əziz tutaraq, minlərlə şeirin,
poemanın misralarında bircə dənə olsun belə fars tərkibli sözdən istifadə etmədən
ləyaqətlə yazıb-yaradan bu şairlərin xalqın dünənindən, bu günündən və sabahından
bəhs etmək üçün tez-tez müraciət etdikləri mövzulardcan biri də ana dili məsələsidir.
Xalqın varlığının ümdə əlaməti, beynində, şüurunda, təfəkküründə qoruya-qoruya
yaşatdığı doğma dilinin uzun bir dövr üçün qayğıdan məhrum olmasında elə bil şairlər,
yazıçılar günahkar imişlər. Odur ki, söz ustaları sanki o çatışmayan qayğı və nəvazişin
yerini doldurmaq üçün mümkün olan hər şeyi etməyə çalışırlar. Elə bir sənətkar, ustad,
habelə şeir həvəskarı tapmaq çətindir ki, o öz doğma ana dilini əsərlərində vəsf
etməsin. İbrahim Zahid «Ürək ağrısı» şeirində doğma dilə soyuq münasibəti belə ifadə
edir:
Onunla danışmışıq öz evimizdə
Həm mən yad dilimdə, həm də anası
O, danışır, daim özgə dilində
Əsil ana dilimi hardan qanım?


164
Əsrlər boyu Azərbaycan şairləri zamanın – dövrünün tələbinə uyğun olaraq öz
möhtəşəm əsərlərini fars dilində yazıb yaratmışlar. Şübhəsiz ki, fars dili olduqca
ecazkar bir poeziya dilidir. Lakin ədəbi-bədii fikrin mahiyyətini anlatmaqdan ötrü,
ictimai səadətə səsləməkdən ötrü, əxlaqi təkamülə, humanizmə dəvət etməkdən ötrü
hər bir sənətarın öz doğma dilində yazıb yaratmağı daha vacib, lüzumludur. Bu
mənada fars dilində olduqca dəyərli əsərlər yaratmış ustad Şəhriyarın şah reciminin
bütün qəddarlığına baxmayaraq «Heydərbabaya salam» kimi möhtəşəm bir əsəri
doğma Azərbaycan dilində yaratması bədii fikrin bütün türk dünyasının inkişafı
tarixində, vahid milli nümunə kimi öz əksini tapmışdır. Bədii ədəbiyyatda azad fikrin,
mənəvi – ictimai həyatda isə irticanın
vüsət tapdığı dövrlərin eyni vaxta düşdüyü
təsadüflər
müxtəlif xalqların mədəniyyəti tarixində heç də nadir hadisələr deyil.
Əxlaqi-estetik bir anlayışla yeddi arxa dönənin kimliyini ədəbi dilin bədii
üslubunda izah edən Şəhriyar bütün türk dünyasına «Heydərbaba» timsalında dünya
boyda bir güzgü tuturdu.
Heydərbaba ildırımlar şaxanda,
Sellər-sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb taxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Böyük Şəhriyar artıq bədii üslubun müdafiəçisinə çevrilmişdir. O bu ecazkar
əsəri folklor təfəkkür tərzinin bilavasitə təsiri ilə yazsa da, lakin folkloru təqlid
etmirdi, sadəcə olaraq folklorun yəni ulularımızın dilində danışırdı və məsələ
burasında idi ki, fars dilini çox gözəl bilən, yuxarıda qeyd olunan kimi fars dilində
bir-birindən dəyərli əsərlər yaradan Şəhriyar doğma dildə yazdığı əsərlərdə, o
cümlədən «Heydərbabaya salam»da bir dənə olsun belə fars sözü işlətməmişdir.


165
Lakin buna baxmayaraq ədəbi dilin bədii üslubu Cənubi Azərbaycanda Şimali
Azərbaycana qədər formalaşmışdır. Şübhəsiz ki, buna səbəb 50-ci illərdə Şah üsul
idarəsinn şimalda reallaşan ədəbi dilin bədii üslubunu cənubda ayaq açmasına imkan
verə bilməyəcəyi idi. Onların ədəbi – bədii dilin çiçəklənməsini kommünist
təbliğatının ifadə forması kimi təqib edəcəyi hər kəsə aydın olduğu üçün cənublu
yazarlarımız, o cümlədən Şəhriyar ədəbi-bədii dilin ayaq tutub yeriməsi üçün folklora
müraciət etməyi daha məqsədəuyğun saydılar. Odur ki,  50-ci illərdən etibarən
Cənubda ədəbi-bədii dil folklor ənənələrinə əsaslanaraq inkişaf etməyə başladı.
Dünya, zaman, ömür kimi məfhumların poetik şərhi müxtəlif ictimai məzmunlu
epoxaların şərtləndirdiyi bədii gerçəkliklər də obrazlı fikrin fəlsəfi-psixoloci tutumunu
ədəbi-bədii dilin vasitəsilə sərrast ifadə edən cənublu yazarlar Azərbaycan şeirinin
folklor nümunələri sırasına daxil olmuş bir sıra şeirləri müqabilində, folklor tipli
uğurlu şeirlərin yaranması real tarixi şəraitin bu mövzuya aşıladığı məzmun çalarları
ilə də bağlı olmuşdur.
Müasir şeirin hərəkət etdiyi elə bir yol vardır ki, poeziya səltənətinə səfəri yalnız
həmin yoldan keçərək başa vurmaq olar. O da ədəbi irsdən – klassik ənənədən
müasirliyə doğru aparan yoldur.
Klassik milli-mənəvi sərvət müasir poeziya prosesində hər yeni mahiyyətin
şərti və zəminidir. Şeir irəliyə doğru hərəkət etdikcə həqiqi novator meyllərə güvənir.
Lakin bütün vəznlərə kamil bələd olmadan birbaşa yeni vəzn yaratmaq, siftini
sərbəstdən başlamaq olmaz. Yalnız bədii üsluba və texnikaya aid forma problemindən
daha geniş mənada – bütünlükdə xalqın mənəvi mədəniyyətinin, bədii inkişafının
tarixinə fərdi əlavə məzmununda başa düşülən novatorluq yeniliyi ənənədən kənarda
axtarmır, özü də ənənəyə təslim olmağa yox, onu inkişaf etdirməyi nəzərdə tutur.
Məsələn, Ədalət Dumanın –
Yaradan sultan yaradıb,
Bu dəmə, bu çağa səni.


166
Bəlkə tale bu hüsn ilə
Çəkibdi sınağa səni -
şeirində həm normativ dil-üslub zövqü gözlənilir, həm də müasirlik ahəngi ifadə
olunur.
Ümumiyyətlə son zamanlar cənublu soydaşlarımız poeziyanın çoxəsrli bədii
təcrübəsini müasir şeirin xidmətinə daha fəal səfərbər etmək üçün müasirliyə də
meyl göstərməkdədirlər. İdeya-fikir və ənənə üslub zənginliyi baxımından son
dövrlərdə klassik şeirin tam varisi, tam sahibi kimi poeziyanı təsəvvür etmək
çətindir. Nəzərə alsaq ki, son dövrlərin poeziyası yalnız son altmış il üzərində yox,
həm də ümuyyətlə tarixi çox qədim olan milli şeir üzərində yüksəlir, onda məhz
ədəbi – bədii üslub eyni zamanda ənənə zənginliyi və əlvanlığı baxımından bu
poeziyadan çox şey ummağa haqqımız daha aydın olar.
Cənubda ədəbi-bədii dilin köhnə obrazların potensialına müraciət etməsi özünü
sistemli şəkildə göstərir. Bəzən biz məzmun aktuallığı ilə qeyri-orijinal, ənənəvi ifadə
tərzini uyumasının şahidi oluruq:
Öyünməgim çox layiqdir bu ölkədə sənə dilim,
Laylasında öyrədibdir öz dilini ana dilim.
Şəkəri də şirin olub əzəl gündən ulu qaldın,
Zaman boyu hey yüksəldin, döndün qəhrəmana dilim.
Güllərini dərə-dərə, ilham verdin sən Heydərə,
Dəyişmərəm səni zərə, and içirəm ana dilim.
(Heydər Təhmasib)
Şeirin ruhu, musiqisi, ritmi, ifadə tərkibləri ilə ideya, dil və üslubu arasında
olduqca gözəl bir harmoniya var.
Müşahidələr göstərir ki, klassik ifadə tərzi ilə folklor ifadə tərzi bir çox hallarda
eyni bir şairin yaradıcılığında yanaşı mövcud olur. Bu o deməkdir ki,    20-ci əsrin


167
ikinci yarısından başlayaraq dövrümüzə qədər cənublu şairlərimiz özünü yenidən
tapan xalq ədəbi-bədii dil mövcudluğunun bütün formalarından maksimum istifadə
etməyə çalışır, köhnə formanın, yeni ifadə imkanlarını yeni ifadə imkanlarını üzə
çıxarırlar.
Əgər söhbət qrammatik normalardan gedirsə Cənubi Azərbaycanda ədəbi dilin
qrammatik norması da fonetik, leksik normaları kimi şimaldakından bir o qədər də
fərqlənmir, bununla belə müəyyən fərqlər özünü göstərməkdədir.
Cənubda ədəbi dilin qrammatik norması üçün olduqca səciyyəvi faktlardan biri
ondan ibarətdir ki, mənsubiyyət bildirən söz təsirlik halda adətən qeyri müəyyən
formada işlənir; məsələn: Döndərib şahlıq recimin, qəsrinə od vurmuşuq (A. Bariz),
Kökündən uçurtduq zülmün binasın (F. Hasarlı), Bəslə səhər çiçəklərin (M. Şami), O
gördüyün yazar ancaq (Şəbüstərli), Gəlmişəm öpməyə torpağın yenə, Ey əziz vətənim
cananım Təbriz (Məhzun) və s.
Cənubda ədəbi dilin qrammatik norması üçün səciyyəvi hadisələrin çoxu fel
kateqoriyasına aiddir, lakin bu səciyyəvilik bir qayda olaraq funksional planla
əlaqədardır; Yəni fakt Şimalda da, Cənubda da özünü göstərir, amma kəmiyyət
baxımından əsaslı fərq müşahidə edilir.
Son illərdə cənubda poeziyaya maraq və tələbin artması, həm təcrübəli, həm də
nisbətən gənc şairlərin bu işə həvəslə girişmələri xoş ümidlər doğurur. Zəngin ədəbi
təcrübəyə malik olan, xalqın psixoloci və mənəvi aləmini yaxşı bilən, Azərbaycan
dilinin zərif və zəngin incəliklərinə bələd olan cənublu soydaşlarımız yuxarıda qeyd
olunduğu kimi bədii dilin bütün imkanlarından istifadə edərək gözəl poeziya
nümunələri yaradırlar və yaradmaqdadırlar.
Cənubda ədəbi üslubun, eyni zamanda bədii dilin ən böyük müvəffəqiyyəti, onun
demokratikləşməsi ictimai-kütləvi maraq dairəsinə daxil olmasıdır.
Azərbaycan ədəbi dili Cənubda taleyin ümidinə buraxılmışdır.


168
Lakin tarixi faktlar göstərir ki, əsrlər boyu Azərbaycan ədəbi dili dövlət
tərəfindən mühafizə edilməsinə baxmayaraq, nəinki yaşamış, özünün şedevrlərini
yaratmışdır.
İranda tarix boyu dəfələrlə Azərbaycan ədəbi dilinin qadağan olunmasına
baxmayaraq bu yasaqlar onun inkişafını dayandıra bilməmişdir. Çünki həyatda
yaradandan başqa elə bir qüvvə yoxdur ki, millətin iradəsi əleyhinə onun ədəbi dilini
məhv etsin.
Şimalda gedən milli-mədəni tərəqqi Cənuba güclü
təsir edir. Cənub da öz
növbəsində etnik-mədəni potensialı ilə Şimala təsirsiz qalmır və diqqəti çəkən cəhət
ondan ibarətdir ki, bu proseslərin hər ikisi universal bir tarixi prosesdə, onun tərkib
hissələri kimi ehtiva oluur: Həmin universal proses ümumtürk miqyasına malik olub
türk xalqlarının getdikcə güclənən milli-mədəni intihabından irəli gəlir.
Cənubi Azərbaycanda ədəbi prosesin istiqamət və mahiyyətindən bəhs edərkən
cənublu şairlərimizin poetik tapıntılar yolu ilə getdiklərinin, bütün canr və vəznlərdə
yazıb-yaratmağa meyl göstərdiklərinin, eyni zamanda min bir kökləri ilə həyatdan
qidalanan realist demokratik ədəbiyyat yaratdıqlarının şahidi oluruq…
ƏDƏBİYYAT
1. Ağayeva Gözəl. Təbriz ədəbi mühiti. Bakı, «Nurlan», 2004.
2. Behruz Həqqi. Milli hökümətin fədaisi Səfərxan Bakı, «Nurlan», 2001.
3. «Bakı-Təbriz». Dünya azərbaycanlılarının dərgisi. №1, Yanvar 2006.
4. «Bakı-Təbriz». Dünya azərbaycanlılarının dərgisi. №2, Fevral 2006.
5. Ədəbi proses 81-82 «Cənubi Azərbaycan ədəbi proses» səh 274 – 303 (Sabir
Əmirov).
6. Nazim Rizvan. Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi. (1850-
1920- ci illər) «monoqrafiya», Bakı – 2005.


169
7. Sabir Əmirov. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941 –1990)
Bakı, Elm, 2000.
8. Cəfərov Nizami Cənubi Azərbaycanda ədəbi «dil» normalar, üslublar… Bakı,
Elm, 1990.
9. Q.Çayoğlu. «Bayatı bayat olmaz». Tehran, 1992
10.Vüqar Əhməd. M.C.Pişəvərinin həyat mühiti və yaradıcılığı. Bakı, Göytürk,
1998.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin