Rza xəLİlov- 70



Yüklə 2,72 Mb.
səhifə18/27
tarix02.01.2022
ölçüsü2,72 Mb.
#1858
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
Ağaverdi XƏLİL

filologiya üzrə fəlsəfə doktoru, dosent
RZA XƏLİLOV: DƏYƏRLİ ZİYALI VƏ

GÖZƏL İNSAN
Rza Zeynal oğlu Xəlilov Azərbaycanın tanınmış ziyalılarından, alimlərindən biridir. Lakin o alim kimi də, ziyalı kimi də, insan kimi də sözün ən dolğun və ən müsbət mənasında hamıdan fərqlidir. Söhbət Rza Xəlilovdan gedəndə ilk növbədə Azərbaycan ziyalısının nümunəvi bir siması gözlərimiz önündə canlanır. Elə bir ziyalı ki, doğrudan da cəmiyyətimizin ona ciddi şəkildə ehtiyacı var. Çünki cəmiyyətimiz müxtəlif aşınmalara məruz qalıbdır, bir çox dəyərlər öz mənəvi məzmunundan məhrum olubdur, həm desakralizasiya prosesləri, həm sosial xarakterli sıxıntılar, hüquq, törə, vicdan və əxlaqa dəyən zədələr haqq-ədalət, doğruluq, dürüstlük və halallıq kimi milli etik keyfiyyətlər işləkliyini xeyli dərəcədə zəiflətmişdir. Cəmiyyətimiz kapitalizmə müstəmləkə dövrünün məhv etdiyi mənəvi dəyərlərin sınıq-salxaq qalıntıları ilə daxil olub. İnsanlar özlərini maddi dünyanın əsirinə çeviriblər. Maddi kapital uğrunda amansız mübarizə insanları kiçildib, cılızlaşdırıb, millidən əyalətçiyə çevirib, haqq və ədalət duyğularını unutdurub, halallıq, iman və axirət haqqındakı hissləri arxaikləşdirib. Amansız bir maddi kapital savaşında mənəvi kapitalın önəmi də yaddan çıxıb. Belə bir şəraitdə insanın mənəvi dünyası onun mədəsinin miqyası və iştahının dərəcəsi ilə müəyyənləşir. Təəssüflər olsun ki, bizim milli ziyalılığımız bu şəraitin qurbanı olur və yaxşı halda xeyirxah bir yolsuzun yolunu gözləmək məcburiyyətində qalır, rüşvətçi bir məmurun mərhəmətinə sığınır.

Bir zamanlar padşah fərmanı ilə onun üçün müəyyənləşdirilən təqaüdü ala bilməyən Füzulinin də gileyləndiyi sosial xarakterli məsələlərin Rza müəllimlə nə əlaqəsi olduğunu soruşa biləcəklərini də diqqətdə saxlamaq şərti ilə, bu dövrdən, dövrandan, dəhrdən və zamandan bəhs etməyimizin təsadüfi olmadığını aydınlaşdıracağıq. Çünki zamanın amansız şərtləri yaxşı ilə yamanı bir-birinə elə qarışdırmışdır ki, onun ayırd edilməsinə, analizinə və ayrılıqda dəyərləndirilməsinə ehtiyac vardır. “Fələk birəhm, dövran bisükun” olanda əgər “dost da bipərva” isə, o zaman doğrudan da “tale zəbun” olur. Ziyalı məhrumiyyətlərinin milli ənənəyə yad olmayan təcrübəsi müasir dövrün də əsas mənəvi mənzərəsini müəyyənləşdirir.

Ziyalı kütləsinin əziyyət çəkdiyi mövcud şəraitdə mənəvi bütövlüyü və tamlığı qorumaq az adama nəsib olmuşdur. Çünki biz özümüz bu hadisələrin iştirakçısıyıq və məhv olan ziyalı nəslinin nümayəndələri içərisindəyik. Bizim ziyalımız üçün halal bir həyat yaşamaq imkanı təmin edilməmişdir. Hər kəs mövcud olmaq üçün yollar axtarmaq, tapa bilməyəndə bataqlığda batmaq məcburiyyətində qalmışdır. Ortada bir yalan var və bu yalanı satan və alan var, onu alqışlayan, əl çalan var, eyni zamanda bu alış-verişin altında qalan var. Yenə də təəssüf olsun ki, ziyalının mövqeyi sonuncuya müvafiqdir.

Rza müəllimin aid olduğu nəsil zaman baxımından bir xeyli şanslı sayılmalıdır. Çünki Rza müəllimin özü sovet dövrünün sabitlik şəraitində oxumuş və şərqşünas kimi önəmli bir ixtisasa sahib olmuş, ərəb ölkələrində uzun müddət işləmişdir. Müstəqillik dövründə isə Türkiyədə universitetdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bu fəaliyyət dövrü təkcə Rza müəllimin maddi baxımdan qorunmasında və sağ qalmasında deyil, eyni zamanda dost-düşmən içində üzü ağ qalmasında da əhəmiyyətli rol oynamışdır. Ölkə xaricindəki fəaliyyət Rza müəllimin dünyagörüşündə, hərəkət və davranışında öz izlərini saxlamışdır. Rza müəllimin yüksək etikası, nəzakəti, incə davranışı, mehriban və xeyirxah münasibəti onu fərqləndirən xüsusiyyətlər kimi diqqəti çəkir. İnanırıq ki, Rza müəllimin malik olduğu etik-əxlaqi dəyərlər onun olduğu hər yerdə Azərbaycan ziyalısı haqqında xatirələrdə xoş təəssürat yarada bilmişdir. Şübhəsiz ki, bu müsbət təsəvvürün yaradılmasında Rza müəllimin gendən, qandan və candan gələn şəxsi keyfiyyətləri müstəsna rol oynamışdır.

Rza müəllimin təmiz və təvazökar təbiəti ilə könül dünyasının Allah, insan, vətən və xalq sevgisinin nikbin ifadəsindən doğan xeyirxah niyyəti hər zaman birlikdə olmuş və sadiq dostlar kimi bir-birini tərk etməmişdir.

Rza müəllimdən fərqli olaraq biz bir zaman “taksidən payıza düşən” postmodern lirik qəhrəman kimi universitetdən tam xaosun ortasına düşdük. Biz hələ yolun başında ikən, həyata yeni başladığımız zaman 70-i yelə vermiş sovet imperiyası süqut etdi. Biz müstəqilliyin sevinci ilə xaosda tərk edilmiş şəxsi taleyimizin nigarançılığını birlikdə yaşadıq.

Rza müəllim bizim nəslə nəsib olmayan halallıq şəraitində yaşayıb, yetişib və kamil bir insan olaraq milli mənəvi dəyərləri öz şəxsində birləşdirib. Əlbəttə, bu dəyərlər böyük ölçüdə Rza müəllimin nəsil və nəcabətindən gəlir. Amma Rza müəllim bu dəyərləri mexaniki olaraq daşımayıb, onları daha da zənginləşdirib. Çünki Rza müəllimin təmiz qəlbi, saf, səmimi xarakteri mənəvi dəyərlərin onda yuva qurmasına imkan vermişdir.

Rza müəllim mal-mülk və sərvət həvəsində olmamışdır. Bunun əvəzində Rza müəllim böyük bir mənəvi sərvətə-insanların sevgisinə sahib olmuşdur. Çıxışlarımdan birində mən Rza müəllimi könül dünyasının fatehi adlandırmışam. Yenə də o fikirdə qalıram. Bu mənada da Rza müəllim bizim ziyalılarımızın naxışıdır. Tanıdığım, bildiyim ziyalı insanlarla müqayisə etməli olsam Rza müəllimi mənəvi keyfiyyət cədvəlində Yaşar Qarayevlə, İsrafil Abbaslı ilə bir sıraya qoyardım. Etika, kübar davranış, yüksək əxlaq, xeyirxahlıq, təvazökarlıq, ədalətlilik, halallıq, doğruluq, dürüstlük və əlbəttə ki, geniş məlumat, dərin bilik, elmi təfəkkür və intellekt baxımından Rza müəllim ziyalı elitasının yüksək səviyyəsində layiq olduğu yeri tutur. Təəssüf hissi ilə qeyd edim ki, mən ya yaxşı tanımadığımdan, ya da əmin olmadığımdan bizim bizdən böyük ziyalı nəsli arasındakı müqayisələrimi genişləndirə bilmirəm.

Bir çox hallarda bizim ziyalımız məmur olduqdan sonra nəfsin əsirinə çevrilir, haqq-ədalət duyğusunu sürətlə itirir, gözü özündən başqasını görmür, qul haqqına girir, əlini harama uzadır, beləcə gözlərimiz önündə kiçilir, cılızlaşır və çirkinləşir. Bu halda biz artıq nə ziyadan, nə ziyalıdan, nə də mənəvi dəyər konseptindən bəhs edə bilirik. Şükür ki, biz Rza müəllimi bu neqativ situasiyalarda görmədik. Rza müəllim həyatın hallal yolları ilə hərəkət edib, haqqı unutmayıb və daim ona doğru gedib.

Düşünürəm ki, cəmiyyətimizin Rza müəllim kimi gözəl insanlara ehtiyacı böyükdür. Çünki Rza müəllim mənəvi dəyərlərimizlə cəmiyyətimizi zənginləşdirən, onu gələcək nəsillərə arxivdən və ədəbiyyatdan deyil, canlı həyatdan birbaşa çatdıran nadir simalardan biridir. Onu eyni zamanda daşıdığı mənəvi dəyərlərlə birlikdə qorumaq, ziyalılığımızın zənginliyini mühafizə etmək lazımdır. Ona möhkəm cansağlığı və uzun ömür arzulayıram!




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin