Rza xəLİlov- 70



Yüklə 2,72 Mb.
səhifə15/27
tarix02.01.2022
ölçüsü2,72 Mb.
#1858
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
20 dekabr, 2014-cü il

Mahmud ALLAHMANLI

filologiya üzrə elmlər doktoru, professor, B.Çobanzadə adına Ukrayna respublika

mükafatı laureatı
FOLKLORŞÜNAS RZA XƏLİLOV
Folklorşünas Rza Zeynal oğlu Xəlilovla bağlı düşüncələrimi bölüşərkən yadıma Platonun elm adamları haqqında dediyi bir fikri gəldi və yazımı da onunla başlamağı qərara aldım. O deyirdi: “Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və işlərinin xeyirxahlığı ilə sınaqdan keçir”. Göründüyü kimi, böyük alim bu düşüncələrində üç istiqaməti, əməl faydalılığı, əxlaq saflığı və iş xeyirxahlığını xüsusi olaraq vurğulayır. Və böyük filosofun yaşadığı zamanın hadisələri müstəvisində diqqət yetirdikdə məsələnin mahiyyəti bir qədər də böyüyür. Bizim bugünkü zamanımızda ehtiyacında olduğumuz və daha çox arzuladığımız da budur. Cəmiyyətin mizan-tərəzisinin pozulduğu, yuxarıdan-aşağıya, aşağıdan-yuxarıya riyakarlıqla dolu olduğu bir vaxtda insanlar çörəkdən, sudan da çox səmimiyyətə, yaxşılığa, sözün həqiqi mənasında böyük olana ehtiyaclıdırlar. On birinci yüzilliyin görkəmli sənətkarı Ə.Yügnəkli “səxa gölünün qaynaqları qurudu, dəniz cəfa ilə coşub daşdı” deyirdi. Hörmətli Rza müəllim, bu gün həmin “səxa gölünün qaynaqlarının quruması, dənizin cəfa ilə coşub daşması” sözün həqiqi mənasında əndazədən çıxmışdır. Ona görə də sizi bir ziyalı kimi təhlil etmədən öncə bir sıra giley-güzarımı, narazılıqlarımı da deməyi zəruri bilirəm. Çünki siz bizim sevimli şairimiz Zeynal Xəlilin oğlusunuz. Varlığınızda gəzdirdiyiniz xeyirxahlıq, insanlara kömək əli uzatmaq istəyi, ümid yerinə çevrilə bilmək duyğusu məni bunları deməyə vadar edir.

Eşitdim bu günlərdə yetmiş yaşınız tamam olmuşdur. Düşüncələrimi və kitabları vərəqlədim. O yetmiş ilin bir parçası qədərində sözümü deməyi qərara aldım. Fikrimcə, yetmiş yaş ağsaqqallıq, müdriklik yaşıdır. Mənə belə gəlir, siz elə erkən yaşlarınızdan, həyatı, dünyanı dərk edən vaxtlarınızdan bu böyüklüyü qazanmısınız. Böyük olaraq ona doğru irəliləmisiniz. Daha doğrusu, içinizdə olan dəyərləri, sevgini, böyük əxlaqı bir keyfiyyət olaraq yerinə qoymusunuz. Bunların daşınışını, Rza müəllim, sizdə bir gen yaddaşı kimi başa düşürəm. Çünki elə insanlar var, o yetmiş yox, yeddi yüz il də yaşasa, yenə çirkablardan, qüsurlardan təmizlənə bilməyəcək. Heç bu ağlına da gəlməyəcək. Belələri qocalır, ancaq ağsaqqal ola bilmir. Bütün bunları görəndə və müasir cəmiyyətimizin içərisində yaşayanda düşünürəm ki, nə yaxşı ki, tanrı insanlara iki yüz, üç yüz və daha çox ömür verməyibdir. Onlar insan və insanlıq üçün hansı bəlaları törədərmiş? Bunları fikirləşəndə adam az qalır dəli olsun. Yaxşı ki, siz və sizin kimilər bu dünyada var. Bu gün Azərbaycanda və bütünlükdə dünyada təbiətin, insanlığın ekoloji tarazlığının pozulması prosesi gedir. Hamımız da bu və ya digər dərəcədə onun iştirakçısıyıq. Mənəviyyatın ekologiyasının isə üz tutacağı yerlər var. O siz və sizin kimilərdir.

Rza müəllim, mən sizi səksəninci illərin ortalarından tanıyıram. Səhv eləmirəmsə, 1984-cü ildən. Fərqi yoxdur. Ancaq sizlə tanışlığımın tarixi otuz il və ona yaxındır. Bu az vaxt deyil, xalq dili ilə desək bir igidin ömrüdür. Sizin səmimiyyətinizi, xeyirxahlığınızı, insanlara əl tutmaq, köməklik istəyinizi həmin vaxtlardan görmüşəm və getdikcə daha yaxından yaşamışam. Ətrafınıza münasibəti, sizin qarşınıza çıxana nə qədər səmimiyyət göstərdiyinizi bir yox, bəlkə də yüz dəfələrlə görüb eşitmişəm, canlı şahidi olmuşam. Bu gün məmur özbaşınalığında cəmiyyət inildəyir, sındırılır, adamlar içindən məhv edilir. Min illər boyu ulularımızın formalaşdırdığı dəyərlər sarsıdılır. İnsanların içini ümidsizlik sarıyır. Ancaq məmləkətimizdə vətən, xalq sevgisi ilə yanıb yaxılan, ömrünü çıraq edən insanlar, ziyalılarımız var. Siz də onların sırasındasınız. XIX əsrin son rübündə və XX əsrin əvvəllərindəki ziyalı ordusu gözlərim önünə gəlir. H.Zərdabi, M.Mahmudbəyov, S.M.Qənizadə, T.Bayraməlibəyov, Ö.F.Nemanzadə, C.Məmmədquluzadə, R.Əfəndiyev, S.S.Axundov, Y.V.Çəmənzəminli, A.Səhhət, M.Hadi, A.Şaiq, B.Çobanzadə, Ü.Hacıbəyov, H.Zeynallı, V.Xuluflu, E.Sultanov, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağayev və onlarla başqaları. Bunlar bizim şərəf, örnək və iftixar tariximizdir. Əməlləri, fəaliyyəti, istəkləri, milli düşüncələri ilə örnəkdir. Sabaha gedən yolumuzu müəyyənləşdiriblər. İndi ən məsuliyyətlisi və əsas olanı bu müəyyənləşmiş yolu şərəflə davam etdirməkdir. Qoy o xalqlar narahat olsunlar ki, keçmişi qaranlıqlarla doludur. Öyrənəcək və öyrəniləcək, üz tutacaq keçmişi yoxdur.

Rza müəllim, siz bir uşaq sevincinə uşaq qədər sevinən, kədərinə uşaq qədər ağrıyan, kövrələn adamlardansınız. Elə o kövrəkliyin dəfələrlə də canlı şahidi olmuşam. Və belə düşünmüşəm ki, siz bir qarışqanın belə xatirinə dəyməyən kəslərdənsiniz. Ürəyiniz ovcunuzun içindədir. Bütün tərəfləri ilə görünür. Bu məsələnin bir tərəfidir. Onun ikinci tərəfində folklorşünas kimi gördükləriniz dayanır.

Folklor və folklorşünaslıq dedim. Fikrimcə, Azərbaycan xalqının, eləcə də türk xalqlarının milli mənəvi mədəniyyətindən böyük sərvəti yoxdur. Bütün olanların, yeraltı, yerüstü maddi sərvətlərin bir sonu olur. Lakin folklor xalqın yol, əxlaq, davranış, milli kimlik yoldaşıdır. Bu gün böyük-böyük binalar tikilir, layihələr həyata keçirilir. Abidələr ucaldılır. Sevinirik. Bunlar lazımdır və alqışlayırıq. Ancaq ən böyük abidə bir könül ziyarət etmək, bir kimsəsizin əlindən tutmaq, bir aca çörək verməkdir. Xalqımızda bu dəyər göstəricisidir. Və bir ali keyfiyyət olaraq dəftərimizdə, kitabımızda, bizdən əvvəlki nəsillərin əxlaqında, davranışında yaşanır. Aşağılar bunu edirlər. Yuxarılarda bunu axtarmaq çox çətindir. Mənə belə gəlir yuxarıdan bunlar görünmür. Aclıq, səfalət, insanların bir qismət çörək üçün hansı acıları yaşaması unudulubdur. Ona görə də bir məmur qapısına yaxınlaşmaq olmur. Qapılarında açılması mümkün olmayan qalalar qurublar. “Sim-sim”dəkilərə bənzəyir. Özləri haqqında mif yaratmaqla məşğuldurlar. Ancaq mif sınanda görürsən ki, bunlar binəva vətənə nələr etməyiblər. Bunlardan qurtuluşun yolu mənəviyyatda gedən və bəlkə də düşünülmüş şəkildə aparılan eroziyanın qarşısını almaqdır. Bunun isə yenə ağırlığı cəmiyyətin, ziyalının üzərindədir.

Hörmətli Rza müəllim, siz folklorşünassınız və həyatınızın böyük bir hissəsini xalqımızın nəğmə, bayatı, atalar, sözü, əfsanə, rəvayət, nağıl, dastan və s. nümunələrinin toplanması, nəşri və tədqiqinə həsr etmisiniz. Bu gün də həmin yoldasınız. Mənim nəzərimdə bundan böyük şərəf və ləyaqət duyulacaq iş yoxdur. M.F.Axundov yazırdı ki, əsl ləyaqətli, xeyirxah kəslər o kəslərdi ki, bütün hərəkət və davranışlarını vətənpərvərliyə uyğunlaşdırır. Rza müəllim, siz də məhz həyatınızı, folklorşünaslıq sahəsində etdiklərinizi birmənalı olaraq vətənpərvərliyə hesablamısınız. Bu hər kəsə nəsib olmur. Azərbaycan folklorşünaslığı böyük inkişaf yolu keçmişdir. İlk əlyazmadan bugünə qədərki inkişafına nəzər saldıqca ancaq və ancaq için qürur hissi ilə dolur. Bu xalqın nə qədər zəngin folklor mədəniyyəti olduğu bütün tərəfləri ilə aydın nəzərə çarpır. Xalqımız oğuldan-qızdan, atadan-anadan gizlətdiyini nəğmədən, sözdən gizlətməyibdir. Nəyi varsa hamısını nəğmə, bayatı, əfsanə, rəvayət, nağıl və s. formada gələcəyə ötürməyə çalışıblar. Fikrimcə, orta əsrlərin eləcə də ondan qədim dövrün tarixini yazdıran hökmdarların yazdırdığı tarixdən daha dəqiq və aydın tarix xalqın dediklərindədir. Biz bununla salnamələrin, mənbələrin, kitabələrin üzərinə kölgə salmaq istəmirik. Ancaq qənaətlərimizi təbii və doğru tarix anlamında deyirik.

Azərbaycan rusların işğalından sonra əlləşdiyi müstəqilliyə XX əsrin əvvəlində qovuşmuşdu. Lakin bolşeviklərin işğalçı siyasəti cümhuriyyətin müstəqilliyinə son qoydu. Tarix elə gətirdi ki, yenidən əsrin sonunda öz müstəqil dövlətimizi yaratdıq. Mənim üçün son iki yüzillik tarixə baxdıqda bundan böyük uğurumuz yoxdu. Yüz illər, min illər boyu xalqlar özlərinin dövlətini yaratmaq üçün dəridən-qabıqdan çıxıblar, oddan-sudan keçiblər. Nələrə getməyiblər. Ancaq arzu olaraq qalıbdır. Biz isə rus şovinizminin, məkrli düşmənlərin təhdidlərindən çıxıb dövlətimizi qura bildik. Bu, ulu tanrının bizə ətasıdır. Məsələ müstəqillik əldə etməklə bitmir, indi əsas olan onu qorumaqdır. Hərə öz işində bu məmləkətə bacardığı qədər xidmət etməklə ölkəmizi çıraqban edə bilərik. Siz bir folklorşünas kimi bu yoldasınız. Ancaq elələri vardır ki, əlindəki səlahiyyət hüquqlarını aşmaqla bu müstəqilliyə nifrət etdirmək yolunu tuturlar. Əmin olmaq lazımdır ki, bu olmayacaqdır.

Müstəqilliyimizin ən böyük uğurlarından biri xalqın mənəvi mədəniyyətinə sahib durmaq duyğusunun aşılanmasıdır. Görülən işlər bunun nümunəsidir. YUNESKO səviyyəsində aşıq sənətinin, muğamatın, Novruz bayramının qiymətləndirilməsi, qeyri-maddi mədəniyyət abidələri siyahısına salınması və s. buna nümunədir. Bundan heç də dəyər etibarı ilə az olmayan AMEA Folklor İnstitutunun yaradılmasıdır. Mənim nəzərimdə bura məbəddir, ocaqdır. Müqəddəs olacaq yerdir. Orada əvəzsiz işlər gedir. Bəlkə bu gün biz onların lazımı qədər dəyərini verə bilmirik. Ancaq zaman, yaxın onilliklər bu işlərin nə demək olduğunu özü deyəcəkdir. Rza müəllim, folklor yolu atadan oğula olan yoldur. Ənənə və varislik yoludur. Başlanğıcı müqəddəslərin yazıya almaları, mülahizələri ilə qoyulmuşdur. Bura klassiklərimizin əsərlərindəki bəhrələnməni də əlavə etmək olar. Bizə yaxın olan zamanda M.F.Axundov, H.Zərdabi, M.Mahmudbəyov, E.Sultanov, T.Bayraməlibəyov, R.Əfəndiyev, S.Hüseyn, Y.V.Çəmənzəminli, H.Zeynallı, V.Xuluflu, S.Mümtaz, H.Əlizadə və başqaları folklorun öyrənilməsinin yolunu müəyyənləşdirdilər. İndi AMEA-nın Folklor İnstitutu o yolun şərəfli davamçısıdır. Orada xalq ədəbiyyatına ömür həsr edən, can qoyan adamlar var. Siz də onlardan birisiniz. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru M.İmanovun yaratdığı mühit ancaq ideallara, xalq, millət sevgisinə köklənibdi. Mənə belə gəlir, maddiyyat, dolanışıq mənasında onların elə də qazandığı, əldə etdiyi bir şey yoxdur. Müasir cəmiyyətin sıxıntıları, çörək savaşı sanki onlara elə də çatmayıb və bir başqa dünyanın adamlarıdır. Fikrimcə, bunun qaynağı ancaq və ancaq xalq, millət və torpaq sevgisidir. Rza müəllim, o sevgini aşılayanlardan, göyərdənlərdən biri sizsiniz. M.H.Təhmasib, M.Seyidov, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, S.Paşayev, İ.Abbaslı, P.Əfəndiyev, T.Fərzəliyev və başqaları bu yolun işığını yandırdılar. Böyük S.Vurğun “hər qaya parçası, hər məzar daşı, nəsildən-nəsilə bir yadigardır” deyirdi. H.Arif “tütəklə uyuğub, sazla oyanıb, kamanla dil açıb ötdü babalar” söyləyirdi. Onlara bizdən əvvəlkilər sahib durdu və sahib durmağın nümunəsinə çevirdilər. Siz, Rza müəllim, o məktəbin nümayəndəsisiniz.

İndi siz “Klassik folklor” şöbəsinə rəhbərlik edirsiniz. Bir qədər əvvəl həmin şöbənin müdiri sizin və mənim böyük hörmət bəslədiyimiz prof. İ.Abbaslı idi. Allah ona qəni-qəni rəhmət eləsin. Folklora xidmət anlamında onun yeri əlçatmazlıqdı. Mənim üçün İsrafil müəllim nümunə idi. Siz də nümunəsiniz. Demək, Folklor İnstitutunun şərəfli ağırlığının bir hissəsi sizin üzərinizdədir. Tale elə gətirib ki, xeyli vaxtdır birgə çalışırıq və bundan məmnunluq duyuram. İnstituta gələndə ilk olaraq sizi görmək, hal-əhval tutmaq istəyi içimdə yaranır. Bu da təsadüfi deyildir. Əksinə zərurətdi, sizin səmimiyyətinizə, xeyirxahlığınıza, yanaşmalarınıza ehtiyacdır. Bütün həyatım boyu öyrənməyə çalışdım və yenə də sizlərdən, sizin əhatənizdə olanlardan öyrənmədəyəm. Buna görə minnətdaram.

Rza Xəlil oğlu, siz Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmisiniz. Qahirə Universitetində təcrübə keçib (1966-1967) İraq, Suriya, Yəməndə tərcüməçi kimi fəaliyyət göstərmisiniz. Mənə belə gəlir, həmin ölkələrdə də Azərbaycanı, onun mənəvi dəyərlərini ləyaqətlə təmsil etmisiniz. Sizinlə qarşılaşan hər bir kəs əlidolu, böyük ümidlərlə, yaxşılıqlarla qayıdıbdır. Bu həyatınızın və fəaliyyətinizin bir tərəfidir. 1969-cu ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsində əmək fəaliyyətinə başlamısınız. Düşünürəm bu uzun illər ərzində sizin folklorşünaslığımıza gətirdiyiniz nələrdir. Cavabı birmənalıdır. Çox şey.

R.Xəlilov Azərbaycan folklorşünaslığında tipoloji araşdırmalara üstünlük verən tədqiqatçılarımızdandır. Azərbaycan və ərəb nağıllarının müqayisəli təhlili, özü də sehrli nağıllar əsasında qəhrəman obrazlarının öyrənilməsi ciddi, həm də kifayət qədər maraq doğuracaq problemdir. Həmin araşdırmalar son olaraq bu istiqamətdə dissertasiyanın yaranmasına gətirib çıxardı (1989). Şərq bəşər sivilizasiyası üçün “ana qucağı” hesab olunmuşdur. Oksford universitetinin professoru vurğulayırdı ki, Şərq bəxşiş verən, Qərb isə bəxşiş alan olmuşdur. Qərb bu bəxşişlərdən bol-bol bəhrələnmişdir. Bu gün əsir olmuş Şərq öz böyük mədəniyyəti ilə Avropanı əsir etmişdir. XVIII əsrin sonu XIX əsrdə yaranan bütün nəzəriyyələrin Şərqə üz tutması məhz bu anlamda təsadüfi deyildir. Sehrli nağılların bu istiqamətdə araşdırılması təsadüfi yox, Şərqi, böyük mədəniyyəti bilməkdən yaranmışdır.

Xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri sahəsində görülən işlər bir hissədir. Azərbaycanın ayrı-ayrı regionlarına ekspedisiyalar etmək, el ağsaqqallarını, folklor bilicilərini tapıb onların sinəsində gəzdirdikləri folklor örnəklərini yazıya almaq elə də asan iş deyildir. Bu, məsuliyyət, dözüm, sevgi tələb edir. XIX əsrin sonu XX əsrin əvvəlləri və ondan sonra günümüzə qədər aparılan toplamalar bunun nümunəsidir. M.Mahmudbəyov, T.Bayraməlibəyov, E.Sultanov, S.Mümtaz, V.Xuluflu, H.Əlizadə, M.H.Təhmasib və s. bunun canlı nümunəsidir. Bu iş R.Xəlilovun Dərbənd, Quba, Şirvan, Muğan bölgələrinə ekspedisiyalarında, apardığı toplamalarında uğurla davam etdirilir. “Aşıq Əsəd” (Bakı, Elm, 1979), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” (folklor bölməsi), (Bakı, Elm, 1981), “Allah yıxdığı evi qızlar tikər” (O.Əliyevlə birgə), (Bakı, Yazıçı, 1994) kitablar, “Azərbaycan və ərəb sehrli nağıllarında dualist ideyanın əksi” (AŞXƏDT, III kitab, Bakı, Elm, 1977), “Azərbaycan və ərəb nağıllarında müdrik oğlan”, (“Azərbaycan folklorşünaslığı məsələləri toplusu”, Bakı, 1989), “Azərbaycan və ərəb nağıllarında obrazlar sistemi” (“Şərq filologiyası” toplu, 1993), “Azərbaycan və ərəb nağıllarında dualizm ideyası” (“Milli folklor” jurnalı, 1994, № 3) və s. məqalələr özünün mövzu aktuallığı ilə seçilir.

Hörmətli Rza müəllim, Sizin gördüyünüz böyük işlərdə vurğulayacağım bir məsələ var və fikrimcə, bu daha əsas olandı. “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından etdiklərinizi deyirəm. Folklor İnstitutunun və sizin (folklorşünas İ.Abbaslı, A.Xürrəmqızı ilə birgə) bu istiqamətdə gördükləriniz böyük savab işidir. Xalqın milli-mənəvi mədəniyyətinə sahiblikdən gələn məsələlərdir. Həmin işlərdən bəzilərinin adını sadalayıram: Mirzə Abbaszadə. “Arvad ağısı (bayatı, haxışta, sevgi, laylay, qayınana-gəlin sözləri” (Bakı: Səda, 2004), Bəhlul Behcət. “Sarı Aşığın bayatıları” (Bakı, Səda, 2006), “Bayatılar və manilər” (Bakı, Səda, 2005), “Aşıq Qərib” dastanı” (Bakı, Səda, 2006), “Folklor çələngi” (Bakı, Nurlan, 2008), “Atalar sözü” (Bakı, Səda, 2003), Hənəfi Zeynallı “Azərbaycan türk mahnıları haqqında” (Bakı, Səda, 2004), Hənəfi Zeynallı. “Azərbaycan tapmacaları” (Bakı, Elm və təhsil, 2013), Hənəfi Zeynallı. “Atalar sözü” (Bakı, Elm və təhsil, 2012), “Salman Mümtazın şəxsi fondundan folklor materialları” (Bakı, Nurlan, 2013), Vəli Xuluflu “El aşıqları” (Bakı, Elm və təhsil, 2013), Vəli Xuluflu “Tapmacalar” (Bakı, Nurlan, 2013) və s. Bunlar demək olar XX əsrin əvvəllərində olan nəşrlərdi və yox olmaq təhlükəsi ilə qarşılaşmışdır. Siz onlara təzədən həyat verdiniz. Bizim ziyalılarımızın nə qədər gərəkli işlər görməsini təkrarən folklorşünaslığımıza, ziyalı mühitimizə göstərdiniz. Çünki bu gün elmə böyük bir həqarət var. Heç kəs heç kəsin kitabını oxumaq istəmir. Olanların böyük əksəriyyəti isə şüarçılıqdan o yana getmir. Loyallıq, liberallıq cəmiyyəti içəridən yeyir. Belə vəziyyətdə sizin və sizin kimilərin olması böyük hadisədir. Sizlər xalq sevgisindən yoğurulmuşlarsınız. Uğurlar, yaxşılıqlar Sizə.


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin