Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 1,75 Mb.
səhifə11/12
tarix01.12.2016
ölçüsü1,75 Mb.
#533
1   ...   4   5   6   7   8   9   10   11   12

NİZAMİNİN TOYUNDA

Ey Nizami, şairlərin sultanı,

Sən ən böyük ustaların birisən,

Səkkiz əsr öncə gəldin dünyaya,

Hamı öldü, sən hələ də dirisən.
Qələm etdin lələyini ağ qazın,

Bu dünyanı heyran etdi hər yazın,

Karvanlara yol göstərir mayak tək

Mavzoleyin güneyində Qafqazın.


Sən dirisən bu gün doğma elində,

Şeirlərin Azərbaycan dilində.

Ey Nizami, mən şeirinin vurğunu,

Salamlaram səni, Səməd Vurğunu.



AZƏRBAYCAN QIZINA
Adın Sona, gözün qara, gözəl qız,

Səni gördüm, niyə oldum qərarsız,

Əgər könül albomunda yer olsa,

Mən qazaxın rəsmini də qoyarsız.


Təbriz-Bakı səmasında bir sona,

Gümüş Xəzər sahilində gül Sona,

Ürəyimdən ürəyinə nə axar,

Mən deməyim, ürəyinə sorsana.




QOLTUQAĞACLI İGİD
Mən ağaclı bir igidi gördüm də,

Qəsdən ona bu sualı verdim də:

–Söylə, dostum, hardadır bir ayağın?

Harda onu bada verib gəldin də?


İgid imiş, cavab verdi o saat:

–Görürsən ki, bir ayağım yerində,

Sizinkilər qalsın deyə salamat,

İkincini qoyub gəldim Berlində!




ALMA BAĞINDA
Qılınc, xəncər qurşandı,

Bir qoç igid at minib.

Çıxdı alma bağından

Cavan gəlin şad, gülüb.


İgid dedi yarına:

–Bağ qoruyub, qəm çəkdim,

Mənə alma bağında

Sən neçə cür gül əkdin?


Dedi ona gəlincik:

–Bağı tez-tez yoxladım,

Gülü sənə bağda yox,

Ürəyimdə saxladım.


Gün bu sözdən nur aldı,

Güldü alma, güldü bağ.

İki ürək bir oldu,

Mahnı dedi kefi çağ.



YAYLIQ
Müqəddəs bir andımdır,

Peymanımdır bu yaylıq.

Bürü ona qəlbini,

Uzun çəksə ayrılıq.


Bu ləkəsiz yaylığa

Göz yaşımı tökmüşəm,

Canım, onu məndən al,

Sənin üçün tikmişəm.


Eli qoru yağıdan,

Kaş ki sənə yarasın,

Lazım olar sarmağa

Biləyinin yarasın.


Bəlkə onda bu yaylıq

Qızıl qana boyanar,

Yara gəlsə bəd xəbər,

Tez yuxudan oyanar.


Vətən üçün, sən üçün

Dağı-daşı çaparam,

Keçib neçə təpə, dağ

Axır səni taparam.


Qanın hopan bu yaylıq

Sonda bizi bağlayar,

Bu yaylıqda bir sirr var,

Mahnı olub çağlayar.

 

OXU, OXU, BÜLBÜLÜM
Oxu, oxu, bülbülüm,

Nəğmə axsın dilindən,

Dan quşları zövq alsın

Sənin şirin ünündən.


Oxu, oxu, bülbülüm,

Tale quşu inləsin,

Göydə durna, göldə qaz

Susub səni dinləsin.


Oxu, oxu, bülbülüm,

Səda versin uca dağ,

Qalın meşə dincəlsin,

Çiçək açsın bağça-bağ.


Oxu, oxu, bülbülüm,

İnci taxsın gümüş su,

İpək kimi oxşansın

Gənc qızların duyğusu.


Oxu, oxu, bülbülüm,

Heyran qalsın altın gün,

Bəhs eləsin ulduzlar

Macərandan gecə – tün.


Oxu, oxu, bülbülüm,

Səsin yurdda çağlasın,

Yad eldəki qəriblər

Yaylıq alıb ağlasın.


Oxu, oxu, bülbülüm,

Qoy çin olsun diləyim,

Sən cəh-cəh vur, sirdaşım,

Mən də şeir söyləyim.
Susma, oxu ilhamla,

Qoyma səsin üzülsün,

Mən səs verim səsinə,

Söz mərcanı düzülsün.

Can susayar xoş səsə,

Ruha qida – xoş avaz,

Bu xalq üçün, el üçün,

Ha oxusaq, yenə az.




ORAZ YAĞMUR

(1947)

Yazar, şair və araşdırmacı Oraz Yağmur (Orazdurdı Yağ­mı­rov) 1947-ci il avqust ayının 15-də Türkmənistanın Mərv vila­yə­tində anadan olmuş­dur. 1972-ci ildə Məxdumqulu adı­na Aşqabad Dövlət Universitetinin türkmən dili və ədəbiyatı fakültəsini fərq­lənmə diplomu ilə bitirmişdir. Bir müddət nəş­riyyatda, daha sonra uzun illər baş nazirin dəftərxanasında işləmiş, Türkmə­nistan Ədə­biyyat Fondunun müdiri, Məxdum­qu­lu Cə­miyyətinin baş katibi və­­zifələrində çalışmışdır.

Oraz Yağmur on beş ildir ki, sərbəst yaradıcılıqla məşğul­dur. 1989-cu ildə onun «Duman dağılanda» adlı romanı 57 min nüsxə tirajla ard-arda iki dəfə nəşr olunmuşdur. Bu əsərdə bəzi dövlət adamları ilə mafiyanın əməkdaşlığı təsvir edilir. Yazarın ikinci ro­manı «Məxdumqulunamə»dir. Bu roman 1992-ci ildə 30 min ti­rajla buraxılmışdır. 1994-cü ildə böyük türkmən dastançısı Qurd Yaqu­bun həyatından bəhs edən kitabı iki ayda 40 min ədəd satıl­mışdır. Müəllifin «Qaz kralı» adlı üçüncü ro­ma­nı isə hələ öz nəş­rini gözləyir. Bu əsər beynəlxalq impe­rializmin Orta Asyanı gizli şəkildə necə idarə etdiyini göstərir.

Oraz Yağmur türk dünyasının problemlərini yaxşı bilir və on­ların həllinə çalışır. O, şüurlu ve yetkin bir türkçü kimi, Türk­mə­­­­nistanda yaxşı tanın­mayan böyük ədəbi şəxsiyyətləri təbliğ et­mək üçün xüsusi səy göstərir. Sovet dövründə fars şairi kimi təq­dim olunan Mövlana Cəlaləddin Ruminin «Olduğun ki­mi gö­rün» adlı kitabını türkməncə çap etdirmiş və Mövlananın bir türk mütə­fəkkiri olduğunu tarixi dəlillərlə sübut etmişdir. Sovet döv­rün­də «xain» damğası (!?) vurulan və əsərləri yasaq­lanan Qara­ca­oğlanın yenidən Türkmənis­tana bəxş edilməsində Ora­zın 1990-cı ildə çap olunan «Qaracaoğlanı zindan­dan kim çıxarar?» məqaləsi mühüm rol oynamışdır. Yazarın 1994-cü il­də «Saçların qara de­yilmi?», 2007-ci ildə «Qumru səslim, har­dasan?» kitabları Qa­racaoğlanı yalnız Türkmənistanda deyil, bütün Orta Asiyada tanıtmışdır. Onun «Qaracaoğlan - sevgi ir­mağı» adlı məqaləsi bir çox ölkənin qə­­zet və jurnal­larında çap olunmuşdur. Qaracaoğlanı dünyaya ta­nıt­maqda uğurları müna­sibətilə Oraz 2005-ci ildə Tarsus bələ­diyyəsinin «Beş Altın» ödü­lünə layiq görülmüşdür.

Oraz Yağmurun 1999-cu ildə çapdan çıxan «Mən Ata­türk» ad­lı kitabı Türkmənistanda sonsuz maraqla qarşılanmışdır. Onun ha­zırladığı «Türk dünyası şeir antologiyası» isə poeziya həvəs­kar­larını türk boylarının zəngin mənəvi mədəniyyəti ilə tanış et­mişdir. O, Yunus Əmrənin şeirlərini türkməncəyə çe­virərək «Se­vəlim, seviləlim» adı altında buraxmış, kitaba sanballı bir ön söz də yaz­mışdır. Ancaq böyük sufi-filosof Hacı Bəkdaş Vəli haqqın­da yaz­dığı «Hacı Bəktaş Vəli» kitabı və Niyazi Yıldırım Gəncos­man­oğlunun əsərlərindən seçmələr hələlik öz çapını gözləyir.

Oraz Yağmur Aşqabadda Məhmət Akif Ərsoyun, Qaraca-oğ­lanın, Mövlananın, Yunus Əmrənin və Atatürkün xatirə gecə­lərini təşkil etmişdir. O, Türkiyədə, Şimali Kiprdə, Azərbay­can­da, Qazaxıstanda, Özbəkistanda, İranda keçirilən müxtəlif kon­qres, simpozium və konfranslarda iştirak etmiş, məruzələr oxumuşdur.

Oraz Yağmur türk dünyası qarşısında üstün xidmətlərin-dən dolayı 1999-cu ildə  Türkiyə Prezidenti tərəfindən «Ləyaqət Ödülü»nə, 2008-ci ildə isə «Türk Kültürünə Xidmət Ödülü»nə la­yiq görülmüşdür.

Oraz eyni zamanda gözəl tədqiqatçıdır. Onun müxtəlif bey­­nəlxalq simpozium və konfranslarda klassik və çağdaş türk­mən şa­ir və yazıçılarının yaradıcılığı haqqında dərin məzmunlu məru­zə­lərinin şahidi olmu­şam. Yazar ulu Məxdumqulu Fəra­qinin hə­ya­tından və sənətin­dən yorulmadan, saatlarla danışır. Məxdumqu­lu onun idealıdır. Oraz Fəraqinin bir çox şeirlərini ta­mamilə başqa bu­­caq­dan təhlil edir, onların gerçək mə­na­larını üzə çıxarıır. Mən Məxdumqulunun seçilmiş əsərlərini ça­pa hazırlayanda Oraz məni bir çox ədə­bi-bədii, tarixi, elmi mən­bələrlə tanış etdi, çox dəyərli məsləhətlər verdi. Bunun üçün ona təşəkkür edirəm.

Orazı Azərbaycanla çox şey bağlayır. Şairin ordu sıra­la­rında xidməti Bakıda keçmişdir. Həmin vaxtdan bəri o, Bakını sonsuz bir məhəbbətlə sevir. Ara-sıra Bakıya yolu düşən şair burada öz gəncliyini xatırlayır, Azərbaycan ədiblərinin abidə­lə­rini zayarət edir, İçərişəhərin dar küçələrini, geniş Baku bulva­rını gəzir. Müt­ləq Şəhidlər xiyabanına baş çəkir, vətən uğrunda canından keçən soydaşlarımızın qəbri üstünə qərənfil düzür.

Oraz Yağmur Azərbaycan ədəbiyyatını, xüsusilə poezi­ya­mı­zı çox dərindən bilir və sevir. Ulu Şəhriyarın, böyük Səməd Vur­ğu­nun, unudulmaz Bəxtiyar Vahabzadənin və Məmməd Arazın poetik dühasına ehtiram bəsləyir, onların şeirlərini əzbərdən deyir. Adil Cəmil, Elçin İskən­dərzadə, Əkbər Qoşalı və baş­qa şairlə­ri­mizlə yaxın­dan dostluq edir.



Azərbaycan, Azərbaycan!

Bu dünyada varsa baxtım,

Yarı sənin, yarı mənim.

Könüllərdə uca taxtım,

Yarı sənin, yarı mənim.
Onun həssas şair qəlbi Qarabağ yarası ilə sızlayır. Şair ürək­dən inanır ki, tezliklə bu problem öz ədalərli həllini tapacaq, Azər­baycan torpaqları düşmən tapdağından azad olacaq. O öz şeirlə­ri­nin birində belə yazmışdır:
Əgər Qarabağda

Bir düşmən görsəm,

Yumulmaz gözlərim

Min dəfə ölsəm.

2009-cu ilin oktyabrında Oraz Yağmur Qafqaz Univer­siteti tərəfindən keçirilən şeir şölənində iştirak etmək üçün Bakıya gəl­mişdi. O, gözəl şeirlərinə görə Bakıda bir neçə ödül aldı, türkmən poeziyasının adını yüksəltdi. Ancaq özünün səmimi etirafına görə, TürkSOY kitabxanası seriyasının ilk kitabını Oraza həsr etməklə ən bö­yük ödülü ona biz vermişdik. Müəllifin Azərbaycan oxucu­la­rına təqdim etdiyimiz ilk kitabında (Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s.) incə ruhlu, lirik, axıcı şeirləri ilə yanaşı türk dünyasının problemlərinə, Azərbaycana, Bakıya həsr olunmuş əsərləri də var­dır. Oraz Yağmurun həmin kitabı şeirsevərlərin xo­şuna gəldi.



QARABAĞLI ANANIN AĞISI
Şair dostum Adil Cəmilin anasına
Ay, balaam!

Vay, balaam!

Qarabağın suyundan

İçmək cana ləzzətdi.

Təndirlərin tüstüsü

Buludlara bülənddi.

Günəş sisdən çıxanda,

Yarpaqlar bərq vurardı…

Hamı xoruz banıyla

Saatını qurardı.


Ay balaam!

Vay balaam!

Qürbətdədi Qarabağ,

Gedib çıxa bilmirəm,

Uzaqdan da yurduma

Dönüb baxa bilmirəm.


Ulu Tanrı əzəldən

Məni xanım yaratmış,

Di gəl ki, baxt payımı

Belə yarım yaratmış,

qədər ki, yurdumda

Qaniçən düşmən gəzir,

Qəfəsdə bülbül kimi

Mənim ürəyim əsir.

Ay balaam!

Vay, balaaam!!!




TÜRKİYƏ, TƏK TÜRKİYƏ
Haydı-haydı,

Daha-daha,

Yenə-yenə,

Bir addım irəli,

Türkiyə! Tək Türkiyə!
Önündə Atatürk,

Arxanda Türk Dünyası.

Keçmişə, gələcəyə,

Özünə və nəslinə,

Dostuna, düşməninə

Göstər kim olduğunu!


İrmaqların gur axsın,

Pınarlardan nur axsın,

İgidləri coşdursun,

Gözəllərin xoş dursun.

Dünyaya bir də göstər,

Göstər, bir daha ansın,

Fatehlərə inansın.
Aləmin böyüsü sən,

Uca Allah böyütsün,

Xoşgörülər ürət sən

Böyük-böyük Türkiyə.


Haydı-haydı,

Daha-daha,

Yenə-yenə,

Bir addım irəli,

Türkiyə! Tək Türkiyə!

ŞƏHİDLƏR OYANDI
Heey millət!

Kəmiklərin dağ oldu,

Qan axıb irmaq oldu.

Oyan! Oyan!

Ələ silah aldı oyanaraq o şəhid,

Sən qalacaqsanmı sadəcə şahid?!


Babam Seyid son nəfəsdə

Çanaqqalada

Topa mərmi sürmüşdü,

Dədəm ağır gəmiləri

Qaradan yürütmüşdü.
Atalarmız öyünürdü:

«Düşmənim böyük» deyə,

Bax, ey Türk!

Bax bu talesizliyə:

Düşmənin nökər oldu,

Oğru, quldur, bəbək qatili

Ayaqdan çəkər oldu.
Heeey millət!

Qapıda zillət!

Kəmiklərin dağ oldu,

Qan axıb irmaq oldu.


Ələ silah aldı oyanaraq o şəhid,

Sən qalacaqsanmı sadəcə şahid?!


TÜRK MƏN
Ərgənəkon – dəmir məkan,

Çıxılmazdan çıxan Türk mən.

Altaylardan Balkanlara,

Şərqdən Qərbə axan Türk mən.


Gəzdim Asiya düzlərini,

Cəddin ayaq izlərini.

Daşa yazdım sözlərimi,

Bilin, Bilgə xaqan Türk mən.


Kimsə məni qul yapammaz,

Öz atına çul yapammaz,

Məni qara pul yapammaz,

Altun, gümüş, mərcan Türk mən.


Harda saz var, orda siməm,

Harda dərd var, orda sinəm,

Bildinizmi indi kiməm,

Baxşı, aşıq, ozan Türk mən.


İgidliyim zəmanətdi,

Tanrı verən dəyanətdi,

Dünya mənə əmanətdi,

Ulu tarix yazan Türk mən.



BAYRAQ
Kəmiklərimdən torpaq yapıram,

Qırmızı qanımla yoğururam,

Geniş bir yerə sərirəm.

Harda görsəm bir Hilal,

Əllərimlə götürürəm dərlal.

Sol yanda oturduram.

Ulduz yaxalamaq daha zor.

Ən gözəl ulduzu tapıram,

Sağ yanda qondururam,

İndi zəfərə gedə bilərsiniz.



KİMLİK
Ehey, ağalar, bəylər!

Allah ulu deyənlər!

Dinimiz Mühəmmədi,

Bizə tanrı qisməti.


Millətimiz əsilli,

Törə, yasa nəsilli,

Ordumuz Alp Arslanlı,

Zəfərimiz Osmanlı,

Fatehimiz qəhrəman,

Düşmənimiz əhrimən.

Aşığımız Qaracaoğlan,

Sevgimiz qoşma, dastan,

Yolumuz Atatürklü,

Qəlblərmiz türkülü,

Rəhbərimiz yabançı,

Zənginimiz Sabancı,

Yoxsulumuz Şairmiz,

Oraz Yağmur fəqirmiz.




ULDUZLARA YÜRÜYƏN AĞSAQQAL
Çanaqqala Universitetinin keçmiş rektoru

Prof. Dr. Əbdürrəhman Gözəl ağabəyimə

Dalmış dərin bilgiyə,

Yunus, Bəktaş Vəliyə,

Abdallardan Qayğusuz,

Abdallardan qayğısız,

Bənzər Kağan Bilgəyə.

Könlü Türkün yanında,

Bəyaz başlı Ağsaqqal.
Könlü böyük,

Fikri böyük,

Kor dünyaya uyuşmur.

Zaman-zaman,

Sanki vulkan

Püskürür.

Dürüstlük - çörəyi,

Saf dostluq - əməyi,

Bir olalım deməyi

Unutmayan Ağsaqqal.


Aşağılıq, iftira

Onun ayaq altında.

Ağsaqqalı görüncə

Utanır xas altun da.

Yürü-yürü yol uzaq,

Başın ağ buludlarda,

Kimsə qurmasın tuzaq.

Türkmənin Ağsaqqalı!

Türklüyün Ağsaqqalı!

QARACAOĞLAN KİMİ SEVMİŞ?

Qaracaoğlan kimi sevmiş?

Çox gözəl bir qızı sevmiş.

Anası qızdan gözəlmiş,

Qız anasından gözəlmiş.

Gözləri göz deyil, qormuş.

Dilindən ballar damlarkən

Könüllərə közlər qonmuş.

Qara saçı Leylanınmış.

Baxışları ceyranınmış.

Ağ əlində qönçə güllər

Səssizcə naz edər, gülər.

Yerlərdə yürür, izi yox.

Dünyada bir bənzəri yox.

Sözmü gözəl, sazmı gözəl,

Gülmü gözəl, qızmı gözəl?

Bunu özü də bilməzmiş.

DİL UCUNDA BİR KƏLMƏ
Dil ucunda bir kəlmə

Söyləyimmi,

Söyləməyimmi demə,

Böylə suküt eləmə,

Söylə!
Sözlərin dodaqdan bal kimi axsın,

Bu qərib başıma şah tacı taxsın.

Könlümü isindirsin,

Hər kəsi qısqandırsın,

Söylə!
Suküt eləmə böylə!

O sözü eşidincə

Dərə suyu dayanar.

Durnalar


Bir ayaqda dayanar.

Ağ qönçələr açılar,

Bənövşələr saçılar.
Eşqim! Bircə kəlməyə

Ömrüm tıxandı qaldı,

Söylə, canım, tez söylə!

Səbrim tükəndi qaldı.



ÜÇ ÇİNARIN ARASI
Yadımdadır üç çinarın arası,

Solmamışdı qara gözün qarası.

Yarpaqlar xışıldayırdı,

Dodaqlar pıçıldayırdı.

Gizlicə bir şey uçdu,

Sandım ki çalıquşu.

Anidən dondu bağlar,

İrmaq, pınarlı dağlar.


Sən təkcə yürüyürdün,

Səndən başqasını görmürdün.

Kor oldum.

Koroğluydum,

Kölə oldum.

Yalnızca səni düşünən ağlım,

Sənin tərəfinə gedən yolum,

Qeyb oldu.

Ayaqlarım donar oldu.
Sən təkcə yürüyürdün,

Mən heykələ döndüm.

İndi çarpsa ildırım,

Yaxa bilməz haldayam.


Yadımdadır üç çinarın arası,

İrinləşdi o günlərin yarası.

Sonra duydum.

O uçan, quş deyilmiş.

Qəlbin səni tərk etmiş.
Todur ZANET

(1958)
Tanınmış qaqauz şairi, dramaturqu, publisisti, ictimai xa­di­mi Todur Zanet 1958-ci ilin gilas (iyun) ayının 14-də Qaqa­u­zi­yanın Konqaz kəndində anadan oldu.

1975-ci ildə orta məktəbi bitirdi.

«Mali» adlı ilk şeirini 1977-ci ildə yazdı.

1976-81-ci illərdə Kişineu Politexnik İnstitutunda oxudu.

1986-90-cı illərdə «Bucağın dalğasında» adlı kanalda re­dak­tor işlədi, qaqauz dilində TV və radio verilişləri hazır­ladı.

1988-1994-cu illərdə ilk qaqauz qəzeti «Ana sözü»nü çı­xardı. 1999-cu ildən bugünədək həmin qəzetin və «Kırlan­ğaç» («Qaran­quş») jurnalının baş redaktorudur.

1989-cu ildən SSRİ və Moldova Jurnalistlər Birliyinin, 1990-cı illdən SSRİ və Moldova Yazarlar Birliyinin, 1992-ci il­dən isə Türk Dünyasi Yazarlar Birliyinin üzvüdür.

Todur Zanetin yazdığı Qaqauz Milli Himni Qaqauz Xalq Kongresi tətəfindən 22 iyul 1990-cı ildə Qaqauz Respub­likas­ı­nın himni olaraq 411 səslə qəbul edildi.

Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk ad­dım­ları ataraq əvvəlcə «Ana sözü»nün səhifələrində alış­dırma yazıları verdi, 1993-cü ilin ceviz (sentyabr) ayının 25-dən eti­barən qə­ze­tini bütün­lüklə latın qrafikasında çıxarmağa başladı.

1991-1993-cü illərdə Todur Zanet Kişineu İncəsənət İns­ti­tu­tunda qaqauz aktyorlarına qaqauzca dərs dedi. Həmin il­lər­də Jan Rassinin «Bəyazid» mən­zum pyesini, E.Georgi­tanın «İki gəlinli qay­nana», M.Baciyevin «Şən­bə axşamı» əsərlərini qaqa­uz dilinə tər­cümə etdi. Bu pyeslər onun tələbələri tərəfindən ta­maşaya qo­yuldu.

Todur Zanet öz qələmini dramaturgiya sahəsində sına­y­a­raq iki pyes yazdı: «Aclıq qurbanları» (1998) və «Sehirli ma­ğa­za» (2004). Bu əsərlər Mixail Çakır adına qaqauz milli teatrı tə­rəfin­dən səhnə­ləş­dirildi.

Dramaturgiya sahəsində xidmətlərinə görə Todur Zanetə 2006-cı ildə Kişineuda keçirilən Uluslararası kitab sərgi­sinin və Moldova Milli Kitabxanasının diplomu verildi.

Ədibin «Aclıq qurbanları» adlı pyesi rumın dilinə çe­vi­ril­di və 2006-cı ildə «Viaţa Besarabiei» jurnalında yayınlandı.

2000-ci və 2009-cu illərdə qaqauzluq qarşısında xidmət­lə­­rinə və qaqauz dövlətinin qurulması uğrunda coşğun fəa­liy­yə­tinə görə Qaqauziyanın medalları ilə təltif edildi.

2003-cü ilin xıdırelləz (may) ayında ədəbiyyat və jurna­lis­ti­ka sahəsində fəaliyyətinə görə Todur Zanetə Amerika Bir­ləş­miş Ştat­larının Kentucky ştatının Louisville şəhərinin fəxri və­­təndaşı adı ve­rildi.

Tordur Zanetin bir çox şeirinə musuqu bəstələndi. Onla­rın ək­sə­riyyəti xalq mahnısına çevrildi: «Şən oynar qaqauz­lar», «Yaşa, xal­qım!», «Vətən», «Sən Çadır, gözəl Çadır», «Sənə sev­dam» və s.

Todur Zanet 2007-ci ildə KIBATEK ədəbiyyat ödülünə la­yiq görüldü. Şairin nəşr olunan şeir kitabları onu çağdaş qa­qa­­uz ədə­biyyatının ən məşhur simalarından biri kimi tanıt­dı. Todur Zanetin «Gün aydın, evim!» (1989, 1990), «Qa­rışqalıq» (1989), «Axardı ba­tı­ya günəş» (1993), «Qıcır­dayar qa­famın çarxları» (1993), «Axar ulduz» (1998) kitab­ları oxucular ara­sın­­da çox po­pulyardır. Onun uşaqlar üçün qələmə aldığı «Bö­cəcik» (1991) ki­tabı isə Mol­dova təhsil və elm nazirliyi tə­rə­fin­dən uşaq bağçaları və ibtidai siniflər üçün vəsait ola­raq qəbul edildi.

Todur Zanetin bədii yaradıcılığı, xüsusilə poeziyası zən­gin və çoxşaxəlidir. Mövzu baxımından onun şeirlərini iki əsas qrupda toplamaq müm­kündür: sosial-siyasi məzmunlu şeirlər və məhəb­bət lirikası. İlk qrupa daxil olan əsərlərində şair doğ­ma xal­qının şərəfli və keşməkeşli tarixini, onun ya­şadığı faciə və fəla­kətləri, xoşbəxt hə­yat və azadlıq uğrunda mübarizəsini, verdi­yi qur­banları vətəndaş qeyrəti və yanğısı ilə təsvir edir, qa­qauzların gələcəyi, dili, mədə­niyyəti ilə bağ­­lı düşüncə, ən­di­şə və arzularını dilə gətirir, hamını birliyə, həmrəyliyə səsləyir. Bu baxımdan onun «Qa­qauzluq yox ol­­­maz!», «Bozqurd haq­qın­da nəğmələr», «Ki­minmiş bu torpaq», «Yaşa, xalqım», «Ana di­lim», «Ayrılma dilin­dən, xal­­qım», «Mən bi­lirəm» və s. şe­ir­ləri diqqəti xü­su­silə cəlb edir.

Qaqauzların Balkanlara gəlmə xalq olduğunu söyləyən­lə­rə qarşı şairin poetik cavabı çox kəsərli və sərtdir:
Kiminmiş bu torpaq?

Çıx at üstünə, bax:

Kurqanlar qaplamış dolayları,

Dədələrimin məzarları,

Səsləsən adlarını

Verərlər cavabını,

Verərlər cavabını.
Todurun «Dua» adlı şeirində doğma xalqın gələcəyi və sa­bahı ilə bağlı bir vətən övladının ulu yaradana, haqqa səmimi yal­varışları öz əksini tapır. Şair burada bir xalqın milli varlığı üçün həyati önəm daşıyan üç ünsürü dilə gətirir: dövlət-millət-dil. Bunların hər han­sı biri olmadan bir xalqın, etnosun yaşaması, gü­nəş altında sığına­caq tapması mümkün deyil. Ona görə də To­durun duası aydın və qısa, arzusu ülvi və müqəd­dəsdir:
Allahım,
İstəyirəm olsun dövlətim,


Əbədi yaşasın millətim,

Olsun öz ana dilim,

Olmasın dilim-dilim,

Olsun bir bütöv, bütün –

Dün, bugün, sabah, hər gün!

Əbədi və daima!

Amin!
Todur Zanetin ana vətənə, onun keçmişinə, ba­şından ke­çən fa­ciələrə, eləcə də doğma yurdun gö­zəlliklərinə, qaqauz­ların milli xa­rakterinə, ata ocağının istisinə və do­ğulub böyüdüyü evə duy­duğu niskilə və həsrətə həsr edil­miş şeirləri az deyil. Bunlara mi­sal olaraq «Mərz da­şı», «Zavallı torpaq», «Əski məzarlıq», «Ac­lıq», «Buca­ğım», «Kon­­qaz», «Şən oynar qaqauzlar», «Gün aydın, evim» və baş­qa şeirləri gös­­tər­mək mümkündür. Bu əsərlərdə biz qaqauz­lara xas olan bir sı­ra etno­qra­fik lövhə­lərlə və özəlliklərlə də tanış oluruq.

Todurun öz anasına və atasına, vəfalı və vəfasız dost­la­rına, ya­zı­çlara və şairlərə, qaqauzların tanınmış sənət­kar­la­rına, milli in­kişaf üçün öz canını verən vətənpərvər in­san­lara yazdığı şeirlər son­suz məhəbbət hissilə, xəya­nət yoluna qədəm qoyan satqınlara isə hədsiz nifrət hissilə doludur. Bu əsərlərdə o bir şair və insan kimi qar­şımı­za çıxır. Şairin «Ana­ma», «Anam 60 yaşında», «Ana gözləri», «Əfv et», «Atama», «Şam yanar», «Dostlara», «Düşmə­ni­mə 17 sual», «Qa­ra zəlilər», «Sat­qın­lara» kimi şeir­ləri, N.Ba­b­oğ­lu­na və V.Mi­xal­cana poetik mək­tub­ları, mərhum dostla­rı Peti Bu­za­çı, Qara Çoban və Va­lentina Ko­ten­ko-Baurçulunun ölümünə həsr etdiyi ele­giyalar çox tə­sirlidir.

Hər şair kimi Todur Zanetin də yaradıcılığında məhəbbət li­ri­ka­sı mühüm yer tutur. Bu şeirlərdə gənc aşigin qəlbini parçalayan həsrət və niskil, ilk məhəbbətin unu­dul­maz xati­rə­ləri, iki sevgilinin görüşləri və görüş yerləri, bir­likdə ke­çir­dikləri xoşbəxt anlar, çək­dik­ləri iztirablar parlaq bo­ya­larla təsvir olunur. Bu şeirlər arasında «İlk gecə», «Gecə növ­bəsi», «Əridi canım», «Yanğın», «An kimi sev­­da», «Allahın bəx­şişimi», «Elə şirinsən sən» və başqaları yadda qa­lan cizgilərlə zəngindir. Məsələn, onlardan birinə - «Sevdama» şeirinə baxaq:

Aman, Allahım, aman,

Dizlərinə baş qoysam.

Aman, Allahım, aman,

Yanağına toxunsam.

Aman, Allahım, aman,

Gözündə qərq olsam.

Aman, Allahım, aman,

Canında yansam.

Aman, Allahım, aman,

Sevdadan sönsəm.

Aman, Allahım, aman...
Todur Zanetin poeziyasına xas olan bəzi xüsusiyyətləri qı­saca qeyd etmək istərdik. O, hər şeydən əvvəl, bizim alış­dığımız uslubda yazmır. Todur qafiyədən az istifadə edir, şeir­ləri nadir hallarda qa­fi­yəli­dir, cinas heç yoxdur. Qulaq qafiyəsi və alli­te­ra­si­ya da o qədər çox deyil. O, əsa­sən qafiyəsiz yazır. Bu, bir tə­rəfdən çağdaş qaqauz poezi­ya­sının inkişaf meylləri ilə əlaqə­dardırsa, di­gər tərəfdən onun Av­ropa və türk şeiri ilə bağlılığının məhsu­ludur, şairin öz orijinallı­ğı və fərdi dəst-xəttidir.

Todurun yaradıcılığının digər bir xüsusiyyəti onun bir bənd­­dən ibarət şeirlərə üstünlük verməsidir. Bu tip şeirlər ilk baxışda çox sadə görünür, lakin onlarda müəyyən fikir və tutum vardır. Mə­sələn, aşağıdakı bənd-şeir dediklərimizə misal ola bilər:


Dündən bugünə, həm yarına,

Keçərik biz addım-addım.

Ömür dolar damla-damla,

Qalacaqsa – qalar adın.
Və yaxud bu bəndin nə qədər obrazlı, məntiqli olduğu göz önündədir:
Saatın əqrəbləri

İki bıçaq kimi

Saplandılar mənə -

Gözləyərkən.
Söylədiklərimizə yekun olaraq onu deyə bilərik ki, Todur Za­netin Azərbaycanda nəşr olunan ilk kitabı (bu, ümumən qaqauz ədə­biy­yatından ilk kitabdır) oxucular tərəfindən fərq­li şəkildə də qə­bul edi­lə bilər. Bu zaman bir xüsus nəzərə alınmalı və unudul­ma­ma­lı­dır ki, qaqauz folkloru, şi­fa­hi xalq ədəbiyyatı nə qədər qə­dim və köklü­dürsə, qaqauz yazılı ədə­biyyatı bir o qədər gəncdir; bu ədə­biyyatın əsası XX əsrin ortalarında qoyulmuşdur.

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin