Qərib Məmmədov



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   2   3   4   5   6   7   8   9   ...   52

 
G İ R İ Ş 
 
Torpaqşünaslıq – torpaqlar, onların  əmələgəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri; torpaqların 
coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını 
müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində 
səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında 
elmdir. 
Torpaqşünaslıq  elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri V.V.Dokuçayev, P.A.Kostıçyev 
və N.M.Sibirtsevin əməyi nəticəsində formalaşmışdır. Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volobuyev, 
M.E.Salayev, K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin 
inkişafında əməyi danılmazdır.  
 
Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: “Dağ süxurlarının (fərqi yoxdur hansı) su, 
hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş“açıq” və 
ya xarici qatına torpaq deyilir”. O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar “yerli iqlimin, bitki və 
heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun,  ərazinin relyefinin və    nəhayət, ölkənin 
yaşının olduqca mürəkkəb qarşılıqlı    təsiri”  nəticəsində yaranmışdır.V.V.Dokuçayevin bu ideyaları torpağın 
ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan 
biomineral (“biokos”) dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. 
Torpağın əsas xassəsi münbitliyidirMünbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən 
ötrü qida elementləri və su, onun  kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd 
etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu “yer kürəsinin quru 
səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir”.  
Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii 
amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial 
şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q.Ş.Məmmədov, 2007). 
Torpaqəmələgəlmədə canlı orqanizmlərin, ilk növbədə yaşıl bitkilərin və mikroorqanizmlərin xüsusi rolu 
var. Onların fəaliyyətinin təsiri altında dağ süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə 
bağlı  əhəmiyyətli proseslər, o cümlədən bitki qidasının  əsasını  təşkil edən küli elementlərin və azot 
birləşmələrinin konsentrasiyası, üzvi maddələrin sintezi və parçalanması, bitkilərin və mikroorqanizmlərin həyat 
fəaliyyətinin məhsulları ilə dağ süxurlarının mineral birləşmələrinin qarşılıqlı  təsiri və s. baş verir. 
Torpaqəmələgəlmənin bioloji mahiyyətinin dərk edilməsində V.R.Vilyams və V.İ.Vernadskinin xüsusi 
xidmətləri olmuşdur. 
İqlim şəraitinin, bitki örtüyünün, dağ süxurlarının və relyefin müxtəlifliyi və ayrı-ayrı ərazilərin yaşındakı 
fərqlər torpaqların təbiətdə müxtəlifliyini  şərtləndirir. Onların yayılmasının cöğrafi qanunauyğunluqları 
torpaqəmələgətirən amillərin ahəngi ilə müəyyən olunur. Yer kürəsi və onun ayrı-ayrı materikləri üçün bu
 
qanunauyğunluqlar  iqlim və bitki örtüyünün zonal dəyişikliyi ilə  əlaqədardır. Bu cəhət torpaqların üfüqi və 
şaquli zonallıq qanununa uyğun inkişafında özünü göstərir. Kiçik ərazilərin torpaq örtüyünün xüsusiyyətləri ilk 
növbədə relyefin, ana süxurun tərkib və xassələrinin torpağın iqliminə, bitki və torpaqəmələgəlməyə təsiri ilə 
bağlıdır. 
Özünün xüsusi keyfiyyəti sayəsində torpaq üzvi aləmin həyatında mühüm rol oynayır. Landşaftın həm 
məhsulu və  həm də elementi – xüsusi təbiət cismi olmaqla, o, yer kürəsi təbiətinin inkişafında  əhəmiyyətli 
mühit kimi çıxış edir. 
Atmosfer, biosfer, hidrosfer və litosfer ilə fasiləsiz maddə və enerji mübadiləsi halında olan torpaq örtüyü 
bütün bu sferalar arasında Yerdə  təşəkkül tapmış  və  özünün çoxçeşidli formalarında həyatın inkişaf və 
mövcudluğu üçün zəruri olan müvazinətin  saxlanmasında əvəzsiz şərt kimi çıxış edir. 
Münbitlik xassəsinə malik olmaqla torpaq kənd təsərrüfatında  əsas istehsal vasitəsi kimi çıxış edir. 
Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan torpaqların xassələrinə, rejimlərinə  və münbitliyinə, 
həmçinin torpaqəmələgəlməni müəyyən edən təbii amillərə bilavasitə  təsir etməklə torpaqəmələgəlməni 
əhəmiyyətli dərəcədə  dəyişir; meşələrin salınması  və  qırılması, kənd təsərrüfatı bitkilərinin becərilməsi təbii 
bitkiliyin görkəmini, qurutma və suvarma isə  ərazinin nəmlik rejimini dəyişir və s. Torpağın becərilməsi, 
gübrələrin tətbiqi və kimyəvi meliorasiya tədbirləri (əhəngləmə, gipsləmə və s.) də torpaqlara az təsir göstərmir. 
Nəticə etibarilə, torpaq  təkcə insan əməyinin tətbiq predmeti deyil, eyni zamanda bu əməyin məhsuludur. 
Beləliklə, torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq  və 
akkumulyasiya edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. 
Kənd təsərrüfatında  əsas istehsal vasitəsi kimi torpaq aşağıdakı mühüm xüsusiyyətləri ilə  səciyyələnir: 
torpaq  əvəzedilməzdir; torpaq məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq olmaz; torpağın yerini 

 
13
dəyişmək olmaz; torpağa məxsus xüsusiyyət yalnız onun münbitliyidir. Bu xüsusiyyətlər torpaq resurslarına son 
dərəcə diqqətli yanaşmağı və daim torpaqların münbitliyinin artırılması qayğısına qalmağı tələb edir. 
Torpaqşünaslıq bir çox məsələləri  əhatə edən təbii-elmi təlimdir. Torpaqşünaslığın təmasda olduğu və 
metodlarından geniş istifadə etdiyi fundamental elmlərə fizika, kimya, riyaziyyat,  daim nəzəri mübadilə halında 
olduğu elmlərə isə  təbiət, kənd təsərrüfatı  və iqtisadi elmləri aiddir. Sonunculara geoloji-coğrafi tsiklə 
(mineralogiya və petroqrafiya ilə birgə geologiya, hidrogeologiya, fiziki coğrafiya, geobotanika, 
biogeosenologiya), aqrobioloji tsiklə (biologiya, mikrobiologiya, biokimya, aqrokimya, bitki fiziologiyası, 
bitkiçilik,  əkinçilik, çəmənçilik, meşəçilik) və  nəhayət aqrar – iqtisadi tsiklə (siyasi-iqtisad, kənd təsərrüfatı 
iqtisadiyyatı, yerquruluşu və s.) daxil olan elmlər aid edilir. 
Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı 
(genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (torpaq coğrafiyası) qarşılıqlı  əlaqədə olan bütöv 
məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və 
meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim. 
Torpaqşünaslığın tərkibində adı  çəkilən  əsas bölmələrlə yanaşı, onun torpaq kütləsinin xassələri  əsasında 
fundamental bölmələri (torpaq fizikası, torpaq kimyası, torpaq biologiyası) və torpaq və torpaq örtüyündən 
istifadənin tətbiqi bölmələri (aqronomik torpaqşünaslıq, meşə torpaqşünaslığı və s.) də mövcuddur. Bu tətbiqi 
bölmələr torpaqşünaslığın ümumi nəzəriyyəsinin inkişafına böyük təsir göstərir, belə ki, ilkin materialların geniş 
mənbəyi və nəzəri konsepsiyaların yoxlanmasının bazasını təşkil edir. 
Torpaqların təsnifatı xüsusi bölmə  təşkil edir. O, bütün bölmələrin materiallarından istifadə edilməklə 
qurulur. Torpaqların təsnifatı torpaqların kartoqrafiyası, torpaqların münbitliyinin səciyyəsi və kompleks 
qiymətləndirilməsi, ölkənin vahid torpaq kadastrının hazırlanmasından və riyazi analizindən ötrü torpaq 
məlumatlarının toplanması üçün vahid taksonomik sistem təşkil edir.  
Bir halda ki, torpaq və torpaq örtüyünün başqa elmlər və cəmiyyət həyatının müxtəlif tərəfləri ilə qarşılıqlı 
əlaqəsi çox müxtəlifdir, torpaqların vahid (baza) təsnifatı ilə yanaşı torpaqların sahə  və regional təsnifatı  və 
qruplaşdırılması da zəruridir. 
Torpaqların formalaşması  və inkişafını, onun tərkib və xassələrini öyrənməkdən ötrü torpaqşünaslıq elmi 
geniş  tədqiqat metodları sisteminə malikdir. Torpaqşünaslıq bu zaman kimya, fizika və başqa elmlərin 
nailiyyətlərindən də geniş istifadə edir. 
Torpaqşünaslıqda tədqiqat metodları aşağıdakılardan ibarətdir: 
Müqayisəli – coğrafi metod. Bu metodun əsasında torpaqların torpaqəmələgətirən amillərlə  əlaqədə 
öyrənilməsi, yəni bir tərəfdən torpaqlarla, onların xassə  və  tərkibləri, digər tərəfdən torpaqlarla cəm halda 
torpaqəmələgətirən amillər arasında korelyativ əlaqənin aşkarlanması durur. Bu metod torpaqların 
kartoqrafiyasında daha geniş istifadə olunur. 
Müqayisəli – analitik metod. Bu metod kimyəvi, fiziki-kimyəvi, fiziki və başqa analiz metodları 
sistemlərinin tətbiqi ilə torpaq nümunələrinin tərkib və xassələri haqqında mühakimə yeritməyə imkan verir. 
Stasionar metod. Bu metod çöl şəraitində torpaq prosesləri və rejimlərinin öyrənilməsinə xidmət edir. 
Modelləşdirmə metodu. Bu metod torpaqda baş verən proses və rejimləri modelləşdirməyə imkan verir. Bu 
metod əsasında ayrı-ayrı torpaqların torpaq-ekoloji göstəriciləri əsasında onların ekoloji modelləri qurulur. 
Relyefin plastikası metodu. Bu metod əsasında böyük və orta miqyaslı (1:100000, 1:50000) topoqrafik 
əsasda torpaqların ekoloji qiymət xəritələri tərtib edilir. Bu zaman xüsusi texnologiya əsasında topoqrafik 
xəritədən relyefin plastikası çıxarılaraq, bu yeni əsas üzərində torpaq konturları yerləşdirilir. 
Müqayisəli qiymətləndirmə (bonitirovka) metodları. Bu metod torpaqşünaslıqda xüsusi elmi-praktiki 
istiqamət olan torpaqların bonitirovkası zamanı istifadə olunur. Bu metod əsasında torpaqların daxili diaqnostik 
göstəriciləri (humus, azot, fosfor, kalium, udulmuş əsasların cəmi və s.) əsasında onların müqayisəli qiymətləri - 
bonitet balları tapılır. 
Kənd təsərrüfatının təşkili,  əkin dövriyyəsinin, gübrələmə sistemlərinin tətbiqi,  ərazinin qurulmasına və 
torpaqların meliorasiyasına dair layihələrin işlənməsi, həmçinin kənd təsərrüfatı texnikasının, bitki növlərinin 
seçilməsi torpaq haqqında biliklərə istinad edir.  
Azərbaycan Respublikası  zəngin torpaq ehtiyatlarına malikdir. Onun ərazisində dağ-çəmən, qonur dağ-
meşə, qəhvəyi dağ-meşə, qaratorpaq, sarı,  şabalıdı, çəmən-boz, boz-qonur və s. torpaqlar yayılmışdır. Bu 
torpaqların  münbitlik xassələri bir sıra qiymətli kənd təsərrüfatı – çay, pambıq, üzüm, taxıl, sitrus, tərəvəz, 
meyvə və bostan bitkilərini yetişdirməkdən ötrü olduqca əlverişlidir. Yüksək aqrotexnikanın tətbiqi və intensiv 
suvarma  şəraitində bu torpaqlardan rekord məhsul  əldə etmək mümkündür. Lakin Azərbaycanın torpaq 
sərvətindən
 
səmərəli istifadə etmək üçün torpağın  xassə  və rejimləri haqqında hərtərfli və dərin biliyə malik 
olmaq lazımdır. Torpaq örtüyünün müxtəlif xarakterli antropogen amillərin təsirləri altında dəyişilməsi 
haqqında proqnozların olması da əhəmiyyətlidir. 
Araşdırmalar göstərir ki, son onilliklərdə torpaq və ekoloji qanunları  nəzərə almadan insanın təbii 
komplekslərə geniş miqyasda müdaxiləsi planetimizin hər yerində, həmçinin Azərbaycanın çox böyük 
ərazilərində torpaq örtüyünün deqradasiyasına gətirib çıxarmışdır. Belə ki, yüksək və orta dağlıq ərazilərdə, yay 

 
14
otlaqlarının dağ meşələri ilə  sərhədində  nəzarətsiz otarma bu meşələrin yuxarı  sərhədinin aşağı düşməsinə, 
eroziya proseslərinin, sel və subasma hadisələrinin güclənməsinə  gətirib çıxarmışdır. Hazırda respublika 
ərazisinin 40 %-dən çoxu bu və ya digər dərəcədə eroziya proseslərinə  məruz qalmışdır. Bu proses torpaq 
münbitliyinin əhəmiyyətli göstəricisi olan humus maddəsinin azalması ilə müşahidə olunur. 
Düzən suvarılan torpaqlar üçün səciyyəvi  əlamət onların  şorlaşması  və  şorakətləşməsidir. Suvarmanın 
düzgün aparılmadığı şəraitdə meliorasiya olunmuş torpaqların təkrar şorlaşma təhlükəsi də yaranır. 
Azərbaycan torpaqları üçün digər səciyyəvi cəhət onların ağır və radioaktiv maddələr, sənaye, xüsusən də 
neft və neft məhsulları və məişət tullantıları ilə çirklənməsidir.  Əlbəttə, torpaq örtüyünə antropogen təsirlərin 
gücləndiyi  şəraitdə bu əvəzsiz sərvətin qorunması, münbitliyinin bərpası  və artırılması ön plana çıxır. Bu 
məsələlərin həyata keçirilməsi isə torpaqşünaslığın nəzəri  əsaslarının, aqronomiya ilə bağlı bölmələrinin və 
torpaq münbitliyinin ümumi nəzəriyyəsinin daha da inkişaf etdirilməsini tələb edir. 
 
 
 
 
 
 
 
 
 
 

 
15
BİRİNCİ HİSSƏ 
 
TORPAQ HAQQINDA TƏLİMİN YARANMASI 
 
I FƏSİL. TORPAQŞÜNASLIĞIN İNKİŞAF TARİXİ 
 
Min illər  ərzində insanlar torpaqdan intensiv isitfadə etmişlər. Lakin təbiətşünaslığın sərbəst sahəsi kimi 
torpaq haqqında təlim yalnız XIX əsrin sonlarında və XX əsrin əvvəllərində yaranmışdır. Yeni təlimin banisi rus 
alimi V.V.Dokuçayev (1846-1903) olmuşdur. Torpaqşünaslığın elmi təlim kimi inkişafında, təşəkkül 
tapmasında  bir neçə əsas mərhələ ayırmaq mümkündür: 
1. Torpaqların xassələri və münbitliyi haqqında pərakəndə biliklərin yaranması,  əkinçiliyin təşəkkül 
tapması mərhələsi. Torpaq haqqında emprik biliklərin toplanması neolit və bürünc dövründə (b.e. 10-11 min il 
əvvəl), insanların yabanı bitkilər toplaması  məşğuliyyətindən onların tarlada yetişdirilməsinə, torpağın 
becərilməsinə keçdiyi zamanlar başlanmışdır. Lakin münbitlik haqqında ilk təsəvvürlər çox zaman əfsanə, əsatir 
və dastanlarda öz əksini tapırdı. Bu zaman torpaq müqəddəsləşdirilir, münbitlik və onu formalaşdıran amillər 
(yağış, külək, Günəş və s.) ilahiləşdirilərək, fövqəl qüvvələr kimi təqdim edilirdi. 
2. Torpaq və ondan istifadə haqqında ilkin biliklərin toplanması, ilk torpaq kadastrlarının hazırlanması 
mərhələsi.  Əkinçilər tərəfindən torpaq və onun becərilməsi haqqında  toplanmış biliklərin  ilk 
ümumiləşdirilməsi cəhdi quldarlıq quruluşunun və  əkinçilik mədəniyyətinin formalaşmağa başladığı  dövrə 
(e.ə.2500-800-ci illər) aid edilir. Bu dövrdə Nil, Dəclə-Fərat, Hind, Xuanxe-Yansızı (Çin) çaylarının sahillərində 
iri suvarma əkinçiliyi  mədəniyyəti mərkəzləri yaranır.  İstehsal vasitələri, xüsusən də torpaq üzərində iri 
mülkiyyət formalarının yaranması, həmçinin dövlət və dövlət vergi sisteminin formalaşması ilə  əlaqədar 
mükəmməl uçot sisteminə  tələbat yaranır. Quldarlıq istehsal üsulunda torpaq əsas istehsal vasitəsi kimi çıxış 
etdiyindən o uçotun obyekti kimi ön plana çəkilirdi. Bu zaman xüsusi torpaq- uçot tədbirlərinin aparılması ilk 
dəfə torpaq kadastrının yaranmasına səbəb olur. 
3. Torpaq haqqında biliklərin ilk sistemləşdirilməsi mərhələsi. Bu mərhələ  qədim Yunan - Roma 
mədəniyyətlərini (e.ə VIII əsr – b.e. III əsri) əhatə edir. İlk dəfə yunan alimləri torpağın profil quruluşuna malik 
olmasını  (Empedokl), torpaq-bitki-iqlim amilləri arasında əlaqənin mövcudluğunu və torpağın bitki üçün su və 
qida mənbəyi olması fikirlərini söyləmişlər (Gesidon). Torpaq münbitliyinin müqayisəli qiymətləndirilməsinin 
zəruriliyi ideyası isə Ksenofet (e.ə.430-350-ci illər) və Feofrasta (e.ə.IV-III əsrlər) məxsus olmuşdur. . Feofrast 
həmçinin “bitki-torpaq” münasibətlərini, müasir dillə desək aqroekosistemləri öyrənmiş ilk tədqiqatçı olmuşdur. 
Onun nəzərincə, torpaq bitki üçün qida və su mənbəyi idi. Ona görə də hesab olunurdu ki, bitkinin inkişafı və 
məhsuldarlığı
 
torpağın tərkibindən asılıdır.  
Münbitlik haqqında biliklərin inkişafında Qədim Roma mərhələsi bizim eradan əvvəl 160-cı ildə Katon 
əlyazmalarının üzə  çıxması ilə başlayır. Bu dövr 600 il davam etmiş  və münbitlik haqqında elmi fikirlərin 
formalaşmasında xüsusi rol oynamışdır. Qədim Romanın  ən görkəmli alimləri Mark Katon, Mark Varron, 
Vergiliy, Qay Pliniy, Lusiy Kolumella, Palladiya idi. Mark Katonun (e.ə.234-149-cu illər) bütün tədqiqatlarında 
torpaq və onun münbitliyi diqqət mərkəzində dururdu. Mark Katon torpağın münbitliyinin artırılmasını iki əsas 
aqrotexniki  əməliyyatda görürdü; birincisi, torpağın yaxşı  şumlanmasında, ikincisi, sahəyə üzvi gübrələrin 
verilməsində  və sideratlardan istifadədə. Yaşıl gübrə kimi o paxla, acı paxla və çöl noxudundan istifadəni 
məsləhət görürdü. Mark Katon torpağın münbitlik göstəricilərini yaxşılaşdırmaqdan ötrü aqrotexniki tədbirlərin 
bütöv bir sistemini yarada bilmişdi. O, torpağın fiziki xassələrindən – kipliyindən, qranulometrik tərkibindən və 
s. asılı olaraq yeri hansı  dərinlikdə  və necə  şumlamağın, hansı kotandan harada və necə istifadə etməyin 
yollarını göstərmiş, peyinin toplanmasına, yandırılmasına və sahəyə verilməsinə, kompostun hazırlanması 
texnologiyasına dair təkliflər irəli sürmüşdür. 
4. Torpaqların tədqiq olunması  və torpaq-kadastr işləri mərhələsi. Bu mərhələ (VI–XVII əsrlər) 
Almaniya, Fransa, İngiltərə, Çin və başqa ölkələrdə feodal münasibətlərinin yaranması ilə  əlaqədar torpaq-
qiymətləndirmə  işlərinin aparılması, Rusiyada (XV-XVII əsrlər) kadastr xarakterli Yazı Kitablarının ortaya 
çıxması ilə səciyyəvidir. Orta əsrlər Avropasının torpaq kadastrına Frank kralı Böyük Karlın (742-814) torpaq 
siyahıyaalmasını və İstilaçı Vilhelmin (1066-1087) “Məşhər Kitabını” göstərmək olar. Eyni ilə II Valdemarenin 
(1231), II Fridrixin (1194-1256) və I Eduardın (1239-1307) torpaq siyahıyaalmasını quruluşuna və məzmununa 
görə torpaq kadastrına aid etmək mümkündür. İntibah dövründən başlayaraq Qədim Roma alimlərinin torpaq 
haqqında topladığı elmi biliklər bərpa olunur və əkinçiliyə dair tövsiyələr irəli sürülür (Böyük Albert və Peter 
Kressensiyanın traktatları), torpaqla (İbn-Sina), maddələrin bioloji dövranı (Leonardo da Vinçi), bitkilərin su və 
duzla qidalanması (F.Bekon, B.Palissi) ilə bağlı yeni fikirlər irəli sürülür.   
5. Torpağa müasir baxışların yaranması, torpaq və onun münbitliyinin hərtərəfli eksperimental 
öyrənilməsi mərhələsi. Torpaq haqqında təsəvvürlərin yaranmasında A.Kyulbelin (Almaniya, 1740) əsərlərinin, 
ilk dəfə “humus” anlayışını  işlətmiş N.Valriusun (İsveç, 1761) bitkinin su və maddələrlə qidalanması 
nəzəriyyəsinin, Tyurqonun (Fransa, 1766) “torpağın azalan münbitlik qanunu” ilə bağlı müddəalarının böyük 

 
16
rolu olmuşdur. Rusiyada torpaq, onun münbitliyi və ondan istifadə haqqında yeni ideyalar M.V.Lomonosov 
(1763), A.T.Bolotov (1766), P.S.Pallas (1773), İ.M.Komov (1788) tərəfindən irəli sürülmüşdür.  
Rusiyada 1725-ci ildə Elmlər Akademiyası  təsis edilir. Sonra rus alimləri tərəfindən torpaqların ilk 
tədqiqinə başlanılır. İlk dəfə M.V.Lomonosov torpağın bitki və dağ süxurlarının qarşılıqlı təsiri altında zaman 
daxilində inkişaf etməsi fikrini söyləmişdir. O, yazırdı: “ Çılpaq daş qayalar üzərinə yaşıl mamır yapışır ki, o 
bir müddət sonra qaralır və torpağa çevrilir, torpaq zaman ərzində toplanaraq daha iri mamırın və başqa  
bitkilərin yetişməsinə xidmət edir”. 
Ölkənin təbii şəraitini tədqiq etmək məqsədilə Elmlər Akademiyası ekspedisiyalar təşkil edir və Rusiyanın 
geniş  ərazilərinin torpaq sərvətləri və  kənd təsərrüfatı haqqında ilk məlumatlar  əldə edilirdi. Ölkənin kənd 
təsərrüfatını öyrənməyi qarşısına məqsəd qoymuş Azad İqtisadi Cəmiyyətin (1765) təşkili ilə torpaqların tədqiqi 
daha da genişlənir. 
6. Aqrogeologiya, aqrokulturkimya və torpaq xəritəçiliyinin təşəkkül tapması və inkişafı mərhələsi. Qərbi 
Avropada XVIII əsrin sonu və XIX əsrin əvvəllərində torpaq haqqında iki – aqrogeoloji və aqrokulturkimyəvi 
təsəvvür yarandı.  
Aqrogeoloji istiqamətin  tərəfdarları (Fallu, Berendt, Rixtqofen və başqaları) torpağa aşınma nəticəsində 
bərk dağ süxurundan törəmiş yumşaq dağ süxuru kimi baxırdılar. Burada bitkiyə aşınma zamanı ayrılmış qida 
elementlərini mənimsəyən  passiv rol ayırmışdılar.  
Aqrikulturkimyəvi istiqamət A.Teyer, Y.Libix və başqalarının tədqiqatları ilə bağlıdır. Bu istiqamətin 
nümayəndələri torpağa qida elementlərinin mənbəyi kimi baxırdılar. Teyer tərəfindən bitkinin torpağın üzvi 
maddəsi humusla (humus nəzəriyyəsi) qidalanması  nəzəriyyəsi irəli sürülmüşdür. Torpağın elə ilk tərifi də 
Teyerə məxsus olmuşdur: “Yer səthinin yumşaq qatına torpaq deyilir. Onun əsas tərkibini silisium, humus, gil, 
əhəng, maqnezium, dəmir və başqa maddələr təşkil edir”. 
Libix 1840-cı ildə “Kimyanın  əkinçilik və bikti fiziologiyasına tətbiqi” adlı  əsərində bitkinin torpaqdan 
mineral qida maddələrini mənimsəməsi fikrini söyləyir. Libix torpağa yaranma və inkişaf prosesinə bağlı 
olmayan  təbii varlıq deyil,  kütlə kimi baxırdı. 
Aqrogeoloji və aqrokulturkimyəvi istiqamətlər torpaqşünaslığın bir elm kimi inkişafına  əsas vermədilər,  
çünki onlar torpağın xüsusi təbii-tarixi varlıq kimi yaranması haqqında elmi təsəvvürün formalaşmasına təsir 
etmədilər.  
Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra (1861-ci il) kənd təsərrüfatı getdikcə daha çox əmtəə 
xarakteri almağa başlayır.  İslahatlar kənd təsərrüfatında elmi və texniki nailiyyətlərin tətbiqinə güclü təkan 
verir. XIX əsrin sonlarında Rusiyanın kənd təsərrüfatı elmi tədqiqatlar qarşısında yüksək tələblər qoymağa 
başlayır və bu da kənd təsərrüfatı elminin, xüsusən də torpaqşünaslığın inkişafına şərait yaradır. 
XIX əsrin ikinci yarısında Rusiyanın Avropa hissəsinin quberniyalarında vergilərin müəyyənləşdirlməsi və 
taxıl ticarətinin genişləndirilməsi məqsədilə aqronomlar və iqtisadçılar tərəfindən həyata keçirilən torpaqların 
qiymətləndirilməsi ilə bağlı işlər geniş vüsət alır. Tədqiqatlar sorğu-statistik metod əsasında həyata keçirilirdi. 
Torpaq zonalarının sərhədləri göstərilməklə Rusiyanın Avropa hissəsinin xülasə  şəklində ilk torpaq xəritəsi 
(Veselovskiy, Vilson, Çaslavskiy) tərtib edilir. 
 7. Genetik torpaqşünaslığın yaranması mərhələsi. Torpaqşünaslıq bir elm kimi Rusiyada yaranmışdır. Bu 
ölkədə onun elmi əsaslarının və  tədqiqinin  əsas metodları  işlənmişdir. Rusiyanın zəngin və  rəngarəng torpaq 
örtüyü olan geniş  əraziləri və yaxşı inkişaf etmiş  əkinçiliyi torpağın hərtərəfli tədqiqinə marağın yaranmasını 
təmin edirdi. Torpaq örtüyünün öyrənilməsində yeni bir mərhələ olan elmi torpaqşünaslığın inkişafında 
bütövlükdə təbiətşünaslıq sahəsində, xüsusən də geologiya, kimya, bitki fiziologiyası və mikrobiologiyada əldə 
edilmiş nailiyyətlərin böyük əhəmiyyəti olmuşdur. 
V.V.Dokuçayev (1846-1903) torpaq haqqında yeni elmi təlimin – təbii-tarixi və ya genetik torpaqşünaslığın 
banisi olmuşdur. Azad İqtisadi Cəmiyyətin göstərişi ilə Rusiyanın Avropa hissəsinin qaratorpaqlarının tədqiqinə 
başlayarkən, V.V.Dokuçayev proqramda torpağın təbii torpaqəmələgətirən amillərin təsiri altında formalaşmış 
müstəqil təbii-tarixi varlıq kimi öyrənilməsinin yeni prinsiplərini göstərir. Proqramın təsdiq olunduğu tarix 
(mart, 1877) genetik torpaqşünaslığın yaranma tarixi kimi də qeyd edilə bilər. O, “Rus qaratorpağı” (1883) adlı 
çox mühüm əsərində bozqır bitkiləri altında formalaşmış qaratorpaqların bitki-yerüstü mənşəyini qəti  şəkildə 
əsaslandırır.  İlk dəfə qaratorpaqların morfoloji
 
profilini təsvir edir və onların coğrafi yayılmasını 
torpaqəmələgəlmə şəraiti ilə əlaqələndirir. 
V.V.Dokuçayev ilk dəfə müəyyən edib ki, torpaq – müstəqil təbiət cismidir və onun formalaşması beş təbii 
torpaqəmələgətirən amilin - iqlim, relyef, bitki və heyvanat aləminin, torpaqəmələgətirən süxurun və ölkənin 
yaşının mürəkkəb qarşılıqlı təsiri ilə baş verir. O, sübut etmişdir ki, torpaq zaman və məkan daxilində fasiləsiz 
dəyişir. 
V.V.Dokuçayev tərəfindən Torpaq (Nijneqorod və Poltava quberniyalarında) və Meşə departamentlərinin 
təşkil etdiyi ekspedisiyalarda qaratorpaq, boz meşə və çimli-podzollu torpaqların sonrakı tədqiqi bütün ekoloji 
şəraitləri nəzərə almaqla torpaqların öyrənilməsinin müqayisəli-coğrafi metodunun  işlənməsinə və torpaqların 
ilk elmi təbii-tarixi təsnifatının hazırlanmasına kömək etdi. Elə  həmin işlərdə V.V.Dokuçayev torpaq 

 
17
münbitliyinin müqayisəli qiymətləndirilməsinin təbii-tarixi prinsipini, “Bizim bozqırlar əvvəllər və indi” (1892) 
əsərində isə bozqırların simasının dəyişdirilməsindən, torpaqların su rejiminin yaxşılaşdırlmasından və 
quraqlığa davamlı bozqır əkinçiliyinin yaradılmasından ötrü tədbirlərin hazırlanmasını nəzərdən keçirir.  
V.V.Dokuçayev tərəfindən təbiətin yalnız ayrı-ayrı amil və hadisələrini deyil, onlar arasında qanunauyğun 
əlaqənin öyrənilməsinin zəruriliyi müddəası da irəli sürülmüşdür. O yazırdı ki, indiyə kimi “başlıca olaraq ayrı-
ayrı cisimlər – minerallar, dağ süxurları, bitki və heyvanlar – və hadisələr, alov (vulkanizm), su, yer, hava 
öyrənilmişdir, lakin onların münasibəti, qüvvələr, cisimlər və hadisələr arasında, canlı  və cansız təbiət 
arasında, bitki, heyvanat və mineral səltənətlər arasında mövcud olan genetik bağlılıq və həmişə qanunauyğun 
olan əlaqə öyrənilməmişdir. Məhz bu münasibətlər, bu qanunauyğun qarşılıqlı təsirlər təbiətin dərk edilməsinin 
mahiyyətini təşkil edir” (1899). Onun canlı  və cansız təbiət arasında  qanunauyğun  əlaqənin mövcud olması 
müddəası  təbii zonalar haqqında təlimin yaranmasına səbəb oldu. 
Təbii zonalar haqqında təlim təkcə torpaqşünaslığın deyil, bir-birinə çox yaxın elmlərin –geobotanika, fiziki 
coğrafiya, meşəçilik və geokimyanın sonrakı inkişafına güclü təsir göstərdi. 
V.V.Dokuçayev  şimal yarımkürəsi torpaqlarının təsnifat sxemini hazırlamışdı. Həmin sxemdə, hər biri 
müəyyən qrup torpaqların yayılması, aşınma prosesləri, qrunt, iqlim şəraiti, bitki və heyvanat aləmi,  relyefin 
xüsusiyyətləri ilə  səciyyələnən beş coğrafi zona (boreal, tayqa, qaratorpaq, areal, laterit) ayrılmışdı. 
V.V.Dokuçayev torpaqşünaslığın əsaslarını yaratmış, tədqiqat metodlarını işləmiş, torpaqəmələgəlmənin bir çox 
qanunauyğunluqlarını müəyyən etmiş  və torpağın effektiv münbitliyinin artırılmasına xidmət edən bir sıra 
praktiki tədbirləri təklif kimi irəli sürmüşdür. 
Torpaq haqqında təlim geologiya, geokimya, mineralogiya, geobotanika, meşəçilik,  əkinçilik, bitkiçilik, 
fiziki coğrafiya kimi elmlərin inkişafına böyük təsir göstərmişdir. 
V.V.Dokuçayev 225 çap vərəqi həcmində çox böyük ədəbi irs qoymuşdur. Onun “Rus qaratorpaqları” 
(1883), “Təbii zonalar haqqında təlimə dair” (1899), “Nijneqorod quberniyası torpaqlarının qiymətlən-
dirilməsinə dair
 
materiallar” (1884-1886), “Poltava quberniyası torpaqlarının qiymətləndirilməsinə dair 
materiallar” (1889-1894), “Bizim bozqırlar əvvəllər və indi” (1892) əsərləri daha məşhurdur. 
V.V.Dokuçayevin çoxsaylı  şagirdləri və ardıcılları arasında N.M.Sibirtsevin (1860-1900) işləri daha çox 
seçilir. O, torpaqşünaslığa dair ilk dərsliyin müəllifi olmuş, V.V.Dokuçayevin torpaq haqqında təliminin 
əsaslarını sistemləşdirmiş  və inkişaf etdirmişdir. N.M.Sibirtsev müxtəlif iqlim və relyef şəraitlərində bitki və 
dağ süxurlarının qarşılıqlı təsirini ön plana çəkməklə torpağın tərifini vermiş, torpaqəmələgətirən amilləri biotik 
və abiotik olmaqla iki qrupa ayırmış, torpaqların təsnifatını  dəqiqləşdirmış, torpaqların zonal, interzonal və 
azonal bölgüsünü müəyyən etmiş, “torpaq cinsi” anlayışını irəli sürmüş  və V.V.Dokuçayevin quraqlıqla 
mübarizəyə dair işlərini davam etdirmişdir. 
V.V.Dokuçayev məktəbinin inkişafı ilə eyni vaxtda rus alimi P.A.Kostıçev (1845-1895) tərəfindən də 
torpaqlar öyrənilirdi. O, aqronomik torpaqşünaslığın elmi əsaslarını yaratmış və torpaşünaslıqla əkinçiliyi bir-
birinə bağlayan bir sıra əhəmiyyətli nəzəri ümumiləşdirmələr aparmışdı. P.A.Kostıçyev torpağın əmələgəlməsi 
ilə bitkinin həyatı arasında sıx əlaqənin olduğunu qeyd edir və torpağı “ bitkinin əsas kök kütləsinin yayıldığı 
yerin üst qatı” kimi təyin edirdi. 
O, bitki qalıqlarının torpaqda parçalanması  və bu prosesdə mikroorqanizmlərin rolunun öyrənilməsi 
sahəsində böyük işlər görmüşdür. Bu tədqiqatlar torpaqda üzvi maddələrin öyrənilməsi ilə bağlı sonrakı işlərə 
güclü təsir etmişdir. P.A.Kostıçyev torpağın münbitliyində suyadavamlı aqreqatların  əhəmiyyətli rolunu və 
onun  əmələgəlməsində humusun iştirakını göstərmişdir. O, aqrotexnikanın bütün üsullarını torpağın xassələri  
və iqlim şəraitinin xüsusiyyətləri ilə  əlaqələndirməyi tövsiyə edirdi. P.A.Kostıçyev “Rusiyanın qaratorpaq 
vilayətinin torpaqları”  əsərində qara torpaqlarda və onunla yanaşı mövcud olan torpaqlarda humus-
əmələgəlmənin xüsusiyyətələrini nəzərdən keçirmiş  və torpaqəməlgəlmə proseslərinin elmi analizindən irəli 
gələrək onların münbitliyinin artırılmasından ötrü tədbirlər sistemi irəli sürmüşdür. 
Elmi genetik torpaqşünaslığın yaradılmasını müəyyən etmiş  V.V.Dokuçayev, P.A.Kostıçyev və 
N.M.Sibirtsevin fəaliyyəti ilə bağlı dövr, tarixə dokuçayev dövrü adı altında daxil olmuşdur.  
8. Torpaq haqqında Dokuçayev təliminin intensiv inkişafı, onun differenisasiyası  və torpaqşünaslıq 
daxilində müxtəlif istiqamətlərin yaranması  mərhələsi. Rus torpaqşünaslığının inkişafında yeni mərhələ XX 
əsrin ilk illərində, kənddə kapitalist münasibətlərinin yüksəlişi, təbəqələşmənin yaranması və kəndlilərin şərqə 
köçürülməsi ilə başlayır. Dokuçayev metodlarından istifadə etməklə geniş miqyasda torpaq tədqiqatları aparılır, 
Rusiyanın Avropa hissəsinin bir sıra quberniyalarının torpaq zemstvalarının Baş köçürmə idarəsinin maliyyə 
dəstəyi ilə Rusiyanın Asiya hissəsində kəndlilərin köçürülməsi üçün nəzərdə tutulmuş rayonlara ekspedisiyalar 
təşkil olunur. Bu tədqiqatlarda K.D.Qlinka, L.İ.Prasolov, S.S.Nestruyev, B.B.Polınov, N.A.Dimo və başqaları 
iştirak edirdilər. 
Qeyd edilən tədqiqatların səciyyəvi xüsusiyyəti – torpaqların genezisinin, təsnifat və nomenklaturasının 
izahında regional yanaşmaya üstünlük verilməsi idi. Bu zaman Regional torpaq məktəbləri yaranırdı. Eyni 
zamanda torpaqəmələgəlmə
 
prosesinin mahiyyətini açmaq və torpaqların su xassələrini öyrənmək məqsədilə 
torpaqların hərtərəfli kimyəvi və fiziki-kimyəvi tədqiqi aparılırdı. 

 
18
Bu dövrdə torpaqşünaslığın inkişafında K.D.Qlinkanın mühüm rolu (1867-1927) olmuşdur. O, Baş 
Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ 
süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. 
K.D.Qlinka torpaqşünaslığa dair 1908-ci ildə  nəşrdən çıxmış  və altı  dəfə  təkrar nəşr olunmuş fundamental 
dərsliyin müəllifi olmuşdur. K.D.Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) 
kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V.V.Dokuçayev 
adına Torpaqşünaslıq Institutunun təşkilatçılarından biri olmuşdur. K.D.Qlinka rus və sovet torpaqşünaslıq 
elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. 
P.S.Kossoviç (1862-1915) – torpaqların fiziki, kimyəvi və aqrokimyəvi xassələrinin öyrənilməsinin 
banilərindən biri olmuşdur. “Torpaq haqqında təlimin  əsasları” (1911), “Torpaqşünaslıq kursu” (1903),  
“Torpaqəmələgətirən amillər genetik torpaq təsnifatının  əsası kimi” (1910) əsərlərində müəllif torpaqlar 
haqqında məlumatları sistemləşdirməklə kifayətlənməmiş, torpaqların  əmələgəlməsi, təsnifatı  və  təkamülü 
haqqında orijinal ideyalar irəli sürmüşdür. P.S.Kossoviçin 1914-cü ildə,  əvvəlki müəlliflərin bioloji və 
aqronomik istiqamətli işlərindən fərqi “Torpaqşünaslıq” dərsliyi nəşr olunmuşdur. 
Rusiyada 1917-ci il inqilabından sonra torpaqların milliləşdirilməsi, sonradan torpaq üzərində kollektiv və 
dövlət mülkiyyəti formalarının yaranması torpaqşünaslığın inkişaf  şəraitini və onun nailiyyətlətinin xalq 
təsərrüfatında istifadəsinin xarakterini dəyişdi. Həmin dövrün ziddiyyətli xarakteri torpaqşünaslığın inkişafında 
da öz əksini tapmışdı. Sovet dövrünün torpaq qanunvericiliyi ilə torpaq ümümxalq, sosialist mülkiyyəti olub, 
alqı-satqı obyekti kimi götürülə bilməzdi. Bu da torpaqların bonitirovkasını  və iqtisadi qiymətləndirilməsini 
müəyyən çərçivəyə salırdı. Hətta XX əsrin 20-30-cu illərində “sosializmdə torpaq rentasının olmaması” və bu 
səbəbdən də dövlət torpaq kadastrı tərkibində torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi tədbirinin 
öz əhəmiyyətini itirməsi kimi yanlış nəzəriyyənin ortaya atılması və bəzi elmi dairələrdə, xüsusən də o dövrün 
nüfuzlu torpaqşünas alimi akademik V.R.Vilyams tərəfindən bu nəzəriyyənin müdafiə olunması həmin təlimin 
uzun müddət (50-ci illərin ortalarına kimi) inkişafdan qalmasına gətirib çıxarmışdı. Yalnız XX əsrin 50-ci 
illərinin ortalarında bu nəzəriyyənin yanlışlığı  məlum olduqdan sonra torpaqların qiymətləndirilməsi məsələsi 
yenidən aktuallıq kəsb etməyə başladı. Bununla belə, bu dövrdə istər bütövlükdə Sovetlər İttifaqında, istərsə də 
Azərbaycanda torpaqşünaslıq sahəsində dəyərli nailiyyətlər əldə edilmişdi. Keçən əsrin 20-ci illərində SSRİ  və 
müttəfiq respublikaların Elmlər Akademiyalarında torpaqşünaslıq üzrə dövlət elmi-tədqiqat müəssisələri təsis 
edilir, universitetlərdə  və  kənd təsərrüfatı ali təhsil məktəblərində torpaqşünaslıq kafedraları  şəbəkəsi xeyli 
genişləndirilir. Torpaqşünaslıq sahəsində  tədqiqatların koordinasiyası  və toplanmış materialların 
ümumiləşdirilməsi SSRİ EA-nın nəzdində yaradılmış V.V.Dokuçayev adına (1925) Torpaqşünaslıq İnstitutuna
 
həvalə edilir. Bütün bu tədbirlər torpaqşünaslığı  təşkilati baxımdan xeyli möhkəmləndirmiş  və  nəzəri 
tədqiqatların sonrakı inkişafı  və ölkə torpaqlarının kənd təsərrüfatının tələblərinə uyğun öyrənilməsi üçün 
möhkəm baza yaratmışdı.  
Təbiət elmləri arasında torpaqşünaslığın əhəmiyyətli rolu və nailiyyətlərini nəzərə alaraq 1927-ci ildə SSRİ 
EA-nın nəzdində xüsusi torpaqşünaslıq kafedrası  təsis edilir. Həmin il K.D.Qlinka, ilk torpaqşünas alim kimi 
EA-nın həqiqi üzvi seçilir. Sonrakı illər bu yüksək ada K.K.Hedroys, D.N.Pryanişnikov, V.R.Vilyams, 
N.M.Tulaykov, L.İ.Prasolov, B.B.Polınov, İ.V.Tyurin, Y.V.Peyva, İ.P.Gerasimov layiq görülür. 
1927-1930-cu illərdə Orta Asiya, Qazaxıstan, Qafqaz, Ukrayna və Belorusiyada geniş torpaq tədqiqatı 
işlərinə başlanılır. K.D.Qlinkanın redaktorluğu ilə SSRİ-nin Asiya (1927) və Avropa (1930) hissələrinin torpaq 
xəritələri tərtib edilir, torpağın fizikası, kimyası, biologiyası, genezis təlimi, torpağın coğrafiyası  və 
kartoqrafiyası inkişaf etdirilir. 
Sovet torpaqşünaslığının bu dövründə K.K.Hedroys tərəfindən torpaq kolloidlərinin torpaqəmələgəlmədə 
və torpaq münbitliyində rolunun tədqiqi əsasında torpaqların uduculuq qabiliyyəti haqqında təlimin yaradılması 
əhəmiyyətli nəzəri töhvə idi. 
K.K.Hedroys (1872-1932) torpaqların kolloid xassəsinin dərin təhlilini vermiş  və onların kənd təsərrüfatı 
bitkilərinin inkişafında  əhəmiyyətini göstərmiş, həmçinin turş torpaqların  əhəngləşdirilməsi və fosforit-
ləşdirilməsi,  şorakətlərin gipsləndirilməsi və s. ilə bağlı  tədbirlərin nəzəri  əsaslandırılmasını  işləmişdir. 
K.K.Hedroysun “Torpağın uduculuq qabiliyyəti haqqında təlim”, “Torpaqların kimyəvi analizi”, “Şorakətlər və 
onların mənşəyi” kimi əsərləri torpaqşünaslıq və aqrokimyanın inkişafında əhəmiyyətli mərhələ olmaqla yanaşı 
bu əsərlərdə torpaqəmələgəlmə proseslərinin və torpaqların kimyəvi meliorasiyası metodlarının fiziki-kimyəvi 
mahiyyəti haqqında müasir baxışların əsası qoyulmuşdur. 
Torpağın coğrafiyasının, ekologiyası  və  təkamülünün inkişafında S.S.Nestruyevin (1874-1928) “Torpaq 
coğrafiyasının elementləri” və “Torpaqlar və eroziya tsiklləri”  əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Bu 
kitablarda V.V.Dokuçayevin torpaqəmələgətirən amillər haqqında ideyaları inkişaf etdirilmişdir. 
XX əsrin 30-cu illərində torpaqşünaslığın sovet dövrü özünün növbəti inkişaf mərhələsinə qədəm qoyur. Bu 
dövrdə bütün ölkə ərazisində yerquruluşu məqsədlərindən ötrü geniş torpaq tədqiqat işləri həyata keçirilir və bu 
tədqiqatların prinsip və metodları  təkmilləşdirilirdi (L.İ.Prasolov, K.P.Qorşenin, A.A.Krasyuk və b.). Eyni 
zamanda geniş sahələrdə aqrokimyəvi tədqiqatlar aparılırdı (D.N.Pryanişnikov, A.N.Sokolovskiy, 

 
19
N.P.Karpinskiy, V.A.Fransesson və b.). 
Bu dövrdə  kənd təsərrüfatının planlaşdırılması  məqsədilə SSRİ-nin torpaq resurslarının ümumi uçotu 
aparılır, meliorativ torpaqşünaslığın  əsasları qoyulur (B.B.Polınov, L.P.Rozov, V.A.Kovda, İ.N.Antipov-
Karatayev). İlk ümumiləşdirici əsər - “SSRİ-nin torpaqları” kitabı nəşr olunur. Sovet torpaqşünasları beynəlxalq 
səhnəyə  çıxırlar. Onlar Vaşinqtonda 1927-ci ildə Torpaqşünasların I Beynəlxalq konrqesində  iştirak edir və 
1932-ci ildə Moskva və Leninqrad şəhərlərində torpaqşünasların II Beynəlxalq konqresini təşkil edirlər. 
Bu dövrdə V.R.Vilyamsın genetik və aqronomik torpaqşünaslıq sahəsində, torpaqşünaslıq və  əkinçilik 
arasında dərin əlaqəni aşkarlayan nəzəri tədqiqatları xüsusi əhəmiyyət kəsb etməyə başlayır. 
Torpaqşünaslıqda bioloji istiqamət yaratmış ən görkəmli sovet alimi, torpaqşünas - aqronom V.R.Vilyams 
(1863-1939) – torpaqşünaslıq elmində V.V.Dokuçayevin genetik konsepsiyası ilə P.A.Kostıçevin torpaq-
aqronomik konsepsiyasını birləşdirmişdir. O, bitki formasiyalarının, ilk növbədə ali yaşıl bitkilərin və 
mikroorqanizmlərin torpağın genetik profilinin və münbitliyinin formalaşmasında aparıcı rolunu göstərmişdir. 
V.R.Vilyamsa görə maddələrin kiçik bioloji dövranı sistemində üzvi maddələrin sintezi və parçalanması 
proseslərinin dialektik qarşılıqlı təsiri torpaqəmələgəlmənin mahiyyətini təşkil edir. Bu müddəadan irəli gələrək 
V.R.Vilyams torpaqəmələgəlməyə bioloji mahiyyətinə görə vahid və Yer səthində  həyatın təkamülü ilə bağlı 
olan və  hər bir geoloji dövrdə özünü konkret torpaqlarda əks etdirən proseslərin miqyasına görə möhtəşəm 
hadisə kimi baxırdı. Onun tədqiqatlarında humusun tərkibinə, spesifik humus maddəsinin yaranmasına və 
torpağın formalaşmasında onun roluna daha çox diqqət yetirilmişdir. Bu tədqiqatlar Tyurinin işlərinə və onun 
torpağın üzvi maddəsinin öyrənilməsi sahəsində yaratdığı elmi məktəbin sonrakı inkişafına güclü təkan 
vermişdir. V.R.Vilyamsın torpaqəmələgəlmə prosesləri nəzəriyyəsi sahəsində baxışları torpağın genezisi ilə 
bağlı baxışların da inkişafına təsir etmişdir. 
Çəmənçiliyin əsas problemləri və çəmən bitkiləri ilə torpaq (çimləşmə prosesi) arasında qarşılıqlı təsirlərin 
öyrənilməsi V.R.Vilyamsın tədqiqatları arasında xüsusi yer tutur. Onun tərəfindən dənli və paxlalı çoxillik 
çəmən bitkilərinin torpaqda humusun toplanmasında, aqronomik baxımdan dəyərli strukturun yaranmasında və 
bütövlükdə münbitliyin formalaşmasında rolu öyrənilmişdir. V.R.Vilyams münbitliyə torpaqəmələgəlmə prosesi 
nəticəsində yaranan və torpağı ana süxurdan fərqləndirən ən vacib xassə kimi baxırdı. O, torpaq münbitliyinin 
mahiyyətini, bitkinin həyat amillərinə (işıq, istilik, su, hava, qida elementləri və s.) olan tələbi baxımdan, daha 
dərindən dərk etməyə çalışırdı. O, bu amillər içərisində, aqrotexniki və meliorativ tədbirlər vasitəsilə daha asan 
idarə olunduğuna görə su və qidanın  əhəmiyyətini xüsusi qeyd edirdi. Bu baxımdan V.R.Vilyams kənd 
təsərrüfatı bitkiləri becərilərkən tələbləri maksimum təmin etməkdən ötrü bitkilərin bütün həyat amillərinə eyni 
vaxtda təsir etməyin zəruriliyini qeyd edirdi. 
V.R.Vilyams genetik torpaqşünaslıq və torpaq münbitliyinin tədqiqi ilə bağlı mövqeyini kənd təsərrüfatının 
praktiki məsələlərinə, xüsusən də ottarlalı  əkinçilik sisteminin tətbiqinə bağlayırdı. V.R.Vilyamsın canlı 
orqanizmlərin torpaqəmələgəlmədə rolu, torpaqəmələgəlmə prosesinin mahiyyəti və ayrı-ayrı konkret 
proseslərin təbiəti, maddələrin kiçik bioloji dövranı, torpaq münbitliyi, torpağın humusu və strukturu haqqında 
daha əhəmiyyətli və orijinal fikirlər söyləmişdir. 
İkinci dünya müharibəsindən sonra sovet torpaqşünaslığının inkişafı  nəzəri axtarışların növbəti yüksəlişi, 
bütün ölkə ərazisində irimiqyaslı torpaq tədqiqatlarının aparılması, torpaqşünaslıqda bioloji istiqamətin inkişafı 
ilə səciyyələnmişdir.  
9. Torpaqşünaslığın sürətli inkişafı,  yeni-yeni sahələrin və  təlimlərin yaranması  mərhələsi . Bu dövr 
İkinci dünya müharibəsindən sonra başlayaraq XX əsrin 90-cı illərinə kimi davam edir. Bu dövrün ən 
əhəmiyyətli nailiyytələri aşağıdakılar olmuşdur: 
Yer kürəsinin torpaq-bioiqlim qurşaqları  və vilayətləri, torpaq zonaları, fatsiya və  əyalətləri haqqında 
bioiqlim  əsaslarda ümumi torpaq-coğrafi təlimin işlənməsi (L.İ.Prasolov,  İ.P.Gerasimov, E.N.İvanova, 
N.N.Rozov və  b.).  Bu  tədqiqatlar dünyanın torpaq örtüyünün tədqiqat materiallarının xəritəçilik baxımından 
ümumiləşdirilməsində və “SSRİ-nin torpaq-coğrafi rayonlaşdırılması”nda öz əksini tapmış və SSRİ və dünyanın 
torpaq ehtiyatlarının uçota alınmasında baza kimi çıxış etmişdir; 
V.İ.Vernadskinin biogeokimyəvi ideyaları  əsasında torpaq örtüyü təkamülünün öyrənilməsində,  ərazinin 
meliorativ qiymətləndirilməsində və faydalı qazıntıların axtarışında böyük əhəmiyyət kəsb edən aşınma qatı və 
landşaftın geokimyası haqqında ümumi təlimin işlənməsi (B.B.Polınov, V.A.Kovda, M.A.Qlazovskaya və b.); 
D.N.Pryanişnikov tərəfindən bitkilərin qidalanması sahəsində iri nəzəri məsələlərin işlənməsi, gübrələrin 
tətbiqi və ölkədə aqrokimyəvi xidmətin yaradılması ilə aqrokimya elminin sonrakı inkişafı; 
torpağın üzvi maddəsinin (İ.V.Tyurin, M.M.Kononova, L.N.Aleksandrova, V.V.Ponomaryova, D.S.Orlov 
və b.), torpaq proseslərinin və rejimlərinin (A.A.Rode, İ.N.Skrınnikova,  İ.S.Kauriçev, E.A.Afanasyev və b.), 
torpağın aqrofiziki və meliorativ ( N.A.Kaçinskiy, V.A.Kovda, L.P.Rozov, V.V.Yeqorov və b.), fiziki-kimyəvi 
və kimyəvi xassələrinin öyrənilməsi (A.N.Sokolovskiy, İ.N.Antipov – Karatayev, N.İ.Qorbunov, N.Q.Zırin və 
b.) əsasında genetik və torpaq-aqronomik tədqiqatların inkişafı; 
SSRİ torpaqlarının vahid təsnifatının, torpaq xəritəşünaslığı metodlarının təkmilləşdirilməsi 
(İ.P.Gerasimov, Y.N.İvanova, N.N.Rozov, B.M.Fridland və b.), torpaq örtüyü strukturunun öyrənilməsi 

 
20
(V.M.Fridland), torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsi; 
Sibir və Uzaq Şərq torpaqlarının, müttəfiq respublikaların torpaqlarının öyrənilməsi sahəsində regional 
tədqiqatların inkişafı; 
tropik və subtropik qurşaqların torpaq örtüyünün öyrənilməsində sovet alimlərinin geniş  iştirakı  və bu 
ərazilərin torpaqlarının genezisi, coğrafiyası  və  səciyyəsinə  həsr edilmiş monoqrafiyaların yazılması 
(M.A.Qlazovskaya, S.V.Zonn və b.). 
Bu mərhələdə torpaqlardan səmərəli istifadə edilməsində, meliorasiya məqsədlərindən ötrü düzgün 
qiymətləndirilməsində, gübrələrdən səmərəli istifadədə, eroziya ilə mübarizə  və torpaqların mühafizəsi 
məsələlərində torpaqşünaslığın rolu xeyli artmışdır. Bu mərhələnin digər  əlamətdar cəhəti torpaqşünaslığın 
müxtəlif istiqamətlərində, ilk növbədə torpaq xəritəçiliyi sahəsində beynəlxalq  əməkdaşlığın ilk müsbət 
nəticələrinin (FAO-YUNESKO-nun sifarişi ilə dünyanın torpaq xəritəsinin tərtib edilməsi) ortaya çıxmasıdır.  
10. Torpaqşünaslığın  ən müasir inkişaf və beynəlxalq  əməkdaşlıq mərhələsi. Sovet İttifaqı dağıldıqdan 
sonra müstəqil respublikalarda, o cümlədən rus və sovet torpaqşünaslıq məktəbləri ilə çox sıx bağlı olan 
Azərbaycanda torpaqşünaslıq elmi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu haqda növbəti fəsildə daha 
ətraflı məlumat veriləcək.  
Bu dövrün əlamətdar xüsusiyyəti torpaqşünaslıq sahəsində beynəlxalq  əməkdaşlığın daha da güclənməsi, 
dünya üzrə torpaqların vahid təsnifat, diaqnostika və nomenklaturasının yaradılması sahəsində beynəlxalq 
koordinasiyanın yaranması olmuşdur. 
Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin