Press-reliZ 21 Aprel 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 35.99 Kb.
tarix13.02.2017
ölçüsü35.99 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
21 Aprel 2011-ci il

Bakı, Azərbaycan



  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • LONDANDA VƏ PARİSDƏ EYNULLA FƏTULLAYEVƏ AZADLIQ TƏLƏBİ İLƏ AKSİYALAR KEÇİRİLİB

  • BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  •   BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ APRELİN 28 -DƏ DAVAM EDƏCƏK

  • NEFT AKADEMİYASINDAN QOVULMUŞ TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQLƏ ÜZLƏŞİB



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) məhbus jurnalist Eynulla Fətullayevin həbsdə qalmasından və onun azadlığa buraxılması haqqında Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməyindən narahatdır.

“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsinin dünən 5-ci ili başlayıb. Ötən il aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi isə onun dərhal azadlığa buraxılması haqqında qərar çıxarıb. Bununla belə, Fətullayev hələ də həbsdədir və ona, eyni zamanda ailəsinə qarşı ən müxtəlif təzyiqlər davam edir. Bundan əlavə, Strasburq Məhkəməsinin qərarı ilə jurnalistə ödənilməli olan kompensasiyanın qəsdən verilməməyi aşkar şəkildə görünür.


RATİ hesab edir ki, hakimiyyət Fətullayevi həbsdə saxlamaqla ölkənin elə də yüksək olmayan imicinə davamlı olaraq zərbə vurur. Fətullayevin qəsdən həbsdə saxlanılması heç kimdə şübhə doğurmadığından bu hal həm yerli, həm də beynəlxalq qanunvericiliyə açıq-aşkar hörmətsizlikdir. Nəticədə Azərbaycanın söz və ifadə azadlığı sahəsində üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmir və Avropa hüquq sisteminə tam etinasızlıq nümayiş etdirilir.

RATİ bəyan edir ki, qeyd edilən mənfi halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu səbəbdən RATİ Azərbaycan hakimiyyətindən Fətullayevi dərhal azad etməyi və ona müvafiq kompensasiyanın ödənilməsini tələb edir. RATİ beynəlxalq ictimaiyyəti Fətullayevin dərhal azadlığa çıxması üçün səylərini artırmağa və buna nail olunmayacağı təqdirdə Azərbaycan hakimiyyətinə qarşı müvafiq sanksiyaların tətbiqinə nail olmağa çağırır.


LONDANDA VƏ PARİSDƏ EYNULLA FƏTULLAYEVƏ AZADLIQ TƏLƏBİ İLƏ AKSİYALAR KEÇİRİLİB

            Aprelin 20-də Azərbaycanın Londondakı səfirliyinin qarşısında jurnalist Eynulla Fətullayevin azad olunması tələbi ilə  aksiya keçirilib. Aksiyanı hüquq müdafiəçiləri təşkil edib.

   Üzlərinə “Fətullayev” maskaları taxmış fəallar Azərbaycan və “Eynullaya azadlıq!” şüarını səsləndiriblər.

             Nümayişi Londonda yerləşən 5 təşkilat - Amnesty İnternational, Article 19, English PEN, İndex on Censorship və Media Müxtəlifliyi İnstitutu təşkil edib.

             Bu qurumların bəyanatında deyilir ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-dən tənqidçi-təhqiqatçı jurnalist fəaliyyəti ilə əlaqədar bir çox siyasi motivli ittihamlarla həbsə alınıb.

            Article 19 təşkilatının nümayəndəsi Rebecca Vincent BBC Azərbaycan xidmətinə verdiyi müsahibəsində Azərbaycanı İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

             “Avropa Məhkəməsi onun azad olunmasını istəyib, biz də Azərbaycan hökumətindən eyni şeyi istəyirik”, - deyə  Rebecca Vincent vurğulayıb. 

            Nümayişçilər tələblərini Britaniyadakı Azərbaycan səfirliyinə təqdim ediblər.

             Eyni vaxtda bir qrup jurnalist və hüquq müdafiəçisi analoji tədbiri Azərbaycanın Parisdəki səfirliyi qarşısında keçirib. Tədbirin təşkilatçısı mühacirətdə olan “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil olub.

             30-a yaxın aksiya iştirakçısı əllərində təqib olunan jurnalistlərin fotolarını tutub və “Eynulla Fətullayeva azadlıq!” şüarını səsləndiriblər.

             Hər iki tədbir Fətullayevin həbsinin 4-cü ildönümünə həsr olunub.

            Xatırladaq ki,   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib. Hazırda isə jurnalist saxta narkotik ittihamı ilə həbsdə saxlanılır.



BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Aprelin 20-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və 2011-ci il aprelin 16-da vəfat etmiş oğlu Emil Məmmədovun Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə  prosesi keçirilib. Bu barədə bu gün (21 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) mərhum jurnalistin ailə üzvlərinin vəkili Ramiz Məmmədov məlumat verib.

Vəkil Ramiz Məmmədovun sözlərinə görə, prosesdə ilk olaraq, məhkəmə tərəfindən prosesə dəvət edilən Tibb Universitetinin Ekspertiza Şöbəsinin rəhbəri Zahid Məmmədov ifadə verib. O, ifadəsində mərhum jurnalistin barəsində verilən tibbi rəylərin düzgün olmasını bildirib.

İddiaçıların vəkili R. Məmmədov isə N.Məmmədovun beyin qansızması ilə bağlı verilən tibbi rəylərin əsassız hesab və qanunsuz olduğunu, həmçinin mərhum jurnalistin müalicə müəssisəsinə daxil olarkən soyuqdəyməsi olsa da, bu faktın heç bir tibbi vərəqədə qeyd olunmadığını və onun müalicəsinə laqeyd münasibət göstərildiyini qeyd edib.

Daha sonra hakim İ. Dəmirov prosesi 29 aprel saat 10:30-a qədər təxirə salıb.

            Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

            Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun beyin qansızması nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.

  BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ APRELİN 28 -DƏ DAVAM EDƏCƏK

Aprelin 21-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi baş tutmayıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Bəxtiyar Hacıyevin  vəkili   Elçin Namazov  məlumat verib.

            Vəkilin sözlərinə görə, prosesin keçirilməməsinin səbəbi müdafiə tərəfi olaraq, iş üzrə bir sıra sənədlərin, vəsatətlərin hazırlanması və bu səbəbdən də müdafiə tərəfin prosesdə iştirak edə bilməməsidir. Məhkəmə prosesi də aprelin 28-də saat 11:00-da keçiriləcək.

          Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq mühafizə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub. 

NEFT AKADEMİYASINDAN QOVULMUŞ TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (21 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim hakim Sevda Hüseynovanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə Elmin Bədəlovun ADNA-ya və onun rektoru Siyavuş Qarayevə qarşı ikinci məhkəmə iddiası üzrə Nəsimi rayon Məhkəməsinin 2 fevral 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlovun özü məlumat verib.

Onun sözlərinə görə, prosesdə özü və nümayəndəsi Fariz Namazlı, cavabdeh qismində isə vəkil  İlqar Cavadov və ADNA-nın neft-mexanika fakültəsinin dekanı Qasım Məmmədov iştirak edirdilər.

E. Bədəlov bildirdi ki, ADNA rəhbərliyi bir daha onu müxalifət qəzetində işləməsinə görə qınayıb: “Bu bir faktdır. Akademiyanın tərtib etdiyi protokolda məni müxalifət qəzetində işlədiyimə görə günahlandırıblar. Həmin protokolu da bir fakt kimi məhkəməyə təqdim etdik”, – deyən E. Bədəlov hakim S. Hüseynovanın növbəti prosesi 12 may saat 14:00-a təyin etdiyini bildirdi.

Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib. ADNA və onun rektoruna qarşı ikinci məhkəmə iddiasını Nəsimi rayon Məhkəməsi 2 fevral 2011-ci ildə təmin etməyib.

BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQLƏ ÜZLƏŞİB


Aprelin 19-da “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov peşə fəaliyyətini yerinə yetirərkən Prezident Aparatının qarşısında fiziki hücuma məruz qalıb.

R. İbrahimovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, Prezident Administrasiyasının (PA) qarşısında “Nur-Ay” MMC rəhbərliyindən narazı olan payçıların keçirdikləri aksiya zamanı polis çavuşlarının fiziki təzyiqinə məruz qalıb:

“Prezident Administrasiyasının qarşısında olan aksiyada polislər zor və təziqdən istifadə edirdilər. Bu zaman huşunu itirən və ürəyi gedən iki qadın oldu. Bunlardan birinin telofonla fotosunu çəkməyə cəhd edərkən çavuş polislərdən biri dizi ilə ayağıma zərbə endirdi. Bir başqası isə mənə hədə-qorxu gələrək dedi ki, sizdən, yəni jurnalistlərdən kişi olmayıb, olsaydınız payınızı yaxşı verərdik. Baş verənləri adını və soyadlarını deməyən polis polkovnik-leytenantına, mayorlara və kapitanlara müraciət etdim. Onlar həmin polisləri buradan uzaqlaşdırmaqla işlərini bitmiş hesab etdilər”, - deyə jurnalist bildirdi.

R. İbrahimov onu da qeyd etdi ki, hələ aksiya yerinə gələn kimi fotoaparatı və diktafonunu Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşları tərəfindən əlindən alınıb və hələ də ona qaytarılmayıb. O, bu hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi əhəmiyyətsiz hesab edir:

“Bu ilin 9 fevralında Prezident Aparatı qarşısında Xüsusi Dövlət Mühafizə Xidmətinin polkovnikin məni döyməsi, bununla bağlı olaraq baş prokuror Zakir Qaralova və daxili işlər nazirinin müavini Vilayət Eyvazova, eləcə də Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət etməyimə baxmayaraq, buna laqeyd münasibət göstərildi və hələ də hər hansı tədbir görülməyib ”, - deyə jurnalist şikayət etməyəcəyini bu səbəblə əsaslandırmağa çalışdı.

Xatırladaq ki, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov 26 noyabr 2010-cu ildə “Qış parkı”  layihəsi əsasında  Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 73 ünvanında evlərin  sökülməsi ilə  əlaqədar foto  çəkiliş apararkən,  BŞİH –nin əməkdaşı  tərəfindən də fiziki təzyiqə məruz qalıb və bununla əlaqədar da kimsə cəzalandırılmayıb.

Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

 

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN



 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Каталог: groups -> 19747944
19747944 -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why
19747944 -> Press-reliZ 17 mart 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 20 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 01 iyul 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 iyun 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 26 noyabr 2009-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 16 aprel 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 25 fevral 2010-cu IL Bakı, Azərbaycan


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə