Orqanizmin qeyri-spesifik humoral müdafiə amilləri Plan



Yüklə 16,34 Kb.
tarix07.01.2024
ölçüsü16,34 Kb.
#211840
immunologiya3


Orqanizmin qeyri-spesifik humoral müdafiə amilləri
Plan
1. Qeyri-spesifik humoral amillərinin növləri.
2. Komplement sistem haqqında anlayış.
3. Lizosim, transferrin, C-reaktiv zülalı, kininlər, sitokinlər haqqında ümumi anlayış.
İstifadə edilən ədəbiyyat
Qarayev Z. və Qurbanov A. “Tibbi mikrobioogiya və İmmunologiya” . Bakı-2010

Qeyri-spesifik müdafiə amilləri ixtisaslaşmış və ixtisaslaşmamış, humoral və hüceyrəvi olmaqla müvafiq tiplərə bölmək olar. Humoral amillər- həll olunmuş maddələrdən, hüceyrəvi amillər isə nüxtəlif hüceyrələrdən ibarətdir.


Orqanizmin bütün toxumalarında və qanda çoxsaylı qeyri-spesifik humoral amilləri mövcuddur. Onlar adətən antimikrob təsirə malik olur, yaxud immunitetin digər amillərinin aktivləşməsində iştirak edirlər. Qeyri-spesifik humoral müdafiə amillərinə sekretor immunoqlobulinlər, komplement sisteminin zülalları, lizosim, C-reaktiv zülal, transferrin,interferon(İFN) və s. aiddir. Bu amillər təkcə fiziki-kimyəvi xüsusiyyətlərinə görə deyil, bu və ya digər mikroorqanizmlərə qarşı aktivliyinə, biosintez xüsusiyyətlərinə, orqanizmdə fəaliyyət müddətinə, mənşəyinə və s.görə fərqlənirlər. Onlardan bəziləri-komplement sistem adətən aktiv olmayıb, ancaq bu sistemə daxil olan komponentlərin ardıcıl qarşılıqlı çevrilmələri nəticəsində immunoloji aktivlik qazanırlar.
Komplement. Təxminən 130 il öncə V.İsayev və R.Pfeyfer heyvanlardan əldə edilmiş təzə qan zərdabının bakteriolitik xassəyə malik olmasını aşkar etmişlər. Bu antimikrob zərdab sonralar aleksin və ya komplement adlandırılmışdır. Müasir təsəvvürlərə görə, komplement sistemi 20-dən çox termostabil və termolabil komponentlərdən ibarətdir. Komplement sisteminin bioloji rolu kifayət qədər genişdir, ancaq onun əsas funksiyası hüceyrələri lizisə uğratmaqdır. Komplement sistemi 3 qrup zülal yığımı formasında təsəvvür etmək olar. Bunlardan ilk ikisi müxtəlif yollarla C3-komponentin aktivləşməsini təmin edir. Bu komponent opsonin xüsusiyyətinə malik olaraq faqositozda iştirak edir. Fraqmentlərdən biri C3-C3b zülalların üçüncü toplumunu (C5-C9) aktivləşdirir. Sonuncu öz növbəsində hədəf hüceyrənin membranına təsir edərək onun osmotik lizisinə səbəb olur.
Komplement sisteminin aktivləşməsi üç –klassik, alternativ və lektin yola baş verə bilər. Klassik yolla aktivləşmə komplement sisteminin birinci komponentinin (C1) antigen-anticisim kompleksi ilə birləşməsi nəticəsində baş verir.
Komplementin alternativ yolla aktivləşməsi üçün anticisimlərin iştirakına ehtiyac olmur. Bu yol qram mənfi mikroblardan müdafiə üçün xarakterdir. Alternativ yolda kaskad reaksiyalar antigenin B, D və P (porpepdin) zülalları ilə birləşməsi və C3 komponentinin aktivləşməsi ilə başlayır, sonra reaksiya klassik yolda olduğu kimi gedir – membran həmləedici kompleks əmələ gəlir.
Komplementin lektin yolla aktivləşməsi də anticisimlərin iştirakı olmadan gedir. O, qan zərdabının xüsusi mannoza birləşdirən zülalı ilə induksiya olunur ki, bu da mikrob hüceyrələri səthindəki mannoza ilə qarşılıqlı təsirdə olaraq C; komponentin kataliz edir. Reaksiyaların sonrakı kaskadı klassik yolda olduğu kimidir.
Lizosim – lizosomal fermentdir, eyni zamanda muramidaza da adlandırılır. Lizosim 129 amin turşudan təşkil olunmuşdur, ferment təbiətlidir. O, bakteriyaların hüceyrə divarında N-asetilmuramin turşusunun 1-ci karbon atomu və N-asetilqlükozaminin 4-cü karbon atomunu birləşdirən qlükozid rabitəsini parçalayır. Nəticədə bakteriyaların hüceyrə divarının sintezi pozulur və mikroorqanizmlər ancaq sitoplazma ilə əhatə olunmaqla sferoplastlara və ya protoplastlara çevrilirlər. Qram mənfi mikroorqanizmlərdə murein tək qatdan ibarətdir və tərkibində lipidlər olduğundan onu lizosimin təsirindən qoruyur. Qram müsbət mikroorqanizmlərdə hüceyrə divarının əsas hissəsini çoxqatlı murein təşkil edir, ona görə də onlar lizosimin təsirinə daha çox həssasdırlar.
İnsanlarda lizosim yüksək miqdarda toxumalarda – qığırdaqlarda və mədədə, az konsentrasiyada – bağırsaqda, böyrəklərdə, qaraciyərdə, badamcıqlarda və beyində təsadüf edilir. Sağlam səxslərdə onurğa beyni mayesində aşkar edilmir, göz yaşında onun miqdarı qan zrədabında olduğundan 100-160 dəfə çox olur.
Lizosim başlıca olaraq monositlər, makrofaqlar və neytrofillərdə sintez olunur. Orqanizmdə lizosimin sintezində sümük iliyi hüceyrələri də mühüm əhəmiyyət kəsb edir.
Transferrin (“daşıma amili”). Qan zərdabının qlobulin fraksiyasına aid olub, dəmiri birləşdirmək qabiliyyətinə malikdir. Normada üçvalentli dəmirlə 20-30 faiz miqdarında doymuş olur. Transferrinin funksiyası adsorbsiya olunmuş dəmiri, eləcə də tərkibində dəmir olan digər zülallarların sintez olunduğu hüceyrələrə daşımaqdan ibarətdir. Transferrin öncə retikulositlərin reseptorlarına absorbsiya olunur, sonra hüceyrəyə daxil olaraq dəmiri hemoqlobilinsintezedici sistemlərə transfer edir.
Tranferrinin dəmiri birləşdirmək qabiliyyəti onun bakteriostatik təsirinin əsasını təşkil edir, başqa sözlə qana daxil olmuş mikroorqanizmlər dəmirin konsentrasiyasının azlığı şəraitində kifayət qədər inkişaf edə bilmirlər. Transferrinin dəmirbirləşdirmə qabiliyyəti süni olaraq artırılması, zərdabın antimikrob aktivliyinin artması iə nəticələnir.
C-reaktiv zülal (CRZ). Təbii rezistenlik amillərinə qanın və toxumaların bir sıra zülalları da aiddir. Bu amillər anticisimlərlə, komplement sistemilə, faqositlərlə və immunokompetent hüceyrələrlə qarşılıqlı əlaqədə olurlar. Kəskin faza zülalları adlandırılan maddələrin miqdarı kəskin iltihabbi proseslər zamanı qan zərdabında kəskin şəkildə artır. Bu zülallardan biri də C-realtiv zülaldır. Pnevmokokların hüceyrə divarındakı C-polisaxaridlərilə reaksiya qabiliyyətinə malik olduğundan o, C-reaktiv zülal adlandırılmışdır.
İnsanlarda CRZ-ni hasil edən hüceyrələr kifayət qədər öyrənilməmişdir. Bəzi müəlliflərin fikrincə bu zülal iltihabi proseslərin qeyri-spesifik məhsullarıdır. O, müxtəlif toxumalarda sintez oluna bilər və müxtəlif orqanların hüceyrələrinin zədələnməsi nəticəsində passiv olaraq qana daxil olur. Digər tədqiqatçıların fikrincə, bu zülalın əsas mənşəyi makrofaqlar, neytrofillər və hepatositlərdir.
Kininlər- qələvi proteinlərdir. Plazma, yaxud toxumalarda daha böyük molekullu zülallardan(kininogenlərdən) xüsusi fermentlərin- kallikreinlərin təsirilə qanın laxtalanma prosesinin aktivləşməsi və proteoliz nəticəsində əmələ gəlirlər. Bütün kininlər damarların tonusunu dəyişir, arterial təzyiqi azaldaır, leykositlərdən həllolan amillərin sekresiyasını təmin edirlər. Bradikinin damarların keçirmə qabiliyyətini və prostaqlandininlərin seksresiyasını artırır.
Sitokinlər. Son illər müxtəlif infeksion və imun proseslərdə sitokinlərin rolu intensiv öyrənilməkdədir. Zülal təbiətli kiçikmolekullu immunomediatorlar olan sitokinlər əsasən immun sistem hüceyrələri tərəfindən sintez edilərək hüceyrələrarası qarşılıqlı əlaqələrin yaradılmasını təmin edir. Orqanizmdə antigen stimulu olmadıqda demək olar ki, sintez edilmir. Müvafiq hüceyrələr antigen stimulu aldıqdan sonra onlarda müvafiq sitokin genlərinin induksiyası və sitokinin sintezi başlayır. Bioloji təsir və struktur xüsusiyyətlərinə görə interleykinlər (İL), interferonlar (İFN), şiş nekrozu amilləri (ŞNA) və s. sitokinlər fərqləndirilir.

Yüklə 16,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin