MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə91/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

Təfsirçinin təfsiri


Şeylərə qəlbinin gözü ilə baxmayan insan yanılmışdır və məzəmmət olunmalıdır.

İnsanı insan edən onun təhsilidir. Heç bir bəşər övladı, hətta ən vəhşi insan belə, təhsildən tamamilə təcrid olunmamışdır. Dünyaya göz açdığı vaxt­dan insanın mövcudluğu təhsil olmadan mümkün deyil. Əgər insanın təhsilsiz mövcud ola biləcəyini qəbul etsək belə, bu halda onun həyatı heyvanların həyatından daha iyrənc və rəzil olar. Təhsil, istər bitkilər, hey­van­lar, istərsə də insanlarla əlaqədar olsun, təbiətlə mübarizəyə və onu ram etməyə xidmət edir.


Təhsil əgər yaxşıdırsa, naqisliyi kamilliyə, nanəcibliyi nəcibliyə çe­vi­rir. Təhsil yaxşı olmadıqda isə təbiətin ümumi durumuna təsir edir, tənəzzül və düşkünlüyə səbəb olur. Bunu kənd təsərrüfatı və heyvandarlıq mü­tə­xə­s­sislərinin, müəllimlərin, mülki idarəçilərin və dini rəhbərlərin nümunəsində ay­dın müşahidə edə bilərik. Ümumiyyətlə, yaxşı təhsil xəlq olunmuş bu üç aləm [insanlar, heyvanlar və bitkilər] üçün bütün kamillik və gözəlliklərin əsas səbəbidir. Pis təhsil isə bütün qüsur və bədbəxtliklərin mənbəyidir.

Bunu başa düşdükdən sonra dərk etmək lazımdır ki, əgər bir toplumun bütün təbəqə və sinifləri münasibətlərin təbii qanunları ilə uzlaşan gözəl təhsilə yiyələnərsə, bu toplum çiçəklənəcək və tərəqqi edəcəkdir. Belə toplumda hər bir sinif və qrup dərəcə və təbəqəsinə müvafiq olaraq özünə uy­ğun kamilliklərə yiyələnməyə can atacaq və buna nail olacaqdır. Bu top­lum­dakı siniflər təbəqələrinə uyğun olaraq daim bir-birləri ilə harmoniyada və təmkinli münasibətdə olacaqlar. Bu isə o deməkdir ki, belə toplumda mü­kəm­məl təhsili sayəsində böyük rəhbərlər formalaşdığı kimi, çox gözəl filo­sof­lar, erudisiyalı alimlər, təcrübəli sənətkarlar, bacarıqlı kənd təsər­rü­fat­çı­ları, varlı tacirlər və digər sənət sahibləri meydana gələcəklər. Əgər yaxşı təh­sil sayəsində bu toplumun rəhbərləri digərlərinin rəhbərlərindən öz üs­tün­­lükləri ilə seçilirlərsə, əminliklə demək olar ki, burada bütün təbəqələr di­gər ölkələrin müvafiq təbəqələrindən üstündürlər. Belə ki, hər hansı bir təbəqənin tam, hərtərəfli tərəqqisi digər təbəqələrin tərəqqisinə bağlıdır. Bu, ümumi qayda, təbiətin qanunu və ilahi iradədir.

Bununla belə, mənəviyyatsızlıq1 həmin toplumun təhsilinə yol tapdığı zaman təbəqədən və mənəviyyatsızlığın yayılma dərəcəsindən asılı olaraq onun bütün siniflərində bu və ya digər dərəcədə zəiflik müşahidə olunacaq­dır. Bu da o deməkdir ki, hakim dairələrdə gücsüzlük nəzərə çarpırsa, bu güc­süzlük mütləq filosoflar, alimlər, sənətkarlar, kənd təsərrüfatçıları, tacir­lər təbəqəsinə və s. siniflərə də sirayət edəcəkdir, çünki onların kamilliyi yal­nız mükəmməl təhsilin bəhrəsidir. Səbəbiyyət faktoru olan yaxşı təhsildə zəiflik, özbaşınalıq, mənəviyyatsızlıq müşahidə olunursa, həmin təhsilin bilavasitə təsir göstərdiyi sahələrə də həmin bu mənfi halların sirayət edəcəyi qaçılmazdır. Əgər mənəviyyatsızlıq bir xalqın təhsilinə artıq yol tapmışdırsa, bəzən təhsildə bu mənəviyyatsızlığın tədricən artması və adət və ənənələrin məhv olması nəticəsində sabitliyin səbəbkarı olan müxtəlif siniflər, xüsusilə də nəcib siniflər tədricən məhv olub gedir. Həmin xalqa mənsub olan fərdlər köhnə paltarlarını çıxardıqdan və adlarını dəyişdikdən sonra başqa bir millətin tərkibinə keçir və yeni görünüşdə ortaya çıxırlar. Bu hadisə gildanilər, finikiyalılar, koptlar və b. xalqlarla baş vermişdir.

Bəzən Rəhman Allah bu toplumu xilas edir, insanlar arasında yüksək zəkalı, saf ruhlu insanlar zühur edir və öz gəlişləri ilə yeni həyat gətirirlər. Onlar tənəzzül və düşkünlüyə səbəb olan mənəviyyatsızlığı kənarlaşdırır, şüur və qəlbləri pis təhsilin törətdiyi qorxunc xəstəlikdən sağaldırlar. Bu insanlar daxili nur və parıltıları ilə yaxşı təhsili qaytarır və bununla da öz toplumlarına yenidən həyat verirlər. Onlar insanlar üçün əvvəlki ucalığı, şərafəti və siniflərin tərəqqisini bərpa edirlər.

Məhz buna görə də, tənəzzülə doğru gedən, təbəqələrini düşkünlük bü­rümüş hər toplum Rəhman Allaha olan ümidləri ilə bəlkə onların arasında öz müdrik rəhbərliyi və düşünülmüş səyləri ilə süurlarını işıqlandıracaq, qəlb­lərini saflaşdıracaq və mənəviyyatsız təhsilə xitam verəcək müdrik, si­ya­sətdə təcrübəsi olan bir intibahçının tapılacağını intizarla gözləyir. Həmin müd­rikin siyasəti nəticəsində onlar öz əvvəlki vəziyyətlərinə dönmüş olardılar.

Şübhə yoxdur ki, dövrümüzdə fəlakət, bədbəxtlik və gücsüzlük hər tə­rəf­dən müsəlmanların bütün siniflərini bürüyüb. Odur ki, hər bir müsəl­ma­nın gözləri yolda, qulaqları səsdədir, o, intizarla dünyanın hər hansı bir səm­tin­dən – şərqdən, qərbdən, şimaldan və ya cənubdan – müdrik intibahçının pey­da olacağını və müsəlmanların şüur və qəlblərini doğru yola yönəl­də­cə­yi­ni, gözlənilmədən gəlmiş mənəviyyatsızlığı dəf edərək onları yenidən mü­kəm­məl təhsilə yiyələndirəcəyini gözləyir. Bəlkə də onlar yaxşı təhsil sayə­sin­də öz keçmiş bəxtiyar durumlarına qayıda bilərlər.

Mən Mütləq Haqqın bu doğru dini və düzgün şəriəti məhv olmaqdan qoruyacağına əmin olduğum üçün başqalarından daha artıq ümidlə tezliklə həmin şəxsin müdrikliyi sayəsində müsəlmanların şüur və qəlblərinin işıq­la­na­ca­ğını və haqq yoluna yönələcəyini gözləyirəm. Buna görə də, mən ha­zır­da müsəlman qələmindən çıxmış olan məqalə və traktatlar silsiləsini toplayır və müəlliflərin baxışları ilə yaxından tanış oluram. Ümid edirəm ki, bu mütaliəm zamanı mən müsəlmanlara yaxşı təhsil, comərdlik və çiçəklənmə bəxş edə biləcək müdrik şəxsin ideyalarına rast gəlim. Çox istərdim ki, o zaman öz parlaq ideyalarını həyata keçirməkdə ona bacardığım qədər kö­mək edim və öz ümmətimin islah edilməsində yardımçı olum.

Müsəlmanların ideyalarının müzakirəsi və təhlili ilə məşğul olduğum za­man mən yetkin yaşlarında, zəngin həyat təcrübəsinə malik, Avropa öl­kə­lə­rinə səyahətlər etmiş bir şəxs1 barəsində eşitdim. Uzun sürən çalış­ma­lar­dan və zəhmətdən sonra o, müsəlmanların irəliləyişi yolunda Qurana təfsir yazmışdı. Öz-özümə dedim: “Sənin istədiyin də elə bu idi”.

Yeni bir şey eşitmiş hər bir kəsdə olduğu kimi, mənim də təxəyyülüm pər­vazlandı, həmin təfsirçi və onun təfsiri barədə müxtəlif fərziyyələr irəli sür­düm. Ümid edirdim ki, bu təfsirçi ənənəçilər, hüquqşünaslar və natiq­lə­rin, filosoflar, sufilər və ədəbiyyatçıların, qrammatika mütəxəssisləri və İbn Ravəndi və b. kimi kafirlərin yazdıqları təfsirlərdən sonra bu mövzuya, nə­ha­yət ki, ədalətlə yanaşıb, həqiqəti üzə çıxarıb və əsas məqsədə nail olub. La­kin o, həm Şərq, həm də Qərb yazarlarının ideyalarını davam etdirmişdi. Mən düşünürdüm ki, bu təfsirçi, müdrikliyin tələb etdiyi kimi, təfsirinə yazdığı girişdə öz toplumunun tərəqqisi naminə dinin mahiyyətini və həqiqi simasını açıqlamışdır. Ümid edirdim ki, o, dinin bəşəriyyət üçün vacibliyini rasional dəlillərlə nümayiş etdirmiş, həqiqi və batil dinləri ayırd etmək üçün insan ağlını da qane edən ümumi bir qayda irəli sürmüşdür. Bu şərhçinin müt­ləq əvvəlki batil dinlərin sivilizasiyaya, sosial nizama, həmçinin insan­la­rın şüur və qəlblərinə göstərdiyi təsiri açıqladığını güman edirdim. Düşü­nür­düm ki, o, dinlərin bir çox təlimlərdə ortaq mövqeyə malik olduqları halda, bə­zi məsələlərdə fərqli mövqe tutma səbəbini, həmçinin hər bir dövrdə mü­əy­yən bir dinə və peyğəmbərə xüsusi bir münasibət olması səbəbini fəlsəfi metodla açıqlamışdır.

Təfsirçi bu təfsiri müsəlman icmasının tərəqqisi üçün yazdığını iddia etdiyindən, mən kitabın giriş hissəsində ərəblərin bütün bəşəri üstünlüklərə yiyələnməsinə səbəb olan ilahi qanunların və Quran əxlaqının yeni bir üs­lub­da, müdriklik işığı ilə təsvir edilib açıqlandığına əmin idim. İnanırdım ki, o, sonsuz münaqişələr, vəhşilik və zillət bataqlığında olduqları zaman ərəb­lə­rin birləşməsinə, onların düşüncələrinin dəyişilməsinə, şüurlarının aydın­laş­masına və ruhlarının saflaşmasına səbəb olan dini hökmləri də kitabına yaz­dığı girişə daxil etmişdir.

Təfsiri oxuduqdan sonra təfsirçinin nə bu məsələlər, nə də ilahi qa­nun­lar barədə bir kəlmə belə yazmadığını gördüm. Quran əxlaqı heç cür şərh edil­məmişdir. O, ərəblərin süurlarının aydınlaşmasına və qəlblərinin paklaş­ma­sına səbəb olan o böyük hökmlərdən qətiyyən söz açmamışdır. Təfsirçi yüksək əxlaqi dəyərlərin və gözəl vərdişlərin yayılmasına xidmət edən, evdə və cəmiyyətdə ünsiyyəti düzgün yönləndirən və süurların aydınlaşmasına xidmət edən ilahi qanunlardan bəhs edən ayələri şərhsiz buraxmışdır. O, yal­nız təfsirin əvvəlində “surə”, “ayə” kimi kəlmələrin mənaları və bəzi surələrin əvvəlindəki ayrıca hərflər barədə cüzi qeydlər etmişdir. Bundan sonra isə təfsirçinin bütün səyləri mələklərdən, cinlərdən, müqəddəs ruhdan [Cəbrayıl], vəhydən, cənnət və cəhənnəmdən, peyğəmbərlərin möcüzələrin­dən bəhs edən bütün ayələri seçərək onların zahiri mənalarından daha dərinə get­məyə və keçmiş İslam dövrü kafirlərinin yanlış alleqorik təfsirinə əsas­la­naraq bu ayələri izah etməyə yönəlmişdir.

Fərq bundadır ki, keçmiş İslam əsrlərində yaşamış kafirlər alim idilər, halbuki bu uğursuz təfsirçi çox cahildir. Bu səbəbdən də onların sözlərini düz­gün dərk edə bilməmişdir. O, insan təbiəti anlayışını özünə mövzu seçə­rək heç bir məntiqli sübut və ya təbii dəlil göstərmədən, bir neçə anlaşılmaz və mənasız söz deməklə kifayətlənir. Belə məlum olur ki, təfsirçi insanın təh­sil aldıqca əsl insana çevrildiyini, məziyyət və vərdişlər qazandığını bil­mir. Öz təbiətinə ən yaxın olan insan sivilizasiyadan və qazanılmış məziyyət və adətlərdən ən uzaq olan insandır. Əgər insan böyük çətinlik və zəhmətlə qa­zanmış olduğu hüquqi və əqli keyfiyyətləri tərk edər və nəzarəti təbiətin əllərinə tapşırarsa, şübhəsiz ki, heyvanlardan daha aşağı səviyyəyə enmiş olar.

Ən təəccüblüsü isə odur ki, təfsirçi ilahi, müqəddəs peyğəmbərlik mə­qa­mını islahatçı səviyyəsinə endirir. O, peyğəmbərləri Vaşinqton, Napo­le­on, Palmerston, Haribaldi, cənab Qladston və cənab Qambetta kimi şəxs­lər­lə bərabər tutur.

Təfsirin bu şəkildə olduğunu gördükdə məni heyrət bürüdü, təfsirçini belə bir təfsir yazmağa nəyin sövq etdiyini düşünməyə başladım. Əgər təf­sir­çinin məqsədi, özünün də qeyd etdiyi kimi, öz icmasını irəli aparmaq­dırsa, nə üçün o, xüsusən də başqa dinlərin İslamı udmaq üçün ağızlarını aç­mış olduğu bir zəmanədə, müsəlmanların İslam dininə olan imanlarını yox etmək istəyir?

Məgər təfsirçi başa düşmürmü ki, müsəlmanlar indiki gücsüz və mis­kin durumlarında möcüzələrə və cəhənnəm oduna inamlarını itirsələr və pey­ğəmbərin Qladston səviyyəli bir adam olduğunu düşünsələr, şübhəsiz ki, öz zəif və məğlub edilmiş düşərgələrini tezliklə tərk edər və qüdrətli iş­ğal­çının tərəfinə keçərlər? Axı o halda onları bunu etməkdən çəkindirə biləcək heç bir şey, nə bir qorxu, nə də bir təlaş qalmayacaq. Başqa bir tərəfdən isə, qa­libə oxşamaq və qaliblə eyni dinə qulluq etmək hər bir kəs üçün cəlbedici göründüyündən, hazırda insanların dinlərini dəyişməsi üçün zəmin də mövcuddur.

Bu fikir və düşüncələrdən sonra ilk ağlıma gələn o oldu ki, təfsirçi, şübhəsiz ki, müsəlmanların tənəzzülünə və fəlakət halına düşmələrinə səbəbin məhz onların dini olduğuna, dinlərini tərk edərlərsə, əvvəlki şərəf və qüdrətlərini bərpa edəcəklərinə inanır. Odur ki, o, bu inancları aradan götürməyə çalışır və öz niyyətinə görə bağışlana bilər.

Bununla belə, bir qədər də götür-qoy etdikdən sonra öz-özümə dedim ki, axı yəhudilər eyni inanclar sayəsində quldarlığın həqarətindən fironluğa qədər yüksələ və Fələstindəki tiranların təkəbbürünü toza çevirə bildilər. Məgər təfsirçi bu barədə eşitməyibmi?

Ərəbistan yarımadasının səhralarında yaşayan ərəblər həmin bu inanc­la­rın köməyi ilə qudrət, sivilizasiya, bilik, sənətkarlıq, kənd təsərrüfatı və ti­ca­rətdə bütün dünyanın ağasına çevrildilər. Avropalılar həmin müsəlman ərəb­lərdən öz ustadları kimi bəhs edirlər. Bu fakt təfsirçinin qulağına çatmayıbmı? Əlbəttə, çatmamış deyil.

Bu doğru inancların böyük təsirləri və onların davamçıları barədə dü­şün­dükdən sonra, batil inancların davamçılarına da nəzər saldım. Hinduslar sivilizasiya qanunlarında, elmdə, bilikdə, müxtəlif sənət sahələrində tərəqqi etdikləri zaman minlərlə tanrıya və bütə sitayiş edirdilər. Təfsirçi də bunu bil­məmiş deyil. Misirlilər sivilizasiyanın, elmin, istehsal sahələrinin bü­növ­rə­sini qoyduqları, yunanlara müəllimlik etdikləri zamanlarda bütlərə, inək­lə­rə, itlərə və pişiklərə tapınırdılar. Şübhəsiz, təfsirçi də bunu bilir. Gildanilər1 rəsəd­xanalar qurduqları, astronomik cihazlar icad etdikləri, möhtəşəm qəsr­lər ucaltdıqları və kənd təsərrüfatı elmi barədə kitablar yazdıqları dövrdə ul­duz­lara sitayiş edirdilər. Bu fakt təfsirçidən gizli deyil. Finikiyalılar quruda və suda istehsal və ticarətin çiçəklənməsinə səbəb olduqları, Britaniya, İs­pan­iya, Yunanıstan ərazilərində koloniyalar saldıqları zaman öz uşaqlarını bütlərə qurban verirdilər. Bu da təfsirçiyə məlumdur.

Yunanlar dünyaya ağalıq etdikləri, bəşəriyyətə böyük dühalar və gör­kəm­­li filosoflar bəxş etdikləri vaxtlarda yüzlərlə tanrıya və minlərlə dini mövhumata inanırdılar. Təfsirçi də bunu bilir. Farslar Kaşğar ərazisindən İs­tan­bulun hüdudlarına qədər olan ərazilərə hakimlik etdikləri və si­vi­li­za­si­ya­da onlara rəqib olmadığı bir dövrdə qəlblərində min cür cəfəngiyyat bəs­lə­yirdilər. Əlbəttə ki, təfsirçi bütün bunları xatırlayır. Müasir xristianlar Üç üq­num, xaç, dirilmə, xaç suyuna salma, məhşər, tövbə və yevxaristiya1 kimi şey­lərə inana-inana öz üstün mövqelərini möhkəmləndirmiş, elm, bilik və sə­naye sahələrində tərəqqiyə nail olmuş və sivilizasiyanın zirvəsinə yük­səl­miş­lər. Onların əksəriyyəti, malik olduqları bütün elm və biliklərə baxma­yaraq, hələ də eyni inanclara sadiqdirlər. Təfsirçi bunu çox gözəl bilir.

Bütün bu məsələləri götür-qoy etdikdən sonra anladım ki, təfsirçi heç bir zaman doğru inanclara iman gətirmənin müsəlmanların tənəzzülünə gə­ti­rib çıxarması fikrində olmamışdır. Belə ki, dini inanclar, istər doğru olsun, is­tərsə də batil, elmin nailiyyətlərini, yaşam vasitəsi əldə edilməsini və nor­mal sivilizasiyanın tərəqqisini qadağan etmədikcə, heç bir şəkildə sivi­li­za­siya və dünyəvi tərəqqi ilə ziddiyyət təşkil edə bilməz. İnanmıram ki, dün­ya­da bu şeyləri qadağan edən din tapılsın, yuxarda qeyd edilənlər də bunu aydın göstərir. Üstəlik, mən deyərdim ki, imanın azlığı yalnız sivil həyatda qa­rışıqlığa və mənəviyyatsızlığa, təhlükəyə səbəb olur. Düşünün – bu Nihilizmdir!

Əgər imanın azlığı insanların tərəqqisinə səbəb olsaydı, o zaman cahiliyyət dövrünün ərəbləri sivilizasiyada hamıdan üstün olmalı idilər. Belə ki, onlar əsasən materialist yolun davamçıları idilər və bu səbəbdən də ucadan deyərdilər: “Uşaqlıq2 bizi qabağa itələyir, yer bizi udur və yalnız zaman bizi məhv edir”. Onlar həmçinin bir qayda olaraq təkrarlayardılar: “Çürümüş sümükləri kim dirildə bilər?!”1. Hərçənd onlar vəhşi heyvanlar kimi, ən qatı cahillik içində həyat sürürdülər.

Bütün bu düşüncə və fərziyyələrdən sonra mən bu təfsirçinin nə is­la­hat­çı olmadığını, nə də onun təfsirinin heç də müsəlmanların durumunu yax­şı­laşdırmaq və təhsilini artırmaq məqsədilə qələmə alınmadığını yaxşı an­la­dım. Əksinə, bu təfsirçi və bu təfsir hazırkı dövrdə İslam ümməti üçün in­sana zəif və taqətsiz olduğu zaman yoluxan qorxulu və təhlükəli xəstəliklər ki­midir. Onun bu düzəlişləri etməkdə güddüyü məqsəd artıq yuxarıda açıq­lanmışdır.

Bu təfsirçinin müsəlmanların inanclarını yox etməkdə göstərdiyi cəh­din arxasında gizlənən niyyət başqalarına xidmət etmək və müsəlmanların başqa dinlərə döndərilməsinə yol açmaqdır.



Bu bir neçə sətir tələsik qələmə alınmışdır. Daha sonra mən Allahın köməkliyi ilə bu təfsir və təfsirçinin qarşısına qoyduğu məqsədlər barədə daha ətraflı yazmaq niyyətindəyəm.

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin