MÜNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq


Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri



Yüklə 307,56 Kb.
səhifə3/5
tarix29.11.2016
ölçüsü307,56 Kb.
#435
1   2   3   4   5

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri. 2013-cü ildə  Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 47,5 milyon manat təşkil etmiş və bu vəsait Fondun büdcə xərclərinin 0,4%-ni təşkil etmişdir. Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərin tərkibində əməyin ödənişi fondu üzrə xərclər 2,8 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərclər 0,9 milyon manat, təqaüdlər və sosial müavinətlər 0,1 milyon manat, digər xərclər 6,7 milyon manat və qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər 37,0 milyon manat təşkil etmişdir.

5. İNVESTİSİYALAR

5.1. İnvestisiya Strategiyası

Neft Fondunun investisiya strategiyasının əsasını irihəcmli itkilərin minimuma endirilməsi şərtilə münasib gəlirliliyin əldə edilməsi təşkil edir. Portfelin maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiyasının təmin edilməsi, eləcə də makroiqtisadi mühitin daimi təhlili bu məqsədə nail olmağa və sabit nəticələr əldə etməyə xidmət edən amillərdəndir.

Fondun investisiya fəaliyyətinin hüquqi bazasını təyin etmək və yüksək şəffaflığın təmin edilməsi məqsədilə dövlət tərəfindən Fondun vəsaitlərinin idarə edilməsinin əsas prinsip və istiqamətləri müəyyənləşdirilmişdir. Fondun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (“İnvestisiya Qaydaları”) və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə illik əsasda təsdiq olunan “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə əsasən idarə olunur.

İnvestisiya Qaydaları Fondun vəsaitlərinin idarə edilməsinin ümumi prinsiplərini müəyyən edir. Belə ki, qeyd olunan İnvestisiya Qaydaları vəsaitlərin maliyyə alətlərinə və valyutalara görə bölgüsünü, investisiya alətləri üzrə məhdudiyyətləri, xarici menecerlərə qarşı olan tələbləri, eləcə də Fondun tərəf müqabilləri (kastodial banklar, müxbir banklar və s.) ola biləcək qurumların minimal kredit reytinq dərəcələrini müəyyənləşdirir.

İnvestisiya Siyasəti Fondun investisiya portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin strateji bölgüsünü, hədəf gəlirliliyi (bençmark) və risk hədlərini müəyyən edir.

Fondun uzunmüddətli hədəflərinə uyğun olaraq, portfelin investisiya alətlərinə görə bölgüsü illik əsasda nəzərdən keçirilir və təsdiqlənir. İnvestisiya portfeli aşağıdakı alt portfellərdən ibarətdir:



  • borc öhdəlikləri və pul bazarları alətləri portfeli – investisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi;

  • səhm portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;

  • daşınmaz əmlak portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;

  • qızıl portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi.

Neft Fondunun investisiya fəaliyyətində inkişaf tendensiyası

Neft Fondunun investisiya siyasəti onun fəaliyyətinin ilkin dönəmlərindən etibarən daha konservativ meyllərlə xarakterizə olunmuşdur. Vəsaitlərin həcminin sürətli artımı, investisiya sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, Fondun fəaliyyətində maraqlı tərəflərin maliyyə risklərinə olan dözümlülüyündəki dəyişikliklərin fonunda 2012-ci ildən etibarən investisiya portfelinə bir sıra yeni aktivlərin əlavə olunmasına başlanılmışdır. Bu istiqamətdə Fondun portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi yeni maliyyə alətləri əlavə edilmişdir. Bununla yanaşı, Fond bir sıra özəl səhm fondlarına investisiya qoyuluşları həyata keçirmişdir. Uzunmüddətli dövr üçün nəzərdə tutulan investisiya strategiyası çərçivəsində bundan sonrakı müddətdə də portfelin yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində müvafiq işlərin həyata keçirilməsi planlaşdırılır.



İnvestisiya forması

Aşağıda verilmiş cədvəl Neft Fondunun cari investisiya formasını və onun portfeldə icrasını cəmləşdirir:





Daxili idarəetmədə olan vəsaitlər

Neft Fondunun qarşısında duran prioritet məsələlərdən biri məhz ölkədə vəsaitlərin idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqi və təşviqinin həyata keçirilməsidir. Fond üçün bu istiqamətdə lazımi bilik və təcrübənin əldə olunması ilə bütün vəsaitlərin daxildən idarə edilməsinin təşkili xüsusi əhəmiyyətə malikdir. Qeyd etmək yerinə düşərdi ki, bu gün etibarilə, investisiya portfelinin 96,89%-i daxildən idarə olunur.

Neft Fondunun investisiya portfelinin 50%-i ABŞ dolları, 40%-i Avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərdə, digər 5%-i isə İnvestisiya Siyasətində göstərilən digər valyutalarda yerləşdirilmişdir.

İnvestisiya Siyasətinə əsasən Fondun vəsaitlərinin 85%-ə qədəri sabit gəlirli qiymətli kağızlar və pul bazarları alətlərinə, digər 15%-i isə hər birinə müvafiq olaraq 5%-ə qədər olmaqla səhmlər, daşınmaz əmlaka investisiya edilə bilər. Cari ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Fondun investisiya portfelinin 90,2%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 4,7%, 3,3%, 1,8%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olmuşdur.

Sabit gəlirli kağızlar və pul bazarları alətləri üçün seçilmiş hədəf gəlirliliyi 3 aylıq LİBOR faiz dərəcəsi (Avro-da ifadə olunan aktivlər üçün 3 aylıq EURİBOR faiz dərəcəsi), cari səhm portfelinin hədəf gəlirliliyi isə MSCİ World İndeksi olaraq müəyyən edilmişdir.

Xarici menecerlər tərəfindən idarə olunan vəsaitlər

2013-cü ilin nəticələrinə əsasən Neft Fondunun investisiya portfelinin 3,11%-i xarici menecerlər tərəfindən idarə edilir. ARDNF-nin vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə etməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, o cümlədən qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi nəzərindən ciddi əhəmiyyət kəsb edir.

Neft Fondunun vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur::


  • Dünya Bankı – Neft Fondunun aktivlərinin təxminən 220 milyon ABŞ dollarına (0,62%) bərabər hissəsini idarə edir.

  • DB Advisors – Neft Fondunun aktivlərinin təxminən 98 milyon ABŞ dollarına (0,28%) bərabər hissəsi

  • UBS – Neft Fondunun aktivlərinin 395 milyon ABŞ dollarından (1,11%) artıq vəsaitini idarə edir.

  • State Street Global Advisors (SSgA) – Neft Fondunun aktivlərinin 393 milyon ABŞ dollarından (1,10%) artıq hissəsini idarə edir.


5.2. Neft Fondunun İnvestisiya Portfeli

2013-cü ildə makroiqtisadi vəziyyət

Avrozonada iqtisadi geriləmənin 2013-cü ilin ortasından etibarən sona çatması, deflyasiya riski, ABŞ-ın Federal Rezerv Bankının yumşaq pul siyasətini azaltması ilə bağlı xəbərlər və büdcə müzakirələri makroiqtisadi mühiti formalaşdıran mühüm hadisələrdən olmuşdur. Ümumiyyətlə cari ildə dünya iqtisadiyyatında, Böyük Britaniya başda olmaqla, daha güclü canlanma əlamətləri müşahidə edilmişdir. Bəzi inkişaf etməkdə olan ölkələrdə köklü problemlər üzə çıxsa da, Avropada suveren borc böhranından əziyyət çəkən bir sıra ölkələrdə müsbət nəticələr müşahidə olunmuşdur.



Ötən il ABŞ və Avrozonada inflyasiya göstəriciləri müvafiq olaraq 1,5% və 0,7% səviyyələrində yekunlaşmışdır. Sürətlənən iqtisadi artıma baxmayaraq inflyasiyanın 2%-ə enməsi İngiltərə Mərkəzi Bankının yumşaq pul siyasətini daha rahat tənzimləməsinə şərait yaratmışdır. Aşağı inflyasiya və zəif iqtisadi fəaliyyətə cavab olaraq Avropa Mərkəzi Bankı əsas uçot faiz dərəcələrini tədricən 0,25% səviyyəsinə qədər endirmişdir.



Avrozonada işsizlik ən yüksək səviyyəyə qalxsa da, ABŞ və Böyük Britaniyada bu göstəricidə tədricən azalma müşahidə edilmişdir. Xüsusən, işçi qüvvəsindəki azalmanın təsiri ilə ABŞ-dakı işsizlik səviyyəsi 6,7%-ə enmişdir. Böyük Britaniyada işçi qüvvəsinin sabit qalmasına baxmayaraq işsizlik səviyyəsinin 7,2%-ə enməsi daha müsbət hal kimi qiymətləndirilmişdir.



Ümumiyyətlə, Mərkəzi Banklar əsas uçot faiz dərəcələrini çox aşağı səviyyədə saxlayaraq yumşaq maliyyə siyasətini 2013-cü ildə də davam etdirmişdir. Avropa Mərkəzi Bankı da öz növbəsində aşağı inflyasiya ilə mübarizə etmək və iqtisadi artımı dəstəkləmək məqsədilə əsas uçot faiz dərəcəsini 0,25%-ə endirmişdir.




Sabit gəlirli qiymətli kağızlar üzrə İnvestisiya Portfeli

2013-cü ildə istiqraz bazarları

Federal Rezervin qiymətli kağızların alışının azaldılmasına ilkin ehtimallar maliyyə bazarları üçün əsaslı dəyişikliyin başlanğıcı kimi yadda qalmışdır. İstiqraz bazarları may ayında bu xəbərlərə kəskin reaksiya vermişdir ki, burada da ABŞ dövlət istiqrazlarının qiymətlərinin azalması və ümumilikdə bu maliyyə aləti üzrə gəlirlilik dərəcəsinin artımını xüsusi qeyd etmək olar. ABŞ-ın 10 illik yerləşdirmə müddətinə malik dövlət istiqrazları üzrə gəlirlilik dərəcəsi 2013-cü ilin sonuna qədər təxminən 0,13% artmışdır ki, bu da öz növbəsində inkişaf etməkdə olan ölkələrin nəinki ABŞ dollarında, həmçinin yerli valyutalarda ifadə olunmuş istiqrazların gəlirliliklərinin artmasına və qiymətlərinin azalmasına səbəb olmuşdur.



Bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarının ABŞ dollarına olan məzənnəsi bu ölkələrdən kapital axınının güclənməsi nəticəsində xeyli ucuzlaşmışdır. Ən böyük təsir cari əməliyyatlar hesabı üzrə ciddi kəsiri olan Braziliya, Cənubi Afrika, İndoneziya, Türkiyə kimi ölkələrin valyutalarında müşahidə edilmişdir. Ölkələrin monetar siyasəti onların hər birində vəziyyətin fərqliliyinə görə müxtəliflik nümayiş etdirmişdir. Belə ki, yüksək inflyasiya və valyuta məzənnələrində ucuzlaşma ilə qarşılaşan ölkələr, xüsusilə Braziliya sərt monetar siyasət yeridərək əsas uçot faiz dərəcələrini yüksəltmişlər. İnkişaf etməkdə olan ölkələrin ABŞ dollarında ifadə olunan istiqrazlarının gəlirlilik faizi üzrə spredi 2013-cü ilin may ayından sonra kəskin şəkildə artmışdır.



Federal Rezervin qiymətli kağızların alışını azaltmasının Avrozonaya mümkün neqativ təsirləri Avropa Mərkəzi Bankının iqtisadi artımı dəstəkləyici yumşaq monetar siyasət yeritməsi nəticəsində minimum səviyyədə olmuşdur. Suveren borc böhranı ilə üzləşən bir sıra Avropa ölkələrində, xüsusilə İrlandiya, İspaniya və Portuqaliyada müsbət inkişaf meylləri müşahidə edilmişdir. İqtisadi və siyasi mühitin yaxşılaşması nəticəsində bu ölkələrin borclanma səviyyəsi aşağı düşmüşdür.





Neft Fondunun sabit gəlirli kağızlara investisiyası

ARDNF-nin Sabit Gəlirli Qiymətli Kağızlar Portfeli. 2013-cü ildə Fondun sabit gəlirli qiymətli kağızlar üzrə investisiya strategiyasında əvvəlki ilə nisbətdə ciddi dəyişiklik qeydə alınmamışdır. 2012-ci ildə olduğu kimi, Fond əsasən qısamüddətli sabit gəlirli qiymətli kağızlara (qısamüddətli kommersiya kağızları daxil olmaqla) və dəyişkən kuponlu qiymətli kağızlara investisiyaları davam etdirmişdir. 2013-cü ilin sonunda Fondun investisiya portfelində sabit gəlirli qiymətli kağızların xüsusi çəkisi Neft Fondunun illik əsasda ölkə Prezidenti tərəfindən təsdiqlənən İnvestisiya Siyasətində qeyd edilən tələblər (minimum 85%) çərçivəsində 90,20%-ə bərabər olmuşdur. Cari il ərzində qeyd olunmuş aşağı faiz dərəcələri nəzərə alınaraq, Fond bu portfel üzrə yol verilə bilən risk səviyyəsində gəlirliliyin mümkün ola bilən ən yüksək həddə çatdırılmasına çalışmışdır.


Qısamüddətli kommersiya kağızlarının sabit gəlirli qiymətli kağızlar portfelindəki xüsusi çəkisi 2012-ci ilin sonuna 24,74% təşkil etdiyi halda, 2013-cü ilin sonuna kəskin şəkildə azalaraq portfeldəki çəkisi 13,76%-ədək azalmışdır. Bununla bərabər, həmin müddət ərzində korporativ istiqrazların xüsusi çəkisi 19,60%-dən 34,12%-ə qədər artırılmışdır. Bu dəyişiklik pul bazarlarında davam edən aşağı faizli mühit nəticəsində Fondun daha uzunmüddətli investisiyalarla daha yüksək gəlirlilik əldə etmək məqsədindən irəli gəlmişdir.

Qeyd edilənlərlə yanaşı, cari il ərzində Fond sabit gəlirli qiymətli kağızlar portfelinin coğrafi regionlar üzrə diversifikasiyası siyasətini davam etdirmişdir. Aşağı gəlirlilik mühiti və digər regionlarla müqayisədə zəif inkişaf perspektivlərini nəzərə alaraq, Avropaya olan investisiyaların payı 60,20%-dən 52,67%-ə qədər azaldılmışdır. Buna baxmayaraq, Avropaya investisiyalar 2013-cü ilin sonu etibarilə hələ də portfelin böyük bir hissəsini təşkil etməkdədir. Şimali Amerikaya olan investisiyalar 13,25%-dən 19,37%-ə qədər artırılmışdır. Eyni zamanda, Federal Rezerv tərəfindən qiymətli kağızların alınmasının azaldılması ehtimallarına baxmayaraq, inkişaf etməkdə olan ölkələrə olan investisiyaların payı 13,61%-dən 15,19%-ə qədər artırılmışdır. Güclü dövlət maliyyə strukturuna malik bu ölkələrdən artan kapital çıxışı fonunda bu ölkələrin xarici valyutada ifadə olunmuş dövlət istiqrazları münasib investisiya imkanları kimi daim diqqət mərkəzində saxlanılmışdır.




Sabit gəlirli qiymətli kağızlar portfelinin dürasiyası portfelin dəyərinin xüsusilə faiz dərəcələrindəki mümkün artımın neqativ təsirlərindən sığortalanması məqsədilə aşağı səviyyədə saxlanılmışdır. Bu məqsədlə, portfelin 42,84%-i dəyişkən kuponlu istiqrazlarda yerləşdirilmişdir. Əlavə olaraq, Neft Fondunun dövlət büdcəsinə mütəmadi transfertləri nəzərə alınaraq, müvafiq likvidliyi təmin etmək məqsədilə sabit gəlirli qiymətli kağızlar portfelində qısamüddətli kommersiya kağızlarına investisiyalar üstünlük təşkil etmişdir.

Fondun sabit gəlirli qiymətli kağızlar portfelinin sektorlar üzrə yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində də müvafiq investisiyalar həyata keçirilmişdir. Ən çox payı alan sahələr sırasında maliyyə, zəruri tələbat malları, qeyri-zəruri tələbat malları və kommunal xidmətlər sektoru ilk yerləri bölüşmüşlər (müvafiq olaraq 23%, 15%, 13% və 13% ).


Səhm investisiyaları

2013-cü ildə səhm bazarları

İqtisadi artımdakı pozitiv trend və genişmiqyaslı ekspansionist monetar siyasət nəticəsində 2013-cü ildə beynəlxalq səhm bazarında əhəmiyyətli dəyişikliklər qeydə alınmışdır.

Ümumilikdə beynəlxalq səhm bazarlarında qənaətbəxş nəticələr qeydə alınmışdır ki, ABŞ (+29,6% S&P500 indeksi) və Yaponiya (+57% Nikkei indeksi) kimi ölkələr burada xüsusi paya sahib olmuşlar.

2013-cü il də öncəki il kimi mərkəzi bankların iqtisadiyyatı inkişaf etdirmək məqsədilə həyata keçirdikləri bir sıra tədbirlərlə səciyyələnmişdir. Makroiqtisadi vəziyyətdəki bir sıra dövri dəyişikliklərə baxmayaraq ABŞ səhm bazarı il ərzində müsbət artım meyli göstərmişdir. Bu ilk növbədə, Federal Rezerv Sistemi tərəfindən aparılmış ekspansionist monetar siyasətlə bağlı olub, xüsusilə istehlak, tikinti və xidmət sektorlarında əhəmiyyətli artıma səbəb olmuşdur. İl ərzində qeydə alınan müsbət korporativ mənfəət göstəriciləri də müsbət artım tempinə səbəb olan digər amillərdəndir. Ümumilikdə, ABŞ bazarında orta və xırda kapitallı müəssisələr iri kapitallı müəssisələrdən daha yaxşı nəticə göstərmişdir.

Avropa iqtisadiyyatında müşahidə olunan artan istehlakçı inamı 2013-cü il ərzində Avrozonanın tənəzzüldən çıxmasına əlverişli şərait yaratmışdır. Regionun başlıca səhm bazarı indeksi (bençmarkı) olan Eurostoxx il ərzində 20,5% gəlirlilik göstərmişdir. Ölkələr üzrə olan indekslər arasında Almaniyanın əsas səhm indeksi olan DAX ən yüksək gəlirlilik dərəcəsi əldə etmişdir. İl ərzində investorların riskə meylliliyinin artması nəticəsində İspaniya, İtaliya və Yunanıstan kimi ölkələrin səhm bazarları da əhəmiyyətli gəlirlilik əldə etmişdir.

Yaponiyanın aparıcı səhm bazarı indeksi olan “Nikkei 225” il ərzində 57% gəlirliliklə yüksək nəticə göstərmişdir. Bu ilk növbədə Yaponiya Bankının həyata keçirdiyi ekspansionist monetar siyasətlə bağlı olmuşdur. Eyni zamanda, yapon investorların tarixən formalaşmış yerli bazara olan yüksək meyli səhmlərin dəyərinin artmasında mühüm rol oynamışdır.



Neft Fondunun səhmlərə investisiyaları

Səhmlərin ümumi portfeldə həcmi əvvəlki il ilə müqayisədə 2013-cü ildə 2%-dən 3,87%-ə qalxmışdır. Mərkəzi banklar tərəfindən yerinə yetirilmiş monetar siyasət və yüksək korporativ mənfəət ilə əlaqədar olaraq səhm bazarlarının il sonunadək yüksək nəticə göstərməsi ilə Fondun ümumi səhm portfelinin gəlirliliyi 33,3% təşkil etmişdir. MSCİ World indeksinin bençmark olaraq seçildiyi passiv idarə edilən səhm portfeli il ərzində 27% gəlirlilik göstərmişdir. 1600-dən çox səhmdən təşkil olunmuş bu portfel dünyanın inkişaf etmiş ölkələrinin səhmlərindən təşkil olunmaqla portfel riskinin diversifikasiyasına imkan verir.

2013-cü ildə Neft Fondu Rusiyanın aparıcı banklarından biri olan VTB Banka 500 milyon ABŞ dolları həcmində investisiya etmişdir. İl sonunadək VTB bankın səhmlərindən olan gəlirlilik rublda 18,05% təşkil etmişdir.


Özəl səhmlər

2013-cü ildə özəl səhmlər bazarı

Özəl səhm şirkətlərinə kapital qoyuluşu 2013-cü ildə 454 milyard ABŞ dollarına bərabər olmuşdur ki, bu da 2008-ci ildən indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il eyni zamanda özəl səhmlər şəklində yatırım edilmiş şirkətlərin satışı – özəl səhm investisiyalarından çıxış kriteriyası üzrə 303 milyard ABŞ dolları dəyərində qiymətləndirilən 1348 çıxış əməliyyatı ilə səciyyələnmişdir. Bu sahədə həyata keçirilmiş satınalma sövdələşmələrinin sayı ümumi sövdələşmə həcmi 274 milyard ABŞ dolları olmaqla 2836 satınalma əməliyyatı təşkil etmişdir. Eyni zamanda, qənaətbəxş bazar mühiti kapital qoyuluşları üzrə gəlirliliyi yüksəltmiş və bazar iştirakçılarının yeni özəl səhm yatırımları etmək marağını artırmışdır. Özəl səhm bazarı hal-hazırda formalaşmaqda olan 2080 özəl səhm fondu ilə xarakterizə olunmaqla yüksək rəqabət mühiti və ətraflı təhlildən keçirilmiş investisiya qərarları ilə diqqət cəlb etməkdədir. Orta olçülü satınalma fondları özəl səhm bazarının 58%-ni təşkil edir.



Neft Fondunun özəl səhm strategiyasının təsviri

Özəl səhmlər yüksək gəlir və riskliliklə xarakterizə olunan investisiya tipinə aid edilir. Buna baxmayaraq, institusional investisiya yatırımları sahəsində müşahidə olunan müasir tendensiyalar ənənəvi portfel paylanmalarının alternativ investisiyalar, o cümlədən özəl səhm fondları istiqamətində genişləndirilməsini zəruri edir. 2012-ci ildən başlayaraq Neft Fondu öz fəaliyyətini yeni investisiya qaydaları əsasında təşkil edir. İnvestisiya qaydalarına edilmiş yeni dəyişikliklərə əsasən ümumi investisiya portfelinin 5%-ə qədər olan hissəsi özəl səhmlər də daxil olmaqla səhm investisiyaları üçün nəzərdə tutulmuşdur. Fondun özəl səhm investisiyaları Beynəlxalq Maliyyə Korporasiyası Aktivlərin İdarə Edilməsi Şirkəti (BMK AİŞ) tərəfindən təşkil olunan və inkişaf etməkdə olan ölkələrin bazarlarına sərmayə yatırımları həyata keçirən fondlara kapital qoyuluşları ilə başlamışdır.



BMK AİŞ tərəfindən təşkil olunan özəl səhm fondlarına investisiyalar

Hal-hazırda ARDNF, BMK AİŞ tərəfindən təşkil olunan üç əsas fonda kapital yatırımı həyata keçirmişdir. Sözügedən fondlar haqqında məlumat aşağıda verilmişdir:

BMK Afrika, Latın Amerikası və Karib Hövzəsi Fondu (ALAK Fondu) 2010-cu ildə təşkil olunmuşdur və ümumi həcmi 1 milyard ABŞ dolları təşkil edir. Fond Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində müxtəlif sənaye sahələrinə səhm investisiyaları formasında yatırımlar həyata keçirir. İnvestisiya həyata keçirilən əsas ölkələr Argentina, Braziliya, Çili, Kolumbiya, Kot d`İvuar, Dominikan Respublikası, Keniya, Meksika, Trinidad və Tobaqo, Nigeriya və Uqandadır. Neft Fondunun ALAK Fondunda iştirak payı 100 milyon ABŞ dolları olmaqla 10% təşkil edir.

BMK Katalizator Fondu 2012-ci ildə fondlar fondu şəklində təşkil olunmuş və inkişaf etməkdə olan ölkələrin bazarlarında təbii resurslardan səmərəli istifadə yönümündə ixtisaslaşmış özəl səhm fondlarına kapital yatırımları həyata keçirir. Hal-hazırda Fondun ümumi həcmi 396,5 milyon ABŞ dolları təşkil edir. Neft Fondunun BMK Katalizator Fondundakı payı 50 milyon ABŞ dolları olmaqla 12,61% həcmində müəyyən olunmuşdur.

BMK Qlobal İnfrastruktur Fondu (QİF) 2013-cü ildə yaradılmışdır. Fond inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələri sahəsində səhm investisiyaları üzrə ixtisaslaşmışdır. Cari dövrə qədər QİF 1,2 milyard ABŞ dolları kapital cəlb etmişdir. Neft Fondunun QİF-də iştirak payı 16,67% olmaqla 200 milyon ABŞ dollarına bərabərdir.





Daşınmaz əmlak investisiyaları

Avropa

Avropanın kommersiya təyinatlı daşınmaz əmlak bazarlarının bəzi hallarda yüksək nəticələr göstərməsinə baxmayaraq, ümumilikdə əmlak bazarının bərpası aşağı sürət və yüksək dəyişkənlik ilə müşayiət olunmuşdur. 2013-cü ildə Londonda icarəyə götürülmüş ümumi sahə 1 milyon kv.m-ə çatmışdır və 2012-ci il göstəricisi (664 800 kv. m.) ilə müqayisədə 54% artım müşahidə olunmuşdur. Ən bariz artım Londonun Siti hissəsində (City market) müşahidə edilmişdir. Belə ki, Sitidə icarəyə götürülmüş ümumi sahə 657 700 kv.m. olmaqla, 2000-ci ildən etibarən ən yüksək, eləcə də tarixdə qeydə alınan ikinci yüksək həddinə çatmışdır. İcarə olunmayan sahə il ərzində azalmağa doğru meyl göstərmiş və Londonun Vest End ilə Siti hissələrində müvafiq olaraq 3,8% və 6,5% təşkil etmişdir. Bir çox binanın hələ tikintisi yekunlaşmamış icarəyə verilməsi səbəbindən, 2014-cü il ərzində əmlak bazarında təkliflə müqayisədə tələbin daha yüksək olması proqnozlaşdırılır.

İl ərzində Avropa bazarlarının əksəriyyətində A dərəcəli (“Praym”) ofis sahələrinin icarə haqlarının səviyyəsi əsasən dəyişməz qalmışdır. Avropa Ofis İndeksi (“The European Office Index”) 2013-cü ilin son rübü ərzində 0,7% artmışdır. Ötən il ilə müqayisədə, icarə haqlarının orta səviyyəsi 0,1% aşağı olmuşdur. Bununla belə, iqtisadi fəallığın və məşğulluq səviyyəsinin gözlənilən artımı icarə haqlarının yüksəlməsinə şərait yaradacaqdır.
Asiya və Sakit okean hövzəsi

2013-cü ilin sonuna Asiya və Sakit okean hövzəsi ölkələrində kommersiya təyinatlı daşınmaz əmlaka yerləşdirilən birbaşa investisiyaların həcmi 126,8 milyard ABŞ dollarına çatmış və nəticədə investisiya baxımından ən yüksək göstəricilər qeydə alınmışdır. Daşınmaz əmlakla bağlı əməliyyatların həcmi 2012-ci il göstəricisi ilə müqayisədə 29% artmış və beləliklə 2007-ci ildə müşahidə edilən və bundan əvvəl ən yüksək göstərici olan 120,5 milyard ABŞ dolları həddini keçmişdir.

Regionun aparıcı ölkələri olan Yaponiya, Çin, Avstraliya və Sinqapurun borc və səhm bazarlarındakı müsbət tendensiya daşınmaz əmlak bazarlarının qeyd olunan artımında əhəmiyyətli rol oynamışdır.
Neft Fondunun daşınmaz əmlak portfeli

2013-cü il Neft Fondunun daşınmaz əmlak portfelinin gəlirliliyi baxımından uğurlu il olmuşdur. Daşınmaz əmlak portfeli London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8  və Moskva şəhərinin Tverskaya 16 ünvanlarında yerləşən 3 aktivdən təşkil olunmuşdur.

Hər bir aktiv üzrə illik icarə gəlirləri aşağıda göstərilmişdir:

78 Seynt Ceyms küçəsi- 9 650 000 ingilis funt sterlinqi;

Vandom Meydanı 8- 4 500 000 Avro;

Tverskaya 16- 11 000 000 ABŞ dolları.

2013-cü ilin sonuna portfeldə yer alan hər bir aktivin müstəqil qiymətləndirilməsi aparılmışdır. Bu qiymətləndirmə nəticəsində hər 3 aktivin dəyərində artım qeydə alınmışdır:

78 Seynt Ceyms küçəsi - 188 000 000 ingilis funt sterlinqi dəyərində qiymətləndirilmişdir. Alış qiymətinə nisbətən dəyəri 10 650 000 ingilis funt sterlinqi həcmində artmışdır;

Vandom meydanı 8 - 136 100 000 Avro dəyərində qiymətləndirilmişdir. Alış qiymətinə nisbətən dəyəri 1 100 000 Avro həcmində artmışdır;

Tverskaya 16 - 133 240 000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Alış qiymətinə nisbətən dəyəri 240 000 ABŞ dolları həcmində artmışdır.


Qızıl investisiyaları

Ötən il dünya iqtisadiyyatında müşahidə olunan bərpa və Federal Rezerv Sisteminin qiymətli kağız alışlarının azalması ehtimallarının təsiri ilə qızılın qiyməti yüksək dəyişkənlik nümayiş etdirərək ilin sonuna 30% azalmışdır.



İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

1 fevral 2012-ci il tarixindən etibarən Neft Fondu London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının (LQMBİA) market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlamışdır. 1987-ci ildən fəaliyyət göstərən LQMBİA Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdır.

2013-cü ilin sonuna Neft Fondunun investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir.



Fond tərəfindən alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədə təcrübəsi və saxlama xərcləri olan JP Morqan Bankının London anbarı seçilmişdir.

11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızıl Azərbaycana gətirilməyə başlanılmışdır və 2013-cü ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 20 013,55 kq təşkil etmişdir. Ölkəyə gətirilmiş qızıl müvəqqəti saxlanılma üçün Azərbaycan Respublikası Mərkəzi Bankına yerləşdirilmişdir.





Yüklə 307,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin