Mövzu iQTİsadi BİLİKLƏRİn meydana çixmasi, formalaşmasi, MÜXTƏLİf elmi MƏKTƏb və İSTİqaməTLƏR



Yüklə 80,92 Kb.
səhifə1/5
tarix13.12.2023
ölçüsü80,92 Kb.
#175548
  1   2   3   4   5
MÖVZU 3



MÖVZU 3. İQTİSADİ BİLİKLƏRİN MEYDANA ÇIXMASI, FORMALAŞMASI, MÜXTƏLİF ELMİ MƏKTƏB VƏ İSTİQAMƏTLƏR


3.1. İqtisadi fikir və biliklərin meydana çıxması
3.2. İqtisad elminin formalaşması və müxtəlif məktəblər
3.3. Azərbaycanda iqtisadi fikrin formalaşması
3.4. Azərbaycanda iqtisadi fikrin inkişaf mərhələləri
3.5. İqtisadi nəzəriyyədə əsas istiqamət və cərəyanları
3.1. İqtisadi fikir və biliklərin meydana çıxması
İctimai elmlərin tərkib hissəsi sayılan iqtisad elminin tarixi minillikləri əhatə edərək, bə­sit və ibtidai şəkildə olsa da, ilk ünsürləri qədim Babilistan, Misir, Çin, Hindistan, Yu­na­nıs­tan kimi sivilizasiya ocaqlarında meydana çıxmışdır. Qədim Hind və Çin mən­bə­lərində, Mi­sirin papirus yazılarında, şumerlərin daş və kərpic üzərində həkk olunmuş ki­tabələrində, Ba­bilistan hökmdarı Xammurapinin qanunlarında, Şərq və Qərb müəl­lif­lə­rinin, xüsusilə də Yu­nanıstan, Roma filosoflarının, tarixçilərinin əsərlərində, na­tiqlərinin çı­xış­la­rın­da o döv­rün təsərrüfat həyatı, əkinçilik, sənətkarlıq peşələri, gə­mi­çi­lik, sələmçilik, ticarət əlaqələri haq­qında bir sıra qiymətli məlumatlar öz əksini tapmışdır. Elm tarixində iq­ti­sa­diy­yat-oykonomiya anlayışı ilk dəfə qədim yunan filosofu Ksenofont (e.ə.450-355) tərəfindən onun “Ev təsərrüfatı”, yaxud “Ev iqtisadiyyatı” adlı kitabında işlədilmişdir. Son­ralar yu­nan filosofu Aristotel (e.ə.384-322) bu sözü daha geniş mənada işlədərək, şərh etmişdir.
“Oykonomiya” sözü 2 hissədən ibarət olub, “oykos” (ev təsərrüfatı) və “nomos” (qa­nun, qayda) söz birləşməsindən əmələ gələrək, “ev təsərrüfatı qaydaları”, yaxud “ev tə­sərrüfatının idarə olunması qayda-qanunları” anlamını verir. Bu mənada qədim Yu­na­nıs­tan iqtisadi biliklərin vətəni, qədim yunan müəllifləri isə onun yaradıcıları sayıla bilərlər.
IV-XVIII əsrləri əhatə etmiş orta əsrlərdə, qədim və antik dövrlərə nisbətən iqtisadi fikirlərin ardıcıllıqla inkişaf etməməsinin səbəbi, istər Şərq aləmində, istərsə də Qərb ölkələrində dini-mövhumat mühitinin hökm sürməsi olmuşdu. Doğrudur, buddizm-xristian-islam dininin müqəddəs kitabları və qaydalarında ölkənin təsərrüfat həyatı, xü­su­si mülkiyyət, ədalətli bölgü, əmək haqqı, vergilər, qənaət, sadə həyat tərzi, sə­ləm­çiliyin pislənməsi haqqında müəyyən fikirlər irəli sürülmüşdür. Lakin bu dini təlimlərdə zülmə qarşı səbirli olmaq, cəmiyyətdəki ictimai və iqtisadi haqsızlıqlarla barışmaq cəhdləri, hər işi Tanrının hökmü ilə bağlamaq meylləri üstünlük təşkil etmişdir.
Orta əsrlərdə ərəb mütəfəkkiri İbn Xəldun (1332-1406) dünya iqtisadi təlimlər ta­ri­xin­də xüsusilə seçilmişdir. O, bəşər cəmiyyətinin keçdiyi inkişaf yolunu köçərilik, otu­raq həyat və mədəniyyət mərhələləri kimi səciyyələndirmiş, eyni zamanda həmin dövr­lə­rin tarixi ardıcıllıqla bir-birini əvəz etməsini əmək bölgüsü, habelə məhsuldar qüv­və­lə­rin ümumi yüksəlişi ilə əlaqələndirmişdir. İnsanların tədricən cəmiyyət halında bir­ləş­mə­sinin zəruriliyini irəli sürmüş müəllif göstərmişdir ki, bəşəriyyətin yaşaması və təh­lü­kə­sizliyi üçün təbiətin bəxş etdiyi müxtəlif təyinatlı nemətlərdən səmərəli faydalanmaq tələb olunur. Onun sərbəst bazar, əmtəə, dəyər, qiymət, rəqabət, tələb, təklif, ticarət, pul, sərvət, dövlət idarəçiliyi haqqındakı elmi-nəzəri baxışları mühüm əhəmiyyətə malikdir.
Qərbi Avropa ölkələrində və Rusiyada orta əsirlərin iqtisadi təlimləri müxtəlif mən­bə, habelə müəlliflərin əsərlərində bu ya digər formada əks olunsa da, lakin öz dolğun ifadəsini italiyalı din xadimi Foma Akvinskinin (1225-1274) ziddiyyətli iqtisadi gö­rüş­lə­rində tapmışdır. O, cəmiyyətin iqtisadi problemlərini, insanların müxtəlif tə­bə­qə­lə­rə mən­­sub olmasını ilahi qanunlarla bağlamış, mülkiyyəti insanın ilk günahının cəzası say­mış­dır. Tacirlərin müəyyən gəlir əldə etməsilə razılaşan müəllif, ölkəyə onun eh­ti­yac­la­rı­­nı ödəmək üçün deyil, yalnız qazanc naminə mal gətirənləri “nifrətə layiq olan alçaq pe­şə” sahibləri adlandırmışdı. O, Aristotelin iqtisadi təliminə əsaslanaraq “ədalətli qiy­mət” prinsipini irəli sürmüş, mübadiləni ekvivalentlik hesab etmiş, ek­vi­va­lentliyi isə əmək məsrəfləri (xərcləri) ilə əlaqələndirmiş, lakin qiymətin rə­qa­bət­dən asılı olmadığını göstərmişdir.
Feodalizm cəmiyyətinin son dövrləri iqtisadi təlimlər tarixində iki görkəmli şəx­siy­yə­tin və utopik sosialistin – Tomos Mor (1478-1532) və Tommazo Kampanellanın adı ilə bağlıdır. Onların «Utopiya» və «Günəş şəhəri» adlı əsərlərində yaşadıqları dövrün ictimai-siyasi, fəlsəfi-əxlaqi problemləri ilə yanaşı, eyni zamanda iqtisadi görüşləri də əks olunmuşdur. Bu mütəfəkkirlər mövcud cəmiyyətdə hökm sürən və getdikcə artan bə­rabərsizlik meyllərini, onun kəskinləşən ziddiyyətlərini dərk edərək, həmin ictimai fə­la­kətlərin səbəbləri haqqında öz düşüncələrini, nəzəri baxışlarını aydın bir formada şərh etmişlər. Onların fikrincə, bu ədalətsizlik və haqsızlıqları aradan qaldırmaq üçün hök­mən cəmiyyətin ictimai qaydalarını daha mükəmməl təsisatlarla əvəz etmək lazımdır. T.Mor və T.Kampanellanın əsərlərində, onların bütün bəlaların başlıca səbəbi saydıqları xüsusi mülkiyyət, təsəvvür etdikləri yeni ictimai quruluşda aradan qaldırılmalı idi.
Utopik sosialistlərin ideyaları, şübhəsiz bütövlükdə bəşəriyyətin ictimai fikrinin inkişafında mühüm rol oynamışdır. Lakin bu işıqlı və mütərəqqi ideyaların müəllifləri öz düşüncələrini həyata keçirməyin konkret yollarını göstərə bilmədiklərindən, onların nəzəri fikirləri, araşdırılmaları utopik, yəni əlçatmaz bir arzu xarakteri daşımışdır.
Dünya təsərrüfat və ictimai-siyasi həyatında XVI əsrin sonu və XVII əsrin əvvəlləri yeni meylləri ilə böyük bir tarixi dövrün başlanğıcı kimi səciyyələnir. Orta əsrlərin və feo­dalizm gerçəkliyinin ətalət, din, mövhumat pərdəsinə bürünmüş sosial-iqtisadi həya­tı tədricən oyanıb canlanmağa yönəlmiş, eyni zamanda cəmiyyətdə, habelə ətraf aləmdə baş verən mürəkkəb hadisələrin daha obyektiv surətdə dərk olunub, qiymətləndirilməsi pro­sesi başlanmışdı. Böyük coğrafi kəşflər, ictimai əmək bölgüsünün dərinləşməsi, əm­təə-pul mü­na­si­bət­lərinin inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, müstəmləkə sis­teminin ya­ran­ması, ilkin kapital yığımı prosesinin sürətlənməsi, dünya (beynəlxalq) ba­zarın for­ma­laş­ması, elm və texniki fikrin nailiyyətlərinin istehsala tədricən tətbiqi, bu ye­ni dövrün əlamətdar cəhətləri idi. Cəmiyyətin ictimai-iqtisadi həyatında baş verən bu kə­miyyət və keyfiyyət dəyisiklikləri nəticəsində, xüsusi mülkiyyətin müxtəlif növləri ge­niş ya­yıl­ma­ğa başlamış sərbəst sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar açılmış, da­xili-xarici bazarlarda rəqabət mübarizəsi gündəlik təsərrüfat münasibətlərinə daxil olmuşdu.



Yüklə 80,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin